Məhkəmə qərarları › İş №2-1(122)-1218/2024

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-1218/2024

18.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-1218/2024 18.09.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Muradov Hicran Xasay oğlunun sədrliyi, Yusifov Araz Ərrəhman oğlunun katibliyi, iddiaçı X2 və hüquq sahəsi üzrə türk-azərbaycan-türk tərcüməçisi X1 iştirakları ilə, iddiaçı X2 cavabdeh Naxçıvan Muxtar Respublikası Ali Məclisinə qarşı “ona dəymiş 13.760.000 (on üç milyon yeddi yüz altmış min) dollar məbləğində ziyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati mübahisə üzrə işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı X4 iddia ərizəsi ilə müraciət edərək ona dəymiş 13.760.000 (on üç milyon yeddi yüz altmış min) dollar məbləğində ziyanın ödənilməsi öhdəliyinin öhdəliyinin cavabdeh Naxçıvan Muxtar Respublikası Ali Məclisinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunaraq iddianın mümkünlüyünün yoxlanılması məsələsinə baxılmışdır. İddiaçı X3 25 iyul və 28 avqust 2024-cü il tarixli yardım məktubları ünvanlanaraq hazırda qaldırılmış iddiaya münasibətdə iddia tələbinin dəqiq və aydın ifadə olunmadığı, həmçinin inzibati məhkəmələrin inzibati orqanların hərəkət və hərəkətsizliyi nəticəsində yaranmış inzibati mübahisələrə dair işlərə baxdığını, lakin cavabdeh qismində göstərilmiş Naxçıvan Muxtar Respublikası Ali Məclisimim inzibati orqan kimi "İnzibati orqanların Təsnifatın"da öz əksini tapmadığı bildirilərək, iddia tələbinin dəqiqləşdirilməsi və cavabdehin müəyyən olunması üçün 10 (on) gün (məktubu aldıqdan sonra) müddət təyin edilmiş və əks halda iddia tələbinin İPM-nin 35.1-ci maddəsinə əsasən mümkünsüz sayılacağı barədə xəbərdarlıq edilmişdir. Məhkəmənin yardım məktubları iddiaçı tərəfindən alınmasına baxmayaraq, məktublarda nəzərdə tutulan hallarla bağlı heç bir tədbir görülməmişdir. İş üzrə şifahi icraat qaydasında mümkünlük iclası 18 sentyabr 2024-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə cavabdeh Naxçıvan Muxtar Respublikası Ali Məclisinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı X9 Fahri müvafiq araşdırma apardığını, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin inzibati orqan olmadığının ona məlum olduğunu bildirərək, məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq belə hesab edir ki, aşağıdakı əsaslara görə iddia mümkün sayılmamalıdır. Naxçıvan Muxtar Respublikasının Konstitusiyasının: 5-ci maddəsinin İ hissəsinə əsasən Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədridir. 5-ci maddəsinin V hissəsinə əsasən bu Konstitusiya ilə onun səlahiyyətinə aid edilən məsələlər üzrə Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsi fərmanlar, başqa məsələlər barəsində isə sərəncamlar qəbul edir. “Normativ hüquqi aktlar haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununun: 3.1-ci maddəsinə əsasən konkret (birdəfəlik) təşkilati, nəzarət və ya sərəncamverici tədbirlərin həyata keçirilməsi məqsədi ilə qəbul edilən və ya digər birdəfəlik tətbiq halları üçün nəzərdə tutulan hüquqi aktlar qeyri-normativ hüquqi aktlar sayılır. 3.3.2-ci maddəsinə əsasən Naxçıvan Muxtar Respublikası Ali vəzifəli şəxsinin sərəncamları qeyri-normativ hüquqi aktlara aiddir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli qərarının: 1.1, 1.2, 1.3-ci bəndlərində qeyd olunan hüquqi mövqeyə görə məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 16.1-ci bəndinə əsasən iddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Belə ki, işin faktiki hallarından görünür ki, iddiaçı X4 cavabdeh Naxçıvan Muxtar Respublikası Ali Məclisinə qarşı ona dəymiş 13.760.000 (on üç milyon yeddi yüz altmış min) dollar məbləğində ziyanın ödənilməsi barədə məhkəmədə iddia qaldırmışdır. İddia ərizəsindən müəyyən olunur ki, iddiaçının hazırkı iddianın qaldırılmasında olan əsas hüquqi marağı cavabdeh tərəfindən ona müvafiq kompensasiyanın ödənilməsi ilə bağlıdır. Məhkəmə qeyd edir ki, mübahisələrə inzibati məhkəmələr tərəfindən baxılması üçün tərəflərdən biri inzibati orqan olmalı və tərəflər arasında yaranmış hüquq münasibətləri inzibati xarakterli olmalıdır. Hazırkı mübahisədə cavabdeh qismində göstərilmiş Naxçıvan Muxtar Respublikası Ali Məclisi qanunverici orqan olmaqla inzibati orqan kimi təsnif edilməmiş və hazırkı mübahisə onun inzibati fəaliyyətinin nəticəsində yaranmamışdır. Ona görə də məhkəmə hesab edir ki, hazırki iddia tələbinə inzibati məhkəmə icraatı qaydasında baxıla və mahiyyəti üzrə hüquqi dəyərləndirmə aparıla bilməz. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı X2 cavabdeh Naxçıvan Muxtar Respublikası Ali Məclisinə qarşı “ona dəymiş 13.760.000 (on üç milyon yeddi yüz altmış min) dollar məbləğində ziyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası mümkün sayılmamalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı X2 cavabdeh Naxçıvan Muxtar Respublikası Ali Məclisinə qarşı “ona dəymiş 13.760.000 (on üç milyon yeddi yüz altmış min) dollar məbləğində ziyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası mümkün sayılmır. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər. SƏDRLİK EDƏN: HİCRAN MURADOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar