Məhkəmə qərarları › İş №2-1(122)-1175/2024

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-1175/2024

23.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-1175/2024 23.10.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyev Tural Yusif oğlunun sədrliyi, Rzayeva Əpruz Qasım qızının katibliyi, İddiaçı və cavabdeh Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı "Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2024-cü il tarixli, 21 nömrəli qərarının ləğv edilməsi və hüququnun yarandığı 25 may 2024-cü il tarixdən beş uşaqlı ana kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2024-cü il tarixli, 21 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1965-ci il tarixdə Babək rayon, Qahab kəndində anadan olmuşdur. 07 yanvar 1987-ci il tarixdə rəsmi nikaha daxil olmaqla X37 ilə ailə həyatı qurmuş, 5 övlad anasıdır. 1. Qızı: X20 (xx.xx.1988) 2. Qızı: X23 (xx.xx.1989) 3. Qızı: X21 (xx.xx.1992) 4. Qızı: X31 (xx.xx.1994) 5. Oğlu: X38 (xx.xx.1996) 2012-cu ildən 2018-ci ilə qədər mülkiyyətlərində olan Babək rayon Qahab kəndində yerləşən kənd təsərrüfatına yararlı torpaq sahəsinə görə məcburi dövlət sosial sığorta haqqı ödəmişdir. Bunu təsdiqləyən qəbzlər də işə əlavə olunur. Güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X30 Şöbəsinə müraciət etmişdir. X44 Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2024-cü il tarixli, 21 nömrəli qərarında bildirilmişdir ki, qanunamüvafiq tələb olunan sığorta stajı 25 il, pensiya kapitalı 40320 manat kapital faktiki sığorta stajı yoxdur, pensiya kapitalı yoxdur. xx.xx.2018-ci il tarixə fərdi hesabın sığorta hissəsində kapital yoxdur. Qeyd olunanları nəzərə alaraq bildirilir ki, qanunla nəzərdə tutulan 25 il sığorta stajı və fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı olmadığından uşaqlara görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Lakin yuxarıda da qeyd etdiyi kimi, o, 2012-ci ildən 2018-ci ilə qədər olan dövrdə kənd təsərüfatına yararlı torpaq sahəsinə görə məcburi dövlət sosial sığorta haqları ödəmişdir. İddiaçı göstərilənlərə əsasən Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2024-cü il tarixli, 21 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan İddiaçı məhkəməyə 26 avqust 2024-cü il tarixli yeni iddia ərizəsi təqdim edərək, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2024-cü il tarixli, 21 nömrəli qərarının ləğv edilməsi və hüququnun yarandığı 25 may 2024-cü il tarixdən beş uşaqlı ana kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdeh Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 27 avqust 2024-cü il tarixə təyin olunmuş məhkəmə iclasında protokol qərardadı ilə iddiaçı tərəfindən təqdim edilmiş yeni iddia ərizəsi icraata qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunmuş, sərəncamla iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh orqanın yazılı etirazının qısa xülasəsi: Cavabdeh Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu iddiaya dair məhkəməyə ünvanlanan 29 iyul 2024-cü il tarixdə məhkəməyə daxil olmuş yazılı münasibətini (etirazını) onunla əsaslandırmışdır ki, xx xxxxxx 1965-ci il tarixdə anadan olmuş, Naxçıvan Muxtar Respublikası, Babək Rayonu, Qahab kəndində yaşayan İddiaçı 03 iyun 2024-cü il tarixli ərizə ilə Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Pensiya, müavinət və təqaüdlərin təyinatı departamentinin Pensiya təyinatı şöbəsinə yaşa görə əmək pensiyası təyin edilməsi ilə bağlı müraciət etmişdir. Fondun Pensiya təyinatı şöbəsinin 06 iyun 2024-cü il tarixli, 21 nömrəli qərarı ilə iddiaçıya əmək pensiyası təyin olunmasından imtina edilmişdir. Qərarda imtinanın səbəbi kimi iddiaçının qanunvericiliyə əsasən 25 il sığorta stajının və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının olmaması, həmçinin “Əmək pensiyaları haqqında” Qanunun 22-1 -ci maddəsinə əsasən xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci tarixədək onun fərdi hesabın sığorta hissəsində pensiya kapitalının olmaması göstərilmişdir. Bununla razılaşmayan iddiaçı Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Fondun xx.xx.2024-cü il tarixli, 21 nömrəli qərarının ləğv edilməsi və ona yaşa görə əmək pensiyası təyin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1965-ci il tarixdə Babək Rayonunun, Qahab kəndində anadan olmuş, xx.xx.1987-ci il tarixdə X37 ilə ailə həyatı qurmuş, 5 övlad anasıdır. Babək Rayonu, Qahab kəndində mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaq sahəsinə görə 2012-ci ildən 2018-ci ilədək məcburi dövlət sosial sığorta haqqı ödəmişdir. İddiaçı ərizəsində qeyd edir ki, əmək pensiyası təyin olunması ilə bağlı Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X30 şöbəsinə müraciət etmiş, lakin sonuncunun xx.xx.2024-cü il tarixli, 21 nömrəli qərarı ilə ona yaşa görə əmək pensiyası təyin edilməsindən imtina olunaraq bildirilmişdir ki, onun qanunla tələb olunan 25 il sığorta stajı və ya 40320 manat pensiya kapitalı olmadığı, həmçinin 01.01 2006-cı il tarixdən xx.xx.2018-ci tarixədək fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı olmadığı üçün ona yaşa görə əmək pensiyası təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İddiaçı tərəfindən təqdim edilmiş 07 yanvar 1987-ci il tarixli, İV-ЖГ seriyalı, 253465 nömrəli nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X39 ilə X24 xx.xx.1978-ci il tarixdə nikah bağlamışlar. Nikah bağlandıqdan sonra (Mehdiyevə) İddiaçı kimi qeyd edilmişdir. İddiaçı tərəfindən təqdim edilmiş Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, İddiaçı X7 xx.xx.1988-ci ildə, X16 xx.xx.1989-cu ildə, X8 xx.xx.1992-ci ildə, X22 xx.xx.1994-cü ildə və X32 xx.xx.1996-cı il tarixdə doğmuş və həmin 5 nəfər uşağı 8 yaşına kimi böyüdüb tərbiyə etmişdir. Babək Rayon, Qahab kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2024-cü il tarixli, 340 nömrəli arayışından görünür ki, Babək Rayon, Qahab kənd sakinin İddiaçı həqiqətən beş uşağı vardır və həmin uşaqları 8 yaşınadək böyütmüşdür. İddiaçının beş uşaqlı ana kimi uşaqlarına səkkiz yaşınadək qulluq etdiyi üçün onun pensiya yaşı (63 il 6 ay) 5 il azaldılmaqla 58 il 6 ay yaşına çatdığı 25 may 2024-cü ildən pensiyası hüququ yaranmışdır. Lakin həmin tarixdən yaşa görə əmək pensiyası hüququnun yaranmasına baxmayaraq, iddiaçının 25 il sığorta stajı olmadığından və ya tələb olunan pensiya kapitalı toplamadığından, həmçinin xx.xx.2006cı il tarixdən xx.xx.2018-ci tarixədək fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı olmadığı üçün ona yaşa görə əmək pensiyası təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İddiaçı təqdim etdiyi JN-326 nömrəli, (KOD ********) Torpağın Mülkiyyət Hüququna dair Dövlət Aktının surətindən görünür ki, Babək Rayon Aqrar İslahat Komissiyasının 27 sentyabr 1999-cu il tarixli, 81 nömrəli qərarına əsasən 1,54 ha kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə torpaq sahəsi Babək Rayon, Qahab kənd sakini X25 və onun ailə üzvləri X9, X5, X10, X6, X11, X26 mülkiyyətinə verilmişdir. İddiaçı mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə görə 2010-cu, 2014-cü, 2015-ci və 2016-cı illərin müxtəlif aylarında ümumilikdə 133.0 manat məbləğində məcburi dövlət sosial sığorta haqqı ödəmişdir. Lakin ödənilmiş həmin vəsaitlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin X1 Sistemində (MEİS) öz əksini tapmamışdır. Həmçinin iddiaçı X1 Sisteminin “Sığorta” altsisteminin “Sığortaedənlərin reyestri” bölməsində “Mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxs” və “Pay torpaq mülkiyyətçisi” kimi uçota alınmamışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2024-cü il tarixli 21 nömrəli qərarının ləğv edilməsi tələbi"nin rədd edilməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab olunmuş, şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası 23 oktyabr 2024-cü il tarixə təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi etirazda yazılanlara uyğun olaraq izahat verərək iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Yazılı sübutlar: İş materiallarında olan: - Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Babək rayonu, Qahab kəndində yaşayan İddiaçı ünvanladığı 12 iyun 2024-cü il tarixli, 3-17-9-1/2-H-5281/2024 nömrəli məktubdan aydın olur ki, 2024 nömrəli müraciətinizə aidiyyəti üzrə baxılmışdır. Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra Qanun) 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il şığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmçinin, Qanunun 8.1-ci maddəsinə əsasən beş və daha çox uşaq doğub, övladlığa və (və ya) qəyyumluğa götürüb onları səkkiz yaşınadək tərbiyə etmiş və böyütmüş qadınların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunana yaşa görə əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2025-ci illərdə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Qeyd olunanları nəzərə alaraq bildirirk ki, qanunla nəzərdə tutulan 25 il sığorta stajı və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı olmadığından uşaqlara görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. - Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Pensiya, müavinət və təqaüdlərin təyinatı departamentinin Pensiya təyinatı şöbəsinin əmək pensiyası təyin edilməsindən imtina olunması haqqında 06 iyun 2024-cü il tarixli, 21 nömrəli qərarından məlum olur ki, qanunamüvafiq tələb olunan sığorta stajı 25 il, 40320 manat kapital faktiki sığorta stajı, pensiya kapitalı, xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixə fərdi hesabın sığorta hissəsində kapital olmadığından ona yaşa görə əmək pensiyası təyin olunmasından imtina edilmişdir. - 26 iyul 2022-ci il tarixli daşınmaz əmlakın bağışlama müqaviləsinin surətindən məlum olur ki, hədiyyə verənlər X37, İddiaçı, X20, X21, X31 və X2 MR, Babək rayonu, Qahab kəndi ünvanında yerləşən, ümumi sahəsi 1.54 ha olan torpaq sahəsinin hədiyyə alan X12 mülkiyyətinə vermişdir. - JN-326, KOD 10306018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının surətindən görünür ki, həmin dövlət aktı ilə Babək Rayon Aqrar İslahat Komissiyasının 27 sentyabr 1999-cu il tarixli, 81 nömrəli qərarına əsasən X33 və onun ailə üzvləri X17, X13, X18, X14, X19, X4 təsərrüfatı məhsulları istehsalı məqsədilə 1.54 hektar torpaq sahəsi verilmişdir. - 07 yanvar 1987-ci il tarixli, İV-ЖГ seriyalı, 253465 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən məlum olur ki, X37 ilə X27 xx.xx.1978-ci il tarixdə nikah bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 3 nömrə ilə qeyd edilmişdir. Nikahdan sonra qadına Həsənova soyadı verilmişdir. - 16 fevral 1988-ci il tarixdə tərtib edilmiş Xİİİ-ЖГ seriyalı, 274134 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən aydın olur ki, X20 xx.xx.1988-ci il tarixdə Babək rayon Qahab kəndində doğulmuşdur. Ata adı qrafasında X37, ana adı qrafasında X27 qeyd olunmuşdur. - 08 noyabr 1989-cu il tarixdə tərtib edilmiş Xİİİ-ЖГ seriyalı, 486812 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən aydın olur ki, X28 xx.xx.1989-cu il tarixdə Babək rayon Qahab kəndində doğulmuşdur. Ata adı qrafasında X37, ana adı qrafasında İddiaçı qeyd olunmuşdur. - 24 yanvar 1992-ci il tarixdə tərtib edilmiş XVİ-ЖГ seriyalı, 323575 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən aydın olur ki, X21 xx.xx.1992-ci il tarixdə Babək rayon Qahab kəndində doğulmuşdur. Ata adı qrafasında X37, ana adı qrafasında X27 qeyd olunmuşdur. - 01 iyun 1994-cü il tarixdə tərtib edilmiş XVİİİ-ЖГ seriyalı, 353729 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən aydın olur ki, X29 xx.xx.1994-cü il tarixdə Babək rayon Qahab kəndində doğulmuşdur. Ata adı qrafasında X37, ana adı qrafasında X27 qeyd olunmuşdur. - 24 may 1996-cı il tarixdə tərtib edilmiş XİX-ЖГ seriyalı, 367871 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən aydın olur ki, X38 xx.xx.1996-cı il tarixdə Babək rayon Qahab kəndində doğulmuşdur. Ata adı qrafasında X37, ana adı qrafasında X27 qeyd olunmuşdur. - Babək Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilən xx.xx.2024-cü il tarixli arayışdan aydın olur ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində aşağıdakı İddiaçı aid xx.xx.2024-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və qeyd olunan ailə tərkibinə dair məlumatlar aşkar edilmişdir: 1. Əri: X37 (xx.xx.1964); 2. Qızı: X20 (xx.xx.1988); 3. Qızı: X23 (xx.xx.1989); 4. Qızı: X21 (xx.xx.1992); 5. Qızı: X31 (xx.xx.1994); 6. Oğlu: X38 (xx.xx.1996) - Babək Rayon İcra Hakimiyyətinin Qahab kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 31 may 2024-cü il tarixli, 340 nömrəli arayışdan görünür ki, Babək rayon Qahab kənd sakini İddiaçı həqiqətən 5 uşağı vardır və həmin uşaqları 8 yaşına qədər böyüdüb başa çatdırmışdır. - Babək Rayon İcra Hakimiyyətinin Qahab kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 31 may 2024-cü il tarixli, 337 nömrəli arayışdan görünür ki, İddiaçı Babək rayon Qahab kəndində qeydiyyatdadır və yaşayır. Aşağıdakı tərkibdə ailə üzvləri vardır: 1.X37 (xx.xx.1964); 2.X20 (xx.xx.1988); 3.X28 (xx.xx.1989); 4.X21 (xx.xx.1992); 5.X29 (xx.xx.1994); 6.X38 (xx.xx.1996) - Babək Rayon Polis Şöbəsi tərəfindən 19 dekabr 2015-ci il tarixdə verilmiş AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx xxxxxx 1965-ci il tarixdə Naxçıvan Muxtar Respublikası, Naxçıvan rayonu, Qahab kəndində doğulmuş İddiaçı Babək rayonu, Qahab kəndində pasport qeydiyyatındadır. - İddiaçı tərəfindən xx.xx.2012-ci il tarixli, 101 nömrəli qəbzə əsasən 5.20 manat, xx.xx.2013-cü il tarixli, 400 nömrəli qəbzə əsasən 5.20 manat, xx.xx.2014-cü il tarixli, 384 nömrəli qəbzə əsasən 5.70 manat torpaq sahəsindən istifadəyə görə məcburi dövlət sosial sığorta haqqı ödənilmişdir. - İddiaçı tərəfindən xx.xx.2015-ci il tarixli, ******* nömrəli qəbzə əsasən 9 manat, xx.xx.2015-ci il tarixli, ******* nömrəli qəbzə əsasən 9 manat, xx.xx.2015-ci il tarixli, ******* nömrəli qəbzə əsasən 9 manat, xx.xx.2015-ci il tarixli, ******* nömrəli qəbzə əsasən 9 manat, xx.xx.2015-ci il tarixli, ******* nömrəli qəbzə əsasən 9 manat, xx.xx.2015-ci il tarixli, ******* nömrəli qəbzə əsasən 9 manat torpaq sahəsindən istifadəyə görə məcburi dövlət sosial sığorta haqqı ödənilmişdir. - İddiaçı tərəfindən xx.xx.2016-cı il tarixli, ******* nömrəli qəbzə əsasən 9 manat, xx.xx.2016-cı il tarixli, 21055585 nömrəli qəbzə əsasən 9 manat, xx.xx.2016-cı il tarixli, ******* nömrəli qəbzə əsasən 9 manat, xx.xx.2016-cı il tarixli, ******* nömrəli qəbzə əsasən 9 manat torpaq sahəsindən istifadəyə görə məcburi dövlət sosial sığorta haqqı ödənilmişdir. - Babək Rayon Dövlət Arxivi tərəfindən verilmiş 15 oktyabr 2024-cü il tarixli, 1-22- 38/2-113/2024 nömrəli arayışda Həsənova (Mehdiyeva) Əpruz Mehdi qızının Babək rayon “Babək” adına qoyunçuluq sovxozunda işləməsi faktı və 1987, 1989, 1991-ci illər ərzində aylar üzrə aldığı əmək haqqı məbləğlərini əks etdirən cədvəl göstərilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinin İ hissəsinə görə insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. 16-cı maddəsinin İ hissəsinə Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 71-ci maddəsinin İİ hissəsinə müvafiq olaraq, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 22-ci maddəsində qeyd olunur ki, cəmiyyətin bir üzvü kimi, hər bir insan sosial təminat hüququna və öz ləyaqətini qoruyub saxlaya bilmək və öz şəxsiyyətini azad inkişaf etdirmək üçün iqtisadi, sosial və mədəni sahələrdə zəruri olan hüquqlarını milli səylər və beynəlxalq əməkdaşlıq vasitəsilə, hər bir dövlətin strukturu və resurslarına müvafiq olaraq həyata keçirmək hüququna malikdir. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 2-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Paktda iştirak edən hər bir dövlət bu Paktda nəzərdə tutulan hüquqların tam şəkildə həyata keçirilməsini mümkün ehtiyatların maksimum səviyyəsində təmin etmək üçün addımlar atmalıdır. Hər kəs heç bir ayrı-seçkiliyə yol verilmədən eyni hüquqlara malikdir. 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, bu Paktda iştirak edən dövlətlər, sosial sığorta da daxil olmaqla hər bir şəxsin sosial təminat hüququnu tanıyırlar. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. - 11.2-ci maddəsinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. - 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. - 14-cü maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. - 21.2-ci maddəsinə əsasən qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. - 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. - 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: - 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin qeyd hissəsinə görə, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 8.1-ci maddəsinə əsasən valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş səkkiz yaşınadək övladlığa və ya qəyyumluğa götürülmüş uşaqlar da daxil olmaqla beş və daha çox uşağı olan və ya əlilliyi müəyyən edilmiş uşağı olan qadınların və kişilərin, uşaqların səkkiz yaşınadək sağ olması şərtilə, bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. - 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. - 21.2.10-cu maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq sahəsi olan şəxslərin həmin torpaq sahəsinə görə qanunvericiliklə müəyyən olunmuş qaydada məcburi dövlət sosial sığorta haqları ödədiyi müddət daxil edilir. - 22-1.1-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi şəxsi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. - 22-1.2-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sağortaolunanın 2006-cı il yanvarın 1-dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: 22-1.2.1. 2019- 2022-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.2-ci maddəsinə əsasən əmək pensiyası təminatı və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün staj, məcburi dövlət sosial sığorta haqlarının hesablandığı və ödənildiyi əməkhaqqı və digər gəlirlər və məcburi dövlət sosial sığorta haqqı barədə məlumatların dəqiqliyinin təmin edilməsi fərdi uçotun məqsədləridir. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun: - 4-cü maddəsinə görə sosial sığorta hadisəsindən biri də pensiya yaşına çatmaqdır. - 9-cu maddəsinə əsasən sosial sığorta ödəmələrinin vaxtında hesablanıb ödənilməsini təmin etmək, könüllü (əlavə) sosial sığorta müqavilələri üzrə öhdəliklərini vaxtında və tam həcmdə icra etmək, məcburi dövlət sosial sığortanın məqsədləri üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təqdim etdiyi məlumatlar əsasında sığortaedənlərin uçotunu aparmaq, məcburi dövlət sosial sığortanın məqsədləri üçün sığortaedənlərin təqdim etdiyi məlumatlar əsasında sığortaolunanların uçotunu aparmaq, məcburi dövlət sosial sığortası üzrə daxilolmaların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə aylıq, rüblük və illik üzləşdirilməsini aparmaq sığortaçının vəzifələrinə aid edilmişdir. - 9-1.1-ci maddəsinə əsasən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış borcların alınması, məcburi dövlət sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqqının qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsində vergilər üzrə müəyyən olunmuş qaydada həyata keçirilir. - 13.1-ci maddəsinə əsasən sığortaedənlərin məcburi dövlət sosial sığorta məqsədləri üçün sığortaçıda uçotu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təqdim etdiyi uçot məlumatları əsasında aparılır. Məcburi dövlət sosial sığortanın məqsədləri üçün sığortaolunanların sığortaçıda uçotu sığortaedənlərin təqdim etdiyi məlumatlar əsasında aparılır. - 13.2-ci maddəsinə əsasən ailə kəndli təsərrüfatları qanunvericiliklə müəyyən olunmuş qaydada uçota alındıqdan, mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxslər isə torpağa mülkiyyət hüququnu təsdiq edən sənəd aldıqdan sonra bir ay müddətində məcburi dövlət sosial sığortasının məqsədləri üçün uçota alınmaq barədə ərizə ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) müraciət edir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur. - 18-ci maddəsində qeyd olunur ki, məcburi dövlət sosial sığortası sahəsində idarəetməni (məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət üzrə fəaliyyət istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. Məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı məcburi dövlət sosial sığorta vəsaitlərini idarə edir, bu Qanunun tətbiqi ilə əlaqədar izahatlar verir və səlahiyyəti daxilində normativ aktlar qəbul edir sığortaedənlərin məcburi dövlət sosial sığortası üzrə hesabatlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) əldə edir, sosial sığorta sahəsində elektron xidmətləri (məcburi sosial sığorta haqlarının hesablanması və ödənilməsi istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanının X1 sistemi vasitəsilə həyata keçirir, qanunla nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanının X1 sistemində sığortaedənlər və sığortaolunanlar barədə olan məlumatların dövlət orqanlarına (qurumlarına) verilməsini təmin edir. Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2019-cu il tarixli, 634 №-li Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X1 sistemi haqqında Əsasnamə”nin: - 2.3 və 2.3.6-cı bəndlərinə görə “Sığorta” altsistemi vasitəsilə “Sosial sığorta haqqında” və "Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” və “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq, məcburi dövlət sosial sığortası və işsizlikdən sığorta sahələrində xidmətlərin elektronlaşdırılması təmin edilir. - 2.3 və 2.3.8-ci bəndlərinə görə “Pensiya” altsistemi vasitəsilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, əmək pensiyası təyin edilmiş şəxslərin qeydiyyatı, əmək pensiyalarının sığorta və yığım hissələri üzrə pensiya kapitalının uçotu, əmək pensiyalarının təyini, yenidən hesablanması və ödənilməsi, eləcə də statistik hesabatların hazırlanması və təhlillər aparılması təmin edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. - 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, cavabdeh inzibati orqanın iddia ərizəsinə qarşı təqdim etdiyi sənədlərə və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmənin əsaslandırması: İlk öncə qeyd edilməlidir ki, məhkəmə qərar qəbul edənədək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar üzrə ətraflı araşdırma aparmış, təqdim edilən sübutları tam və hərtərəfli tədqiq etməklə, iddiaçıya qarşı tərəfin dəlillərinə münasibət bildirməsi, etiraz etməsi və məhkəməyə lazımi sübutları təqdim eməsi üçün kifayət qədər imkan yaratmışdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Beləliklə, iddiaçının tələbinin məzmunundan aydın olur ki, iddiaçı pensiya hüququ yarandığı gündən ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş edərək, bu məqsədlə müvafiq sənədlərlə birlikdə cavabdehə müraciət etmişdir. Cavabdeh inzibati orqan tərəfindən müvafiq araşdırma aparılmış və iddiaçıya əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, iddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən tələb olunan 25 il sığorta stajı olmadığından və fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyindən, həmçinin 01 yanvar 2006-cı il tarixdən 01 iyul 2018-ci il tarixədək fərdi hesabın sığorta hissəsində qeydə alınmış minimum pensiya kapitalı olmadığından ona yaşa görə əmək pensiyası təyin edilməsindən imtina edilmişdir. İlk öncə qeyd edilməlidir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 22-1-ci maddəsinə əsasən əmək pensiyasının avtomatlaşdırılmış qaydada təyinatı nəzərdə tutulmuşdur. Bu zaman vətəndaşlar üçün 01 yanvar 2019-cu ildən etibarən xüsusi güzəştlər müəyyən edilmişdir. Qanunun 22.1-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyasının avtomatlaşdırılmış qaydada təyin edilməsi qeyd edilmişdir. Bu güzəştlərdən yararlanmaq üçün sığortaolunanın fərdi hesabın sığorta hissəsində 1 iyul 2018-ci il tarixinə qeydə alınmış pensiya kapitalı olmalıdır. Pensiya kapitalının məbləği isə hüquqi əhəmiyyətə malik deyil. İş materiallarından aydın olur ki, iddiaçının 5 uşağı vardır və həmin uşaqları 8 yaşına qədər böyütmüşdür və beş uşaqlı ana kimi uşaqlarına səkkiz yaşınadək qulluq etdiyi üçün onun pensiya yaşı Əmək pensiyaları haqqında qanunun 8-ci maddəsinə əsasən (63 il 6 ay) 5 il azaldılmaqla 58 il 6 ay yaşına çatdığı 25 may 2024-cü ildən pensiyası hüququ yaranmışdır. Məhkəmə araşdırması zamanı təqdim edilmiş arxiv arayışına əsasən Həsənova (Mehdiyeva) Əpruz Mehdi qızı 1987, 1989 və 1991-ci illərdə Babək rayon “Babək” adına qoyunçuluq sovxozunda işləmiş və aylar üzrə əmək haqqı almışdır. İş materiallarında olan iddiaçıya məxsus ödəniş qəbzlərindən aydın olur ki, iddiaçı mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq sahəsinə görə 2014, 2015 və 2016-cı illərdə müxtəlif məbləğlərdə qanunvericiliklə müəyyən olunmuş qaydada məcburi dövlət sosial sığorta haqqı ödəmişdir. Cavabdeh orqanın etirazının əsası həmin ödəniş məlumatlarının sığortaolunanın fərdi şəxsi hesabında (X15 Sistemində) öz əksini tapmaması ilə bağlıdır. Belə ki, cavabdeh inzibati orqan bu arqumenti əsas gətirərək iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçı mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqlardan istifadəyə görə sosial sığorta haqlarını ödəməsi barədə sübutu məhkəməyə təqdim etdiyindən ödənişin elektron sistemdə öz əksini tapmaması iddiaçının məsuliyyət sferasına daxil edilə bilməz və hətta bu halın mövcudluğu təsdiq olunsa belə, bu hal özü-özlüyündə vətəndaşın sosial təminat hüququnun məhdudlaşdırılmasına səbəb olan əsas kimi qiymətləndirilə bilməz. Həmçinin qeyd edilməlidir ki, belə məsələlərin mövcud olduğu işlər üzrə formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, sosial sığorta stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. İş materiallarında faktiki olaraq iddiaçının məcburi dövlət sosial sığorta haqqı ödəməsi barədə sənədlər (ödəniş qəbzləri) mövcuddur. Lakin cavabdeh inzibati orqan inzibati icraat qaydasında işin bu halını araşdırmamış, ona hüquqi qiymət verməmiş və vətəndaşa pensiya təyin edilməsindən imtina olunması barədə qərar qəbul etmişdir. İddiaçı tərəfindən ödənilən məbləğin qəbul edilməməsi, geri qaytarılması, iddiaçının məcburi dövlət sosial sığortasının məqsədləri üçün uçota alınmasından imtina edilməsi, həmin dövrdə məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə görə maliyyə sanksiyalarının tətbiqi və s. hallar iş üzrə aşkar edilməmişdir. Məhkəmə qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 22-1.2.1.-ci maddəsinin müddəaları iddiaçıya münasibətdə tətbiq olunmalıdır. Odur ki, məhkəmə cavabdeh orqanın qərarında qeyd olunan dəlillərini əsaslı saymır. Yuxarıda göstərilən qanun normalarına və şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin mübahisələndirilən qərarı ilə iddiaçıya əmək pensiyasının təyin edilməsindən imtinası qanunvericiliyə zidd olmuşdur. Odur ki, həmin qərarda qeyd edilən hallar real sübutlar və hüquq normaları ilə dəstəklənmədiyinə görə qərar əsassız hesab edilərək ləğv olunmalı və iddia tələbi təmin edilməlidir. Beləliklə, İddiaçı cavabdeh Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı "Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2024-cü il tarixli, 21 nömrəli qərarının ləğv edilməsi və hüququnun yarandığı 25 may 2024-cü il tarixdən beş uşaqlı ana kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası əsaslı olduğundan təmin edilməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1, 4.1, 14.1, 32.1, 58.7, 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddia təmin edilsin. Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2024-cü il tarixli, 21 nömrəli qərarı ləğv edilsin və hüququnun yarandığı 25 may 2024-cü il tarixdən beş uşaqlı ana kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Tural Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar