Məhkəmə qərarları › İş №2-1(122)-11/2021

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-11/2021

09.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-11/2021 09.03.2021 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Novruzov Səxavət Hüseyn oğlunun sədrliyi, Məmmədov Kamal Cahangir oğlunun katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil və cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin nümayəndəsi X4 iştirakları ilə, üçüncü şəxs X9 iştirakı olmadan, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı “xx xxxxxx 2006-cı il tarixli, JN-224A, KOD 10312018 nömrəli şəhadətnamə əsasında X6 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın xx xxxxxx 2006-cı il tarixli, JN-164B, KOD 10312018 nömrəli şəhadətnamə ilə İddiaçı mülkiyyətində olan torpaq sahəsinə aid gediş-gəliş yoluna münasibətdə qismən ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Babək rayonu, Yarımca kəndində yerləşən, X16 və X15 ayrılmış 0.28 hektar torpaq sahəsinə münasibətdə Babək Rayon X14 xx xxxxxx 1998-ci il tarixli qərarının və xx xxxxxx 2006-cı il tarixli, JN-224A, KOD 10312018 nömrəli şəhadətnamə əsasında X6 adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın gediş-gəliş yolu olan torpaq sahəsinə münasibətdə qismən ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 1983-cü il tarixdən mərhum atası X6 Babək rayon Yarımca kəndində ona tikdiyi evdə həmin tarixdən xx xxxx 2019-cu il tarixədək ailəsi və uşaqları ilə birlikdə yaşamışdır. Onun evinin bir yolu olub, hal-hazırda həmin yoldan qardaşı Qocaman istifadə etməyə imkan vermir. İddiaçı mərhum atasının və anasının ölümündən sonra da həmin yoldan istifadə etmişdir. Onun məlumatı olmadan qardaşı X1 Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin Babək Rayon İdarəsinə müraciət edərək mərhum atası X6 adına Babək Rayon X14 xx xxxxxx 1998-ci il tarixli qərarı və torpağın mülkiyyətə verilməsinə dair xx xxxxxx 2006-cı il tarixli, JN-224A, KOD 10312018 nömrəli şəhadətnamə əsasında torpaq sahəsini və evi ölçdürmüş, həmin mülkə Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən MH seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Babək rayon Yarımca kəndində mərhum atası X5 miras qalan torpaq sahəsinə və evə ölçü aparılan zaman düzgün ölçü aparılmayaraq onun evinə gedən yol mərhum atasının torpaq sahəsinin üzərinə ölçülmüşdür. X2 Babək Rayon Məhkəməsində mərhum atasından qalan mirasın onun tərəfindən qəbul edilməsi ilə əlaqədar iddia qaldıranda məlumatı olmuşdur ki, qardaşı Qocaman Mahmudov mərhum atası Baba Mahmudovun adına onun yolu nəzərə alınmadan çıxarış almışdır. Onun evinə gedən yol Babək Rayon X14 xx xxxxxx 1998-ci il tarixli qərarı və xx xxxxxx 2006-cı il tarixli, JN-224A, KOD 10312018 nömrəli şəhadətnamə verilən zaman düzgün ölçülməmiş və onun əsasında da torpaq həmin əmlakın üzərinə hesablanmışdır. İddiaçı hesab edir ki, bunlara baxmayaraq, məhkəmə tərəfindən heç bir araşdırma aparılmadan Qocaman Mahmudovun iddiası Babək Rayon Məhkəməsində təmin edilmişdir. O, Babək Rayon Məhkəməsinin qətnaməsi ilə razılaşmayaraq apellyasiya şikayəti vermişdir. İddiaçının evinə gedən yol sahəsi torpaq ölçülən zaman yol nəzərə alınmadan ölçülmüşdür. Ona aid yolun küçədən girişinə böyük qapı, darvaza olub, həmin darvaza 1990-cı ildən orada yerləşir. Qardaşı atasından qalmış mirası qəbul etməklə onun 40 illik evə gedən yolunu bağladığından iddiaçı öz evinə gedə bilmir. Babək Rayon Dövlət Arxivinin xx xxxxxx 2020-ci il tarixli, 18 nömrəli arxiv arayışında Babək Rayon Dövlət Arxivində mühafizə olunan Yarımca kəndinin 1991-1995-ci və 1996- 2000-ci illərə aid təsərrüfatbaşına kitablarına baxdıqda mərhum X6 adına 1991-1998-ci illərdə 0.24 hektar və 1999-2000-ci illərdə isə 0.23 ha torpaq sahəsinin olmasının qeyd olunması göstərilmişdir. Arxiv arayışından göründüyü kimi X6 adına 0.28 ha torpaq sahəsi verilməklə onun evinə gediş-gəliş yolu bağlanmışdır. Bundan əlavə olaraq, Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin Babək Rayon İdarəsinin Naxçıvan Şəhər Məhkəməsinin icraatında olan 2(079)-992/2019 nömrəli işlə bağlı xx xxxxxxx 2019-cu il tarixli, 399 nömrəli mütəxəssis rəyində qeyd edilir ki, iddia olunan gediş-gəliş yolu torpaq islahatı aparılan zaman tərtib olunmuş JN-224A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə və texniki pasportda göstərilən həyətyanı torpaq sahəsinin sərhədləri daxilində qeydiyyata alınmışdır. X14 qərarı əsasında JN-164B nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə İddiaçı mülkiyyətinə verilmiş 0.09 ha həyətyanı torpaq sahəsinin islahat dövrü gediş-gəliş yolu ilə təmin olunmadığı qeyd edilir. Bununla bağlı, yəni gediş-gəliş yolunun açılması ilə əlaqədar Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə müraciət etmiş, Xidmətin ona ünvanladığı xx xxxxxx 2020-ci il tarixli, 5629 nömrəli cavab məktubu ilə onun tələbinin icrasından imtina olunmuşdur. İddiaçı qeyd edilənlərə əsasən məhkəmədən Babək rayonu, Yarımca kəndində yerləşən, X16 və X15 ayrılmış 0.28 hektar torpaq sahəsinə münasibətdə Babək Rayon X14 xx xxxxxx 1998-ci il tarixli qərarının və xx xxxxxx 2006-cı il tarixli, JN-224A, KOD 10312018 nömrəli şəhadətnamə əsasında X6 adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın gediş-gəliş yolu olan torpaq sahəsinə münasibətdə qismən ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri sərəncamla cavabdeh Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə göndərilmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə xx xxxxxx 2021-ci il tarixli ərizə təqdim edərək məhkəmədən ilkin olaraq Babək rayonu, Yarımca kəndində yerləşən, X16 və X15 ayrılmış 0.28 hektar torpaq sahəsinə münasibətdə Babək Rayon X14 xx xxxxxx 1998-ci il tarixli qərarının və xx xxxxxx 2006-cı il tarixli, JN-224A, KOD 10312018 nömrəli şəhadətnamə əsasında X6 adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın gediş-gəliş yolu olan torpaq sahəsinə münasibətdə qismən ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etdiyini, iddia tələbini dəqiqləşdirərək hazırki tələbinin “xx xxxxxx 2006-cı il tarixli, JN-224A, KOD 10312018 nömrəli şəhadətnamə əsasında X6 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın xx xxxxxx 2006-cı il tarixli, JN- 164B, KOD 10312018 nömrəli şəhadətnamə ilə İddiaçı mülkiyyətində olan torpaq sahəsinə aid gediş-gəliş yoluna münasibətdə qismən ləğv edilməsi” tələbi olduğunu bildirmişdir. Məhkəmənin xx xxxxxx 2021-ci il tarixli, 2-1(122)-11/2021 nömrəli qərardadı ilə dəyişdirilmiş iddia tələbi icraata qəbul edilmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2- 1(122)-11/2021 nömrəli qərardadı ilə X19 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra işin şifahi məhkəmə baxışına keçirilməsi üçün kifayət qədər əsaslar olduğu nəzərə alınaraq şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası xx xxxx 2021-ci il tarixə təyin olunmuşdur. Üçüncü şəxs X9 ünvanına məhkəmə bildirişi göndərilərək məhkəmə iclasının vaxtı və yeri barədə əvvəlcədən xəbərdarlıq olunmasına baxmayaraq, o, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Odur ki, məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3cü maddəsinə əsasən üçüncü şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək xx xxxxxx 2006-cı il tarixli, JN-224A, KOD 10312018 nömrəli şəhadətnamə əsasında X6 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın xx xxxxxx 2006-cı il tarixli, JN-164B, KOD 10312018 nömrəli şəhadətnamə ilə İddiaçı mülkiyyətində olan torpaq sahəsinə aid gediş-gəliş yoluna münasibətdə qismən ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil iddia tələbini müdafiə edərək tələbin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X10 iddiaya dair izahat verərək Babək Rayon X14 xx xxxxxx 1998-ci il tarixli, 08 A nömrəli qərarına əsasən JN- 224A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə X6 mülkiyyətinə 2829.43 m2 həyətyanı torpaq sahəsi verildiyini, mülkiyyətçinin nümayəndəsi X9 xx xxxxxx 2019-cu il tarixdə həmin torpaq sahəsində yerləşən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınması ilə bağlı Xidmətin Babək Rayon İdarəsinə ərizə ilə müraciət etdiyini, müraciət əsasında X6 adına daşınmaz əmlakın texniki pasportu və daşınmaz əmlakın dövlət reyestrindən çıxarış hazırlanaraq ona təqdim olunduğunu, iddia olunan gediş-gəliş yolunun torpaq islahatı aparılan zaman tərtib olunmuş JN-224A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə həyətyanı torpaq sahəsinin sərhədləri daxilində qeydiyyata alındığını, JN-164B nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə İddiaçı mülkiyyətinə verilmiş 0.09 ha həyətyanı torpaq sahəsinin torpaq islahatı aparılan zaman gediş-gəliş yolu ilə təmin olunmadığını bildirib məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etdi. Üçüncü şəxs X19 tərəfindən məhkəməyə ünvanlanan xx xxxxxx 2021-ci il tarixli iddiaya etiraz ərizəsindən görünür ki, mübahisə olunan torpaq sahəsi xx xxxxxx 2006-cı il tarixli, JN-224A, KOD 10312018 nömrəli şəhadətnamə əsasında atası X6 adına verilmiş, həmin torpaq sahəsini və üzərində yerləşən evi miras əmlak olaraq o, qəbul edib ailə üzvləri ilə birlikdə yaşayır. Qeyd edir ki, Quşdan və Rövşən onun qardaşlarıdır. Onların hər ikisinə mərhum atası sağlığında torpaq sahələri alıb ev tikmişdir. Həmin tikililərə isə yol ərizəsinə əlavə etdiyi xəritədən də göründüyü kimi onun həyətindən deyil, tamam başqa yerdən olmuşdur. Həmin yol hal-hazırda da mövcuddur. Lakin Quşdanın evinə gedən yolda Rövşən hamam tikib yolu bağlamışdır. Buna baxmayaraq, elə əvvəlki kimi Quşdan indi də Rövşənin həyətindən keçib öz evinə gedir. Onun həyətindən keçib getməsinə isə onun qardaşı olduğuna görə əvvəllər etiraz etməmişdir. İndi isə onun mülkiyyət hüququnu pozub həyətindən yol kimi istifadə etməsinə etiraz edir. Bir daha qeyd edir ki, onun başqa yerdən olan yolunu kəsməmiş, bunu özü çox yaxşı bilir və onunla prinsip apararaq həmin yoldan istifadə etmək istəmir. Kənd yerlərində onun həyətinə də gedən yoldan ensiz yollar var və hamının həyətinə maşın yolu getmir. Mülkiyyət toxunulmazdır, mülkiyyət hüququ pozularaq həyətindən kiminsə, qardaşı olsa belə keçməsinə razı deyil. İddiaçı iddiası əsassız olduğundan rədd olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, məhkəmədə tədqiq edilən sübutlara qiymət verərək aşağıdakı əsaslara görə hesab edir ki, iddia tələbi əsaslıdır. İş materiallarında olan: - Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən ünvan 1 İddiaçı ünvanlanan xx xxxxxx 2020-ci il tarixli, 529 nömrəli məktubdan və Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin Babək Rayon İdarəsinin Naxçıvan Şəhər Məhkəməsinin icraatında olan 2(079)-992/2019 nömrəli işlə bağlı mütəxəssis rəyindən görünür ki, Babək Rayon X14 xx xxxxxx 1998-ci il tarixli, 08 A nömrəli qərarına əsasən JN- 164A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə 2654.99 m2, JN- 164B nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə 945.87 m2 həyətyanı torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmişdir. JN-164B nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə mülkiyyətə verilmiş 0.09 ha həyətyanı torpaq sahəsi torpaq islahatı aparılan zaman gediş-gəliş yolu ilə təmin olunmamışdır. Ərizədə iddia edilən gediş-gəliş yolu torpaq islahatı aparılan zaman JN-224A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə X6 mülkiyyətinə verilmiş 2829.43 m2 həyətyanı torpaq sahəsinin sərhədləri daxilində qeydiyyata alınmışdır. Mülkiyyətçinin nümayəndəsi X19 xx xxxxxx 2019-cu il tarixdə həmin torpaq sahəsində yerləşən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınması ilə bağlı Xidmətin Babək Rayon İdarəsinə ərizə ilə müraciət etmişdir. Müraciət əsasında X6 adına daşınmaz əmlakın texniki pasportu və daşınmaz əmlakın dövlət reyestrindən çıxarış hazırlanaraq ona təqdim edilmişdir. - Babək Rayon Dövlət Arxivi tərəfindən Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasına ünvanlanan xx xxxxxx 2020-ci il tarixli, 18 nömrəli arxiv arayışından aydın olur ki, Babək Rayon Dövlət Arxivində mühafizə olunan Yarımca kəndinin 1991-1995-ci və 1996-2000-ci illərə dair təsərrüfatbaşına kitablarına baxıldıqda mərhum X6 adına 1991- 1998-ci illərdə 0.24 ha və 1999-2000-ci illərdə isə 0.23 ha torpaq sahəsinin qeyd edildiyi müəyyən olunmuşdur. - Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin Babək Rayon İdarəsi tərəfindən Babək rayonu, Yarımca kənd sakini İddiaçı ünvanlanan xx xxxx 2019-cu il tarixli, 258 nömrəli məktubdan məlum olur ki, Babək rayonu, Yarımca kəndində yerləşən yol Babək Rayon X14 xx xxxxxx 1998-ci il tarixli, 08 A nömrəli qərarı əsasında torpağın mülkiyyətə verilməsinə dair 224A nömrəli şəhadətnamə ilə X6 mülkiyyətinə verilmişdir. Həmin şəhadətnamə əsasında da 2019-cu ildə Dövlət Reyestrində qeydiyyata alınmış və Dövlət Reyestrindən çıxarış verilmişdir. - JN-164B, KOD 10312018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin surətindən görünür ki, həmin şəhadətnamə ilə Babək Rayon X14 xx xxxxxx 1998-ci il tarixli, 08 A nömrəli qərarına əsasən İddiaçı, X17, X11, Mahmudova Göyçək Quşdan qızına, X12, X7 0.09 ha torpaq sahəsi verilmişdir. - JN-224A, KOD 10312018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin surətindən görünür ki, həmin şəhadətnamə ilə Babək Rayon X14 xx xxxxxx 1998-ci il tarixli, 08 A nömrəli qərarına əsasən X13 və X15 0.28 ha torpaq sahəsi verilmişdir. - Babək Rayon İcra Hakimiyyəti Yarımca kənd X27 üzrə Nümayəndəlik tərəfindən verilmiş xx xxxxxxx 2019-cu il tarixli, 893 nömrəli arayışdan aydın olur ki, İddiaçı həqiqətən Babək rayon Yarımca kəndində yaşayır. - Babək Rayon İcra Hakimiyyəti Yarımca Kənd X27 üzrə Nümayəndəlik tərəfindən Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının Naxçıvan Şəhər Hüquq Məsləhətxanasına ünvanlanmış xx xxxxxx 2020-ci il tarixli, 11 nömrəli məktubdan görünür ki, 1990-1997-ci illərə aid təsərrüfatbaşına kitablar Babək Rayon Arxiv İdarəsinə təhvil verildiyindən X6 adına nə qədər torpaq sahəsinin olması barədə məlumatlı deyildirlər. - Babək Rayon X14 xx xxxxxx 1998-ci il tarixli, 08 A nömrəli qərarının surətində və ona əlavə olunmuş Babək Rayon İcra Hakimiyyətinin Yarımca kənd ərazi vahidi üzrə icra nümayəndəliyinin əhatə etdiyi Yarımca kəndində torpaq payı alacaq kənd sakinlərinin adlı siyahısından çıxarışda X6 adına 0.24 ha, X9 adına 0.06 ha, İddiaçı adına 0.10 ha torpaq sahəsi olduğu göstərilmişdir. - Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən məhkəməyə ünvanlanan xx xxxxxx 2020-ci il tarixli, 585 nömrəli və xx xxxxxx 2021-ci il tarixli, 04/49 nömrəli məktublarından görünür ki, Babək Rayon X14 xx xxxxxx 1998-ci il tarixli, 08 A nömrəli qərarına əsasən JN-224A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə ünvan 1 X6 mülkiyyətinə 2829.43 m2 həyətyanı torpaq sahəsi verilmişdir. Mülkiyyətçinin nümayəndəsi X19 xx xxxxxx 2019-cu il tarixdə həmin torpaq sahəsində yerləşən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınması ilə bağlı Xidmətin Babək Rayon İdarəsinə ərizə ilə müraciət etmişdir. Müraciət əsasında X6 adına daşınmaz əmlakın texniki pasportu və daşınmaz əmlakın dövlət reyestrindən çıxarış hazırlanaraq ona təqdim olunmuşdur. İddia olunan gediş-gəliş yolu torpaq islahatı aparılan zaman tərtib olunmuş JN-224A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə həyətyanı torpaq sahəsinin sərhədləri daxilində qeydiyyata alınmışdır. JN-164B nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə İddiaçı mülkiyyətinə verilmiş 0.09 ha həyətyanı torpaq sahəsi torpaq islahatı aparılan zaman gediş-gəliş yolu ilə təmin olunmamışdır. - Naxçıvan Muxtar Respublikası Dövlət Yerquruluşu, Geodeziya və X8 Yerquruluşu Şöbəsi tərəfindən verilmiş xx xxxx 2021-ci il tarixli mütəxəssis rəyindən aydın olur ki, Babək Rayon X14 xx xxxxxx 1998-ci il tarixli, 08 A nömrəli qərarına əsasən JN-224A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə Babək rayon, Yarımca kənd sakini X6 mülkiyyətinə 2829.43 m2 həyətyanı torpaq sahəsi verilmişdir. Mülkiyyətçinin nümayəndəsi X9 xx xxxxxx 2019-cu il tarixdə həmin torpaq sahəsində yerləşən daşınmaz əmlakın üzərində hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı Xidmətin Babək Rayon İdarəsinə ərizə ilə müraciəti əsasında X6 adına daşınmaz əmlakın texniki pasportu və daşınmaz əmlakın dövlət reyestrindən çıxarış hazırlanaraq təqdim olunmuşdur. İddia olunan gediş-gəliş yolu torpaq islahatı aparılan zaman tərtib olunmuş JN-224A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə həyətyanı torpaq sahəsinin sərhədləri daxilində qeydiyyata alınmışdır. JN-164B nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə İddiaçı mülkiyyətinə verilmiş 0.09 ha həyətyanı torpaq sahəsi torpaq islahatı aparılan zaman gediş-gəliş yolu ilə təmin olunmamışdır. xx xxxxxx 2021-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinin hakiminin, Naxçıvan Muxtar Respublikası Dövlət Yerquruluşu, Geodeziya və X8 Yerquruluşu şöbəsinin rəisinin, Yarımca kənd icra nümayəndəsinin iştirakı ilə JN-224A kadastr nömrəli həyətyanı torpaq sahəsinin sərhəd döngə nöqtələri naturada kəndin yerquruluşu xəritəsi və mülkiyyət sənədləri əsasında yenidən aparılmış ölçü işləri nəticəsində dəqiqləşdirilmişdir. İddia olunan gediş-gəliş yoluna dair tərtib olunmuş sxematik-planda 164.75 m2 yol nəzərdə tutulmuşdur. Məhkəmə iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, Naxçıvan Muxtar Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 2006-cı ildə tərtib olunmuş JN-224A, KOD 10312018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə Babək Rayon X14 xx xxxxxx 1998-ci il tarixli, 08 A nömrəli qərarına əsasən X16 və X15 0.28 ha torpaq sahəsinin verildiyi göstərilmişdir. Məhkəmə hesab edir ki, JN-224A, KOD 10312018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə tərtib olunarkən səhvliyə yol verilmişdir. Belə ki, torpaq islahatının aparılması ilə əlaqədar kənd icra nümayəndəliyinin yerli aqrar islahat komissiyasına təqdim etdiyi torpaq payı alacaq olan kənd sakinlərinin adlı siyahısına əsasən X6 adına 0.24 ha torpaq sahəsi olduğu göstərildiyi halda, şəhadətnamə ilə ona 0.28 ha torpaq sahəsi verilmişdir. Həmçinin Babək Rayon Dövlət Arxivi tərəfindən verilmiş arxiv arayışından da aydın olur ki, Yarımca kəndinin 1991-1995-ci və 1996-2000-ci illərə dair təsərrüfatbaşına kitablarında mərhum X6 adına 1991-1998-ci illərdə 0.24 ha, 1999- 2000-ci illərdə isə 0.23 ha torpaq sahəsinin qeyd edildiyi göstərilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia olunan gediş-gəliş yolu JN-224A, KOD 10312018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə həyətyanı torpaq sahəsinin sərhədləri daxilində qeydiyyata alınmışdır. Nəticədə iddiaçının evinə gediş-gəliş yolu bağlanmış, mülkiyyət hüququ məhdudlaşdırılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində təsbit olunmuşdur ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə qəbul edilmiş “Marks Belçikaya qarşı” qərarında göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Habelə, həmin məhkəmənin “Sporrinq və Lonnort İsveçə qarşı” iş üzrə qərarında qeyd edilmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almışdır. Bundan başqa, İnsan hüquqları üzrə Avropa Məhkəməsi məhz uzun müddətə mülkiyyətçilərin onlara məxsus torpaq sahəsindən maneəsiz istifadə etməsinə məhdudiyyət qoyması əsasına görə Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozulması faktını qeyd etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 6.1-ci və 6.1.4-cü maddələrinə əsasən mülki qanunvericiliyin prinsiplərindən biri mülkiyyətin toxunulmazlığıdır. 139.3-cü maddəsinə görə daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 149.2-ci maddəsinə əsasən əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.2-ci maddəsinə görə Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Həmin Qanunun 2.3-cü və 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Azərbaycan Respublikası Prezidentinin x xxx 2015-ci il tarixli, 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 2.0.1-ci və 3.0.11-ci bəndlərinə əsasən dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatının həyata keçirilməsini təmin etmək Xidmətin fəaliyyət istiqamətlərinə, hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələrinə aid edilmişdir. Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin imtinası mülkiyyətçinin torpaq sahəsi üzərindəki hüquqlarını tam şəkildə həyata keçirməsini məhdudlaşdırmışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı “xx xxxxxx 2006-cı il tarixli, JN-224A, KOD 10312018 nömrəli şəhadətnamə əsasında X6 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın xx xxxxxx 2006-cı il tarixli, JN-164B, KOD 10312018 nömrəli şəhadətnamə ilə İddiaçı mülkiyyətində olan torpaq sahəsinə aid gediş-gəliş yoluna münasibətdə qismən ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə ödənilmiş dövlət rüsumu məsələsini müzakirə edərək hesab edir ki, iş üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3, 34.1, 35, 58.7, 68, 69, 81, 85, 110.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərar verdi: İddia təmin edilsin. xx xxxxxx 2006-cı il tarixli, JN-224A, KOD 10312018 nömrəli şəhadətnamə əsasında X6 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın xx xxxxxx 2006-cı il tarixli, JN-164B, KOD 10312018 nömrəli şəhadətnamə ilə İddiaçı mülkiyyətində olan torpaq sahəsinə aid gediş-gəliş yoluna münasibətdə qismən ləğv edilməsi öhdəliyi Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin üzərinə qoyulsun. İş üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumu İddiaçı aid edilsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələblərinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: SƏXAVƏT NOVRUZOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar