Məhkəmə qərarları › İş №2-1(122)-115/2020

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-115/2020

08.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-115/2020 08.10.2020 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin sədri Muradov Hicran Xasay oğlu şikayətçi Ləğv prosesində olan İddiaçı Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh icra məmuru Bəhman Məmmədovun 03.06.2020-ci il tarixli icraata xitam verilməsi haqqında qərarından verdiyi şikayətə və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: Şikayətçi Ləğv prosesində olan İddiaçı Əmanətlərin Sığortalanması Fondu şikayət ilə məhkəməyə müraciət edərək, Naxçıvan Muxtar Respublikası İnzibati-İqtisadi Məhkəməsinin 2(087)-22/2012 saylı, 06.08.2012-ci il tarixli icra sənədinin icraatına xitam verilməsi haqqında Naxçıvan Muxtar Respublikası Cavabdeh icra məmuru Bəhman Məmmədovun 03.06.2020-ci il tarixli qərarının ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Naxçıvan Muxtar Respublikası Cavabdeh icra məmuru Bəhman Məmmədov 03.06.2020-ci il tarixdə Naxçıvan inzibati-iqtisadi məhkəməsinin 2(087)-22/2012 saylı, 06.08.2012-ci il tarixli icra sənədinin icraatına xitam verilməsi haqqında qərar qəbul etmişdir.Qərar iş üzrə tələbkar ləğv prosesində olan "xxxx" ASC-yə 22.06.2020-ci il tarixdə daxil olmuşdur.Məlum olduğu kimi, Azərbaycan Respublikasında koronovirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması ilə əlaqədar X1 və Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrini, “Sanitar- epidemioloji sağlamlıq haqqında” Azərbaycan Respublikası Qanununun 4, 11, 12, 25-ci maddələrinin tələblərini nəzərə alaraq, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarına əsasən məhkəmə işləri qeyri-müəyyən vaxta təxirə salınmışdır.Bununla əlaqədar bildirilir ki, qanunvericiliklə nəzərdə tutulmuş prosessual müddətlər çərçivəsində mübahisəli qərardan şikayət verməyimiz üzrlü səbəblərdən mümkün olmamışdır.LPO "xxxx" ASC buraxılmış müddətin bərpasına dair ərizə verərək icra məmurunun qərarından Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinə şikayət etmişdir.Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin 07.09.2020-ci il tarixli, 2-2(087)-22/2012 saylı qərardadı ilə şikayət geri qaytarılmış, işə aidiyyəti üzrə Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsində (icra məmurunun olduğu yer üzrə inzibati məhkəmədə) baxılmalı olduğu göstərilmişdir.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.Qərar LPO "Bank of Azərbaycan” ASC-nin hüquq və qanuni mənafeyinə zidd olduğuna, görə əsassız olduğuna görə ləğv edilməlidir. Belə ki, Naxçıvan Muxtar Respublikası İnzibati-İqtisadi Məhkəməsinin 2(087)- 22/2012 saylı, 06.08.2012-ci il tarixli icra sənədinə əsasən X2 234227 manat əsas və 20416 manat faiz borcu olmaqla, cəmi 254643 manat məbləğində kredit borcu və 20 manat dövlət rüsumu alınaraq "xxxx" ASC-nin 12 saylı Naxçıvan filialının hesabına ödənilməli, icra sənədində göstərilən borc ödənilmədiyi təqdirdə isə X3 məxsus olan Babək rayonu, Nehrəm kəndində yerləşən 2 mərtəbəli 5 otaqlı fərdi yaşayış evinə, Naxçıvan şəhəri, Şərur yolu ilə Xalçaçılıq kombinatına gedən yolun kəsişdiyi yerdə yerləşən “Ekiz Qardaşlar” kiçik müəssisəsinin tikinti materialları mağazasına, X4 məxsus olan Naxçıvan şəhəri, V.Qasımov küçəsində 2 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evinə, X5 məxsus olan Naxçıvan şəhəri, Əliabad qəsəbəsində yerləşən əmlak kompleksinə, X6 məxsus olan Babək rayonu, Nehrəm kəndində 1 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evinə yönəlməli və həmin əmlaklar açıq hərracda satılaraq kredit borcu ödənilməlidir.Cavabdeh icra məmuru Bəhman Məmmədov qərar qəbul edərkən Naxçıvan Muxtar Respublikası Auksion Mərkəzinin 91 nömrəli, 09.08.2017-ci il tarixli məktubunu əsas götürmüşdür.Naxçıvan Muxtar Respublikası Auksion Mərkəzinin 91 nömrəli, 09.08.2017-ci il tarixli məktubunda Naxçıvan şəhəri, Şərur yolu ilə Xalçaçılıq kombinatına gedən yolun kəsişdiyi yerdə yerləşən “Ekiz Qardaşlar” kiçik müəssisəsinin tikinti materialları mağazası və Naxçıvan şəhəri, Əliabad qəsəbəsində yerləşən əmlak kompleksi 02.06.2016-cı il tarixli protokol və müqavilə əsasında 312000 manata satılması qeyd olunmuşdur.Aşağıda göstərilənlərə əsasən hesab edirlər ki, Cavabdeh icra məmuru Bəhman Məmmədovun qərarı qanunsuzdurBelə ki, qeyd olunan əmlakların satışı barədə iş üzrə tələbkar "xxxx" ASC-yə Auksion Mərkəzi tərəfindən məlumat verilməmiş və əldə olunan pul vəsaiti iş üzrə borclunun hesabından silinməmişdir. Göründüyü kimi Cavabdeh icra məmuru Bəhman Məmmədov “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci və 20.2-ci maddələrini rəhbər tutaraq icra sənədinin icraatına xitam verilməsi haqqında qərar qəbul edərkən səhv qənaətə gəlmişdir. Şikayətçi yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmədən Naxçıvan Muxtar Respublikası İnzibati-İqtisadi Məhkəməsinin 2(087)- 22/2012 saylı, 06.08.2012-ci il tarixli icra sənədinin icraatına xitam verilməsi haqqında Naxçıvan Muxtar Respublikası Cavabdeh icra məmuru Bəhman Məmmədovun 03.06.2020-ci il tarixli qərarının ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, şikayəti və şikayətə əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, hazırki şikayətə inzibati məhkəmə icraatı qaydasında İnzibati məhkəmələr tərəfindən baxılmalı olmadığından iddia mümkün sayılmamalıdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununa 30 dekabr 2016-cı il tarixli, 497-VQD nömrəli qanunla əlavə edilmiş 20.2-ci maddəsinə əsasən, icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana göndərilir. 20.4-cü maddəsinə əsasən icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarı daxil olduqdan sonra məhkəmə 10 gün müddətində həmin qərarın bu Qanunun tələblərinin pozulmaqla qəbul edilməsini müəyyən edərsə həmin qərarı ləğv edir. 20.5-ci maddəsinə əsasən tərəflər və icra sənədini vermiş digər orqan qərarın onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində həmin qərardan müvafiq məhkəməyə şikayət verə bilərlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair 10 oktyabr 2017-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyinə görə “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.5-ci maddəsinə görə, tərəflər icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verə bilərlər. Göründüyü kimi İcra haqqında qanunvericiliyin, habelə onun şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına əsasən icra qurumunun icra icraatına xitam verilməsinə dair qərarından tərəflər icra sənədini vermiş məhkəməyə şikayət verə bilər. Bu isə icra icraatına xitam verilməsinə dair qərarın mübahisələndirilməsinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılmalı olmadığını ehtiva edir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, hazırda mübahisə predmeti olan Cavabdeh icra məmuru Bəhman Məmmədovun 03.06.2020-ci il tarixli icraata xitam verilməsi haqqında qərarından verdiyi şikayətə icra sənədini vermiş məhkəmə tərəfindən baxılmalı olduğundan hazırki şikayət mümkün sayılmamalıdır. Bundan başqa məhkəmə onu da qeyd edir ki, hazırki mübahisəyə inzibati məhkəmə icraatında baxılmalı olmadığından şikayətçinin dinlənilməsinə zərurət yoxdur. Belə ki, şikayətçinin dinlənilməsi şikayətin inzibati məhkəmə icraatında baxılması və şikayətin mümkün sayılması ilə nəticələnməyəcək, əksinə lüzumsuz yazışmalara və vaxt itkisinə səbəb olacaqdır. Bu səbəbdən də icraatda qənaət prinsipi və İPM-in 16.3-cü maddəsi rəhbər tutularaq şikayətçinin dinlənilməsindən imtina edilmişdir. Həmçinin şikayətçi şikayətində LPO "xxxx" ASC buraxılmış müddətin bərpasına dair ərizə verərək icra məmurunun qərarından Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinə şikayət verildiyini,Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin 07.09.2020-ci il tarixli, 2-2(087)-22/2012 saylı qərardadı ilə şikayətin geri qaytarıldığını, işə aidiyyəti üzrə Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsində (icra məmurunun olduğu yer üzrə inzibati məhkəmədə) baxılmalı olduğunu göstərsə də, iş materiallarına əlavə olunmuş Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin 07 sentyabr 2020-ci il tarixli, 2-2(087)-22/2012 nömrəli qərardadı ilə müəyyən olunur ki, şikayət qanunvericiliyin icrası məcburi olan göstərişlərinə əməl edilmədən, yəni qanunvericiliyin tələblərinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə göndərilmədiyindən geri qaytarılmış, göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə məhkəməyə təkrar müraciət edilə bilməsi tərəfə izah olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. 16.3-cü maddəsinə əsasən, mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1, 16.3, 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayətçi Ləğv prosesində olan İddiaçı Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh icra məmuru Bəhman Məmmədovun 03.06.2020-ci il tarixli icraata xitam verilməsi haqqında qərarından verdiyi şikayət mümkün sayılmasın. Qərardaddan şikayət, qərardad rəsmi qaydada təqdim olunduğu vaxtdan 10 gün müddətində Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar