Məhkəmə qərarları › İş №2-1(122)-122/2020

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-122/2020

13.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-122/2020 13.11.2020 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Novruzov Səxavət Hüseyn oğlunun sədrliyi, Məmmədov Kamal Cahangir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinə və X2 qarşı “X1 adına xx xxxxxx 1993-cü il tarixli, 117 nömrəli qərarla və C30D KOD 10703058 verilmiş torpağın mülkiyyətə verilməsi haqqında şəhadətnamənin ləğv edilməsi öhdəliyinin Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin üzərinə qoyulması, ona çatan pay torpağının özünə qaytarılması və həmin torpaq sahəsinə torpağın mülkiyyətə verilməsi haqqında yeni şəhadətnamə verilməsi tələbi”nə dair iddianın mümkünlüyünün yoxlanılması ilə bağlı inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinə və X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X1 adına xx xxxxxx 1993-cü il tarixli 117 nömrəli qərarla və C30D KOD 10703058 verilmiş torpağın mülkiyyətə verilməsi haqqında şəhadətnamənin ləğv edilməsi öhdəliyinin Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin üzərinə qoyulması, ona çatan pay torpağının özünə qaytarılması, həmin torpaq sahəsinə torpağın mülkiyyətə verilməsi haqqında yeni şəhadətnamə verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş və iddianın mümkünlüyünün yoxlanılması ilə bağlı məhkəmə iclası xx xxxxxx 2020-ci il tarixə təyin edilmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdiyini bildirərək iddianın mümkün sayılmasını xahiş etdi. Məhkəmə, iddiaçının izahatını dinləyib, iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati prosessual qanunvericiliyin tələblərinə əsasən istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət etməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasını əsaslandırdığı hallarda mümkün hesab edilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli, 05 nömrəli qərarının 1.1, 1.2, 1.3, 1.4 və 2.1-ci bəndlərinə uyğun olaraq məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Həmin Qərarın 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İş materiallarından görünür ki, iddiaçının cavabdeh inzibati orqana müraciəti və ya orqan tərəfindən müraciətdən imtina edilməsi barədə cavab məktubu iddia ərizəsinə əlavə edilməmişdir. Yəni, iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının cavabdeh orqan tərəfindən hansı formada pozulduğunu müəyyən etmək mümkün olmamışdır. Məhkəmə iclasında iddiaçı iddia tələbi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmədiyini bildirmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx xxxxx 2015-ci il tarixli qərarının 3.4-cü bəndində göstərilmişdir ki, birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər hansı bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Məhkəmə mübahisənin faktiki və hüquqi hallarını iddiaçı ilə müzakirə etmiş və bununla əlaqədar ona zəruri hüquqi yardım göstərmişdir. Beləliklə, məhkəmə iddianın inzibati mübahisə kimi baxılmasının yolverilənliyini araşdıraraq hesab edir ki, İddiaçı cavabdehlər Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinə və X2 qarşı “X1 adına xx xxxxxx 1993-cü il tarixli, 117 nömrəli qərarla və C30D KOD 10703058 verilmiş torpağın mülkiyyətə verilməsi haqqında şəhadətnamənin ləğv edilməsi öhdəliyinin Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin üzərinə qoyulması, ona çatan pay torpağının özünə qaytarılması və həmin torpaq sahəsinə torpağın mülkiyyətə verilməsi haqqında yeni şəhadətnamə verilməsi tələbi”nə dair iddiası mümkün sayılmamalıdır. Odur ki, iddiaçıya izah edilir ki, hazırki iddia tələbində qaldırdığı məsələnin həlli üçün Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə rəsmən müraciət etməli, əsassız səbəblərdən xahişi təmin edilmədiyi təqdirdə pozulmuş hüquqlarının bərpası ilə bağlı çatışmayan sənədləri iddia ərizəsinə əlavə etməklə məhkəmədə yenidən iddia qaldırmaq hüquqlarından istifadə edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. “Azərbaycan Respublikasının məhkəmələrində kargüzarlığın aparılmasına dair Təlimat”ın 295-22-ci maddəsinə əsasən iddianın mümkün sayılmaması haqqında qərardad iddia ərizəsinə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər İddiaçı geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 46, 80 və 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinə və X2 qarşı “X1 adına xx xxxxxx 1993-cü il tarixli, 117 nömrəli qərarla və C30D KOD 10703058 verilmiş torpağın mülkiyyətə verilməsi haqqında şəhadətnamənin ləğv edilməsi öhdəliyinin Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin üzərinə qoyulması, ona çatan pay torpağının özünə qaytarılması və həmin torpaq sahəsinə torpağın mülkiyyətə verilməsi haqqında yeni şəhadətnamə verilməsi tələbi”nə dair iddiası mümkün sayılmasın. İddia ərizəsi və ona əlavə olunmuş sənədlər İddiaçı geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: SƏXAVƏT NOVRUZOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar