Məhkəmə qərarları › İş №2-1(122)-11/2020

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-11/2020

15.01.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-11/2020 15.01.2020 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin hakimi Novruzov Səxavət Hüseyn oğlunun sədrliyi, Məmmədov Kamal Cahangir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Xəstəxanasına qarşı “Naxçıvan Muxtar Respublikası Xəstəxanası üzrə diaqnostik poliklinika şöbəsinin stomatoloji kabinə üzrə tibb bacısı vəzifəsinə, əvvəlki işinə bərpa olunması tələbi”nə dair inzibati iş üzrə mübahisəyə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Naxçıvan Muxtar Respublikası Xəstəxanasına qarşı Naxçıvan Muxtar Respublikası Xəstəxanası üzrə diaqnostik poliklinika şöbəsinin stomatoloji kabinə üzrə tibb bacısı vəzifəsinə, əvvəlki işinə bərpa olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddianın mümkünlüyünün yoxlanılması ilə bağlı 15 yanvar 2020-ci il tarixə məhkəmə iclası təyin edilmişdir. Məhkəmə iclasında İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə, ərizəni və iş materiallarını nəzərdən keçirib belə qənaətə gəlir ki, iddia geri götürülmüş hesab edilməli və bu əsasla da iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə əsasən, məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. Məhkəmə, hesab edir ki, hazırkı vəziyyətdə iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayınmasa da, məhkəməyə təqdim etdiyi ərizəsində iddia ərizəsinin baxılmadan qaytarılmasını tələb etməklə iddianın mahiyyəti üzrə baxılmasından imtina etmişdir. Məhkəmə, iddia ərizəsinin verilməsini və eləcə də ondan imtina edilməsini onun iradə ifadəsi kimi qiymətləndirərək belə qənaətə gəlir ki, iddiaçının iddia ərizəsinin qaytarılması barədə ərizəsi iddiadan imtina kimi qəbul edilsə də, hüquqi nəticəsinə görə iddiaçının eyni məsələ ilə bağlı və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna etmir. Həmin Məcəlləsinin 55-ci maddəsinə görə, iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. İddiaçıya izah edilir ki, iddianın geri götürülmüş hesab edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna etmir. İddiaçıya iddianın geri götürülmüş hesab edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna etməməsi və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38-ci maddəsinin müddəaları izah edilir. Məhkəmənin həmin qərardadından apelyasiya şikayətinin verilməsi məsələsinə gəldikdə qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 29 aprel 2014-cü il tarixli qərarının 2-ci bəndində belə bir qənaətə gəlinmişdir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə uyğun olaraq iddianın geri götürülmüş sayılması barədə qəbul edilmiş qərardaddan həmin Məcəllənin 81.1-ci maddəsinə müvafiq olaraq apelyasiya şikayətinin verilməsi hüququ təmin olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81.1-ci maddəsinə əsasən, inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55, 80 və 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərar verdi: İddiaçı 15 yanvar 2020-ci il tarixli ərizəsi təmin edilsin. İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Xəstəxanasına qarşı “Naxçıvan Muxtar Respublikası Xəstəxanası üzrə diaqnostik poliklinika şöbəsinin stomatoloji kabinə üzrə tibb bacısı vəzifəsinə, əvvəlki işinə bərpa olunması tələbi”nə dair iddiası geri götürülmüş hesab edilsin və bu əsasla da iş üzrə icraata xitam verilsin. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər. SƏDRLİK EDƏN: SƏXAVƏT NOVRUZOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar