Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-1187/2025 04.03.2026 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: Hakim Muradov Hicran Xasay oğlunun sədrliyi, Muradov Emin Məhərrəm oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı "onun xx xxxxxx 1959-cu ildə Ermənistan SSR-nin Vedi rayonunun Avşar kəndində doğulmasına dair akt qeydinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi"nə dair inzibati mübahisə üzrə işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun xx xxxxxx 1959-cu ildə Ermənistan SSR-nin Vedi rayonunun Avşar kəndində doğulmasına dair akt qeydinin bərpa edilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxxxx 1959-cu ildə o vaxtkı Ermənistan SSR-nin Vedi rayonunun Avşar kəndində doğulmuşdur. Onlar ailədə səkkiz uşaq olmuşdur. X1 baytarlıq peşəsinin sahibi, anası X2 isə evdar qadın olmuşdur. 1964-cü ildə isə atası Yaqub işi ilə əlaqdar Şərur (o vaxtki İliç) rayonu, Xanlıqlar kəndinə gəlməli olduğundan onlar da məcburən onunla gəlmiş və ailəliklə Xanlıqlar kəndində məskunlaşmışdırlar. Artıq 16 yaşı olarkən yəni, 1975-ci ilin yanvar ayında o vaxtki qaydalara uyğun olaraq pasport almalı idi. Bununla əlaqədar ona məxsus doğum haqqında şəhadətnamənin tərcümə edilməsinə ehtiyac yaranmışdır. Həmin vaxt atası ona aid doğum haqqında şəhadətnaməni rəsmi tərcümə etməsi üçün adını xatırlamadığı birinə vermişdir. O, Ermənistan Respublikasında doğulduğundan şəhadətnamə erməni dilində yazılmışdır, buna görə də onun tərcüməsi lazım idi. Həmin hadisədən sonra pasport aldığı və bütün sənədləşmə işlərinin aparılmasında pasportdan istifadə etdiyi üçün doğum haqqında şəhadətnaməyə ehtiyacı olmamış və demək olar ki, şəhadətnamə unudulmuşdur. Hazırki vaxtda isə vərəsəlik işləri ilə əlaqədar sənədləşmə aparılarkən ona aid doğum haqqında şəhadətnamə lazım olmuş və nəticədə onun itdiyi məlum olmuşdur. Həmin sənədin başqa bir yolla əldə edilməsi mümkünsüzlüyü səbəbindən ona məxsus doğum akt qeydinin bərpa edilməsinə və bunun üçün aidiyyəti məhkəmədə iddia qaldırılması zərurəti yaranmışdır. Buna görə də hazırki tələblə məhkəməyə müraciət edir və hesab edir ki, onun xx.xx.1959-cı il tarixdə doğulması ilə bağlı akt qeydinin bərpa edilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulmalıdır. İddiaçı bir sıra qanunvericilik normalarına istinad edərək, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə istinad edərək, məhkəmədən onun xx xxxxxx 1959-cu ildə Ermənistan SSR-nin Vedi rayonunun Avşar kəndində doğulmasına dair akt qeydinin bərpa edilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilərək, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə göndərilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı münasibəti 28 noyabr 2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Cavabdeh iddiaya dair 24 noyabr 2025-ci il tarixli, 3-16-5/8-13-615/2025 nömrəli yazılı münasibətini onunla əsaslandırmışdır ki, Cavabdeh arxivində və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin "Vətəndaşlıq vəziyyəti aktları" avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində İddiaçı barəsində doğum haqqında akt qeydi aşkar edilməmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162-ci maddəsinə əsasən "itmiş yazının müvafiq icra hakimiyyəti orqanları (AR Ədliyyə Nazirliyinin və Naxçıvan MR ərazisində Naxçıvan MR Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri) tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin 23 fevral 2026-cı il tarixli, 2-1(122)-1187/2025 nömrəli sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab edilərək, şifahi məhkəmə baxışı iclası 04 mart 2026-cı il tarixə təyin edilmişdir. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə, həmçinin şifahi məhkəmə baxışı iclasına gəlmədiyi halda tərəflərin iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilməsinə baxmayaq iş üzrə Cavabdeh heç bir üzrlü səbəb göstərmədən nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Odur ki, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun məzmunda izahat verərək, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iş materiallarına cavabdeh inzibati orqanın imtina məktubunu, arayışı, şəxsiyyət vəsiqəsinin surətini, hərbi biletin tərcümə və təsdiq edilmiş surətini əlavə etmişdir. Həmin sənədlərin və materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddiaçının izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırki tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Həmçinin iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmişdir. İddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, iş materiallarında olan: - Cavabdeh tərəfindən Şərur rayonu, Xanlıqlar kəndində yaşayan İddiaçı ünvanlanmış 22 may 2025-ci il tarixli, 3-16-5/8-15-268/2025 nömrəli məktubdan görünür ki, Cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində və arxivində İddiaçı barəsində doğum haqqında akt qeydi aşkar edilməmişdir. Digər tərəfdən Ailə Məcəlləsinin 162-ci maddəsinə əsasən “İtmiş yazının müvafiq icra hakimiyyəti orqanları (AR Ədliyyə Nazirliyinin və Naxçıvan MR ərazisində Naxçıvan MR Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri) tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Bu barədə məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür. - Şərur Rayon İcra Hakimiyyətinin Xanlıqlar Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 22 may 2025-ci il tarixli, 234 nömrəli arayışdan görünür ki, İddiaçı Şərur rayonu, Xanlıqlar kəndində qeydiyyatda durur və yaşayır. - Naxçıvan MSSR, İliç rayon Hərbi Komissarlığı tərəfindən verilmiş 15 oktyabr 1977ci il tarixli, HЗ ******* nömrəli hərbi biletin tərcümə və təsdiq edilmiş surətindən görünür ki, xx xxxxxx 1959-cu ildə Ermənistan SSR, Vedi rayonu, Avşar kəndində doğulmuş İddiaçı milliyyətcə azərbaycanlıdır. - AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxxxx 1959-cu ildə doğulmuşdur. İş materiallarına əlavə edilmiş Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi tərəfindən məhkəməyə ünvanlanmış 29 dekabr 2025-ci il tarixli, 3-13-43/2-19360/2025 nömrəli məktubdan görünür ki, xx.xx.1959-cu il təvəllüdlü İddiaçı ilk dəfə xx.xx.2011-ci il tarixdə Şərur RPİ tərəfindən "AZE-08696982" nömrəli, xx.xx.2022-ci il tarixdə isə Naxçıvan MR DİN-in Səyyari Xidməti tərəfindən "müddəti bitməmiş” ərizə səbəbilə hazırda aktiv statusda olan “AA*******" nömrəli şəxsiyyət vəsiqələri ilə təmin olunmuşdur. Vətəndaş İddiaçı ilk dəfə xx.xx.2015-ci il tarixdə Pasport və Qeydiyyat Şöbəsi tərəfindən "C01186152" nömrəli ümumvətəndaş pasportu ilə təmin olunmuş və həmin pasportun etibarlılıq müddəti xx.xx.2025-ci il tarixdə başa çatmışdır. “AZE-08696982” nömrəli köhnə nəsil şəxsiyyət vəsiqəsinin verilməsinə əsas olmuş sənədlər AR DİN-in müvafiq qərarına əsasən saxlanma müddətinin başa çatması səbəbindən məhv edilmişdir. Vətəndaşa məxsus “AA*******” nömrəli şəxsiyyət vəsiqəsi və “C01186152" nömrəli ümumvətəndaş pasportunun rəsmiləşdirilməsinə əsas olmuş sənədlərin surəti məhkəməyə göndərilmişdir. AZE seriyalı, 08696982 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx xxxxxx 1959-cu ildə Ermənistan, Vedi rayonunda doğulmuş İddiaçı Şərur rayonu, Xanlıqlar kəndində qeydiyyatdadır. Beləliklə, məhkəmə iş materiallarını araşdıraraq, onda yaranmış daxili inam əsasında (İPM 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının: - 24-cü maddəsinə əsasən hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. - 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. - 60-cı maddəsinin İV hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. - 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 158.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. - 159.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. - 161.2-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanının qeydiyyatı düzəltməkdən və ya dəyişdirməkdən imtina etməsindən inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən şəxsiyyət vəsiqəsi Azərbaycan Respublikasının hər bir vətəndaşının və ya onun qanuni nümayəndəsinin ərizəsi, doğum şəhadətnaməsi, 16 yaşına çatmış vətəndaşın fotoşəkli, dövlət rüsumunun ödənilməsi barədə qəbz və zəruri hallarda Azərbaycan Respublikasının vətəndaşlığını təsdiq edən sənədlər əsasında, yaşadığı yerin müvafiq dövlət orqanları tərəfindən vətəndaşın və ya onun qanuni nümayəndəsinin müraciətindən ən geci 10 gün keçənədək verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın - 1.1-ci bəndinə görə bu Qayda Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq hazırlanmışdır və dövlət mənafeyi, ictimai mənafe üçün, vətəndaşların şəxsi, habelə əmlak hüquqlarının qorunması məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasını müəyyən edir. - 1.4-cü bəndinə görə Qeydiyyat şöbəsi və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. - 1.7-ci bəndinə görə Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, qeyd olunmalı faktları, ərizə verənlərin şəxsiyyətini təsdiq edən sənədlər və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün lazım olan bu Qaydada müəyyən olunmuş digər sənədlər təqdim edildikdə aparılır. - 1.14-cü bəndinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və təkrar şəhadətnamələr barəsində müvafiq vətəndaşlıq vəziyyəti aktının qeydi tərtib olunmuş şəxslərin özlərinə verilir. Şəhadətnamələr notariat qaydasında təsdiq olunmuş etibarnamə əsasında digər şəxslərə verilə bilər. - 2.23-cü bəndinə görə doğumun dövlət qeydiyyatı üçün bu Qaydanın 2.3-cü bəndində nəzərdə tutulmuş müddət keçdikdən sonra və uşaq 16 yaşına çatanadək müraciət edildikdə qeydiyyat ərizəçinin seçdiyi yerdə Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən doğum haqqında akt qeydləri kitabında ümumi qaydalarla ilkin qeydiyyat kimi aparılır, lakin sıra nömrəsindən sonra "Vaxtı keçmiş qeydiyyat" sözləri əlavə edilir. Bu halda ərizəçi uşağın doğulduğu, habelə qeydiyyatda olduğu tibb müəssisələrindən arayış təqdim edir. Müəyyən olunmuş müddətdə qeydə alınmamış 16 yaşından yuxarı şəxslərin doğumunun dövlət qeydiyyatı Qeydiyyat şöbəsi və konsulluq idarəsi tərəfindən doğum haqqında bərpa akt qeydi kitabında, itmiş vətəndaşlıq vəziyyəti akt qeydlərinin bərpası üçün müəyyən olunmuş qaydada, sıra nömrəsindən sonra "vaxtı keçmiş qeydiyyat" sözləri yazılmaqla aparılır. - 2.24-cü bəndinə görə doğum haqqında akt qeydləri əsasında doğum haqqında şəhadətnamə verilir. Şəhadətnamənin verilmə tarixi, seriyası və nömrəsi doğum haqqında akt qeydində göstərilir. - 9.2-ci bəndinə əsasən təkrar şəhadətnamənin verilməsi üçün maraqlı şəxslər tərəfindən seçdiyi qeydiyyat şöbəsinə, Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinə, Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə və ya akt qeydinin olduğu konsulluq idarəsinə müraciət olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 52 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas Müddəalar”ın - 13-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. - 16-cı bəndinə əsasən doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. - 20-ci bəndinə əsasən rəy toplanmış bütün materiallarla birlikdə itirilmiş qeydin olduğu yerdəki qeydiyyat şöbələrində və konsulluq idarələrində bərpa qeydiyyat kitabında qeydə alınır. Məhkəmə iş materiallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı xx xxxxxx 1959-cu ildə Ermənistan SSR, Vedi rayonu, Avşar kəndində doğulmuşdur. Həmin vaxt doğulduğu yerdə onun barəsində müvafiq akt qeydi tərtib edilərək doğum haqqında şəhadətnamə verilsə də, sonradan iddiaçının ailəsi həmin ərazini tərk etmişdir. İddiaçı barəsində tərtib edilmiş doğum haqqında şəhadətnamə müxtəlif səbəblərdən itdiyindən və iddiaçının doğum akt qeydi Ermənistan SSR-də olduğundan həmin akt qeydi əsasında təkrar doğum haqqında şəhadətnamənin tərtib edilməsi mümkün deyil. Qanunvericiliyin tələbinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Hazırki vəziyyətdə iddiaçının şəxsiyyət vəsiqəsinin mövcudluğu onun barəsində doğum akt qeydinin də mövcudluğuna dəlalət edir. Belə ki, şəxsiyyət vəsiqəsi doğum haqqında şəhadətnamə əsasında verilir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı barəsində doğum akt qeydinin bərpa edilməsi üçün həmin qeydin həqiqətən olduğunu təsdiq edən sənəd mövcuddur. Cavabdeh inzibati orqan tərəfindən arxiv məlumatlarında iddiaçı barəsində hər hansı məlumat olmadığı əsas gətirilməklə imtina edilsə də, iddiaçının doğum akt qeydi Ermənistan SSR-də olduğundan cavabdeh inzibati orqanın arxivində onun barəsində hər hansı məlumatın qeyd edilməməsi imtina əsası kimi iddiaçının hüquqlarının pozulması üçün əsas ola bilməz. Bu hal isə iddiaçının hüquqlarının məhdudlaşdırılması ilə nəticələnmişdir. Buna görə də iddiaçının qeydiyyatda olduğu və yaşadığı yer üzrə Qeydiyyat şöbəsi tərəfindən doğum akt qeydi bərpa edilməlidir. Qeyd edilənlər belə qənaətə gəlməyə imkan verir ki, İddiaçı xx xxxxxx 1959-cu ildə Ermənistan SSR-nin Vedi rayonunun Avşar kəndində doğulmasına dair akt qeydi bərpa edilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. - 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. - 28.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsin ərizəsi; inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət inzibati icraatın başlanılması üçün əsaslardandır. Göründüyü kimi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələbinə əsasən cavabdeh inzibati orqan tərəfindən müvafiq inzibati icraat aparılmalı, bundan sonra araşdırmanın nəticəsi olaraq müvafiq qərar qəbul edilməli idi. Lakin hazırki vəziyyətdə cavabdeh inzibati orqan tərəfindən hər hansı icraat aparılmamış, imtina məktubu göndərməklə kifayətlənmişdir. Bu isə qanunvericiliyin tələblərinin pozulmasına səbəb olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. - 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli və İddiaçı xx xxxxxx 1959-cu ildə Ermənistan SSR-nin Vedi rayonunun Avşar kəndində doğulmasına dair akt qeydinin bərpa edilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənləri və İPM-in 4.1, 52, 58, 68-69, 75, 78 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilir. İddiaçı xx xxxxxx 1959-cu ildə Ermənistan SSR-nin Vedi rayonunun Avşar kəndində doğulmasına dair akt qeydinin bərpa edilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulur. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələbinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. SƏDRLİK EDƏN: HİCRAN MURADOV
Məhkəmə qərarları › İş №2-1(122)-1187/2025
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-1187/2025
04.03.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver