Məhkəmə qərarları › İş №2-1(122)-1152/2025

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-1152/2025

05.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-1152/2025 05.12.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: X8 Heydər oğlunun sədrliyi, X9 oğlunun katibliyi, iddiaçı Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X1 və Cavabdeh iştirakları ilə, iddiaçı Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Cavabdeh qarşı "cavabdehə artıq ödənilmiş 34.396 (otuz dörd min üç yüz doxsan altı) manat məbləğində pul vəsaitinin ondan tutularaq Fondun yığım hesabına geri qaytarılması tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təsviri hissə: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 18 dekabr 1951-ci il tarixdə anadan olmuş, Naxçıvan Muxtar Respublikası, ünvan 1ində yaşayan Cavabdeh adına Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən tərtib olunmuş xx.xx.2013-cü il tarixli, 01077 nömrəli məlumat vərəqinə əsasən Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş bölməsinin əmək pensiyasını təyin edən komissiyanın 30 dekabr 2013-cü il tarixli, 982 nömrəli qərarı ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.5.1 və 20.14.1-ci maddələrinə müvafiq olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Naxçıvan şəhər ikinci Dövlət Notariat Kontorunun dövlət notariusu tərəfindən Rus dilindən Azərbaycan dilinə tərcümə edilmiş Rusiya Federasiyasının Latviya Respublikasındakı Səfirliyinin Konsulluq şöbəsi yanında sosial təminat şöbəsi tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Pensiya şöbəsinə göndərilmiş 11 sentyabr 2013-cü il tarixli 803 nömrəli məktubda Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi xidmətə X11 xidmətinin rəisinin sorğusu ilə 18 dekabr 1951-ci il təvəllüdlü Cavabdeh Naxçıvan Muxtar Respublikası, Kəngərli rayon, Qarabağlar kəndində daimi yaşamaq üçün köçməsi ilə əlaqədar, pensiya ödənişlərinin davam etdirilməsi məqsədi ilə onun pensiya işinin göndərilməsi göstərilmişdir. Həmin məktubda Rusiya Federasiyasının Latviya Respublikasındakı Səfirliyinin Konsulluq şöbəsi yanında sosial təminat şöbəsi tərəfindən pensiya ödənişinin 30 sentyabr 2013-cü il tarixədək ödənildiyi 1 oktyabr 2013-cü il tarixindən isə dayandırıldığı, bu iş üzrə ödənişlərin və işdə olan lazımı sənədlərin düzgünlüyü pensiya işinin göndərilməzdən əvvəl yoxlanıldığı bildirilmişdir. Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş vəsiqələrdən görünür ki, xx.xx.2013-cü il tarixdən xx.xx.2014-cü il tarixədək, xx.xx.2014-cü il tarixdən xx.xx.2015-ci il tarixədək, xx.xx.2015-ci il tarixdən xx.xx.2016-cı il tarixədək, xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək, xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək, xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək, xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək və xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Rusiya Federasiyasının vətəndaşı Cavabdeh Kəngərli rayon, Qarabağlar kəndində müvəqqəti yaşamaq üçün icazə verilmişdir. Dövlət Miqrasiya Xidməti tərəfindən Rusiya Federasiyasının vətəndaşı Cavabdeh verilmiş DYİ seriyalı, ******* nömrəli vəsiqədə isə onun xx.xx.2022-ci il tarixdən xx.xx.2027-ci il tarixədək daimi yaşamaq üçün icazə verildiyi göstərilmişdir. Cavabdeh 2013-cü il tarixdən 2021-ci il tarixədək Azərbaycan Respublikası ərazisində daimi yaşayış hüququ olmamışdır. Yalnız 2022-ci ilin mart ayından 2027-ci ilin mart ayınadək ona daimi yaşamaq üçün icazə verilmişdir. Beləliklə, cavabdehə vaxtilə əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunluğu araşdırılarkən müəyyən olunmuşdur ki, Cavabdeh xx.xx.2013-cü il tarixdən xx.xx.2022-ci il tarixədək Azərbaycan Respublikası ərazisində daimi yaşayış hüququnu təsdiq edən sənədin olmadığı dövrlərdə ona əsassız olaraq pensiya təyin edilmiş və ödənilmişdir. Beləliklə, Cavabdeh güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsinə dair Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş bölməsinin əmək pensiyasını təyin edən komissiyanın 30 dekabr 2013-cü il tarixli, 982 nömrəli qərarı Fondun Pensiya, müavinət və təqaüdlərin təyinatı departamentinin Xüsusi şərtlərlə təyinat şöbəsinin əmək pensiyası təyin edən komissiyasının xx.xx.2025-ci il tarixli, 3-17-9-1/2-T-57/2025 nömrəli qərarı ilə ləğv edilmiş və ona Azərbaycan Respublikası ərazisində daimi yaşamaq üçün verilmiş icazəyə əsasən xx.xx.2022-ci il tarixdən xx.xx.2027-ci il tarixədək olan müddətə pensiya təyin edilmişdir. Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun idarə və şöbələri üzrə müvafiq dövrün seçmə üsulla araşdırılması nəticəsində “Giriş-çıxış və qeydiyyat” X3 Sistemində (İAMAS) Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşamaq üçün icazə (MYİ) vəsiqəsi barədə məlumat mövcudluğuna baxmayaraq Cavabdeh xx.xx.2014-cü il tarixdən xx.xx.2022-ci il tarixədək qanunvericiliyin tələblərinə zidd olaraq güzəştli şərtlərlə yaşa görə pensiya ödənişi davam etdirilərək ona ümumilikdə 34.396 (otuz dörd min üç yüz doxsan altı) manat məbləğində artıq pul vəsaiti ödənilmişdir. İddiaçı qeyd olunanlara əsasən cavabdehə artıq ödənilmiş 34.396 (otuz dörd min üç yüz doxsan altı) manat məbləğində pul vəsaitinin ondan tutularaq Fondun yığım hesabına geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən müvafiq sərəncam qəbul edilərək iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh iddiaya dair yazılı münasibəti məhkəməyə daxil olmamışdır. 05 dekabr 2025-ci il tarixli hazırlıq icraatı ilə bağlı məhkəmə iclasında iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab olunmuşdur. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən iddiaçı Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X4 iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Yazılı sübutlar: İş materiallarında olan: - Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş bölməsinin əmək pensiyası təyin edən komissiyanın 30 dekabr 2013-cü il tarixli, 982 nömrəli qərarından məlum olur ki, Cavabdeh “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.5.1-ci və 20.14.1-ci maddələrinə müvafiq olaraq xx.xx.2013-cü il tarixdən müddətsiz güzəştli şərtlə yaşa görə əmək pensiyası təyin edilmişdir. - Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Pensiya, müavinət və təqaüdlərin təyinatı departamentinin Xüsusi şərtlərlə təyinat şöbəsinin əmək pensiyası təyin edən komissiyanın 07 yanvar 2025-ci il tarixli, 3-17-9-1/2-T-57/2025 nömrəli qərar ilə 18 dekabr 1951-ci il tarixdə anadan olmuş, Kəngərli rayonunun Qarabağlar kəndində yaşayan Cavabdeh xx.xx.2013-cü il tarixli, 982 nömrəli qərara əsasən təyin olunmuş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası ləğv edilmiş, Azərbaycan Respublikası ərazisində daimi yaşamaq üçün icazə verildiyi xx.xx.2022-ci ildən xx.xx.2027-ci ilədək pensiya təyin edilmişdir. - Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Naxçıvan Regional Miqrasiya Baş İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 23 oktyabr 2025ci il tarixli məktubdan məlum olur ki, Azərbaycan Respublikasında doğulmuş, xx.xx.1951-ci il təvəllüdlü Rusiya Federasiyası vətəndaşı X7 (pasport №: 5********) Dövlət Miqrasiya Xidməti tərəfindən xx.xx.2022-ci il tarixdən xx.xx.2027-ci il tarixədək Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə verilmiş və o, Naxçıvan Muxtar Respublikası ünvan 1i ünvanında qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidməтə X11 Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə Baş İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 29 oktyabr 2025-ci il tarixli məktubla Cavabdeh xidməti barədə şəxsi işindən çıxarışların təsdiq edilmiş surətləri iş materiallarına əlavə edilmişdir. - Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 19 noyabr 2025-ci il tarixli, 3-17-9-1/2-14829/2025 nömrəli məktubdan məlum olur ki, Cavabdeh 30 dekabr 2013-cü il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Hazırda Fond tərəfindən hər ay 597,36 manat güzəştli şərtlərlə yaşa görə əmək pensiyası ödənilir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: -38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: - 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. - 3.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası ərazisində daimi yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin bu Qanunla nəzərdə tutulmuş şərtlərlə Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər əsaslarla əmək pensiyası təminatı hüququ vardır. - 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. 2019-cu il yanvarın 1-dən etibarən əmək pensiyaları bu Qanunun 22-1-ci maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən avtomatlaşdırılmış qaydada təyin edilir. - 39.1-ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. - 13.2-ci maddəsinə əsasən inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. - 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. - 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. - 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. - 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz - 67.5-ci maddəsinə əsasən, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının oxşar məzmunlu işlər üzrə 2-1(102)-514/2022, 2-1(102)-331/2024, 2-1(102)-465/2024, 2- 1(102)-768/2024 nömrəli qərarları. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin əsaslandırması: İlk öncə qeyd edilməlidir ki, məhkəmə qərar qəbul edənədək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar üzrə ətraflı araşdırma aparmış, təqdim edilən sübutları tam və hərtərəfli tədqiq etməklə, iddiaçıya qarşı tərəfin dəlillərinə münasibət bildirməsi, etiraz etməsi və məhkəməyə lazımi sübutları təqdim eməsi üçün kifayət qədər imkan yaratmışdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə əvvəlcə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Məhkəmə hesab edir ki, tələb inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə uyğundur. Belə ki, inzibati orqanla vətəndaş arasındakı münasibətlər inzibati orqanın publik hüquqdan irəli gələn vəzifələrinin icrası ilə bağlıdır və tərəflər bu münasibətlərdə bərabərhüquqlu subyekt kimi çıxış etmir. Hazırkı iş üzrə iddiaçının əsas hüquqi marağı cavabdehə artıq ödənilmiş 34.396 (otuz dörd min üç yüz doxsan altı) manat məbləğində pul vəsaitinin ondan tutularaq Fondun yığım hesabına geri qaytarılmasından ibarətdir. X10 Məhkəməsinin presedent hüququna əsasən: - Məhkəmə bir daha xatırladır ki, 1 saylı Protokolun 1-ci maddəsi konkret məbləğdə pensiya almaq hüququna təminat vermir, bununla belə, pensiyanın bütünlüklə məhrum edilməsi 1 saylı Protokolun 1-ci maddəsinin müddəalarını poza bilər və əksinə, pensiyaya və ya müvafiq müavinətlərə ağlabatan azalmaların bunu etməməsi ehtimalı var. Bununla belə, ədalətli tarazlıq testi mücərrəd olaraq yalnız məruz qalan azalmanın məbləğinə və ya faizinə əsaslana bilməz. Bir sıra işlərdə Məhkəmə bütün müvafiq elementləri konkret hallara uyğun qiymətləndirməyə cəhd göstərmişdir (bax: Stefanetti və başqaları § 59; Domalewski Polşaya qarşı (kk.), №. 34610/97, AİHM 1999V). Bununla da, Məhkəmə hüququn itirilməsinin ayrı-seçkilik xarakteri kimi amillərinə əhəmiyyət vermişdir (Kjartan Asmundsson, § 43); keçid tədbirlərinin olmaması (bax: Moskal işi § 74, burada ərizəçi praktiki olaraq bir gündən digərinə yeganə gəlir mənbəyini təşkil edən erkən pensiya pensiyasının tamamilə itirilməsi ilə üzləşdi və dəyişikliyə uyğunlaşmağın perspektivləri zəif idi); şərtin özbaşınalığı (Klein, § 46), eləcə də ərizəçinin vicdanlılığı (bax: Moskal, § 44) (Béláné Nagy Macarıstana qarşı №. 53080/13, 2016 § 113); Hər hansı xüsusi formada müavinətlərin və ya pensiyaların verilməsi üçün daxili hüquqi şərtlər dəyişdikdə və bu şərtlərin dəyişməsi səbəbindən müvafiq şəxs artıq onları tam təmin etmədikdə, milli qanunvericiliyə əsasən kifayət qədər müəyyən edilmiş, maddi marağın mövcudluğunu yoxlamaq üçün işin fərdi halları, xüsusən də dəyişikliyinin xarakteri ciddi nəzərdən keçirilməlidir. Konvensiyanı özündə birləşdirən əsas dəyərlərə aid hüquqi müəyyənlik və qanunun aliliyi tələbləri bunlardır (Béláné Nagy Macarıstana qarşı №. 53080/13, 2016 § 89); Məhkəmə əvvəllər qərara almışdır ki, əlavə pensiya müavinətlərinin dəyişdirilməsi və ya dayandırılması “nə özgəninkiləşdirmə, nə də əmlakın istifadəsinə nəzarət tədbiri” təşkil etmir (bax: Aizpurua Ortiz və başqaları İspaniyaya qarşı, № 42430/05, § 48, 2 fevral 2010) və pensiyanın müsadirə yolu ilə azaldılması “nə istifadəyə nəzarət, nə də əmlakdan məhrumetmə”dir (bax: X2rşı (dek.), № 6223/04, AİHM 2005-Xİ ). Məhkəmə hesab edir ki, bu işdə ərizəçinin mülkiyyət hüquqlarına müdaxilə yuxarıda qeyd olunan birinci qaydaya, yəni mülkiyyətdən dinc istifadənin ümumi prinsipinə əsasən nəzərdən keçirilməlidir (Lakiçeviç və digərləri v. Monteneqro və Serbiya, № 27458/06 § 64, 13 dekabr 2011-ci il və Panfile işi § 19) (Fabian Macarıstana qarşı №. 53080/13, 2016 § 64); - Moskal Polşaya qarşı məhkəmə işindən (Ərizə № 10373/05; xx.xx.2009-cu il tarixli qərar): Ərizəçi vicdanla və qüvvədə olan qanuna uyğun olaraq erkən pensiya təyin edilməsi üçün müraciət etmişdir. Səlahiyyətli orqanlar onun müavinət almaq hüququnu təsdiq edən kimi, o, bu qərarı düzgün hesab etməkdə və həyatını buna uyğun təşkil etməkdə haqlı idi. O, pensiya hüququnun səhvən verildiyini dərk edə bilməzdi. Onu pensiya almaq hüququndan məhrum edən qərar onun mülkiyyətinə müdaxilə idi. Müdaxilə qanuni idi və hakimiyyətin səhvini düzəltmək və sosial təminat sisteminin layiq olmayan benefisiarlarına dövlət vəsaitinin vaxtında məhdudiyyət olmadan subsidiya verməyə çağırılmamasını təmin etmək üçün qanuni məqsəd güdürdü. Proporsionallığa gəldikdə, pensiya təyini qərarı müəyyən müddətdə qüvvədə qalmışdı və şübhəsiz ki, ərizəçiyə və onun ailəsinə təsir göstərmişdir. Bununla belə, səhv aşkar edildikdə, müavinətin ödənilməsinin dayandırılması barədə qərar nisbətən tez və dərhal qüvvəyə minir. Ərizəçidən səhvən ödənilmiş pensiyanın qaytarılması tələb olunmaması bu qərarın nəticələrini kifayət qədər yumşaltmadı. Onun pensiya hüququ məhkəmələr tərəfindən cəmi iki ildən sonra müəyyən edilib və bu müddət ərzində o, heç bir pensiya almayıb. Mülkiyyət hüquqları kontekstində yaxşı idarəetmə prinsipinə xüsusi əhəmiyyət verilməli idi. Dövlət orqanlarının, xüsusən də rifah müavinətləri kimi fərdlər üçün həyati əhəmiyyət kəsb edən məsələlərə baxarkən son dərəcə diqqətli davranması arzu edilirdi. Öz səhvlərini aşkar edərək, səlahiyyətli orqanlar öz vəzifələrini vaxtında, lazımi və ardıcıl şəkildə yerinə yetirməmişlər. Ümumi prinsip olaraq, dövlət orqanlarının öz səhvlərini, hətta öz səhlənkarlıqlarından irəli gələn səhvləri düzəltməyə mane olmamalıdır. Başqa cür yanaşma əsassız varlanma doktrinasına zidd olardı. Sosial müdafiə fonduna töhfə verən digər şəxslərə, xüsusən də qanunla müəyyən edilmiş tələbləri yerinə yetirmədiklərinə görə müavinətdən məhrum edilmiş şəxslərə qarşı da ədalətsizlik olardı. Nəhayət, bu, özlüyündə ictimai maraqlara zidd olan qıt dövlət resurslarının yersiz bölüşdürülməsinə sanksiya tətbiq etmək deməkdir. Lakin üçüncü şəxsin təqsiri olmadan, səlahiyyətli orqanların özləri tərəfindən səhvə yol verilmişsə, müavinət alanın üzərinə düşən yükün həddən artıq olub-olmadığını müəyyən etmək üçün fərqli proporsional yanaşma tətbiq edilməli idi. Etiraz edilən tədbir nəticəsində ərizəçi praktiki olaraq bir gündən digər günə onun yeganə gəlir mənbəyi olan erkən pensiya pensiyasının tam itirilməsi ilə üzləşmişdi. Üstəlik, onun yeni iş tapmaqda xeyli çətinlik çəkməsi riski var idi. Yalnız üç ildən sonra o, yeni müavinət əldə edə bildi (əvvəlki tarifdən 50% az). Buna görə də, cəmiyyətin ümumi mənafeyinin tələbləri ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlıq təmin edilməmişdir və ərizəçinin üzərinə qoyulan yük həddindən artıq olmuşdur. Hazırkı işin hallarını yuxarıda qeyd edilənlərin işığında qiymətləndirən məhkəmə müəyyən edir ki, Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş bölməsinin əmək pensiyasını təyin edən komissiyanın 30 dekabr 2013-cü il tarixli, 982 nömrəli qərarı ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.5.1 və 20.14.1-ci maddələrinə müvafiq olaraq Cavabdeh güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Sonradan inzibati orqan apardığı araşdırma nəticəsində Cavabdeh 2013-cü il tarixdən 2021-ci il tarixədək Azərbaycan Respublikası ərazisində daimi yaşayış hüququ olmadığını aşkar etmiş, beləliklə, cavabdehə əsassız pensiya təyin olması səbəbi ilə Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş bölməsinin əmək pensiyasını təyin edən komissiyanın 30 dekabr 2013-cü il tarixli, 982 nömrəli qərarını Fondun Pensiya, müavinət və təqaüdlərin təyinatı departamentinin Xüsusi şərtlərlə təyinat şöbəsinin əmək pensiyası təyin edən komissiyasının xx.xx.2025-ci il tarixli, 3-17-9-1/2-T-57/2025 nömrəli qərarı ilə ləğv etmiş və cavabdehə Azərbaycan Respublikası ərazisində daimi yaşamaq üçün verilmiş icazəyə əsasən xx.xx.2022-ci il tarixdən xx.xx.2027-ci il tarixədək olan müddətə pensiya təyin etmişdir. Məhkəmə icraatı gedişində müəyyən edilmişdir ki, cavabdehə (sığortaolunan) yol verilmiş texniki xəta və ya yanlış riyazi hesablama və ya cavabdeh tərəfindən təqdim edilmiş səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər əsasında deyil, məhz səlahiyyətli orqan - iddiaçının (sığortaçı) öz vəzifələrini vaxtında, lazımi və ardıcıl şəkildə yerinə yetirməməsi, vəzifə səlahiyyətlərinə məsuliyyətsiz və laqeyd yanaşmasının nəticəsində pensiya təyin edilmişdir. Bununla belə, iddiaçı səhvə yol vermiş əməkdaşlarına qarşı münasibətdə tədbirlərin görülməsi yerinə, həmin səhvlərin iddiaçının hesabına aradan qaldırılması kimi düzgün olmayan yol seçmişdir. Belə olan halda, müvafiq əlverişli inzibati akt ləğv edildikdən sonra da vətəndaşa ödənilmiş pensiya məbləğinin geri qaytarılmasının tələb olunması qanuni və əsaslı sayıla bilməz. Qeyd edilməlidir ki, birdəfəlik və ya mütəmadi pul ödəmələrinin, o cümlədən artıq ödəmənin inzibati orqanın təqsiri üzündən baş verdiyi və şəxsin təqsirli davranışına bağlı olmadığı hallarda, inzibat icraat hüququnun müddəaları baxımından şəxsin əmlak vəziyyəti qorunmağa layiqdir. Bu zaman həmçinin şəxsin ona ödənilmiş pul vəsaitlərini xərclədiyi və buna görə də həmin vəsaiti qaytarmaq iqtidarında olmadığı və ya onu qaytaracağı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda həmin şəxsin etimad hüququnun qanunla qorunduğu da nəzərə alınmalıdır. Başqa cür yanaşma, şəxsin vicdansız və təqsirli davranışına bağlı olmadığı hallarda, sosial təminat sahəsində qanunun düzgün tətbiqinə məsuliyyət daşıyan inzibati orqanın yanlış hərəkətinin məsuliyyətinin və səhv hesablamanın neqativ hüquqi nəticələrinin yükünün həmin şəxsin üzərinə qoyulması demək olardı. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 16-cı maddəsinin İ hissəsi). Konstitusiya ayrılmaz insan hüquq və azadlıqlarını müdafiə etmək vəzifəsini dövlətin üzərinə qoyur. Bu da öz növbəsində, pensiya təminatı sahəsində hüquqi müəyyənlik və vətəndaşların qanuna və dövlətə etimadı prinsiplərinə uyğun olaraq pensiyaların yalnız səlahiyyətli orqanlar tərəfindən və qanuna müvafiq təyin edilməsini, pensiya hüququnun yaranmasını təsdiq edən sənədlərin hazırlanması və pensiya məbləğinin hesablanmasının dəqiq və aydın aparılmasını təmin edən hüquqi tənzimləmə sisteminin yaradılmasını ehtiva edir (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı). Məhkəmə həmçinin qeyd etməyi vacib sayır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 39.1-ci maddəsinin birinci cümləsinə əsasən, əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. İddiaçının məhkəməyə təqdim etdiyi cavabdehə artıq ödənilmiş məbləğlər barədə məlumat cədvəlindən aydın görünür ki, iddiaçının bildirdiyi “artıq ödəmə” 2021-ci ilin oktyabr ayınadək aparılmışdır. Göründüyü kimi, istinad edilən maddənin “son üç il” şərti hazırkı iş üzrə iddiaçıya münasibətdə ümumiyyələ mövcud olmamışdır. İddiaçı nəzərə almalıdır ki, “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 16 dekabr tarixli 93-VİİQ nömrəli Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2024-cü il tarixli, 268 ömrəli Fərmanının 16-cı bəndində Azərbaycan Respublikasının Nazirlər Kabineti, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti, mərkəzi və yerli icra hakimiyyəti orqanları, büdcədən maliyyələşdirilən və maliyyə yardımı alan təşkilatlar və digər dövlət orqanları maliyyə intizamının gücləndirilməsi, israfçılığa, izafi xərclərə yol verilməməsi və büdcə vəsaitindən qənaətlə istifadə olunması istiqamətində təsirli tədbirlər görülməsi tapşırılmışdır. Bu mənada dövlət orqanı olaraq iddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun həmin münasibətləri tənzimləyən normalarını gözardı etməməli, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmadan əsassız iddialar qaldırmamalı, qaldırılan iddialarda İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnu və Azərbaycan Ali Məhkəməsinin İnzibati Kollegiyasının oxşar məzmunlu işlər üzrə məhkəmə qərarlarını nəzərə almalıdır. Bununla dövlət orqanı qanunla ona tanınmış məhkəməyə məhdudiyyətsiz müraciət hüququndan sui-istifadə halını aradan qaldırmaqla özünü və məhkəməni əlavə yükdən azad edərək dövlət resurslarına qənaət olunmasına xidmət edəcəkdir. Bu qərarda qeyd edilən hüquqi mövqe yuxarıda istinad olunan Azərbaycan Respublikası Ali Məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi və digər bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsinə uyğundur. Odur ki, iddiaçı Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Cavabdeh qarşı "cavabdehə artıq ödənilmiş 34.396 (otuz dörd min üç yüz doxsan altı) manat məbləğində pul vəsaitinin ondan tutularaq Fondun yığım hesabına geri qaytarılması tələbi”nə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2, 4.1, 33.1, 58.7, 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Cavabdeh qarşı "cavabdehə artıq ödənilmiş 34.396 (otuz dörd min üç yüz doxsan altı) manat məbləğində pul vəsaitinin ondan tutularaq Fondun yığım hesabına geri qaytarılması tələbi”nə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən (elektron məhkəmə kabinetinə yerləşdirildikdən) 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elnur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar