Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-1166/2025 04.11.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ X3 Heydər oğlunun sədrliyi, X4 oğlunun katibliyi, İddiaçı və Cavabdeh nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı "onu ehtiyata buraxılmış hərbi qulluqçu kimi 3 nəfər ailə tərkibi (özü, həyat yoldaşı və övladı) mənzil növbəsinə götürülməklə, dayandırıldığı tarixdən hesablanmaqla kirayə üçün xərclərin ödənilməsi öhdəliyini cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddianın mümkünlüyünün yoxlanılması məsələsinə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onu ehtiyata buraxılmış hərbi qulluqçu kimi 3 nəfər ailə tərkibi (özü, həyat yoldaşı və övladı) mənzil növbəsinə götürülməklə, dayandırıldığı tarixdən hesablanmaqla kirayə üçün xərclərin ödənilməsi öhdəliyini Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunaraq iddianın mümkünlüyünün yoxlanılması ilə bağlı məhkəmə iclası 04 noyabr 2025ci il tarixə təyin olunmuşdur. Məhkəmə tərəfindən iddiaçıya 23 oktyabr 2025-ci il tarixli yardım məktubu ünvanlanaraq kirayə pulu ödənişlərinin dayandırılması halının ona məlum olduğu anı müəyyən etməyə imkan verən müvafiq sübutların məhkəməyə təqdim edilməsi üçün müddət təyin olunmuşdur. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: -12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. -13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. -35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. -35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli qərarının: -1.1, 1.2, 1.3 və 1.4-cü bəndlərində qeyd olunan hüquqi mövqeyə görə məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. -2.1-ci bəndinə əsasən mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. -2.2-ci bəndinə əsasən işin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. -3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. -3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. -3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. Məhkəmənin əsaslandırması: İddia ərizəsinin məzmunundan aydın olur ki, iddiaçının əsas hüquqi marağı onun ehtiyata buraxılmış hərbi qulluqçu kimi 3 nəfər ailə tərkibi (özü, həyat yoldaşı və övladı) mənzil növbəsinə götürülməklə, dayandırıldığı tarixdən hesablanmaqla kirayə üçün xərclərin ödənilməsindən ibarətdir. İşdə olan ZE № ******* nömrəli hərbi biletin surətindən görünür ki, Azərbaycan Respublikası Müdafiə Nazirinin 0518 nömrəli, xx.xx.2009-cu il tarixli əmri ilə Hərbi xidmətkeçmə haqqında Əsasnamənin 158-ci maddəsinin “b” bəndinə əsasən törətdiyi cinayətə görə azadlıqdan məhrum edilməməklə bağlı olmayan cəzaya məhkum olunduğuna görə İddiaçı ehtiyata buraxılmışdır. Cavabdeh başçısının 12 may 2020-ci tarixli 19 №-li sərəncamının surətindən məlum olur ki, Babək rayon üzrə 2020-ci ilin İ rübündə mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayə xərcləri ödənilən bəzi kateqoriyalı ehtiyata və ya istefaya buraxılmış vətəndaşların siyahısında İddiaçı adı qeyd olunmamış, iddiaçı tərəfindən də həmin sərəncam mübahisələndirilməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı mənzil uçotuna götürülməsi barədə müvafiq inzibati orqana müraciət etməmiş, həmçinin iddiaçı göstərilən sərəncamın icrası ilə bağlı yaşayış sahəsinin kirayəsi üçün pul kompensasiyası ödənilməməsinə baxmayaraq hüquqlarının müdafiəsi ilə bağlı 5 ildən sonra məhkəməyə müraciət etmişdir. Nəzərə almaq lazımdır ki, iddiaçı mübahisələndirilən inzibati akt barədə ən geci 2020-ci il tarixdən məlumatlı olduğunu qəbul və etiraf edir. İş üzrə materiallardan göründüyü kimi, iddiaçı hər bir halda sərəncamın ləğvinə yönəlmiş mübahisələndirmə haqqında iddia ilə məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş prosessual müddəti ötürmüşdür və həmin müddətin buraxılması onun təqsirli davranışına bağlıdır. İddiaçı tərəfindən məhkəməyə müddətin üzrlü səbəblərdən buraxıldığını təsdiq edən hər hansı sənəd təqdim olunmamışdır. Hətta həyatın adi axarı şəraitində belə, iddiaçının mübahisə predmetinə dair məlumatının olmaması barədə nəticəyə gəlmək çətindir. Odur ki, məlumatlı olduğu halda iddiaçı tərəfindən cavabdeh orqanın sərəncamının qanunla müəyyən olunmuş müddət ərzində mübahisələndirilməməsi və iddianın mümkünlük şərti olan iddia müddətinin buraxılması onun məsuliyyət sferasına aid edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarında iddia müddətinin tətbiqinin əhəmiyyəti barədə Konstitusiya Məhkəməsinin Plenumu özünün “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında əksini tapan hüquqi mövqeyini təkrarlayaraq qeyd edir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: Birinci o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir. İkinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir. Üçüncü, iddia müddətləri tərəflərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır”. Beləliklə, məhkəmə İddiaçı Cavabdehnə qarşı "onu ehtiyata buraxılmış hərbi qulluqçu kimi 3 nəfər ailə tərkibi (özü, həyat yoldaşı və övladı) mənzil növbəsinə götürülməklə, dayandırıldığı tarixdən hesablanmaqla kirayə üçün xərclərin ödənilməsi öhdəliyini cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiasının mümkün sayılmaması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1, 32.1, 35, 38.1, 80 və 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddia mümkün sayılmasın. Qərardaddan qərardad rəsmi qaydada təqdim olunduğu vaxtdan (elan olunduğu vaxtdan) 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Elnur Hüseynov
Məhkəmə qərarları › İş №2-1(122)-1166/2025
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-1166/2025
04.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver