Məhkəmə qərarları › İş №2-1(122)-12/2023

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-12/2023

21.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-12/2023 21.06.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: X8 Heydər oğlunun sədrliyi, İbrahimova Səbinə Adələt qızının katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil və cavabdeh “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Culfa rayon şöbəsinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinə qarşı "İddiaçı 14 aprel 2019-cu il tarixdən "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyası işinin ləğv edilməsinə dair "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinin 08 fevral 2022-ci il tarixli, 12 nömrəli qərarının ləğv edilməsi və təyin edilmiş pensiyanın 2022-ci ilin yanvar ayından etibarən cari ödənişlərlə İddiaçı ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı 14 aprel 2019-cu il tarixdən "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyası işinin ləğv edilməsinə dair "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinin 08 fevral 2022-ci il tarixli, 12 nömrəli qərarının ləğv edilməsi və təyin edilmiş pensiyanın 2022-ci ilin yanvar ayından etibarən cari ödənişlərlə İddiaçı ödənilməsi öhdəliyinin cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya 14 aprel 2019-cu il tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilmişdir. 2022-ci ilin yanvar ayı üçün ona təyin edilmiş pensiya məbləğinin ödənilmədiyini öyrənmişdir. Bununla bağlı Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fonduna ərizə ilə müraciət etmiş, ərizəsinə cavab olaraq "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinin ünvanladığı 08 fevral 2022-ci il tarixli, 12 nömrəli qərarına əsasən ona təyin edilmiş müvafiq pensiyanın kəsilməsinə səbəb olaraq xx.xx.2006-cı il tarixədək sığorta stajına əsasən fərdi hesabının sığorta hissəsində formalaşan pensiya kapitalının cəminin əmək pensiyasının minimum məbləğinə çatmadığı, buna görə də pensiya işinin ləğv edildiyi göstərilmişdir. Həmçinin AZDY Naxçıvan hissəsi NOD-3-də iş stajına aid verilmiş xx.xx.2019-cu il tarixli, 13/928 nömrəli arayışda 2004-2005-ci illərdə əməkhaqqı almağının qeyd olunmadığı səbəb göstərilmişdir. Məhkəmənin 27 sentyabr 2022-ci il tarixli, 2-1(122)-228/2022 nömrəli qərardadı ilə İddiaçı cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinə qarşı "İddiaçı 14 aprel 2019-cu il tarixdən "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyası işinin ləğv edilməsinə dair "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinin 08 fevral 2022-ci il tarixli, 12 nömrəli qərarının ləğv edilməsi və təyin edilmiş pensiyanın 2022-ci ilin yanvar ayından etibarən cari ödənişlərlə İddiaçı ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbi”nə dair iddiası üzrə buraxılmış prosessual müddət bərpa edilmişdir. Cavabdeh orqanın yazılı etirazının qısa xülasəsi: Cavabdeh “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Culfa rayon şöbəsi iddiaya dair yazılı münasibətini əks etdirən məhkəməyə ünvanlanan 20 oktyabr 2022-ci il tarixli, 06/363 nömrəli və 16 yanvar 2023-cü il tarixli, 06/18 nömrəli məktublarını onunla əsaslandırmışdır ki, Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən iddiaçıya təqdim edilmiş 20 may 2022-ci il tarixli, 13/716 nömrəli arayışa və həmin Arxiv tərəfindən Fondun Culfa rayon şöbəsinə təqdim edilmiş əmr sənədlərinin təsdiq edilmiş surətinə əsasən Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində mühafizə olunan Azərbaycan Dəmir yolu Naxçıvan hissəsi NOD-3-ün sənədlərində İddiaçı xx.xx.1994-cü il tarixli, 553 nömrəli əmrlə həmin tarixdən işə qəbul edilməsi, xx.xx.2000-ci il tarixli, 161 nömrəli əmrlə xx.xx.2000-ci il tarixdən xx.xx.2000-ci il tarixədək 1 ay 4 gün müddətinə növbəti əmək məzuniyyətinə buraxılması, xx.xx.2001-ci il tarixli, 120 nömrəli əmrlə xx.xx.2001-ci il tarixdən xx.xx.2001-ci il tarixədək 1 ay 8 gün müddətinə növbəti əmək məzuniyyətinə buraxılması, xx.xx.2001-ci il tarixli, 8 nömrəli əmrlə xx.xx.2001-ci il tarixdən xx.xx.2001-ci il tarixədək 4 ay müddətinə ödənişsiz məzuniyyətə buraxılması, xx.xx.2001-ci il tarixli, 16 nömrəli əmrlə xx.xx.2001-ci il tarixdən xx.xx.2002-ci tarixədək 4 ay müddətinə ödənişsiz məzuniyyətə buraxılması, xx.xx.2002-ci il tarixli, 445 nömrəli əmrlə xx.xx.2002-ci tarixdən xx.xx.2002-ci il tarixədək 27 gün müddətinə növbəti əmək məzuniyyətinə buraxılması, xx.xx.2003-cü il tarixli, 15 nömrəli əmrlə xx.xx.2003-cü il tarixdən xx.xx.2003-cü il tarixədək 048406 nömrəli xəstəlik vərəqəsinə əsasən 27 gün müddətinə əmək məzuniyyətinə buraxılması, xx.xx.2003-cü il tarixli, 18 nömrəli əmrlə xx.xx.2003-cü il tarixdən xx.xx.2004-cü il tarixədək 11 ay 28 gün müddətinə analıq məzuniyyətinə buraxılması, xx.xx.2004-cü il tarixli, 11 nömrəli əmrlə Əmək Məcəlləsinin 127-ci maddəsinə əsasən xx.xx.2004-cü il tarixdən xx.xx.2005-ci il tarixədək 6 ay müddətinə analıq məzuniyyətinə buraxılması və xx.xx.2005-ci il tarixli, 92 nömrəli əmrlə xx.xx.2005-ci il tarixdən işdən azad edilməsi göstərilmişdir. Beləliklə, qeyd olunan dövrlərdə iddiaçının 1 il 5 ay 28 gün analıq məzuniyyətində və 8 ay 2 gün ödənişsiz məzuniyyətdə (cəmi 2 il 2 ay) olduğu üçün sığorta stajı kimi hesablanması qanunaziddir. Belə ki, həmin müddətlərdə iddiaçının faktiki əmək fəaliyyəti olmamış, ona hər hansı ödəniş edilməmiş və əməkhaqqı almamışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq, İddiaçı “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Culfa rayon şöbəsinə qarşı qaldırdığı iddia tələbinin rədd edilməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab olunmuş, şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası 21 iyun 2023-cü il tarixə təyin edilmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil iddianın təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi etirazda yazılanlara uyğun olaraq izahat verərək iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Yazılı sübutlar: İş materiallarında olan: - "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyasının 08 fevral 2022-ci il tarixli, 12 nömrəli qərarından məlum olur ki, komissiya xx.xx.1967-ci il tarixdə anadan olmuş, ünvan 3 ünvanında yaşayan İddiaçı xx.xx.2019-cu il tarixdə 145 nömrəli qərara əsasən güzəştli şərtlərlə yaşa görə, qanunsuz olaraq təyin edilmiş əmək pensiyasının ləğv edilməsi və xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək ödənilmiş 7439 manat 72 qəpik məbləğində pul vəsaitinin Fondun Culfa rayon şöbəsinin yığım hesabına geri qaytarılmasını qərara almışdır. - ИT-İ seriyalı, ******* nömrəli əmək kitabçasının surətinə əsasən İddiaçı xx.xx.1985ci il tarixdən xx.xx.1994-cü il tarixədək X3 Tikiş sexində tikişçi, xx.xx.1994-cü il tarixdən xx.xx.2005-ci il tarixədək X2 bərpası qatarına çilingər-akkumulyatorcu vəzifəsində işləmişdir. xx.xx.2005-ci il tarixdən xx.xx.2006-cı il tarixədək Culfa rayon Məşqulluq Mərkəzindən müavinət almış, xx.xx.2006-cı il tarixdən xx.xx.2007-ci il tarixədək Culfa rayonunda yerləşən "N" nömrəli Hərbi hissəsinin 4-li uşaq baxçasmda sanitar-dayə, xx.xx.2007-ci il tarixdə 121 nömrəli əmrə əsasən işdən azad edilərək həmin tarixdən 3 saylı körpələr evi uşaq bağçasında sanitar-dayə işləmiş və xx.xx.2010-cu il tarixdə 95 nömrəli əmrlə (ştat ixtisarına görə) işdən azad edilmişdir. - Culfa Rayon Polis Şöbəsi tərəfindən 02 noyabr 2017-ci il tarixdə verilmiş AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx xxxxx 1967-ci il tarixdə Naxçıvan Muxtar Respublikası, Culfa şəhərində doğulmuş İddiaçı ünvan 4 ünvanında pasport qeydiyyatındadır. - Culfa Rayon İcra Hakimiyyətinin Culfa şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 06 sentyabr 2022-ci il tarixli, 654 nömrəli arayışdan görünür ki, İddiaçı ünvan 4 ünvanında yaşayır. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 29 noyabr 2022-ci il tarixli, 13/1531 nömrəli arayışdan məlum olur ki, Məmmədova (Haxverdiyeva) Nargilə Bağır qızının Azərbaycan Dəmir yolu Naxçıvan hissəsi NOD-3-ün sənədlərində xx.xx.1994-cü il tarixli, 553 №-li əmrlə işə qəbul edilməsi, xx.xx.2000-ci il tarixli, 161 №-li əmrlə əmək məzuniyyətinə buraxılması, xx.xx.2001-ci il tarixli, 120 №-li əmrlə əmək məzuniyyətinə buraxılması, xx.xx.2001-ci il tarixli, 8 №-li əmrlə 4 (dörd) ay müddətinə öz hesabına əmək məzuniyyətinə buraxılması, xx.xx.2001-ci il tarixli, 16 №-li əmrlə 4 (dörd) ay müddətinə öz hesabına əmək məzuniyyətinə buraxılması, xx.xx.2002-ci il tarixli, 445 №-li əmrlə əmək məzuniyyətinə buraxılması, xx.xx.2003-cü il tarixli, 15 №-li əmrlə xəstəlik vərəqəsi əsasında əmək məzuniyyətinə buraxılması, xx.xx.2003-cü il tarixli, 18 №-li əmrlə xx.xx.2004-cü il tarixinə qədər analıq məzuniyyətinə buraxılması, xx.xx.2004-cü il tarixli, 11 №-li əmrlə xx.xx.2005ci il tarixinə qədər analıq məzuniyyətinə buraxılması, xx.xx.2005-ci il tarixli, 92 №-li əmrlə işdən azad olunması əmr kitablarında göstərilmişdir. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 29 noyabr 2022-ci il tarixli, 13/1535 nömrəli arayışda İddiaçı Azərbaycan Dəmir yolu Naxçıvan hissəsi NOD-3-də işləməsi faktı və 1994-2003-cü illər ərzində aylar üzrə aldığı əmək haqqı məbləğlərini əks etdirən cədvəl göstərilmişdir. - "xxxx" MMC tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş məktubundan aydın olur ki, İddiaçı 1985-1994-cü illər ərzində X3 Tikiş Sexində işlədiyi “tikişçi” vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyul tarixli, 320 saylı qərarı ilə təsdiq olunan əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara, yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li siyahısında nəzərdə tutulmuş zərərli əmək şəraitli işlərə aid deyildir. - “X6” MMC tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 18 aprel 2023-cü il tarixli, 13-1-10/2-37/2023 nömrəli məktubdan məlum olur ki, İddiaçı Azərbaycan Dəmir Yolu X7 Bərpa Qatarında xx.xx.1994-cü il tarixdən xx.xx.2005-ci il tarixədək çilingər akkumulyatorçu vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq olunan güzəştli şərtlərlə pensiya hüququ verən vəzifələrin 2 №-li siyahısında nəzərdə tutulmuş zərərli əmək şəraitli işlərə aid deyildir. Tətbiq edilən hüquq: “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. - 2.0.10-cu maddəsinə əsasən əlverişli inzibati akt - maraqlı şəxsə hüquq verən və ya onun hüququnu təsdiq edən, yaxud onun üzərinə qoyulmuş vəzifəni (vəzifələri) götürən aktdır. - 11.2-ci maddəsinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. - 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. - 14-cü maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. - 21.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. - 21.2-ci maddəsinə əsasən qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. - 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. - 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. - 61.4-cü maddəsinə əsasən inzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. - 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. - 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. - 67.6-cı maddəsinə əsasən maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: (67.6.1) rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; (67.6.2) səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; (67.6.3) inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: - 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. - 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. - 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. - 21.2 və 21.2.1-ci maddələrinə əsasən bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti sığortaolunanın sığorta stajına daxil edilir. - 31.2-1-ci maddələrinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. - 39.1-ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun (xx.xx.2006-cı il tarixədək qüvvədə olmuşdur): - 13-cü maddəsinin b)bəndinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. - 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə 13 iyun 1997ci il tarixli, 321-İQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən həmin maddədə nəzərdə tutulmuş yaş həddi 01 avqust 1997-ci il tarixdən 01 avqust 2000-ci ilədək hər il 6 ay artırılmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. - 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, cavabdeh inzibati orqanın iddia ərizəsinə qarşı təqdim etdiyi sənədlərə və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmənin əsaslandırması: İlk öncə qeyd edilməlidir ki, məhkəmə qərar qəbul edənədək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar üzrə ətraflı araşdırma aparmış, təqdim edilən sübutları tam və hərtərəfli tədqiq etməklə, iddiaçıya qarşı tərəfin dəlillərinə münasibət bildirməsi, etiraz etməsi və məhkəməyə lazımi sübutları təqdim eməsi üçün kifayət qədər imkan yaratmışdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Göstərilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Məhkəmə hesab edir ki, mübahisələndirilən qərar qəbul edilərkən cavabdeh tərəfindən inzibati icraatın öz təşəbbüsü ilə başlanması üçün əsasların nə ilə bağlı olduğu, yəni iddiaçıya təyin edilmiş pensiyanın qanuniliyinin araşdırılması barədə cavabdehin istinad etdiyi daxili araşdırmanın aparılmasına dair qərarın qəbul edildiyi, inzibati icraatın hansı qaydada aparılması, inzibati icraat barədə tərəfin məlumatlandırılması, inzibati icraatda iddiaçının iştirakının, həmçinin onun dinlənilmə hüququnun təmin edilməsi, sübutların obyektiv araşdırılması, etimad hüququnun gözlənilib-gözlənilməməsi, başqa sözlə, aparılan icraatın “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun aparıldığı müəyyən olunmur. Beləliklə, məhkəmə araşdırması onu deməyə əsas verir ki, iddiaçıya pensiya təyin edilməsi barədə xeyrinə əlverişli inzibati aktın mövcud olmasına baxmayaraq, cavabdeh inzibati orqan daxili nəzarət qaydasında öz təşəbbüsü ilə araşdırma apararaq “pensiya təyinatının qanuna uyğun olmadığını” aşkar etdiyinə istinad etməklə, “İnzibati icraat haqqında” Qanunun tələblərinə riayət etmədən, inzibati icraatı lazımi qaydada aparmamış, barəsində əlverişli inzibati akt qəbul edilən maraqlı şəxsi - iddiaçını inzibati icraata dəvət etməmiş, araşdırmanı onun iştirakı olmadan aparmış, onun dinlənilmə hüququnu təmin etmədən 08 fevral 2022-ci il tarixli, 12 nömrəli qərarı ilə İddiaçı 29 noyabr 2019-ci il tarixdən 145 nömrəli qərara əsasən güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyası işinin ləğv edilməsi, habelə artıq ödənilmiş 7439,72 manat məbləğində pul vəsaitinin Fondun Culfa rayon şöbəsinin yığım hesabına geri qaytarılması barədə qərar qəbul etmişdir. Bununla da iddiaçının qanunla qorunan pensiya təminatı hüququna qanunsuz olaraq müdaxilə etmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh mübahisələndirilən qərarı qəbul edərkən, habelə artıq ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılması məsələsini həll edərkən həm “Əmək pensiyaları haqqında” Qanunun normalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatın başlanılması, aparılması və yekunlaşdırılmasına dair normalarının tələblərini birgə nəzərə almaqla həll etməli idi. Buna görə, cavabdeh müvafiq qaydada inzibati icraat aparmadan sadəcə inzibati icraatdan kənar bir araşdırma nəticəsində qərar qəbul etmişdir. Bundan əlavə, inzibati orqan xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinin 08 fevral 2022-ci il tarixli, 12 nömrəli qərarı müvafiq inzibati icraatı apararkən iddiaçının dinlənilmə hüququ təmin edilmədən, etimadın qorunması prinsipləri gözlənilmədən, başqa sözlə, “İnzibati icraat haqqında” Qanunun tələblərinə əməl olunmadan qəbul edildiyinə görə qanunsuzdur. Beləliklə, işin faktiki hallarına və qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinə qarşı "İddiaçı 14 aprel 2019-cu il tarixdən "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyası işinin ləğv edilməsinə dair "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinin 08 fevral 2022-ci il tarixli, 12 nömrəli qərarının ləğv edilməsi və təyin edilmiş pensiyanın 2022-ci ilin yanvar ayından etibarən cari ödənişlərlə İddiaçı ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbi”nə dair iddiası əsaslı olduğundan təmin edilməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1, 4.1, 14.1, 32.1, 58.7, 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddia təmin edilsin. İddiaçı 14 aprel 2019-cu il tarixdən "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyası işinin ləğv edilməsinə dair "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinin 08 fevral 2022-ci il tarixli, 12 nömrəli qərarı ləğv edilsin. Təyin edilmiş pensiyanın 2022-ci ilin yanvar ayından etibarən cari ödənişlərlə İddiaçı ödənilməsi öhdəliyi cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinə həvalə edilsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elnur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar