Məhkəmə qərarları › İş №2-1(122)-114/2025

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-114/2025

19.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-114/2025 19.02.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Muradov Hicran Xasay oğlunun sədrliyi, Sadıqov Abbas Nemət oğlunun katibliyi, cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı "hər gecikdirilmiş günə 1 faiz həcmində ödənc, yəni 15962 (on beş min doqquz yüz altmış iki) manat və məcburi iş buraxma dövrü üçün 25700 (iyirmi beş min yeddi yüz) manat vəsaitin (cəmi 41662 manat) ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati mübahisə üzrə işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmək məzuniyyətinin əvəzinə ödənilən 2956 manat vəsaitin ona qanunvericiliklə müəyyən edilən vaxtdan yəni 10 avqust 2021-ci il tarixdən 540 gün sonra yəni 13 fevral 2023-cü ildə ödədiyinə görə hər gecikdirilmiş günə 1 faiz həcmində ödənc yəni [2956x540] 15962 manat və cavabdeh təşkilatın təqsiri üzündən yəni əmək kitabçasının qanunverciliklə müəyyən edilmiş müddətdə və qaydada təqdim etmədiyi üçün məcburi iş buraxma dövrü üçün yəni 9 ay müddətinə orta aylıq əmək haqqı həcmində, yəni e-sosial arayışına əsasən işdən azad edildiyi aydan əvvəlki 12 ayın nəticələrinə əsasən 34945/12=2912.12 x 8 ay 25gün=25700, 25700 manat, cəmi 41662 manat vəsaitin ödənilməsi öhdəliyinin cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunaraq iddianın mümkünlüyünün yoxlanılması ilə bağlı məhkəmə iclası təyin edilmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 14 fevral 2024-cü il tarixli, 2- 1(122)-496/2024 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia tələbi aşağıdakı variantda icraata qəbul edilmişdir: “hər gecikdirilmiş günə 1 faiz həcmində ödənc yəni 15962 (on beş min doqquz yüz altmış iki) manat və məcburi iş buraxma dövrü üçün 25700 (iyirmi beş min yeddi yüz) manat vəsaitin (cəmi 41662 manat) ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”. İddiaçı 31 may 2024-cü il tarixli yardım məktubu ünvanlanaraq 2016-2021-ci illərdə Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun rəhbəri işlədiyi müddət ərzində yaranmış əmək mübahisəsi ilə bağlı ona ödənilməli olan məbləğin ödənilməsini tələb etdiyi, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 8.1.3-cü maddəsinə əsasən inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxıldığı, Qanunun tələbindən də göründüyü kimi, inzibati məhkəmə icraatında hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçular arasında yaranmış və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətlərinə inzibati məhkəmə icraatı qaydasında baxıldığı, iddiaçının 2016-2021-ci illərdə tutduğu vəzifə yuxarıda istinad edilmiş qanun normasında nəzərdə tutulmadığından, hazırki iddia tələbi üzrə məhkəmə aidiyyəti məsələsinin ortaya çıxdığı, 12 avqust 2024-cü il tarixdə, saat 11:00-a təyin edilmiş inzibati mübahisələrə dair iş üzrə şifahi icraat qaydasında hazırlıq icraatı iclasında məhkəmə aidiyyəti məsələsinin müzakirə ediləcəyi, göstərilən tarixdə məhkəmə iclasında iştirak edilməsi və aidiyyət məsələsi ilə bağlı onda olan sübutların məhkəməyə təqdim edilməsi bildirilmişdir. Bundan sonra 12 avqust, 16 sentyabr və 18 dekabr 2024-cü il tarixlərə təyin edilmiş məhkəmə iclaslarında iddianın mümkünlüyü-aidiyyətlə bağlı məsələ müzakirə edilmiş və iş üzrə şifahi icraat qaydasında hazırlıq icraatı iclası 19 fevral 2025-ci il tarixə təyin edilərək, bu barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə İddiaçı lazımi qaydada məlumat verilməsinə baxmayaraq heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Odur ki, məhkəmə iddiaçının iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X2 məhkəmədən iddia tələbinin mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin fikrini dinləyib, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdə keçirərək hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də işə baxan məhkəmə, ilk öncə, mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır və bunu prosesin istənilən mərhələsində həyata keçirə bilər. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair qərarında göstərilmişdir ki, inzibati-iqtisadi məhkəmə daxil olmuş iddia ərizəsində tələblərin inzibati icraat qaydasında baxılmasının mümkünlüyü məsələsini araşdırmağa və iddiaçıya bununla bağlı mövqeyini bildirməyə səlahiyyətlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. - 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 04 nömrəli qərarının: - 1-ci bəndinə əsasən məhkəmələrin nəzərinə çatdırılmışdır ki, mübahisənin məhkəmə aidiyyəti müəyyənləşdirilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-26-cı və 30-cu maddələri, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2-ci maddəsi, habelə həmin Məcəllənin XV-XİX fəsillərinin aidiyyətlə bağlı müddəaları rəhbər tutulmalıdır. - 2-ci bəndinə əsasən nəzərə alınmalıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. - 3-cü bəndinə əsasən xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. İnzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri “İnzibati icraat haqqında” Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır. - 4-cü bəndinə əsasən inzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. - 12-ci bəndinə əsasən inzibati orqanla dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə inzibati məhkəmə icraatı qaydasında inzibati-iqtisadi məhkəmələr tərəfindən baxılır. - 15.3-cü bəndinə əsasən bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Mübahisənin aidiyyəti müəyyənləşdirilərkən tərəflərin, cavabdehə hələ təqdim edilməmiş iddia ərizələrinə münasibətdə isə, iddiaçının dinlənilmə hüququ məhkəmə tərəfindən təmin olunmalıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli qərarının: - 1.1, 1.2, 1.3-ci bəndlərində qeyd olunan hüquqi mövqeyə görə məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. - 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. - 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. - 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. - 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. - 8.6-cı maddəsinə əsasən iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdır. Məhkəməyə təqdim edilmiş iddia ərizəsinin məzmunundan aydın olur ki, iddiaçı sonuncu iş yerinə münasibətdə onun əmək hüquqlarının pozulduğunu iddia edərək müvafiq kompensasiya ödənilməsini tələb edir. Lakin hazırki iş üzrə mümkünlük şərtləri baxımından iddiaçı ilə onun sonuncu iş yeri arasında yaranmış münasibətlərin inzibati xarakterli olması aydınlaşdırılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 8.1.3-cü maddəsinə əsasən inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Qanunun mənasından da aydın olduğu kimi inzibati məhkəmə icraatı qaydasında hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçular arasında yaranmış və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətlərinə baxılır. Məhkəmə qeyd edir ki, mübahisələrə inzibati məhkəmələr tərəfindən baxılması üçün tərəflərdən biri inzibati orqan olmalı və tərəflər arasında yaranmış hüquq münasibətləri inzibati xarakterli olmalıdır. Yəni göstərilən şərtlər məcmu yaratdığı halda mübahisələrə inzibati məhkəmələr tərəfindən baxılır. Belə ki, inzibati münasibətlər (publik hüquq münasibətləri) dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində meydana çıxır və həmin münasibətlərdə tərəflərdən biri qismində mütləq icra hakimiyyəti orqanı, bələdiyyə və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş subyekt, yəni Azərbaycan Respublikasının İnzibati İcraat haqqında Qanunun 2.0.1-ci maddəsi anlamında inzibati orqan iştirak edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. İnzibati mübahisələrin məhkəmə aidiyyətindən bəhs edən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2-ci maddəsində inzibati məhkəmə icraatı qaydasında baxılan iddiaların növləri və siyahısı tam şəkildə göstərilmişdir. Həmin iddiaların da adından və məzmunundan asılı olmayaraq, istisnasız olaraq cavabdeh qismində inzibati orqanın çıxış etməsi mütləq hal kimi qəbul edilmişdir. Hazırki mübahisədə cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu inzibati akt qəbul etmək səlahiyyətinə malik olan orqan olsa da, hazırki mübahisəyə münasibətdə həmin orqanla fiziki şəxs arasında yaranmış mübahisə onun inzibati fəaliyyətinin nəticəsi deyildir. Belə ki, - Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 07 yanvar 2020-ci il tarixli, 197- V FR nömrəli fərmanının 2-ci bəndindən görünür ki, Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsə çevrilmişdir. - Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 15 mart 2023-cü il tarixli, 153-Vİ FR nömrəli fərmanının 1-ci bəndindən görünür ki, Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyinə verilmiş və Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu adlandırılmışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı 27 iyul 2016-cı il tarixli, 72-05/S nömrəli sərəncam əsasında Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədri təyin edildiyi dövrdə yaranmış əmək münasibətləri “Dövlət qulluğu haqqında” Qanunla tənzimlənməklə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 8.1.3-cü maddəsinə əsasən inzibati xarakterli hesab edilsə də, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 07 yanvar 2020-ci il tarixli, 197-V FR nömrəli fərmanı ilə müvafiq dəyişiklik edilmiş və Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsə çevrilmişdir. Bundan sonra 10 avqust 2021-ci il tarixli, 77-Vİ FR nömrəli fərman verilərək İddiaçı “Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin sədri vəzifəsindən azad edilmişdir. Qeyd edilən dəyişikliklərdən sonra iddiaçının özünündə məhkəməyə ünvanladığı yazılı münasibətlərdə qeyd edildiyi kimi yaranmış əmək münasibətləri Əmək Məcəlləsi ilə tənzimlənmişdir. Ona görə də, məhkəmə qeyd edir ki, hazırki iş üzrə tərəflər arasında yaranmış mübahisə Əmək Məcəlləsi ilə tənzimlənməklə inzibati deyil, mülki-hüquqi xarakterli olduğundan işə inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Bu hal isə hazırki tələb üzrə mümkünlük şərtlərini istisna edir. Qanunvericiliyin tələbinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Məhkəmə qanunvericiliyin tələbinə əsasən yardım etmək vəzifəsindən çıxış edərək, İddiaçı yardım məktubu ünvanlamış, iddianın mümkünlüyü ilə bağlı müvafiq sübutların məhkəməyə təqdim edilməsi təklif olunmuş, iddianın mümkünlüyü məsələsinin müzakirə ediləcəyi diqqətə çatdırılmışdır. Həmçinin 12 avqust, 16 sentyabr və 18 dekabr 2024-cü il tarixlərə təyin edilmiş məhkəmə iclaslarında iddianın mümkünlüyü məsələsi müzakirə edilmişdir. Lakin müvafiq yardım məktubu ünvanlanaraq iddianın mümkünlük məsələsinə baxılacağını diqqətə çatdırılsa da, məktubda qeyd olunan hallar aradan qaldırılması mümkün olmadığından məhkəmə tərəfin bununla bağlı münasibət bildirməsindən asılı olmayaraq mümkünlük məsələsinə baxmışdır. Yuxarıda şərh edilən hallara əsaslanaraq qeyd edilməlidir ki, iddiaçının müvafiq tələblə aidiyyəti üzrə səlahiyyətli ümumi məhkəməyə müraciət etmək hüququ vardır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı "hər gecikdirilmiş günə 1 faiz həcmində ödənc, yəni 15962 (on beş min doqquz yüz altmış iki) manat və məcburi iş buraxma dövrü üçün 25700 (iyirmi beş min yeddi yüz) manat vəsaitin (cəmi 41662 manat) ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və İPM-in 13, 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə, qəraraaldı: İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı "hər gecikdirilmiş günə 1 faiz həcmində ödənc, yəni 15962 (on beş min doqquz yüz altmış iki) manat və məcburi iş buraxma dövrü üçün 25700 (iyirmi beş min yeddi yüz) manat vəsaitin (cəmi 41662 manat) ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası mümkün sayılmır. Qərardaddan, onun təqdim olunduğu gündən 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: HİCRAN MURADOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar