Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-1188/2025 29.12.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: X23 Heydər oğlunun sədrliyi, Rzayeva Əpruz Qasım qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Şahbuz Rayon Qeydiyyat şöbəsinə qarşı "mərhum atası X11 doğum akt qeydində anasının soyadı qrafasında “Məmmədova” kimi qeyd edilmiş qeyridüzgün məlumata düzəliş edilərək, “Əliyeva” kimi qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təsviri hissə: Mərhum X3 Xətai Sabir oğlunun nənəsidir və o, 20 avqust 2021- ci il tarixdə “Beyin infarktı" nəticəsində ölmüşdür. X17 1950-1960-cı illərdə X6 ilə qeyri-rəsmi nikahda olmuşdur. Həmin qeyri-rəsmi nikahdan övladları 20 oktyabr 1955-ci il təvəllüdlü iddiaçının mərhum atası X19 və 15 oktyabr 1957-ci il təvəllüdlü bibisi X18 doğulmuşdur. X17 vəfat etdikdən sonra Naxçıvan MR Şahbuz rayonu, Güney Qışlaq kəndində 116.6 kv.m olan daşınmaz əmlak miras qalmışdır. Həmin miras qalmış daşınmaz əmlakın sənədləşdirilməsi ilə bağlı mərhum nənəsinin subaylıq haqqında arayışı tələb olunmuşdur ki, o bununla bağlı Şahbuz Rayon Qeydiyyat şöbəsinə ərizə ilə müraciət etmişdir. Şahbuz rayon Qeydiyyat şöbəsinin 14 oktyabr 2025-ci il tarixli məktubunda 10 noyabr 1955-ci il tarixdə 56 nömrəli və 15 dekabr 1957-ci il tarixdə tərtib olunmuş 81 nömrəli doğum akt qeydlərində mərhum atası X11 və bibisi X9 ana adı, soyadı və ata adı X12 olaraq qeyd edilmiş və X1 Məmmədova soyadından, Əliyeva soyadına dəyişməsi ilə bağlı heç bir akt qeydinin aşkar olunmadığını və qeyd edilən hər iki doğum akt qeydinin nikahsız, tək ana ərizəsi əsasında aparıldığı qeyd olunmaqla, akt qeydində düzəlişlə bağlı məhkəməyə müraciət olunması tövsiyə olunmuşdur. Həmçinin 19 avqust 2025-ci il tarixli subaylıq haqqında arayışda iddiaçının mərhum nənəsinin adı, soyadı və ata adı X17 olaraq qeyd edilmişdir. İddiaçı göstərilənlərə əsasən Naxçıvan MR Ədliyyə Nazirliyinin Şahbuz rayon Qeydiyyat şöbəsində mərhum atası X11 doğum akt qeydində X4 yazılmış anasının soyadının dəyişdirilərək “Əliyeva" qeyd olunmaqla "X24" qızı kimi yazılması öhdəliyinin cavabdeh Şahbuz Rayon Qeydiyyat şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunmuş, sərəncamla iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh orqanın yazılı etirazının qısa xülasəsi: Cavabdeh Şahbuz Rayon Qeydiyyat şöbəsi tərəfindən iddiaya dair məhkəməyə ünvanlanan 13 noyabr 2025-ci il tarixli, 3-16-5/8-13-389/2025 nömrəli məktubla iddiaya dair yazılı münasibətini onunla əsaslandırmışdır ki, Şahbuz rayon qeydiyyat şöbəsi Kükü kənd İcra nümayəndəliyində X16 aid xx.xx.1955-ci il tarixində tərtib edilmiş 56 nömrəli doğum akt qeydınin ana məlumat qrafasında X1 Məmmədova soyadından Əliyeva soyadına düzəliş edilməsi barədə xx.xx.2025-ci il tarixli 2-1(122)-1188/2025 nömrəli sərəncamla əlaqədar olaraq bildirir ki, Şahbuz rayon qeydiyyat şöbəsinin arxivində və Azərbaycan Respublikası Ədliyyə nazirliyinin avtomatlaşdırılmış elektron sistemində X1 Məmmədova soyadından Əliyeva soyadına dəyişməsi ilə bağlı heç bir akt qeydi aşkar edilməmişdir. Qeyd edilən doğum akt qeydi nikahsız, tək ana ərizəsi əsasında aparılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarxili 52 №-li qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən müddəalar"a əsasən X1 “Məmmədova” soyadından “Əliyeva” soyadına dəyişdirilməsi Qeydiyyat şöbəsinin səlahiyyəti daxilində deyildir. Cavabdeh qanuni nəticə verilməsini məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək iddia tələbinə “mərhum atası X11 doğum akt qeydində anasının soyadı qrafasında “Məmmədova” kimi qeyd edilmiş qeyri-düzgün məlumata düzəliş edilərək, “Əliyeva” kimi qeyd edilməsi öhdəliyinin Şahbuz rayon Qeydiyyat şöbəsinin üzərinə qoyulması” məzmununda baxılıb qərar verilməsini xahiş etmişdir. Məhkəmənin 02 dekabr 2025-ci il tarixli, 2-1(122)-1188/2025 nömrəli protokol qərardadı ilə dəyişdirilmiş iddia tələbi icraata qəbul edilmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab olunmuş, şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası 29 dekabr 2025-ci il tarixə təyin edilmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Yazılı sübutlar: - Şahbuz Rayon Qeydiyyat şöbəsi tərəfindən Naxçıvan şəhər sakini İddiaçı ünvanlanmış 14 oktyabr 2025-ci il tarixli, 3-16-5/8-13-362/2025 nömrəli məktubla belə izah olunur ki, Şahbuz rayon qeydiyyat şöbəsinin arxivində və Azərbaycan Respublikası Ədliyyə nazirliyinin avtomatlaşdırılmış elektron sistemində X1 Məmmədova soyadından Əliyeva soyadına dəyişməsi ilə bağlı heç bir akt qeydi aşkar edilməmişdir. Qeyd edilən hər iki doğum akt qeydi nikahsız, tək ana ərizəsi əsasında aparılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarxili 52 nömrəli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən müddəalar"a əsasən X1 Məmmədova soyadından Əliyeva soyadına dəyişdirilməsi Qeydiyyat şöbəsinin səlahiyyəti daxilində deyildir. Vətəndaşa məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. - 27 avqust 2021-ci il tarixli, AZ-İ seriyalı, 871115 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən məlum olur ki, X17 20 avqust 2021-ci il tarixdə Şahbuz rayonunda ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında 2021-ci ilin avqust ayının 27 günündə 88 nömrə ilə qeydiyyatı aparılmışdır. - 14 oktyabr 2025-ci il tarixli, 426329 nömrəli doğum akt qeydindən çıxarışdan məlum olur ki, X18 15 oktyabr 1957-ci il tarixdə Şahbuz rayon Remeşin kəndində doğulmuşdur. X2r. - 14 oktyabr 2025-ci il tarixli, 265717 nömrəli doğum akt qeydindən çıxarışdan məlum olur ki, X19 20 oktyabr 1955-ci il tarixdə Şahbuz rayon Remeşin kəndində doğulmuşdur. X2r. - 19 avqust 2025-ci il tarixli, 05/09İS/097590-25 nömrəli arayışdan məlum olur ki, X13 aid 19 avqust 2025-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq aktları üzrə nikah haqqında akt qeydi aşkar edilməmişdir. X.Əliyeva öldüyü xx.xx.2021-ci il tarixədək subay olmuşdur. - 10 sentyabr 2025-ci il tarixli (qeydiyyat nömrəsi: **********, reyestr nömrəsi: **********55-10301) Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Naxçıvan MR, Şahbuz rayonu, Güney Qışlaq kəndində 0.0824 hektar torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 116,6 kv.m olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə X10 adına daşınmaz əmlakın dövlət reyestrində 22/6 nömrəli reyestr kitabının 1187 nömrəli vərəqində qeydiyyata alınmışdır. - Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 20 noyabr 2025-ci tarixli, 3-13-43/2-16896/2025 nömrəli məktubdan məlum olur ki, İddiaçı cinayət mühakimə icraatına şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb edilməsi, barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi, habelə məhkumluğu barədə AR DİN-in mərkəzləşdirilmiş uçotlarında məlumat yoxdur. - Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 20 noyabr 2025-ci tarixli, 3-13-43/2-16897/2025 nömrəli məktubdan məlum olur ki, X11 cinayət mühakimə icraatına şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb edilməsi, barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi, habelə məhkumluğu barədə AR DİN-in mərkəzləşdirilmiş uçotlarında məlumat yoxdur. - Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 15 dekabr 2025-ci il tarixli, 3-17-9-1/2-16020/2025 nömrəli məktubla göndərilmiş X10 pensiya işinin surəti iş materiallarına əlavə edilmişdir. - Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X27 tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 16 dekabr 2025-ci il tarixli, 04/657 nömrəli məktubla göndərilmiş Şahbuz rayon Güney Qışlaq kəndində 0,0824 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 116,6 m2 olan fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində X10 adına qeydiyyata alınmasına əsas olan sənədlərə əlavə olunmuş JN-132A (KOD:********) nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin surətindən məlum olur ki, Şahbuz rayon Aqrar İslahat Komissiyasının 28 avqust 1998-ci il tarixli, 19 nömrəli qərarı ilə X13 0.08 hektar torpaq sahəsi ayrılmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: - 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin İV hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -26.5-ci maddəsinə əsasən fiziki şəxsin doğularkən aldığı ad, habelə adını dəyişdirməsi vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı üçün müəyyənləşdirilmiş qaydada qeydə alınmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 159.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş akt qeydlərini bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. - 161.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir. - 161.2-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. - 164.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı, qeyd olunmalı faktları və ərizə verənlərin şəxsiyyətini təsdiq edən sənədlər əsasında aparılır. Bu sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın: - 1.1-ci bəndinə görə bu Qayda Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq hazırlanmışdır və dövlət mənafeyi, ictimai mənafe üçün, vətəndaşların şəxsi, habelə əmlak hüquqlarının qorunması məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasını müəyyən edir. - 1.4-cü bəndinə əsasən qeydiyyat şöbəsi və konsulluq idarəsi fəaliyyət istiqamətinə uyğun olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi vasitəsilə doğumun, nigahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli, 52 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın: - 1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. - 3-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlər düzəldikdə vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişikliklər aparılır. - 8-ci bəndinə görə ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir. İnzibati icraat haqqında Azərbaycan Respublikasının Qanununun: - 11.1-ci bəndinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. - 11.2-ci bəndinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. - 14.2-ci bəndinə əsasən diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. - 14.3-ci bəndinə əsasən diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. - 20.2-ci bəndinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. - 24.1-ci bəndinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.2-ci bəndinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə iş materiallarını hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək, mübahisənin həllində tətbiq edilməli hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmənin əsaslandırması: “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı tərəf subyektiv hüquqa malik olmuşdur. Məhkəmə ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikasının qanunvericiliyi vətəndaşlıq vəziyyəti akt qeydində dəyişiklik edilməsi ilə bağlı məsələdə qanuni bir marağı olduğu halda hər kəsin prinsip olaraq bu hüquqa malik olduğu ilə bağlı tənzimləmə gətirmişdir. Şəxsin bu hüququnun reallaşdırılmasından imtina edən dövlət orqanları buna maneə təşkil edən konkret halların mövcudluğuna istinad etməli və imtina qərarlarını qanunvericiliyin konkret müddəalarına istinadla əsaslandırmalıdırlar. Həmin hüququn məhdudlaşdırılması qanunçuluğun tələblərinə cavab verməli, gətirilmiş məhdudiyyət qanunda konkret göstərilmiş legitim məqsədlərə nail olmağa yönəlməli, arzu edilən nəticə ilə tətbiq edilən vasitə mütənasib olmalı və belə məhdudiyyət hüququn mahiyyətini dəyişməməlidir. İddiaçının tələbində açıq-aşkar qeyd olunmuşdur ki, onun çatmaq istədiyi hüquqi nəticə məhz mərhum atasının doğum haqqında akt qeydinin ana qrafasında səhv yazılmış soyadın dəyişdirilməsidir. İş materialları ilə müəyyən olunur ki, İddiaçı mərhum atası X11 doğum akt qeydində anasının soyadı qrafasında “Əliyeva” əvəzinə “Məmmədova” qeyd olunmuşdur. Bu səbəbdən hazırkı iş üzrə iddiaçı mərhum nənəsindən qalmış mirasdan istifadə hüququnun həyata keçirilməsi üçün doğum akt qeydində olan səhv və faktiki vəziyyətə uyğun olmayan məlumatın aradan qaldırılmasında hüquqi marağa malik olmuşdur. Müəyyən edilmişdir ki, X5 rəsmi nikahda olmamışdır. Buna görə də, X6 ilə qeyrirəsmi nikahda olması səbəbindən doğum akt qeydlərində onun soyadının “Məmmədova” kimi göstərilməsi nikah faktına əsaslanmadığından qanuni sayıla bilməz. İddiaçının məhkəmə təqdim etdiyi, eləcə də məhkəmə araşdırması nəticəsində əldə edilmiş Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədən, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan, pensiya işindəki bütün sənədlərdən və ölüm haqqında şəhadətnamədən aydın olur ki, yaşadığı dövrdə bütün rəsmi sənədlərdə iddiaçının mərhum nənəsinin soyadı “Əliyeva” kimi qeyd olunmuşdur. Məhkəmə qeyd edir ki, iddia tələbi üzrə müvafiq düzəlişin edilməsi iddiaçının hüquqlarının təmin olunması üçün zəruri və qanunauyğundur. Belə ki, Azərbaycan Respublikasının qanunvericiliyi vətəndaşlıq vəziyyəti akt qeydində dəyişiklik edilməsi ilə bağlı məsələdə qanuni marağı olduğu halda hər kəsin prinsip olaraq bu hüquqa malik olduğu ilə bağlı tənzimləmə gətirmişdir. Şəxsin bu hüququnun reallaşdırılmasından imtina edən dövlət orqanları buna maneə təşkil edən konkret halların mövcudluğuna istinad etməli və imtina qərarlarını qanunvericiliyin konkret müddəalarına istinadla əsaslandırmalıdırlar. Həmin hüququn məhdudlaşdırılması qanunçuluğun tələblərinə cavab verməli, gətirilmiş məhdudiyyət qanunda konkret göstərilmiş legitim məqsədlərə nail olmağa yönəlməli, arzu edilən nəticə ilə tətbiq edilən vasitə mütənasib olmalı və belə məhdudiyyət hüququn mahiyyətini dəyişməməlidir. Məhkəmə qanunvericiliyin yuxarıda göstərilmiş müddəalarına istinadla qeyd edir ki, cavabdeh tərəfindən iddiaçının mərhum atasının doğum akt qeydində dəyişiklik edilməsinə heç bir qanuni maneə olmamışdır. Cavabdehin öz imtinasına gətirdiyi arqument - vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatında iddiaçının atasının doğum akt qeydində dəyişiklik edilməsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”da nəzərdə tutulan əsasların olmamasıdır. Bu baxımdan qeyd olunmalıdır ki, “İnzibati icraat” haqqında qanunda nəzərdə tutulmuş anlamda müvafiq inzibati icraat aparmadan, sadəcə olaraq, göstərilən qərarda nəzərdə tutulmuş hallardan hər hansı birinin mövcudluğuna istinadla, həm də əsaslandığı həmin halın mövcudluğunu inzibati icraatdan kənar müəyyən etməklə, vətəndaşın müraciətinə imtina etməkdə cavabdeh haqlı sayıla bilməz. Həmçinin doğumun qeydiyyatı barədə yuxarıda göstərilən qanun müddəalarının sistemli təhlili onu deməyə əsas verir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatının əsas məqsədlərindən biri də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunmasına xidmət etməklə yanaşı, həm də dövlət mənafeyi və ictimai mənafe üçün aparılır. Vətəndaşlıq vəziyyəti qeydləri sırasında doğumun qeydiyyatı xüsusi yer alır və bu qeydiyyatın hüquq müəyyənetmə əhəmiyyəti milli qanunvericilikdə dəqiq təsbit olunmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, cavabdeh Şahbuz Rayon Qeydiyyat şöbəsi iddiaçının tələbindən imtina etməkdə haqlı olmamışdır. Odur ki, İddiaçı cavabdeh Şahbuz Rayon Qeydiyyat şöbəsinə qarşı "mərhum atası X11 doğum akt qeydində anasının soyadı qrafasında “Məmmədova” kimi qeyd edilmiş qeyri-düzgün məlumata düzəliş edilərək, “Əliyeva” kimi qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası təmin edilməlidir. Nəticəvi hissə: Göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3, 4.1, 34.1, 58.7, 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddia təmin edilsin. İddiaçı mərhum atası X11 doğum akt qeydində anasının soyadı qrafasında “Məmmədova” kimi qeyd edilmiş qeyri-düzgün məlumata düzəliş edilərək, “Əliyeva” kimi qeyd edilməsi öhdəliyi cavabdeh Şahbuz Rayon Qeydiyyat şöbəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elnur Hüseynov
Məhkəmə qərarları › İş №2-1(122)-1188/2025
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-1188/2025
29.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver