Məhkəmə qərarları › İş №2-1(122)-115/2025

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-115/2025

10.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-115/2025 10.01.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyev Tural Yusif oğlunun sədrliyi, Rzayeva Əpruz Qasım qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı "X11 – X14 komandanının 25 oktyabr 2023-cü il tarixli, 050R nömrəli əmrinin (kapitan İddiaçı “hərbi rütbəsinin bir pillə aşağı “baş leytenant” hərbi rütbəsinə salınması” intizam cəzası verilməsi hissəsində) ləğv edilməsi və “kapitan” hərbi rütbəsinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X11 – X14 komandanının 25 oktyabr 2023-cü il tarixli, 050R nömrəli əmrinin (kapitan İddiaçı “hərbi rütbəsinin bir pillə aşağı “baş leytenant” hərbi rütbəsinə salınması” intizam cəzası verilməsi hissəsində) ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2008-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Məktəbinə qəbul olunmuş, 24 iyun 2012-ci ildə həmin Ali Məktəbi bitirmiş, ona Azərbaycan Respublikası Müdafiə nazirinin həmin tarixli, 0197 nömrəli əmri ilə “leytenant” zabit hərbi rütbəsi verilmişdir. Bundan sonra o, bir il müddətində Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində ixtisas hazırlığı keçmişdir. Müdafiə nazirinin müvafiq əmrinə əsasən 23 iyun 2013-cü ildən xx.xx.2014-cü il tarixədək N nömrəli hərbi hissədə rabitə bölüyünün avtomatlaşdırılmış idarəetmə taqımının komandiri, xx.xx.2014-cü il tarixdən xx.xx.2015-ci il tarixədək N nömrəli hərbi hissədə Qarnizon rabitə qovşağında və X2 bölməsinin mühəndisi, xx.xx.2015-ci il tarixdən xx.xx.2019-cu il tarixədək N nömrəli həmin hərbi hissənin rabitə bölüyünün X2 taqımının mühəndisi, xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək N nömrəli hərbi hissənin rabitə bölük komandirinin müavini vəzifəsində xidmət etmişdir. xx.xx.2019-cu il tarixdə o, Naxçıvan Qarnizonunda dislokasiya olunmuş N nömrəli hərbi hissəyə rabitə bölüyünün komandiri vəzifəsinə təyin olunmuşdur. xx.xx.2019-cu il tarixdə isə N nömrəli hərbi hissədə rabitə bölməsi rəisinin X2 üzrə köməkçisi vəzifəsinə təyin olunmuş, hal-hazırda həmin vəzifədə xidmət edir. Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisinin 26 noyabr 2019-cu il tarixli, 090r nömrəli əmri ilə ona növbəti “kapitan” hərbi rütbəsi verilmişdir. Hərbi xidmətdə əldə etdiyi nailiyyətlərə görə xidmət etdiyi müddətdə bir neçə dövlət təltifinə layiq görülmüşdür. Belə ki, o, Azərbaycan Respublikası Müdafiə nazirinin 24 iyun 2013-cü il tarixli, 098t nömrəli əmri ilə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi” yubiley, 26 iyun 2018-ci il tarixli, 0163t nömrəli əmri ilə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi” yubiley, 26 iyun 2019-cu il tarixli, 0157t nömrəli əmri ilə “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medallarına layiq görülmüşdür. O, Azərbaycan Respublikası Silahlı Qüvvələrində (Azərbaycan Ordusunda) zabit rütbəsində 10 ildən artıq müddətdir ki, qüsursuz xidmət edir. İddiaçı N sentyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 6-cı maddəsinin tələblərinə müvafiq olaraq komanda üzrə tabelikdə olduğu N nömrəli hərbi hissənin komandirinə raportla müraciət edərək ”Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən (öz arzusu ilə) Silahlı Qüvvələrdə hərbi xidmətdən ehtiyata buraxılmağı haqqında yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmasını xahiş etmişdir. Raportu N nömrəli hərbi hissədə qeydiyyata alınsa da, hərbi hissə komandirinə təqdim edilsə də o, heç bir qanuni əsas və səbəb olmadan onun ehtiyata buraxılmağı üçün təqdimatı yuxarı komandanlığa göndərməmiş, müraciətini cavabsız qoymuşdur. Bu səbəbdən o, 28 sentyabr 2022-ci il tarixdə X11 – X14 komandanı Kərəm Mustafayevə eyni məzmunda raportla müraciət etmişdir. Onun Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən ehtiyata buraxılmaq istəyi haqqında müraciətinə Müdafiə Nazirliyinin müvafiq vəzifəli şəxsləri tərəfindən qanunamüvafiq qaydada baxılmır, müraciətində qeyd olunan qanuni və əsaslı hüququ təmin edilmir. Onun tərəfindən Naxçıvan MR İnzibati Məhkəməsinə müraciət olunaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyinin müvafiq 3 vəzifəli şəxslərinin onun N nömrəli hərbi hissə komandirinə N sentyabr 2022-ci il tarixli və 14 oktyabr 2023-cü il tarixli raportlarının, N nömrəli hərbi hissə komandirinə (X14 komandanına) 28 sentyabr 2022-ci il tarixli raportunun əsasında ehtiyata buraxılmağı barədə təqdimatın yuxarı komandanlığa göndərilməməsində ifadə olunan hərəkətsizliyinin qanunsuz hesab olunmasına; onun N sentyabr 2022-ci il tarixli, 28 sentyabr 2022-ci il tarixli və 14 oktyabr 2023-cü il tarixli raportlarına əsasən “N nömrəli hərbi hissənin rabitə bölməsi rəisinin X2 üzrə köməkçisi vəzifəsindən”, “kapitan” hərbi rütbəsindən Azərbaycan Respublikası “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməsinin 156-cı maddəsinin “j” bəndinə əsasən (öz arzusu ilə) Azərbaycan Respublikası Silahlı Qüvvələrdən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağı vəzifəsinin (öhdəliyinin) cavabdeh - Müdafiə Nazirliyinə həvalə edilməsinə dair qərar qəbul edilməsi xahiş edilmişdir. İddiaçı bildirir ki, inzibati məhkəməyə ərizə ilə müraciət etdikdən sonra, hərbi hissə komandanlığı tərəfindən müraciətinə qanunamüvafiq qaydada baxaraq təmin edilməsi üçün zəruri tədbirlər görmək əvəzinə hərbi hissə komandanlığı (cavabdeh orqanın müvafiq vəzifəli şəxsləri) tərəfindən ona qarşı qərəzli münasibət göstərilməyə başlanmış, “kapitan” hərbi rütbəsi qanunsuz və əsassız olaraq bir pillə aşağı - “baş leynenant” hərbi rütbəsinədək endirilmişdir. Belə ki, ona əsassız olaraq intizam cəzası verilmiş, heç bir səbəb və əsas olmadan, xidmət etdiyi N nömrəli hərbi hissə komandanlığı tərəfindən onun rütbəsinin bir pillə aşağı salınması haqqında təqdimat Azərbaycan Respublikası X11 – X14 Komandanlığına göndərilmiş, təqdimata təmin edilmiş və X11 – X14 komandanının 25 oktyabr 2023-cü il tarixli, 050R nömrəli əmri ilə hərbi rütbəsi bir pillə aşağı “baş leytenant” hərbi rütbəsinə salınmışdır. İddiaçı bu əmri qanunsuz və əsassız hesab edir. Belə ki, hərbi hissə komandanlığının, X1 barəsində qanunsuz və əsassız əmr (inzibati akt) qəbul edilməsinin səbəbi ondan ibarətdir ki, o, 10 ildən artıq müddətdə AR Silahlı Qüvvələrində xidmət etdiyi üçün ehtiyata buraxılmaq hüququ və onun qanuni və əsaslı müraciətinə baxılmadığından o, konstitusion hüquqlarından istifadə edib məhkəməyə müraciət etmişdir. Cavabdeh orqanın (Müdafiə nazirliyinin) müvafiq vəzifəli şəxsləri onun idda tələbinin qanuni və əsaslı olmasını bildiklərinə görə məhkəmə tərəfindən iddia tələbinin təmin ediləcəyindən xəbardardılar, lakin onu ehtiyata buraxarkən nüfuzunu ləkələməklə, daşıdığı rütbənin bir pillə aşağı salınması ilə onu müəyyən məhrumiyyətlərlə ehtiyata buraxmaq arzusundadırlar. Belə ki, ilkin olaraq onun barəsində qeyd olunan əlverişsiz, qanunsuz və əsassız əmrin qanuni və əsaslı olması görünüşünü yaratmaq üçün N nörməli hərbi hissə komandanlığı tərəfindən onu “zabitlərin şərəf məhkəməsi”nə cəlb etmək istəmiş, rütbəsinin bir pillə aşağı salınmasına dair təqdimatın yuxarı komandanlığa göndərilməsini kollegial orqanın verdiyi qərara əsasən olması görünüşü yaratmaq istəmişlər. Lakin, şərəf məhkəməsi 30 may 2015-ci il tarixli, 24 saylı Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi qulluqçuların (müddətli həqiqi hərbi qulluqçulardan başqa) şərəf məhkəmələri haqqında Əsasnamə”nin tələblərinə zidd olaraq keçirilmişdir. Bu səbəbdən şərəf məhkəməsi başlanarkən o, şərəf məhkəməsinin qanunazidd, qeyd etdiyi qərara zidd keçirilməsini bildirərək etirazını bildirmişdir. Hərbi hissə komandanlığı onun etirazının qanuni və əsaslı olmasını nəzərə alıb, şərəf məhkəməsinin keçirilməsini dayandırmışdır. Əsassız və səbəbsiz olaraq daşıdığı rütbənin salınması üçün qanunazidd qaydada ona intizam cəzaları verilmiş, qanuna (Əsasnaməyə) zidd qaydada şərəf məhkəməsi keçirilmiş, həmin qərardan narazı qalsa da, Əsasnamənin tələblərinə müvafiq olaraq müəyyən edilmiş müddətdə həmin qərardan şikayət etməyinə baxmayaraq şikayəti nəzərə alınmamış, Əsasnamənin tələblərinə uyğun olaraq araşdırma aparılmamış və ona cavab verilməmiş, şərəf məhkəməsi tərəfindən onun iştirakı olmadan baxılaraq qəbul edilmiş qərar icraya yönəldilmişdir. İddiaçı göstərilənləri rəhbər tutaraq, məhkəmədən X11 – X14 komandanının 25 oktyabr 2023-cü il tarixli, 050R nömrəli əmrinin (kapitan İddiaçı “hərbi rütbəsinin bir pillə aşağı “baş leytenant” hərbi rütbəsinə salınması” intizam cəzası verilməsi hissəsində) ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinin 29 mart 2024-cü il tarixli, 2- 1(122)-513/2024 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı "X11 – X14 komandanının 25 oktyabr 2023-cü il tarixli, 050R nömrəli əmrinin (kapitan İddiaçı “hərbi rütbəsinin bir pillə aşağı “baş leytenant” hərbi rütbəsinə salınması” intizam cəzası verilməsi hissəsində) ləğv edilməsi tələbi”nə dair iddiası mümkün sayılmamışdır. Məhkəmənin həmin qərardadından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(108)-52/2024 nömrəli qərardadı ilə təmin edilmiş, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 29 mart 2024-cü il tarixli, 2-1(122)-513/2024 nömrəli qərardadı ləğv edilərək inzibati iş Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə qaytarılmışdır. Bundan sonra Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 49-cu maddəsinin tələbinə müvafiq olaraq məhkəmə tərəfindən iş üzrə hazırlıq icraatına başlanaraq sərəncamla iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdeh inzibati orqana təqdim edilmiş və cavabdeh orqandan iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh orqanın yazılı etirazının qısa xülasəsi: Cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi iddiaya dair məhkəməyə ünvanlanan 18 sentyabr 2024-cü il tarixli yazılı münasibətini onunla əsaslandırmışdır ki, İddiaçı N nömrəli hərbi hissədə xidmət etdiyi müddət ərzində dəfələrlə intizam pozuntusuna yol vermiş, buna görə intizam qaydasında cəzalandırılmışdır. Onun 18 oktyabr 2023-cü il tarixə üzərindən götürülməmiş “Şiddətli töhmət", “Töhmət” intizam cəzası olmuşdur. Əlavə olaraq 12 oktyabr 2023-cü il, saat 08:20-də xidmət yerinə gedərkən əlində geyim forması ilə birlikdə götürülməsi qadağan olunmuş sellofan torba olduğuna görə Naxçıvan şəhəri, Doğum evinin yaxınlığında Naxçıvan Qarnizonu Hərbi Polisinin rəisi (Naxçıvan Qarnizonunun Hərbi Komendantı) tərəfindən saxlanılmışdır. Hərbi Polis rəisi Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və Qarovul Xidmətləri Nizamnaməsinin 25-ci, yəni “Qarnizon hərbi komendantı hərbi qulluqçuların ictimai yerlərdə və küçələrdə yüksək hərbi intizamına, qarnizon qarovullarının və patrullarının düzgün və sayıq xidmətinə, ... bilavasitə cavabdehdir. Qarnizon rəisinin qərarlarını həyata keçirərkən, qarnizon hərbi komendantının qarnizon rəisi adından sərəncamlar (əmrlər) vermək hüququ vardır; bu zaman o, ən vacib sərəncamları (əmrləri) barədə qarnizon rəisinə məlumat verir.”, 26-cı “Qarnizon hərbi komendantının vəzifəsidir: hərbi qulluqçular tərəfindən hərbi intizama, müəyyən edilmiş paltar formasının geyilməsi və əsgəri salamlaşma qaydalarına riayət olunmasına nəzarət etmək; qarnizonda hərbi intizamın vəziyyətini müntəzəm öyrənib onu yaxşılaşdırmağa, həmçinin intizamın pozulması səbəblərini aradan qaldırmağa dair təkliflərini qarnizon rəisinə bildirmək” və 27-ci “Qarnizon hərbi komendantı şəxsən və tabeliyində olanlar vasitəsilə hərbi qulluqçulardan ictimai yerlərdə və küçələrdə hərbi intizama, eləcə də qayda-qanuna ciddi surətdə riayət etmələrini cəsarətlə və qətiyyətlə tələb etməli, onların heç bir nalayiq hərəkətini cəzasız qoymamalıdır.” maddələrinə əsasən öz vəzifə borcunu yerinə yetirmiş, onu intizama dəvət etmiş, geyim qaydasını pozduğunu ona bildirərək irad tutmuşdur. Lakin, İddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 9-cu “Tutduğu vəzifələrinə və hərbi rütbələrinə görə hərbi qulluqçular biri o birinə münasibətdə rəis və yaxud tabe olandır”, 38-ci “Hərbi qulluqçular bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalıdırlar” və 42-ci “Hərbi qulluqçular həmişə yüksək mədəniyyət, təvazökarlıq və təmkinlik nümunəsi göstərməli, ictimai yerlərdə və küçədə özlərini ləyaqətlə aparmalıdırlar” tələblərini pozaraq Hərbi Polis rəisinin qanuni tələbinə əməl etməyərək özünə məxsus “Zabitin şəxsi Vəsiqəsi”ni təqdim etməmiş, özündən böyük rəisə qarşı kobudluq edərək ona “Gedin kimə istəyirsiniz məruzə edin” ifadəsini işlədərək onun icazəsi olmadan həmin yeri tərk etmişdir. Naxçıvan Qarnizonu Hərbi Polisinin rəisi polkovnik Oktay Babayev İddiaçı etdiyi intizamsızlığa görə cəzalandırılması üçün həmin tarixdə Müdafiə nazirinin X8 Komandanı qarşısında vəsatət qaldırmış, nəticədə İddiaçı “Kiçik zabitlərin Şərəf Məhkəməsi”ndə dinlənilməsi qərara alınmışdır. 17 oktyabr 2023-cü ildə İddiaçı “Şərəf Məhkəməsi”nin keçirilməsi üçün hazırlanmış zala daxil olmuş, lakin, o yenə də intizamsızlığına davam edərək hərbi qulluqçuya yaraşmayan hərəkətə yol vermiş, “Şərəf Məhkəməsi” heyətinə və zalda oturan zabitlərə qarşı hörmətsizlik nümayiş etdirərək zalı özbaşına tərk etmişdir. Bundan sonra onun barəsində ciddi tədbir görülməsi üçün N nömrəli hərbi hissə komandiri tərəfindən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 69cu (hərbi rütbənin bir pillə aşağı salınması) maddəsinə və Azərbaycan Respublikası Silahlı X5 uyğun olaraq onun hərbi rütbəsinin “Baş leytenant” hərbi rütbəsinədək bir pillə aşağı salınması üçün təqdimat göndərilmiş, nəticədə Müdafiə nazirinin X8 Komandanının 25 oktyabr 2023-cü il tarixli, 050r nömrəli əmri ilə İddiaçı hərbi rütbəsi intizam cəzası qaydasında bir pillə aşağı - “baş leytenant” hərbi rütbəsinə endirilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq İddiaçı iddiası əsassız hesab olunaraq təmin edilməməsi məhkəmədən xahiş edilmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin sərəncamı ilə işin şifahi məhkəmə baxışına keçirilməsi üçün kifayət qədər əsaslar olduğu nəzərə alınaraq şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası 10 yanvar 2025-ci il tarixə təyin olunmuşdur. İddiaçının vəkili və nümayəndəsi Vəkil və cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən iddiaçının vəkili və nümayəndəsinin, cavabdehin nümayəndəsinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. 10 yanvar 2025-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən İddiaçı tam dəqiq ifadə olunması üçün iddia tələbini dəqiqləşdirirərək tələbinin “X11 – X14 komandanının 25 oktyabr 2023-cü il tarixli, 050R nömrəli əmrinin (kapitan İddiaçı “hərbi rütbəsinin bir pillə aşağı “baş leytenant” hərbi rütbəsinə salınması” intizam cəzası verilməsi hissəsində) ləğv edilməsi və “kapitan” hərbi rütbəsinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” olduğunu bildirib, həmin tələb üzrə işə baxılaraq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin protokol qərardadı ilə dəqiqləşdirilmiş iddia tələbi icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Yazılı sübutlar: İş materiallarında olan: - AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxxxx 1989-cu ildə doğulmuşdur. - 25 iyun 2012-ci il tarixdə verilmiş, MN seriyalı, ******* nömrəli şəxsi vəsiqənin surətinin 11-ci səhifəsindən məlum olur ki, Cəfərov X12 Ümumqoşun Ordu Komandanın xx.xx.2019-cu il tarixli, 0136 nömrəli əmrlə N nömrəli hərbi hissədə rabitə bölməsi rəisinin köməkçisi vəzifəsinə təyin olunmuşdur. - Müdafiə Nazirinin X8 Komandanının 25 oktyabr 2023-cü il tarixli, 050R nömrəli əmrindən çıxarışdan aydın olur ki, N nömrəli hərbi hissənin Rabitə bölmə rəisinin avtomatik idarəetmə sistemlərinə nəzarət və informasiya əlaqəsi üzrə köməkçisi kapitan İddiaçı hərbi rütbəsi bir pillə (baş leytenant hərbi rütbəsinədək) aşağı salınmışdır. - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin N oktyabr 2023-cü il tarixli, 299 nömrəli əmrindən görünür ki, Rabitə bölmə rəisinin X2 üzrə köməkçisi kapitan İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 69-cu maddəsinə (intizam cəzası qaydasında) müvafiq olaraq hərbi rütbəsinin “baş leytenant” hərbi rütbəsinədək bir pillə aşağı salınmasını elan edilmişdir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin N fevral 2024-cü il tarixli, 44 nömrəli arayışından və eyni tarixli aktından məlum olur ki, İddiaçı kapitan hərbi rütbəsinin bir pillə aşağı salınması barədə Müdafiə nazirinin X8 Komandanının xx.xx.2023-cü il tarixli, 050r nömrəli əmri N nömrəli hərbi hissə komandirinin xx.xx.2023-cü il tarixli, 299 nömrəli əmri ilə xx.xx.2023-cü il tarixdə saat 15:30-da baş leytenant İddiaçı da iştirak etdiyi hərbi hissənin düzülüşündə baş leytenant İddiaçı və hərbi hissənin idarə heyətinə şifahi olaraq elan edilmişdir. - Naxçıvan Qarnizonu Hərbi Polis rəisi tərəfindən Müdafiə nazirinin X8 Komandanına ünvanlanmış xx.xx.2023-cü il tarixli raportdan görünür ki, Azərbaycan Respublikası Silahlı Qüwələrinin Qarnizon və Qarovul Xidmətləri izamnaməsinin 27-ci maddəsinin “Qarnizon hərbi komendantı şəxsən və tabeliyində olanlar vasitəsilə hərbi qulluqçulardan ictimai yerlərdə və küçələrdə hərbi intizama, eləcə də qayda-qanuna ciddi surətdə riayət etmələrini cəsarətlə və qətiyyətlə tələb etməli, onların heç bir nalayiq hərəkətini cəzasız qoymamalıdır” tələblərinə sadiq qalaraq vəzifə borcumuzu yerinə yetirən zaman 12 oktyabr 2023-cü il tarixdə saat 08:20-də N nömrəli hərbi hissənin hərbi qulluqçusu kapitan Cəfərov X13 şəhər “Perinatal mərkəzi”in qarşısında əlində sellofan torba olduğuna görə saxlanılarkən, şəxsi vəsiqəsini təqdim etməmiş, böyük rəisə qarşı kobudluq edərək tutulan iradlardan nəticə çıxarmamış və “Gedin kimə istəyirsiniz məruzə edin” ifadəsini işlədərək getmişdir. Bununla əlaqədar olaraq kapitan İddiaçı barəsində tədbir görülməsinə göstəriş verilməsi xahiş edilmişdir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə hərbi hissənin komandiri vəzifəsini müvəqqəti icra edən polkovnik-leytenant Rüstəm Əliyev tərəfindən Müdafiə nazirinin X8 Komandanına ünvanlanmış xx.xx.2023-cü il tarixli, 1664 nömrəli raportdan məlum olur ki, N nömrəli hərbi hissənin rabitə bölmə rəisinin avtomatik idarəetmə sistemlərinə nəzarət və informasiya əlaqəsi üzrə köməkçisi kapitan İddiaçı xx.xx.2023-cü il tarixdə X11-X15 Komandanının zabitlər üçün təyin etdiyi geyim formasını pozduğuna, yuxarı komandanlıq tərəfindən verilən göstərişinə baxmayaraq, hərbi qulluqçuların istifadəsi qadağan olunmuş sellofan paketdən istifadə etdiyinə görə Naxçıvan Qarnizonu Hərbi Polisinin rəisi tərəfindən saxlanılaraq irad bildirilmiş, lakin kapitan İddiaçı etdiyi intizam pozuntuları ilə yanaşı X9 rəisinə qarşı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38-ci maddəsinin (hərbi qulluqçular bir-birinə münasibətdə həmişə nəzakətli təmkinli olmalıdırlar) tələblərini kobud surətdə pozmuşdur. Belə ki, yuxarıda qeyd olunanlara və hərbi hissənin intizamını aşağı saldığına görə kapitan İddiaçı X10 "kiçik zabitlərin şərəf məhkəməsi”ndə dindirilməsi barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılması xahiş edilmişdir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə hərbi hissəsi tərəfindən İddiaçı barəsində tərtib edilmiş xidməti xasiyyətnamədən məlum olur ki, Kapitan İddiaçı 2019-cu ilin noyabr ayından N nömrəli hərbi hissədə xidmət edir. Xidmət etdiyi müddət ərzində özünü nizam-intizamlı və vəzifə borclarının icrasına məsuliyyətlə yanaşan zabit kimi göstərməyə çalışsa da, son zamanlar buna nail ola bilməmişdir. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nizamnamələrini bilir və gündəlik xidmətində onların tələblərini yerinə yetirməyə çətinlik çəkir. Bölmədə olan rabitə vasitələrinin qorunub saxlanmasına və daima istismara hazır vəziyyətdə olmasına zəif nəzarət edir. Komandir tərəfindən verilən əmr və tapşırıqların icrasına dəfələrlə məsuliyyətsiz yanaşır. Onun şəxsi problemləri olduğu üçün xidmətini təşkil etməkdə çətinlik çəkir. Bunun nəticəsi olaraq son zamanlar davranış qaydalarında aqressiv reaksiya göstərmə halları müşahidə olunur. Belə ki, xx.xx.2023-cü il tarixdə böyük rəislərə qarşı Azərbaycan Respublikası Daxili Xidmət Nizamnaməsinin 38-ci maddəsinin (hərbi qulluqçular bir-birinə münasibətdə həmiş nəzakətli və təmkinli olmalıdırlar) tələblərini kobud surətdə pozan bir zabit kimi göstərmişdir. Vəzifəsinə aid rəhbər sənədləri zəif bilir və bilik səviyyəsinin artırılması üçün səy göstərməyə çalışmır. İxtisasına görə biliyi var və onu tətbiq etməyə səy göstərmir. Fiziki cəhətdən sağlamdır. - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə hərbi hissənin komandiri vəzifəsini müvəqqəti icra edən polkovnik-leytenant Rüstəm Əliyev tərəfindən İddiaçı barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli təqdimatın məzmunundan aydın olur ki, təqdimat onun “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 69-cu maddəsinə və Azərbaycan Respublikası Silahlı X5 müvafiq olaraq hərbi rütbəsinin bir pillə “baş leytenant” hərbi rütbəsinədək aşağı salınması üçün təqdim olunur. Kapitan İddiaçı xx.xx.2019-cu il tarixdən hərbi hissədə xidmət edir. Xidmət etdiyi müddətdə özünü intizamlı və işgüzar bir zabit kimi göstərməyə çalışsa da, son zamanlar buna nail ola bilməmişdir. O, vəzifəsinə aid rəhbər sənədləri zəif bilir və bilik səviyyəsinin artırılması üçün öz üzərində çalışmır. O, xx.xx.2023-cü il tarixdə yuxarı komandanlığın göstərişinə əsasən zabitlər üçün təyin olunmuş geyim formasını pozduğuna və verilən göstərişə baxmayaraq hərbi qulluqçular üçün hərbi geyim formasında qadağan olunmuş sellofan paketdən istifadə etdiyinə görə Naxçıvan Qarnizonu Hərbi Polisinin rəisi tərəfindən saxlanılaraq irad bildirilmiş, lakin kapitan İddiaçı etdiyi intizam pozuntuları ilə yanaşı Naxçıvan Qarnizonu Hərbi Polisinin rəisinə qarşı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38-ci maddəsinin (hərbi qulluqçular bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalıdırlar) tələblərini kobud surətdə pozduğuna görə xx.xx.2023-cü il tarixdə işinə X10 kiçik zabitlərinin şərəf məhkəməsində baxılması üçün çıxarılmış, lakin o, şərəf məhkəməsində yuxarı rəislərə və məhkəmə zalında iştirak edən zabit heyətinə qarşı hörmətsizlik edərək heç bu əsaslı səbəb olmadan məhkəmə zalını tərk etmiş, etdiyi bu hərəkətlə digər hərbi qulluqçalara pis nümunə olmuşdur. Yuxarıda qeyd olunanları nəzərə alaraq, kapitan İddiaçı intizam cəzası, qaydasında hərbi rütbəsinin bir pillə “baş leytenant” hərbi rütbəsinədək aşağı salınmasını məqsədəuyğun hesab edilir. - İddiaçı ilə aparılmış xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə aparılmış söhbət vərəqələrindən aydın olur ki, İddiaçı ona verilən intizam cəzaları ilə razı olmadığını qeyd edərək verilən cəzalar əsassız və qərəzli olaraq verilib, və Azərbaycan Respublikası ”Hərbi xidmətkeçmə haqqında” Əsasnaməsinin 156-cı maddəsinin “j” bəndi ilə tərxis olunmasına köməklik göstərilməsini xahiş etmişdir. - Azərbaycan Respublikası Müdafiə Nazirinin birinci müavini-Azərbaycan Ordusunun Baş Qərargah Rəisinin “Azərbaycan Ordusunda hərbi nəzakət və hərbi qulluqçuların davranışı qaydalarının tətbiqi barədə” 09 mart 2023-cü il tarixli, 34 nömrəli əmrinə əlavə edilmiş “Azərbaycan Ordusunda hərbi nəzakət və hərbi qulluqçuların davranışı Qaydaları”nın 35-ci bəndinə əsasən hərbi qulluqçu hərbi geyim formasında olarkən hərbi formaya uyğun olmayan paket və ya torba daşımamalıdır. - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə hərbi hissəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 18 dekabr 2024-cü il tarixli, 1520 nömrəli məktubdan görünür ki, hərbi hissədə "Azərbaycan Respublikasının Müdafiə Nazirliyindən daxil olan əmr, sərəncam va direktivlərdən çıxarışlar" qovluğuna baxış keçirilmiş, lakin Müdafiə nazirinin birinci müavini-Azərbaycan Ordusunun Baş Qərargah rəisinin xx.xx.2023-cü il tarixli, 34 nömrəli əmrinin N nömrəli hərbi hissəyə daxil olmadığı aşkar olunmuşdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: - 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin İV hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. - 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Həmin maddənin İİ hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun: - 1.3-cü maddəsinə əsasən heç kəsin ixtiyarı yoxdur ki, hərbi qulluqçuları və onların ailə üzvlərini Azərbaycan Respublikasının Konstitusiyasında və qanunlarında Azərbaycan Respublikasının vətəndaşları üçün nəzərdə tutulmuş hər hansı hüquq və azadlıqlardan məhrum etsin və ya onların hüquqlarını məhdudlaşdırsın; buna yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına müvafiq surətdə yol verilir. - 2-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq hərbi qulluqçu statusuna Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının sərhəd qoşunlarında və Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə olan Azərbaycan Respublikası vətəndaşları və başqa dövlətlərin vətəndaşları, habelə toplanışlarda olan hərbi vəzifəlilər malikdirlər - 16.1-ci maddəsinə əsasən hərbi qulluqçu “Hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hazırlığı, xidmət keçməsi və vəzifəsi nəzərə alınmaqla növbəti hərbi rütbənin vaxtında verilməsi hüququna malikdir. Hərbi xidmət vəzifələrinin icrası zamanı yüksək mənəvi-döyüş keyfiyyətləri göstərmiş, vəzifə borcunu nümunəvi yerinə yetirmiş zabitlərə növbəti hərbi rütbə “Hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda onların vəzifələri müqabilində nəzərdə tutulmuş hərbi rütbədən bir pillə yüksək və ya verilmiş hərbi rütbədən bir pillə yüksək hərbi rütbə vaxtından əvvəl verilə bilər. - 26.2-ci maddəsinə əsasən onlara qarşı qanunsuz hərəkətlər nəticəsində həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış, hərbi rütbədən məhrum edilmiş və ya hərbi rütbəsi kiçildilmiş zabitlər və müddətindən artıq həqiqi hərbi xidmət qulluqçuları məhkəmənin qərarı ilə əvvəlki rütbəyə, həqiqi hərbi xidmətə, əvvəlki xidmət yerində və ya hərbi təhsil müəssisəsində təhsil aldığı yerdə tutduğu vəzifədən aşağı olmayan vəzifəyə bərpa edilir. Həqiqi hərbi xidmətdən qanunsuz buraxılmaq günündən hərbi xidmətə bərpa gününədək keçən vaxt, qanunsuz həbsdə saxlanmaq və ya qanunsuz məhkumluğun nəticəsində cəza çəkmək vaxtı hərbi qulluqçuların həqiqi hərbi xidmət müddətinə, hərbi rütbədə xidmət müddətinə, müvafiq vəzifələrdə xidmət müddətinə, pensiya təyin edilmək üçün xidmət müddətinə, müddətli həqiqi hərbi xidmət qulluqçularının isə xidmət hərbi xidmət müddətinə daxil edilir. - 30.1-ci maddəsinə əsasən hərbi qulluqçular hüquq pozuntuları törətmək üstündə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq surətdə məsuliyyət daşıyırlar. Hərbi rütbəsindən və xidmət vəziyyətindən asılı olmayaraq hərbi qulluqçular qanun qarşısında bərabərdirlər. - 30.2-ci maddəsinə əsasən hərbi qulluqçular intizam nizamnamələrində bilavasitə nəzərdə tutulmuş hallarda hərbi qulluqçular inzibati xətalara görə intizam məsuliyyəti, qalan hallarda isə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş qaydada inzibati məsuliyyət daşıyırlar. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun: - 2.0.2-ci maddəsinə əsasən hərbi xidmət – dövlət qulluğunun xüsusi növü olmaqla Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətlərdə Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin həyata keçirdikləri xidməti fəaliyyətdir. - 30.1-ci maddəsinə əsasən hərbi qulluqçuya və hərbi vəzifəliyə onun tutduğu vəzifədən, hərbi və ya xüsusi hazırlığından, hərbi xidmət müddətindən, ehtiyatda olma vəziyyətindən, qoşun növünə və ya xidmətinə mənsubiyyətindən və xidmətlərindən asılı olaraq müvafiq hərbi rütbə verilir. - 33.2-ci maddəsinə əsasən hərbi qulluqçular (zabitlər istisna olmaqla) Azərbaycan Respublikası Silahlı X6 ilə müəyyən olunmuş qaydada hərbi rütbədən məhrum edilir və onların hərbi rütbələri bu rütbələri vermək hüququ olan vəzifəli şəxslər tərəfindən bərpa edilir. - 33.3-cü maddəsinə əsasən hərbi qulluqçuların və hərbi vəzifəlilərin hərbi rütbələri (əsgər, matros, kiçik gizir, kiçik miçman, kiçik leytenant hərbi rütbəsinə malik olanlar istisna olmaqla) digər intizam tənbehi tədbirləri müsbət nəticə vermədikdə bir pillə aşağı salına bilər. - 33.4-cü maddəsinə əsasən ali zabitlərin hərbi rütbələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən, digər hərbi qulluqçuların, habelə hərbi vəzifəlilərin və istefada olan şəxslərin hərbi rütbələri isə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə və “Azərbaycan Respublikası Silahlı X6”ndə müəyyən edilən qaydada bir pillə aşağı salınır və bərpa olunur. Azərbaycan Respublikasının 03 oktyabr 1997-ci il tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin: - 69-cu maddəsinə əsasən həqiqi hərbi xidmətdə olan hərbi qulluqçuların hərbi rütbələri (əsgər və ya matros, kiçik gizir və ya kiçik miçman, kiçik leytenant rütbəsində olanlardan başqa) intizam cəzası tədbiri kimi və ya zabitlərin, gizirlərin, miçmanların şərəf məhkəməsinin vəsatəti əsasında Azərbaycan Respublikası Silahlı X6 ilə belə hüquq verilmiş birbaşa rəisin qərarı ilə bir pillə aşağı salına bilər. Ali zabitlərin rütbələrinin aşağı salınması və aşağı salındıqdan sonra hərbi rütbədə bərpa edilməsini Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. Hərbi rütbəsi aşağı salınmış hərbi qulluqçular tutduqları vəzifədən asılı olmayaraq, Azərbaycan Respublikası Silahlı X6 ilə müəyyən edilmiş müddət bitdikdə, hərbi rütbənin aşağı salınması haqqında qərar qəbul etmiş, onlara bərabər və onlardan yuxarı səlahiyyətlərə malik olan rəislərin əmrləri ilə hərbi rütbədə bərpa edilirlər. Hərbi qulluqçunun əvvəlki rütbəsi bərpa edilənə və növbəti hərbi rütbə verilənə kimi hərbi rütbəsinin təkrarən aşağı salınmasına yol verilmir. - 70-ci maddəsinə əsasən hərbi rütbədən məhrum edilən şəxslər və ya haqqında qeyri-qanuni hərəkətlər edilməklə əlaqədar hərbi rütbəsi aşağı salınmış hərbi qulluqçular əvvəlki hərbi rütbəyə məhkəmənin qərarı ilə bərpa edilirlər. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili xidmət Nizamnaməsinin: 7-ci maddəsinə əsasən bütün hərbi qulluqçular rütbələrindən və vəzifələrindən asılı olmayaraq Qanun qarşısında bərabərdirlər və onlar: hərbi intizamın və ictimai asayişin pozulması ilə bağlı nalayiq hərəkətlərə, eləcə də əxlaq qaydalarına zidd hərəkətlərə görə — ictimai təsir tədbirlərinə; hərbi intizamı pozduqlarına görə — Azərbaycan Respublikası Silahlı X3 müəyyən edilmiş qaydada intizam məsuliyyətinə; inzibati xətalara görə - Azərbaycan Respublikası Silahlı X3 bilavasitə nəzərdə tutulmuş hallarda intizam məsuliyyətinə, qalan hallarda isə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş qaydada inzibati məsuliyyətə; mülki qanunvericiliklə nəzərdə tutulmuş öhdəliklərin yerinə yetirilməməsinə görə və ya hərbi xidmət vəzifələrini icra etmədikləri vaxt dövlətə və vətəndaşlara vurduqları ziyana görə -mülki-hüquqi məsuliyyətə; hərbi xidməti yerinə yetirərkən, dövlətə vurduqları maddi ziyana görə - “Hərbi qulluqçuların dövlətə vurduqları ziyana görə maddi məsuliyyəti haqqında” Əsasnaməyə müvafiq olaraq maddi məsuliyyətə; cinayət törətdiklərinə görə — cinayət məsuliyyətinə cəlb oluna bilərlər. Azərbaycan Respublikası Silahlı X4: - 67-ci maddəsinə əsasən Komandirlərin (rəislərin) tabeliklərində olan zabitlərə aşağıdakı intizam cəzaları vermək hüququ vardır: a) məzəmmət; b) töhmət; v) şiddətli töhmət; q) hauptvaxtda saxlanılmaqla kiçik zabitləri 10 sutkayadək, baş zabitləri 5 sutkayadək həbs etmə; ğ) vəzifələrinə tam uyğun olmamaları barədə xəbərdarlıq; d) aşağı vəzifəyə keçirmə; e) hərbi rütbəsini bir pillə aşağı salma intizam cəzaları verilə bilər. - 75-ci maddəsinə əsasən Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanı rəhbərinin müavinlərinin silahlı qüvvələr növləri komandanlarına verilmiş hüquqlardan əlavə kapitan və kapitan-leytenantdan başlayaraq aşağı hərbi rütbəli zabitlərin rütbələrini aşağı salmaq hüquqları vardır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. - 11.2-ci maddəsinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. - 14.1-ci maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. -14.2-ci maddəsinə əsasən diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. -14.3-ci maddəsinə əsasən diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. - 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. - 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Məhkəmənin əsaslandırması: “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Hazırkı mübahisədə iddiaçının əsas hüquqi marağı X11 – X14 komandanının 25 oktyabr 2023-cü il tarixli, 050R nömrəli əmrinin (kapitan İddiaçı “hərbi rütbəsinin bir pillə aşağı “baş leytenant” hərbi rütbəsinə salınması” intizam cəzası verilməsi hissəsində) ləğv edilməsi və “kapitan” hərbi rütbəsinin bərpa edilməsidir. İddiaçı barəsində tərtib edilmiş təqdimatdan aydın olur ki, xx.xx.2023-cü il tarixdə yuxarı komandanlığın göstərişinə əsasən zabitlər üçün təyin olunmuş geyim formasını pozduğuna və verilən göstərişə baxmayaraq hərbi qulluqçular üçün hərbi geyim formasında qadağan olunmuş sellofan paketdən istifadə etdiyinə görə Naxçıvan Qarnizonu Hərbi Polisinin rəisi tərəfindən saxlanılaraq irad bildirilmiş, lakin kapitan İddiaçı etdiyi intizam pozuntuları ilə yanaşı Naxçıvan Qarnizonu Hərbi Polisinin rəisinə qarşı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38-ci maddəsinin (hərbi qulluqçular bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalıdırlar) tələblərini kobud surətdə pozduğuna görə xx.xx.2023-cü il tarixdə işinə X10 kiçik zabitlərinin şərəf məhkəməsində baxılması üçün çıxarılmış, lakin o, şərəf məhkəməsində yuxarı rəislərə və məhkəmə zalında iştirak edən zabit heyətinə qarşı hörmətsizlik edərək heç bu əsaslı səbəb olmadan məhkəmə zalını tərk etmiş, etdiyi bu hərəkətlə digər hərbi qulluqçalara pis nümunə olmuşdur. Bundan sonra onun barəsində ciddi tədbir görülməsi üçün N nömrəli hərbi hissə komandiri tərəfindən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 69-cu (hərbi rütbənin bir pillə aşağı salınması) maddəsinə və Azərbaycan Respublikası Silahlı X5 uyğun olaraq onun hərbi rütbəsinin “Baş leytenant” hərbi rütbəsinədək bir pillə aşağı salınması üçün təqdimat göndərilmiş, nəticədə Müdafiə nazirinin X8 Komandanının 25 oktyabr 2023-cü il tarixli, 050r nömrəli əmri ilə İddiaçı hərbi rütbəsi intizam cəzası qaydasında bir pillə aşağı - “baş leytenant” hərbi rütbəsinə endirilmişdir. Cavabdeh inzibati orqan məhkəməyə təqdim edilən etirazda öz mövqeyini onunla əsaslandırmışdır ki, İddiaçı N nömrəli hərbi hissədə xidmət etdiyi müddət ərzində dəfələrlə intizam pozuntusuna yol vermiş, buna görə intizam qaydasında cəzalandırılmışdır. Onun 18 oktyabr 2023-cü il tarixə üzərindən götürülməmiş “Şiddətli töhmət", “Töhmət” intizam cəzası olmuşdur. Əlavə olaraq 12 oktyabr 2023-cü il, saat 08:20-də xidmət yerinə gedərkən əlində geyim forması ilə birlikdə götürülməsi qadağan olunmuş sellofan torba olduğuna görə Naxçıvan şəhəri, Doğum evinin yaxınlığında Naxçıvan Qarnizonu Hərbi Polisinin rəisi (Naxçıvan Qarnizonunun Hərbi Komendantı) tərəfindən saxlanılmışdır. Məhkəmə cavabdeh inzibati orqanın hüquqi mövqeyi ilə razılaşmayaraq hesab edir ki, X11 – X14 komandanının 25 oktyabr 2023-cü il tarixli, 050R nömrəli əmri N nömrəli hərbi hissənin Rabitə bölmə rəisinin avtomatik idarəetmə sistemlərinə nəzarət və informasiya əlaqəsi üzrə köməkçisi kapitan İddiaçı hərbi rütbəsinin bir pillə (baş leytenant hərbi rütbəsinədək) aşağı salınması intizam cəzası verilməsi hissəsində qanunsuz və əssasız olmuşdur. Məhkəmə hesab edir ki, Naxçıvan Qarnizonu Hərbi Polisinin rəisi (Naxçıvan Qarnizonunun Hərbi Komendantı) tərəfindən iddiaçının saxlanılmasına əsas olmuş iddiaçının əlində daşıdığı sellofan torbanın əldə daşınmasının iddiaçı tərəfindən hərbi geyim qaydalarının pozulması kimi qiymətləndirilə bilməz. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 25 iyun tarixli, 514 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələri hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanları haqqında” Əsasnamədə hərbi qulluqçuların əlində sellofan torba daşımalarının qadağan olunması nəzədə tutulmamışdır. Məhkəmə araşdırması zamanı cavabdeh inzibati orqan tərəfindən təqdim edilmiş geyim forması ilə birlikdə sellofan torbanın götürülməsinin qadağan olunması ilə bağlı Azərbaycan Respublikası Müdafiə Nazirinin birinci müavini-Azərbaycan Ordusunun Baş Qərargah Rəisinin “Azərbaycan Ordusunda hərbi nəzakət və hərbi qulluqçuların davranışı qaydalarının tətbiqi barədə” xx.xx.2023-cü il tarixli, 34 nömrəli əmrinin olmasına münasibətdə məhkəmə qeyd edir ki, iddiaçının məhkəmədə verdiyi izahatlardan aydın olur ki, iddiaçı geyim forması ilə birlikdə sellofan torbanın götürülməsinin qadağan olunması ilə bağlı əmrdən xəbərdar olmamış, həmin əmrlə xidmət etdiyi dövrdə tanış edilməmişdir. Həmçinin məhkəmənin sorğusuna əsasən iddiaçının həmin dövrdə və hal-hazırda xidmət etdiyi N nömrəli hərbi hissədən daxil olmuş məktubdan aydın olur ki, sözegedən əmr hərbi qulluqçuların tanış edilməsi üçün N nömrəli hərbi hissəyə daxil olmamışdır. Belə olan halda halda həmin əmrin iddiaçının xidmət etdiyi N nömrəli hərbi hissəyə daxil olmaması iddiaçının həmin əmrdən xəbərdar olma imkanını istisna edir. Cavabdeh orqanın iddiaçının rütbəsinin aşağı salınmasına səbəb olaraq göstərdiyi digər əməl kimi, Naxçıvan Qarnizonu Hərbi Polisinin rəisinə qarşı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38-ci maddəsinin (hərbi qulluqçular birbirinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalıdırlar) tələblərini kobud surətdə pozmasına münasibətdə məhkəmə qeyd edir ki, cavabdeh orqan tərəfindən məhkəməyə bu halı təsdiq edən sübut təqdim edilməmişdir. Belə ki, bu halı təsdiq edən sübut kimi yalnız Naxçıvan Qarnizonu Hərbi Polisinin rəisinin X11 X14 komandanına ünvanlanan 12 oktyabr 2023-cü il tarixli raportuna əsaslanılmış və əlavə sübutlar təqdim edilməmişdir. Bundan əlavə məhkəmə qeyd edir ki, iş materiallarından və cavabdeh orqan tərəfindən 18 oktyabr 2023-cü il tarixdə iddiaçı ilə aparılmış söhbət vərəqəsindən aydın olur ki, hələ iddiaçının hərbi rütbəsinin bir pillə aşağı yendirilməsi barədə 25 oktyabr 2023-cü il tarixli, 050R nömrəli əmrinin qəbulundan əvvəl o, Azərbaycan Respublikasının Müdafiə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində 10 ildən artıq müddətdə zabit kimi xidmət etmiş hərbi qulluqçu kimi öz arzusu ilə ehtiyata buraxılması barədə bir neçə dəfə raportunu müvafiq komanda üzrə yuxarı rəhbərliyinə təqdim etmiş və dəfələrlə öz arzusu ilə ehtiyata buraxılmasını yuxarı komandanlıqdan xahiş etmişdir. Lakin yuxarı komandanlıq bu halı diqqətə almamış və iddiaçının ehtiyata buraxılması barədə heç bir tədbir görməmişdir. Halbuki, 10 ildən artıq zabit rütbəsində xidmət etmiş hərbi qulluqçu kimi onun müvafiq hüququ da yaranmışdır. Bu hal da müvafiq əmrin adekvat addım və qərəzsiz hərəkət kimi qiymətləndirilməsinin əleyhinə çıxış edir. Azərbaycan Respublikası Silahlı X4 85-ci maddəsində qeyd olunur ki, hər bir intizam cəzası hərbi intizamın möhkəmləndirilməsi və hərbi qulluqçuların tərbiyə edilməsi tədbiri kimi törədilən nalayiq hərəkətin ağırlığına və təqsirin dərəcəsinə müvafiq olmalıdır. Cəzanın növü və dərəcəsi təyin edilərkən, nalayiq hərəkətin xarakteri, törədilmə şəraiti, təqsirkarın bundan əvvəlki davranışı, hərbi qulluqdakı xidmət müddəti və qulluq qaydası ilə tanışlıq dərəcəsi nəzərə alınır. Nizamnamənin 87-ci maddəsinə əsasən komandir (rəis) intizam cəzası verərkən, onun növünün və müddətinin təyin edilməsində tələsməməli, tabeliyində olan şəxsin ləyaqətinə hörmət etməli və kobudluğa yol verməməlidir. Göstərilən bütün xüsusatların məcmusunda məhkəmə hesab edir ki, hətta iddiaçının xidməti fəaliyyətində sadalanan nöqsanlar mövcud olsa belə, seçilmiş intizam tədbiri, yəni rütbəsinin bir pillə aşağı salınması yuxarıda sadalanan normalara və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsində təsbit edilmiş “mütənasiblik prinsipi”nə ziddir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinə əsasən inzibati orqan xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir. Göründüyü kimi, cavabdeh inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında gəlinən nəticə həmin səlahiyyətin məqsədinə uyğun olmamış, bununla da, “İnzibati icraat haqqında” Qanunun tələbləri pozulmuşdur. Beləliklə, məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı "X11 – X14 komandanının 25 oktyabr 2023-cü il tarixli, 050R nömrəli əmrinin (kapitan İddiaçı “hərbi rütbəsinin bir pillə aşağı “baş leytenant” hərbi rütbəsinə salınması” intizam cəzası verilməsi hissəsində) ləğv edilməsi və “kapitan” hərbi rütbəsinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası təmin edilməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1, 4.1, 14.1, 32.1, 58.7, 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddia təmin edilsin. X11 – X14 komandanının 25 oktyabr 2023-cü il tarixli, 050R nömrəli əmri (kapitan İddiaçı “hərbi rütbəsinin bir pillə aşağı “baş leytenant” hərbi rütbəsinə salınması” intizam cəzası verilməsi hissəsində) ləğv edilsin və “kapitan” hərbi rütbəsinin bərpa edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Tural Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar