Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-1128/2024 19.12.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyev Tural Yusif oğlunun sədrliyi, Rzayeva Əpruz Qasım qızının katibliyi, İddiaçı, cavabdeh Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X1 və üçüncü şəxs Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı "Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən xx.xx.2022-ci il tarixdə mülkiyyətinə verilmiş ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 57.79 kv.m olan (yaşayış sahəsi 34.62 kv.m, köməkçi sahəsi 23.14 kv.m) iki otaqlı mənzilin üzərinə qanunsuz və əsassız olaraq qoyulmuş qadağanın (yüklülüyün) götürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən xx.xx.2022-ci il tarixdə mülkiyyətinə verilmiş ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 57.79 kv.m olan (yaşayış sahəsi 34.62 kv.m, köməkçi 23.14 kv.m) iki otaqlı mənzil üzərindən qanunsuz və əsassız olaraq qoyulmuş qadağanın (yüklülüyün) götürülməsi öhdəliyinin Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1996-cı il tarixdə Şərur rayonu Danyeri kəndində anadan olmuşdur. 2017-ci il tarixdən 2021-ci il tarixədək N saylı hərbi hissədə baş leytenant vəzifəsində işləmiş, 2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə 44 günlük Vətən müharibəsində ön cəbhədə iştirak etmişdir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə xəsarət almışdır. Ona İİ dərəcəli əlillik təyin olunmuş və qazi adı verilmişdir. xx.xx.2022-ci il tarixdə dövlət tərəfindən ünvan 1 ünvanında ümumi sahəsi 57.79 kv.m olan (yaşayış sahəsi 34.62 kv.m, köməkçi 23.14 kv.m) iki otaqlı mənzil tam mülkiyyət hüquqi ilə onun mülkiyyətinə verilmişdir. İddiaçı qeyd edir ki, o, ailəlidir və öhdəliyində iki azyaşlı övladı var. O, həyat yoldaşı və övladları ilə birgə həmin mənzildə yaşayır. Ona verilən mənzil çox balacadır, iki azyaşlı övladları da həmin mənzildə yaşamaqda çətinlik çəkir. O, həmin vaxt verilən evin balaca olduğunu bildirsə də, ona hər dəfə “narahat olma” həll edəciyik deyə bildirirmişdirlər. O, artıq yalandan verilən bu vədlərin əsassız olduğunu başa düşmüşdür. İddiaçı qeyd edir ki, o, xüsusi mülkiyyətində olan əmlaka Forma 1 arayışı almaq üçün Naxçıvan Asan Xidmət Mərkəzinə müraciət etmiş, həmin vaxt ona bildirilmişdir ki, ona məxsus olan mənzilin üzərinə Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən xx.xx.2022-ci il tarixdə qadağa (yüklülük) qoyulmuşdur. Lakin bu qadağa qanunsuz və əsassızdır. Həmin mənzil onun mülkiyyətinə verilmiş, mənzilin üzərində alqısatqı etmək, bağışlamaq hüququ vardır. Lakin o, bu hüququndan məhrum edilmişdir. Bununla bağlı xx.xx.2024-cü il tarixdə Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə ərizə ilə müraciət etmişdir. xx.xx.2024-cü il tarixdə ərizəsinə cavab olaraq bildirilmişdir ki, Kəngərli Rayon İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli, 25 nömrəli Sərəncamı əsasında adına ünvan 2 ünvanında ümumi sahəsi 57,76 kv.m olan 2 otaqlı mənzil qeydiyyata alınmışdır. Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2022-ci il tarixli, 22/296 nömrəli məktubu əsasında həmin mənzil üzərinə məhdudiyyət (yüklülük) qoyulmuşdur. Daha sonra həmin məhdudiyyətin aradan qaldırılması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Sosial Xidmətlər Agentliyi publik hüquqi şəxsinə müraciət etmişdir. 11 may 2024-cü il tarixdə ərizəyə cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxs qismində ona Kəngərli rayonu, Qıvraq qəsəbəsində yerləşən çoxmənzilli yaşayış binasında mənzil təqdim olunmuşdur. Ünvanladığı məktubda qeyd etdiyi mülkiyyət hüququnun pozulmasına dair iddia araşdırılmış və sözügedən məsələyə dair hər hansı qadağa predmeti təşkil edən hal aşkar edilməmişdir. Məhz buna görə də iddia əsassız hesab edilir. Həmçinin bildirilir ki, mövcud qanunvericiliyə əsasən imtiyazlı şəxslərə mənzillərə dair mülkiyyət hüququnu verən sənəd üzərində yüklülüyün qoyulması məsələsi Nazirliyin səlahiyyətləri xaricindədir. Beləliklə də Azərbaycan Respublikası Konstitusiyası və qanunları ilə nəzərdə tutulmuş hüquqları kobud şəkildə pozulmuşdur. Mülkiyyətinə verilmiş daşınmaz əmlaka qanunsuz və əsassız olaraq qadağa (yüklülük) qoyulmuşdur. O, öz mülkiyyətində olan mənzil üzərində alqı-satqı etmək hüququndan qanunsuz olaraq məhrum edilmişdir. O, dəfələrlə müvafiq orqanlara şifahi və yazılı müraciət etməyinə baxmayaraq, heç bir nəticə əldə etməmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İddiaçı göstərilənləri rəhbər tutaraq, məhkəmədən Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən xx.xx.2022-ci il tarixdə mülkiyyətinə verilmiş ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 57.79 kv.m olan (yaşayış sahəsi 34.62 kv.m, köməkçi 23.14 kv.m) iki otaqlı mənzil üzərindən qanunsuz və əsassız olaraq qoyulmuş qadağanın (yüklülüyün) götürülməsi öhdəliyinin Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan İddiaçı məhkəməyə 30 may 2024-cü il tarixli yeni iddia ərizəsi təqdim edərək, Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən xx.xx.2022-ci il tarixdə mülkiyyətinə verilmiş ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 57.79 kv.m olan (yaşayış sahəsi 34.62 kv.m, köməkçi sahəsi 23.14 kv.m) iki otaqlı mənzilin üzərinə qanunsuz və əsassız olaraq qoyulmuş qadağanın (yüklülüyün) götürülməsi öhdəliyinin cavabdeh Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin protokol qərardadı ilə yeni iddia ərizəsi icraata qəbul edilmiş, sərəncamla iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh orqanın yazılı etirazının qısa xülasəsi: Cavabdeh Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti iddiaya dair məhkəməyə ünvanlanan 19 iyul 2024-cü il tarixli, 04/683 nömrəli yazılı münasibətini onunla əsaslandırmışdır ki, Kəngərli Rayon İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli, 25 nömrəli Sərəncamı əsasında İddiaçı adına ünvan 2 ünvanında ümumi sahəsi 57,76 kv.m olan 2 otaqlı mənzil qeydiyyata alınmışdır. Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2022-ci il tarixli, 22/296 nömrəli məktubu əsasında həmin mənzil üzərinə məhdudiyyət (yüklülük) qoyulmuşdur. Məhkəmənin 29 avqust 2024-cü il tarixli, 2-1(122)-1128/2024 nömrəli qərardadı ilə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab olunmuş, şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası 19 dekabr 2024-cü il tarixə təyin edilmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edib iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 qanunauyğun qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Üçüncü şəxs Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi X6 məhkəmədən qanunauyğun qərar qəbul edilməsini xahiş etdi. Yazılı sübutlar: İş materiallarında olan: - Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən İddiaçı ünvanlanan 06 may 2024-cü il tarixli, 06/Ə-36 nömrəli məktubda qeyd edilir ki, Kəngərli Rayon İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli, 25 nömrəli sərəncamı əsasında İddiaçı adına ünvan 2 ünvanında ümumi sahəsi 57,76 m2 olan 2 otaqlı mənzil qeydiyyata alınmışdır. Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2022-ci il tarixli, 22/296 nömrəli məktubu əsasında həmin mənzil üzərinə məhdudiyyət (yüklülük) qoyulmuşdur. - Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Sosial Xidmətlər Agentliyi publik hüquqi şəxs tərəfindən İddiaçı ünvanlanan 11 may 2024-cü il tarixli, 3-7-19-3/2-Ə-820/2/2024 nömrəli məktubda qeyd edilir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxs qismində İddiaçı Kəngərli rayonu Qıvraq qəsəbəsində yerləşən çoxmənzilli yaşayış binasında mənzil təqdim olunmuşdur. Məktubda qeyd edilən mülkiyyət hüququnun pozulmasına dair iddia araşdırılmış və sözügedən məsələyə dair hər hansı qadağa predmeti təşkil edən hal aşkar edilməmişdir. Məhz buna görə də iddia əsassız hesab edilir. Həmçinin bildirilir ki, mövcud qanunvericiliyə əsasən imtiyazlı şəxslərə mənzillərə dair mülkiyyət hüququnu verən sənəd üzərində yüklülüyün qoyulması məsələsi Nazirliyin səlahiyyətləri xaricindədir. - AA******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx xxxx 1996-cı ildə doğulmuşdur. - Şərur Rayon İcra Hakimiyyətinin Danyeri kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 30 may 2024-cü il tarixli, 282 nömrəli arayışdan görünür ki, İddiaçı Şərur rayonu, Danyeri kəndində qeydiyyatda durur. - Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 06 aprel 2022-ci il tarixli, ********** qeydiyyat nömrəli (reyestr nömrəsi: **********46-05101- 093021) çıxarışın surətindən məlum olur ki, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 57.76 kv.m mənzil xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 18/1 nömrəli reyestr kitabının 20 nömrəli vərəqində qeydiyyata alınmışdır. - 29 mart 2022-ci ildə tərtib edilmiş 514 inventar nömrəli texniki pasportun surətindən görünür ki, ünvan 4 ünvanında yerləşən mənzil iki otaqdan ibarət ümumi sahəsi 57.76 yaşayış sahəsi 34.62 köməkçi sahə 23.14 kv metr olmaqla İddiaçı adına **********46- 05101-093021 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. - Kəngərli Rayon İcra Hakimiyyətinin Qıvraq kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 27 mart 2024-cü il tarixli, 350 nömrəli arayışdan görünür ki, ünvan 5 ünvanında olan ümumi sahəsi 57.76 kv.metr olan fərdi yaşayış evi xx.xx.1996 təvəllüdlü İddiaçı məxsusdur. - Kəngərli Rayon İcra Hakimiyyəti başçısının 10 mart 2022-ci il tarixli, 25 nömrəli sərəncamının surətindən görünür ki, Kəngərli rayonu, Qıvraq qəsəbəsində inşa edilmiş 7 mərtəbədən ibarət yaşayış binasının birinci giriş ikinci mərtəbəsində 2 otaqlı ümumi sahəsi 58.8 kv.m, yaşayış sahəsi 34.62 kv.m olan 7 №-li mənzilin İddiaçı mülkiyyətinə verilməsi qərara alınmış və həmin əmlakın üzərində hüquqlarının dövlət qeydiyyatına alınması Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsindən xahiş olunmuşdur. - Kəngərli Rayon İcra Hakimiyyətinin 11 mart 2022-ci il tarixli, 08 nömrəli orderinin surətindən görünür ki, İddiaçı ailəsi ilə birlikdə Kəngərli rayonu, Qıvraq qəsəbəsində inşa edilmiş 7 mərtəbədən ibarət yaşayış binasının birinci giriş ikinci mərtəbəsində 2 otaqlı ümumi sahəsi 58.8 kv.m, yaşayış sahəsi 34.62 kv.m olan 7 №-li mənzil mülkiyyətinə verilmişdir. Ailənin tərkibi: arvadı-X5 (2000), X7 (2021). Orderin verilməsi üçün əsas olaraq Kəngərli Rayon İcra Hakimiyyəti başçısının 10 mart 2022-ci il tarixli, 24 nömrəli sərəncamı qeyd edilmişdir. - Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin rəisi Müslüm Cabbarzadəyə ünvanlanmış 17 may 2022-ci il tarixli, 22/296 nömrəli məktubdan aydın olur ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamlarına əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə müvafiq kateqoriyadan olan ailələrin mənzil və ya fərdi evlə təmin edilməsi mütəmadi olaraq həyata keçirilir. Mövcud qanunvericiliyə əsasən 2017-2022-ci illər ərzində rayon (şəhər) İcra Hakimiyyətlərindən və fiziki şəxslərdən satın alınaraq adları qoşmada qeyd olunan şəxslərin mülkiyyətinə verilmiş evlərin özgəninkiləşdirilməsinə məhdudiyyət qoyulmasına göstəriş verilməsi xahiş olunmuşdur. Məktuba əlavə edilən qoşmada göstərilən cədvəldin 67-ci sırasında İddiaçı xx.xx.2022-ci il tarixdə verilmiş Kəngərli rayonu, Qıvraq qəsəbəsi 1/7 ünvanında yerləşən mənzil də qeyd edilmişdir. - Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 30 iyul 2024-cü il tarixli, 3- 17-9/2-1514/2024 nömrəli məktubdan məlum olur ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 97.1-ci maddəsinə uyğun olaraq imtiyazlı şəxslərə təqdim olunmuş mənzillər onların yaşaması üçün nəzərdə tutulur. Həmin şəxslərə təqdim olunmuş mənzillərə dair mülkiyyət hüququ verən sənədin onların (və ya onların vərəsələrinin) adına rəsmiləşdirilməsi mövcud qanunvericiliyin tələblərinə uyğun deyil. Nazirlik tərəfindən İddiaçı mülkiyyət hüququnu təsdiq edən sənədlərlə birlikdə Kəngərli rayonu, Qıvraq qəsəbəsində mənzil təqdim edilmişdir. Bu səbəbdən imtiyazlı şəxslərin mülkiyyətinə verilmiş evlərin özgəninkiləşdirilməsinə məhdudiyyət qoyulması üçün Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə 17 may 2022ci il tarixli, 22/296 nömrəli məktub göndərilmişdir. - Kəngərli Rayon İcra Hakimiyyəti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 10 sentyabr 2024-cü il tarixli, 5-24/2-729/2024 nömrəli məktubla göndərilmiş İddiaçı mənzil verilməsinə dair bağlanmış müqavilənin surətinin məzmunundan görünür ki, Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar İİ dərəcəli sağlamlıq imkanları məhdud şəxs, Şərur rayonu, Danyeri kənd sakini İddiaçı mənzillə təmin edilməsi üzrə alıcının sifarişini qəbul etmişdir. Satıcı müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında satın alınan, Kəngərli rayonu, Qıvraq qəsəbəsində yerləşən və ümumi dəyəri 35 280 manat olan 58.8 kvadrat metr sahəyə malik, 7 nömrəli iki otaqlı mənzilin tam təmirli şəkildə alıcıya təhvil verilməsini öhdəsinə götürür. Alıcı müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında mənzilin Satıcıdan qəbul edilməsini və dəyərinin ödənilməsini öhdəsinə götürür. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 23 oktyabr 2024-cü il tarixli, 3-17/2- 9623/2024 nömrəli məktubdan məlum olur ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 146.2-ci maddəsinə görə “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanunu bu Məcəllə qanuni qüvvəyə mindikdən sonra vətəndaşlara bu Məcəllənin lll-İV bölmələrinə əsasən verilən sosial və xüsusi təyinatlı dövlət mənzil fondunun yaşayış sahələrinə şamil edilmir. Mənzil Məcəlləsi ilə müəyyən edilmiş şərtlərə görə sosial kirayə müqaviləsi üzrə yaşayış sahələri verilmiş şəxslər, o cümlədən şəhid ailəsi üzvləri və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər onlara verilmiş mənzil üzərində Azərbaycan Respublikasının Mülki və Mənzil Məcəllələrinə əsasən yalnız sahiblik və istifadə hüququna malikdir. Eyni zamanda bildiririk ki, sosial kirayə müqaviləsinin birtipli formasını müvafiq icra hakimiyyəti orqanının təsdiq etməməsi səbəbindən Nazirlik tərəfindən mənzillər vətəndaşlara təhvil-təslim aktları əsasında verilir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: -13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. - 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 6.1-ci və 6.1.4-cü maddələrinə əsasən mülki qanunvericiliyin prinsiplərindən biri mülkiyyətin toxunulmazlığıdır. - 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. - 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. - 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. - 139-1.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: - 139-1.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; - 139-1.1.8-ci maddəsinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. - 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: - 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqlarının əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 2.2- ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. - 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. - 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: - 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; - 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; - 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; - 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; - 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; - 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. - 11.2-ci maddəsinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2021-ci il tarixli Sərəncamı: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aşağıdakı şəxslərin (ailələrin) 2021–2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla tədbirlər planını təsdiq edib həyata keçirsin: 1.1. 2014-cü il yanvarın 1-dən 2023-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər; 1.2. yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və 2020–2023-cü illərdə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, cavabdeh inzibati orqanın iddia ərizəsinə qarşı təqdim etdiyi sənədlərə və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmənin əsaslandırması: İlk öncə qeyd edilməlidir ki, məhkəmə qərar qəbul edənədək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar üzrə ətraflı araşdırma aparmış, təqdim edilən sübutları tam və hərtərəfli tədqiq etməklə, iddiaçıya qarşı tərəfin dəlillərinə münasibət bildirməsi, etiraz etməsi və məhkəməyə lazımi sübutları təqdim eməsi üçün kifayət qədər imkan yaratmışdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Hazırkı mübahisəyə münasibətdə iddiaçının hüquqi marağı və məqsədi Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən xx.xx.2022-ci il tarixdə mülkiyyətinə verilmiş ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 57.79 kv.m olan (yaşayış sahəsi 34.62 kv.m, köməkçi sahəsi 23.14 kv.m) iki otaqlı mənzilin üzərinə qanunsuz və əsassız olaraq qoyulmuş qadağanın (yüklülüyün) götürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir. İş materiallarından aydın olur ki, ünvan 4 ünvanında iki otaqdan ibarət ümumi sahəsi 57.76 yaşayış sahəsi, 34.62 köməkçi sahə 23.14 kv.metr mənzil 10 mart 2022-ci il tarixli Kəngərli Rayon İcra Hakimiyyətinin sərəncamı əsasında hazırki iş üzrə İddiaçı mülkiyyətinə verilmiş və həmin sərəncam əsasında Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən xx.xx.2022-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış təqdim edilmişdir. Sonradan Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 17 may 2022-ci il tarixdə Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə məktub göndərərək məktuba əlavə olunan adları siyahıda qeyd olunan şəxlərin mülkiyyətinə verilmiş evlərin özgəninkiləşdirilməsinə məhdudiyyət qoyulması xahiş olunmuş və həmin tarixdən İddiaçı mülkiyyətində olan əmlakın üzərinə yüklülük qoyulmuşdur. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, mübahisəli mənzilin iddiaçıya verilməsi barədə iddiaçı ilə hər hansı orqan tərəfindən heç bir sosial kirayə müqaviləsi bağlanmamışdır. Halbuki Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 59.1-ci maddəsinə uyğun olaraq yaşayış sahəsinin sosial kirayə müqaviləsinə əsasən bir tərəf – dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin mülkiyyətçisi (onun adından fəaliyyət göstərən səlahiyyətli dövlət orqanı və ya səlahiyyətli bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayə verən) yaşayış sahəsini digər tərəfin - vətəndaşın (kirayəçinin) yaşaması üçün bu Məcəllə ilə müəyyən edilmiş şərtlərlə sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 59.4-cü maddəsinə əsasən sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsi üzərində yaranmış hüquqlar qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınır. Məcəllənin 62.1ci maddəsinə əsasən yaşayış sahəsinin sosial kirayə müqaviləsi dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin verilməsi haqqında qərara əsasən yazılı formada bağlanır. Eyni zamanda həmin mənzilin iddiaçıya təhvil-təslim aktı əsasında verilməsi barədə sübutlar təqdim edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tərəfindən məhkəmənin sorğusuna verilmiş cavab məktubunda qeyd olunur ki, Mənzil Məcəlləsi ilə müəyyən edilmiş şərtlərə görə sosial kirayə müqaviləsi üzrə yaşayış sahələri verilmiş şəxslər, o cümlədən şəhid ailəsi üzvləri və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər onlara verilmiş mənzil üzərində Azərbaycan Respublikasının Mülki və Mənzil Məcəllələrinə əsasən yalnız sahiblik və istifadə hüququna malikdir. Eyni zamanda bildirilir ki, sosial kirayə müqaviləsinin birtipli formasını müvafiq icra hakimiyyəti orqanının təsdiq etməməsi səbəbindən Nazirlik tərəfindən mənzillər vətəndaşlara təhvil-təslim aktları əsasında verilir. Nəzərə almaq lazımdır ki, daşınmaz əmlak üzərində hüquq həmin əmlakın mülkiyyətə, icarəyə və ya istifadəyə ayrılması barədə hüquqmüəyyənedici sənəd əsasında yaranır. Hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. ünvan 4 ünvanında ümumi sahəsi 57.76 kv.m mənzil hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 06 aprel 2022-ci il tarixli, ********** qeydiyyat nömrəli (reyestr nömrəsi: **********46-05101-093021) çıxarışa əsasən xüsusi mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. İddiaçıya aid çıxarışın hər hansı orqan tərəfindən qanunla müəyyən edilmiş qaydada mübahisələndirilməsi, etibarsız hesab edilməsi, ləğv olunması və ya hər hansı səbəbdən qüvvədən düşməsi iş üzrə materiallarla təsdiq olunmur. Yəni hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış öz hüquqi qüvvəsini saxlayır və etibarlıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, cavabdehin imtinasında göstərilən arqument hazırki mübahisə üzrə mülkiyyətə dair sərəncam vermək hüququnun məhdudlaşdırılmasına əsas verən hal olmamamaqla, iddiaçının mülkiyyət hüququnun əsassız məhdudlaşdırılmasına səbəb olmuşdur. Odur ki, işin faktiki hallarına və qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı "Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən xx.xx.2022-ci il tarixdə mülkiyyətinə verilmiş ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 57.79 kv.m olan (yaşayış sahəsi 34.62 kv.m, köməkçi sahəsi 23.14 kv.m) iki otaqlı mənzilin üzərinə qanunsuz və əsassız olaraq qoyulmuş qadağanın (yüklülüyün) götürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası təmin edilməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3, 34.1, 35, 58.7, 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddia təmin edilsin. Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən xx.xx.2022-ci il tarixdə mülkiyyətinə verilmiş ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 57.79 kv.m olan (yaşayış sahəsi 34.62 kv.m, köməkçi sahəsi 23.14 kv.m) iki otaqlı mənzilin üzərinə qanunsuz və əsassız olaraq qoyulmuş qadağanın (yüklülüyün) götürülməsi öhdəliyi cavabdeh Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Tural Əliyev
Məhkəmə qərarları › İş №2-1(122)-1128/2024
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-1128/2024
19.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver