Məhkəmə qərarları › İş №2-1(122)-1111/2025

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-1111/2025

13.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-1111/2025 13.02.2026 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: X10 Heydər oğlunun sədrliyi, X11 oğlunun katibliyi, iddiaçı Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X2 iştirakı ilə, iddiaçı Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun cavabdeh Babayeva (Əliyeva) Qəmzə Qasım qızına qarşı "cavabdehə artıq ödənilmiş 9420,0 (doqquz min dörd yüz iyirmi) manat məbləğində artıq pul vəsaiti ondan tutularaq Fondun yığım hesabına geri qaytarılması tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təsviri hissə: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1952-ci tarixdə anadan olmuş, Babək rayonu, Zeynəddin kəndində qeydiyyatda olmaqla orada yaşayan Babayeva (Əliyeva) Qəmzə Qasım qızına “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Babək rayon Şöbəsinin xx.xx.1989-cu il tarixli, 175 nömrəli qərarı ilə İ qrup əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Babək rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin Tibbi-sosial ekspert komissiyası tərəfindən verilmiş VTE-2 seriyalı, 070698 nömrəli yoxlama aktından çıxarışa əsasən, cavabdeh Babayeva (Əliyeva) Qəmzə Qasım qızına ümumi xəstəlik səbəbindən 09 mart 1989-cu il tarixdən 09 mart 1990-cı il tarixədək İİ qrup əlillik təyin edilmişdir. Babək rayon Tibbi-sosial ekspert komissiyası tərəfindən cavabdeh Babayeva (Əliyeva) Qəmzə Qasım qızının İİ qrup əlilliyi 1995-ci ilin fevral ayınadək hər dəfə bir il olmaqla qiymətləndirilmişdir. 27 dekabr 1995-ci il tarixdən cavabdehin əllilik dərəcəsi komissiya tərəfindən təkrar qiymətləndirilmiş və ona həmin tarixdən ümumi xəstəlik səbəbindən müddətsiz ikinci qrup əlillik təyin edilmişdir. 12 aprel 2000-ci il tarixdən isə cavadehin əllilik dərəcəsi təkrar qiymətləndirilərək, ona ümumi xəstəlik səbəbindən 30 aprel 2002-ci il tarixədək İ qrup əlillik təyin edilmişdir. Cavabdeh Babayeva (Əliyeva) Qəmzə Qasım qızının 11 mart 2008-ci il tarixdə əlilliyi təkrar qiymətləndirilərək ona ümumi xəstəlik səbəbindən həmin tarixdən müddətsiz İİ qrup əlillik təyin edilmişdir. Dövlət Sosial Müdafiə Fondunun Babək rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyasının 15 mart 2019-cu il tarixli, 64 nömrəli qərarı ilə Babayeva (Əliyeva) Qəmzə Qasım qızına “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən ailə başçısını itirməyə görə 01 aprel 2019-cu il tarixdən əmək pensiyası təyin edilmişdir. İddiaçı cavabdehə ailə başçısını itirməyə görə 01 aprel 2019-cu il tarixdən əmək pensiyası təyin edilməsinin işin mübahisəsiz halı olduğunu bildirərək,hazırki iş üzrə mübahisəli məsələnin cavabdehə 01 aprel 2019-cu il tarixindən 30 sentyabr 2024-cü il tarixədək “Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təyin edilməsi ilə bağlı olduğunu qeyd etmişdir. Belə ki, (Əliyeva) Qəmzə Qasım qızına verilmiş 15 may 2019-cu il tarixli, 711 nömrəli arayışdan görünür ki, o, Fondun Babək rayon şöbəsindən İ qrup əlil kimi ailə başçısını itirməyə görə əmək pensiyası alır. Həmin arayışda cavabdehin İ qrup müddəti “müddətsiz” olaraq göstərilmişdir. Lakin, cavabdehə müddətsiz İ qrup əlillik 27 noyabr 2024-cü il tarixdən təyin edilmişdir. Bundan sonra cavabdeh sosial müavinətin, təqaüdün, kompensasiyanın təyin edilməsi barədə 27 may 2019-cu il tarixli ərizə ilə Əhalinin Sosial Müdafiəsi Mərkəzinin Babək rayon şöbəsinə müraciət edərək, ona İ qrup əlilliyə görə təqaüdün təyin edilməsi və təyin edilmiş təqaüdün “Kapital Bankın” Babək rayon filialına köçürülməsini xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial müavinətlər və təqaüdlər üzrə Babək rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin 31 may 2019-cu il tarixli, 122 nömrəli qərarı ilə Babayeva (Əliyeva) Qəmzə qızına keçmiş məbləğ də nəzərə alınmaqla 01 aprel 2019-cu il tarixdən İ qrup Prezident Təqaüdü təyin edilmişdir. Lakin sonradan X1 Sisteminin “Əlillik” alt sisteminə əsasən müəyyən olunmuşdur ki, cavabdeh İİ dərəcəli əlil olduğu halda ona 01 aprel 2019-cu il tarixindən 30 sentyabr 2024-cü il tarixədək “Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təyin edilərək ödənilmişdir. Beləliklə, cavabdehə 01 aprel 2019-cu il tarixindən 30 sentyabr 2024-cü il tarixədək ümumilikdə 9420,0 (doqquz min dörd yüz iyirmi) manat (100 manat x 21 ay + 130 manat x 24 ay + 200 manat x 21 ay = 9420,0) məbləğində artıq pul vəsaiti ödənildiyi müəyyən olunmuşdur. Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Daxili nəzarət və audit departamentinin Audit şöbəsi tərəfindən Sosial müavinət, təqaüd və kompensasiyaların qanunamüvafiq ödənilməsi ilə bağlı 28 oktyabr 2024-cü il tarixdə yoxlama aparılmış və Babayeva (Əliyeva) Qəmzə Qasım qızına qeyd edilən tarixlərdə pul vəsaitinin artıq ödənilməsi təsdiq edilmişdir. İddiaçı qeyd olunanlara əsasən cavabdeh Babayeva (Əliyeva) Qəmzə Qasım qızına artıq ödənilmiş 9420,0 (doqquz min dörd yüz iyirmi) manat məbləğində artıq pul vəsaiti ondan tutularaq Fondun yığım hesabına geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən müvafiq sərəncam qəbul edilərək iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh Babayeva (Əliyeva) Qəmzə Qasım qızının iddiaya dair yazılı münasibəti məhkəməyə daxil olmamışdır. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab olunmuş, şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası 13 fevral 2026-cı il tarixə təyin edilmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən iddiaçı Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X3 iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Yazılı sübutlar: İş materiallarında olan: - Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Babək rayon (şəhər) şöbəsinin əmək pensiyası təyin edən komissiyanın 15 mart 2019-cu il tarixli, 64 nömrəli qərarı ilə X7 «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə müvafiq olaraq ailə başçısını itirməə görə xx.xx.2019-cu il tarixdən ömürlük pensiya təyin edilmişdir. - Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial müavinətlər və təqaüdlər üzrə Babək rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin 31 may 2019-cu il tarixli, 122 nömrəli qərarından məlum olur ki, X7 100 manat məbləğində Prezident Təqaüdü təyin edilmişdir. - Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 09 oktyabr 2025-ci il tarixli, 3-17-9-4/2- 1803/2025 nömrəli məktubdan məlum olur ki, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 19 yanvar 2008-ci il tarixli Sərəncamı ilə müddətsiz əlillik təyin edilmiş vətəndaşların yenidən tibbi ekspert müayinəsindən keçirilməsinin zəruriliyi nəzərə alınaraq, Cavabdeh sonuncu dəfə Naxçıvan Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən 11 mart 2008-ci il tarixində ümumi xəstəlik səbəbindən ikinci dərəcə müddətsiz əlillik təyin olunmuşdur. - Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan MR X4 tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 29 noyabr 2025-ci il tarixli, 3- 28-34-4/2-3012/2025 nömrəli məktubdan məlum olur ki, Babayeva (Əliyeva) Qəmzə Qasım qızı xx.xx.2024-cü il tarixdən "Alsheymer xəstəliyi" diaqnozu ilə dispanserdə qeydiyyatdadır. - Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 25 dekabr 2025-ci il tarixli, 3-17-9-4/2- 2268/2025 nömrəli məktubdan məlum olur ki, Cavabdeh əlilliyi barədə qərarların qəbul edilməsinə əsas verən sənədlərin surətləri Naxçıvan Tibbi-Sosial Ekspert Komissiyasının arxivində mövcud deyildir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X1 sisteminin “Əlillik” altsistemi ilə “Pensiya” altsistemi üzləşdirilmişdir. Nəticə olaraq, Cavabdeh əlilliyi ilə bağlı məlumatlar “Pensiya” altsistemindən “Əlillik” altsisteminə inteqrasiya edilmişdir. Müddətsiz əlillik təyin edilmiş vətəndaşların Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 19 yanvar 2008-ci il tarixli Sərəncamı ilə yenidən tibbi ekspert müayinəsindən keçirilməsinin zəruriliyi nəzərə alınaraq, Cavabdeh Komissiya tərəfindən 11 mart 2008-ci il tarixində ümumi xəstəlik səbəbindən ikinci dərəcə müddətsiz əlillik təyin olunmuşdur. Cavabdeh əlilik vəziyyəti sonuncu dəfə MEİS-in “Əlillik” altsistemi üzərindən Komissiya tərəfindən qiymətləndirilmiş və 27 noyabr 2024-cü il tarixindən ümumi xəstəlik səbəbindən orqanizmin funksiyalarının 100% pozulması ilə əlaqədar müddətsiz əlilliyin təyin olunmasına dair qərar qəbul edilmişdir. Cavabdeh ilkin və təkrar əlilliyin təyin edilməsi barədə qərarların surətləri iş materiallarına əlavə edilmişdir. - Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 25 dekabr 2025-ci il tarixli, 3-17-9-1/2-16883/2025 nömrəli məktubdan məlum olur ki, Babayeva (Əliyeva) Qəmzə Qasım qızına qulluq etdiyinə görə X5 Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında keçmiş Dövlət Sosial Təminat Xidmətinin Babək rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən 01 aprel 2019-cu il tarixindən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə və ya əlilliyi olan uşaqlara qulluq edən şəxs kimi Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilmişdir. 01 avqust 2023-cü il tarixindən müavinət, təqaüd və kompensasiyaların təyin edilməsi və ödənilməsi Fondun səlahiyyətlərinə aid edildiyindən həmin tarixdən E.O.Babayevaya təqaüd Fond tərəfindən ödənilmişdir. 2024-cü il tarixindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X1 sisteminin "Əlillik" altsistemi ilə "Sosial ödənişlər" altsistemindəki məlumatların yoxlanılmasına başlanılmış və bu zaman Cavabdeh 11 mart 2008-ci il tarixindən İİ dərəcəli əlilliyinin olduğu aşkar olunmuşdur. Bu səbəbdən 01 oktyabr 2024-cü il tarixindən E.O.Babayevaya ödənilən Prezident təqaüdü dayandırılmışdır. Fondun arxivində saxlanılan X5 aid qulluğa görə Prezident təqaüdü işində olan müvafiq sənədlərin surəti iş materiallarına əlavə edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: -38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə və ya əlilliyi olan uşaqlara qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün ödənilməsi Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 iyul 2019-cu il tarixli, 294 nömrəli Qərarı: 1.1. Bu Qayda “Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə və ya əlilliyi olan uşaqlara qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 643 nömrəli Fərmanının 3.1.2-ci yarımbəndinə əsasən hazırlanmışdır və “Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə və ya əlilliyi olan uşaqlara qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün (bundan sonra – təqaüd) ödənilməsi mexanizmini müəyyən edir. 1.2. Təqaüd, əmək pensiyası və yaxud sosial müavinət almaq hüququ olmasından, məşğulluq vəziyyətindən asılı olmayaraq, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə və ya əlilliyi olan uşaqlara qulluq edən şəxslərə verilir. Əmək pensiyaları haqqında Azərbaycan Respublikasının Qanunu: 14.1. Vəfat etmiş və ya həlak olmuş ailə başçısının aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: 14.1.2. ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud orqanizmin funksiyalarının 61-80 faiz və ya 81- 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsdirsə; “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. 17-ci maddə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin əsaslandırması: İlk öncə qeyd edilməlidir ki, məhkəmə qərar qəbul edənədək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar üzrə ətraflı araşdırma aparmış, təqdim edilən sübutları tam və hərtərəfli tədqiq etməklə, iddiaçıya qarşı tərəfin dəlillərinə münasibət bildirməsi, etiraz etməsi və məhkəməyə lazımi sübutları təqdim eməsi üçün kifayət qədər imkan yaratmışdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə əvvəlcə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Məhkəmə hesab edir ki, tələb inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə uyğundur. Belə ki, inzibati orqanla vətəndaş arasındakı münasibətlər inzibati orqanın publik hüquqdan irəli gələn vəzifələrinin icrası ilə bağlıdır və tərəflər bu münasibətlərdə bərabərhüquqlu subyekt kimi çıxış etmir. Hazırkı iş üzrə iddiaçının əsas hüquqi marağı cavabdehə artıq ödənilmiş 9420,0 (doqquz min dörd yüz iyirmi) manat məbləğində artıq pul vəsaiti ondan tutularaq Fondun yığım hesabına geri qaytarılmasından ibarətdir. İşdə olan 070698 nömrəli şəhadətləndirmə aktından (bundan sonra akt) çıxarışdan görünür ki, cavabdeh Babayeva (Əliyeva) Qəmzə Qasım qızına 09 mart 1989-cu il tarixdən 09 mart 1990-cı il tarixədək əlilliyin səbəbi “ümumi”, əməyin xarakteri və şərti üzrə “əmək qabiliyyətsiz” qeydi aparılmaqla, ümumi səbəbdən İİ qrup əlillik təyin edilmişdir. Təkrar şəhadətləndirilmələr və ödəmələrin xronologiyası aşağıdakı kimi olmuşdur: 027283 nömrəli aktla xx.xx.1990-xx.xx.1991-ci il tarixə ikinci qrup, 072809 nömrəli aktla xx.xx.1991-xx.xx.1992-ci il tarixə ikinci qrup, 036094 nömrəli aktla xx.xx.1992-xx.xx.1993-cü il tarixə ikinci qrup, 081913 nömrəli aktla xx.xx.1993-xx.xx.1994-cü il tarixə ikinci qrup, 086946 nömrəli aktla xx.xx.1994-xx.xx.1995-ci il tarixə ikinci qrup, 016496 nömrəli aktla xx.xx.1995-ci il tarixdən müddətsiz ikinci qrup, 024189 nömrəli aktla xx.xx.1995-xx.xx.1996-cı il tarixə ikinci qrup, 187982 nömrəli aktla xx.xx.2000- xx.xx.2002 il tarixə birinci qrup, 369381 aktla xx.xx.2002-ci il tarixdən birinci qrup müddətsiz əlillik təyin edilmişdir. əlilliyin qiymətləndirilməsi barədə məlumat vərəqindən görünür ki, təkrar qiymətləndirilmələr aşağıdakı kimi olmuşdur: xx.xx.2000-xx.xx.2002-ci illər üzrə birinci qrup, xx.xx.2008-ci il “müddətsiz” ikinci qrup ƏSMM-nin xx.xx.2019-cu il tarixli, 122 nömrəli qərarı ilə cavabdehə İ qrup üzrə Prezident Təqaüdü yəyin edilmişdir. (100 manat) ƏSMM-nin xx.xx.2021-ci il tarixli sərəncamı ilə təqaüdün məbləği artırılmışdır. (130 manat) ƏSMM-nin xx.xx.2023-cü il tarixli sərəncamı ilə təqaüdün məbləği artırılmışdır. (200 manat) xx.xx.2024-cü il tarixdən müddətsiz birinci qrup əlillik təyin edilmişdir. Naxçıvan MR DSMF Babək rayon şöbəsi tərəfindən Babək rayon ƏSMM-nə təqdim etmək üçün verilmiş 15 may 2019-cu il tarixli, 711 nömrəli arayışda cavabdeh X6 İ qrup əlil kimi ailə başçısını itirməyə görə müddətsiz əmək pensiyası alması barədə qeyd aparılmışdır. Naxçıvan MR ƏƏSMN ƏSMM-nin xx.xx.2019-cu il tarixli, 128 nömrəli Qərarı ilə X8 xx.xx.2022-ci il tarixdən X7 qulluq edən şəxs təyin edilmişdir. Naxçıvan MR ƏƏSMN tabeliyində DSMF-nun Pensiya, müavinət və təqaüdlərin təyinatı departamentinin Sosial müavinət və təqaüdlərin təyinatı şöbəsi “Əlillik” alt sistemində xx.xx.2008-ci il tarixdən əlillik dərəcəsi İİ qrup göstərildiyi halda xx.xx.2019-cu il tarixdən, xx.xx.2024-cü il tarixədək cavabdehə artıq ödənilmə aparıldığını müəyyən edib, bu barədə xx.xx.2024-cü il tarixli, nömrəsiz Qərar qəbul edərək, hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə cavabdeh orqana dəfələrlə qeyd edir ki, inzibati orqan qüvvədə olan və mübahisələndirilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Göründüyü kimi, səlahiyyətli orqan tərəfindən icra edilən hərəkətlərin obyektivliyinin, o cümlədən pensiya təyinatı ilə əlaqədar müvafiq normaların tələblərinə nail olunmasının, bununla da dövlət büdcəsindən ayrılmış vəsaitin səmərəli şəkildə istifadəsinin təmin edilməsi təqdim edilmiş sənədlərdə müvafiq məlumatların (o cümlədən məlumat vərəqindəki məlumatların) pensiya təyinatı üçün kifayət edib-etməməsinin yoxlanılmasını tələb edir. Qeyd olunanlara əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, məlumat vərəqindəki məlumatların Fondun səlahiyyətli vəzifəli şəxsi tərəfindən yoxlanılmasının həddi yalnız texniki xarakterli səhvlərin (uyğunsuzluqların) müəyyən edilməsi ilə məhdudlaşmamalı, aparılan yoxlama zamanı təqdim edilən məlumatların tamlığı araşdırılmalıdır. Bu zaman “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsinin tələbinə də riayət olunmalıdır. Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi, habelə pensiya təminatı ilə əlaqəli digər hüquqi münasibətlər ümumi (publik) hüququn tənzimləmə predmetinə aiddir. Bu isə pensiya təyin edən inzibati orqan (Dövlət Sosial Müdafiə Fondu) tərəfindən “İnzibati icraat haqqında” Qanunun İİİ fəslində nəzərdə tutulan prosedur qaydalara və təminatlara riayət edilməsini labüd edir. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 yanvar 2026-cı il tarixli Qərardadı) Oxşar işlər üzrə kassasiya instansiya məhkəməsinin davamlı mövqeyidə ondan ibarətdir ki, “İnzibati icraat haqqında” Qanunun 21,24,25-ci maddələri baxımından inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməli, inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmalı, araşdırmanın aparılması zamanı yalnız maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla kifayətlənməməli, maraqlı şəxsləri həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış etməlidir. İşin hallarından aydın olur ki, cavabdehə dair yol verilmiş texniki xəta yanlış hesablama və ya cavabdeh tərəfindən təqdim edilmiş səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər əsasında deyil, məhz səlahiyyətli orqan - iddiaçının öz vəzifələrini vaxtında, lazımi və ardıcıl şəkildə yerinə yetirməməsi, vəzifə səlahiyyətlərinə məsuliyyətsiz və laqeyd yanaşmasının nəticəsində baş vermişdir. Belə olan halda, iddiaçı səhvə yol vermiş əməkdaşlarına qarşı münasibətdə tədbirlərin görülməsi yerinə, həmin səhvlərin cavabdehin hesabına aradan qaldırılması kimi düzgün olmayan yol seçmişdir. “İnzibati icraat haqqında” Qanunun 64.1-ci maddəsinin tələbinə görə inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Hazırkı mübahisəyə münasibətdə yuxarıda istinad olunan normaların tələblərinə əsasən iddiaçıya mübahisəli təyinat aparılarkən onun etimad hüququnu istisna edən Qanunun 67.6-cı maddəsində sadalanan hallardan hər hansı birinin olması müəyyən edilmir. Bundan əlavə, iş materiallarından müəyyən olunur ki, cavabdeh 13 noyabr 2024-cü il tarixdən “Alzheimer xəstəliyi” diaqnozu ilə ixtisaslaşmış tibb müəssisəsində dispanser qeydiyyatındadır. Məlumdur ki, Alzheimer xəstəliyi şəxsin yaddaş, təhlil və qərarvermə qabiliyyətinə təsir göstərən proqressiv nevroloji pozuntu olmaqla onun ətrafda baş verənləri adekvat qiymətləndirmə imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdırır ki, cavabdehin bu vəziyyəti məhkəmə tərəfindən gözardı edilə bilməz. Cavabdeh orqan xüsusilə diqqətə almalıdır ki, inzibati orqanın öz səhlənkarlığı nəticəsində yaranmış qanunsuzluqların məhkəmə qaydasında aradan qaldırılması təcrübəsinin formalaşdırılması hüquqi müəyyənlik və ədalətli inzibati idarəetmə prinsiplərinə uyğun deyildir. Məhkəmə hakimiyyəti inzibati idarəetmədə buraxılmış nöqsanları sistemli qaydada “düzəldən” mexanizm kimi çıxış edə bilməz. Əks halda, inzibati orqanların öz fəaliyyətində yol verdikləri səhvlərin sonradan məhkəmə qərarları vasitəsilə normativ əsas qazanması görüntüsü yarana bilər ki, bu da hüquqi müəyyənlik, legitim gözlənti və ədalətli idarəetmə prinsipləri ilə uzlaşmamaqla, bu qəbildən olan halların məhkəmə qərarları vasitəsilə dolayısı ilə “leqallaşdırılması” təəssüratını yarada bilər. “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin” bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə görə dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar)… “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə əsasən, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir Qanunun qeyd olunan tələbləri baxımından, konkret halda da, məhz, cavabdeh etimad göstərdiyi qərar əsasında qeyd olunan illər ərzində hər ay ona ödənilmiş pensiyanı xərclədiyi, hazırda isə aşkar ahıl dövrünü yaşadığı və artıq xərclənmiş həmin pul vəsaitini qaytarmaq iqtidarında olmadığı halda, iddiaçı tərəfindən ondan artıq ödənilmiş pul adı altında həmin vəsaitin ondan qaytarılmasının tələb olunması qanunsuzdur. (2-1(102)- 768/2024 (46.)) İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 16-cı maddəsinin İ hissəsi). Konstitusiya ayrılmaz insan hüquq və azadlıqlarını müdafiə etmək vəzifəsini dövlətin üzərinə qoyur. Bu da öz növbəsində, pensiya təminatı sahəsində hüquqi müəyyənlik və vətəndaşların qanuna və dövlətə etimadı prinsiplərinə uyğun olaraq pensiyaların yalnız səlahiyyətli orqanlar tərəfindən və qanuna müvafiq təyin edilməsini, pensiya hüququnun yaranmasını təsdiq edən sənədlərin hazırlanması və pensiya məbləğinin hesablanmasının dəqiq və aydın aparılmasını təmin edən hüquqi tənzimləmə sisteminin yaradılmasını ehtiva edir (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı). İddiaçı nəzərə almalıdır ki, “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 9 dekabr tarixli 292-VİİQ nömrəli Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2025-ci il tarixli, 564 nömrəli Fərmanının 13-cü bəndində Azərbaycan Respublikasının Nazirlər Kabineti, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti, mərkəzi və yerli icra hakimiyyəti orqanları, büdcədən maliyyələşdirilən və maliyyə yardımı alan təşkilatlar və digər dövlət orqanları maliyyə intizamının gücləndirilməsi, israfçılığa, izafi xərclərə yol verilməməsi və büdcə vəsaitindən qənaətlə istifadə olunması istiqamətində təsirli tədbirlər görülməsi tapşırılmışdır. Bu mənada dövlət orqanı olaraq iddiaçı qanunvericiliyin normalarını gözardı etməməli, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmadan əsassız iddialar qaldırmamalı, qaldırılan iddialarda İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnu, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarlarını və Azərbaycan Ali Məhkəməsinin İnzibati Kollegiyasının oxşar məzmunlu işlər üzrə məhkəmə qərarlarını nəzərə almalıdır. Bununla dövlət orqanı məsələləri özbaşına və qanunun tələblərinə məhəl qoymadan, öz istəyinə uyğun həll etmək meyillərindən kənarlaşmaqla, həmçinin qanunla ona tanınmış məhkəməyə məhdudiyyətsiz müraciət hüququndan sui-istifadə halını aradan qaldırmaqla özünü və məhkəməni əlavə yükdən azad edərək dövlət resurslarına qənaət olunmasına xidmət edəcəkdir. Beləliklə, iddiaçı Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun cavabdeh Babayeva (Əliyeva) Qəmzə Qasım qızına qarşı "cavabdehə artıq ödənilmiş 9420,0 (doqquz min dörd yüz iyirmi) manat məbləğində artıq pul vəsaiti ondan tutularaq Fondun yığım hesabına geri qaytarılması tələbi”nə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2, 4.1, 33.1, 58.7, 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun cavabdeh Babayeva (Əliyeva) Qəmzə Qasım qızına qarşı "cavabdehə artıq ödənilmiş 9420,0 (doqquz min dörd yüz iyirmi) manat məbləğində artıq pul vəsaiti ondan tutularaq Fondun yığım hesabına geri qaytarılması tələbi”nə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən (elektron məhkəmə kabinetinə yerləşdirildikdən) 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elnur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar