Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-109/2024 30.04.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ X13 Heydər oğlunun sədrliyi, İbrahimov Əli Allahverdi oğlunun katibliyi, İddiaçı və cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “ona bu hüququnun yarandığı xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi"nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Naxçıvan MR Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Naxçıvan Şəhər İdarəsinin xx.xx.2023-cü il tarixli 82 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2002-xx.xx.2003-cü il tarixədək Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tərkibində Hidrometeorologiya idarəsində operator vəzifəsində, xx.xx.2003-xx.xx.2003-cü il tarixədək Meşəsalma müəssisəsində traktorçu vəzəifəsində, xx.xx.2007-xx.xx.2008-ci il tarixədək təmirçi-çilingər vəzifəsində, xx.xx.2008xx.xx.2009-cu il tarixədək Naxçıvan MR Nazirlər kabineti yanında X14 idarəsində qaynaqçı vəzifəsində, xx.xx.2009-cu il tarixdən X5 MMC-də sürücü vəzifəsində, sonra xx.xx.2010-cu il tarixdə X5 MMC-də qaynaqçı vəzifəsində işləmişdir. xx.xx.2016-cı il tarixdə işin azalması ilə əlaqədar işdən azad olunmuşdur. xx.xx.2016-xx.xx.2019-cu ilədək yenidən X5 MMC-də qaynaqçı vəzifəsində, xx.xx.2009-cu il tarixdən xx.xx.2020-ci il tarixədək "xxxx" MMCdə qaynaqçı vəzifəsində işləmişdir. 2020-ci il tarixdə "xxxx" MMC ləğv edidiyindən işdən azad olunmuşdur. O, xx.xx.2021-ci il tarixdən fasiləsiz çöl şəraitində Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan şəhər idarəsində 7ci dərəcəli qaynaqçı vəzifəsində işləyir. İddiaçı ona əmək pensiyası təyin olunması ilə bağlı “Naxçıvan MR Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Naxçıvan şəhər idarəsinə müraciət etmiş, lakin “Naxçıvan MR Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Naxçıvan şəhər idarəsinin xx.xx.2023-cü il tarixli 82 nömrəli qərarı ilə ona əmək pensiyası təyin edilməsindən imtina edilmişdir. İddiaçı göstərilənlərə əsasən “Naxçıvan MR Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Naxçıvan Şəhər İdarəsinin xx.xx.2023cü il tarixli 82 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 31 oktyabr 2023-cü il tarixə təyin edilmiş məhkəmə iclasında iştirak edən İddiaçı məhkəməyə 31 oktyabr 2023-cü il tarixli ərizə təqdim edərək Naxçıvan MR İnzibati Məhkəməsinin icraatında olan 2-1(122)-750/2023 saylı iş üzrə cavabdeh inzibati orqanın da tabe olduğu Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təsdiq edilmiş Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan DSMF-nin Nizamnaməsinə uyğun olaraq, cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Naxçıvan Şəhər İdarəsinin artıq səlahiyyətli olmadığını, bu səbəbdən onun hazırkı işdə cavabdeh qismində iştirakının istisna olunduğu, ona görə iş üzrə cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Naxçıvan Şəhər İdarəsinin Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu ilə əvəz edilməsinə etiraz etmədiyini bildirib, eyni zamanda iddia tələbinə “Naxçıvan MR Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Naxçıvan Şəhər İdarəsinin 14 aprel 2023-cü il tarixli, 82 saylı qərarının ləğv edilməsi və ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi öhdəliyinin Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulması” kimi baxılaraq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 31 oktyabr 2023-cü il tarixli, 2-1(122)-750/2023 nömrəli qərardadı ilə İddiaçı cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Naxçıvan Şəhər İdarəsinə qarşı iddia tələbinə dair hazırki inzibati iş üzrə cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Naxçıvan Şəhər İdarəsi əsl cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu ilə əvəz edilmiş, dəqiqləşdirilmiş iddia tələbi icraata qəbul edilmişdir. 02 aprel 2024-cü il tarixə təyin edilmiş məhkəmə iclasında iştirak edən İddiaçı məhkəməyə 02 aprel 2024-cü il tarixli ərizə təqdim edərək, iddia tələbinə “ona 61 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulması” kimi baxılaraq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 02 aprel 2024-cü il tarixli, 2-1(122)-109/2024 nömrəli qərardadı ilə dəqiqləşdirilmiş iddia tələbi icraata qəbul edilmişdir. Sonradan 30 aprel 2024-cü il tarixli məhkəmə iclasında İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “ona 61 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair iddia tələbi məhkəmənin protokol qərardadı ilə “ona bu hüququnun yarandığı xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi çərçivəsində icraata qəbul edilmişdir. Cavabdeh orqanın yazılı etirazının qısa xülasəsi: Cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu iddiaya dair məhkəməyə göndərdiyi 19 fevral 2024-cü il tarixli yazılı münasibətini onunla əsaslandırmışdır ki, Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən verilmiş 27 yanvar 2023-cü il tarixli, 11 nömrəli arayışa əsasən İddiaçı xx.xx.1976-ci il tarixdən xx.xx.1979-cu il tarixədək (2 il 10 ay) Naxçıvan Muxtar Respublikası 32 nömrəli Texniki Peşə məktəbində “armatur-qaynaqçı” peşəsi üzrə təhsil almışdır. İddiaçının təqdim etdiyi əmək kitabçasının surətində qeyd olunmuş məlumatlara əsasən o, xx.xx.1979-cu il tarixdən xx.xx.1980-ci il tarixədək (7 ay) Naxçıvan şəhər 3 nömrəli traktor briqadasında traktorçu işləmiş, Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan şəhər İdarəsinin 01 fevral 2023-cü il tarixli, 112 nömrəli arayışına əsasən xx.xx.1980-ci il tarixdən xx.xx.1982-ci il tarixədək ( 2 il 2 ay) SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur. İddiaçının təqdim etdiyi 07 may 1961-ci il tarixli, əmək kitabçasının surətində qeyd olunmuş məlumatlara əsasən o, xx.xx.1982-ci il tarixdən xx.xx.1982-ci il tarixədək (2 ay) Naxçıvan 1 nömrəli traktor briqadasında traktorçu, xx.xx.1982-ci il tarixdən xx.xx.1983cü il tarixədək (7 ay 6 gün) X6 2-ci dərəcəli mexanik, xx.xx.1983-cü il tarixdən xx.xx.1984cü il tarixədək (1 il 3 ay) Babək rayon Mexanika Birliyinin 4 nömrəli traktor briqadasında traktorçu, xx.xx.1984-cü il tarixdən xx.xx.1985-ci il tarixədək (4 ay 23 gün) 100 nömrəli Körpü Tikinti briqadasında betonçu, xx.xx.1985-ci il tarixdən xx.xx.2000-ci il tarixədək (15 il 10 ay) Babək rayon Kənd Təsərrüfatında traktorçu vəzifələrində işləmişdir. İddiaçı təqdim etdiyi 15 yanvar 2002-ci il tarixli, ******* nömrəli əmək kitabçasının surətində qeyd olunmuş məlumatlara əsasən o, xx.xx.2002-ci il tarixdən xx.xx.2003-cü il tarixədək (1 il 2 ay) Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tərkibində Hidrometeorologiya İdarəsində operator, xx.xx.2003-cü il tarixdən xx.xx.2003-cü il tarixədək (5 ay 14 gün) Meşəsalma müəssisəsində traktorçu, xx.xx.2007-ci il tarixdən xx.xx.2008-ci il tarixədək (2 ay) N nömrəli hərbi hissədə təmirçi çilingər, xx.xx.2008-ci il tarixdən xx.xx.2009-cu il tarixədək (9 ay) Naxçıvan MR Nazirlər Kabineti yanında X12 İdarəsində qaynaqçı, xx.xx.2009-cu il tarixdən xx.xx.2009-cu il tarixədək (4 ay 20 gün) yenidən Naxçıvan MR Nazirlər Kabineti yanında X12 İdarəsində qaynaqçı, xx.xx.2009-cu il tarixdən xx.xx.2010-cu il tarixədək (4 ay 8 gün) X5 MMC-də sürücü, xx.xx.2010-cu il tarixdən xx.xx.2016-cı il tarixədək (16 il 1 ay 17 gün) həmin MMC-də qaynaqçı, xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək (2 ay) Babək rayon suvarma sistemləri İdarəsində qaynaqçı, xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixədək (3 il 2 ay) yenidən X5 MMC-də qaynaqçı, xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək (5 il 5 ay) "xxxx" MMC-də qaynaqçı vəzifələrində işləmişdir. İddiaçı xx.xx.2021-ci il tarixdən bu günədək Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan şəhər İdarəsində 7-ci dərəcəli qaynaqçı vəzifəsində işləyir. İddiaçı əmək kitabçasındakı qeydlərə və Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən təqdim edilmiş arayışa əsasən, onun əmək fəaliyyətinə başladığı 1976-ci il tarixdən 2021-ci il tarixədək 37 il 8 ay 18 gün ümumi, 12 il 10 ay 14 gün xüsusi iş stajı vardır. Lakin iddiaçının əmək kitabçasında olan qeydlərə əsasən xüsusi iş stajları X2 Sistemi ilə qarşılıqlı yoxlanılması zamanı təsdiq olunan stajı xx.xx.2006-cı il tarixdən xx.xx.2022-ci il tarixədək 11 il 11 ay 22 gün təşkil etmişdir. Beləliklə, İddiaçı tələb olunan 25 il ümumi iş stajı təsdiq olunsa da, 12 il 6 ay xüsusi iş stajı təsdiq olunmadığı üçün ona güzəştli şərtlərlə əmək pensiyası təyin olunmasından imtina edilmişdir. Sonda cavabdeh iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab olunmuş, şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası 30 aprel 2024-cü il tarixə təyin edilmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi etirazda yazılanlara uyğun izahat verərək iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Yazılı sübutlar: İş materiallarında olan: - "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Naxçıvan şəhər idarəsinin əmək pensiyası təyin edilməsindən imtina olunması haqqında 14 aprel 2023-cü il tarixli, 82 nömrəli qərarından görünür ki, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 9-cu maddəsinə əsasən tələb olunan ümumi 12 il 06 ay xüsusi stajı olmadığı üçün ona güzəştli şərtlərlə yaşa görə əmək pensiya təyin olunmasından imtina edilmişdir. - 26 iyun 1979-cu il tarixli, Б seriyalı, 371405 nömrəli diplomun təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1976-ci il tarixdən xx.xx.1979-cu il tarixədək Naxçıvan Muxtar Respublikası 32 nömrəli Texniki Peşə məktəbində “armatur-qaynaqçı” peşəsi üzrə təhsil almışdır. - 06 aprel 2023-cü il tarixli, 1 nömrəli "xxxx" MMC tərəfindən verilmiş 04 noyabr 2019-cu il tarixli, 75 saylı əmrdən çıxarışdan görünür ki, İddiaçı 04 noyabr 2019-cu il tarixdən "xxxx" MMC-də qaynaqçı peşəsi üzrə işə qəbul edilmişdir. 09 aprel 2020-ci il tarixli, 18 saylı əmrdən çıxarışdan görünür ki, İddiaçı Əmək Məcəlləsinin 68-ci maddəsinin 2”a” maddəsinə əsasən öz ərizəsi əsasında xx.xx.2020-ci il tarixdən işdən azad olunaraq, əmək müqaviləsinə xitam verilmişdir. - “X4 Zavodu” MMC-in 19 yanvar 2023-cü il tarixli, 02 nömrəli arayışından görünür ki, İddiaçı xx.xx.2009-cu il tarixdən “X5" MMC-də sürücü vəzifəsində, xx.xx.2010-cu il tarixdən “X5" MMC-də qaynaqçı vəzifəsinə keçirilmişdir. xx.xx.2016-cı ii tarixdən işin azalması ilə əlaqədar olaraq AR Əmək Məcəlləsnin 75-ci maddəsinin 2 "ç" bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2016-cı il tarixdən bağlanmış əmək müqaviləsinə əsasən “X5” MMC-də qaynaqçı vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.2019cu ildə Azərbaycan Respubilkasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2 "ə" bəndinə müvafiq olaraq ərizəsi əsasında əmək müqaviləsinə xitam verilmişdir. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinin 27 yanvar 2023-cü il tarixli, 13/211 nömrəli arayışından görünür ki, İddiaçı Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tərkibində Hidrometeorologiya İdarəsində işləmiş, dekabr 1998-ci il tarixdən mart 2003-cü il tarixədək aylar üzrə əmək haqqı almış və 2003-cü ilin mart ayından sonrakı aylarda əməkhaqqı cədvəllərində adına rast gəlinməmişdir. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinin 27 yanvar 2023-cü il tarixli, 13/211 nömrəli arayışından görünür ki, İddiaçı X11 Stansiyasında işləmiş və müvafiq aylar üzrə əmək haqqı almışdır. Əməkhaqqı kitabları 1984-cü ildə başlayıb 1990-cı ildə bitir, 1987-ci ilə dair əməkhaqqı cədvəlləri Naxçıvan MR Dövlət Arxivinə təhvil verilməmiş, 1988-ci ilə dair əməkhaqqı cədvəlində dekabr ayında adına rast gəlinməmişdir. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinin 27 yanvar 2023-cü il tarixli, 13/211 nömrəli arayışından görünür ki, İddiaçı Naxçıvan Tikiş fabrikinə xx.xx.1982-ci il tarixli 133 №-li əmrlə İİ dərəcəli “mexanik” qəbul edilməsi, xx.xx.1983-cü il tarixli 57 №-li əmrlə işdən azad olunması əmr kitablarında göstərilmişdir. X11 stansiyasının əmr kitabları 1986-cı ildən başladığına görə işə qəbul edilməsi barədə məlumat vermək mümkün olmamış, lakin xx.xx.1987-ci il tarixli 165a №-li əmrlə əmək məzuniyyətindən qayıdaraq işdə hesab edilməsi əmr kitabında göstərilmişdir. Əmr kitabları 1990-cı ildə bitdiyinə görə işdən azad edilməsi haqqında məlumat mövcud deyil. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinin 27 yanvar 2023-cü il tarixli, 13/211 nömrəli arayışından görünür ki, İddiaçı xx.xx.1976-cı il tarixli, 25 №-li əmrlə “armaturqaynaqçı” qəbul edilməsi və 48 №-li qrupda oxuması, xx.xx.1979-cu il tarixli, 87 №-li əmrlə məktəbi bitirməsi əmr kitablarında göstərilmişdir. - Babək rayon Dövlət Arxivinin 04 aprel 2023-cü il tarixli, 60 nömrəli arayışından görünür ki, İddiaçı Babək rayon X9 Təminat birliyində işləmiş və müvafiq aylar üzrə əmək haqqı almışdır. - Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan şəhər İdarəsinin 02 fevral 2023-cü il tarixli, 206 nömrəli arayışından görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdən fasiləsiz çöl şəraitində Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan şəhər idarəsində Vİİ dərəcəli qaynaqçı işləyir. İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarının 35-ci bəndinə əsasən güzəştli şərtlərlə əmək pensiyasına çıxma hüququ verir. - Naxçıvan Şəhər İcra Hakimiyyətinin 3 №-li Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 06 iyul 2023-cü il tarixli, 1077 nömrəli arayışdan görünür ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. - AZE seriyalı, 09006590 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, İddiaçı 07 may 1961-ci il tarixdə doğulmuşdur. İddiaçının əmək kitabçalarının surəti və fəaliyyəti dövrünə aid əmək kitabçalarında aparılmış qeydlərin elektron variantı işə əlavə edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. “Andreyeva Latviyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 18 fevral 2009-cu il tarixli qərarında göstərilmişdir ki, dövlət pensiya proqramını tətbiq etməyə başlayanda, ondan irəli gələn şəxsi hüquqlar və maraqlar, pensiya ödənişləri edilməsindən və pensiya proqramının maliyyələşmə vasitələrindən asılı olmayaraq, 1 saylı Protokolun 1-ci maddəsi ilə əhatə edilmişdir. 1 saylı Protokolun 1-ci maddəsi: Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. 1 saylı Protokolun 1-ci maddəsinin əhatə dairəsinə daxil olan mülkiyyətdən dinc istifadəyə hər hansı bir müdaxilə üç əsas şərtə cavab verməlidir: (1) müdaxilə və əlaqəli məhdudlaşdırıcı şərtlər üçün hüquqi zəmin olmalıdır, (2) müdaxilə ictimai maraqlara xidmət etməlidir, və (3) sonda, şəxsin mülkiyyət hüququ və ümumilikdə cəmiyyətin maraqları arasında ədalətli balansa (mütənasiblik prinsipinə) cavab verməlidir (Broniovski Polşaya qarşı işi üzrə Böyük Palatanın qərarı, §§ 147-151; Hutten-Czapska Polşaya qarşı işi üzrə Böyük Palatanın qərarı, §§ 163-168; Vistiņš və Perepjolkins Latviyaya qarşı Böyük Palatanın qərarı, §§ 69-71, 79, 81). “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 2.0.8-ci maddəsinə əsasən qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inamdır; - 2.0.10-cu maddəsinə əsasən əlverişli inzibati akt - maraqlı şəxsə hüquq verən və ya onun hüququnu təsdiq edən, yaxud onun üzərinə qoyulmuş vəzifəni (vəzifələri) götürən aktdır. 2.0.11-ci maddəsinə əsasən əlverişsiz (yükləyici) inzibati akt - maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. - 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. - 11.2-ci maddəsinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. - 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. - 14.1-ci maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. - 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. - 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. - 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. 13 may 2022-ci il tarixli 530-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 29 iyun 2022-ci il, № 135, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, №6, maddə 583) ilə 9.1 – 9.3-cü, 9.6-cı və 9.7-ci maddələr yeni redaksiyada verilmişdir. əvvəlki redaksiyada deyilirdi: 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. - 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli, 175 saylı Qərarı: 4.1. Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir:
4. əyani təhsil dövrünü təsdiq edən müvafiq sənədə (təhsil müəssisəsinin arayışı, arxiv arayışı və s.) əsasən; 4.1.3. işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən iş müddəti – fərdi uçot məlumatlarına əsasən; 4.1.15. hərbi xidmət müddəti (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla) – hərbi biletə və ya Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, yaxud hərbi xidmətin keçildiyi dövlət orqanının arayışına əsasən; 4.1.20. yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti – bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən. 5.2. Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il altı ay artırılmaqla aşağıdakı qaydada müəyyənləşdirilir: Dövr Kişilərin yaş həddi Qadınların yaş həddi 1 iyul 2020 - 30 iyun 2021 65 il 62 il Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının təsdiq edilməsi barədə”1996-cı il 26 dekabr tarixli, 186 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi” Qaydaları: - 3.2-ci bəndinə əsasən işəgötürənlər tərəfindən əmək kitabçasında qeydlər işçinin işə götürülməsi, bir işdən başqa işə keçirilməsi və işdən azad edilməsi haqqında məlumat tarixi (gün, ay, il) göstərilməklə bu qeydləri aparmağa əsas verən əmək müqaviləsinə, əmrə, sərəncama (tarixi və nömrəsi göstərilməklə), uyğun aparılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, cavabdeh inzibati orqanın iddia ərizəsinə qarşı təqdim etdiyi sənədlərə və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmənin əsaslandırması: İlk öncə qeyd edilməlidir ki, məhkəmə qərar qəbul edənədək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar üzrə ətraflı araşdırma aparmış, təqdim edilən sübutları tam və hərtərəfli tədqiq etməklə, iddiaçıya qarşı tərəfin dəlillərinə münasibət bildirməsi, etiraz etməsi və məhkəməyə lazımi sübutları təqdim eməsi üçün kifayət qədər imkan yaratmışdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Hazırkı iş üzrə iddiaçının əsas hüquqi marağı onun barəsində xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsidir. İddia tələbinə dair etirazında cavabdeh iddiaçının 1976-ci il tarixdən 2021-ci il tarixədək 37 il 8 ay 18 gün ümumi, 12 il 10 ay 14 gün xüsusi iş stajının olmasını qəbul edir. İddiaçının tələb olunan 25 il ümumi iş stajının olması işin mübahisəsiz halıdır. İddiaçının əmək kitabçasında olan qeydlərə əsasən xüsusi iş stajlarının X2 Sistemi ilə qarşılıqlı yoxlanılması zamanı təsdiq olunan stajının xx.xx.2006-cı il tarixdən xx.xx.2022-ci il tarixədək 11 il 11 ay 22 gün təşkil etməsi əsası ilə iddiaçıya güzəşti şərtlərlə əmək pensiyası təyin olunmasından cavabdeh tərəfindən imtina edilmişdir. Məhkəmə cavabdehin əsas gətirdiyi mövqeyini qəbul etmir. Əksi qanunverici tərəfindən sosial hüquqların həyata keçirilməsinin əsasını təşkil edən “qazanılmış hüquq” konsepsiyasına, ədalət və hüquqi müəyyənlik prinsiplərinə zidd olardı. Diqqətə alınmalıdır ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquq – yarandığı an hüquqa uyğun olan, şəxsin xeyrinə yeni hüquqi status yaratmaqla və ya dəyişməklə faktiki və hüquqi nəticələr doğuran, eləcə də fərdin özü üçün qətiləşmiş tələb etmə hüququ yaradan, lakin daha sonra qanunvericiliyin dəyişməsinə baxmayaraq hüquq nizamının qorumalı olduğu haqqdır. Hər hansı bir konkret halda qazanılmış hüququn varlığından söz edə bilmək üçün şəxsə aid artıq yaranmış (tamamlanmış) və hüquqi müdafiə altına alınmış bir vəziyyət mövcud olmalıdır. Qazanılmış hüququn mövcud olması üçün sözügedən hüquq müəyyən bir müddət üçün verilməməlidir. Çünki, həmin müddət ərzində istifadə edilmədikdə müddətin bitiməsindən sonra hüquqla bağlı müdafiə təminatı da ortadan qalxmış olur. (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair 08 oktyabr 2020-ci il tarixli Qərardadı) Məhkəmə formalaşmış məhkəmə təcrübəsinə əsaslanaraq bildirir ki, belə xarakterli işlərdə əmək haqqı cədvəllərinin dövlət arxivinə təhvil verilməməsi, əmək kitabçasında müvafiq qeydlərin qeyri-dəqiq aparılması, eləcə də mdss haqları üzrə məlumatların sığortaolunanın fərdi şəxsi hesabatlarında - MEİS-də öz əksini tapmaması və s. iddiaçının hərəkət və hərəkətsizliyinin nəticəsi ilə əlaqədar olmadığından həmin illərlə bağlı təhvil verilməyən əmr kitabları və əmək haqqı cədvəllərinə görə iddiaçının stajının hesablanmaması onun hüququnun əsassız olaraq pozulması ilə nəticələnir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququnun yaranması üçün aşağıdakı dispozisiya şərtləri mövcud olmalıdır: şəxs qanunun 7-ci maddəsində nəzərdə tutulan müvafiq yaşa çatmalı, 25 il sığorta stajı olmalı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmalıdır. İşin müəyyən edilmiş hallarından görünür ki, əmək pensiyasının təyin edilməsi üçün tələb olunan həmin dispozisiya şərtləri iddiaçıya münasibətdə mövcuddur. Məhkəmə qeyd edir ki,1961-ci il təvəllüdlü iddiaçı 60 yaşını 2021-ci ildə tamamlasa da, işdə olan sığortaolunanın fərdi hesabındakı aparılmış sonuncu qeydə əsasən pensiya hüququnu 2022-ci ilin dekabr ayının 20-də qazanmışdır. Bu hal həm Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsinin xx.xx.2023-cü il tarixli arayışından, həm də sığortaolunanın hesabından müəyyən edilir. Qeyd olunan arayışda İddiaçı qaynaqçı vəzifəsində işlədiyi peşənin AR Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” siyahısının 35-ci Ümumi peşələr bölməsində nəzərdə tutulmuş əl ilə qaynaq aparan elektrik qaynaqçıları peşəsinə uyğun olduğu işəgötürən tərəfindən bildirilmişdir. Həmçinin, hazırkı iş üzrə məhkəmə qərarının qəbul edildiyi anadək iddiaçının çalışdığı qaynaqçı peşəsi üzrə əmək müqaviləsinə xitam verilməməsi də gözardı edilməməlidir. Nəzərə almaq lazımdır ki, “İnzibati icraat haqqında” Qanunun 19-cu maddəsinin tələbləri baxımından güzəştli arayış, onun həqiqətə uyğun olmadığı sübuta yetirilməmişdirsə, mötəbər hesab olunmalı və həmin arayışda nəzərdə tutulmuş məlumatların həqiqiliyi qəbul edilməlidir. Bu zaman həmçinin işçinin məşğul olduğu peşənin və həmin peşə üzrə yerinə yetirdiyi funksional vəzifələrin məzmununun daha dəqiq müəyyən edilməsi imkanına məhz onun işəgötürəninin malik olduğu da mütləq nəzərə alınmalıdır. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, ki, iddiaçı “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Naxçıvan şəhər idarəsinin əmək pensiyası təyin edilməsindən imtina olunması haqqında 14 aprel 2023-cü il tarixli, 82 nömrəli qərarını haqlı olaraq mübahisələndirməmişdir. Bununla bağlı qeyd olunmalıdır ki, həmin qərarın qəbul olunduğu zaman kəsiyində iddiaçını hər hansı hüququndan məhrum etmədiyi və ya onun hüququnu məhdudlaşdırmadığı, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan akt olmadığı üçün əlverişsiz inzibati akt sayılmır. Nəticə etibarı ilə məhkəmə belə qənaətə gəlir ki, cavabdeh “İnzibati icraat haqqında” Qanunun yuxarıda istinad olunan normalarının tələblərini təmin etməmiş, bununla da qanunla ona verilmiş diskresion səlahiyyətlərdən onun məqsədinə uyğun istifadə etməmiş və həmin səlahiyyətlərin həyata keçirilməsi zamanı iddiaçının hüquqlarını əsassız məhdudlaşdırmışdır. Buna görə də iddiaçı ona güzəştli şərtlərlə əmək pensiyasının təyin olunmasını tələb etməkdə haqlı sayılmalıdır. Beləliklə, işin faktiki hallarına və qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “ona bu hüququnun yarandığı xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması dair iddiası əsaslı olduğundan təmin edilməlidir. Nəticəvi hissə: Göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2, 4.1, 33.1, 58.7, 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
q ə r a r a a l d ı:
İddia təmin edilsin. İddiaçı bu hüququnun yarandığı xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Elnur Hüseynov