Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-1195/2025 17.03.2026 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ X9 Heydər oğlunun sədrliyi, X10 oğlunun katibliyi, İddiaçı, cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndələri X1 və X3 iştirakları ilə, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı "Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun pensiya təyinatı Şöbəsinin xx.xx.2025-ci il tarixli, 3-17-9/1/2-Ə- 13736/2025 nömrəli qərarının ləğv edilərək xx.xx.2023-cü il tarixdən hesablanmaqla yaşa (xidmət ili) görə əmək pensiyasının yenidən təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1963-cü il tarixdə Babək rayonunda anadan olmuşdur. xx.xx.1981-ci il tarixdən xx.xx.2005-ci il tarixədək Babək rayon Peşə məktəbində işləyib. 20 ildən çox pedoqoji fəaliyyəti olduğu üçün Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Babək rayon şöbəsinin pensiya təyin edən komissiyasının 16 dekabr 2005-ci il tarixli 678 nömrəli qərarı ilə həmin tarixdə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 60-cı maddəsi əsas götürülərək ona müvafiq olaraq xidmət illərinə görə əmək pensiyası təyin edilmişdir. Həmin dövrlərdə işlədiyi müddət ona məxsus əmək kitabçasında öz əksini tapmaqdadır. xx.xx.1981-ci il tarixdən xx.xx.2005-ci il tarixədək Babək rayon Peşə məktəbində işlədiyi dövrdə vaxtı-vaxtında əmək haqqını alıb, vergisini, sığortasını ödəyib və bütün xidmət illəri iş stajı qanuni şəkildə əmək kitabçasında göstərilmişdir. İşlədiyi dövr arxiv arayışında, əmək haqqı kitablarında göstərilibgöstərilməməsi onun imkanı xaricindədir. Barəsində təyin olunmuş pensiya xx.xx.2023-cü il tarixdə heç bir qanuni əsas olmadan dayandırılmış və artıq ödənilmiş pul vəsaitinin geri qaytarılması ilə bağlı ona 16 noyabr 2023-cü il tarixdə 36 saylı bildiriş göndərilmişdir. 01 iyul 2023-cü il tarixdə bu barədə heç bir qərar qəbul edilməmişdir. Ona 16 dekabr 2005-ci il tarixdə 678 nömrəli qərarla təyin olunmuş pensiyası dayandırıldıqdan 2 il sonra Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Pensiya, müavinət və təqaüdlərin təyinatı departamentinin Pensiya təyinatı komissiyasının xx.xx.2025-ci il tarixli qərarı ilə ləğv edilmişdir. Ləğv olunmağına səbəb isə xx.xx.1981-ci il tarixdən xx.xx.2005-ci il tarixədək onun Babək rayon Peşə məktəbində işləməsinin arxiv arayışlarında, əmr və əmək haqqı kitablarında adına rast gəlinmədiyi göstərilmişdir. 2023-cü ildə ona pensiya ödənişlərinin dayandırıldığı bildirilsə də, bu barədə hər hansı inzibati qərar ona təqdim edilməmiş və rəsmi qərar yalnız 2025-ci ildə qəbul edilmişdir. Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən heç bir əsas olmadan müddət pozuntusu etməklə ona ödənilmiş pensiya qanunsuz olaraq kəsilərək etimad hüququ pozulmuşdur. Həmçinin 2005-ci il tarixdə Dövlət Sosial Müdafiə Fondunun Babək rayon şöbəsi ona məxsus sənədləri araşdıraraq onun pensiya hüququnun yarandığını əsas götürərək, pensiya təyin etmişdir. Yəni inzibati orqan öz üzərinə qanunla qoyulmuş vəzifəsini düz və ya səhv icra etməsinin günahını öz üzərinə yox məhz onun üzərinə qoymağa çalışır. İddiaçı göstərilənlərə əsasən Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun pensiya təyinatı Şöbəsinin xx.xx.2025-ci il tarixli, 3-17-9/1/2-Ə- 13736/2025 nömrəli qərarının ləğv edilərək xx.xx.2023-cü il tarixdən hesablanmaqla yaşa (xidmət ili) görə əmək pensiyasının yenidən təyin olunması öhdəliyinin “Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu” nun üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh orqanın yazılı etirazının qısa xülasəsi: Cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu iddiaya dair məhkəməyə göndərdiyi 01 dekabr 2025-ci il tarixli yazılı münasibətini onunla əsaslandırmışdır ki, xx xxxxxx 1963cü il tarixində anadan olmuş, Babək Rayonu, Sirab kəndində yaşayan İddiaçı Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondunun Babək rayon şöbəsinin pensiya təyin edən komissiyasının qərarı ilə xx.xx.1963-cü il tarixdə xx.xx.2006-cı tarixədək qüvvədə olmuş "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun 58 və 60-cı maddələrinə müvafiq olaraq xidmət illərinə görə əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 04 may 2023-cü il tarixli 3-17/3-2-545/2023 nömrəli və 23 iyun 2023-cü il tarixli 3-17/3-2-859/2023 nömrəli əmrlərinə əsasən 01 yanvar 2021-ci il tarixdən 01 aprel 2023-cü il tarixədək Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin məcburi dövlət sosial sığorta vəsaitlərinin xərclənməsinin icrası ilə bağlı audit yoxlaması aparılmışdır. Aparılmış araşdırma nəticəsində Fondun Babək rayon şöbəsi tərəfindən xidmət illərinə görə əmək pensiyası təyin olunması barədə qəbul edilmiş 16 dekabr 2005-ci il tarixli 678 nömrəli qərarı ləğv edilmişdir. İddiaçı tərəfindən təqdim edilmiş ИT-İ seriyalı, ******* nömrəli, 16 dekabr 2005-ci il tarixli əmək kitabçasında xx.xx.1981-ci il tarixdən xx.xx.2005-ci il tarixədək (24 il 3 ay 15 gün) Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinin Babək Rayon Peşə məktəbində dərzi müəllimi vəzifəsində işləməsi barədə qeydlər aparılmışdır. Audit yoxlaması zamanı vətəndaş İddiaçı əmək kitabçasında bəzi pozuntular aşkarlanmışdır. Belə ki, xx.xx.1981-ci il tarixdə Babək Texniki peşə məktəbinə dərzi müəlliməsi olaraq işə daxil olmuş, xx.xx.2005-ci il tarixdə isə həmin peşə məktəbindən azad edilmişdir. Lakin həm işə daxil olarkən, həm də işdən azad edilərkən əmək kitabçasında aparılmış qeydlər və əks olunan möhür latın qrafikalı olmuşdur. xx.xx.2023-cü il tarixdə Naxçıvan Muxtar Respublikası X6 və Arxiv idarəsinin əməkdaşlarının iştirakı ilə iş stajlarının yoxlanması ilə bağlı tərtib edilmiş aktda iddiaçının adına ümumiyyətlə hər hansı bir əmrin rəsmiləşdirilmədiyi müəyyən edilmişdir. Bundan başqa İddiaçı əmək kitabçasında qeyd olunmuş 1981-2005-ci illərdəki əmək fəaliyyəti həmin məktəbin digər sənədlərində (əməkhaqqı cədvəlləri, işə daxilolma, işdən azad edilmə, məzuniyyətə çıxma və məzuniyyətdən qayıtma əmrləri) öz təsdiqini tapmamışdır. İddiaçı ünvanına artıq ödənilmiş pul vəsaitinin geri qaytarılması ilə bağlı 16 noyabr 2023-cü il tarixli, 36 saylı bildiriş göndərilmişdir. Bildirişdə iddiaçıya təyin edilmiş yaşa görə əmək pensyasının araşdırılaraq qanunazidd olmasının müəyyən edilməsi və "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanunun 37.8.3-cü maddəsinin tələblərinə uyğun olaraq dayandırılması barədə məlumat verilmişdir. Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən İddiaçı adına verilmiş xx.xx.2024-cü il tarixli, 02/855 nömrəli arayışda İddiaçı 145 nömrəli Babək Peşə Məktəbinin 1981-2005-ci illərə aid əmr və əməkhaqqı kitablarında işləməsi və əməkhaqqı alması barədə məlumata rast gəlinmədiyi qeyd edilmişdir. Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən Fondun sorğusuna cavab olaraq təqdim edilmiş xx.xx.2025-ci il tarixli, 3-48-NDA/1-2- 1640/2025 nömrəli məkubda İddiaçı 1981-2005-ci illərdə işləməsi və əmək haqqı alması haqqında heç bir məlumat olmaması qeyd edilmişdir. Əlavə olaraq, nəzərə alınsa ki, iddiaçı 1963-cü il təvəllüddür və əmək kitabçasında 1981-ci ildən pedoqoji fəaliyyətlə məşğul olması qeyd edilmişdir. Vətəndaşın 18 yaşı tamam olmadan və pedoqoji fəaliyyətlə məşğul olmaq üçün tələb edilən təhsilinin olmaması özlüyündə iddiaçının işləməməsini, sənədləri saxtalaşdırmaqla əlverişli inzibati aktın qəbul edilməsinə nail olduğunu təsdiq edir. Həmçinin xx.xx.2025-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində mühafizə edilən əmr və əmək haqqı kitablarına Fondun və Arxiv idarəsinin əməkdaşları tərəfindən yerində baxış keçirilmiş və İddiaçı işləməsi və əmək haqqı alması faktı öz təsdiqini tapmamışdır. Bununla bağlı müvafiq akt tərtib edilmişdir. Aparılmış araşdırma nəticəsində İddiaçı ümumilikdə 20 il pedaqoji fəaliyyəti olmadığı üçün Babək rayon şöbəsi tərəfindən xidmət illərinə görə əmək pensiyası təyin olunması barədə qəbul edilmiş 2005ci il 16 dekabr tarixli 678 nömrəli qərar Fondun Pensiya, müavinət və təqaüdlərin təyinatı departamentinin pensiya təyinatı komissiyasının xx.xx.2025-ci il tarixli, 3-17-9-1/2-Ə- 13736/2025 nömrəli qərarı ilə ləğv edilmişdir. Cavabdeh qeyd olunanları nəzərə alaraq, iddianın rədd edilməsi barədə müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 17 mart 2026-cı il tarixli hazırlıq icraatı ilə bağlı məhkəmə iclasında iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab olunmuşdur. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndələri X2 və X7 iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdilər. Yazılı sübutlar: İş materiallarında olan: - Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Pensiya, müavinət və təqaüdlərin təyinatı departamentinin Pensiya təyinatı şöbəsinin Yaşa görə (xidmət ili) təyin edilmiş əmək pensiyasının ləğv olunması barədə 24 oktyabr 2025-ci il tarixli, 3-17-9-1/2-Ə-13736/2025 nömrəli qərarından görünür ki, Babək rayonu, Sirab kənd sakini İddiaçı xidmət illərinə görə əmək pensiyası təyin olunması barədə Fondun Babək rayon şöbəsinin 2005-ci il 16 dekabr tarixli 678 nömrəli qərarı ləğv edilmişdir. - Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən Babək rayonu, Sirab kəndində yaşayan İddiaçı ünvanlanmış 24 oktyabr 2025-ci il tarixli, 3-17-9-1/2-Ə-13736/2025 nömrəli məktubdan məlum olur ki, vətəndaşa vaxtilə əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunluğu araşdırılmışdır və araşdırma zamanı müəyyən olunmuşdur ki, onun Babək Peşə məktəbində 1 sentyabr 1981 -ci il tarixindən 16 dekabr 2005-ci il tarixinədək işləməsinin düzgünlüyü mövcud olan əmr və əməkhaqqı kitablarına əsasən yoxlanılmış və adına rast gəlinməmişdir. Qeyd olunanları nəzərə alaraq, ümumilikdə 20 il pedaqoji fəaliyyətinin olmadığı üçün, ona Fondun Babək rayon şöbəsi tərəfindən xidmət illərinə görə əmək pensiyası təyin olunması barədə qəbul edilmiş 16 dekabr 2005-ci il tarixli 678 nömrəli qərar ləğv edilmişdir - Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Dövlət Arxivi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 27 noyabr 2025-ci il tarixli, 3-48-NDA/2- 2-237/2025 nömrəli məktubundan məlum olur ki, Babək Rayon Peşə məktəbinin 1.09.1981-xx.xx.2005-ci illərə aid sənədlərə baxdıqda İddiaçı adına işə qəbul və işdən azad olma, məzuniyyət əmrləri, əmək haqqı cədvəlləri və dərs bölgüsünə aid sənədlərdə adına rast gəlinməmişdir. - Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi Babək Rayon Qeydiyyat Şöbəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 19 dekabr 2025-ci il tarixli, 3-16-5/8-1338/2025 nömrəli məktubu ilə məhkəməyə 20 oktyabr 1982-ci il tarixli nikah haqqında akt qeydinin surətindən məlum olur ki, İddiaçı X12 Zavodunda fəhlə işləmişdir. - Babək Rayon Dövlət Arxivi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 23 dekabr 2025-ci il tarixli məktubundan məlum olur ki, Babək rayon Peşə məktəbinin sənədləri Babək Rayon Dövlət Arxivinə təhvil verilmədiyindən, İddiaçı 1981- 2005-ci illərdə Babək rayon Peşə məktəbində işə daxil olma,işdən azad olma əmrləri və işləməsi və əməkhaqqı alması haqqında Babək Rayon Dövlət Arxivində məlumat yoxdur. - Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 16 yanvar 2026-cı il tarixli, 3-29-72/2- 47/2026 nömrəli məktubdan məlum olur ki, 8 yanvar 2026-cı il tarixdə Arxiv İdarəsi tərəfindən daxil olan cavab məktubunda 1981-2005-ci illərə dair əmr və əməkhaqqı kitablarında İddiaçı adına rast gəlinmədiyi bildirilmişdir - Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Dövlət Arxivi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 25 fevral 2026-cı il tarixli, 3-48-NDA/2- 2-397/2026 nömrəli məktubundan məlum olur ki, Paşayeva (Əliyeva) Tamaşa Əsgər qızının X8 Zavodunda gündüz və ya gecə növbəsində işləməsi haqqında məlumata rast gəlinməmişdir. - Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 06 mart 2026-cı il tarixli, 3-17-9-1/2-3692/2026 nömrəli məktubdan məlum olur ki, İddiaçı (FİN:xxxxxxx) torpaq mülkiyyətçisi olaraq Fondun Babək rayon şöbəsinin sifarişi əsasında 11 may 2007-ci il tarixdə **********844 sosial sığorta nömrəsi ilə fərdi şəxsi hesab açılmış, lakin fərdi şəxsi hesabında heç bir məcburi dövlət sosial sığorta ödənişinə rast gəlinməmişdir. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 26 yanvar 2026-cı il tarixli, 3-48-NDA/2-2-P-2xx-xx/2026 nömrəli məktubdan məlum olur ki, Paşayeva (Əliyeva) Tamaşa Əsgər qızının xx.xx.1980-ci il tarixli, 94k nömrəli əmrlə fəhlə vəzifəsinə təyin edilməsi, xx.xx.1986-cı il tarixli, 45 nömrəli əmrlə işdən azad edilməsi əmr kitablarında göstərilmişdir. Tətbiq edilən hüquq: Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu: - 60. Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi siyahı üzrə təhsil və uşaq tərbiyə müəssisələrində kişilər azı 25 il, qadınlar—20 il pedaqoji fəaliyyət göstərdikdə onlara xidmət illərinə görə pensiya almaq hüququ verilir. Əmək pensiyaları haqqında Azərbaycan Respublikasının Qanunu: 1.0.1. əmək pensiyası – bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; 5.3. Əmək pensiyalarının təyin edilməsi, hesablanması və yenidən hesablanması (bu Qanunun 26.3-cü maddəsi istisna olmaqla), bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 31.2-1. Sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 5.3cü maddəsində nəzərdə tutulan qayda ilə müəyyən edilmiş sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 13.5. Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan, subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.6-cı maddəsinə əsasən maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin əsaslandırması: İlk öncə qeyd edilməlidir ki, məhkəmə qərar qəbul edənədək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar üzrə ətraflı araşdırma aparmış, təqdim edilən sübutları tam və hərtərəfli tədqiq etməklə, iddiaçıya qarşı tərəfin dəlillərinə münasibət bildirməsi, etiraz etməsi və məhkəməyə lazımi sübutları təqdim eməsi üçün kifayət qədər imkan yaratmışdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə əvvəlcə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Hazırkı iş üzrə iddiaçının əsas hüquqi marağı Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun pensiya təyinatı Şöbəsinin xx.xx.2025-ci il tarixli, 3-17-9/1/2-Ə-13736/2025 nömrəli qərarının ləğv edilərək xx.xx.2023-cü il tarixdən hesablanmaqla yaşa (xidmət ili) görə əmək pensiyasının yenidən təyin olunmasından ibarətdir. Məhkəmə qeyd edir ki, qanunsuz inzibati aktın ləğvi onun əlverişli və əlverişsiz inzibati akt olmasından və maraqlı şəxsin etimadın qorunması hüququna istinad edib-edə bilməməsindən asılıdır. Belə ki, Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Qanunsuz əlverişli inzibati aktın ləğvindən sonra onun hüquqi nəticələrinin aradan qaldırılıb-qaldırılmaması maraqlı şəxsin etimadın qorunması hüququna istinad etmək imkanına mövcud olubolmamasından asılıdır. Hazırkı işin materiallarından müəyyən edilir ki, İddiaçı məxsus ИT-İ seriyalı, ******* nömrəli əmək kitabçasının məlumatlarında onun xx.xx.1981-ci il tarixdən xx.xx.2005-ci il tarixədək Babək Rayon 145 nömrəli Texniki Peşə məktəbində dərzi müəlliməsi vəzifəsində işləmədiyi halda, mübahisəli dövrə aid işə qəbul və işdən azad olunma barədə aparılmış qeydlər eyni əlifba, eyni yazı xətti və eyni tərtibat üslubu ilə aparılmışdır. Bu hal qeydlərin müxtəlif illərdə və müxtəlif əmrlər əsasında mərhələli şəkildə aparılması zərurəti ilə uzlaşmır. Əmək münasibətlərinin uzun illəri əhatə etdiyi hallarda sənədləşmə prosesinin dinamik xarakter daşıması gözlənildiyi halda, bütün qeydlərin vahid texniki icra ilə rəsmiləşdirilməsi onların sonradan və eyni vaxtda daxil edilməsi ehtimalını artırır. Bu isə sənədin etibarlılığına şübhə yaradan obyektiv göstərici kimi qiymətləndirilməlidir. Həmçinin həm işə daxil olarkən, həm də işdən azad edilərkən əmək kitabçasında aparılmış qeydlər və əks olunan möhür latın qrafikalı olmuşdur. Əslində isə 1981-ci ildə fəaliyyət göstərən müəssisələrdə latın qrafikalı möhürlərin istifadəsi mümkün deyildi. Əmək kitabçasında İddiaçı xx.xx.1981-ci il tarixli, 4 nömrəli əmrlə işə qəbul edilməsi və xx.xx.2005-ci il tarixli 27 nömrəli əmrlə işdən azad edilməsi barədə qeyd aparılsa da, Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Dövlət Arxivinin 27 noyabr 2025-ci il tarixli, 3-48-NDA/2-2-237/2025 nömrəli məktubundan müəyyən edilmişdir ki, eyni tarixlərdə Babək Rayon Peşə məktəbinin fəaliyyətinə dair - işə qəbul və işdən azad olma, məzuniyyət əmrləri, əmək haqqı cədvəlləri və dərs bölgüsünə aid sənədlərdə iddiaçının adına rast gəlinməmişdir. Bundan başqa, məhkəmə tərəfindən əldə edilmiş 20 oktyabr 1982-ci il tarixli, 69 nömrəli “Nikahın bağlanması haqqında akt qeydi”ndən aşkar görünür ki, Paşayeva (Əliyeva) Tamaşa Əsgər qızı həmin dövrdə X12 Zavodunda fəhlə işləmişdir. Aktın məlumatlar qrafasında isə onun “ümumi orta” təhsilli olması barədə qeyd aparılmışdır. Qeyd edilməlidir ki, müvafiq vəzifə üçün normativ aktlarda ali və ya orta ixtisas təhsili tələbi nəzərdə tutulmuşdur. Bu ziddiyyət onun həmin vəzifəyə qanuni əsaslarla qəbul olunmaması məsələsini və müvafiq iş stajının olmamasını bir daha təsdiq edir. Həmçinin Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin xx.xx.2026-cı il tarixli, 3-29-72/2-47/2026 nömrəli məktubundan məlum olur ki, 1981-2005ci illərə dair əmr və əməkhaqqı kitablarında İddiaçı adına rast gəlinməmişdir. Başqa sözlə, məhkəməyə daxil olmuş sorğuya cavab məktubuna diqqət edildikdə aydın görünür ki, iddiaçının, ümumiyyətlə, mübahisəli dövrdə qeyd edilən vəzifədə çalışdığı müəyyən edilmir. Halbuki işə qəbul və işdən azad olunma, habelə əməkhaqqının hesablanması barədə əmrlər iş stajının təsdiqi üçün əsas sübut mənbələridir. Arxiv sənədlərinin mövcudluğu və həmin sənədlərdə şəxsin adına dair hər hansı qeydin olmaması faktı onun mübahisəli dövrdə göstərilən vəzifədə işləməsini təsdiq edən rəsmi sübutun olmadığını göstərir. Bu halın özü də əmək kitabçasındakı qeydlərin qeyri-mötəbərliyini bir daha təsdiq edir. Bundan əlavə, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 06 mart 2026-cı il tarixli 3-17-9- 1/2-3692/2026 nömrəli məktubundan müəyyən olunur ki, İddiaçı torpaq mülkiyyətçisi olaraq Fondun Babək rayon şöbəsinin sifarişi əsasında 11 may 2007-ci il tarixdə **********844 sosial sığorta nömrəsi ilə fərdi şəxsi hesab açılmış, lakin fərdi şəxsi hesabında heç bir məcburi dövlət sosial sığorta ödənişinə rast gəlinməmişdir. Diqqətə alınmalıdır ki, “İnzibati icraat haqqında” Qanunun 67.6-cı və 67.6.3-cü maddələrinin tələbi baxımından maraqlı şəxsin inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda etimadın qorunması hüququna istinad edilə bilməz. Məhkəmələr etimad hüququna istinadı aradan qaldıran şərtlərin mövcudluğunu tam şəkildə yoxlamaq səlahiyyətinə malikdir. Bu zaman həm də şəxsin etimad hüququna istinadı istisna edən şərtlərin mövcudluğu da məhkəmələr tərəfindən xidməti vəzifəsinə görə yoxlanılmalıdır. Bu baxımdan iddiaçının qeyd olunan müəssisədə işləmədiyi və sosial sığorta stajına malik olmadığı halda pensiyanın təyin olunmasının qanunsuz olduğunu bildiyi və ya ən azından bilməli olduğu halda onun etimad hüququnun qorunduğuna istinad edilə bilməz. Mübahisəyə dair iş üzrə materiallardan görünür ki, həmin dövrdə qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında Azərbaycan Respublikası Qanununun” 60-cı maddəsi tətbiq edilərək cavabdehə xx.xx.2005-ci il tarixdən pensiya təyin edilmiş və o, müəyyən dövr ərzində xidmət illərinə görə əmək pensiyası almışdır, sonradan düzgün təyin edilməmiş pensiya ödənişi xx.xx.2023-cü il tarixdən dayandırılmışdır. Qeyd olunmalıdır ki, şəxsə əmək pensiyasının cavabdehin özü tərəfindən təyin olunduğu hallarda, cavabdeh prinsipcə, özünün əvvəlki təyinatla bağlı qərarının tamamilə və ya qismən səhv olduğunu müəyyən etdikdə, sonradan həmin qərarı ləğv etmək və ya dəyişdirməklə bağlı yeni qərar qəbul etməkdə haqlıdır. Çünki sosial təminat hüququ sahəsindəki qanunvericilik tənzimləmələrinin, eləcə də bu sahədəki idarəçiliyi həyata keçirən orqanların fəaliyyətindəki əsas məqsəd sosial ədalətin təmin edilməsidir. Bu məqsəd göz önünə alındıqda, hətta onların diqqətsizliyi və ya səhlənkarlığı nəticəsində meydana gəlmiş olsa belə, inzibati orqanlar öz səhvlərini düzəltmək imkanına malik olmalıdırlar. Əks halda, bu, sosial təminat fonduna töhfə verən digər şəxslər, xüsusilə qanuni tələblərə cavab verə bilmədiyi üçün pensiya ala bilməyənlər üçün ədalətsiz olardı. Nəhayət, bu, məhdud ictimai resursların qeyri-məqsədəuyğun bölüşdürülməsini təsdiqləmək anlamına gələrdi ki, bu da öz növbəsində ictimai maraqlara zidd olardı. (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(102)-3135/2024 nömrəli Qərarından) Şərh edilənlərdən göründüyü kimi, iddiaçının ərizəsində qeyd etdiyi (“xx.xx.1981-ci il tarixdən xx.xx.2005-ci il tarixədək Babək rayon Peşə məktəbində işləməsi, vaxtı-vaxtında əmək haqqını alması, vergisini, sığortasını ödəməsi”) hallar həqiqəti əks etdirmir və iddiaçının mübahisəli dövrdə Babək rayon Peşə məktəbində işləməsi heç bir sənədlə təsdiqləmir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçıya xidmət illərinə görə əmək pensiyasının təyin olunmasından cavabdehin imtinası qanunazidd hesab edilə və onun Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulmuş sosial təminat hüququnun pozulması kimi qiymətləndirilə bilməz. Odur ki, işin faktiki hallarına və qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiəsi Fonduna qarşı "Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun pensiya təyinatı Şöbəsinin xx.xx.2025-ci il tarixli, 3-17-9/1/2-Ə- 13736/2025 nömrəli qərarının ləğv edilərək xx.xx.2023-cü il tarixdən hesablanmaqla yaşa (xidmət ili) görə əmək pensiyasının yenidən təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası təmin edilməməlidir. Nəticəvi hissə: Göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2, 4.1, 33.1, 58.7, 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elnur Hüseynov
Məhkəmə qərarları › İş №2-1(122)-1195/2025
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-1195/2025
17.03.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver