Məhkəmə qərarları › İş №2-1(122)-1220/2023

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-1220/2023

27.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-1220/2023 27.09.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Muradov Hicran Xasay oğlunun sədrliyi, Məmmədov Kamal Cahangir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Şahbuz Rayon İcra Hakimiyyətinə qarşı “onun mülkiyyətində olan Şahbuz şəhərində yerləşən qeyri-yaşayış sahəsinin tikilməsi üçün torpaq sahəsinin ona geri qaytarılması və ya həmin qeyri-yaşayış binasının dəyəri olan 70000 (yetmiş min) manat kompensasiyanın cavabdehdən alınıb ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şahbuz Rayon İcra Hakimiyyətinə qarşı onun mülkiyyətində olan Şahbuz şəhərində yerləşən qeyri-yaşayış sahəsinin tikilməsi üçün torpaq sahəsinin ona geri qaytarılması və ya həmin qeyri-yaşayış binasının dəyəri olan 70000 (yetmiş min) manat kompensasiyanın cavabdehdən alınıb ona ödənilməsi öhdəliyinin cavabdeh Şahbuz Rayon İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmişdir. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və hazırlıq icraatı ilə bağlı məhkəmə 27 sentyabr 2023-cü il tarixə təyin edilmişdir. Hazırlıq icraatı ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehin lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o heç bir üzrlü səbəb göstərmədən nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Odur ki, məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İddiaçı məhkəməyə 11 sentyabr 2023-cü il tarixli notarial qaydada təsdiq edilmiş ərizə göndərərək, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsində Şahbuz Rayon İcra Hakimiyyətinə qarşı mağazanın sökülməsi, kompensasiya ödənilməsi ilə bağlı öhdəliyin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia qaldırdığını, cavabdeh tərəfindən dəymiş ziyan qarşılığında Şahbuz şəhərində 486.07 kv. metr torpaq sahəsinin güzəştli şərtlərlə ona verilməsinə razı olduğundan iddiasından imtina etdiyini, iddiadan imtina etməyinin hüquqi nəticələrinin ona izah olunduğunu bildirib, məhkəmədən iddiadan imtina barədə ərizəni qəbul edib iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı ərizəsinə uyğun izahat verərək, məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, 11 sentyabr 2023-cü il tarixli ərizəsini nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddiaçının ərizəsi təmin edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: - 55.1-ci maddəsinə əsasən məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. - 55.4-cü maddəsinə əsasən iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. - 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Şahbuz Rayon İcra Hakimiyyətinə qarşı "onun mülkiyyətində olan Şahbuz şəhərində yerləşən qeyri-yaşayış sahəsinin tikilməsi üçün torpaq sahəsinin ona geri qaytarılması və ya həmin qeyri-yaşayış binasının dəyəri olan 70000 (yetmiş min) manat kompensasiyanın cavabdehdən alınıb ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası üzrə İddiaçı 11 sentyabr 2023-cü il tarixli ərizəsi təmin edilməli və iş üzrə icraata xitam verilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və İPM-in 55.1, 55.4, 55.5, 80 və 83-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı 11 sentyabr 2023-cü il tarixli ərizəsi təmin edilsin. İddiaçı cavabdeh Şahbuz Rayon İcra Hakimiyyətinə qarşı "onun mülkiyyətində olan Şahbuz şəhərində yerləşən qeyri-yaşayış sahəsinin tikilməsi üçün torpaq sahəsinin ona geri qaytarılması və ya həmin qeyri-yaşayış binasının dəyəri olan 70000 (yetmiş min) manat kompensasiyanın cavabdehdən alınıb ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan şikayət verilə bilməz. SƏDRLİK EDƏN: HİCRAN MURADOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar