Məhkəmə qərarları › İş №2-1(122)-115/2023

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-115/2023

06.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-115/2023 06.02.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Muradov Hicran Xasay oğlunun sədrliyi, Məmmədov Kamal Cahangir oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Culfa rayon idarəsinin rəisi X1 qarşı "torpaq sahəsinin arxiv sənədinə əsasən sərhədlərinin müəyyən olunması, mərz nöqtələrinin yerlərinin işarətlənərək akt tərtib edərək ona təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati mübahisə üzrə işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı nümayəndəsi vasitəsilə cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Culfa rayon idarəsinin rəisi X1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək torpaq sahəsinin arxiv sənədinə əsasən sərhədlərinin müəyyən olunması, mərz nöqtələrinin yerlərinin işarətlənərək akt tərtib edərək ona təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Culfa rayon idarəsinin müdiri Cəlal Gülmalıyevə ərizə ilə müraciət edərək, İddiaçı mülkiyyətində olan torpaq sahəsinin sərhədlərinin müəyyən edilməsini, mərz nöqtələrinin işarələnməsini, bu haqda akt tərtib edilərək ona verilməsinin təmin edilməsini xahiş etmişdir. İddiaçı torpaq sahəsinin arxiv sənədinə əsasən sərhədlərinin müəyyən olunması, mərz nöqtələrinin yerlərinin işarətlənərək akt tərtib edərək ona təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş və iş üzrə şifahi icraat qaydasında mümkünlük iclası 06 fevral 2023-cü il tarixə təyin edilmiş, İddiaçı və iddiaçının nümayəndəsi Nümayəndə yardım məktubu ünvanlanaraq inzibati məhkəmə icraatında inzibati orqanların hərəkət və hərəkətsizliyi nəticəsində hüquqları və qanunla qorunan maraqları pozulmuş hüquqi və fiziki şəxslərin iddialarına dair mübahisələrə baxıldığı, iddia ərizənizə baxış keçirilərkən cavabdeh qismində Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Culfa rayon idarəsinin rəisi X2 göstərildiyinin məlum olduğu, bununla da cavabdeh qismində fiziki şəxs göstərildiyindən hüquqlarının və qanunla qorunan maraqlarının hansı cavabdeh inzibati orqan tərəfindən pozulduğunu və iddianın məhkəmə aidiyyətini müəyyən etməyin mümkün olmadığı, həmçinin iddia ərizəsinin Nümayəndə tərəfindən imzalandığı, lakin iş materiallarına əlavə edilmiş etibarnamədə həmin şəxsin iddia ərizəsini imzalamaq səlahiyyəti qeyd edilmədiyi, həmçinin iş materiallarına sənədlərin əsli və ya təsdiq edilmiş sənədləri əlavə edilməli olduğu halda iddiaçı tərəfindən həmin tələbə əməl edilmədiyi, etibarnamənin təsdiq edilməmiş surəti iş materiallarına əlavə edildiyi bildirilərək, hüquqlarının və qanunla qorunan maraqlarının fiziki şəxs tərəfindən deyil, hansı cavabdeh inzibati orqan tərəfindən hansı qaydada və ya hansı qanunsuz hərəkətlər nəticəsində pozulduğunu müəyyən etməyə imkan verən müvafiq sübutların, həmçinin iddia ərizəsini imzalayan Nümayəndə müvafiq səlahiyyətinin olmasını təsdiq edən etibarnamənin əslinin və ya təsdiq edilmiş surətinin məhkəməyə təqdim edilməsi üçün 10 (on) gün müddət (məktubu aldıqdan sonra) təyin edilmiş, əks halda iddia tələbinin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən mümkün sayılmayacağı barədə xəbərdarlıq edilmişdir. İddiaçının və onun nümayəndəsinin məhkəmənin yardım məktubunu 23 yanvar 2023-cü il tarixdə almasına baxmayaraq, yardım məktubunda qeyd olunan məsələlərə hər hansı bir münasibət bildirilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, İddiaçı və cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Culfa rayon idarəsinin rəisi X2 heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdirlər. Odur ki, məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakları olmadan işə baxılmasını və iş üzrə müvafiq qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə məhkəmənin yardım məktubunu aldığını, həmin məktubda qeyd olunan məsələrlə bağlı hər hansı bir sübutunun olmadığını, nöqsanları aradan qaldırmaq zərurətinin olmadığını bildirərək, məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq belə hesab edir ki, aşağıdakı əsaslara görə iddia mümkün sayılmır. Belə ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də işə baxan məhkəmə, ilk öncə, mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır və bunu prosesin istənilən mərhələsində həyata keçirə bilər. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair qərarında göstərilmişdir ki, inzibati-iqtisadi məhkəmə daxil olmuş iddia ərizəsində tələblərin inzibati icraat qaydasında baxılmasının mümkünlüyü məsələsini araşdırmağa və iddiaçıya bununla bağlı mövqeyini bildirməyə səlahiyyətlidir. "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 2.3-cü bəndinə əsasən məhkəmələr, ilk növbədə, iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmin Qərarın 8.6-cı maddəsinə əsasən iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-nin sözügedən normasının mahiyyətindən belə anlaşılır ki, inzibati icraat qaydasında baxılan iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüququ və azadlığının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün olsun. Başqa sözlə, iddiaçı inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmaqla bərabər, iddia irəli sürmək üçün subyektiv hüququnun olmasını da əsaslandırmalıdır. Məhkəmə işin hallarına hüquqi qiymət verərək hesab edir ki, iddiaçı hazırkı iş üzrə hüquqlarının və qanunla qorunan maraqlarının cavabdeh inzibati orqan tərəfindən hansı qaydada və hansı qanunsuz hərəkətlər nəticəsində pozulduğunu əsaslandıra bilmədiyindən, iddia tələbi mümkün sayılaraq mahiyyəti üzrə hüquqi dəyərləndirmə aparıla bilməz. Hazırkı iddia tələbinin məzmunundan aydın olur ki, iddiaçı fiziki şəxs hesab olunan Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Culfa rayon idarəsinin rəisi X1 qarşı iddia qaldırmışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, inzibati məhkəmə icraatında inzibati orqanların və inzibati akt qəbul etmək səlahiyyətinə malik olan digər şəxslərin qanunsuz hərəkətləri və ya aktları nəticəsində hüquqları və qanunla qorunan maraqları pozulmuş şəxslərin iddialarına əsasən yaranmış inzibati mübahisələrə baxılır. Hazırkı iş üzrə iddia ərizəsində cavabdeh qismində fiziki şəxs nəzərdə tutulduğundan inzibati məhkəmə icraatının predmeti hesab edilə bilməz. Məhkəmə qeyd edir ki iddiaçı əvvəllər də eyni tələb ilə eyni predmet barəsində məhkəmədə bir neçə dəfə məhkəmədə iddia qaldırmış, müxtəlif vaxtlarda iddia tələbi mümkün sayılmamış və ya öz ərizəsi əsasında iş üzrə icraata xitam verilmişdir. Həmçinin məhkəmənin yardım məktubunda da qeyd edildiyi kimi, iş materiallarına sənədlərin əsli və ya təsdiq edilmiş surətləri əlavə edilməlidir. Lakin iş materiallarına əlavə edilmiş sənədlərə baxış keçirərkən məlum olmuşdur ki, iddiaçı tərəfindən qeyd olunan tələbə əməl edilməmiş, iş materiallarına sənədlərin təsdiq edilməmiş surətləri əlavə edilmişdir. Eyni zamanda, qeyd olunmalıdır ki, iddia ərizəsi Nümayəndə tərəfindən imzalansa da, iş materiallarına əlavə edilmiş etibarnamənin surətində həmin şəxsin iddia ərizəsinin imzalamaq səlahiyyəti konkret olaraq öz əksini tapmamışdır. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 74.2-ci maddəsinə əsasən iddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. Eyni zamanda, qeyd olunmalıdır ki, inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. İPM-nin 13 və 48-ci maddələrində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. İnzibati məhkəmə icraatında məhkəmənin əsas vəzifəsi iddiaçının tələbinin konkret olaraq nədən ibarət olduğunu, onun hüquqlarının cavabdeh tərəfindən hansı qaydada pozulduğunu müəyyənləşdirməkdən ibarətdir. Bununla bağlı İddiaçı və iddiaçının nümayəndəsi Nümayəndə məhkəmə tərəfindən yardım məktubu göndərilmiş, həmçinin məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsinə yardım edilmiş, hansı cavabdeh inzibati orqan tərəfindən iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunun əsaslandırılması, əsl cavabdehin müəyyənləşdirilməsi istiqamətində təkliflər edilmişdir. Lakin iddiaçı və onun nümayəndəsi tərəfindən yardım məktubuna hər hansı münasibət bildirilməmiş və məhkəmə iclasında edilmiş yardımlara məhəl qoyulmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 13-cü maddəsinin tələbinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. - 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. İddiaçıya və onun nümayəndəsinə hüquqlarının və qanunla qorunan maraqlarının pozulmasına səbəb olmuş inzibati orqanın müəyyənləşdirilərək həmin orqan tərəfindən tələbin icra edilməsindən imtina edildiyi halda yenidən məhkəmədə iddia qaldırmaq hüququna malik olduqları izah edilir. Beləliklə, yuxarıda şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Culfa rayon idarəsinin rəisi X1 qarşı "torpaq sahəsinin arxiv sənədinə əsasən sərhədlərinin müəyyən olunması, mərz nöqtələrinin yerlərinin işarətlənərək akt tərtib edərək ona təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80-81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Culfa rayon idarəsinin rəisi X1 qarşı "torpaq sahəsinin arxiv sənədinə əsasən sərhədlərinin müəyyən olunması, mərz nöqtələrinin yerlərinin işarətlənərək akt tərtib edərək ona təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: HİCRAN MURADOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar