Məhkəmə qərarları › İş №2-1(122)-1095/2025

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-1095/2025

26.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-1095/2025 26.02.2026 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyev Tural Yusif oğlunun sədrliyi, Rzayeva Əpruz Qasım qızının katibliyi, İddiaçı, iddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “ona aid xx.xx.1975-ci il tarixdə Şərur rayonu, Qeydiyyat Şöbəsində aparılmış 166 saylı akt qeydində düzəliş edilərək mərhum anası X2 dəyişdirilərək Tağıyeva kimi yazılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təsviri hissə: İddiaçı vəkili və nümayəndəsi vasitəsilə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona aid xx.xx.1975-ci il tarixdə Şərur rayonu, Qeydiyyat Şöbəsində aparılmış 166 saylı akt qeydində düzəliş edilərək mərhum anası X2 dəyişdirilərək Tağıyeva kimi yazılması öhdəliyinin Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, mərhum valideyinləri atası X16 ilə anası Tağıyeva (Ağayeva) Hürnisə Oruc qızı ötən əsrin 50-ci illərində nikaha daxil olaraq el adətinə uyğun ailə qurmuş, onların birgə nikahından üç övladı- xx.xx.1960-cı il tarixdə X12; - xx.xx.1962-ci il tarixdə İddiaçı; - xx.xx.1964-cü il tarixdə Ağayeva (Tağıyeva) Süsən Aslan qızı doğulmuş və onlar ömürlərinin sonuna kimi Şərur rayonu Zeyvə kəndində yerləşən evlərində yaşamışlar. Belə ki, anası Tağıyeva (Ağayeva) Hürnisə Oruc qızı xx.xx.2008-ci il tarixdə, atası X16 isə xx.xx.2010-cu il tarixdə vəfat etmiş onlardan Şərur rayonu Zeyvə kəndində birgə mülkiyyətdə olan 0.1651 ha torpaq sahəsi və onun üzərində yerləşən bir mərtəbəli, 3 otaq bir mətbəxdən ibarət fərdi yaşayış evi miras qalmışdır. Belə ki, onlar el adəti üzrə ailə qurduqdan sonra ailə təsərrüfatından ayrılmış, o, Düdəngə kəndində yaşasa da, bacıları Sənubər və Süsən isə sonradan ailəliklə Bakı şəhərində məskunlaşmışlar. Bu səbəbdən də anası vəfat etdikdən sonra atasının yanında o, qalmış, o da vəfat etdikdən sonra valideynlərindən qalmış miras faktiki olaraq onun tərəfindən qəbul edilmişdir. Hal-hazırda da həmin evdə yaşamaqdadır. Eyni zamanda bu müddət ərzində miras əmlaka baxım və quluq onun tərəfindən aparılmış, vergi və digər kommunal xidmətlərin haqqı onun tərəfindən ödənilsə də, müxtəlif səbəblərdən miras əmlakı rəsmiləşdirməmişdir. 2024-cü ilin avqust ayında vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Şərur rayon 1 Saylı Notariat Ofisinə müraciət etdiyi zaman, Notariat Ofisi mirasın qəbul edilməsi müddəti buraxıldığından vərəsəlik haqqında şəhadətnamə verməkdən imtina etdi. Baxmayaraq ki, bacıları Süsən və Sənubər valideynlərindən qalmış mirasdan imtina etmiş və bununla bağlı notarial qaydada ərizə də vermişlər. Buna görə də valideynlərindən qalmış mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbi ilə Şərur Rayon Məhkəməsinə müraciət etdiyi zaman ona aid doğum şəhadətnaməsində anası X13, soyadı atasının soyadı ilə Ağayeva kimi qeyd edilmişdir. Hansı ki, mərhum valideynləri arasında rəsmi nikah olmadığından onun soyadı Ağayeva kimi qeyd edilə bilməzdi. Belə ki, mərhum valideynlərindən qalmış miras əmlaka dair sənəddə anasının adı X6 qeyd edilmişdir. Bu səbəbdən də məhkəmədə mirasın qəbulu ilə bağlı işin baxılmasına fasilə verilmiş, ona aid doğum akt qeydində düzəlişin aparılmasına zərurət olduğu bildirilmişdir. Qeyd edilən düzəlişin aparılması məqsədilə Cavabdehnə müraciət olunsa da, müraciətin baxılması müsbət sonluqla bitməmiş, həmin orqan tərəfindən verilmiş cavab məktubunda akt qeydində düzəlişin aparılması məqsədilə aidiyyəti məhkəmədə iddia qaldırılması tövsiyə edilmişdir. İddiaçı göstərilənlərə əsasən məhkəmədən ona aid xx.xx.1975-ci il tarixdə Şərur rayonu, Qeydiyyat Şöbəsində aparılmış 166 saylı akt qeydində düzəliş edilərək mərhum anası X2 dəyişdirilərək Tağıyeva kimi yazılması öhdəliyinin Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunmuş, sərəncamla iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh orqanın yazılı etirazının qısa xülasəsi: Cavabdeh iddiaya dair məhkəməyə ünvanlanan 24 sentyabr 2025-ci il tarixli, 3-16- 5/8-13-511/2025 nömrəli məktubla iddiaya dair yazılı münasibətini onunla əsaslandırmışdır ki, İddiaçı ərizə ilə Cavabdehnə müraciət edərək Cavabdeh tərəfindən tərtib edilən xx.xx.1975-ci il tarixli, 166 saylı doğum haqqında akt qeydində ana haqqında məlumat qrafasında soyadını "Ağayeva"dan "Tağıyeva"ya düzəliş edilməsini xahiş etmişdir. Belə ki, atası X16 ilə anası X9 barəsində Cavabdeh arxivində və "X5" informasiya sistemində nikah haqqında akt qeydi aşkar edilmədi. Yaranmış ziddiyyətin aradan qaldırılması üçün və bu barədə akt qeydinə düzəliş edilməsi Cavabdeh tərəfindən mümkün olmadı. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş "X7" qeydində dəyişiklik bərpa və ləğv qaydalarının müəyyən edən əsas müddəlara əsasən "X5" qeydindəki səhvlərinin düzəldilməsi və ona dəyişiklik edilməsi kifayət qədər əsaslar olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənin seçdiyi yer üzrə qeydiyyat şöbələri tərəfindən icra edilir. Bu barədə məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab olunmuş, şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası 26 fevral 2026-cı il tarixə təyin edilmişdir. Cavabdeh məhkəməyə 29 dekabr 2025-ci il tarixli, 3-16-5/8-13-668/2025 nömrəli məktub göndərərək 26 fevral 2026-cı il tarixdə məhkəmə prosesində işlərinin çoxluğunu nəzərə alıb işə onların iştirakları olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Yazılı sübutlar: - Cavabdeh tərəfindən Şərur rayon Düdəngə kəndində yaşayan İddiaçı ünvanlanmış 25 avqust 2025-ci il tarixli, 3-16-5/8-15-466/2025 nömrəli məktubdan görünür ki, Cavabdehnə xx.xx.2025-ci il tarixdə İddiaçı ərizə ilə müraciət edərək Cavabdeh tərəfindən tərtib edilən xx.xx.1975-ci il tarixli 166 saylı doğum akt qeydində “Ana haqqında məlumat qrafasında” soyadını “Ağayeva”dan “Tağıyeva”ya düzəliş edilməsini xahiş etmişdir. X4 ilə X9 barəsində Cavabdeh arxivində və X5 informasiya sistemində nikah haqqında akt qeydi aşkar edilmədi. Həmin doğum haqqında akt qeydində yaranmış ziddiyyətin aradan qaldırılması üçün və bu barədə akt qeydinə düzəliş edilməsi Cavabdeh tərəfindən mümkün olmadı. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “X5 qeydində dəyişiklik, bərpa və ləğv qaydalarının müəyyən edən əsas müddəalar”-a əsasən vətəndaşlıq vəziyyəti aktlarına düzəliş kifayət qədər əsaslar olmadıqda məhkəmə tərəfindən həyata keçirilir. Bu barədə məhkəməyə müraciət etməyi məsləhət görülmüşdür. - Şərur Rayon Notariat Ofisinin xx.xx.2024-cü il tarixli Notariat hərəkətinin aparılmasından imtina edilməsi haqqında qərarının surətindən görünür ki, ünvan 3i ünvanda qeydiyyatda olan İddiaçı xx.xx.2024-cü il tarixli ərizəsinə əsasən xx.xx.2010-cu il tarixdə vəfat etmiş X11 və xx.xx.2008-ci il tarixdə vəfat etmiş X8 ölümündən sonra miras qalmış bütün əmlaka dair vərəsəliyin açılmasından imtina edilmişdir. - AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, İddiaçı xx xxxx 1962-ci il tarixdə doğulmuşdur. - Şərur rayon Düdəngə kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 27 dekabr 2024-cü il tarixli, 459 nömrəli arayışdan görünür ki, Şərur rayon Düdəngə kənd sakini İddiaçı Şərur rayon Düdəngə kəndində qeydiyyatda durur və yaşayır. - Şərur Rayon Nikah Evi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 152 nömrəli arayışdan aydın olur ki, nikah haqqında məlumatın müəyyən edilməsi məqsədilə Şərur Rayon Nikah Evinin arxivində və “Vətəndaşlıq Vəziyyəti aktları” X1 Sisteminə xx.xx.2023cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış, X16 ilə X9 barəsində nikah haqqında akt qeydi aşkar olunmamışdır. - Şərur Rayon Nikah Evi tərəfindən 02 aprel 2024-cü il tarixdə verilmiş ölüm akt qeydindən çıxarışdan görünür ki, X13 xx.xx.2008-ci il tarixdə Şərur rayon Zeyvə kəndində ürək dayanması səbəbindən ölmüşdür. Bu barədə Zeyvə kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən xx.xx.2008-ci il tarixli, 09 №-li qeydiyyat aparılmışdır. - Cavabdeh tərəfindən tərtib edilmiş 25 avqust 2010-cu il tarixli, AZ-İİ seriyalı, 505276 nömrəli təkrar doğum haqqında şəhadətnamənin surətindən məlum olur ki, İddiaçı xx xxxx 1962-ci il tarixdə Şərur rayon Zeyvə kəndində doğulmuşdur. Ata adı X16, ana adı X14, valideynlərinin milliyəti azərbaycanlı qeyd olunmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 02 iyun 1975-ci il tarixdə 166 nömrə ilə qeyd edilmişdir. - Şərur rayon Zeyvə kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 14 avqust 2024-cü il tarixli, 60 nömrəli arayışdan görünür ki, mərhum X13 ölən bir günədək rayon Zeyvə kəndində yaşamışdır. - Cavabdeh tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 05 noyabr 2025-ci il tarixli, 3-16-5/8-13-585/2025 nömrəli məktubla xx.xx.2008-ci il tarixdə vəfat etmiş mərhum Ağayeva (Tağıyeva) Hürnisə Oruc qızının doğum və ölüm haqqında akt qeydinin təsdiq edilmiş ksero surəti məhkəməyə göndərilmişdir. - xx.xx.2008-ci il tarixli, 09 nömrəli ölüm haqqında akt qeydinin surətindən məlum olur ki, X13 xx.xx.1975-ci il tarixdə Şərur rayon Zeyvə kəndində ürək dayanması səbəbindən ölmüşdür. - Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 13 noyabr 2025-ci il tarixli, 3-13-43/2-16511/2025 nömrəli məktubdan aydın olur ki, xx.xx.1933-cü il təvəllüdlü X13 ilk dəfə xx.xx.2005-ci il tarixdə Şərur Rayon Polis İdarəsi tərəfindən “AZE-02458024" nömrəli şəxsiyyət vəsiqəsi ilə təmin olunmuşdur. X13 Azərbaycan Respublikası DİN-in Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin Pasport İdarəsi tərəfindən ilk dəfə xx.xx.2007-ci il tarixdə "P2250113” nömrəli ümumvətəndaş pasportu ilə təmin edilmişdir. Vətəndaşa məxsus olmuş “AZE- 02458024" nömrəli şəxsiyyət vəsiqəsi Şərur RPİ-nin Qeydiyyat və şəxsiyyət vəsiqəsi qrupu tərəfindən xx.xx.2008-ci il tarixdə ölüm səbəbilə deaktivləşdirilmişdir. - Cavabdeh tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 11 dekabr 2025-ci il tarixli, 3-16-5/8-13-651/2025 nömrəli məktubla göndərilmiş: - 02 iyun 1975-ci il tarixli, 166 nömrəli doğum haqqında akt qeydinin surətindən aydın olur ki, İddiaçı xx xxxx 1962-ci il tarixdə Şərur rayon Zeyvə kəndində doğulmuşdur. Akt qeydində ata adı X16, ana adı X14 qeyd olunmuşdur. - Cavabdeh tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 11 dekabr 2025-ci il tarixli, 3-16-5/8-13-652/2025 nömrəli məktubdan məlum olur ki, X16 ilə X8 nikah haqqında akt qeydi barəsində Cavabdeh arxivində və "Vətəndaşlıq vəziyyəti aktları" X1 sistemində heç bir məlumat aşkar edilmədi. Azərbaycan Respublikası Konstitusiyasının: - 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin İV hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 26.1-ci maddəsinə görə hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. - 26.4-cü maddəsinə əsasən fiziki şəxsin qanunla müəyyənləşdirilmiş qaydada öz adını dəyişdirmək ixtiyarı vardır. - 26.5-ci maddəsinə əsasən fiziki şəxsin doğularkən aldığı ad, habelə adını dəyişdirməsi X5 qeydiyyatı üçün müəyyənləşdirilmiş qaydada qeydə alınmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 159.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş akt qeydlərini bərpa edir, akt kitablarını saxlayır və X5 dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. - 161.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir. - 161.2-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “X5 dövlət qeydiyyatı Qaydası”nın: - 1.1-ci bəndinə görə Bu Qayda Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq hazırlanmışdır və dövlət mənafeyi, ictimai mənafe üçün, vətəndaşların şəxsi, habelə əmlak hüquqlarının qorunması məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri tərəfindən X5 dövlət qeydiyyatı qaydasını müəyyən edir. - 1.4-cü bəndinə əsasən qeydiyyat şöbəsi və konsulluq idarəsi fəaliyyət istiqamətinə uyğun olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” X1 sistemi vasitəsilə doğumun, nigahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş akt qeydlərini bərpa edir, akt kitablarını saxlayır və X5 dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. - 13.1-cü bəndinə əsasən X5 qeyd edilməsinin düzgünlüyünə nəzarət baxımından, Qeydiyyat şöbəsinin və X5 reyestri xidmətinin, Naxçıvan Muxtar Respublikası X5 arxivinin, icra hakimiyyəti nümayəndəliyinin fəaliyyətinin yoxlanılması Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən, konsulluq idarəsinin fəaliyyətinin yoxlanılması ilə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən həyata keçirilir. - 13.2. Bu məqsədlə qeyd olunan orqanlar aidiyyəti üzrə: - 13.2.1. X5 dövlət qeydiyyatı qaydalarına, habelə vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarına düzgün əməl olunmasına qeydiyyat şöbələrinın və icra hakimiyyəti nümayəndəliklərinin fəaliyyətinin təşkili qaydalarına riayət edilməsinə nəzarət edirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli, 52 nömrəli Qərarı ilə təsdiq edilmiş “X5 qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın: - 1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. - 3-cü bəndinə əsasən X5 qeydindəki səhvlər düzəldikdə X5 qeydində dəyişikliklər aparılır. - 8-ci bəndinə görə ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş sənədlərə və yoxlamanın nəticələrinə əsasən X5 qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında rəy qəbul edir və ya X5 qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın 1.5-ci bəndinə görə adın verilməsindən və ya dəyişdirilməsindən imtina edilməsi barədə qeydiyyat orqanının qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər. 6.2-ci bəndinə əsasən adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq idarəsi tərəfindən həyata keçirilir. 6.5-ci bəndinə görə ərizə verən şəxs cinayət mühakimə icraatına şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb edildiyi dövrdə, onun götürülməmiş və ya ödənilməmiş məhkumluğu olduqda, habelə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxs olduqda adın, ata adının, soyadın dəyişdirilməsinə yol verilmir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 10.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. - 10.2-ci maddəsinə əsasən hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. - 10.3-cü maddəsinə əsasən bu Qanunda nəzərdə tutulmuş prinsiplər digər prinsiplərin əhəmiyyətinin azaldılması kimi şərh oluna bilməz. - 16.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. - 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. - 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. - 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. - 28.1 və 28.1.1-ci maddələrinə əsasən fiziki və ya hüquqi şəxsin ərizəsi inzibati icraatın başlanılması üçün əsasdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə iş materiallarını hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək, mübahisənin həllində tətbiq edilməli hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmənin əsaslandırması: “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 saylı, 10 aprel 2015-ci il tarixli Qərarının 9.1-ci bəndinə əsasən X5 qeydiyyatını aparan orqanlar (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri) tərəfindən X5 qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin aparılması, qeydlərin aparılmasından imtina olunması və ya həmin qeydlərdə düzəlişlərin edilməsindən imtina olunması, yaxud X5 qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi ilə bağlı maraqlı şəxslərlə həmin orqanlar arasındakı mübahisələrə habelə adın, ata adının və soyadın dəyişdirilməsindən imtina olunması ilə bağlı verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı tərəf subyektiv hüquqa malik olmuşdur. Məhkəmə icraatı gedişində müəyyən olundu ki, xx.xx.1975-ci il tarixdə 166 nömrəli doğum akt qeydində iddiaçının mərhum anası X3 qrafasında yanlışlıqla “Tağıyeva” əvəzinə “Ağayeva” yazılmışdır. İş materiallarında olan iddiaçıya məxsus doğum haqqında akt qeydindən çıxarışda iddiaçının mərhum anası X3 “Ağayeva” kimi qeyd olunsa da, ona məxsus digər sənədlərdə - şəxsiyyət vəsiqəsində, X10 məxsus doğum və ölüm akt qeydlərində soyadı “Tağıyeva” kimi göstərilmişdir. Həmçinin iş materiallarından aydın olur ki, X16 ilə X9 barəsində Cavabdeh arxivində və X5 informasiya sistemində nikah haqqında akt qeydi aşkar edilməmişdir. Bu da onu deməyə əsas verir ki, iddiaçının mərhum anasının soyadının nikahdan sonra “Tağıyeva” kimi dəyişdirilməsi üçün faktiki və hüquqi əsas mövcud deyildir. Müəyyən olunmuşdur ki, iddiaçının doğum haqqında akt qeydində mərhum anasının soyadının “Ağayeva” kimi qeyd olunması iddiaçıya bir sıra hüquqlarının həyata keçirilməsində, o cümlədən mərhum anasın ölümündən sonra qalmış mirasın qəbul edilməsində maneələr yaradır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının qanunvericiliyi vətəndaşlıq vəziyyəti akt qeydində dəyişiklik edilməsi ilə bağlı məsələdə qanuni marağı olduğu halda hər kəsin prinsip olaraq bu hüquqa malik olduğu ilə bağlı tənzimləmə gətirmişdir. Şəxsin bu hüququnun reallaşdırılmasından imtina edən dövlət orqanları buna maneə təşkil edən konkret halların mövcudluğuna istinad etməli və imtina qərarlarını qanunvericiliyin konkret müddəalarına istinadla əsaslandırmalıdırlar. Həmin hüququn məhdudlaşdırılması qanunçuluğun tələblərinə cavab verməli, gətirilmiş məhdudiyyət qanunda konkret göstərilmiş legitim məqsədlərə nail olmağa yönəlməli, arzu edilən nəticə ilə tətbiq edilən vasitə mütənasib olmalı və belə məhdudiyyət hüququn mahiyyətini dəyişməməlidir. Cavabdehin öz imtinasına gətirdiyi arqument - X5 qeydiyyatında iddiaçının doğum haqqında akt qeydində dəyişiklik edilməsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “X5 qeydində dəyişiklik bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”da nəzərdə tutulan əsasların olmamasıdır. Bu baxımdan qeyd olunmalıdır ki, inzibati icraat qanununda nəzərdə tutulmuş anlamda müvafiq inzibati icraat aparmadan, sadəcə olaraq, göstərilən Qərarda nəzərdə tutulmuş hallardan hər hansı birinin mövcudluğuna istinadla, həm də əsaslandığı həmin halın mövcudluğunu inzibati icraatdan kənar müəyyən etməklə, vətəndaşın müraciətinə imtina etməkdə cavabdeh haqlı sayıla bilməz. Halbuki, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmçinin X5 dövlət qeydiyyatının əsas məqsədlərindən biri də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunmasına xidmət etməklə yanaşı, həm də dövlət mənafeyi və ictimai mənafe üçün aparılır. Məhkəmə qeyd edir ki, iddiaçının əsas hüquqi marağı doğum haqqında akt qeydində (iddiaçının mərhum anasının soyadına münasibətdə) düzəlişin aparılmasıdır. Qeyd olunan hal üzrə orqanın imtinasında göstərilən arqument isə hazırkı iddianın təmin edilməməsi üçün qanuni əsas sayıla bilməz. Belə ki, məhkəmə araşdırması zamanı toplanmış sübutlar işin halları baxımından iddiaçının iddia tələbinin təmin edilməsi üçün yetərli dərəcədədir. Buna görə də məhkəmə hesab edir ki, Cavabdeh iddiaçının tələbindən imtina etməkdə haqlı olmamışdır. Beləliklə, İddiaçı Cavabdehnə qarşı “ona aid xx.xx.1975-ci il tarixdə Şərur rayonu, Qeydiyyat Şöbəsində aparılmış 166 saylı akt qeydində düzəliş edilərək mərhum anası X2 dəyişdirilərək Tağıyeva kimi yazılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası təmin edilməlidir. Nəticəvi hissə: Göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3, 4.1, 34.1, 58.7, 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddia təmin edilsin. İddiaçı aid xx.xx.1975-ci il tarixdə Şərur rayonu, Qeydiyyat Şöbəsində aparılmış 166 saylı akt qeydində düzəliş edilərək mərhum anası X2 dəyişdirilərək Tağıyeva kimi yazılması öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Tural Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar