Məhkəmə qərarları › İş №2-1(122)-1152/2024

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-1152/2024

06.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-1152/2024 06.09.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: X21 Heydər oğlunun sədrliyi, İbrahimov Əli Allahverdi oğlunun katibliyi, İddiaçının, iddiaçının vəkili və nümayəndəsi X8 və Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndəsi X10 iştirakları ilə, İddiaçının cavabdeh Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı "Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İddiaçı işdən azad edilməsi haqqında 07 may 2024-cü il tarixli, **********077000 nömrəli əmrinin ləğv olunması və məcburi iş buraxma müddəti üçün ödənilməmiş əmək haqqı və digər ödəmələrin, o cümlədən də 10000 (on min) manat mənəvi ziyanın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təsviri hissə: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 04 fevral 2019-cü il tarixdən Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Culfa rayon X9 vergi və sosial sığorta haqqlarının yığılmasına nəzarət bölməsinin dövlət vergi müfəttişi vəzifəsinə təyin edilmişdir. “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamənin 16-cı maddəsinə əsasən ona 3-cü dərəcəli müfəttişlik xüsusi rütbəsi verilmişdir. X1 Culfa şəhərində mağazası var, orada ticarət fəaliyyəti ilə məşğul olur, o vaxtı-vaxtında vergilərini ödəmədiyi üçün bu barədə ona xəbərdarlıq edilmədən xx.xx.2024-cü il tarixdə, saat təxminən 11-12 radələrində Zeynalov Roman, Səfərov Elxan və Abdullayev Şaiq adlı üç nəfər vergi işçisi qardaşının ərzaq mağazasına daxil olaraq ona hədə-qorxu gəlib, qanunsuz olaraq video çəkiliş aparmışlar. Onların bu hərəkətləri həmin vaxt mağazada olan birinci qrup əlil anasının xəstəliyinin ağırlaşmasına səbəb olmuşdur. Onların özbaşınalıqları ilk dəfə deyil, bir neçə dəfə olmuşdur. Hətta qardaşı X4 aylarla xəbərdarlıq etmədən 1000 manat cərimə də yazılmışdır. Sonra həmin gün xx.xx.2024-cü il tarixdə vergi borclarının alınmasına nəzarət bölməsinin rəisi Elxan Səfərov onunla telefon əlaqəsi yaradaraq guya X1 vergi ödənişlərinin ona verildiyini bildirmişdir. Halbuki, bu haqda onun heç bir məlumatı yox idi. Onlar mağazadan çıxaraq vergilər idarəsinə getmiş və nahardan sonra onu Naxçıvan Şəhər 4 saylı Vegi Xidmət Mərkəzinə dəvət etmişlər. Daha sonra qardaşının mağazasında çəkilən həmin videolarını ona göstərmişlər və əllərində heç bir sübut olmadan ona məcburi qaydada öz istədikləri kimi izahat yazdırmışlar və X3 rəisi Rəşad Əliyev ona demişdir ki, “ya öz təşəbbüsünlə işdən çıx, ya da öz xoşunla işdən çıxmasan səni maddə ilə, qüsurla işdən məcburi qaydada çıxardacağam”. O da, məcbur qalıb öz təşəbüsü ilə ərizə verib işdən çıxmışdır. Ərizəni isə yazanda Rəşad Əliyev onu məcbur etmişdir ki, “yaz ki, müddət göstərilmədən məni tutduğum vəzifəmdən azad edin”. Ona aid olmayan, hazırda X6 məxsus olan idman zalının ona aid olması və qardaşının şəxsi məsələləri və problemlərinin onun təqsiri nəticəsində baş verməsi ilə bağlı ona məcburi şəkildə izahat yazdırmışlar. xx.xx.2024-cü il tarixdə xidmət rəisinin müavini Nihad Məmmədov onu otağına çağırmış, danışmağına, fikrini ifadə etməyinə imkan belə verməyərək onu təhqir etməyə başlamış, şəxsiyyətini alçaldacaq ifadələr demiş və o da, buna dözməyərək “sizi şikayət edəcəyəm” deyərək otağı tərk etmişdir. Özləri də yaxşı bilirdilər ki, onun heç bir günahı yoxdur, işlədiyi dövrdə işində heç bir nöqsan olmayıb, xidməti vəzifəsini layiqincə yerinə yetirmişdir. Sadəcə daxili təhlükəsizliyin rəisi Rəşad Əliyev və X20 4 saylı Vergilər İdarəsində bütün işçilərdən onun əleyhinə məcburi qaydada izahat alıblar. 07.06 2024-cü il tarixdə, **********077000 nömrəli əmrlə onu işdən azad etmişlər. xx.xx.2024-cü il tarixli ərizənin etibarsız sayılması və xx.xx.2024-cu il tarixli, **********077000 nömrəli əmrin ləğv edilməsi və işə yenidən bərpa olunması ilə bağlı xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası “Vətəndaşların müraciəti haqqında” qanununun tələblərinə əsasən Naxçıvan MR İqtisadiyyat Nazirliyinə, Naxçıvan MR Əmək müfəttişliyinə və Naxçıvan MR X7 komitəsinə rəsmi olaraq teleqramla və məktubla müraciət etmişdir. Lakin bu günədək lazımi cavabları ala bilməmişdir. X12 səlahiyyətini müvəqqəti icra edən Abbas İsmayılova müraciət etmişdir. O, xalası X11 qəbul etmiş, xalası olduğu kimi hər şeyi ona danışmışdır. Lakin Abbas müəllim xalasını dinləmədən qardaşının problemlərini və idman zalı məsələsini deyib onu yola salmışdır. İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinə istinad edərək, Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəbərdarlıq etmədən, heç bir intizam tənbeh növü tədbiq etmədən onun işdən çıxması barədə ərizə verməyə məcbur edildiyini bildirib, qeyd olunanlara əsasən Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İddiaçı isdən çıxarılması haqqında 07 may 2024-cü il tarixli, **********077000 nömrəli əmrinin ləğv olunması və məcburi iş buraxmaya görə əmək haqqı və digər ödəmələr, o cümlədən də 10000 (on min) manat mənəvi ziyan ödənilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçı tərəf məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddia ərizəsində qeyd olunan Naxçıvan MR İqtisadi İnkişaf Nazirliyi sözünün Naxçıvan MR İqtisadiyyat Nazirliyi kimi, Naxçıvan MR X7 komitəsi sözünün Naxçıvan MR həmkarlar İttifaqları Şurası kimi oxunmasını və iddia tələbinə "Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İddiaçı işdən azad edilməsi haqqında 07 may 2024-cü il tarixli, **********077000 nömrəli əmrinin ləğv olunması və məcburi iş buraxma müddəti üçün ödənilməmiş əmək haqqı və digər ödəmələrin, o cümlədən də 10000 (on min) manat mənəvi ziyanın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” kimi baxılaraq qərar qəbul edilməsi kimi baxılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli protokol qərardadı ilə iddia tələbinə həmin tələb çərçivəsində baxılması qərara alınmışdır. Cavabdeh orqanın yazılı etirazının qısa xülasəsi: Cavabdeh Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məhkəməyə ünvanlanan 08 iyul 2024-cü il tarixli iddiaya qarşı yazılı münasibətini onunla əsaslandırmışdır ki, İddiaçı 2 fevral 2019-cu il tarixdən 7 may 2024-cü il tarixədək vergi orqanlarında xidmət etmiş, xidmət etdiyi dövr ərzində yol verdiyi nöqsanlara görə barəsində iki dəfə (xx.xx.2019 tarixli **********292800 nömrəli əmrlə “töhmət”, xx.xx.2021 tarixli **********253700 nömrəli əmrlə “sonuncu xəbərdarlıqla şiddətli töhmət”) intizam tənbeh tədbirləri tətbiq edilmişdir. Daxil olmuş məlumatlar əsasında 5 may 2024-cü il tarixdə Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Daxili Təhlükəsizlik şöbəsi tərəfindən xidməti araşdırma aparılmış və yol verdiyi kobud nöqsanlara görə İddiaçı də bu araşdırmaya cəlb edilmiş, lakin İddiaçı araşdırma yekunlaşmadan öz ərizəsi əsasında 7 may 2024-cü il tarixdən tutduğu vəzifədən azad olunmuşdur. Qeyd edilmişdir ki, əmək müqaviləsini ləğv etməklə bağlı verilən ərizənin işçi tərəfindən etibarsız hesab edilməsi ilə bağlı münasibətlər Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsində öz əksini tapmışdır. Belə ki, həmin məcəllənin 69.4cü maddəsində əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçinin xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilməsi hüququ qeyd edilmişdir. İddiaçı qanunvericiliyin tələblərinə uyğun olaraq 1 ay əvvəlcədən işəgötürəni yazılı xəbərdar etsə idi (ərizəni əvvəlcədən təqdim etsə idi) bu hüquqdan istifadəsi AR Əmək Məcəlləsinin normalarına tam uyğun hesab edilə bilərdi, lakin iddiaçının işdən azad olunma barədə ərizəsində konkret olaraq müddət gözlənilmədən dəqiq tarix (xx.xx.2024) qeyd etməsi və ərizəsi nəzərə alınmaqla tutduğu vəzifədən azad edildiyi üçün yenidən həmin ərizəni etibarsız hesab etmək hüququ imkan xaricində qalmışdır. Bu səbəbdən AR Əmək Məcəlləsinin 69.4-cü maddəsi (1 ay xəbərdarlıq müddəti) ona şamil edilə bilməz. Göstərilənləri nəzərə alaraq iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab olunmuş, şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası 06 sentyabr 2024-cü il tarixə təyin edilmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İddiaçının vəkili və nümayəndəsi Vəkil iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndəsi X15 məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etdi. Yazılı sübutlar: İş materiallarında olan: - Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 30 may 2024-cü il tarixli, **********655200 nömrəli xidməti məruzənin surətindən görünür ki, Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı ərazi vergilər İdarəsinin əməkdaşı İddiaçı xx.xx.2024-cü il tarixdə, saat 14:30-da Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin mərkəzi aparatına izahat vermək üçün çağırılmış, lakin iş vaxtı bitənədək iş yerinə geri qayıtmamışdır. - Əməkdaşın dəvət olunması haqqında xx.xx.2024-cü il tarixli, **********444400 nömrəli xidməti məktubun surətindən görünür ki, aparılan xidməti araşdırma ilə əlaqədar olaraq, Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsinin Sahə təhkimçiliyi şöbəsinin dövlət vergi müfəttişi İddiaçı 7 may 2024-cü il tarixdə saat 11:00-da Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Daxili təhlükəsizlik şöbəsində olmasının təmin edilməsi barədə müvafiq göstəriş verilməsi Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavinindən xahiş olunmuşdur. - xx.xx.2024-cü il tarixli Aktın surətindən görünür ki, xx.xx.2024-cü il tarixində saat 11:00 radələrində özünü sabiq vergi orqanı əməkdaşı İddiaçı yaxınları (anası Əliyeva Həmidə, X16, xalası, xalası oğlanları və nənəsi) kimi təqdim edən 6 nəfər vətəndaş Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin inzibati binasına daxil olaraq səs-küy salmaqla, İddiaçılə bağlı rəhbərliyin qəbuluna gəldiklərini bildirdilər. Onlara müvafiq izahat verməklə qəbul ediləcəkləri bildirilmiş, daha sonra özünü İddiaçı anası və nənəsi kimi təqdim edən 2 vətəndaşın rəhbərliyin iştirakı ilə qəbulları təşkil edilmişdir. Qəbul zamanı sonuncular rəsmi dövlət orqanında olmalarına baxmayaraq sakit və nəzakətli formada deyil davamlı olaraq aqresiv formada İddiaçı yenidən vergi orqanlarında işləməsini istədiklərini, belə olmadığı halda özlərini yandıracaqlarını, hər yerə şikayətlər edəcəklərini bildirmişlər. Onlara dəfələrlə rəsmi dövlət orqanında olmaları bildirilsədə onlar hədə-qorxu xarakterli ifadələrini davam etdirmişlər. Buna baxmayaraq həmin vətəndaşlara şikayət etmək hüquqları izah edilmiş, qanunvericiliyin tələbləri barədə məlumatlandırılmışlar. - Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Culfa Rayon Polis Şöbəsinə ünvanlandığı 23 may 2024cü il tarixli, **********572900 nömrəli ərizənin surətindən görünür ki, xx.xx.2024-cü il tarixində saat 11:41 radələrində özlərini sabiq vergi orqanı əməkdaşı İddiaçı yaxınları (anası, xalası və qaynanası) kimi təqdim edən 3 (üç) nəfər vətəndaş Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı ƏVİ-nin inzibati binasına gələrək səs-küy salmış, vergi oqanı əməkdaşlarına hədə qorxu gələrək iş ahəngini pozmağa cəhd etmişlər. Göstərilənləri nəzərə alaraq bu barədə məlumat verməklə qanunamüvafiq tədbirlərin görülməsi xahiş edilmişdir. -Azərbaycan Respublikasının Dövlət X18 X19 Muxtar Respublikası Regional bölməsinin 06 avqust 2024-cü il tarixli, 106/0824 nömrəli məktubundan görünür ki, İddiaçı Yəmleyxa oğlununa dair sənədin verildiyi il, qəbul olduğu təhsil müəssisəsinin və ixtisasının adı, qəbul forması aşkar olunmamışdır. - Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsinin Sahə təhkimçıliyi şöbəsinin dövlət vergi müfəttişi. 1 -ci dərəcəli müfəttiş İddiaçı xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, müddət gözləmədən 07.05 2024-cü ıl tarixdən tutduğu vəzifədən azad olunmağı barədə müvafiq göstəriş verilməsini xahiş etmişdir. - İşdən azad edilmə haqqında 07 may 2024-cü il tarixli, **********077000 nömrəli əmrin surətindən görünür ki, İddiaçı Təmteyxa oğlu 1-ci dərəcəli müfəttiş, Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər idarəsinin (Naxçıvan MR) Sahə təhkimçiliyi şöbəsinin dövlət vergi müfəttişi ilə bağlanmış əmək müqaviləsinə 07 may 2024-cü il tarixdən "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə"nin 75-ci maddəsinin 1-ci hissəsinə əsasən xitam verilərək tutduğu vəzifədən azad edilmiş, Naxçıvan MR iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsinə qanunvericiliklə müəyyən edilmiş müddətdə İddiaçı əmrlə tanış edilməsini, son haqq-hesabın (vəzifə maaşına əlavə cari ayda işlədiyi günlərə mütənasib olaraq hesablanmaqla) və təhvil-təslim işlərinin aparılmasını təmin etməsi, Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnsan resursları şöbəsinə qanunvericiliklə müəyyən edilmiş müddətdə İddiaçı əmək kitabçasının təhvil verilməsini və ya təhvil götürülməsi barədə bildirişin göndərilməsini təmin etməsi tapşırılmışdır. Əsas: İddiaçı xx.xx.2024-cü il tarixli **********286900 nömrəli ərizəsi. - AA1028802 nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx xxxxxx 1986-cı il tarixdə doğulmuşdur. Araşdırmanın nəticəsi haqqında və intizam tənbehi tədbirinin görülməsi barədə sənədlər iddiaçıya məxsus kadrlar uçotunun şəxsi vərəqəsi, əmək kitabçasının surəti iş materiallarına əlavə edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 60-cı maddəsinin İ hissəsində təsbit olunmuşdur ki, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2-ci maddəsinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 14.1-ci maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. 14.2-ci maddəsinə əsasən diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. 89.1-ci maddəsinə görə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun: 1.1.1-ci maddəsinə əsasən dövlət qulluğu – Azərbaycan Respublikasının Konstitusiyasına və digər normativ hüquqi aktlarına uyğun olaraq dövlətin məqsəd və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluğu vəzifəsində xidmətdir. 33.1-ci maddəsinə əsasən dövlət qulluğuna aşağıdakı əsaslarla xitam verilə bilər: 33.1.1. dövlət qulluqçusunun öz arzusu ilə; 34-cü maddəsinə əsasən Dövlət qulluğu keçmənin digər məsələləri Bu Qanunda və ona uyğun qəbul edilmiş qanunvericilik aktlarında tənzimlənməyən dövlət qulluğu keçmə ilə bağlı digər məsələlər Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə tənzimlənir. Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamənin: 2-ci bəndinə əsasən vergi orqanlarında xidmət haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının Vergi Məcəlləsindən, Azərbaycan Respublikasının Əmək Məcəlləsindən (bundan sonra – Əmək Məcəlləsi), Dövlət qulluğu haqqında Azərbaycan Respublikasının qanunundan, bu Əsasnamədən və vergi orqanlarında xidmətin qaydalarını tənzimləyən Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarından ibarətdir. 2-1-ci bəndinə əsasən əmək münasibətlərinə dair bu Əsasnamədə nəzərdə tutulmayan məsələlər Əmək Məcəlləsinin və “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq normaları ilə tənzimlənir. 75-ci bəndinə əsasən vergi orqanının vəzifəli şəxsinin xidmətinə aşağıdakı hallarda xitam verilə bilər: 1) öz təşəbbüsü ilə; “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun: 30-cu maddəsinə əsasən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, inzibati orqanlar tərəfindən inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi, yaxud inzibati orqanın digər hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələr (həmin Qanunun 4.3-cü maddəsində nəzərdə tutulmuş mübahisələr (o cümlədən “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati ərazi vahidləri arasında ərazi məsələləri ilə bağlı mübahisələr) istisna olmaqla) bu Qanuna uyğun olaraq, mediasiya vasitəsilə həll oluna bilər. 29.2-ci maddəsinə əsasən tərəflər və ya onlardan biri onlara mediatorun (mediasiya təşkilatının) və ya digər tərəfin bu Qanunun 22-ci (22.1.1-ci maddə istisna olmaqla) maddəsində nəzərdə tutulan məlumatları və ilkin mediasiya sessiyasının keçirilmə tarixi, vaxtı və yerini əks etdirən ilkin mediasiya sessiyası barədə bildirişi təqdim etməsindən sonra tərəflər və ya onlardan biri ilkin mediasiya sessiyasında iştirak etmədikdə və ya iştirak etməkdən yazılı şəkildə imtina etdikdə, mediator sessiyada iştirak edən və etməyən tərəfləri qeyd etməklə “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” ilə bağlı arayışı həmin şəxslərə təqdim edir. Tərəflər arasında başqa qayda müəyyən edilmədiyi halda, bu maddənin birinci cümləsində qeyd edilən bildiriş tərəflərə ilkin mediasiya sessiyasının keçirilmə tarixindən azı 5 gün əvvəl təqdim edilməlidir. 32.1-ci maddəsinə əsasən mediasiya prosesinə aşağıdakı hallarda xitam verilir: 32.1.3. tərəflər və ya onlardan biri mediasiya prosesindən imtina etdikdə; 32.1.9. bu Qanunun 21.8-ci, 29.2-ci və 29.3-cü maddələrində göstərilən arayış tərtib olunduqda. 32.4-cü maddəsinə əsasən mediasiya prosesinə aşağıdakı gündən xitam verilir: 32.4.2. bu Qanunun 32.1.9-cu maddəsində nəzərdə tutulan arayışın, 29.6-cı və ya 32.2-ci maddələrində nəzərdə tutulan protokolun tərəflərə təqdim edildiyi gündən. 35.1-ci maddəsinə əsasən mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. 35.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Məhkəmənin əsaslandırması: İlk öncə qeyd edilməlidir ki, məhkəmə qərar qəbul edənədək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar üzrə ətraflı araşdırma aparmış, təqdim edilən sübutları tam və hərtərəfli tədqiq etməklə, iddiaçıya qarşı tərəfin dəlillərinə münasibət bildirməsi, etiraz etməsi və məhkəməyə lazımi sübutları təqdim eməsi üçün kifayət qədər imkan yaratmışdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Məhkəmə şəxsin mediasiyaya müraciət etməsini müddət axımını dayandıran hal kimi qiymətləndirir. Belə ki, iddiaçı inzibati hüquq münasibətindən irəli gələn hazırkı mübahisənin mediasiya vasitəsilə həll olunması məqsədilə xx.xx.2024-cü il tarixdə mediasiya sessiyası üçün ərizə ilə müraciət etmişdir. xx.xx.2024-cü il tarixində tərəflərə mediasiya bildirişi göndərilmiş, xx.xx.2024-cü il tarixdə ilkin mediasiya sessiyası keçirilmişdir. Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Mediasiya Təşkilatı tərəfindən çağırılmış, lakin Təşkilat ilkin mediasiya sessiyası barədə bildirişi aldığını bildirsə də, mediasiya sessiyasında iştirak etməmişdir. Bundan sonra iddiaçı iddia ərizəsi ilə mübahisələndirilən əmrin ləğv edilməsi üçün xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edtmişdir. Məhkəmə hesab edir ki, iddiaçı iddia müddətini ötürməmişdir. Əks yanaşma “Mediasiya haqqında”, “İnzibati icraat haqqında” Qanunların, eləcə də İnzibati Prosessual Məcəllənin tələblərinə zidd olar. İddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Hazırkı iş üzrə iddiaçının əsas hüquqi marağı üç hissədən ibarət olmaqla, onun işdən azad edilməsi haqqında 07 may 2024-cü il tarixli əmrin ləğv olunması və məcburi iş buraxma müddəti üçün ödənilməmiş əmək haqqı və digər ödəmələrin, o cümlədən də 10000 (on min) manat mənəvi ziyanın cavabdehdən tutularaq ona ödənilməsi tələbidir. İddia tələbi mahiyyət baxımından iddiaçının qulluq keçməsinə xitam verilməsi barədə 07 may 2024-cü il tarixli əmrin mübahisələndirilməsi ilə bağlıdır və məqsəd baxımından həmin əmrin ləğvinə yönəlmişdir. Belə ki, “məcburi iş buraxma müddəti üçün ödənilməmiş əmək haqqı və digər ödəmələrin ödənilməsinə dair” tələb üzrə mübahisənin həlli həmin əmrin ləğvinə bağlıdır və yalnız həmin əmrin qanunsuz sayılaraq ləğv edildiyi halda qeyd olunan tələbə baxıla bilər. İddiaçı əmri mübahisələndirərkən həmin əmrin verilməsinə əsas olmuş xx.xx.2024-cü il tarixli işdən azad edilməsi barədə ərizənin xidmətin müvafiq vəzifəli şəxsləri tərəfindən ona məcburən yazdırılmasıdır. Bununla bağlı qeyd edilməlidir ki, iddiaçının xidmətdən öz iradəsi ilə ayrıldığı mübahisəyə dair işin müəyyən olunmuş halları və iş üzrə materiallarla təsdiq olunur. Nəzərə almaq lazımdır ki, şəxsə münasibətdə məcburi tədbirlər, təqib və təzyiqlər müəyyən obyektiv göstəricilərdə və davranışlarda, yəni ən azından onun aşağı vəzifəyə keçirilməsində, rütbəsinin aşağı salınmasında və sair aktiv hərəkətlərdə ifadə olunmalıdır. Lakin cavabdehin iddiaçıya münasibətdə yuxarıda qeyd olunan şəkildə davrandığı iş üzrə materiallardan görünmür. Şəxsin ərizəsinə əsasən müvafiq əmrin qəbul edilməsini istisna edən obyektiv əsasların mövcud olmadığını nəzərə aldıqda, cavabdeh tərəfindən qəbul edilmiş iddiaçının işdən azad edilməsi barədə əmri maddi hüquq normaları baxımından düzgün olduğu qəbul edilməlidir. Həmçinin qeyd edilməlidir ki, “Dövlət qulluğu haqqında” Qanunun 33.1.1-ci maddəsində dövlət qulluqçusunun öz arzusu ilə dövlət qulluğuna xitam verilməsi eləcə də, “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamənin 75-ci bəndində vergi orqanının vəzifəli şəxsinin xidmətinə öz təşəbbüsü ilə xitam veriləməsi öz əksini tapmışdır. Uyğun olaraq qəbul edilmiş qanunvericilik aktlarında tənzimlənməyən dövlət qulluğu keçmə ilə bağlı digər məsələlər Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə tənzimlənməsi qeyd edilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsində əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi qaydası müəyyən edilmişdir. Həmin maddədə nəzərdə tutulmuş qaydalarda işdən azad olunma ilə bağlı işçi tərəfindən verilən ərizədə bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə “xəbərdar etməklə” bağlı göstəriş nəzərdə tutulur. Həmin qayadalara görə vacib olan məsələ işçinin işdən azad olunma gününü ərizədə göstərilməsidir. İddiaçı dövlət qulluqçusu olduğu və ərizəsində işdən azad olunduğu konkret günü göstərdiyi üçün cavabdeh tərəfindən düzgün olaraq onun ərizəsi nəzərə alınaraq məhz “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamənin 75-ci bəndinə əsasən (vəzifəli şəxsinin xidmətinə öz təşəbbüsü ilə) xitam verilmişdir. Bununla da, cavabdehin mübahisələndirilən əmrinin ləğv edilməsi üçün əsaslar müəyyən olunmur. Vurğulanmalıdır ki, iddia tələbi əsaslandırılarkən işin hallarında göstərilən xüsusatlara istinad edilməmişdir. Belə ki, iddiaçı iddia ərizəsində qardaşı X5 məxsus Culfa şəhərində yerləşən sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu mağazada xidmətin əməkdaşlarının qardaşına qarşı qanunsuz hərəkətlər törətmələrini bildirmişdir. Məhkəmə araşdırmasının predmeti olmasa da, qeyd olunmalıdır ki, vergi orqanının vəzifəli şəxslərinin hərəkətlərindən razı qalınmadığı halda şəxs “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə” yə və Vergi Məcəlləsinə əsasən müvafiq yuxarı inzibati orqana və ya məhkəməyə müraciət edilə bilərdi. Hazırkı iş üzrə mənəvi ziyanla bağlı iddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlı olmaqla, iddia tələbi üzrə sübutetmə yükü bilavasitə iddiaçı tərəfin üzərinə düşür. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın hərəkətləri nəticəsində ona 10000 (on min) manat məbləğində ziyan vurulması halına istinad edirsə, qeyd edilən məbləğdə ona ziyan vurulması halını sübut etmək öhdəliyini daşıyır. Hazırkı halda iddiaçı tərəfindən bununla bağlı hər hansı mümkün və mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 89.1-ci maddəsinə görə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. İstinad olunan norma anlamında inzibati orqanın mülki məsuliyyətinin yaranması üçün aşağıdakı şərtlərin birlikdə və eyni zamanda mövcud olması tələb olunur: inzibati orqan tərəfindən şəxsə münasibətdə qərarın (inzibati aktın) qəbul olunması (yaxud da faktiki hərəkət və ya hərəkətsizlik edilməsi); həmin qərarın (inzibati aktın, yaxud da hərəkət və ya hərəkətsizliyin) qanunsuz olması; inzibati orqanın qanunsuz inzibat aktı (hərəkət və ya hərəkətsizliyi) nəticəsində şəxsə ziyan vurulması. İnzibati orqanın mülki məsuliyyətinin yaranması üçün yuxarıda istinad olunan normalarda nəzərdə tutulmuş şərtlərin hazırkı mübahisəyə münasibətdə mövcudluğu, yəni iddiaçıya münasibətdə qəbul edilmiş əmrlə bağlı cavabdehin qanunsuz hərəkəti və cavabdehin qanunsuz hərəkəti nəticəsində iddiaçıya ziyan vurulması faktı iş üzrə materiallarla təsdiq olunmur. Qanunvericinin “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 89.1-ci maddəsində ifadə olunmuş iradəsinə görə, inzibati orqanlar yalnız qanunsuz qərarları (inzibati aktları) və ya qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə məsuliyyət daşıyırlar. Yuxarıda qeyd olunan hallardan göründüyü kimi, cavabdehin hüquqa zidd əməli müəyyən olunmamış, mənəvi sarsıntıya və şüura təsir göstərən mənfi reaksiyaya səbəb olan hallara görə iddiaçıya hər hansı mənəvi ziyan dəyməmişdir. Belə olan halda bu hissədə də iddia tələbi əsassızdır. Məhkəmə hesab edir ki, Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti iddiaçının barəsində xx.xx.2024-cü il tarixli, **********077000 saylı əmrin qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmişdir. Odur ki, İddiaçının cavabdeh Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı "Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İddiaçı işdən azad edilməsi haqqında 07 may 2024-cü il tarixli, **********077000 nömrəli əmrinin ləğv olunması və məcburi iş buraxma müddəti üçün ödənilməmiş əmək haqqı və digər ödəmələrin, o cümlədən də 10000 (on min) manat mənəvi ziyanın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1, 4.1, 14.1, 32.1, 58.7, 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçının cavabdeh Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı "Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İddiaçı işdən azad edilməsi haqqında 07 may 2024-cü il tarixli, **********077000 nömrəli əmrinin ləğv olunması və məcburi iş buraxma müddəti üçün ödənilməmiş əmək haqqı və digər ödəmələrin, o cümlədən də 10000 (on min) manat mənəvi ziyanın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elnur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar