Məhkəmə qərarları › İş №2-1(122)-1214/2024

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-1214/2024

15.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-1214/2024 15.11.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Muradov Hicran Xasay oğlunun sədrliyi, Yusifov Araz Ərrəhman oğlunun katibliyi, cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı “onun "Birlik” kiçik müəsisəsinin tərkib hissəsi olmuş, Naxçıvan Su tikinti trestinin yaşayış şəhərciyində yerləşən ümumi sahəsi 120 kv.m. olan avtodayanacaq və avtotəmir sexinin yenidən tikilməsi üçün ərazinin ona geri qaytarılması və ya həmin qeyri-yaşayış binasının dəyəri olan 80000 manat kompensasiyanın Naxçıvan Şəhər İcra Hakimiyyətindən alınıb ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati mübahisə üzrə işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı vəkili və nümayəndəsi vasitəsilə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun "Birlik” kiçik müəsisəsinin tərkib hissəsi olmuş, Naxçıvan Su tikinti trestinin yaşayış şəhərciyində yerləşən ümumi sahəsi 120 kv.m. olan avtodayanacaq və avtotəmir sexinin yenidən tikilməsi üçün ərazinin ona geri qaytarılması və ya həmin qeyri-yaşayış binasının dəyəri olan 80000 manat kompensasiyanın Naxçıvan Şəhər İcra Hakimiyyətindən alınıb ona ödənilməsi öhdəliyinin cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1992-ci il tarixdə Naxçıvan şəhər XDM İcrayyə Komitəsinin xx.xx.1992-ci il tarixli, 699 nömrəli qərarı ilə Naxçıvan şəhəri, M.S.Ordubadi küçəsi 1, ev 4-də yerləşən müstəqil fərdi “Birlik” kiçik müəssisəsi İddiaçı tərəfində təsis edilmişdir. 1997-ci il tarixli Naxçıvan Şəhər İcra hakimiyyətinin 643 nömrəli sərəncamına əsasən keçmiş Naxçıvan Su tikinti trestinin yaşayış şəhərciyində yerləşən beşmərtəbəli bina qazılmış və uzun illər istifadəsiz qalmış 120 kv.m. ölçüsündə torpaq sahəsi abadlaşdırılaraq avtodayanacaq və avtotəmir sexi kimi Naxçıvan Şəhər İcra Hakimiyyətinin 04 noyabr 1997-ci il tarixli sərəncamı ilə İddiaçı qardaşı X2 istifadəsinə veriİmişdir. Sex kiçik müəssisənin tərkib hissəsi kimi fəaliyyət göstərmişdir. Kiçik müəssisənin ünvanı SU-6 qəsəbəsidir. Avtodayanacaq və avtotəmir sexi SU-6 qəsəbəsində olmaqla müəssisənin yerləşdiyi ərazidir. Həmin müəssisə dövlət ehtiyacı üçün iddiaçıdan alınmış, lakin əvəzində heç bir kompensasiya ödənilməmişdir. Bununla bağlı Naxçıvan Şəhər İcra Hakimiyyətinə iddiaçıların nümayəndələri X3 müraciət etmişdir. Müraciətə verilən cavabda bildirilmişdir ki, Naxçıvan Şəhər İcra Hakimiyyətinə ünvanlanmış 14 mart 2023-cü il tarixli "Naxçıvan şəhəri, Su-6 qəsəbəsində "Birlik" kiçik müəssisəsinə məxsus avtodayanacaq və avtotəmir sexlərinin sökülməsinə, mülklərin ədalətli şəkildə əvəzləşdirilməsinə və kompensasiya verilməməsinə dair” ərizəyə baxılmışdır. Ərizəyə əlavə olunmuş Naxçıvan Şəhər İcra Hakimiyyətinin 04 noyabr 1997-ci il tarixli, 643 nömrəli Sərəncamına əsasən Naxçıvan şəhəri, Su Tikinti Trestinin yaşayış şəhərciyində olmuş sahəsi 30x40 olan torpaq sahəsinin dövlət ehtiyacları üçün alınmasına və sökülməsinə dair İcra hakimiyyətində heç bir sənəd yaxud inzibati akt aşkar olunmamışdır. Ərizədə qeyd edilmiş müəssisəyə məxsus qeyri- yaşayış obyektlərin dövlət qeydiyyatına alınmasına, hansı orqan tərəfindən sökülməsinə dair sənədləri əldə etdikdən sonra, sexlərin əvəzinin verilməsi və kompensasiya ödənilməsi ilə bağlı müvafiq məhkəməyə müraciət etmək hüququ vardır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunaraq iddianın mümkünlüyün yoxlanılması ilə bağlı məhkəmə iclası 15 noyabr 2024-cü il tarixə təyin edilmişdir və bu barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçı tərəfə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə iddiaçı tərəfin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı, iddiaçının vəkili və nümayəndəsi Vəkil 25 iyul, 23 avqust və 09 sentyabr 2024-cü il tarixli yardım məktubları ünvanlanaraq, məhkəməyə təqdim edilmiş iddia ərizəsində iddiaçı qismində İddiaçı göstərilsə də, cavabdeh inzibati orqan tərəfindən 10 aprel 2023-cü il tarixdə X1 imtina cavabı verilərək, tələbin icrasından imtina edilmişdir. Həmçinin iş materiallarına əlavə edilmiş, iddianın məzmununda ifadə edilən müvafiq mülkiyyət barəsində hüquqları təsdiq edən sənədlərdə mülkiyyətçi qismində X5 göstərilmişdir. Bununla da hazırki iş üzrə iddiaçı qismində tanınmış İddiaçı hüquqlarının və qanunla qorunan maraqlarının cavabdeh inzibati orqan tərəfindən hansı qaydada pozulduğunu müəyyən etmək mümkün olmadığı kimi, iddiaçının iddia tələbində qeyd edilmiş mülkiyyət üzərində müvafiq hüquqlara malik olması faktı da mübahisəli olaraq qalmışdır. Yuxarıda göstərilənlərə əsasən cavabdeh inzibati orqan tərəfindən hüquqlarının və qanunla qorunan maraqlarının hansı qaydada pozulduğunu müəyyən etməyə imkan verən müvafiq sənədlərin, həmçinin mübahisə predmeti olan mülkiyyət üzərində hüquqlarını təsdiq edən sənədlərin məhkəməyə təqdim edilməsi üçün təkrarən 10 (on) gün (məktubu aldıqdan sonra) müddət təyin edilmiş, əks halda iddia tələbinin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən mümkün sayılmayacağı barədə xəbərdarlıq edilmişdir. İddiaçı tərəf məhkəmənin yardım məktublarını almasına baxmayaraq, yardım məktublarında qeyd olunan məsələlərin aradan qaldırılması istiqamətində hər hansı bir tədbir görülməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinin nümayəndəsi X7 iddianın İddiaçı tərəfindən qaldırılmasına baxmayaq, Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş sərəncamda X2 adının qeyd edildiyini, İddiaçı adına hər hansı sənədin mövcud olmadığını, buna görə də həmin şəxsin hüququnun olmadığını bildirərək, məhkəmədən iddianın mümkün sayılmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri tədqiq edərək, iş materiallarına əlavə edilmiş sənədləri nəzərdə keçirərək hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də işə baxan məhkəmə, ilk öncə, mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır və bunu prosesin istənilən mərhələsində həyata keçirə bilər. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair qərarında göstərilmişdir ki, inzibati-iqtisadi məhkəmə daxil olmuş iddia ərizəsində tələblərin inzibati icraat qaydasında baxılmasının mümkünlüyü məsələsini araşdırmağa və iddiaçıya bununla bağlı mövqeyini bildirməyə səlahiyyətlidir. "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 2.3-cü bəndinə əsasən məhkəmələr, ilk növbədə, iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmin Qərarın 8.6-cı maddəsinə əsasən iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-nin sözügedən normasının mahiyyətindən belə anlaşılır ki, inzibati icraat qaydasında baxılan iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüququ və azadlığının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün olsun. Başqa sözlə, iddiaçı inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmaqla bərabər, iddia irəli sürmək üçün subyektiv hüququnun olmasını da əsaslandırmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına əsasən mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub–olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirməsindən söhbət gedə bilməz. İddia ərizəsinin məzmunundan aydın olur ki, iddiaçı "Birlik” kiçik müəsisəsinin tərkib hissəsi olmuş, Naxçıvan Su tikinti trestinin yaşayış şəhərciyində yerləşən ümumi sahəsi 120 kv.m. olan avtodayanacaq və avtotəmir sexinin yenidən tikilməsi üçün ərazinin ona geri qaytarılması və ya həmin qeyri-yaşayış binasının dəyəri olan 80000 manat kompensasiya ödənilməsini tələb edir. İddiaçı tərəfindən iş materiallarına cavabdehin imtina məktubu, Naxçıvan Şəhər İcra Hakimiyyətinin müvafiq sərəncamı, sxem, müəssisənin nizamnaməsi əlavə edilmişdir. Həmin sənədlərin hər birinə ayrılıqda baxış keçirilərkən məlum olur ki, onlar iddiaçının qeyd edilən qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnu təsdiq etmir. Belə ki, Naxçıvan Şəhər İcra Hakimiyyətinin 04 noyabr 1997-ci il tarixli, 643 nömrəli sərəncamında 30*40 metr ölçüsündə torpaq sahəsi abadlaşdırılaraq avtodayanacaq təşkil edilməsi üçün və avtotəmir xidməti sexləri tikilməsi üçün X2 istifadəsinə verilmişdir. Göründüyü kimi, İddiaçı tərəfindən müvafiq tələb irəli sürülsə də, həmin şəxsin mülkiyyətçi kimi hüquqlarını təsdiq edən sənədlər iş materiallarında mövcud deyil. İş materiallarına iddiaçının X2 nümayəndəsi qismində müvafiq tələb hüququna malik olmasını təsdiq edən sənədlər əlavə edilmədiyindən iddiaçının müvafiq tələb hüququna və subyektiv hüquqa malik olması faktı öz təsdiqini tapmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Həmin Məcəllənin 179.1-ci maddəsinə əsasən yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. İddiaçı həmin qeyri-yaşayış sahəsi üzərində hüququnu təsdiq edən sübutlar iş materiallarına əlavə etmədiyi üçün yardım məktubunda bununla bağlı qeyd olunan məsələyə münasibət bildirilməsi tələb edildiyi halda, iddiaçı tərəfindən hər hansı münasibət bildirilmədiyi üçün iddiaçının hazırkı iddia tələbi ilə bağlı subyektiv hüquqa malik olması mübahisəli olaraq qalmışdır. İddiaçının mülkiyyət hüququna malik olmaması onun həmin əmlak barəsində müvafiq sərəncam və tələb etmək hüququnun da olmamasına səbəb olur. Məhkəmə işin hallarına hüquqi qiymət verərək hesab edir ki, iddiaçı hazırki iş üzrə subyektiv hüquqa malik olmadığından iddia tələbi mümkün sayılaraq mahiyyəti üzrə hüquqi dəyərləndirmə aparıla bilməz. İnzibati məhkəmə icraatında məhkəmənin əsas vəzifəsi iddiaçının tələbinin konkret olaraq nədən ibarət olduğunu, onun hüquqlarının cavabdeh tərəfindən hansı qaydada pozulduğunu və iddiaçının subyektiv hüquqa malik olub-olmamasını müəyyənləşdirməkdən ibarətdir. Bununla bağlı İddiaçı və iddiaçının vəkili və nümayəndəsi Vəkil məhkəmə tərəfindən dəfələrlə yardımlar edilmiş, iddia ərizəsində qeyd edilmiş qeyriyaşayış sahəsinin iddiaçının mülkiyyətində olmasını sübut edən müvafiq sənədlərin məhkəməyə təqdim edilməsi təklif olunmuş, lakin buna baxmayaraq, iddiaçı tərəf mülkiyyət hüquqlarını təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Eyni zamanda, qeyd olunmalıdır ki, inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. İPM-nin 13 və 48-ci maddələrində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 13-cü maddəsinin tələbinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. - 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, yuxarıda şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı “onun "Birlik” kiçik müəsisəsinin tərkib hissəsi olmuş, Naxçıvan Su tikinti trestinin yaşayış şəhərciyində yerləşən ümumi sahəsi 120 kv.m. olan avtodayanacaq və avtotəmir sexinin yenidən tikilməsi üçün ərazinin ona geri qaytarılması və ya həmin qeyri-yaşayış binasının dəyəri olan 80000 manat kompensasiyanın Naxçıvan Şəhər İcra Hakimiyyətindən alınıb ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və İPM-in 13, 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə, qəraraaldı: İddiaçı cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı “onun "Birlik” kiçik müəsisəsinin tərkib hissəsi olmuş, Naxçıvan Su tikinti trestinin yaşayış şəhərciyində yerləşən ümumi sahəsi 120 kv.m. olan avtodayanacaq və avtotəmir sexinin yenidən tikilməsi üçün ərazinin ona geri qaytarılması və ya həmin qeyri-yaşayış binasının dəyəri olan 80000 manat kompensasiyanın Naxçıvan Şəhər İcra Hakimiyyətindən alınıb ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası mümkün sayılmır. Qərardaddan, onun təqdim olunduğu gündən 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: HİCRAN MURADOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar