Məhkəmə qərarları › İş №2-1(122)-119/2024

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-119/2024

29.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-119/2024 29.03.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ X9 Heydər oğlunun sədrliyi, İbrahimova Səbinə Adələt qızının katibliyi, İddiaçı və və cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “ona xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Culfa rayon şöbəsinin 03 iyul 2023-cü il tarixli, 56 nömrəli qərarının ləğv edilməsi və İddiaçı 60 yaşının tamam olduğu tarixdən güzəştli şərtlə əmək pensiyası təyin edilərək ödənilməsi öhdəliyinin cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa Rayon Şöbəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ona “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə əsasən güzəştli şərtlərlə pensiya təyin edilməsi barədə ərizə ilə Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə X10 şəxsin Culfa rayon şöbəsinə müraciət etmişdir. Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə X10 şəxsin Culfa rayon şöbəsinin 03 iyul 2023-cü il tarixli, 56 nömrəli qərarı ilə müvafiq ərizənin təmin edilməsindən imtina edilmişdir. Mübahisələnən qərarda müvafiq pensiyanın təyin edilməsindən imtinanın əsası kimi xx.xx.1992-ci ildən xx.xx.1998-ci il tarixədək X5 Cəmiyyətində işlədiyi dövrdə və X11 İdarəsində işlədiyi 1 il, 9 ay müddətində əmək haqqı almamağı dolayısı ilə həmin aylar üzrə sosial sığorta haqqının ödənilmədiyi üçün qeyd edilən müddətlərin əmək stajı kimi nəzərə alınmadığı, bununla da 25 il ümumi əmək stajının olmadığı göstərilmişdir. Yuxarıda qeyd olunan əsaslar onu deməyə əsas verir ki, cavabdeh orqanın ona pensiya təyin edilməsindən imtinanın əsası kimi müvafiq illər üzrə əmək haqqı aldığına dair əmək haqqı cədvəllərinin olmamasını göstərməsi və buna görə də sosial sığorta haqqının ödənilmədiyinə qənaət gətirərək həmin dövrün əmək stajına aid edilməməsi dəlili hər hansı hüquq norması ilə dəstəklənmir. Həmçinin mübahisələndirilən qərarda əmək stajına daxil edilməyən müvafiq illər üzrə müddətlərdə onun işdən azad olunmağına dair hər hansı əmr mövcud deyildir, qeyd edilən dövrlər üzrə əməkhaqqı cədvəllərinin məsul şəxslər tərəfindən lazımı qaydada saxlanılmaması, arxivləşdirilməməsi onun əmək stajının itirilməsinə səbəb və əsas olaraq göstərilə və qəbul edilə bilməz. İş üzrə təqdim edilmiş iddiaçının əmək kitabçasında əmək fəaliyyətinə dair göstərilən məlumatlar, eləcə də həmin məlumatları təsdiq edən arxiv arayışları ilə onun 28 il 9 ay 03 gün ümumi və 22 il 4 ay 10 gün xüsusi iş stajına malik olduğu təsdiqlənir ki, bu hal “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 9.1-ci maddəsinin dispozisiya şərtlərini əhatə edir. İddiaçı göstərilənlərə əsasən “Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Culfa rayon şöbəsinin 03 iyul 2023-cü il tarixli, 56 nömrəli qərarının ləğv edilməsi və İddiaçı 60 yaşının tamam olduğu tarixdən güzəştli şərtlə əmək pensiyası təyin edilərək ödənilməsi öhdəliyinin cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa Rayon Şöbəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 25 oktyabr 2023-cü il tarixə təyin edilmiş məhkəmə iclasında iştirak edən İddiaçı məhkəməyə 25 oktyabr 2023-cü il tarixli ərizə təqdim edərək Naxçıvan MR İnzibati Məhkəməsinin icraatında olan 2-1(122)-784/2023 saylı iş üzrə cavabdeh inzibati orqanın da tabe olduğu Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təsdiq edilmiş Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan DSMF-nin Nizamnaməsinə uyğun olaraq, cavabdeh Naxçıvan MR DSMF publik hüquqi şəxsin Culfa Rayon Şöbəsinin artıq səlahiyyətli olmadığını, bu səbəbdən onun hazırkı işdə cavabdeh qismində iştirakının istisna olunduğu, ona görə iş üzrə cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa Rayon Şöbəsinin Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu ilə əvəz edilməsinə etiraz etmədiyini bildirib, eyni zamanda iddia tələbinə “Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Culfa rayon şöbəsinin 03 iyul 2023-cü il tarixli, 56 nömrəli qərarının ləğv edilməsi və İddiaçı 60 yaşının tamam olduğu tarixdən güzəştli şərtlə əmək pensiyası təyin edilərək ödənilməsi öhdəliyinin cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulması” kimi baxılaraq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 25 oktyabr 2023-cü il tarixli, 2-1(122)-784/2023 nömrəli qərardadı ilə İddiaçı cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa Rayon Şöbəsinə qarşı iddia tələbinə dair hazırki inzibati iş üzrə cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa Rayon Şöbəsi əsl cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu ilə əvəz edilmiş, dəqiqləşdirilmiş iddia tələbi icraata qəbul edilmişdir. Cavabdeh orqanın yazılı etirazının qısa xülasəsi: Cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu iddiaya dair məhkəməyə ünvanlanan 21 sentyabr 2023-cü il tarixli, 3-17-9-1/2-175/2023 nömrəli və məzmunca digər etirazla eynilik təşkil edən 19 dekabr 2023-cü il tarixli yazılı münasibətini onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.1977-ci ildən fəhlə olaraq əmək fəaliyyətinə başlamış, xx.xx.1979-cu ildən xx.xx.1981-ci il tarixədək hərbi xidmətdə olmuş, sonra yenidən müxtəlif müəssisələrdə qaynaqçı olaraq işləmişdir. İddiaçının təhsil aldığı, hərbi xidmətdə olduğu və işlədiyi müddətləri cəmlədikdə onun xx.xx.2006-cı il tarixədək 25 il 6 ay 3 gün, xx.xx.2006-cı ildən xx.xx.2009-cu ilədək isə 3 il 3 ay olmaqla cəmi 28 il 9 ay 3 gün ümumi və 22 il 4 ay 10 gün xüsusi iş stajı vardır. Lakin iddiaçının xx.xx.1991-ci il tarixdən xx.xx.2000-ci il tarixədək X5 Cəmiyyətində və xx.xx.1998-ci il tarixdən xx.xx.2003-cü il tarixədək X11 İdarəsində işlədiyi barədə əmək kitabçasında qeyd olunmuş məlumatların düzgünlüyünü arxiv sənədləri ilə yerində qarşılıqlı yoxlamaq mümkün olmadığı üçün həmin illərin sosial sığorta stajına daxil edilməsi qanunla yolverilməz hesab edilmiş və iddiaçının 28 il 9 ay 3 gün ümumi iş stajı 8 il 6 ay azalaraq 20 il 1 ay 3 gün təşkil etmişdir. Beləliklə, iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün qanunla müəyyən olunmuş yaş həddinə çatmasına baxmayaraq, kifayət qədər ümumi iş stajı olmadığından və işlədiyi müəssisədən güzəştli arayış təqdim etmədiyindən onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmamışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq, İddiaçı “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Culfa rayon şöbəsinə qarşı qaldırdığı iddia əsassız olduğundan, iddia tələbinin rədd edilməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab olunmuş, şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası 29 mart 2024-cü il tarixə təyin edilmişdir. 29 mart 2024-cü il tarixə təyin edilmiş məhkəmə iclasında iştirak edən İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair 29 mart 2024-cü il tarixli ərizə təqdim edərək, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə X10 şəxsin Culfa rayon şöbəsinin 03 iyul 2023-cü il tarixli, 56 nömrəli qərarının ləğv edilməsi və X2 60 yaşının tamam olduğu tarixdən güzəştli şərtlə əmək pensiyası təyin edilərək ödənilməsi öhdəliyinin Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə X10 şəxsin Culfa rayon şöbəsinə həvalə edilməsi” tələbi barədə işin məhkəmənin icraatında olduğunu bildirib, iddia tələbinin dəqiqləşdirilməsi zərurəti yarandığından iddia tələbinə “ona xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulması” kimi baxılaraq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmənin 29 mart 2024-cü il tarixli, 2-1(122)-119/2024 nömrəli qərardadı ilə dəqiqləşdirilmiş iddia tələbi icraata qəbul edilmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi etirazda yazılanlara uyğun olaraq izahat verərək iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Yazılı sübutlar: İş materiallarında olan: - "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinin əmək pensiyası təyin edilməsindən imtina olunması haqqında 03 iyul 2023-cü il tarixli, 56 nömrəli qərarından məlum olur ki, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 9.1-ci maddəsinə əsasən tələb olunan ümumi 25 il əmək stajı və müvafiq arayış təqdim olunmadığı üçün ona güzəştli şərtlərlə yaşa görə əmək pensiya təyin olunmasından imtina edilmişdir. - Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Culfa Rayon Şöbəsi tərəfindən verilmiş 12 yanvar 2024-cü il tarixli, 9 nömrəli arayışdan görünür ki, 1961-ci il təvəllüdlü İddiaçı, həqiqətən xx.xx.1979-cu il tarixdən xx.xx.1981-ci il tarixədək ordu sıralarında həqiqi hərbi xidmət keçmişdir. - Culfa Rayon Dövlət Arxivinin 12 aprel 2021-ci il tarixli, 72 nömrəli arayışından görünür ki, İddiaçı Culfa Rayon Ərəzin kənd, H.Cavid sovxozuna xx.xx.1981-ci ildə 157 №-li əmrlə işə girmiş, xx.xx.1982-ci ildə 147 №-li əmrlə qaynaqçı keçirilmiş, xx.xx.1990-cı ildə 149 №-li əmrlə azad edilmişdir. xx.xx.1991-ci ildə 17 №-li əmrlə Culfa rayon Avtonəqliyyat Səhmdar Cəmiyyətində qaynaqçı vəzifəsində işə girmiş, xx.xx.2000-ci ildə 24 №-li əmrlə azad edilmişdir. xx.xx.1995-ci ildə 75 №-li əmrlə X11 idarəsində qaynaqçı vəzifəsində işə girmiş, xx.xx.2003-cü ildə 2 №-li əmrlə azad edilmişdir. Arayışa həmçinin İddiaçı 1977-1979-cu illər ərzində Culfa rayon Ərəzin kənd H.Cavid adına sovxozunda, 1999-2000-ci illər ərzində Culfa Avtovağzalında işlədiyi dövrdə aylar üzrə aldığı əmək haqqı məbləğlərini əks etdirən cədvəl göstərilmişdir. Arayışın qeyd hissəsində 1991-1998ci illər X5 Cəmiyyətinin fəhlələrə aid əmək haqqı cədvəllərinin Culfa Rayon Dövlət Arxivinə təhvil verilmədiyi göstərilmişdir. - Culfa Rayon Dövlət Arxivinin 07 dekabr 2023-cü il tarixli, 13/201 nömrəli arayışından məlum olur ki, İddiaçı Babək rayon 145 №-li Texniki peşə məktəbinə xx.xx.1978-ci il tarixli, 1 №-li əmrlə “Qaz-elektrik qaynaqçı” peşəsinə daxil olması və 14 №li qrupda təhsil alması, xx.xx.1979-cu il tarixli, 12 k №-li əmrlə məktəbi bitirməsi əmr kitabında göstərilmişdir. - ИT-İ seriyalı, ******* nömrəli əmək kitabçasından görünür ki, İddiaçı xx.xx.1981-ci ildən, xx.xx.1990-cı ilədək H.Cavid adına sovxozda fəhlə, qaynaqçı, 03. 09.1990-cı il tarixdən xx.xx.1991-ci tarixədək “Şölə” Kooperativində qaynaqçı, xx.xx.1991-ci il tarixdən, xx.xx.1998-ci il tarixədək Yol Təmir Tikinti İdarəsində qaynaqçı, xx.xx.1998-ci il tarixdən, xx.xx.2003-cü il tarixədək X11 İdarəsində qaynaqçı, xx.xx.2006-cı il tarixdən, xx.xx.2008-ci il tarixədək X11 İdarəsində qaynaqçı işləmişdir. - X11 İdarəsi tərəfindən verilmiş arayışdan məlum olur ki, İddiaçı həmin müəssisədə xx.xx.1998-ci il tarixdən xx.xx.2003-cü il tarixədək qaynaqçı vəzifəsində işləməklə onun əmək stajı 4 il 3 ay təşkil edir və işlədiyi vəzifə zərərli qazlar, zərərli və güclü şüalanma, ağır iş şəraiti olmaqla AR Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş siyahının 1.1.2-ci bəndinin a yarımbəndində nəzərdə tutulmuş vəzifə koduna uyğundur. - Naxçıvan MR Avtomobil yollarının X3 şəhər yol təmir tikinti idarəsi tərəfindən verilmiş arayışdan məlum olur ki, İddiaçı həmin müəssisədə xx.xx.2006-cı il tarixdən xx.xx.2008-ci il tarixədək qaynaqçı vəzifəsində işləməklə onun əmək stajı 1 il 6 ay təşkil edir və işlədiyi vəzifə zərərli qazlar, zərərli və güclü şüalanma,ağır iş şəraiti olmaqla AR Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş siyahının 1.1.2-ci bəndinin a yarımbəndində nəzərdə tutulmuş vəzifə koduna uyğundur. - Culfa Rayon İcra Hakimiyyətinin Ərəzin kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 18 iyul 2023-cü il tarixli, 167 nömrəli arayışdan görünür ki, İddiaçı Culfa rayon Ərəzin kəndində qeydiyyatdadır və hal-hazırda həmin kənddə yaşayır. - AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən məlum olur ki, İddiaçı xx xxxxxx 1961-ci il tarixdə doğulmuşdur. - Culfa Rayon Dövlət Arxivinin 13 fevral 2020-ci il tarixli, 13/145 nömrəli arayışından məlum olur ki, İddiaçı Naxçıvan Yol Təmir Tikinti İdarəsinə xx.xx.2006-cı il tarixli, 15 №-li əmrlə qaynaqçı olaraq işə qəbul edilməsi, xx.xx.2008-ci il tarixli, 20 №-li əmrlə işdən azad edilməsi əmr kitablarında göstərilmişdir. - Culfa Rayon Dövlət Arxivinin 17 yanvar 2023-cü il tarixli, 252 nömrəli arayışından məlum olur ki, İddiaçı Culfa Rayon Ərəzin kənd H.Cavid adına sovxozda xx.xx.1982-ci ildə 147 №-li əmrlə qaynaqçı vəzifəsinə işə girmiş, xx.xx.1990-cı ildə 149 №-li əmrlə azad edilmiş, xx.xx.1991-ci ildə 17 №-li əmrlə qaynaqçı vəzifəsində Culfa avtonəqliyatına işə girmiş, xx.xx.2000-ci ildə 24 №-li əmrlə azad edilmiş, xx.xx.1998-ci ildə 75 №-li əmrlə X11 idarəsinə qaynaqçı vəzifəsinə işə girmiş, xx.xx.2003-cü ildə 2 №-li əmrlə azad edilmişdir. Arayışın qeyd hissəsində qaynaqçı işlədiyi illərdə elektrik və ya qaz qaynaqçısı işləməsi əmr kitablarında qeyd edilmədiyi göstərilmişdir. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsi məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 30 yanvar 2024-cü il tarixli, 02/108 nömrəli məktubu ilə arxiv arayışından aydın olur ki, İddiaçı X4 Cəmiyyətinə qaynaqçı vəzifəsinə təyin olunması haqqında xx.xx.1991-ci il tarixli, 17 nömrəli, Culfa Yol Təmir İstismar İdarəsinə 5-ci dərəcəli qaynaqçı vəzifəsinə təyin olunması haqqında xx.xx.1998-ci il tarixli, 75/k nömrəli, Naxçıvan Yol Təmir Tikinti İdarəsinə müvəqqəti olaraq üç ay müddətinə 5-ci dərəcəli qaynaqçı vəzifəsinə təyin olunması haqqında xx.xx.2000-ci il tarixli, 26 nömrəli, X4 Cəmiyyətindən işdən azad olunması haqqında xx.xx.2000-ci il tarixli, 24 nömrəli, Naxçıvan Yol Təmir Tikinti idarəsinə müvəqqəti olaraq 3-cü dərəcəli qaynaqçı götürülməsi haqqında xx.xx.2001-ci il tarixli, 8 nömrəli, Culfa Yol Təmir istismar idarəsindən işdən azad olunması haqqında xx.xx.2003-cü il tarixli, 2 nömrəli əmrlərin və Naxçıvan Yol Təmir Tikinti idarəsinin 2000-ci il iyul-avqust ayları üzrə əmək haqqı cədvəllərinin təsdiq olunmuş surətlərini, həmçinin Culfa Rayon Avtoqnəqliyyat Səhmdar Cəmiyyətində 1999-2000-ci illərdə, X11 İdarəsində 1998-2001-ci illərdə və Naxçıvan Yol Təmir Tikinti İdarəsində 2000ci ildə əmək haqqı alması barədə arxiv arayışlarını və Culfa Rayon Dövlət Arxivinin 09 yanvar 2024-cü il tarixli, 32 nömrəli məktubun surətini məhkəməyə göndərmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. “Andreyeva Latviyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 18 fevral 2009-cu il tarixli qərarında göstərilmişdir ki, dövlət pensiya proqramını tətbiq etməyə başlayanda, ondan irəli gələn şəxsi hüquqlar və maraqlar, pensiya ödənişləri edilməsindən və pensiya proqramının maliyyələşmə vasitələrindən asılı olmayaraq, 1 saylı Protokolun 1-ci maddəsi ilə əhatə edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 2.0.8-ci maddəsinə əsasən qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inamdır; - 2.0.10-cu maddəsinə əsasən əlverişli inzibati akt - maraqlı şəxsə hüquq verən və ya onun hüququnu təsdiq edən, yaxud onun üzərinə qoyulmuş vəzifəni (vəzifələri) götürən aktdır. 2.0.11-ci maddəsinə əsasən əlverişsiz (yükləyici) inzibati akt - maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. - 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. - 11.2-ci maddəsinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. - 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. - 14.1-ci maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. - 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. - 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. - 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. - 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. - 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. - 21.2 və 21.2.1-ci maddələrinə əsasən bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti sığortaolunanın sığorta stajına daxil edilir. - 31.2-1-ci maddələrinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Qanuna edilmiş dəyişiklik və əlavələrin siyahısı: 13 may 2022-ci il tarixli, 530-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 29 iyun 2022-ci il, № 135, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, №6, maddə 583) ilə 9.1 – 9.3-cü, 9.6-cı və 9.7-ci maddələr yeni redaksiyada verilmişdir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun (xx.xx.2006-cı il tarixədək qüvvədə olmuşdur): - 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. .. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının təsdiq edilməsi barədə”1996-cı il 26 dekabr tarixli, 186 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi” Qaydaların: - 3.2-ci bəndinə əsasən işəgötürənlər tərəfindən əmək kitabçasında qeydlər işçinin işə götürülməsi, bir işdən başqa işə keçirilməsi və işdən azad edilməsi haqqında məlumat tarixi (gün, ay, il) göstərilməklə bu qeydləri aparmağa əsas verən əmək müqaviləsinə, əmrə, sərəncama (tarixi və nömrəsi göstərilməklə), uyğun aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 25 noyabr tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin 1-ci bəndinə görə əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. ... 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli, 175 saylı Qərarına əsasən: 4.1. Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:

1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən;

4. əyani təhsil dövrünü təsdiq edən müvafiq sənədə (təhsil müəssisəsinin arayışı, arxiv arayışı və s.) əsasən; 4.1.3. işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən iş müddəti – fərdi uçot məlumatlarına əsasən; 4.1.15. hərbi xidmət müddəti (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla) – hərbi biletə və ya Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, yaxud hərbi xidmətin keçildiyi dövlət orqanının arayışına əsasən;

5. kolxozlarda əmək fəaliyyəti dövrünü təsdiq edən müvafiq sənədə (kolxozçunun əmək kitabçası) əsasən; Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, cavabdeh inzibati orqanın iddia ərizəsinə qarşı təqdim etdiyi sənədlərə və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmənin əsaslandırması: İlk öncə qeyd edilməlidir ki, məhkəmə qərar qəbul edənədək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar üzrə ətraflı araşdırma aparmış, təqdim edilən sübutları tam və hərtərəfli tədqiq etməklə, iddiaçıya qarşı tərəfin dəlillərinə münasibət bildirməsi, etiraz etməsi və məhkəməyə lazımi sübutları təqdim eməsi üçün kifayət qədər imkan yaratmışdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Hazırkı iş üzrə iddiaçının əsas hüquqi marağı onun barəsində xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsidir. İddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən peşədə azı 12 il 6 ay çalışması işin mübahisəsiz halıdır. Hazırkı işdə iddiaçının təhsil dövrü, hərbi xidmət dövrü, əmək kitabçasında və iş stajını sübut edən arxiv arayışında aparılmış qeydlər üzrə qazanılmış əmək pensiyası hüquqları nəzərə alındıqda ümumi iş stajının tələb olunan 25 ildən artıq olması müəyyən edilir. Cavabdehin imtinasının əsasını əmək kitabçasında qeyd olunmuş məlumatların düzgünlüyünün arxiv sənədləri ilə yerində qaşılıqlı yoxlamağın mümkün olmaması təşkil edir. Belə ki, cavabdeh inzibati orqan tərəfindən həmin əsasla iddiaçının 28 il 9 ay 3 gün ümumi iş stajından 8 il 6 ay azaldılaraq onun ümumi stajının 20 il 1 ay 3 gün təşkil etdiyi bidirilir. Cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilən iddiaçının ümumi iş stajına malik olmaması barədə cavabdehin dəlilləri ilə məhkəmə razılaşmayaraq, formalaşmış məhkəmə təcrübəsinə əsaslanaraq bildirir ki, belə xarakterli işlərdə əmək haqqı cədvəllərinin dövlət arxivinə təhvil verilməməsi, əmək kitabçasında müvafiq qeydlərin qeyri-dəqiq aparılması və s. iddiaçının hərəkət və hərəkətsizliyinin nəticəsi ilə əlaqədar olmadığından həmin illərlə bağlı təhvil verilməyən əmr kitabları və əmək haqqı cədvəllərinə görə iddiaçının stajının hesablanmaması onun hüququnun əsassız olaraq pozulması ilə nəticələnir. Həmçinin məhkəmə qeyd edir ki, mübahisəyə dair işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından görünür ki, iddiaçının mübahisələndirilən dövrlərdəki əmək fəaliyyəti əmək kitabçası, arayışlarla və əmrdən çıxarışlarla təsdiq olunur. İddiaçının əmək kitabçasında bununla bağlı aparılmış qeydlərin mötəbərliyini şübhə altına alan hər hansı bir dəlil cavabdeh tərəfindən məhkəməyə təqdim olunmamış və həmin qeydlərin həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilməmişdir. Məhkəmə icraatının gedişində də belə hallar müəyyən edilməmişdir. Odur ki, məhkəmə iddiaçının əmək kitabçasını mötəbər sübut kimi qiymətləndirir. Diqqətə alınmalıdır ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququnun yaranması üçün aşağıdakı dispozisiya şərtləri mövcud olmalıdır: şəxs qanunun 7-ci maddəsində nəzərdə tutulan müvafiq yaşa çatmalı, 25 il sığorta stajı olmalı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmalıdır. İşin müəyyən edilmiş hallarından görünür ki, əmək pensiyasının təyin edilməsi üçün tələb olunan həmin dispozisiya şərtləri iddiaçıya münasibətdə mövcuddur. Qeyd ediilməlidir ki, iddiaçının göstərilən illər üzrə işlədiyi qaynaqçı peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüquq verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 №-li Siyahısının XXXİİİ. Ümumi peşələr bölməsinin 23200000-11620 və 23200000-19906-kod altında göstərilən peşələrə uyğundur. Həmçinin işdə olan arayışlardan İddiaçı qaynaqçı vəzifəsində işlədiyi peşənin AR Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” siyahısının 1.1.2-ci bəndinin a yarımbəndində nəzərdə tutulmuş (elektrik qaz qaynaqçıları) vəzifə koduna uyğun olduğu işəgötürən tərəfindən bildirilmişdir. Nəzərə alınmalıdır ki, iddiaçı xx.xx.1961-ci il təvəllüdlü olmaqla 61 yaşını xx.xx.2022ci il tarixdə tamamlamışdır. 29 iyun 2022-ci il tarixdən qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinin tələbləri sırasında güzəştli şərtlərlə yaşa görə pensiya təyinatı üçün pensiya kapitalı ilə bağlı hər hansı tələb nəzərdə tutulmadığına görə, iddiaçının pensiya hüququ məhz həmin tarixdən yaranır. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, ki, iddiaçı “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinin əmək pensiyası təyin edilməsindən imtina olunması haqqında 03 iyul 2023-cü il tarixli, 56 nömrəli qərarını haqlı olaraq mübahisələndirməmişdir. Məhkəmə bununla bağlı bildirir ki, həmin qərar həmin qərarın qəbul olunduğu zaman kəsiyində iddiaçını hər hansı hüququndan məhrum etmədiyi və ya onun hüququnu məhdudlaşdırmadığı, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan akt olmadığı üçün əlverişsiz inzibati akt sayılmır. Nəticə etibarı ilə məhkəmə hesab edir ki, cavabdeh “İnzibati icraat haqqında” Qanunun yuxarıda istinad olunan normalarının tələblərini təmin etməmiş, bununla da qanunla ona verilmiş diskresion səlahiyyətlərdən onun məqsədinə uyğun istifadə etməmiş və həmin səlahiyyətlərin həyata keçirilməsi zamanı iddiaçının hüquqlarını əsassız məhdudlaşdırmışdır. Buna görə də iddiaçı ona güzəştli şərtlərlə əmək pensiyasının təyin olunmasını tələb etməkdə haqlı sayılmalıdır. Beləliklə, işin faktiki hallarına və qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “ona xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası əsaslı olduğundan təmin edilməlidir. Nəticəvi hissə: Göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2, 4.1, 58.7, 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

q ə r a r a a l d ı:

İddia təmin edilsin. İddiaçı xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elnur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar