Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-122/2022 10.10.2022 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Novruzov Səxavət Hüseyn oğlunun sədrliyi, Məmmədov Kamal Cahangir oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, cavabdeh “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Naxçıvan şəhər idarəsinin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı iştirakı olmadan, İddiaçı cavabdeh “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Naxçıvan şəhər idarəsinə qarşı “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Naxçıvan şəhər şöbəsinin əmək pensiyası təyin edən komissiyanın 12 aprel 2022-ci il tarixli, 16 nömrəli qərarının ləğv olunması tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı 17 may 1988-ci il tarixdən 25 oktyabr 2001-ci il tarixədək “57 nömrəli Hərbi Ticarət” təşkilatında işlədiyi dövr nəzərə alınmaqla həmin dövrlərin sosial sığorta stajı kimi nəzərə alınmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının üzərinə hesablanması öhdəliyinin cavabdeh “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Naxçıvan şəhər şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ona 31 oktyabr 2019-cu il tarixdə 19814 nömrəli qərara əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmuşdur. Lakin "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Naxçıvan şəhər şöbəsinin əmək pensiyaları təyin edən komissiyası tərəfindən 2021-ci ilin dekabrında onun pensiya işi yenidən nəzərdən keçirilib, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu və 31.2-1-ci maddələrinə zidd olaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunduğu bildirilmişdir. Belə ki, pensiya təyinatı "əmək kitabçası" əsasında aparılmış, X13 Respublikası Dövlət Arxivi tərəfindən verilmiş 12 aprel 2022-ci il tarixli, 13/507 saylı arayışda "57 nömrəli Hərbi Ticarət"in 1988-2001-ci il tarixlərə aid sənədlərinin Arxivə təhvil verilmədiyi və əmək kitabçasında 17 may 1988-ci il tarixdə işə qəbul olunmağı qeyd olunsa da, işəgötürənin adı, imzası göstərilmədiyindən və möhürlə təsdiq olunmadığından sığorta stajı 27 ildən 13 il 5 ay azaldılaraq 13 il 7 aya düşmüşdür. İddiaçı qeyd edir ki, o, həqiqətən də 1988-2001-ci il tarixlərədək fasiləsiz olaraq "57 nömrəli Hərbi Ticarət" təşkilatında işləmişdir. Əmək kitabçasında nəyinsə qeyd olunmaması və təşkilatın sənədlərinin arxiv idarəsinə təhvil verilməməsi onun günahı və səhvi ucbatından olmamışdır. İddiaçı yuxarıda qeyd olunanlara əsasən məhkəmədən İddiaçı 17 may 1988-ci il tarixdən 25 oktyabr 2001-ci il tarixədək “57 nömrəli Hərbi Ticarət” təşkilatında işlədiyi dövr nəzərə alınmaqla həmin dövrlərin sosial sığorta stajı kimi nəzərə alınmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının üzərinə hesablanması öhdəliyinin cavabdeh “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Naxçıvan şəhər şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunmuş, iddianın mümkünlüyünün yoxlanılması ilə bağlı məhkəmə iclası 20 may 2022-ci il tarixə təyin edilmişdir. 20 may 2022-ci il tarixə təyin olunmuş iddianın mümkünlüyünün yoxlanılması ilə bağlı məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə məhkəməyə 20 may 2022ci il tarixli ərizə təqdim edərək cavabdeh “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Naxçıvan şəhər şöbəsinə qarşı iddia qaldırıldığını, iddia tələbini dəqiqləşdirərək hazırki iddia tələbinin “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Naxçıvan şəhər şöbəsinin əmək pensiyası təyin edən komissiyanın 12 aprel 2022-ci il tarixli, 16 nömrəli qərarının ləğv edilməsi” olduğunu bildirib həmin tələb üzrə işə baxılmasını xahiş etdi. Məhkəmənin 20 may 2022-ci il tarixli, 2-1(122)-122/2022 nömrəli qərardadı ilə dəyişdirilmiş iddia tələbi icraata qəbul edilmişdir. Bundan sonra işin hazırlıq icraatına başlanılaraq məhkəmənin 20 may 2022-ci il tarixli, 2-1(122)-122/2022 nömrəli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Naxçıvan şəhər şöbəsi iddiaya dair məhkəməyə ünvanlanan 29 aprel 2022ci il tarixli, 02/636 nömrəli və 14 iyun 2022-ci il tarixli, 02/845 nömrəli yazılı münasibətlərini onunla əsaslandırmışdır ki, xx xxxx 1959-cu il tarixdə anadan olmuş, ünvan 2 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Xudu Məmmədov 34, mənzil 247 ünvanında yaşayan İddiaçı "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Naxçıvan şəhər şöbəsinin əmək pensiyası təyin edən komissiyasının 31 oktyabr 2019-cu il tarixli, 19814 nömrəli qərarına əsasən 28 iyul 2019-cu il tarixdən etibarən "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə müvafiq olaraq yaşa görə güzəştli şərtlərlə 228,73 manat məbləğində əmək pensiyası təyin edilmişdir. İddiaçı tərəfindən təqdim edilən əmək kitabçasına əsasən onun 33 il 8 ay ümumi iş stajı vardır. Lakin 2021-ci ilin dekabr ayında müvafiq komissiya pensiya işlərini təkrar nəzərdən keçirərkən müəyyən etmişdir ki, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası qanunvericiliyin tələblərinə zidd olaraq təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş "Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə" Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Həmin Əsasnamənin 25-ci bəndinə əsasən əmək fəaliyyətinin təsdiqi üçün təqdim olunan sənədlər vəzifəli şəxslər tərəfindən imza edilməli və möhürlə təsdiq olunmalıdır. Əmək kitabçasında olan qeydlər, həmin əmək kitabçasının doldurulma gününə qüvvədə olan idarə, müəssisə və təşkilatlarda əmək kitabçalarının doldurulma qaydaları barədə təlimatın tələblərinə müvafiq olaraq aparılmalıdır. Əmək kitabçasında və digər sənədlərdə aparılan qeydlər müəyyən edilmiş qaydalara tam riayət edilməməklə aparılan hallarda onların əmək stajının təsdiqi üçün əsas kimi qəbul edilməsinin mümkünlüyü məsələsini pensiya təyin edən orqan həll edir. İddiaçı tərəfindən əmək kitabçası təqdim olunsa da, onu əmək kitabçasının 14-cü səhifəsinin qeyd hissəsində 57 nömrəli Hərbi Ticarət təşkilatında 17 may 1988-ci il tarixdə işəgötürənin adı, imzası göstərilmədiyi və möhürlə təsdiq edilmədiyi müəyyən edildikdə, ondan iş stajını təsdiq etmək üçün arxiv arayışı təqdim olunması xahiş edilmişdir. Hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda həmin Qanunun 31.2-ci maddəsinə əsasən əmək pensiyasının təyin edilməsi barədə təqdim edilmiş ərizəyə və siyahısı əmək pensiyasını təyin edən orqan tərəfindən müəyyən edilmiş sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gündən ən geci 10 gün müddətində baxılmaqla təyinat aparılır. İddiaçı tərəfindən "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Naxçıvan şəhər şöbəsinə təqdim edilən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Müdafiə Nazirinin Katibliyi Mərkəzi Arxivinin 02 mart 2022-ci il tarixli, 4/2-1335 saylı arayışında 57 nömrəli Hərbi Ticarətin sənədləri Müdafiə Nazirinin Katibliyi Mərkəzi Arxivinə daxil olmadığından İddiaçı işləməsi və əmək haqqı alması barədə araşdırma apara bilmədikləri göstərilmişdir. Bundan başqa, Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən verilmiş 12 aprel 2022-ci il tarixli, 13/507 saylı arayışda da göstərilmişdir ki, 57 nömrəli Hərbi Ticarətin sənədləri Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinə təhvil verilmədiyinə görə İddiaçı işləməsi barədə məlumat yoxdur. Qeyd olunur ki, 1992-cı ilin yanvarın 1-dən 2006-cı il yanvarın 1-dək sığorta stajının hesablanmasında qanunvericiliklə müəyyən edilmiş qaydada başlıca tələb məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi hesab olunduğundan, həmin dövrlər əmək kitabçasında qeyd olunmaqla bərabər, eyni zamanda əməkhaqqı alınması haqqında arxiv arayışları ilə də təsdiq olunmalıdır. Ona görə ki, məcburi dövlət sosial sığorta haqqı, şəxslərin almış olduqları əməkhaqqı əsasında ödənilir, yəni əməkhaqqı alınmamış dövr məcburi dövlət sosial sığorta haqqı ödənilməmiş dövr hesab olunur və əmək pensiyası təyinatı zamanı həmin dövrlər sığorta stajına daxil edilmir. Nəzərə alınmalıdır ki, pensiya təminatı sisteminin hər bir iştirakçısının ödədiyi sığorta haqlarının onun alacağı pensiya məbləğinə mütənasib olmasının təmin edilməsi qüvvədə olan pensiya qanunvericiliyinin əsas məqsədlərindən biridir. Qanunvericilikdə əmək pensiyalarının təyin edilməsi üçün müəyyən edilmiş zəruri şərtlərdən olan sığortaolunanın sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrləri ilə əlaqələndirilmiş və həmin iş dövrlərinin nəzərə alınması üçün məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi əsas şərt kimi təsbit edilmişdir. Beləliklə, İddiaçı 57 nömrəli Hərbi Ticarət təşkilatında 17 may 1988-ci il tarixdən 23 oktyabr 2001-ci il tarixədək (13 il 5 ay) olan dövrə aid sənədləri Arxivə təhvil verilmədiyi üçün, onun ümumi iş stajı 33 il 8 aydan 13 il 5 ay azalaraq 20 il 3 ay müəyyən edilmişdir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa 01 iyul 2017-ci ildə edilən əlavə və dəyişikliklərdən sonra bu Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçı 01 yanvar 2006-cı il tarixədək ümumi iş stajı 20 il 3 ay olduğundan, tələb olunan 25 il sığorta stajına çatmadığından, onun pensiya işi Naxçıvan şəhər şöbəsinin əmək pensiyası təyin edən komissiyasının 12 aprel 2022-ci il tarixli, 16 nömrəli qərarına əsasən ləğv edilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, İddiaçı "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Naxçıvan şəhər şöbəsinə qarşı "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Naxçıvan şəhər şöbəsinin əmək pensiyası təyin edən komissiyanın 12 aprel 2022-ci il tarixli, 16 nömrəli qərarının ləğv edilməsi tələbi"nə dair qaldırdığı iddia əsassız olduğundan, məhkəmədən iddia tələbinin rədd edilməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin 13 sentyabr 2022-ci il tarixli, 2-1(122)-122/2022 nömrəli sərəncamı ilə işin şifahi məhkəmə baxışına keçirilməsi üçün kifayət qədər əsaslar olduğu nəzərə alınaraq şifahi məhkəmə baxışı iclası 10 oktyabr 2022-ci il tarixə təyin olunmuşdur. Şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə, həmçinin şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədiyi halda tərəflərin iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilməsinə baxmayaraq, iş üzrə İddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Naxçıvan şəhər idarəsinin nümayəndəsi X6 cavabdeh tərəfindən məhkəməyə ünvanlanan məktublara uyğun izahat verərək məhkəmədən iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. 13 iyun 2022-ci il tarixə təyin edilmiş hazırlıq icraatı ilə bağlı məhkəmə iclasında X10 şahid qismində ifadə verərək və ona ünvanlanan sualları cavablayaraq 1981-1985-ci illərdə “57 nömrəli Hərbi Ticarət” təşkilatında dərzi işlədiyini, İddiaçı “57 nömrəli Hərbi Ticarət” təşkilatının kafesində 1988-ci ildə işlədiyini gördüyünü, onunla tanış olduğunu, həmin vaxtlar onun kafesinə getdiyini bildirmişdir. Həmin məhkəmə iclasında X11 şahid qismində ifadə verərək və ona ünvanlanan sualları cavablandıraraq İddiaçı ilə əvvəldən tanış olduğunu, “57 nömrəli Hərbi Ticarət” təşkilatında 1993-cü ildə əmək fəaliyyətinə başladığını, İlhamın həmin təşkilatda ondan əvvəl işlədiyini, işlədikləri təşkilatın Müdafiə Nazirliyinin tabeliyində olduğunu, sonra həmin təşkilatın ləğv edildiyini və təşkilatın sənədlərinin yoxa çıxdığını, təşkilat ləğv edilməmişdən xeyli əvvəl fəaliyyətinin dayandırıldığını, təşkilat hərbi hissədə yerləşdiyinə görə hərbi qulluqçuların onları binaya buraxmadıqlarını bildirmişdir. 28 iyun 2022-ci il tarixə təyin edilmiş hazırlıq icraatı ilə bağlı məhkəmə iclasında X1 şahid qismində ifadə verərək və ona ünvanlanan sualları cavablandıraraq 1987-ci ildən “57 nömrəli Hərbi Ticarət” təşkilatında işləməyə başladığını, həmin təşkilatda mühasib işlədiyini, İddiaçı isə hərbi şəhərcikdə yerləşən kafedə işlədiyini, İddiaçı hər ay əməkhaqqı aldığını və təşkilat tərəfindən gəlir vergisi ödənildiyini, “57 nömrəli Hərbi Ticarət” təşkilatından 2002-ci ildə çıxdığını bildirmişdir. Həmin məhkəmə iclasında X2 şahid qismində ifadə verərək və ona ünvanlanan sualları cavablandıraraq 1987-2001-ci illərdə “57 nömrəli Hərbi Ticarət” təşkilatında işlədiyini, İlhamın da həmin təşkilatda işlədiyini, özünün hərbi şəhərcikdə yerləşən Zabitlər evində, İlhamın isə kafedə işlədiyini, təqribən 120 manat əməkhaqqı aldıqlarını, hər ay onlara əməkhaqqı verildiyini bildirmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, cavabdeh inzibati orqanın iddia ərizəsinə qarşı təqdim etdiyi sənədlərə və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Naxçıvan şəhər şöbəsinin əmək pensiyası təyin edən komissiyanın 12 aprel 2022-ci il tarixli, 16 nömrəli qərarından məlum olur ki, “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Naxçıvan şəhər şöbəsinin əmək pensiyası təyin edən komissiyası 2021-ci ilin dekabr ayında pensiya işlərini nəzərdən keçirərək 31 oktyabr 2019-cu il tarixdə 19814 nömrəli qərara əsasən xx xxxx 1959-cu il tarixdə anadan olmuş, ünvan 5 ünvanında yaşayan İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu və 31.2-1-ci maddələrinə zidd olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmuşdur. Pensiya təyinatı “əmək kitabçası” əsasında aparılmışdır. X13 Respublikası Dövlət Arxivindən verilən 12 aprel 2022-ci tarixli, 13/507 saylı arayışda “57 №-li Hərbi Ticarət”in 1988-2001-ci il tarixə aid olan sənədləri arxivə təhvil verilmədiyindən, əmək kitabçasında 17 may 1988-ci il tarixdə işə qəbul olunması qeyd olunsa da, işverənin adı, imzası göstərilmədiyindən və möhürlə təsdiq edilmədiyindən İddiaçı ümumi sığorta stajı 33 il 8 aydan 13 il 5 ay azalaraq 20 il 3 aya düşmüşdür. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığorta olunanların; kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minumum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Vətəndaş İddiaçı tələb olunan ümumi sığorta stajı 25 ildən az olduğu üçün ona həmin maddənin müddəlarına zidd olaraq pensiya təyinatı aparılmışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq komissiya xx xxxx 1959-cu il tarixdə anadan olmuş, ünvan 5 ünvanında yaşayan İddiaçı 31 oktyabr 2019-cu il tarixdə 19814 nömrəli qərara əsasən güzəştli şərtlərlə yaşa görə qanunsuz olaraq təyin edilmiş əmək pensiyasının ləğv edilməsini və 28 iyul 2019-cu il tarixdən 01 yanvar 2022-ci il tarixədək ödənilmiş 7932 manat 11 qəpik pul vəsaitinin Fondun şəhər şöbəsinin yığım hesabına geri qaytarılmasını qərara almışdır. - 07 iyul 1980-ci il tarixli, ИT-İ seriyalı, ******* nömrəli əmək kitabçasının təsdiq olunmuş surətindən görünür ki, xx.xx.1980-ci il tarixdən xx.xx.1980-ci il tarixədək 50 nömrəli tikinti idarəsində, xx.xx.1981-ci il tarixdən xx.xx.1981-ci il tarixədək X9, xx.xx.1981ci il tarixdən xx.xx.1984-cü il tarixədək Naxçıvan şəhər Rabitə Qovşağında, xx.xx.1984-cü il tarixdən xx.xx.1985-ci il tarixədək Tres-5 Təsərrüfat Hesablı Tikinti İdarəsində, xx.xx.1985-ci il tarixdən xx.xx.1986-cı il tarixədək DİN Mühafizə Şöbəsində, xx.xx.1986-cı il tarixdən xx.xx.1987-ci il tarixədək Azərbaycan Korlar Cəmiyyəti Naxçıvan Filialında, xx.xx.1988-ci il tarixdən xx.xx.2001-ci il tarixədək 57 nömrəli Hərbi Ticarət təşkilatında, xx.xx.2005-ci il tarixdən xx.xx.2014-cü il tarixədək Xəzər dəniz Neft Qaz Tikinti Tresti 4 saylı İXTQ Filialında, xx.xx.2014-cü il tarixdən xx.xx.2015-ci il tarixədək “Neftqaztikinti” tresti 3 №-li TQİ-də işlədiyi, xx.xx.2015-ci il tarixdən “Neftqaztikinti” trestində quraşdırıcı vəzifəsində işə qəbul edilməsi qeyd olunmuşdur. - Naxçıvan Şəhər İcra Hakimiyyətinin 2 saylı Mənzil İstismar-İdarəsi tərəfindən verilmiş 12 aprel 2022-ci il tarixli, 01-595 nömrəli arayışdan görünür ki, İddiaçı ünvan 5 ünvanında qeydiyyatdadır. - Naxçıvan Şəhər Polis İdarəsi tərəfindən 14 yanvar 2010-cu il tarixdə verilmiş AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx xxxx 1959-cu il tarixdə Naxçıvan şəhərində doğulmuş Məmmədov X7 şəhəri, H.Əliyev prospekti, ev 32, mənzil 8 ünvanında pasport qeydiyyatındadır. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 24 avqust 2022-ci il tarixli, 02/131 nömrəli arxiv arayışından məlum olur ki, Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində Hərbi Ticarət təşkilatına aid heç bir sənəd mühafizə olunmur. - Naxçıvan Muxtar Respublikası X5 tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 04 iyul 2022-ci il tarixli, 27 nömrəli məktubdan aydın olur ki, Naxçıvan Muxtar Respublikası X5 arxiv sənədlərini (son beş il istisna olmaqla) Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsinə təhvil vermişdir. - “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Naxçıvan şəhər idarəsinin 05 oktyabr 2022-ci il tarixli, 02/1419 nömrəli məktubundan görünür ki, xx xxxx 1959-cu il tarixdə Naxçıvan şəhərində anadan olmuş, ünvan 5 ünvanında qeydiyyatda olmaqla orada yaşayan İddiaçı “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Naxçıvan Şəhər idarəsinin 31 oktyabr 2019-cu il tarixli, 19814 nömrəli qərarına əsasən 28 iyul 2019-cu ildə 60 yaşının tamam olduğu tarixdən etibarən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə müvafiq olaraq yaşa görə güzəştli şərtlərlə 228,73 manat məbləğində əmək pensiyası təyin edilmişdir. İddiaçı təqdim etdiyi əmək kitabçasındakı qeydlərə və arayışlara əsasən onun ümumi iş stajı 33 il 8 ay təşkil etmişdir. Beləliklə İddiaçı əmək kitabçasındakı və iş yeri arayışındakı qeydlərə əsasən ümumi iş stajı 33 il 8 ay, xüsusi iş stajı 13 il 8 ay 21 gün təşkil edir. Lakin əmək kitabçasında xx.xx.1988-ci il tarixdə işə götürənin imzası və möhürü olmadığından və heç bir arxiv arayışı ilə təsdiq olunmadığından vətəndaşın iş stajı xx.xx.1988-ci il tarixdən xx.xx.2001-ci il tarixədək 13 il 05 ay 06 gün azalaraq 20 il 2 ay 24 gün olmuşdur. Məktubda həmçinin İddiaçı iş stajını əks etdirən cədvəl göstərilmişdir. - Fondun Naxçıvan şəhər idarəsi tərəfindən məhkəməyə təqdim edilmiş 061869 nömrəli pensiya işinin materiallarında olan: - “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Naxçıvan şəhər şöbəsinin əmək pensiyası təyin edən komissiyasının 31 oktyabr 2019-cu il tarixli, 19814 nömrəli qərarına əsasən İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə müvafiq olaraq yaşa görə ömürlük pensiya təyin edilmişdir. - İddiaçı tərəfindən “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Naxçıvan şəhər şöbəsinə ünvanlanan 28 oktyabr 2019-cu il tarixli ərizədən görünür ki, İddiaçı ona yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmişdir. - Socar tərəfindən verilmiş 15 iyul 2019-cu il tarixli arayışdan aydın olur ki, İddiaçı 11 noyabr 2005-ci il tarixində (əmr № 78/k, 11 noyabr 2005-ci il) “Xəzərdənizneftqaztikinti” trestinin 4 saylı İxtisaslaşdırılmış Tikinti Quraşdırma Filialına polad və dəmir-beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcı peşəsinə işə qəbul edilmiş və 21 oktyabr 2014-cü il tarixində (əmr № 253/k, 21 oktyabr 2014-cü il) onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Əmək stajı 8 il 11 ay 11 gün (səkkiz il on bir ay on bir gün) təşkil edir. “Xəzərdənizneftqaztikinti” tresti SOCAR-ın 12 mart 2007-ci il tarixli, 51 nömrəli əmrinə əsasən “Neftqaztikinti” tresti adlandırılaraq SOCAR-ın birbaşa tabeliyinə verilmişdir. 4 saylı İxtisaslaşdırılmışTikinti Quraşdırma Filialı SOCAR-ın 14 mart 2007-ci il tarixli, 61 nömrəli əmrinə əsasən 4 saylı Tikinti Quraşdırma İdarəsi adlandırılmışdır. İddiaçı 22 oktyabr 2014-cü il tarixində (əmr № 54/k, 22 oktyabr 2014-cü il) “Neftqaztikinti” trestinin 3 saylı Tikinti Quraşdırma İdarəsinə polad və dəmir-beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcı peşəsinə işə qəbul edilmiş və 12 avqust 2015-ci il tarixində (əmr № 175-k, 12 avqust 2015-ci il) onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Əmək stajı 9 ay 21 gün (doqquz ay iyirmi bir gün) təşkil edir. İddiaçı 13 avqust 2015-ci il tarixində (əmr № SOCAR/15-2500/xx-xx-000239, 13 avqust 2015-ci il) “Neftqaztikinti” trestinin 3 saylı Tikinti Quraşdırma bölümünün 2 saylı tikinti quraşdırma sahəsində polad və dəmir-beton kontruksiyaların quraşdırılması üzrə quraşdırıcı peşəsinə işə qəbul edilmiş və hal-hazırda bu peşədə işləyir. Əmək stajı 3 il 11 ay 3 gün (üç il on bir ay 3 gün) təşkil edir. İddiaçı polad və dəmir-beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcı peşəsi üzrə iş stajı 13 il 8 ay 5 gün (on üç il səkkiz ay beş gün) təşkil edir. - Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan şəhər idarəsi tərəfindən verilmiş 06 avqust 2019-cu il tarixli, 1119 nömrəli arayışın təsdiq olunmuş surətindən görünür ki, xx xxxx 1959-cu il təvəllüdlü İddiaçı 19 may 1978-ci il tarixdən 20 may 1980-ci il tarixədək SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmişdir. - Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Naxçıvan şəhər Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən verilmiş 02 iyun 2021-ci il tarixli, 03/756 nömrəli arayışdan məlum olur ki, Naxçıvan şəhər, H.Əliyev 32/8 ünvanında qeydiyyatda olan Məmmədov X7 şəhər Əhalinin Sosial Müdafiəsi Mərkəzində qeydiyyatda durmur və ona heç bir növ sosial müavinət və təqaüd ödənilmir. 061869 nömrəli pensiya işinə həmçinin İddiaçı sığorta stajı barədə məlumat və illər üzrə infilyasiya faizləri əlavə olunmuşdur. İşin hallarından və iddia ərizəsinin məzmunundan aydın olur ki, iddiaçı əmək kitabçasında göstərilən 17 may 1988-ci il tarixdən 25 oktyabr 2001-ci il tarixədək “57 nömrəli Hərbi Ticarət” təşkilatında işlədiyi illərin sosial sığorta stajı kimi nəzərə alınaraq “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Naxçıvan şəhər şöbəsinin əmək pensiyası təyin edən komissiyanın 12 aprel 2022-ci il tarixli, 16 nömrəli qərarının ləğv edilməsini arzu edir. Cavabdeh inzibati orqanın 12 aprel 2022-ci il tarixli, 16 nömrəli qərarının məzmunundan məlum olur ki, İddiaçı tələb olunan ümumi sığorta stajı 25 ildən az olduğu üçün ona 31 oktyabr 2019-cu il tarixdə 19814 nömrəli qərara əsasən güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyası ləğv edilmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən iddiaçının tələbinə və cavabdeh inzibati orqanın imtinasına hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının: - 12-ci maddəsinin İ hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. - 16-cı maddəsinin İ hissəsinə əsasən Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. - 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. - 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin İV hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 22-ci maddəsində qeyd olunur ki, hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ var. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, sosial sığorta da daxil olmaqla hər bir şəxsin sosial təminat hüququ var. Konstitusiyada və beynəlxalq-hüquqi aktlarda əksini tapan sosial təminat hüququ qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. “Andreyeva Latviyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 18 fevral 2009-cu il tarixli qərarında göstərilmişdir ki, dövlət pensiya proqramını tətbiq etməyə başlayanda, ondan irəli gələn şəxsi hüquqlar və maraqlar, pensiya ödənişləri edilməsindən və pensiya proqramının maliyyələşmə vasitələrindən asılı olmayaraq, 1 saylı Protokolun 1ci maddəsi ilə əhatə edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: - 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. - 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. - 4.1-ci maddəsinə görə bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. - 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. - 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. - 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. - 39.1-ci maddəsinə əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. “Əmək pensiyaları haqqında” Qanun qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinə uyğun olaraq iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin: - 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. - 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Hazırki iş üzrə iddiaçının əmək kitabçasına əsasən işlədiyi və pensiya işinə əlavə olunmuş Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan şəhər idarəsi tərəfindən verilmiş arayışa əsasən hərbi xidmətdə olduğu dövr nəzərə alınmaqla 35 il 8 ay iş stajı mövcuddur. Məhkəmə hesab edir ki, iddiaçının əmək kitabçasında 1988-ci il tarixdən 2001-ci il tarixədək “57 nömrəli Hərbi Ticarət” təşkilatında işləməsi ilə bağlı qeydlərin olmasına baxmayaraq, həmin təşkilatın sənədlərinin dövlət arxivinə təhvil verilməməsi və ya iddiaçı tərəfindən aylar üzrə aldığı əmək haqqı məbləğini əks etdirən arxiv arayışlarının təqdim edilməməsi əsas gətirilərək həmin illərin iddiaçıya sığorta stajı kimi hesablanmaması cavabdeh inzibati orqan tərəfindən iddiaçının hüquqlarını məhdudlaşdıran hal kimi qiymətləndirilməlidir. Belə ki, 2006-cı il 1 yanvar tarixədək qüvvədə olan qanunvericiliyin normalarına görə iş illərinin pensiya təyin etmək hüququ verən əmək stajı kimi nəzərə alınmasında həmin iş illərinin qeydə alındığı əmək kitabçası əsas sənəd kimi kifayət hesab edilir və əmək kitabçasında olan məlumatların digər sənədlərlə, o cümlədən arxiv sənədləri ilə təsdiq olunması bir qayda olaraq tələb olunmur. Əmək kitabçasında olan məlumatların mötəbərliyi ilə bağlı məhkəmə qeyd edir ki, cavabdeh bu məlumatları təkzib edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 19-cu maddəsi inzibati orqandan, təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu halda, müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görməyi tələb edir. Həmin qanunun tələbinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunmalıdır və həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması inzibati orqana qadağan edilmişdir. Bu normanın tələbləri baxımından işin halları araşdırıldıqda görünür ki, inzibati orqan iddiaçının əmək kitabçasında olan məlumatların həqiqiliyini nəinki təkzib edən, hətta şübhə altına almağa əsas verən hər hansı sübut təqdim etməmişdir. Bu mənada “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsində təsbit edilmiş mötəbərlik prezumpsiyası prinsipinin tələbləri nəzərə alınmalı, əmək kitabçası və onda əks olunmuş məlumatlar mötəbər hesab olunmalı və qəbul edilməlidir. Cavabdeh isə iddiaçının iş stajını təsdiq edən əlavə sübutlar tələb edərək, qeyd olunan normanın tələbini pozmuşdur. Bundan əlavə, iş illərinə dair əmək kitabçasında aparılmış qeydlər barədə məlumatların cavabdeh tərəfindən qarşılıqlı yoxlanılmasının və həmin illər üzrə iş stajının düzgünlüyünün araşdırılmasının mümkün olmaması, həmin qeydlərlə bağlı müvafiq sənədlərin arxivə təhvil verilməməsi iddiaçının sosial təminat hüququnun məhdudlaşdırılmasına səbəb olan əsas kimi qiymətləndirilə bilməz. Məhkəmə hesab edir ki, İddiaçı 1988-ci il tarixdən 2001-ci il tarixədək “57 nömrəli Hərbi Ticarət” təşkilatında işlədiyi illər sosial sığorta stajı kimi qəbul edilərək həmin illər iddiaçıya pensiya təyin edilərkən nəzərə alınmalıdır. Göründüyü kimi iddiaçının həmin dövrlərlə bağlı iş stajı əmək kitabçası ilə təsdiq edildiyindən, inzibati orqan iddiaçının işlədiyi dövrdə qüvvədə olan hüquq normalarına görə bu dövrü iddiaçının sığorta stajına aid etməməkdə haqlı olmamışdır. Cavabdeh təşkilatın iddiaçı tərəfindən mübahisə olunan dövr üçün sosial sığorta ödənişlərinin həyata keçirilməsinin təsdiq edilməməsi barədə dəlilinə münasibətdə qeyd edilməlidir ki, “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” 6 mart 2018-ci il tarixli, 1042-VQ saylı Azərbaycan Respublikasının Qanununa uyğun olaraq 2018-ci il aprelin 1-dən əvvəl mövcud olmuş bütün məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinmişdir. Cavabdeh tərəfindən iddiaçıya təyin olunmuş pensiyanın ləğv edilməsi üçün əsas göstərilən digər səbəb əmək kitabçasının 14-cü səhifəsinin qeyd hissəsində “57 nömrəli Hərbi Ticarət” təşkilatında 17 may 1988-ci il tarixdə işəgötürənin adının, imzasının göstərilməməsi və möhürlə təsdiq edilməməsidir. Məhkəmə qeyd etməyi xüsusilə zəruri hesab edir ki, işəgötürən tərəfindən əmək kitabçasının doldurulması qaydalarının pozulması, qanunvericilik ilə üzərinə düşən vəzifələrin tam və lazımınca yerinə yetirilməməsi, heç bir halda işçinin Konstitusiyada təsbit edilmiş hüquqlarının həyata keçirilməsinə mane ola bilməz. Yəni başqa şəxsin hər hansı əməli (hərəkət və ya hərəkətsizliyi) vətəndaşın konstitusion hüququ olan sosial təminat hüququnun pozulmasına səbəb ola bilməz. Məhkəmə cavabdehin imtinasında göstərdiyi dəlillərlə bağlı onu da qeyd edir ki, cavabdehin göstərdiyi hallar iddiaçının təqsiri ilə bağlı yarana biləcək hallar deyildir və müvafiq olaraq onun pensiya hüququnun məhdudlaşdırılması nəticəsini doğurmamalıdır. Həmçinin mübahisələndirilən qərarda artıq ödənilmiş 7932 manat 11 qəpik pul məbləğinin Fondun şəhər şöbəsinin yığım hesabına geri qaytarılması nəzərdə tutulmuşdur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 39.1-ci maddəsinə əsasən qanunverici artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin tutulması barədə qərarın (inzibati aktın) qəbulunu əmək pensiyaçısının razılığı ilə şərtləndirir. Belə razılıq olmadıqda, tələbin təmini üçün məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini təsbit edir. Hazırki halda, əmək pensiyaçısının artıq ödənilmiş pensiya məbləğinin tutulmasına razılığının olması müəyyən edilmir. Belə olan halda, artıq ödənilmiş pensiya məbləği qanunun tələbinə görə, yalnız məhkəmə qərarı əsasında tutula bilərdi. Lakin cavabdeh tərəfindən qanunun bu tələbinə əməl olunmamış, mübahisələndirilən qərarda artıq ödənilmiş pul məbləğinin geri qaytarılması nəzərdə tutulmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. - 58.2-ci maddəsinə əsasən inzibati akt məzmun baxımından kifayət qədər aydın və anlaşılan olmalıdır. - 58.3-cü maddəsinə əsasən inzibati aktda onun ünvanlandığı hüquqi və ya fiziki şəxslər, nizama saldığı və ya həll etdiyi məsələlər dəqiq göstərilməlidir. - 61.1-ci maddəsinə əsasən yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. - 61.2-ci maddəsinə əsasən əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. - 61.3-cü maddəsinə əsasən inzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. - 61.4-cü maddəsinə əsasən inzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. - 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. - 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, cavabdeh inzibati orqan tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl olunmamış, inzibati orqan tərəfindən inzibati icraat aparılmamış, mübahisələndirilən qərar qanunvericiliyin tələblərinə uyğun olaraq sübutlarla əsaslandırılmamışdır. Qanunun tələbinə əsasən cavabdeh inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş mübahisələndirilən inzibati akt qanunsuz sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. - 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Naxçıvan şəhər idarəsinə qarşı “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Naxçıvan şəhər şöbəsinin əmək pensiyası təyin edən komissiyanın 12 aprel 2022-ci il tarixli, 16 nömrəli qərarının ləğv olunması tələbi”nə dair iddiası əsaslı olduğundan təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1, 4.1, 34.1, 58.7, 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddia təmin edilsin. “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Naxçıvan şəhər şöbəsinin əmək pensiyası təyin edən komissiyanın 12 aprel 2022-ci il tarixli, 16 nömrəli qərarı ləğv olunsun. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələblərinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: SƏXAVƏT NOVRUZOV
Məhkəmə qərarları › İş №2-1(122)-122/2022
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-122/2022
10.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver