Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-1150/2025 26.12.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: X2 Heydər oğlunun sədrliyi, Əliyev Adəm Qurban oğlunun katibliyi, İddiaçı və cavabdeh Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinə qarşı "tam orta təhsil almağa icazənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddianın mümkünlük məsələsinə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tam orta təhsil almağa icazənin verilməsi öhdəliyinin cavabdeh Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunaraq hazırlıq icraatı ilə bağlı məhkəmə iclası 26 dekabr 2025-ci il tarixə təyin olunmuşdur. Məhkəmə tərəfindən iddiaçıya 01 dekabr 2025-ci il tarixli, 2-1(122)-1150/2025 nömrəli yardım məktubu ünvanlanaraq, habelə məhkəmə iclasında bilavasitə hüquqi yardım göstərilərək icbari təhsil yaşının ötürüldüyü bildirilmiş, təhsil aldığı təhsil müəssisəsinə müraciət etməsi üçün ona vaxt müəyyən olunmuşdur. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri araşdıraraq belə qənaətə gəlir ki, aşağıda qeyd edilmiş əsaslara görə iddia mümkün sayılmamalıdır. Tətbiq edilən hüquq: “Ümumi təhsil pilləsində təhsilalanların yekun attestasiyasının aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 dekabr 2016-cı il tarixli, 498 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ümumi təhsil pilləsində təhsilalanların yekun attestasiyasının aparılması” Qaydalarının: 1.10-cu bəndinə əsasən ümumi orta təhsil səviyyəsi üzrə müvafiq sinfi bitirdikdən sonra təhsilini davam etdirməyən və hər hansı dərs ilində dərs məşğələlərində iştirak etmədiyi üçün fənn (fənlər) üzrə biliyi qiymətləndirilməyən buraxılış sinif şagirdləri yekun attestasiyaya, o cümlədən buraxılış imtahanına buraxılmırlar. 3.1-ci bəndinə əsasən ümumi orta təhsil səviyyəsini əvvəlki dərs illərində başa vuran, lakin yekun attestasiyaya buraxılmayan və ya eksternat qaydasında cari tədris ilində yekun attestasiyada iştirak etmək üçün təhsil aldıqları təhsil müəssisələrinə müraciət etmiş və imtahana buraxılması haqqında həmin təhsil müəssisəsinin yaratdığı xüsusi komissiya tərəfindən qərar qəbul edilən şagirdlər buraxılış imtahanını bu Qaydaların 2.2-ci və 2.4-cü bəndlərində nəzərdə tutulmuş qaydada verirlər. 3.4-cü bəndinə əsasən tam orta təhsil səviyyəsi üzrə eksternat qaydasında yekun attestasiyaya yalnız ümumi orta təhsil səviyyəsini başa vurmuş şəxslər buraxılırlar. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 21 fevral tarixli, 242 nömrəli əmri ilə təsdiq edilmiş “Ümumi orta və tam orta təhsil səviyyələri üzrə sərbəst (eksternat) təhsilalma formasında təhsil alan şəxslərin buraxılış imtahanlarının təşkili haqqında” Qaydalarının: 2-ci bəndinə əsasən sərbəst (eksternat) təhsilalma formasının tətbiqi müxtəlif səbəblərdən ümumi orta və ya tam orta təhsil səviyyəsini başa vura bilməmiş şəxslərə həmin səviyyələr üzrə buraxılış imtahanı verib müvafiq təhsil sənədi almaq üçün şərait yaratmaq məqsədi daşıyır. 3-cü bəndinə əsasən bu “Qaydalar”ın 2-ci bəndində nəzərdə tutulan şəxslərdən (bundan sonra - eksternlər) ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı verənlərin yaşı 16-dan, tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı verənlərin isə yaşı 18-dən aşağı olmamalıdır. Təhsil haqqında Azərbaycan Respublikasının Qanunu: 1.0.39. sərbəst (eksternat) təhsil - müxtəlif səbəblərdən ümumi təhsildən kənarda qalan şəxslərə təhsil almaq və ya təhsilalana ümumi təhsilin hər hansı səviyyəsini vaxtından əvvəl bitirmək hüququ verən təhsilalma forması; 13.1. Azərbaycan Respublikasında aşağıdakı təhsilalma formaları müəyyən edilir: 13.1.1. əyani; 13.1.2. qiyabi; 13.1.3. distant (məsafədən); 13.1.4. sərbəst (eksternat). 11.3-2. Ümumi, peşə, orta ixtisas və ali təhsil pillələrində tədris olunan müvafiq fənn və dərsdənkənar məşğələlərin məzmununa təhsilalanların yaş xüsusiyyətləri nəzərə alınmaqla, qarşılıqlı hörmət, qarşılıqlı yardım, mübahisələrin qeyri-zorakı yollarla həlli, gender bərabərliyi və şəxsiyyətlərarası münasibətlərə dair mövzular daxil edilir. 17.1. Azərbaycan Respublikasında aşağıdakı təhsil pillələri və səviyyələri müəyyən olunur: 17.1.2.2. ümumi orta təhsil; 17.1.2.3. tam orta təhsil. 19.4. Azərbaycan Respublikasında ümumi təhsil pilləsi məktəbəhazırlıq mərhələsini, ibtidai, ümumi orta və tam orta təhsil səviyyələrini əhatə edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: - 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. - 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli qərarının: -1.1, 1.2, 1.3 və 1.4-cü bəndlərində qeyd olunan hüquqi mövqeyə görə məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. -2.1-ci bəndinə əsasən mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. -2.2-ci bəndinə əsasən işin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. -3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. -3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. -3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. Məhkəmənin əsaslandırması: İddia ərizəsinin məzmunundan aydın olur ki, iddiaçı ona tam orta təhsil almağa icazənin verilməsini cavabdehdən tələb edir. Məhkəməyə verdiyi izahatında müəyyən edilmişdir ki, xx.xx.2006-ci il təvəllüdlü iddiaçının əsas hüquqi marağı tam orta təhsil səviyyəsində təhsilin məzmununa uyğun qaydada təhsil prosesində əyani formada iştirak etməklə, icbari qaydada ümumi orta təhsil səviyyəsini bitirməkdən ibarətdir. Məhkəmə qeyd edir ki, hazırda iddiaçı yaşı 19-dan yuxarı olan, tam hüquq qabiliyyətli şəxsdir. Tam orta təhsil (X–Xİ siniflər) könüllüdür. “Ümumi orta və tam orta təhsil səviyyələri üzrə sərbəst (eksternat) təhsilalma formasında təhsil alan şəxslərin buraxılış imtahanlarının təşkili haqqında Qaydalar”a əsasən sərbəst (eksternat) təhsilalma formasının tətbiqi müxtəlif səbəblərdən tam orta təhsil səviyyəsini başa vura bilməmiş tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı verən, yaşı 18-dən aşağı olmayan şəxslərə həmin səviyyələr üzrə buraxılış imtahanı verib “eksternat qaydasında” qeydi aparılmış təhsil sənədini almaq üçün şərait yaratmaq məqsədi daşıyır. Göründüyü kimi, qanunverici 18 yaşı məhdudiyyət kimi yox, təminat kimi müəyyən etməklə, yetkinlik yaşına çatmış şəxslərin təhsil haqqında müvafiq sənədi alması üçün eksternat və ya ekvivalent imtahanlar nəzərdə tutmuşdur. Diqqətə alınmalıdır ki, icbari təhsil yaşının ötməsi qadağa deyil, əksinə, eksternat forması məhz bu hallar üçün nəzərdə tutulub. Naxçıvan MR Təhsil Nazirliyi isə həmin icraatda icazə verən yox, təşkil edən və əlaqələndirən orqandır. “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 sentyabr 2020-ci il tarixli 361 nömrəli Qərarı ilə təsdiq edilmiş ‘Azərbaycan Respublikasında ümumi təhsilin dövlət standartları’na əsasən, icbari təhsil yaşının ötürülməsi şəxsin tam orta təhsil almaq hüququnun məhdudlaşdırılması üçün əsas hesab edilə bilməz. Sözügedən Qərar tam orta təhsilin təşkili və yekun attestasiyanın keçirilməsi mexanizmlərini müəyyən edir və eyni zamanda da, eksternat təhsilalma formasını istisna etmir. Bu baxımdan, inzibati orqan iddiaçının eksternat qaydasında imtahanlarda iştirakına faktiki maneə yaratmamış, normativ hüquqi aktların tələblərinə zidd davranmamışdır. Nəzərə alınmalıdır ki, yalnız 18 yaşına çatmamış şəxslər uşaq hesab olunurlar və yalnız obyektiv səbəblərdən təhsili yarımçıq qalmış şəxslər üçün məktəbdə əyani təhsili əvəz edən alternativ mexanizm olmayan Eksternat təhsilalma forması nəzərdə tutulur. Məhkəmə qeyd edir ki, iddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmə tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. Bu baxımdan hazırkı məzmunda iddia qaldırmağa iddiaçının subyektiv hüququnun mövcudluğu müəyyən edilmir. Belə ki, subyektiv hüquq şəxsin qanun, müqavilə və ya inzibati akta əsaslanan və başqa şəxslərdən müəyyən hərəkətləri (hərəkətsizliyi) etməyi və ya müəyyən hərəkətləri etməkdən çəkinməyi tələb etmək imkanını ehtiva edir. İddiaçı iddia ərizəsində həmin əsaslardan irəli gələn tələb hüququna istinad etməlidir. Şəxsin subyektiv hüquqa malik olmaması onun başqa şəxslərdən müəyyən hərəkəti və ya hərəkətsizliyi tələb etmək hüququnu istisna edir. Odur ki, məhkəmə İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinə qarşı "tam orta təhsil almağa icazənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiasının mümkün sayılmaması qənaətinə gəlir. Nəticəvi hissə: Göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13, 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddia mümkün sayılmasın. Qərardad rəsmi qaydada təqdim olunduğu vaxtdan (elan olunduğu vaxtdan) 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Elnur Hüseynov
Məhkəmə qərarları › İş №2-1(122)-1150/2025
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-1150/2025
26.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver