Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-1085/2025 17.11.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Əliyev Tural Yusif oğlunun sədrliyi, Rzayeva Əpruz Qasım qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı "cavabdehin xx.xx.2025ci il tarixli, 67 nömrəli sərəncamının ona münasibətdə ləğv edilməsi, mənzil uçotunun bərpa olunması, müvəqqəti mənzil kirayə pulunun ödənilməsi və bu müddət ərzində ona dəymiş maddi ziyanın ödənilməsi ilə bağlı öhdəliyin cavabdehə həvalə edilməsi tələbi”nə dair iddianın mümkünlüyünün yoxlanılması məsələsinə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin xx.xx.2025-ci il tarixli, 67 nömrəli sərəncamının ona münasibətdə ləğv edilməsi, mənzil uçotunun bərpa olunması, müvəqqəti mənzil kirayə pulunun ödənilməsi və bu müddət ərzində ona dəymiş maddi ziyanın ödənilməsi ilə bağlı öhdəliyin cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ehtiyata buraxılmış İddiaçı xx xxxxx 1964-cü ildə Şərur rayonu Tumaslı kəndində anadan olmuşdur. 1981-86-cı illərdə Azərbaycan Politexnik İnstitunda ali təhsil alaraq mühəndis ixtisasına və artilleriya sahəsində leytenant rütbəsinə yiyələnmişdir. 1989-cu ildə Gürcüstanda hərbi təlimlərdə iştirak edərək baş leytenant rütbəsi almışdır. 1990-94-cü illərdə isə könüllülər dəstəsi və Naxçıvan Müdafiə Komitəsinin tərkibində erməni işğalçılarına qarşı döyüşlərdə iştirak etmişdir. 1995-ci ildə Azərbaycan DİN X1 şəhərində yenicə yaradılmış hərbi hissəsində xüsusi təyinatlı dəstənin komandiri kimi hərbi xidmətə başlamış və hərbi hissə komandirinin şəxsi heyət üzrə müavini vəzifəsinə qədər yüksəlmişdir. Xidmət etdiyi dövr ərzində yuxarı komandanlıq tərəfindən dəfələrlə mükafatlandırılmışdır. 2008-ci ildə isə xidmət dövründə qazandığı xəstəliklə bağlı 2-ci qrup əlil kimi ehtiyata buraxılmışdır. 2021-ci ildə xəstəliyi ƏƏSMN tərəfindən ömürlük olaraq təsdiq edilmişdir. 2023-cü ildə xəstəliyinin müalicəsi və ailə vəziyyəti ilə bağlı müvəqqəti olaraq Bakı şəhərində yaşayır. 2024-cü ildə daimi uçotda olduğu Naxçıvan Şəhər İcra Hakimiyyətinə ərizə ilə müraciət edərək ehtiyatda olan hərbi qulluqçu kimi mənzil uçotuna götürülmüşdür. 19 yanvar 2024-cü il tarixli, 15 nömrəli sərəncama əsasən 2024-cü ilin bütün ayları və 2025-ci ilin aprel ayına qədər müvəqqəti mənzil kirayə pulu ilə təmin edilmişdir. Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının 20 may 2025-ci il tarixli, 67 nömrəli sərəncamı ilə müvəqqəti yaşayış yerini Naxçıvan şəhərindən kənarda seçərək mənzil kirayə müqaviləsi bağladığını əsas tutaraq mənzil uçotundan çıxarıldığından müvəqqəti kirayə pulunun ödənilməsi də dayandırılmış və bu barədə ona və ərazisində müvəqqəti olaraq yaşadığı Abşeron Rayon İcra Hakimiyyətinə müvafiq məktub göndərilmişdir. (xx.xx.2025-ci il tarixli, 5-5/2-872/2025 nömrəli). Abşeron İcra Hakimiyyətində məktuba baxıldıqdan sonra Naxçıvan Şəhər İcra Hakimiyyətinə ünvanlanmış məktubda (10 iyul 2025-ci il tarixli, 5-29/2-1858/2025 nömrəli məktub) rədd cavabı verilir və göstərilir: qanunvericiliklərin tələblərindən də aydın olur ki, ehtiyata buraxılmış hərbi qulluqçular seçdikləri yaşayış yerinə (pasport qeydiyyatı əsasdır) gəldikdən sonra o halda mənzil kirayə xərcləri ilə təmim edilirlər ki, onlar mənzil sahəsinə ehtiyacı olan şəxs qismində mənzil uçotuna götürülmüş olsunlar. Hərbi xidmət dövründə qazandığı xəstəliyinin fasiləsiz müalicəsinin Bakı şəhərində daha münasib olması baxımından və yaxınlarının köməyinə ehtiyacının olması ilə əlaqədar müvəqqəti yaşayış yerini Naxçıvan şəhərindən kənarda seçərək mənzil kirayə müqaviləsi bağlamışdır, yəni Abşeron rayonunun Masazır kəndində kirayə tutaraq müvəqqəti olaraq yaşayır. Hesab edir ki, Naxçıvan şəhər İcra Aparatının 20 may 2025-ci il tarixli, 67 nömrəli sərəncamı müvafiq qanunvericiliklərin tələblərinə ziddir, qanun pozuntusudur, qərəzlidir və nəticədə ona maddi, mənəvi, psixoloji ziyan vurulmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunaraq iddianın mümkünlüyünün yoxlanılması ilə bağlı məhkəmə iclası 17 noyabr 2025ci il tarixə təyin edilmişdir. Məhkəmə tərəfindən iddiaçıya yardım məktubları ünvanlanaraq, Naxçıvan Şəhər İcra Hakimiyyətinin xx.xx.2025-ci il tarixli, 67 nömrəli sərəncamınının ona məlum olduğu anı müəyyən etməyə imkan verən müvafiq sübutların məhkəməyə təqdim edilməsi təklif olunmuşdur. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, heç bir üzrlü səbəb göstərmədən nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı ona göndərilən yardım məktubundan xəbərdar olduğunu, 2025-ci ilin may ayından kirayə pulunun almadığını, iyun ayının əvvəllərində Naxçıvan Şəhər İcra Hakimiyyətinə telefon vasitəsilə müraciət edərək şifahi qaydada maraqlandığını, telefon vasitəsilə kirayə pulunun dayandırıldığı barədə sərəncam verildiyini, yaşadığı yer üzrə icra hakimiyyətinə müraciət etməli olduğunu bildirdiklərini, Naxçıvan Şəhər İcra Hakimiyyətinin 22 iyul 2025-ci il tarixli məktubunun ona gec çatdığını, sərəncamdan məhkəməyə iddia vermək üçün müddətin 3 (üç) ay olduğunu bildiyini, sərəncamı avqust ayında əldə etdiyini, sərəncamı əldə edə bilmədiyi üçün vaxtında müraciət etmədiyini bildirib, iddianın mümkün sayılması və işə baxılaraq qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi mümkün sayılmamalıdır. Məhkəmənin əsaslandırması: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. 24.5-ci maddəsinə əsasən ərizə prosessual hərəkətin edilməli olduğu məhkəməyə verilir. Həmin ərizəyə məhkəmə iclasında baxılır. Ərizəçiyə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilir. 24.6-cı maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında qərardad qəbul edən məhkəmə, eyni vaxtda buraxılmış prosessual hərəkətlərə dair məsələni də həll etməlidir 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldıra bilər. 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli qərarında əks olunan hüquqi mövqe aşağıdakı kimidir: 1.1, 1.2, 1.3, 1.4 və 2.1-ci bəndlərinə uyğun olaraq məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 5.1., 5.2., 6.1., 6.2., 7., 8.5-ci bəndlərində qeyd edilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. 3.4-cü bəndində göstərilmişdir ki, birinci instansiya məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsi ilə də yerinə yetirə bilər. İddia ərizəsinin məzmunundan aydın olur ki, iddiaçı Naxçıvan Şəhər İcra Hakimiyyətinin xx.xx.2025-ci il tarixli, 67 nömrəli sərəncamının ləğv edilməsini xahiş etməklə mübahisələndirmə haqqında iddia qaldırmışdır. İnzibati məhkəmə icraatı qaydasında mübahisələndirmə haqqında iddia şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsindən (ləğv olunmasından və ya dəyişdirilməsindən) ibarətdir. İş materiallarında olan: - Naxçıvan Şəhər İcra Hakimiyyətinin 19 yanvar 2024-cü il tarixli, 15 nömrəli sərəncamından aydın olur ki, ehtiyala buraxılmış hərbi qulluqçu İddiaçı mənzil uçotuna götürülmüşdür. - Naxçıvan Şəhər İcra Hakimiyyətinin “Yaşayış yerini dəyişən ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçularının mənzil uçotundan çıxarılması və onlara ödənilən müvəqqəti kirayə xərclərinin dayandırılması haqqında” 20 may 2025-ci il tarixli, 67 nömrəli sərəncamından çıxarışdan görünür ki, İddiaçı mənzil uçotundan çıxarılmış və onlara müvəqqəti kirayə xərclərinin ödənilməsi dayandırılmışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, İddiaçı hazırki iş üzrə iddia müddətini ötürmüşdür. Məhkəmə belə qənaətə gəlir ki, İddiaçı mübahisələndirilən sərəncamdan xəbərdar olmuşdur. Belə ki, iddiaçı məhkəmə iclaslarında özünün də etiraf etdiyi kimi, 2025-ci ilin may ayından kirayə pulunu almamış, iyun ayının əvvəllərində Naxçıvan Şəhər İcra Hakimiyyətinə telefon vasitəsilə müraciət edərək əlaqə saxlamış və cavabdeh orqan tərəfindən onun barəsində sərəncam mövcud olduğunu, bu səbəbdən də kirayə pulunun dayandırıldığı bildirilmiş, bununla da sərəncamdan xəbərdar olmuşdur. Həmçinin iddia ərizəsinə əlavə edilmiş Naxçıvan Şəhər İcra Hakimiyyətinin 22 iyul 2025-ci il tarixli, 5-5/2- 1-569-25-380/2025 nömrəli məktubundan aydın olur ki, Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının 20 may 2025-ci il tarixli, 67 nömrəli sərəncamı ilə mənzil uçotundan çıxarılması barədə iddiaçıya məlumat verilmişdir. İddiaçı həmin məktubun ona gec çatdığını bildirsə də, bu halı təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Beləliklə, iddiaçı mübahisələndirilən sərəncamın qəbulundan 30 gün keçdikdən sonra məhkəməyə müraciət etməklə İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsində nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür. İddiaçının sərəncamı almadığı üçün məhkəməyə vaxtında müraciət edə bilməməsi ilə bağlı arqumentinə münasibətdə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, İPM-in 38.1-ci maddəsi yalnız "təqdim olunma" ifadəsindən deyil, həm də "elan olunma" ifadəsindən istifadə edir. Buna görə, "elan olunma" eynilə "təqdim olunma"ya bərabər hüquqi nəticələr doğurur. "Elan olunma" isə inzibati akt barəsində digər qaydada məlumatlı olmanı da ehtiva edir. Başqa sözlə, şəxsə inzibati akt rəsmi qaydada təqdim edilməsə belə, onun digər vasitələrlə artıq həmin akt barədə məlumat əldə etdiyi təkzibolunmaz şəkildə sübuta yetirilirsə, iddia müddətinin axımının başlanılması onun akt barədə məlumatlı olduğu andan hesablanmalıdır. Hazırkı iddia tələbinə dair məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, cavabdehin xx.xx.2025-ci il tarixli, 67 nömrəli sərəncamının ona münasibətdə ləğv edilməsi barədə iddia mümkünsüz olduğundan, hüquqi müqəddəratı həmin tələblə bağlı mübahisənin həllindən bilavasitə asılı olan digər tələblər də belə bir hüquqi zərurət olmadığı üçün müzakirə edilmədən mümkün sayılmamalıdır. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə, o cümlədən müddətlə bağlı məhdudiyyətlərə tabedir. Müddət məhdudiyyəti konsepsiyası inzibati idarəçilikdə hüquqi təhlükəsizliyin və sabitliyin, habelə mülki dövriyyənin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi məqsədlərinə xidmət edir. Belə ki, hüquqi müəyyənlik və hüquqi sabitlik prinsipləri mübahisəli hüquq münasibətlərinə müəyyən müddətlər çərçivəsində aydınlıq gətirilməsini və həmin münasibətlərin sabitləşməsini tələb edir. Digər tərəfdən, müddət məhdudiyyətinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, həmin hüquq institutu hüquq münasibətləri iştirakçılarını məsuliyyətli olmağa, pozulmuş hüquqlarının müdafiəsi üçün hüquqi müdafiə vasitələrindən və imkanlarından müəyyən olunmuş zaman kəsiyində istifadə etməyə sövq edir. Həmin tələblərə əməl edilməməsinin riski və bununla bağlı nəticələr hüququnun pozulduğunu iddia edən şəxsin məsuliyyət sferasına aiddir. Qeyd olunmalıdır ki, belə şəxslər qanunla müəyyən olunmuş müddətləri üzrsüz səbəblərdən buraxaraq, uzun zaman kəsiyindən sonra iddia qaldırmaqda, nəticədə mülki dövriyyənin sabitliyini və təhlükəsizliyini təhdid altına almaqda haqlı sayıla bilməzlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarında iddia müddətinin tətbiqinin əhəmiyyəti barədə aşağıdakılar göstərilmişdir: Konstitusiya Məhkəməsinin Plenumu özünün “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında əksini tapan hüquqi mövqeyini təkrarlayaraq qeyd edir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: Birinci o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir. İkinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir. Üçüncü, iddia müddətləri tərəflərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır”. Avropa İnsan Hüquqları Məhkəməsi analoji hüquqi mövqedən çıxış edərək “Miraqali Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Həmçinin Avropa Məhkəməsi Novakovic Xorvatiyaya qarşı iş üzrə 23 iyul 2015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olub-olmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin təqdim edilməsi və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır (§ 2021) Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə İddiaçı cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı "cavabdehin xx.xx.2025-ci il tarixli, 67 nömrəli sərəncamının ona münasibətdə ləğv edilməsi, mənzil uçotunun bərpa olunması, müvəqqəti mənzil kirayə pulunun ödənilməsi və bu müddət ərzində ona dəymiş maddi ziyanın ödənilməsi ilə bağlı öhdəliyin cavabdehə həvalə edilməsi tələbi”nə dair iddiasının mümkün sayılmaması qənaətinə gəlir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1, 32.1, 35, 38.1, 80 və 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı "cavabdehin xx.xx.2025ci il tarixli, 67 nömrəli sərəncamının ona münasibətdə ləğv edilməsi, mənzil uçotunun bərpa olunması, müvəqqəti mənzil kirayə pulunun ödənilməsi və bu müddət ərzində ona dəymiş maddi ziyanın ödənilməsi ilə bağlı öhdəliyin cavabdehə həvalə edilməsi tələbi”nə dair iddiası mümkün sayılmasın. Qərardaddan qərardad rəsmi qaydada təqdim olunduğu vaxtdan (elan olunduğu vaxtdan) 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Tural Əliyev
Məhkəmə qərarları › İş №2-1(122)-1085/2025
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-1085/2025
17.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver