Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-110/2022 06.10.2022 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Novruzov Səxavət Hüseyn oğlunun sədrliyi, Məmmədov Kamal Cahangir oğlunun katibliyi, İddiaçı, cavabdeh “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Babək rayon idarəsinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Babək rayon idarəsinə qarşı “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Babək rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyanın 01 noyabr 2021-ci il tarixli, 16 nömrəli qərarının ləğv olunması tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Babək rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək əmək pensiyasının bərpa olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, onun 57 yaşı 12 yanvar 2018-ci il tarixdə tamam olmuş və zərərli sahədə işlədiyindən, bunun üçün tələb olunan stajı yarandığı üçün 30 sentyabr 2020-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyası ilə təmin olunmuşdur. Lakin "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Babək rayon şöbəsi tərəfindən onun pensiya sənədləri yenidən araşdırılmış və 21 oktyabr 2021-ci il tarixdən ona ödənilən pensiya qanunsuz olaraq dayandırılmışdır. İddiaçı hesab edir ki, yoxlama aparılarkən onun 17 oktyabr 1979-cu il tarixdən 10 noyabr 1981-ci il tarixədək müddətdə sovet ordusu sıralarında həqiqi hərbi xidmətdə olmağı nəzərə alınmamışdır. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərlə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən kişilər 55 yaşına çatdıqda və ən azı 25 il iş stajı olduqda bu müddətin azı 12 (on iki) il 6 (altı) ayını zərərli işlərdə çalışdıqda güzəştli şərtlərlə pensiya təyin edilir. Təqdim etdiyi sənədlərlə onun tələb olunan 25 il iş stajı öz təsdiqini tapır. Ona görə də iddiaçı pensiyasının dayandırılmasını qanunsuz hesab edərək bərpa olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunmuş, iddianın mümkünlüyünün yoxlanılması ilə bağlı məhkəmə iclası 13 may 2022-ci il tarixə təyin edilmişdir. 13 may 2022-ci il tarixə təyin olunmuş iddianın mümkünlüyünün yoxlanılması ilə bağlı məhkəmə iclasında İddiaçı cavabdeh “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Babək rayon şöbəsinə qarşı iddia qaldırdığını, sonradan 10 may 2022-ci il tarixdə Fondun Babək rayon şöbəsi tərəfindən 01 noyabr 2021-ci il tarixli, 16 nömrəli qərarın ona təqdim edildiyini, onun pensiyasının həmin qərar əsasında kəsildiyini, iddia tələbini dəqiqləşdirərək hazırki iddia tələbinin “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Babək rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyanın 01 noyabr 2021-ci il tarixli, 16 nömrəli qərarının ləğv olunması” olduğunu bildirib həmin tələb üzrə işə baxılmasını xahiş edərək bu barədə yazdığı 13 may 2022-ci il tarixli ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmənin 13 may 2022-ci il tarixli, 2-1(122)-110/2022 nömrəli qərardadı ilə dəyişdirilmiş iddia tələbi icraata qəbul edilmişdir. Bundan sonra işin hazırlıq icraatına başlanılaraq məhkəmənin 13 may 2022-ci il tarixli, 2-1(122)-110/2022 nömrəli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Babək rayon şöbəsi iddiaya dair məhkəməyə ünvanlanan 08 iyun 2022-ci il tarixli, 03/484 nömrəli yazılı münasibətini onunla əsaslandırmışdır ki, xx xxxxxx 1961-ci il tarixdə anadan olmuş, Babək rayon Nehrəm kəndində qeydiyyatda olmaqla, faktiki olaraq orada yaşayan İddiaçı "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Babək rayon şöbəsinin 30 sentyabr 2020-ci il tarixli, 148 nömrəli qərarına əsasən 57 yaşı tamam olduğu 12 yanvar 2018-ci il tarixdən etibarən "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə müvafiq olaraq yaşa görə güzəştli şərtlərlə 127,87 manat məbləğində əmək pensiyası təyin edilmişdir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən 01 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Həmin Qanunun 9.8-ci maddəsində güzəşt yalnız yaşa və staja görə müəyyən edildiyindən sözügedən Qanunun 9.1-ci maddəsinin 01 iyul 2017-ci tarixindən qüvvədə olan və "fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə" müddəası nəzərə alınmaqla, Qanunun 9.8-ci maddəsinin şərtlərinə əsasən 01 yanvar 2006-cı il tarixinədək güzəştli və ümumi iş stajı tamamlanmış şəxslərin "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun 13-cü maddəsində müəyyən edilmiş yaş həddinə çatdıqda güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 13-cü maddəsinin "b" bəndində nəzərdə tutulmuş 55 yaş həddi 01 avqust 1997-ci il tarixdən başlayaraq, 01 avqust 2000-ci il tarixədək hər il altı ay artırılaraq 57 yaş müəyyən olunmuşdur. Beləliklə, 57 yaşına çatmış kişilərə "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən 2 nömrəli Siyahı üzrə güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün tələb edilən tam əmək stajının (istər ümumi, istərsə də xüsusi) əvvəlki qanunvericiliyin qüvvədə olduğu müddətdə, yəni 2006-cı il yanvarın 1-dək qazanılması tələb olunur. Əks halda ona Qanunun 9.8-ci maddəsinə əsasən pensiya təyin edilməsinə yol verilmir. Eyni zamanda 2017-ci il iyulun 1-dən güzəştli şərtlərlə yaşa görə pensiyanın təyin edilməsi üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtinə əməl edilməsini də nəzərə almaq lazımdır. Beləliklə, 2006-cı il yanvarın 1-dək ümumi və xüsusi əmək stajını toplamış şəxs pensiya yaşına 2017-ci il iyulun 1-dən sonra çatdıqda həm də onun fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı pensiyasının minimum məbləğindən az olmamalıdır. İddiaçıya 57 yaşı tamam olduğu 12 yanvar 2018-ci il tarixdən güzəşli şərtlərlə yaşa görə pensiya təyin edilmişdir. İddiaçının pensiya yaşı "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa 01 iyul 2017-ci ildə edilən əlavə və dəyişikliklərdən sonra tamam olduğu üçün, ona 2017-ci il iyulun 1-dan sonra həm də fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı onun pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir. İddiaçı təqdim etdiyi əmək kitabçasındakı qeydlərə əsasən onun 01 yanvar 2006-cı il tarixədək ümumi stajı 26 il 1 ay 28 gün təşkil etmişdir. X11 Respublikası Dövlət Arxivi tərəfindən verilən 25 sentyabr 2020-ci il tarixli, 13/715 nömrəli arayışda onun X12 -ORS hissəsində işlədiyi 2002-ci və 2003-cü illərə dair əməkhaqqı cədvəllərinin Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinə təhvil verilmədiyi göstərilmişdir. Nəticədə, iddiaçının 26 il 1 ay 28 gün iş stajı azalaraq 23 il 8 ay 28 gün müəyyən olunmuşdur. Məhz mübahisələndirilən həmin illər daxil edilmədiyi üçün, iddiaçı tələb olunan 25 il ümumi iş stajını tamamlamadığı və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olduğu üçün, ona pensiya təyinatı aparılması mümkün deyildir. Beləliklə, İddiaçı 01 yanvar 2006-cı il tarixədək olan 23 il 8 ay 28 gün sığorta stajına əsasən 16133,99 manat, 01 yanvar 2006-cı il tarixdən 12 yanvar 2018-ci il tarixədək isə 863,63 manat pensiya kapitalı olmaqla cəmi 16997,62 manat pensiya kapitalı vardır. Hesablama aşağıdakı qaydada aparılmışdır: 63 yaş 6 ay (2018-ci ilin yanvar ayı Qanunun 7-ci maddəsinə əsasən kişilərin yaş həddi) - 57 yaş (güzəştli şərtlərlə pensiya yaşı) = 78 ay (yaşlar arasındakı ay fərqi) + 144 ay (gözlənilən pensiya ödənişi aylarının sayı) = 222 ay (gözlənilən pensiya ödənişi aylarının sayı); Pensiya kapitalı = 16997,62 : 222 = 76,57 < 116,27 manat (2018-ci il minimum pensiyanın məbləği). Nəticədə, İddiaçı 01 yanvar 2006cı il tarixədək 23 il 8 ay 28 gün iş stajına əsasən formalaşan pensiya kapitalı ilə 01 yanvar 2006-cı il tarixdən 12 yanvar 2018-ci il tarixədək fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalının cəmi əmək pensiyasının minimum məbləğinə imkan verən kapitaldan az olduğu üçün onun pensiyası Fondun Babək rayon şöbəsinin 01 noyabr 2021-ci il tarixli, 16 nömrəli qərarına əsasən ləğv edilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, İddiaçı cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Babək rayon şöbəsinə qarşı “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Babək rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyanın 01 noyabr 2021-ci il tarixli, 16 nömrəli qərarının ləğv olunması tələbi"nə dair qaldırdığı iddia əsassız olduğundan iddia tələbinin rədd edilməsi barədə müvafiq qərar qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin 12 sentyabr 2022-ci il tarixli, 2-1(122)-110/2022 nömrəli sərəncamı ilə işin şifahi məhkəmə baxışına keçirilməsi üçün kifayət qədər əsaslar olduğu nəzərə alınaraq şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası 06 oktyabr 2022-ci il tarixə təyin olunmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək əmək kitabçasını itirdiyini, lakin 25 il əmək stajı olduğunu sübut edən arxiv arayışlarının mövcud olduğunu bildirib iddianın təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Babək rayon idarəsinin nümayəndəsi X3 cavabdeh tərəfindən məhkəməyə ünvanlanan etiraz məktubuna uyğun izahat verərək məhkəmədən iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, cavabdeh inzibati orqanın iddia ərizəsinə qarşı təqdim etdiyi sənədlərə və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Babək rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyanın 01 noyabr 2021-ci il tarixli, 16 nömrəli qərarından məlum olur ki, xx.xx.1961-ci il tarixdə anadan olmuş, Babək rayon Nehrəm qəsəbəsində qeydiyyatda olmaqla orada yaşayan İddiaçı 30 sentyabr 2020-ci il tarixdə 57 yaşının tamam olduğu 12 yanvar 2018-ci il tarixdən etibarən "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə müvafiq olaraq 127 manat 87 qəpik məbləğində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı təqdim etdiyi arxiv arayışlarına əsasən, onun ümumi iş stajı 26 il 1 ay 28 gün təşkil etmişdir. Aparılan araşdırma zamanı müəyyən olunmuşdur ki, vətəndaş İddiaçı X13-ORS-də işləməyi faktı 25 sentyabr 2020-ci il tarixli, 13/715 №-li arxiv arayışına əsasən tam olaraq öz əksini tapmadığı üçün, İddiaçı ümumi əmək stajı 26 il 1 ay 28 gündən, 2 il 5 ay azalaraq 23 il 8 ay 28 gün, xüsusi əmək stajı 13 il 7 ay 20 gün müəyyən olunmuşdur. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyasının təyinatı zamanı sığorta stajı hesablanarkən Qanunun 21-ci maddəsi ilə müəyyən edilən iş və ya digər fəaliyyət müddətləri ümumi iş stajının tərkibinə daxil edilir. Həmin Qanunun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006cı il 01 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən 01 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən (yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan) işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa (57 yaş) və staja (ümumi 25 il, xüsusi 12 il 6 ay) görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qeyd olunanları nəzərə alaraq "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsində güzəşt yalnız yaşa və staja görə müəyyən edildiyindən sözügedən Qanunun 9.1-ci maddəsini 01 iyul 2017-ci il tarixindən qüvvədə olan "fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə" müddəası nəzərə alınmaqla Qanunun 9.8-ci maddəsinin şərtlərinə əsasən 01 yanvar 2006-cı il tarixinədək güzəştli və ümumi iş stajı tamamlanmış şəxslərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Beləliklə, 1992-ci ilin yanvarın 1-dən 2006-cı il yanvarın 1-dək sığorta stajının hesablanmasında qanunvericiliklə müəyyən edilmiş qaydada başlıca tələb məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi hesab olunduğundan, həmin dövrlər əmək kitabçasında qeyd olunmaqla bərabər, eyni zamanda əməkhaqqı alınması barədə arxiv arayışları ilə də təsdiq olunmalıdır. Ona görə ki, məcburi dövlət sosial sığorta haqqı, şəxslərin almış olduqları əməkhaqqı əsasında ödənilir, yəni əməkhaqqı alınmamış dövr məcburi dövlət sosial sığorta haqqı ödənilməmiş dövr hesab olunur və əmək pensiyası təyinatı zamanı həmin dövrlər sığorta stajına daxil edilmir. Nəzərə alınmalıdır ki, pensiya təminatı sisteminin hər bir iştirakçısının ödədiyi sığorta haqlarının onun alacağı pensiya məbləğinə mütənasib olmasının təmin edilməsi qüvvədə olan pensiya qanunvericiliyinin əsas məqsədlərindən biridir. Qanunvericilikdə əmək pensiyalarının təyin edilməsi üçün müəyyən edilmiş zəruri şərtlərdən olan sığortaolunanın sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrləri ilə əlaqələndirilmiş və həmin iş dövrlərinin nəzərə alınması üçün məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi əsas şərt kimi təsbit edilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq xx xxxxxx 1961-ci il tarixdə anadan olmuş, Babək rayon Nehrəm qəsəbəsində qeydiyyatda olmaqla orada yaşayan İddiaçı 30 sentyabr 2020-ci il tarixdə 148 nömrəli qərara əsasən 12 yanvar 2018-ci il tarixdən 01 noyabr 2021-ci il tarixədək olan dövrlər ərzində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası ümumi əmək stajı (25 il) olmadığı üçün pensiya işinin ləğv edilməsi və artıq ödənilmiş 8867.17 manat pul məbləğinin qanunvericiliyin tələblərinə uyğun olaraq geri qaytarılması qərara alınmışdır. - "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Babək rayon şöbəsi tərəfindən Babək rayon Nehrəm qəsəbə sakini İddiaçı ünvanlanmış 31 mart 2022-ci il tarixli, 03/264 nömrəli məktubdan məlum olur ki, ona "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə müvafiq olaraq 30 sentyabr 2020-ci il tarixdə 57 yaşının tamam olduğu 12 yanvar 2018-ci il tarixdən etibarən yaşa görə güzəştli şərtlərlə 127 manat 87 qəpik əmək pensiyası təyin edilmişdir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən 01 yanvar 2006-cı il tarixədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun təyin edilir. Qeyd olunanları nəzərə alaraq "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsində güzəşt yalnız yaşa və staja görə müəyyən edildiyindən sözügedən qanunun 9.1-ci maddəsinin 01 iyul 2017-ci il tarixindən qüvvədə olan "fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə" müddəası nəzərə alınmaqla Qanunun 9.8-ci maddəsinin şərtlərinə əsasən 01 yanvar 2006-cı il tarixinədək güzəştli və ümumi iş stajı tamamlanmış şəxslərin "Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 13-cü maddəsində müəyyən edilmiş yaş həddinə çatdıqda güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçı X12-ORS hissəsində işlədiyi dövrün 2002-ci və 2003-cü illəri xx.xx.2020-ci il tarixli, 13/715 nömrəli arxiv arayışına əsasən öz əksini tapmadığından, ümumi əmək stajı 26 il 1 ay 28 gündən, 24 il 3 ay 4 günə enmişdir. Nəticə etibarı ilə onun ümumi əmək stajı tələb olunan 25 il əmək stajından az olduğundan və fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı əmək pensiyasının minimum məbləğinə çatmadığından pensiya işi ləğv edilmişdir. Güzəştli şərtlə yaşa görə əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanması zamanı gözlənilən pensiya ödənişi müddəti aylarının sayı, güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə Qanunun 7-ci maddəsində qeyd olunan pensiya yaşı arasındakı ayların sayı qədər artırılır. Araşdırma zamanı məlum olmuşdur ki, onun xx.xx.2006-cı il tarixədək olan 24 il 3 ay 4 gün sığorta stajına əsasən formalaşan pensiya kapitalı 17010,83 manatdır. xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək isə 863,63 manat pensiya kapitalı olmaqla cəmi 17874,46 manat pensiya kapitalı var. 63 yaş 6 ay (2018-ci ilin yanvar ayı Qanunun 7-ci maddəsinə əsasən kişilərin yaş həddi) - 57 (güzəştli şərtlərlə pensiya yaşı) = 78 (yaşlar arasındakı ay fərqi) + 144 (gözlənilən pensiya ödənişi aylarının sayı) = 222 (gözlənilən pensiya ödənişi aylarının sayı); Pensiya kapitalı = 17874,46 : 222 = 80,52 < 116,27 (2018-ci il minimum pensiyanın məbləği). Beləliklə fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı əmək pensiyasının minimum məbləğinə çatmadığından pensiya işi ləğv edilmişdir. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən İddiaçı verilmiş 25 sentyabr 2020-ci il tarixli, 13/715 nömrəli arxiv arayışında İddiaçı X12-VOXR hərbiləşmiş mühafizə hissəsində işləməsi faktı və 1977-1978-ci illərdə aylar üzrə əməkhaqqı aldığına dair cədvəl göstərilmişdir. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən İddiaçı verilmiş 25 sentyabr 2020-ci il tarixli, 13/715 nömrəli arxiv arayışında İddiaçı 9 №-li PMK-da xx.xx.1978-ci il tarixli, 233 №-li əmrlə fəhlə olaraq işə qəbul edilməsinin, xx.xx.1979-cu il tarixli, 104 №-li əmrlə işdən azad edilməsinin, X12 - PÇ-11 hissəsinə xx.xx.1982-ci il tarixli, 07 №-li əmrlə İİİ dərəcəli yol montyoru qəbul edilməsinin, xx.xx.1995-ci il tarixli, 38 "k" №-li əmrlə işdən azad edilməsinin, X12 - ORS hissəsinə xx.xx.1995-ci il tarixli, 88/"k" №-li əmrlə sürücü qəbul edilməsinin, xx.xx.2003-cü il tarixli, 10/"k" №-li əmrlə işdən azad edilməsinin əmr kitablarında göstərildiyi qeyd edilmişdir. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən İddiaçı verilmiş 25 sentyabr 2020-ci il tarixli, 13/715 nömrəli digər arxiv arayışından aydın olur ki, Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində mühafizə olunan X13-ORS Hissəsinin 1995-ci ilin avqust ayından dekabr ayına qədər olan və 2002, 2003-cü illərə dair əməkhaqqı cədvəlləri Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinə təhvil verilməmişdir. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən İddiaçı verilmiş 25 sentyabr 2020-ci il tarixli, 13/715 nömrəli və 08 iyul 2022-ci il tarixli, 13/962 nömrəli arxiv arayışlarında İddiaçı X12-ORS hissəsində işləməsi faktı və 1996-2001-ci illərdə aylar üzrə aldığı əməkhaqqına dair cədvəl, arayışın qeyd hissəsində isə 1995, 2002, 2003-cü illərə dair əməkhaqqı cədvəllərinin Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinə təhvil verilmədiyi göstərilmişdir. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən İddiaçı verilmiş 25 sentyabr 2020-ci il tarixli, 13/715 nömrəli və 08 iyul 2022-ci il tarixli, 13/962 nömrəli arxiv arayışlarında İddiaçı X12-PÇ-11 hissəsində işləməsi faktı və 1982-1995-ci illərdə aylar üzrə əməkhaqqı aldığına dair cədvəl göstərilmişdir. - Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Babək rayon idarəsi tərəfindən verilmiş 15 oktyabr 2020-ci il tarixli, 607 nömrəli arayışın təsdiq olunmuş surətindən görünür ki, istefada olan kiçik çavuş 1961-ci il təvəllüdlü İddiaçı 17 oktyabr 1979-cu il tarixdən 10 noyabr 1981-ci il tarixədək müddətli həqiqi hərbi xidmətdə olmuşdur. - Babək Rayon İcra Hakimiyyətinin Nehrəm qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 06 aprel 2022-ci il tarixli, 1464 nömrəli arayışdan görünür ki, İddiaçı Nehrəm qəsəbəsində yaşayır. - AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən aydın olur ki, İddiaçı xx xxxxxx 1961-ci il tarixdə doğulmuşdur. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 21 iyun 2022-ci il tarixli, 13/873 nömrəli arxiv arayışlarından məlum olur ki, İddiaçı X12 - ORS hissəsinə xx.xx.1995-ci il tarixli, 86\"k" №-li əmrlə işə qəbul olunmasının, xx.xx.2001-ci il tarixli, 36\k №-li əmrlə işdən azad olunmasının, xx.xx.2001-ci il tarixli, 40\k №-li əmrlə işə qəbul edilməsinin, xx.xx.2003-cü il tarixli, 10\"k" №-li əmrlə idarənin fəaliyyəti dayandırıldığı üçün işdən azad olunmasının əmr kitablarında göstərildiyi, Azərbaycan Dəmir Yolları X13 ORS hissəsində işləməsi faktı və 1998-2001-ci illərdə aylar üzrə əməkhaqqı almasına dair cədvəl, arayışın qeyd hissəsində isə 1995- 1997, 2002, 2003-cü illərə dair əməkhaqqı cədvəllərinin Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinə təhvil verilmədiyi qeyd edilmişdir. Arxiv arayışlarına həmçinin İddiaçı X12 - ORS hissəsində işləməsi ilə bağlı qeydlərin öz əksini tapdığı; işə qəbul olunma, işdən azad olunma və şəxsi heyətə aid əmrlərin qeydiyyat kitablarından çıxarışlar əlavə edilmişdir. - “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Fondu" publik hüquqi şəxsin Babək rayon şöbəsinin Pensiya təminatı sektorunun baş mütəxəssisi X4, “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Fondu" publik hüquqi şəxsin Babək rayon şöbəsinin Pensiya təminatı sektorunun baş mütəxəssisi X5 və Babək Rayon Dövlət Arxivinin iş icraçısı X2 iştirakları ilə tərtib edilmiş 17 iyun 2022-ci il tarixli aktdan məlum olur ki, vətəndaş İddiaçı iş stajının düzgünlüyünü X12 - ORS hissəsinin 1995-ci ilin avqust ayından dekabr ayına qədər olan və 2002, 2003-cü illərə dair əməkhaqqı cədvəlləri təhvil verilmədiyindən yerində yoxlama aparmaq mümkün olmamışdır. - Fondun Babək rayon idarəsi tərəfindən məhkəməyə təqdim edilmiş 053108 nömrəli pensiya işinin materiallarında olan: - “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Babək rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyasının 30 sentyabr 2020-ci il tarixli, 148 nömrəli qərarına əsasən İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə müvafiq olaraq 12 yanvar 2018-ci il tarixdən ömürlük pensiya təyin edilmişdir. - İddiaçı tərəfindən “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Babək rayon şöbəsinə ünvanlanan 28 sentyabr 2020-ci il tarixli ərizədən görünür ki, İddiaçı ona yaşa görə pensiya təyin edilməsini xahiş etmişdir. 053108 nömrəli pensiya işinə həmçinin İddiaçı sığorta stajı barədə məlumat, əmək pensiyasının hesablama cədvəli, onun işlədiyi dövr ərzində aylar üzrə aldığı əməkhaqqı cədvəllərini əks etdirən arxiv arayışları əlavə olunmuşdur. İşin hallarından və iddia ərizəsinin məzmunundan aydın olur ki, iddiaçı X12-ORS hissəsində işlədiyi 2002-ci və 2003-cü iş illərinin sosial sığorta stajı kimi nəzərə alınaraq “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Babək rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyanın 01 noyabr 2021-ci il tarixli, 16 nömrəli qərarının ləğv edilməsini arzu edir. Cavabdeh inzibati orqanın 01 noyabr 2021-ci il tarixli, 16 nömrəli qərarının məzmunundan məlum olur ki, ümumi əmək stajı (25 il) olmadığı üçün İddiaçı 30 sentyabr 2020-ci il tarixdə 148 nömrəli qərara əsasən 12 yanvar 2018-ci il tarixdən təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası ləğv edilmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən iddiaçının tələbinə və cavabdeh inzibati orqanın imtinasına hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının: - 12-ci maddəsinin İ hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. - 16-cı maddəsinin İ hissəsinə əsasən Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. - 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. - 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin İV hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 22-ci maddəsində qeyd olunur ki, hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ var. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, sosial sığorta da daxil olmaqla hər bir şəxsin sosial təminat hüququ var. Konstitusiyada və beynəlxalq-hüquqi aktlarda əksini tapan sosial təminat hüququ qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. “Andreyeva Latviyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 18 fevral 2009-cu il tarixli qərarında göstərilmişdir ki, dövlət pensiya proqramını tətbiq etməyə başlayanda, ondan irəli gələn şəxsi hüquqlar və maraqlar, pensiya ödənişləri edilməsindən və pensiya proqramının maliyyələşmə vasitələrindən asılı olmayaraq, 1 saylı Protokolun 1ci maddəsi ilə əhatə edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: - 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. - 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. - 4.1-ci maddəsinə görə bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. - 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. - 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. - 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. - 39.1-ci maddəsinə əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun (xx.xx.2006-cı il tarixədək qüvvədə olmuşdur): - 13-cü maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçiləristehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar-45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə 13 iyun 1997ci il tarixli, 321-İQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən həmin maddədə nəzərdə tutulmuş yaş həddi 01 avqust 1997-ci il tarixdən 01 avqust 2000-ci ilədək hər il 6 ay artırılmışdır. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə uyğun olaraq iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Məhkəmə hesab edir ki, hazırki iş üzrə iddiaçı əmək kitabçasını itirməsinə baxmayaraq, məhkəmə araşdırması zamanı tədqiq olunmuş arxiv arayışlarına əsasən iddiaçının işlədiyi və hərbi xidmətdə olduğu dövr nəzərə alınmaqla 25 il sığorta stajının mövcud olduğu sübuta yetirilir. Belə ki, iddiaçının X12 - ORS hissəsinə xx.xx.1995-ci il tarixli, 86\k №-li əmrlə işə qəbul olunması, xx.xx.2001-ci il tarixli, 36\k №-li əmrlə işdən azad olunması, xx.xx.2001-ci il tarixli, 40\k №-li əmrlə işə qəbul edilməsi, xx.xx.2003-cü il tarixli, 10\"k" №-li əmrlə idarənin fəaliyyəti dayandırıldığı üçün işdən azad olunması arxiv arayışları ilə təsdiq olunur. Digər tərəfdən isə nəzərə almaq lazımdır ki, arxiv arayışlarında göstərilən məlumatların mötəbərliyini şübhə altına almaq üçün iş materiallarından irəli gələn hər hansı əsaslar müəyyən edilməmiş, iddiaçının orada işlədiyi illər barədə məlumatlar müfəssəl göstərilmişdir. Həmin təşkilatın əməkhaqqı cədvəllərinin dövlət arxivinə təhvil verilməməsi əsas gətirilərək 2002-ci və 2003-cü iş illərinin iddiaçıya sığorta stajı kimi hesablanmaması nəticəsində iddiaçıya təyin olunmuş pensiyanın 01 noyabr 2021-ci il tarixli, 16 nömrəli qərarla ləğv edilməsi cavabdeh inzibati orqan tərəfindən iddiaçının hüquqlarını məhdudlaşdıran hal kimi qiymətləndirilməlidir. Məhkəmə qeyd etməyi xüsusilə zəruri hesab edir ki, işəgötürən tərəfindən qanunvericilik ilə üzərinə düşən vəzifələrin tam və lazımınca yerinə yetirilməməsi, müvafiq sənədlərin arxivə təhvil verilməməsi və ya saxlanılmaması heç bir halda işçinin Konstitusiyada təsbit edilmiş hüquqlarının həyata keçirilməsinə mane ola bilməz. Yəni başqa şəxsin hər hansı əməli (hərəkət və ya hərəkətsizliyi) vətəndaşın konstitusion hüququ olan sosial təminat hüququnun pozulmasına səbəb ola bilməz. Şəxsə pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşmasından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Belə olan təqdirdə məhkəmə hesab edir ki, İddiaçı 09 oktyabr 2001-ci il tarixdən 26 noyabr 2003-cü il tarixədək X12 - ORS hissəsində işlədiyi müddət sosial sığorta stajı kimi qəbul edilməlidir. Göründüyü kimi iddiaçının həmin dövrlərlə bağlı iş stajı arxiv arayışları ilə təsdiq edildiyindən, inzibati orqan iddiaçının işlədiyi dövrü iddiaçının sığorta stajına aid etməməkdə haqlı olmamışdır. Hazırki mübahisə ilə bağlı oxşar hüquqi mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin 26 iyul 2022-ci il tarixli, 2-1(102)-1359/2022 nömrəli inzibati iş üzrə qəbul etdiyi qərarında da öz əksini tapmışdır. Məhkəmə qeyd etməyi xüsusilə zəruri hesab edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarları qətidir və aşağı instansiya məhkəmələri üçün tövsiyə xarakteri daşıyır. Cavabdeh təşkilatın iddiaçı tərəfindən mübahisə olunan dövr üçün sosial sığorta ödənişlərinin həyata keçirilməsinin təsdiq edilməməsi barədə dəlilinə münasibətdə qeyd edilməlidir ki, “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” 6 mart 2018-ci il tarixli, 1042-VQ saylı Azərbaycan Respublikasının Qanununa uyğun olaraq 2018-ci il aprelin 1-dən əvvəl mövcud olmuş bütün məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinmişdir. Məhkəmə cavabdeh inzibati orqanın etiraz məktubunda iddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olması ilə bağlı göstərdiyi arqumentə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq olaraq təyin edilməlidir. Həmin Qanunda isə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün pensiya kapitalı ilə bağlı tələb nəzərdə tutulmamışdır. Məhkəmə hesab edir ki, iddiaçı 01 yanvar 2006-cı il tarixədək qanunvericilikdə nəzərdə tutulmuş ümumi və xüsusi iş stajına malik olduğundan, yəni pensiya hüququ yarandığından 57 yaşını 2017-ci ildən sonra tamamlamasından asılı olmayaraq, ona “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən pensiya təyin olunmalı və mövcud qanunvericiliyin pensiya kapitalı ilə bağlı tələbi tətbiq olunmamalıdır. Mübahisələndirilən qərarda həmçinin artıq ödənilmiş 8867.17 manat pul məbləğinin qanunvericiliyin tələblərinə uyğun olaraq geri qaytarılması nəzərdə tutulmuşdur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 39.1-ci maddəsinə əsasən qanunverici artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin tutulması barədə qərarın (inzibati aktın) qəbulunu əmək pensiyaçısının razılığı ilə şərtləndirir. Belə razılıq olmadıqda, tələbin təmini üçün məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini təsbit edir. Hazırki halda, əmək pensiyaçısının artıq ödənilmiş pensiya məbləğinin tutulmasına razılığının olması müəyyən edilmir. Belə olan halda, artıq ödənilmiş pensiya məbləği qanunun tələbinə görə, yalnız məhkəmə qərarı əsasında tutula bilərdi. Lakin cavabdeh tərəfindən qanunun bu tələbinə əməl olunmamış, mübahisələndirilən qərarda artıq ödənilmiş pul məbləğinin geri qaytarılması nəzərdə tutulmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. - 58.2-ci maddəsinə əsasən inzibati akt məzmun baxımından kifayət qədər aydın və anlaşılan olmalıdır. - 58.3-cü maddəsinə əsasən inzibati aktda onun ünvanlandığı hüquqi və ya fiziki şəxslər, nizama saldığı və ya həll etdiyi məsələlər dəqiq göstərilməlidir. - 61.1-ci maddəsinə əsasən yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. - 61.2-ci maddəsinə əsasən əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. - 61.3-cü maddəsinə əsasən inzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. - 61.4-cü maddəsinə əsasən inzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. - 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. - 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, cavabdeh inzibati orqan tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl olunmamış, inzibati orqan tərəfindən inzibati icraat aparılmamış, mübahisələndirilən qərar qanunvericiliyin tələblərinə uyğun olaraq sübutlarla əsaslandırılmamışdır. Qanunun tələbinə əsasən cavabdeh inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş mübahisələndirilən inzibati akt qanunsuz sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. - 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Babək rayon idarəsinə qarşı “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Babək rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyanın 01 noyabr 2021-ci il tarixli, 16 nömrəli qərarının ləğv olunması tələbi”nə dair iddiası əsaslı olduğundan təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1, 4.1, 34.1, 58.7, 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddia təmin edilsin. “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Babək rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyanın 01 noyabr 2021-ci il tarixli, 16 nömrəli qərarı ləğv olunsun. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələblərinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: SƏXAVƏT NOVRUZOV
Məhkəmə qərarları › İş №2-1(122)-110/2022
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-110/2022
06.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver