Məhkəmə qərarları › İş №2-1(122)-114/2022

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-114/2022

14.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-114/2022 14.06.2022 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: Hakim Muradov Hicran Xasay oğlunun sədrliyi, Məmmədov Kamal Cahangir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “Azərbaycan Respublikasının müharibə veteranı adının və vəsiqəsinin verilməsinə dair cavabdehin üzərinə öhdəlik qoyulması tələbi”nə dair inzibati mübahisə üzrə işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikasının müharibə veteranı adının və vəsiqəsinin verilməsinə dair cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin üzərinə öhdəlik qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, xx xxxx 1964-cü il tarixdə Naxçıvan Muxtar Respublikası, Babək rayonu, Cəhri kəndində anadan olmuşdur. 05 may 1983-cü il tarixdə Babək Rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə yollanmışdır. 10 iyun 1985-ci il tarixdə keçmiş SSRİ ordusunun vaxtında Kalininqrad şəhərində həqiqi hərbi xidmətini başa vuraraq ehtiyata buraxılmışdır. Azərbaycan-Ermənistan müharibəsinin başlanması ilə əlaqədar 1992-ci ilin may ayının 20-də könüllü olan döyüş yoldaşları ilə birlikdə Yuxarı Buzqov kəndini və torpaqları erməni işğalçılarından müdafiə etmişdir. Atəşkəs elan olunandan sonra 1992-ci il tarixdə avqust ayının 15-də tərxis olunaraq evə buraxılmışdır. Könüllülər dəstəsində könüllü olaraq döyüşlərdə iştirak etməsi barədə arayış verilməsinə dair Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Babək Rayon İdarəsinə xx.xx.2020-ci il tarixdə, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin 100 saylı Hərbi hissəsinə 24 mart 2020ci il tarixdə, əlavə Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinə xx.xx.2020-ci il tarixdə müraciət etmişdir. Lakin həmin ünvanlardan gələn cavabda arxivdə saxlanılan "Nizami hissə üzrə əmrlər kitabı"nda heç bir məlumat olmadığı göstərilmişdir. İddiaçı qeyd edir ki, arxivdə saxlanılan "Nizami hissə üzrə əmrlər kitabı"ında məlumat olmamasının səbəbi könüllülər dəstəsinin siyahısının həmin orqanlara vaxtında təqdim edilməməsidir. Naxçıvan Muxtar Respublikasının Babək rayon X10 İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi H.Ə.Bağırov tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş arayışda 1990-1992ci illərdə Yuxarı-Aşağı Buzqov və Gərməçataq kəndlərinin əhalisi və ərazisinin qorunmasında, erməni quldur dəstəsinin qarşısının alınmasında könüllülərin iştirakı öz əksini tapmışdır. Naxçıvan Muxtar Respublikasının Babək rayonu Yuxarı Buzqov kəndinin erməni işğalçılarından müdafiə olunmasında döyüşən X2 rəhbərlik etdiyi könüllü dəstənin siyahısında iddiaçının adı 20-ci sırada qeyd olunmuşdur. Həmin siyahı Naxçıvan Muxtar Respublikasının Babək rayonu Buzqov Kənd İcra nümayəndəsi Hüseyn Bağırov tərəfindən möhürlə təsdiqlənmişdir. İddiaçıya kəndlərində el arasında Səmərqənd deyilərək müraciət olunduğundan siyahıda onun adı Səlvər adı ilə yox, Səmərqənd adı ilə qeyd olunmuşdur. Babək rayonu X10 İcra nümayəndəsi Hüseyn Bağırov tərəfindən möhürlə təsdiq edilmiş könüllülər dəstəsinə rəhbərlik edən X1 20-ci sırada olan adı ilə bağlı uyğunsuzluq olduğundan və 1992-ci il may ayından 1992-ci il avqust ayının 15-dək döyüşlərdə iştirak etməsi faktı barədə Babək Rayon Məhkəməsinə ərizə ilə müraciət etmişdir. Babək Rayon Məhkəməsinin hakimi X5 28 oktyabr 2020-ci il tarixli, 2(079)- 312/2020 nömrəli qətnaməsində ad ilə bağlı uyğunsuzluq və döyüş əməliyyatında iştirak etməsi şahid ifadələrinə əsasən hüquqi fakt kimi öz təsdiqini tapmışdır. İddiaçı ona Azərbaycan Respublikasının müharibə veteranı adının və vəsiqənin verilməsinə dair Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli, 216 nömrəli qərarına əsasən və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 noyabr 2016-cı il tarixli, 438 nömrəli qərarına əsasən ona müharibə veteran adı və vəsiqəsi verilməmişdir. İddiaçı yuxarıda göstərilənlərə əsasən məhkəmədən Azərbaycan Respublikasının müharibə veteranı adının və vəsiqəsinin verilməsinə dair Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin üzərinə öhdəlik qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş, İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı münasibəti (etirazı) xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən məhkəməyə ünvanlanan 11 may 2022-ci il tarixli, 2066 nömrəli etiraz ərizəsindən görünür ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasına əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında" Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Göstərilən qanunvericilik aktının tələblərinə əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən şəxsin müharibə veteranı hesab edilməsi üçün yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılarla birgə döyüşlərdə iştirakı sübut edən sənədlər təqdim edilməlidir. Döyüşlərdə iştirakı sübut edən sənədlər dedikdə - silahların təhkim edilməsi barədə əmrlərdən çıxarışlar, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, əmrlərdən çıxarışlar, döyüşlərdə iştirakı sübut edən başqa sənədlər nəzərdə tutulur. Həmçinin könüllü özünümüdafiə dəstəsi hərbiləşdirilmiş birləşmə olmaqla silahla təchiz olunmuş qaydada döyüş əməliyyatlarında iştirak etmiş olmalıdır. İddiaçı sübut qismində Babək Rayon İcra Hakimiyyətinin Buzqov Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin verdiyi arayışı göstərmişdir. Lakin bu mötəbər sübut kimi qiymətləndirilə bilməz. Həmçinin iddiaçı iddia ərizəsində qeyd etmişdir ki, atəşkəs elan olunduqdan sonra 1992-ci il avqust ayının 15-də tərxis olunmuşdur. Lakin atəşkəs xx.xx.1994-cü il tarixdə olmuşdur. Bu səbəbdən də Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Aparatının nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi komissiyası” müraciətlərə baxarkən qeyd edilən qanunvericilik aktlarına uyğun olaraq qərar qəbul edir. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X4 şikayətinə əsasən, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Məhkəmə baxışı zamanı hər hansı bir şəxsin məhz döyüş əməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anlayışına və məzmununa aid edilə biləcək əməllərdə iştirakı tədqiq olunmalıdır. İddiaçı özünümüdafiə dəstələrinin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirakını sübut edən sənədlər olmadığından, iddia tələbi təmin edilə bilməz. Qeyd olunanları, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-70-ci və 62.3-cü maddələrini rəhbər tutaraq İddiaçı iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi və məhkəmə prosesinə iştirakları olmadan baxılması xahiş olunmuşdur. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin 20 may 2022-ci il tarixli, 2-1(122)-114/2022 nömrəli sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab edilərək, şifahi məhkəmə baxışı iclası 14 iyun 2022-ci il tarixə təyin edilmişdir. Cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Odur ki, məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iş materiallarına cavabdehin imtina məktubunu, müvafiq orqanların məktublarını, arayışı, qətnamənin surətini, hərbi biletin təsdiq edilmiş surətini, şəxsiyyət vəsiqəsinin surətini əlavə etmişdir. Həmin sənədlərin və materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə, ilk növbədə, verilmiş iddianın mümkünlüyünü qiymətləndirərək hesab edir ki, iddia mümkün iddiadır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Göründüyü kimi, hazırki iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir İddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsassızdır. Məhkəmə iddiaçının izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən İddiaçı ünvanlanan 09 mart 2022-ci il tarixli, Q/870 nömrəli məktubdan görünür ki, sənədlərə Xidmətin Aparatı nəzdində fəaliyyət göstərən "Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi komissiyası"nın xx.xx.2021-ci il tarixli iclasında baxılmış, sənədlər hüquqi əsas vermədiyi üçün (döyüşlərdə iştirakını sübut edən sənədlər yoxdur) "Müharibə veteranı" adı və vəsiqəsinin verilməsi mövcud qanunvericiliyin tələblərinə əsasən mümkün olmamışdır. Ərizədə qeyd edilən məsələ ilə əlaqədar Xidmətin Aparatı tərəfindən xx.xx.2021-ci il tarixli, Q/2133 nömrəli məktubla ətraflı cavab verilmişdir. Bu səbəbdən İddiaçı sənədləri ünvanına geri qaytarılmışdır. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi tərəfindən İddiaçı ünvanlanan 12 aprel 2021-ci il tarixli, 1-Q/9122 nömrəli məktubdan görünür ki, "Müharibə Veteranı" adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində "Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya"nın xx.xx.2021-ci il tarixli iclasında baxılmış və müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılmışdır. Naxçıvan Muxtar Respublikası Babək Rayon Məhkəməsi tərəfindən Müdafiə Nazirliyi tərəf kimi maraqlı şəxs qismində iddianın baxılmasına cəlb olunmadığına və xx.xx.2020-ci il tarixli qətnaməsində Müdafiə Nazirliyinin üzərinə icrası məcburi olan heç bir öhdəlik qoyulmadığına görə "Müharibə Veteranı" adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. "Vətəndaşların müraciətləri haqqında" Qanunun 14.08-ci maddəsinə görə ərizəçi müraciəti barədə qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququna malik olduğu bildirilmişdir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissə tərəfindən İddiaçı ünvanlanan 24 mart 2020-ci il tarixli, 1081 nömrəli məktubdan görünür ki, X8 Komitəsinin Arxivdə saxlanılan "Nizami hissə üzrə əmrlər kitabı"nda İddiaçı barəsində məlumat yoxdur. - Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən İddiaçı ünvanlanan 29 iyun 2020-ci il tarixli, 9/2518-Q217 nömrəli məktubdan görünür ki, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin və şəhər, rayon, nəqliyyatda polis orqanlarının arxivlərində İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda, o cümlədən 20 may - 15 avqust 1992-ci il tarixlərdə Babək rayon Yuxarı Buzqov kəndinin erməni işğalçılarından müdafiə olunması istiqamətində aparılan döyüş əməliyyatlarında iştirakını sübut edən hər hansı əmr mövcud deyil. - Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Babək rayon idarəsi tərəfindən İddiaçı ünvanlanan 06 aprel 2020-ci il tarixli, 244 nömrəli məktubdan görünür ki, xx.xx.2020-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Babək rayon idarəsinə ünvanlanan ərizənin icrasi ilə əlaqədar N nömrəli hərbi hissəyə arxiv arayışlarının alınması üçün sorğu göndərilmiş, cavab məktubunda İddiaçı barəsində X8 Komitəsinin Arxivində saxlanılan "Nizami hissə üzrə əmrlər kitabı"nda heç bir məlumat olmadığı bildirilmişdir. - Babək Rayon Məhkəməsinin 28 oktyabr 2020-ci il tarixli, 2(079)-312/2020 nömrəli qətnaməsinin surətindən görünür ki, ərizə təmin edilərək Naxçıvan Muxtar Respublikası Babək rayonu, Yuxarı Buzqov kəndinin erməni işğalçılarından müdafiə olunmasında döyüşən X2 rəhbərlik etdiyi könüllü dəstənin siyahısının iş üzrə ərizəçi İddiaçı məxsus olması faktının müəyyən edilməsi qət edilmişdir. - 05 may 1983-cü il tarixli, НЗ ******* nömrəli hərbi biletin təsdiq edilmiş surətindən görünür ki, xx xxxx 1964-cü ildə Babək rayonu, Cəhri kəndində doğulmuş İddiaçı xx.xx.1983-cü ildən xx.xx.1985-ci ilə qədər hərbi xidmət keçmişdir. İddiaçının hərbi biletində onun döyüş əməliyyatlarında iştirak etməsi ilə bağlı hər hansı qeydiyyat aparılmamışdır. - Babək Rayon İcra Hakimiyyəti X10 İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 04 sentyabr 2020-ci il tarixli, 16 nömrəli arayışdan görünür ki, daşnaq ermənilər torpaqlara hücum edən zaman 1990-1992-ci illər zamanı Muxtar Respublikanın sərhəd torpaqları və yaşayış məntəqələri həmin dövrdə nizami ordu olmadığından sərhədlər həmin yaşayış məntəqələrində yaşayan qeyrətli oğulların və Muxtar Respublikanın şəhər, rayon və kəndlərində yaradılmış könüllü müdafiə döyüşçülərinin qəhramanlıqları hesabına düşməndən qorunub saxlanılmışdır. Həmin dövrdə Babək rayonunun düşmənlə sərhəddə yerləşən Aşağı Buzqov, Yuxarı Buzqov və Gərməçataq kəndlərində yuxarıda göstərildiyi kimi həm yerli kənd sakinlərinin, həm də Babək rayonunun bütövlukdə qəsəbə və kəndlərində yaradılmış könüllü müdafiə döyüşçülərinin yüksək qəhramanlığı və vətənpərvərliyi hesabına qorunmuşdur. İddiaçı həmin döyüşlər zamanı Yuxarı Buzqov kəndinin müdafiəsində iştirak etməsi könüllü müdafiə dəstə üzvləri və həmin vaxtı döyüşlərdə iştirak etmiş Yuxarı Buzqov sakinləri tərəfindən təsdiqlənə bilər. Lakin hazırda İddiaçı və onun kimi həmin hadisələr zamanı bu kəndlərin müdafiə döyüşlərində iştirak edənlər haqqında hər hansı rəsmi sənəd və imtiyaz vermək nümayəndəliyin səlahiyyəti daxilində deyil. Ona görə də bu haqda səlahiyyəti olan müvafiq idarələrə müraciət edilməsi xahiş edilmişdir. Ərizədə ada edilən düzəliş ilə bağlı həmin adın onun iştirak etdiyi könüllü müdafiə dəstəsinə rəhbərlik və ya komandirlik edən şəxs tərəfindən yazıldığı qeyd edilmişdir. Bu barədə qeydiyyatda olduğu nümayəndəliyə müraciət edilməsi məsləhət görülmüşdür. - Naxçıvan Muxtar Respublikası Babək rayonu, Yuxarı Buzqov kəndinin erməni işğalçılarından müdafiə olunmasında döyüşən X2 rəhbərlik etdiyi könüllü dəstənin siyahısının 20-ci bəndindən görünür ki, X3 adı qeyd edilmişdir. - AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxx 1964-cü ildə doğulmuşdur. İş materiallarına əlavə edilmiş: - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin etiraz ərizəsinə qarşı İddiaçı tərəfindən məhkəməyə ünvanlanan iddia ərizəsi ilə eyni məzmunlu 23 may 2022-ci il tarixli ərizədən görünür ki, iddiaçı ona Azərbaycan Respublikasının müharibə veteranı adını və vəsiqəsinin verilməsinə dair Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmət Çağırış üzrə Dövlət Xidmətinin üzərinə öhdəlik qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin məzmunundan və iddiaçının məhkəmə iclaslarında verdiyi izahatlardan aydın olur ki, iddiaçı 1992-ci ilin may ayından həmin ilin avqust ayına qədər Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etdiyini əsas gətirərək ona müharibə veteranı adı və vəsiqəsinin verilməsini istəyir. Cavabdeh inzibati orqan isə qanunvericiliyin tələbini əsas gətirməklə iddiaçının döyüşlərdə iştirakını sübut edən kifayət qədər əsasın olmadığını, qanunvericilikdə nəzərdə tutulmuş tələblərin ödənilmədiyini, buna görə də iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsinin mümkün olmadığını bildirir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək, hesab edir ki, hazırki mübahisə məcburetmə haqqında iddia növünə aid olduğundan ilkin sübutetmə yükü qanunvericilikdə nəzərdə tutulmuş qaydada iddiaçının üzərinə düşür. İddiaçı 1992-ci ilin may-avqust ayları ərzində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etdiyini qeyd edib, bu barədə müvafiq sübutlar təqdim etsə də, həmin sübutlar mötəbər hesab olunmur, qanunvericiliyin tələblərini ödəmir və iddiaçının döyüşlərdə iştirakını sübut edən hal kimi qiymətləndirilə bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının: - 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin İV hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Həmin maddənin İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. - 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Həmin maddənin İİ hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsinə əsasən hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir. “Veteranlar haqqında" Azərbaycan Respublikası Qanununun: - 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. - 7-ci maddəsinə əsasən müharibə veteranı adının verilməsi qaydası və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun: - 3-cü maddəsinə əsasən vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 saylı Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə əsasən müharibə veteranı adı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 52.1-ci maddəsinə əsasən səlahiyyətli inzibati orqanda ərizənin və ya müraciətin qeydiyyata alındığı vaxtdan ən geci 30 gün müddətində həmin inzibati orqan inzibati aktın qəbul edilməsi və ya onun qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul edir. - 52.5-ci maddəsinə əsasən inzibati aktın qəbul edilməsi də daxil olmaqla hər bir halda inzibati icraatın ümumi müddəti 90 gündən çox ola bilməz. - 66-cı maddəsinə əsasən maraqlı şəxsin ərizəsi üzrə bu Qanunun 52-ci maddəsində müəyyən edilmiş müddət ərzində inzibati orqan tərəfindən inzibati aktın qəbul olunmadığı hallarda maraqlı şəxs məhkəməyə müraciət edə bilər. Beləliklə, işin hallarına əsasən müəyyən edilir ki, iddiaçı 1992-ci ilin may-avqust aylarında Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etdiyini qeyd etməklə ona müharibə veteran adı və vəsiqəsinin verilməsini tələb edir. Nəzərə alınmalıdır ki, yuxarıda istinad edilən normaların müddəalarına görə, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş, o cümlədən döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə müvafiq aidiyyəti orqanlar tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Yuxarıda sadalanan hüquq normalarının müddəalarına görə, Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Qeyd edilənlər onu deməyə əsas verir ki, müharibə veteranı adının verilə bilməsi üçün şəxsin döyüş əməliyyatlarında iştirak etməsi faktı tam sübuta yetirilməlidir. Baxılan mübahisəyə münasibətdə iddiaçı əsaslandığı faktı və cavabdehin ona münasibətdə iddia olunan məzmunda öhdəlik daşıdığını sübut etməlidir. Lakin iş üzrə materiallardan iddiaçı tərəfindən bu halları təsdiq edən müvafiq sübutların təqdim edildiyi müəyyən olunmamışdır. Hazırki mübahisə məcburetmə haqqında iddia növünə aid olduğundan sübuetmə vəzifəsi ilkin olaraq iddiaçının üzərinə düşür. İddiaçının öz tələbini əsaslandırdığı əsas sübutlar Babək Rayon İcra Hakimiyyətinin Buzqov Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş arayış və Babək Rayon Məhkəməsinin qətnaməsidir. Məhkəmə həmin sübutlara hüquqi qiymət verərək hesab edir ki, müvafiq arayış iddiaçının döyüş əməliyyatlarında iştirakını sübut edən hal kimi qiymətləndirilə bilməz. Belə ki, arayışın məzmunundan da aydın olur ki, iddiaçının döyüşlərdə iştirak etməsi öz təsdiqini tapmır. Bundan əlavə, Babək Rayon Məhkəməsinin müvafiq qətnaməsində könüllü dəstənin siyahısının İddiaçı məxsus olması öz təsdiqini tapmışdır. İddiaçının istinad etdiyi sübutların heç biri qanunvericiliyin tələb etdiyi iddiaçının döyüş əməliyyatlara cəlb edilməsi, döyüşlərdə iştirak etməsi və tərxis edilməsi halını təsdiq etmədiyindən mötəbər sübut kimi hüquqi əhəmiyyətə malik deyil. Bundan başqa iddiaçının iş materiallarına əlavə etdiyi digər sənədlərə də hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddiaçı müvafiq orqanlara sorğularla müraciət etsə də, müsbət nəticə əldə edilməmiş və iddiaçının tələbinin təmin edilməsi üçün əsas verən hal müəyyən edilməmişdir. Bununla bağlı qeyd edilməlidir ki, yuxarıda istinad edilən normaların müddəalarına görə, müharibə veteranı adı və müvafiq veteranı vəsiqəsi döyüşlərdə iştirak etmiş şəxslərə yalnız həmin normalarda nəzərdə tutulmuş dispozisiya şərtlərinin ödənildiyi təqdirdə verilir. Nəzərə almaq lazımdır ki, müharibə veteranı adını almağı iddia edən şəxs tərəfindən veteran adının verilməsi ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərin ödənilmiş olması mütləq şərtdir və imperativ xarakter daşıyır. Lakin iş üzrə materiallarda iddiaçının döyüş əməliyyatlarında iştirak etməsini sübut edən hər hansı məlumat və ya sənəd aşkar edilməmişdir. Yuxarıda istinad olunan normalarda nəzərdə tutulmuş dispozisiya şərtləri baxımından, iddiaçının döyüşlərdə iştirak etməsi öz təsdiqini tapmadığından ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi qanunvericiliyin tələblərinə əsasən ziddir. Beləliklə, məhkəmə hesab edir ki, hazırki mübahisəyə münasibətdə müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün tələb olunan dispozisiya şərtləri iddiaçıya münasibətdə ödənilməmişdir. Bu baxımdan iddiaçıya müharibə veteran adı və vəsiqəsinin verilməsindən cavabdehin imtinası qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. - 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, işin faktiki hallarına və qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “Azərbaycan Respublikasının müharibə veteranı adının və vəsiqəsinin verilməsinə dair cavabdehin üzərinə öhdəlik qoyulması tələbi”nə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və İPM-in 2, 14, 33, 58, 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “Azərbaycan Respublikasının müharibə veteranı adının və vəsiqəsinin verilməsinə dair cavabdehin üzərinə öhdəlik qoyulması tələbi”nə dair iddiası rədd edilir. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələbinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. SƏDRLİK EDƏN: HİCRAN MURADOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar