Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-1174/2024 16.08.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyev Tural Yusif oğlunun sədrliyi, Rzayeva Əpruz Qasım qızının katibliyi, İddiaçı iştirakları ilə, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə qarşı "Naxçıvan MR İnzibati Məhkəməsindəki 2-1(122)-230/2024 saylı inzibati işdə olan 24 aprel 2024 tarixli ərizə və məlumatdakı imza sərbəst iradə ifadəsini əks etdirmədiyindən, mənafelərini kobud surətdə pozaraq məhdudlaşdırdığından onun etibarsız hesab olunması tələbi”nə dair iddianın mümkünlüyünün yoxlanılması məsələsinə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təsviri hissə: İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Naxçıvan MR İnzibati Məhkəməsindəki 2-1(122)- 230/2024 saylı inzibati işdə olan 24 aprel 2024 tarixli ərizə və məlumatdakı imza sərbəst iradə ifadəsini əks etdirmədiyindən, mənafelərini kobud surətdə pozaraq məhdudlaşdırdığından onun etibarsız hesab olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1989-cu ildən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi sistemində xidmətə qəbul olub, 2011-ci ilin birinci yarısında şəxsi raportu əsasında güzəştli şərtlərlə polis polkovnik-leytenantı rütbəsindən Naxçıvan MR DİO sıralarından ehtiyata buraxılmışdır. Xidmət dövrü ərzində istifadə edə bilmədiyi 14 illik məzuniyyət pulunun müvafiq qanunvericiliyinin, xüsusəndə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 aprel 2000-ci il tarixli, 73 saylı qərarının tələbləri baxımından hesablanaraq xeyrinə ödənilməsi barədə, Naxçıvan MR İnzibati Məhkəməsində hakim Muradov Hicran Xasay oğlunun icraatında 2-1(122)-230/2024 saylı inzibati iş olmuşdur. Sonda bəlli olmuşdur ki, məhkəmənin aid əməkdaşları uzun-uzadı və birtərəfli qaydada keçirilən “proseslərdəki” mövcud nöqsan və çatışmazlıqları gizlətmək məqsədi ilə həmin anlarda keçirdiyi həyəcan və güclü stres vəziyyətindən sui-istifadə edərək, (işə baxan hakim H.Muradovun məsləhəti ilə) hazırda mübahisələndirdiyi 24 aprel 2024-cü il tarixli 2 vərəqdən ibarət ərizə və məlumatın qabaqcadan hazırlanmış mətnini, ona diktə edərək tələsik imza etdirmişlər. Qanuniliyi şübhə doğuran ziddiyyətli sənədin mövcud olması, hazırda onun qanunla qorunan hüquq və mənafelərini kobud surətdə pozaraq məhdudlaşdırır və müdafiə hüququnu xəyal hüququna çevirir. Mübahisələndirdiyi xx.xx.2024-cü il tarixli 2 vərəqəlik ərizə və məlumat adlı sənəddə qeyd olunanlar, sərbəst iradə ifadəsini əks etdirmir. Çünki həmin an güclü ruhi həyəcan vəziyyətində olmuşdur, bu vəziyyətindən də hakim H.Muradovla birbaşa təmasda olan məhkəmə işçisi öz xeyirləri üçün, məharətlə istifadə etmişlər. Qanuniliyini mübahisələndirdiyi 24 aprel 2024-cü il tarixli sözügedən ziddiyyətli sənədin mövcud olması, Azərbaycan Respublikası Konstitusiyasında təsbit və təmin olunan hüquqlarını, xüsusən də müdafiə hüququnu kobud surətdə pozaraq məhdudlaşdırır. Bununla yanaşı mübahisələndirdiyi aktı qəbul etmiş səlahiyyətli məhkəmə, həmin aktın qəbul edilməsini zəruri edən faktiki halların mövcudluğunu sübut etməlidir. İddiaçı müdafiə hüququna əsaslanaraq məhkəmə tərəfindən qanunla qorunan hüquq və mənafelərinin bilərəkdən pozularaq məhdudlaşdırılması üçün deyil, pozulmuş konstitusion hüquqlarının bərpa olunması üçün məhkəməyə müraciət etmişdir. Odur ki, işin faktiki hallarına və sadalanan hüquq normalarına əsaslanaraq iddiaçı hesab edir ki, məhkəmə pozulmuş konstitusion hüququnu bərpa edərək qorunması üçün mübahisələndirdiyi həqiqətdən uzaq və müdafiə hüququnu pozaraq məhdudlaşdıran xx.xx.2024-cü il tarixli ərizə və məlumatdakı imzanın etibarsız hesab olunması barədə ədalətli qərar qəbul edəcəkdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunaraq iddianın mümkünlüyünün yoxlanılması ilə bağlı məhkəmə iclası 16 avqust 2024cü il tarixə təyin olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Məhkəmə tərəfindən iddiaçıya 03 iyul 2024-cü il tarixli yardım məktubu göndərilərək bildirilmişdir ki, məhkəməyə daxil olmuş iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxış keçirilərkən iddiaçı tərəfindən iddia tələbinin aydın və düzgün ifadə olunmadığı müəyyən olunmuşdur. Belə olan təqdirdə iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının cavabdeh tərəfindən hansı qaydada pozulduğunu müəyyən etmək mümkün olmamışdır. Həmçinin iddiaçının diqqətinə çatdırılmışdır ki, hazırda qaldırılmış iddia publik (ümumi) hüquq münasibətlərindən irəli gələn mübahisə olmadığından həmin tələb üzrə işə inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün deyildir. Yuxarıda qeyd olunanlara və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi üçün iddiaçıya 16 avqust 2024-cü il tarixədək müddət təyin olunmuş, əks halda iddia tələbinin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən mümkün sayılmayacağı barədə xəbərdarlıq edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı hazırki iddia tələbi üzrə mübahisələndirdiyi müvafiq ərizə və məlumatın onun konstutision hüquqlarını pozduğunu, ona görə də etibarsız sayılmalı olduğunu bildirərək, məhkəmədən iddianın mümkün sayılaraq işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. İş materiallarında olan: İddiaçı tərəfindən Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin sədri Muradov Hicran Xasay oğluna ünvanlanmış 24 aprel 2024-cü il tarixli ərizədən görünür ki, məhkəmənin 03 aprel 2024-cü il tarixli, 2-1(122)-230/2024 nömrəli qərardadı iddia ərizəsində göstərilmiş ünvan 2 ünvanında göndərilmişdir. Hazırda daimi olaraq Naxçıvan şəhərində yaşadığı üçün məhkəmənin sözügedən qərardadının surətinin ona təqdim edilməsini xahiş etmişdir. İddiaçı tərəfindən Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin sədri Muradov Hicran Xasay oğluna ünvanlanmış 24 aprel 2024-cü il tarixli məlumatdan görünür ki, məhkəmənin 03 aprel 2024-cü il tarixli, 2-1(122)-230/2024 nömrəli qərardadının surətini almışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli qərarının: 1.1, 1.2, 1.3-ci bəndlərində qeyd olunan hüquqi mövqeyə görə məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 16.1-ci bəndinə əsasən iddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, inzibati məhkəmə icraatı qaydasında şəxsin (fiziki və ya hüquqi şəxs) hüquq və vəzifələri ilə bağlı inzibati orqanlarının qərarları, hərəkət və ya hərəkətsizliyindən verilmiş iddialara baxıla bilər. Yəni, bilavasitə fiziki şəxslər və ya fiziki şəxslərin təmsil olunduqları hüquqi şəxslər inzibati orqanlarının qərarlarından və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) inzibati icraat qaydasında məhkəməyə şikayət etmək hüququna malikdirlər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Məhkəməyə təqdim edilmiş iddia ərizəsinin məzmunundan aydın olur ki, iddiaçı Naxçıvan MR İnzibati Məhkəməsindəki 2-1(122)-230/2024 saylı inzibati işdə olan 24 aprel 2024-cü il tarixli ərizə və məlumatdakı imza sərbəst iradə ifadəsini əks etdirmədiyindən, mənafelərini kobud surətdə pozaraq məhdudlaşdırdığından həmin ərizə və məlumatın etibarsız hesab olunmasını tələb edir. Yuxarıda istinad edilmiş həmin ərizə və məlumatın mətnindən də aydın olur ki, onlar iddiaçının özü tərəfindən yazılıb imzalanmışdır. Həmçinin həmin ərizə və məlumat inzibati akt hesab olunmadığından və həmin sənədlər əsasında iddiaçının hər hansı hüququ məhdudlaşdırılmadığından, (əksinə qərardadın surətini aldıqdan sonra həmin qərardaddan 10 gün müddətinə apellyasiya şikayəti vermək hüququ yaranmışdır) hazırki mübahisə publik hüquq münasibətlərindən irəli gələn mübahisə kimi qiymətləndirilə və mahiyyəti üzrə hüquqi dəyərləndirmə aparıla bilməz. Beləliklə, iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının cavabdeh qismində göstərilmiş Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsi tərəfindən hansı formada pozulduğunu (inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində) müəyyən etmək mümkün olmamışdır. Belə ki, inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər. Hazırki tələb üzrə isə iddiaçının əsas hüquqi marağını özü tərəfindən yazılı imzalanmış məlumat xarakterli müvafiq sənədlərin ləğv edilməsi təşkil etmişdir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli qərarının 17-ci bəndinə əsasən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. İnzibati prosessual qanunvericiliyin prinsiplərinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərtin yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət etməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Beləliklə, məhkəmə iddianın mümkün sayılmaması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13, 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə qarşı "Naxçıvan MR İnzibati Məhkəməsindəki 2-1(122)-230/2024 saylı inzibati işdə olan 24 aprel 2024 tarixli ərizə və məlumatdakı imza sərbəst iradə ifadəsini əks etdirmədiyindən, mənafelərini kobud surətdə pozaraq məhdudlaşdırdığından onun etibarsız hesab olunması tələbi”nə dair iddiası mümkün sayılmasın. Qərardaddan qərardad rəsmi qaydada təqdim olunduğu vaxtdan (elan olunduğu vaxtdan) 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Tural Əliyev
Məhkəmə qərarları › İş №2-1(122)-1174/2024
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-1174/2024
16.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver