Məhkəmə qərarları › İş №2-1(122)-1158/2025

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-1158/2025

16.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-1158/2025 16.12.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: X13 Heydər oğlunun sədrliyi, Əliyev Adəm Qurban oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "doğum haqqında akt qeydi kitabında İddiaçı aid uşaq haqqında məlumat qeydinin soyad qrafasında dəyişiklik edilərək "İsmayılov" soyadının "İsmayılı" kimi dövlət qeydiyyatının aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təsviri hissə: İddiaçı xx xxxx 1992-ci ildə Ordubad rayonunda doğulmuşdur. Onun doğum haqqında şəhadətnaməsində adı, soyadı və ata adı "X11" oğlu qeyd olunmuşdur. Əslində isə onun soyadı "İsmayılov" yox, “İsmayılı”dır. Ona məxsus bütün sənədlərdə, şəxsiyyətini təsdiq edən sənəddə, orta təhsil haqqında attestatda, pasportunda, Hərbi biletində və Sürücülük vəsiqəsində və bir çox hüquq müəyyənedici sənədlərdə soyadı "İsmayılı" olaraq qeyd olunmuşdur. O, Rusiya Federasiyasında vətəndaşlıq almaq üçün müraciət etmiş və onun doğum haqqında şəhadətnaməsi ilə digər sənədləri arasında fərqlilik olduğundan onun üçün müəyyən çətinliklər yaranmışdır. Bununla bağlı o, Naxçıvan MR Ədliyyə Nazirliyinin Cavabdeh ərizə ilə müraciət etsə də, Ordubad rayon Qeydiyyat şöbəsinin 14 oktyabr 2025- ci il tarixli məktubu ilə onun tələbinin icrasından imtina edilmiş, müvafiq məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İddiaçı göstərilənlərə əsasən Naxçıvan MR Ədliyyə Nazirliyinin Ordubad rayon Qeydiyyat şöbəsinin akt qeyd kitabında onun soyadının "İsmayılı" kimi qeyd olunmaqla "İddiaçı" oğlu kimi yazılıması öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunmuş, sərəncamla iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh orqanın yazılı etirazının qısa xülasəsi: Cavabdeh Ordubad rayon Qeydiyyat şöbəsi tərəfindən iddiaya dair məhkəməyə ünvanlanan 22 oktyabr 2025-ci il tarixli, 3-16-5/8-13- 252/2025 nömrəli məktubla iddiaya dair yazılı münasibətini onunla əsaslandırmışdır ki, Ordubad rayon Qeydiyyat şöbəsində tərtib olunmuş xx.xx.1992-ci il tarixli, 188 nömrəli doğum haqqında akt qeydində uşaq haqqında məlumat qrafasında uşağın soyadı “İsmayılov” qeyd olunmuşdur. Azərbaycan Respublikası Nazirlər kabinetinin 2001-ci il 01 mart tarixli, 52 nömrəli “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik bərpa və ləğv qaydalarını” müəyyən edən qərarına əsasən vətəndaşın akt qeydinə düzəliş edilməsi üçün kifayət qədər əsaslar olmalıdır. Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.1993-cü il tarixli, 495 saylı “Azərbaycan Respublikası vətəndaşlarının soyadlarının dövlət dilinə uyğunlaşdırılması haqqında” qərarına əsasən “-ov” “-yev” soyad sonluqları “lı,li,lu,lü”, “-zadə”, “-oğlu”, “-qızı” sonluqlu və ya sonluqsuz ifadə formaları ilə əvəz edilə bilərlər. Vətəndaş barəsində ad, soyadın və soyad sonluğunun dəyişilməsi barədə məlumat aşkar olunmadığı üçün uşaq haqqında məlumat qrafasında soyadında “İsmayılov”-dan “İsmayılı”-ya dəyişiklik edilməsi sözügedən qərarlara ziddir. Sonradan iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək iddia tələbinə “doğum haqqında akt qeydi kitabında İddiaçı aid uşaq haqqında məlumat qeydinin soyad qrafasında dəyişiklik edilərək "İsmayılov" soyadının "İsmayılı" kimi dövlət qeydiyyatının aparılması öhdəliyinin cavabdeh Ordubad rayon Qeydiyyat şöbəsinin üzərinə qoyulması” məzmununda baxılıb qərar verilməsini xahiş etmişdir. Məhkəmənin 04 noyabr 2025-ci il tarixli, 2-1(122)-1158/2025 nömrəli protokol qərardadı ilə dəyişdirilmiş iddia tələbi icraata qəbul edilmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab olunmuş, şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası 16 dekabr 2025-ci il tarixə təyin edilmişdir. İddiaçı və cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Yazılı sübutlar: - Ordubad rayon Qeydiyyat şöbəsi tərəfindən Ordubad şəhər sakini İddiaçı ünvanlanmış 14 oktyabr 2025-ci il tarixli, 3-16-5/8-xx-xx/2025 nömrəli məktubla belə izah olunur ki, Ordubad rayon Qeydiyyat şöbəsində tərtib olunmuş xx.xx.1992-ci il tarixli, 188 nömrəli doğum haqqında akt qeydində uşaq haqqında məlumat qrafasında uşağın soyadı "İsmayılov” qeyd olunmuşdur. Azərbaycan Respublikası Nazirlər kabinetinin 2001-ci il 01 mart tarixli, 52 nömrəli "Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik bərpa və ləğv qaydalarını” müəyyən edən qərarına əsasən vətəndaşın akt qeydinə düzəliş edilməsi üçün kifayət qədər əsaslar olmalıdır. Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.1993-cü il tarixli, 495 saylı “Azərbaycan Respublikası vətəndaşlarının soyadlarının dövlət dilinə uyğunlaşdırılması haqqında” qərarına əsasən “-ov" "-yev" soyad sonluqları "lı,li,lu,lü", "zadə", “-oğlu", "-qızı" sonluqlu və ya sonluqsuz ifadə formaları ilə əvəz edilə bilərlər. Barənizdə soyad sonluğunun dəyişilməsi barədə məlumat aşkar olunmadığı üçün uşaq haqqında məlumat qrafasında soyadında "İsmayılov"-dan "İsmayılı"-ya dəyişiklik edilməsi sözügedən qərarlara ziddir. Vətəndaşa məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. - 16 sentyabr 2025-ci il tarixli, AZ-T seriyalı, 315843 nömrəli doğum haqqında şəhadətnamənin surətindən məlum olur ki, X6 xx xxxx 1992-ci il tarixdə Ordubad şəhərində doğulmuşdur və bu barədə doğum akt qeydləri kitabında 1992-ci ilin 08 ayının 05 günündə 188 nömrə ilə qeydiyyatı aparılmışdır. - 18 iyun 2009-cu il tarixli, B seriyalı, 579602 nömrəli orta təhsil haqqında attestatın təsdiq edilmiş surətindən məlum olur ki, İddiaçı Ordubad şəhər M. Sidqi adına 1 №-li orta məktəbi bitirmişdir. - 18 oktyabr 2010-cu il tarixli, AO seriyalı, ******* nömrəli hərbi biletin surətindən məlum olur ki, İddiaçı xx xxxx 1992-ci il tarixdə doğulmuşdur. - C03499420 nömrəli pasportun təsdiq edilmiş surətindən məlum olur ki, İddiaçı xx xxxx 1992-ci il tarixdə doğulmuşdur. - Ordubad Rayon İcra Hakimiyyəti Ordubad şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş 08 oktyabr 2025-ci il tarixli, 801 nömrəli arayışdan məlum olur ki, İddiaçı ünvan 3 ünvanında qeydiyyatda durur və yaşayır. - AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxx 1992ci il tarixdə doğulmuşdur. - Ordubad şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 22 oktyabr 2025-ci il tarixli, 5-25-1/2-120/2025 nömrəli məktubla göndərilmiş ailə tərkibi haqqında arayışdan məlum olur ki, İddiaçı ünvan 3 ünvanında qeydiyyatda durur və ailə tərkibi: atası: Nümayəndə, anası: X1, bacısı: X4, H/yoldaşı: X3 (boşanıb) və qızı: X2 ibarətdir. - Ordubad rayon Qeydiyyat şöbəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 22 oktyabr 2025-ci il tarixli, 3-16-5/8-13-254/2025 nömrəli məktubdan məlum olur ki, X6 barəsində ad, soyad, ata adının və soyad sonluğunun dəyişilməsi haqda heç bir məlumat aşkar olunmamışdır. - Elektron sorğu sistemindən çıxarışdan məlum olur ki, X5 03 may 2017-ci il tarixdə Moskva şəhərində doğulmuşdur. - Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 07 noyabr 2025-ci tarixli, 3-13-43/2-16185/2025 nömrəli məktubdan məlum olur ki, xx xxxx 1992-ci il tarixdə Ordubad rayonunda doğulmuş İddiaçı ilk dəfə xx.xx.2004-cü il tarixdə "AZE-10309632” nömrəli, xx.xx.2008-ci il tarixdə "AZE-06268046” nömrəli, xx.xx.2016-cı il tarixdə "AZE-16962852" nömrəli köhnə nəsil şəxsiyyət vəsiqələri ilə, sonuncu dəfə isə xx.xx.2023-cü il tarixdə hazırda aktiv statusda olan "“AA*******" nömrəli yeni nəsil şəxsiyyət vəsiqəsi ilə təmin olunmuşdur. İddiaçı ilk dəfə xx.xx.2009-cu il tarixdə “Р3592298” nömrəli köhnə nəsil ümumvətəndaş pasportu ilə, xx.xx.2013-cü il tarixdə “С00123706” nömrəli, xx.xx.2023-cü il tarixdə isə hazırda aktiv statusda olan "C03499420” nömrəli yeni nəsil ümumvətəndaş pasportu ilə təmin olunmuşdur. Əlavə olaraq qeyd edirik ki, köhnə nəsil şəxsiyyət vəsiqəsi və ümumvətəndaş pasportlarının verilməsinə əsas olmuş sənədlər AR DİN-in müvafiq qərarına əsasən saxlama müddətinin başa çatması səbəbindən məhv edilmişdir. - Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 07 noyabr 2025-ci tarixli, 3-13-43/2-16187/2025 nömrəli məktubdan məlum olur ki, xx xxxx 1992-ci il tarixdə Ordubad rayonunda doğulmuş İddiaçı cinayət mühakimə icraatına şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb edilməsi, barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi, habelə məhkumluğunun olub-olmaması barədə AR DİN-in mərkəzləşdirilmiş uçotlarında məlumat yoxdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: - 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin İV hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 159.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş akt qeydlərini bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. - 161.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir. - 161.2-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. - 164.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı, qeyd olunmalı faktları və ərizə verənlərin şəxsiyyətini təsdiq edən sənədlər əsasında aparılır. Bu sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın: - 1.1-ci bəndinə görə bu Qayda Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq hazırlanmışdır və dövlət mənafeyi, ictimai mənafe üçün, vətəndaşların şəxsi, habelə əmlak hüquqlarının qorunması məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasını müəyyən edir. - 1.4-cü bəndinə əsasən qeydiyyat şöbəsi və konsulluq idarəsi fəaliyyət istiqamətinə uyğun olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi vasitəsilə doğumun, nigahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli, 52 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın: - 1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. - 3-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlər düzəldikdə vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişikliklər aparılır. - 8-ci bəndinə görə ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir. İnzibati icraat haqqında Azərbaycan Respublikasının Qanununun: - 11.1-ci bəndinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. - 11.2-ci bəndinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. - 14.2-ci bəndinə əsasən diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. - 14.3-ci bəndinə əsasən diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. - 20.2-ci bəndinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. - 24.1-ci bəndinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.2-ci bəndinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə iş materiallarını hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək, mübahisənin həllində tətbiq edilməli hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmənin əsaslandırması: “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı tərəf subyektiv hüquqa malik olmuşdur. Məhkəmə ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikasının qanunvericiliyi vətəndaşlıq vəziyyəti akt qeydində dəyişiklik edilməsi ilə bağlı məsələdə qanuni bir marağı olduğu halda hər kəsin prinsip olaraq bu hüquqa malik olduğu ilə bağlı tənzimləmə gətirmişdir. Şəxsin bu hüququnun reallaşdırılmasından imtina edən dövlət orqanları buna maneə təşkil edən konkret halların mövcudluğuna istinad etməli və imtina qərarlarını qanunvericiliyin konkret müddəalarına istinadla əsaslandırmalıdırlar. Həmin hüququn məhdudlaşdırılması qanunçuluğun tələblərinə cavab verməli, gətirilmiş məhdudiyyət qanunda konkret göstərilmiş legitim məqsədlərə nail olmağa yönəlməli, arzu edilən nəticə ilə tətbiq edilən vasitə mütənasib olmalı və belə məhdudiyyət hüququn mahiyyətini dəyişməməlidir. İş materialları ilə müəyyən olunur ki, xx.xx.1992-ci il tarixli, 188 saylı doğum akt qeydində İddiaçı soyadı qrafasında “İsmayılı” əvəzinə “İsmayılov” qeyd olunmuşdur. Hazırkı iş üzrə iddiaçının tələbi soyadının düzəliş edilməsi kimi deyil, sadəcə mövcud soyadının sonluğunun qanunvericiliyə uyğun dəyişdirilməsi kimi qiymətləndirilməlidir. İddiaçının məhkəmə təqdim etdiyi şəxsiyyət vəsiqəsinin, orta təhsil haqqında attestatının, hərbi biletinin, ümumvətəndaş pasportunun, sürücülük vəsiqəsinin, eləcə də övladının (qızının) doğum haqqında şəhadətnaməsindən aydın olur ki, bütün sənədlərdə iddiaçının soyadı “İsmayılı” kimi qeyd olunmuşdur. Belə olan halda da, Məhkəmə təcrübəsi və inzibati hüquq prinsipləri eləcə də, iddiaçının hüquqi statusunu faktiki statusuna uyğunlaşdırmaq baxımından hazırkı iş üzrə "Hüquqi müəyyənlik" və "Faktiki vəziyyətin üstünlüyü" prinsipləri əsas götürülməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının qanunvericiliyi vətəndaşlıq vəziyyəti akt qeydində dəyişiklik edilməsi ilə bağlı məsələdə qanuni marağı olduğu halda hər kəsin prinsip olaraq bu hüquqa malik olduğu ilə bağlı tənzimləmə gətirmişdir. Şəxsin bu hüququnun reallaşdırılmasından imtina edən dövlət orqanları buna maneə təşkil edən konkret halların mövcudluğuna istinad etməli və imtina qərarlarını qanunvericiliyin konkret müddəalarına istinadla əsaslandırmalıdırlar. Həmin hüququn məhdudlaşdırılması qanunçuluğun tələblərinə cavab verməli, gətirilmiş məhdudiyyət qanunda konkret göstərilmiş legitim məqsədlərə nail olmağa yönəlməli, arzu edilən nəticə ilə tətbiq edilən vasitə mütənasib olmalı və belə məhdudiyyət hüququn mahiyyətini dəyişməməlidir. Məhkəmə qanunvericiliyin yuxarıda göstərilmiş müddəalarına istinadla qeyd edir ki, cavabdeh tərəfindən xx.xx.1992-ci il tarixli, 188 saylı doğum akt qeydində dəyişiklik edilməsinə heç bir qanuni maneə olmamışdır. Cavabdehin öz imtinasına gətirdiyi arqument - vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatında iddiaçının doğum akt qeydində dəyişiklik edilməsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”da nəzərdə tutulan əsasların olmamasıdır. Bu baxımdan qeyd olunmalıdır ki, “İnzibati icraat” haqqında qanunda nəzərdə tutulmuş anlamda müvafiq inzibati icraat aparmadan, sadəcə olaraq, göstərilən qərarda nəzərdə tutulmuş hallardan hər hansı birinin mövcudluğuna istinadla, həm də əsaslandığı həmin halın mövcudluğunu inzibati icraatdan kənar müəyyən etməklə, vətəndaşın müraciətinə imtina etməkdə cavabdeh haqlı sayıla bilməz. Həmçinin doğumun qeydiyyatı barədə yuxarıda göstərilən qanun müddəalarının sistemli təhlili onu deməyə əsas verir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatının əsas məqsədlərindən biri də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunmasına xidmət etməklə yanaşı, həm də dövlət mənafeyi və ictimai mənafe üçün aparılır. Vətəndaşlıq vəziyyəti qeydləri sırasında doğumun qeydiyyatı xüsusi yer alır və bu qeydiyyatın hüquq müəyyənetmə əhəmiyyəti milli qanunvericilikdə dəqiq təsbit olunmuşdur. İddiaçının tələbində açıq-aşkar qeyd olunmuşdur ki, onun çatmaq istədiyi hüquqi nəticə məhz doğum haqqında akt qeydində səhv yazılmış soyadının dəyişdirilməsidir. Başqa sözlə onun soyadının şəxsiyyəti təsdiq edən sənədə uyğun qeyd olunmasıdır. Qeyd olunan hal üzrə orqanın imtinasında göstərilən arqument isə hazırkı iddianın təmin edilməməsi üçün qanuni əsas sayıla bilməz. Ona görə ki, iddiaçı 30 ildən çoxdur ki, cəmiyyətdə "İsmayılı" kimi tanınır və övladı da bu soyadı daşıyır. Doğum aktındakı fərqlilik onun xaricdə vətəndaşlıq almasına və barəsində olan digər mülki dövriyyə proseslərinə mane olur. Bu maneənin aradan qaldırılmaması isə "mütənasiblik" prinsipinin pozulmasıdır. Buna görə də məhkəmə hesab edir ki, cavabdeh Ordubad rayon Qeydiyyat Şöbəsi iddiaçının tələbindən imtina etməkdə haqlı olmamışdır. Beləliklə, İddiaçı Cavabdeh qarşı "doğum haqqında akt qeydi kitabında İddiaçı aid uşaq haqqında məlumat qeydinin soyad qrafasında dəyişiklik edilərək "İsmayılov" soyadının "İsmayılı" kimi dövlət qeydiyyatının aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası təmin edilməlidir. Nəticəvi hissə: Göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3, 4.1, 34.1, 58.7, 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddia təmin edilsin. Doğum haqqında akt qeydi kitabında İddiaçı aid uşaq haqqında məlumat qeydinin soyad qrafasında dəyişiklik edilərək "İsmayılov" soyadının "İsmayılı" kimi dövlət qeydiyyatının aparılması öhdəliyi cavabdeh Ordubad rayon Qeydiyyat Şöbəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elnur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar