Məhkəmə qərarları › İş №2-1(122)-1171/2025

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-1171/2025

11.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-1171/2025 11.12.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Əliyev Tural Yusif oğlunun sədrliyi, Rzayeva Əpruz Qasım qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı "Cavabdeh başçısının 03 sentyabr 2025-ci il tarixli, 85 nömrəli sərəncamını ləğv edərək onun Cavabdeh başçısının Gülüstan kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsinin müavini vəzifəsinə bərpa olunmağı öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddianın mümkünlüyünün yoxlanılması məsələsinə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh başçısının 03 sentyabr 2025-ci il tarixli, 85 nömrəli sərəncamını ləğv edərək onun Cavabdeh başçısının Gülüstan kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsinin müavini vəzifəsinə bərpa olunmağı öhdəliyinin Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 11 avqust 1983-cü il tarixdən əmək fəaliyyətinə başlamışdır. 04 yanvar 2002-ci il tarixdə Cavabdeh Gülüstan kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 01 nömrəli sərəncamı ilə Cavabdeh başçısının Gülüstan kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyində köməkçi vəzifəsinə təyin edilmişdir. Həmin tarixdən işdən azad olunduğu 03 sentyabr 2025-ci il tarixədək müddətdə Cavabdeh başçısının Gülüstan kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin müavini vəzifəsində işləmişdir. İşlədiyi müddət ərzində uzun illər icra nümayəndəsinin və mühasibin vəzifələrini də tək olaraq icra etmiş, heç bir xəbərdarlıq, töhmət almamış, əksinə yaxşı işi qeyd olunmuşdur. O, xx xxxx 1962-ci ildə doğulmuşdur. Pensiya yaşı 08 iyul 2027-ci ildə tamam olacaqdır, pensiyaya çıxmağına 1 il 9 aydan da az vaxt qalır. Lakin 23 ildən artıq bir təşkilatda qüsursuz fəaliyyəti, yaşı nəzərə alınmadan o, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.4-cü maddəsinə, “Yerli İcra Hakimiyyəti haqqında Əsasnamə”nin 4.1.8-ci bəndinə uyğun olaraq və Cavabdeh başçısının 13 avqust 2025-ci il tarixli, 74 nömrəli sərəncamı ilə yaradılmış “Cavabdeh başçısı Aparatında və İnzibati ərazi dairələri üzrə nümayəndəliklərində müvafiq ali təhsili olmayan və inzibati vəzifə tutan dövlət qulluqçularının müəyyən edilməsi və qanunvericiliyə uyğun tədbirlər görülməsi məqsədi ilə daxili araşdırma komissiyası”nın qəbul etdiyi 29 avqust 2025-ci il tarixli aktını nəzərə alaraq Cavabdeh başçısının 03 sentyabr 2025-ci il tarixli, 85 nömrəli sərəncamı ilə dövlət qulluğuna və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməklə tutduğu vəzifədən azad edilmişdir. Hesab edir ki, onun işdən çıxarılmağı qanunsuz və ədalətsizdir. Onun qanunsuz olaraq işdən azad edilməyi və işinə bərpa olunmağına köməklik göstərilməsi barədə Naxçıvan MR X1 23 sentyabr 2025-ci il tarixdə göndərdiyi ərizəyə 13 oktyabr 2025-ci il tarixdə 77 nömrə ilə verilmiş cavabın məktubundan bu nəticəyə gəlmək olur ki, onun işdən çıxarılmağında qanun pozuntusuna yol verilməmişdir. Cavabdeh Başçısının Gülüstan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini vəzifəsinə bərpa olunmağına köməklik olunması barədə 23 sentyabr 2025-ci il tarixdə Cavabdehnə göndərdiyi ərizəyə 30 sentyabr 2025-ci il tarixdə 5-23/2-A-207-1-23 8/2025 nömrəli məktubla verilmiş cavabda hal-hazırda iddia elədiyi vəzifəyə bərpa olunmağının Cavabdeh səlahiyyəti xaricində olduğu bildirilmişdir. Hesab edir ki, Cavabdeh onu işdən çıxararkən onun 23 ildən artıq müddətdə qüsursuz işləməyini, heç bir xəbərdarlıq, töhmət almamağını, uzun müddət icra nümayəndəliyində üç vəzifəni icra etməyini, onun pensiya yaşının tamam olmasına 1 (bir) ildən artıq müddət qalmasını nəzərə almamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunaraq iddianın mümkünlüyünün yoxlanılması ilə bağlı məhkəmə iclası 11 dekabr 2025ci il tarixə təyin edilmişdir. Məhkəmə tərəfindən iddiaçıya yardım məktubları ünvanlanaraq iddia müddətinin üzrlü səbəbdən buraxılmasını təsdiq edən müvafiq sübutların məhkəməyə təqdim edilməsi təklif olunmuş, həmçinin iddia ərizəsinin surəti iddianın mümkünlüyü məsələsinə münasibət bildirilməsi üçün Cavabdehnə göndərilmişdir. Cavabdeh orqanın yazılı etirazının qısa xülasəsi: Cavabdeh 3 noyabr 2025-ci il tarixli, 5-23/2-1029/2025 nömrəli məktubla məhkəməyə ünvanlanan iddiaya dair yazılı münasibətini onunla əsaslandırmışdır ki, Cavabdeh başçısının 13 avqust 2025-ci il tarixli 74 nömrəli Sərəncamı ilə “Cavabdeh başçısı Aparatında və inzibati ərazi dairələri üzrə nümayəndəliklərində müvafiq ali təhsili olmayan və inzibati vəzifə tutan dövlət qulluqçularının müəyyən edilməsi və qanunveriliciyə uyğun tədbirlər görülməsi məqsədilə daxili araşdırma Komissiyası” yaradılmışdır (bundan sonra komissiya). Komissiya tərəfindən aparılan araşdırma zamanı “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının 21 iyul 2000-ci il tarixli 926-İQ nömrəli Qanunu qüvvəyə mindikdən sonra (1 sentyabr 2001-ci il tarixdən) Cavabdeh başçısı Aparatında və inzibati ərazi dairələri üzrə nümayəndəliklərində inzibati vəzifəyə qəbul edilən dövlət qulluqçularının şəxsi işlərinə, əmək kitabçalarına və tərcümeyi-hallarına baxış keçirilmişdir. Şəxsi işə baxış zamanı İddiaçı X4 Kollecinin “mühasibat uçotu və audit” ixtisası üzrə orta ixtisas təhsili aldığı və 04 yanvar 2002-ci il tarixdə Gülüstan kənd İcra nümayəndəsinin həmin tarixli 01 nömrəli sərəncamı ilə Gülüstan kənd İcra nümayəndəsinin köməkçisi vəzifəsinə təyin edildiyi müəyyən edilmişdir. Vətəndaşa bildirilmişdir ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 13.2-ci maddəsinə uyğun olaraq inzibati vəzifə iddiasında olan şəxsin müvafiq ali təhsili olmalıdır. Həmçinin “1-5-ci kateqoriya dövlət orqanlarında inzibati vəzifələrin birinci-yeddinci təsnifatlarına uyğun olan vakant vəzifələrin tutulmasının Ümumi Şərtləri”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 8 dekabr 2017-ci il tarixli 545 nömrəli Qərarının 8.7.4-cü yarımbəndində göstərilən yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi, onun müavini vəzifəsinin tutulması üçün tələblərdən biri də həmin şəxsin müvafiq ali təhsili olmasıdır. Vətəndaşa bildiriş göndərilərək bildirilmişdir ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.4-cü maddəsinə uyğun olaraq dövlət qulluğuna bağlanılmış əmək müqaviləsinə xitam vermək zərurəti yaranmışdır. Əlavə olaraq İddiaçı müvafiq ali təhsilə malik olmağı ilə bağlı dəyişiklik varsa, həmin ali təhsillə bağlı müvafiq sənədin notarial qaydada təsdiq olunmuş surətini Komissiyaya təqdim etməsi tövsiyə edilmişdir. Qeyd olunan tarixədək yuxarıda sadalanan halları aradan qaldırmağa təsir edə biləcək sənədləri təqdim etmədiyi təqdirdə onunla bağlanmış əmək müqaviləsinə və dövlət qulluğuna xitam verilməsi üçün müvafiq qərar qəbul ediləcəyi bildirilmişdir. Vətəndaşa həmin vəzifədə müqavilə ilə işləməsi təklif olunsa da, qəbul etməmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, heç bir üzrlü səbəb göstərmədən nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı məhkəməyə buraxılmış prosessual müddətin bərpası barədə 05 dekabr 2025-ci il tarixli ərizə ilə müraciət edərək bildirmişdir ki, iddia tələbi ilə məhkəmə qarşısında çıxış etməzdən əvvəl işdən azad edilməyi ilə bağlı Cavabdeh başçısının 03 sentyabr 2025-ci il tarixli, 85 nömrəli sərəncamından Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinə müraciət etmişdir. Bundan başqa X2 Şurasına və Cavabdehnə yazılı müraciət etmiş və ümid etmişdir ki, onun uzun illər göstərdiyi qüsursuz əmək fəaliyyəti nəzərə alınacaq və o, öz işinə bərpa olunacaqdır. Qeyd edilən müraciətləri ilə əlaqədar xidmət və digər orqanlar tərəfindən araşdırmalar aparılmışdır. Bundan sonra əmək hüquqlarının müdafiəsi ilə bağlı müvafiq məhkəməyə müraciət etməyi ona tövsiyə edilmişdir. Əmək hüquqlarının müdfafiəsi ilə bağlı Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinə etdiyi müraciətə baxılaraq müvafiq araşdırılmaların aparılması müəyyən zaman tələb etdiyindən həmçinin müvafiq araşdırmaların nəticəsi barədə məlumatın ona verilməsi zaman axımına səbəb olduğundan hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün qanunla müəyyən edilmiş müddət ötürülmüşdür. İddiaçı yuxarıda qeyd edilən xüsusatlara əsasən Cavabdehnə qarşı "Cavabdeh başçısının 03 sentyabr 2025-ci il tarixli, 85 nömrəli sərəncamının ləğv edilərək onun Cavabdeh başçısının Gülüstan kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsinin müavini vəzifəsinə bərpa olunmağı barədə öhdəliyin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddia ərizəsinin mümkün sayılması üçün buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi mümkün sayılmamalıdır. Məhkəmənin əsaslandırması: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət inzibati məhkəmə icraatı iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. 24.2-ci maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldıra bilər. 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun: 62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli qərarında əks olunan hüquqi mövqe aşağıdakı kimidir: 1.1, 1.2, 1.3, 1.4 və 2.1-ci bəndlərinə uyğun olaraq məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 5.1., 5.2., 6.1., 6.2., 7., 8.5-ci bəndlərində qeyd edilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. 3.4-cü bəndində göstərilmişdir ki, birinci instansiya məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsi ilə də yerinə yetirə bilər. İddiaçı Cavabdeh başçısının 03 sentyabr 2025-ci il tarixli, 85 nömrəli sərəncamının ləğv edilməsini xahiş etməklə mübahisələndirmə haqqında iddia qaldırmışdır. İnzibati məhkəmə icraatı qaydasında mübahisələndirmə haqqında iddia şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsindən (ləğv olunmasından və ya dəyişdirilməsindən) ibarətdir. Cavabdeh tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 31 oktyabr 2025-ci il tarixli, 5-23/2-1021/2025 nömrəli məktubla göndərilmiş Cavabdeh başçısının 03 sentyabr 2025-ci il tarixli, 85 nömrəli sərəncamının təsdiq edilmiş surətindən aydın olur ki, Cavabdeh başçısının Gülüstan kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin müavini İddiaçı 03 sentyabr 2025-ci il tarixdən dövlət qulluğuna və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməklə tutduğu vəzifədən azad edilmişdir. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, iddiaçı hazırda mübahisələndirdiyi inzibati aktın, yəni sərəncamın ləğvi üçün müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş müddəti ötürdükdən sonra məhkəməyə müraciət etmişdir. Belə ki, İddiaçı məhkəmə iclaslarında verdiyi izahatlarda işdən azad olunması barədə mübahisələndirdiyi xx.xx.2025-ci il tarixli sərəncamdan xx.xx.2025-ci il tarixdə, yəni bir gün sonra məlumatlı olduğunu və əmək kitabçasının həmin tarixdə ona təqdim edilməsini təsdiq etmişdir. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, İddiaçı mübahisələndirilən sərəncamdan xəbərdar olmuşdur. Belə ki, həmin sərəncamla işdən azad edildiyini bilmişdir. Məhkəmə hesab edir ki, mübahisəli məsələyə münasibətdə inzibati aktın ləğv edilməsinə dair tətbiq edilən 30 gün müddətinin axımı iddiaçının inzibati aktdan məlumatlı olduğu tarixdən başlamış, lakin iddiaçı həmin inzibati aktın mübahisələndirilməsi ilə bağlı 21 oktyabr 2025-ci il tarixli iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı mübahisə üzrə qanunvericilikdə nəzərdə tutulmuş müddət ötürüldükdən sonra məhkəmədə iddia qaldırdığından qanunvericilikdə nəzərdə tutulmuş 30 günlük prosessual müddəti ötürmüşdür. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, İPM-in 38.1-ci maddəsi yalnız "təqdim olunma" ifadəsindən deyil, həm də "elan olunma" ifadəsindən istifadə edir. Buna görə, "elan olunma" eynilə "təqdim olunma"ya bərabər hüquqi nəticələr doğurur. "Elan olunma" isə inzibati akt barəsində digər qaydada məlumatlı olmanı da ehtiva edir. Başqa sözlə, şəxsə inzibati akt rəsmi qaydada təqdim edilməsə belə, onun digər vasitələrlə artıq həmin akt barədə məlumat əldə etdiyi təkzibolunmaz şəkildə sübuta yetirilirsə, iddia müddətinin axımının başlanılması onun akt barədə məlumatlı olduğu andan hesablanmalıdır. İddiaçının məhkəməyə verdiyi izahatında və təqdim etdiyi prosessual müddətin bərpası barədə ərizədə istinad etdiyi səbəblər, Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinə, X2 Şurasına və Cavabdehnə yazılı müraciət etməsi iddia müddətin buraxılmasına haqq qazandıra və mübahisə ilə bağlı işin hazırlıq icraatına keçirilməsi üçün yetərli sayıla bilməz. Hazırkı iddia tələbinə dair məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, səərncamın ləğv edilməsi barədə iddia mümkünsüz olduğundan, hüquqi müqəddəratı həmin tələblə bağlı mübahisənin həllindən bilavasitə asılı olan digər tələb də belə bir hüquqi zərurət olmadığı üçün müzakirə edilmədən mümkün sayılmamalıdır. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə, o cümlədən müddətlə bağlı məhdudiyyətlərə tabedir. Müddət məhdudiyyəti konsepsiyası inzibati idarəçilikdə hüquqi təhlükəsizliyin və sabitliyin, habelə mülki dövriyyənin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi məqsədlərinə xidmət edir. Belə ki, hüquqi müəyyənlik və hüquqi sabitlik prinsipləri mübahisəli hüquq münasibətlərinə müəyyən müddətlər çərçivəsində aydınlıq gətirilməsini və həmin münasibətlərin sabitləşməsini tələb edir. Digər tərəfdən, müddət məhdudiyyətinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, həmin hüquq institutu hüquq münasibətləri iştirakçılarını məsuliyyətli olmağa, pozulmuş hüquqlarının müdafiəsi üçün hüquqi müdafiə vasitələrindən və imkanlarından müəyyən olunmuş zaman kəsiyində istifadə etməyə sövq edir. Həmin tələblərə əməl edilməməsinin riski və bununla bağlı nəticələr hüququnun pozulduğunu iddia edən şəxsin məsuliyyət sferasına aiddir. Qeyd olunmalıdır ki, belə şəxslər qanunla müəyyən olunmuş müddətləri üzrsüz səbəblərdən buraxaraq, uzun zaman kəsiyindən sonra iddia qaldırmaqda, nəticədə mülki dövriyyənin sabitliyini və təhlükəsizliyini təhdid altına almaqda haqlı sayıla bilməzlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarında iddia müddətinin tətbiqinin əhəmiyyəti barədə qeyd olunur ki, Konstitusiya Məhkəməsinin Plenumu özünün “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında əksini tapan hüquqi mövqeyini təkrarlayaraq qeyd edir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: Birinci o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir. İkinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir. Üçüncü, iddia müddətləri tərəflərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır”. Avropa İnsan Hüquqları Məhkəməsi analoji hüquqi mövqedən çıxış edərək “Miraqali Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Avropa Məhkəməsi “Novakovic Xorvatiyaya qarşı” iş üzrə 23 iyul 2015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olub-olmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin təqdim edilməsini və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır (§ 20- 21). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə İddiaçı Cavabdehnə qarşı "Cavabdeh başçısının 03 sentyabr 2025-ci il tarixli, 85 nömrəli sərəncamını ləğv edərək onun Cavabdeh başçısının Gülüstan kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsinin müavini vəzifəsinə bərpa olunmağı öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiasının mümkün sayılmaması qənaətinə gəlir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1, 32.1, 35, 38.1, 80 və 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçının prosessual müddətin bərpa olunması barədə 05 dekabr 2025-ci il tarixli ərizəsi təmin edilməsin. İddiaçı Cavabdehnə qarşı "Cavabdeh başçısının 03 sentyabr 2025-ci il tarixli, 85 nömrəli sərəncamını ləğv edərək onun Cavabdeh başçısının Gülüstan kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsinin müavini vəzifəsinə bərpa olunmağı öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası mümkün sayılmasın. Qərardaddan qərardad rəsmi qaydada təqdim olunduğu vaxtdan (elan olunduğu vaxtdan) 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Tural Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar