Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-1224/2025 03.03.2026 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: X8 Heydər oğlunun sədrliyi, X9 oğlunun katibliyi, iddiaçı X2 və cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X1 iştirakı ilə, iddiaçı X2 cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təsviri hissə: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2005-ci ildən 2024-cü ilin aprel ayına qədər ikinci qrup əlil kimi pensiya almış, lakin pensiyası cavabdeh təşkilat tərəfindən əsassız olaraq dayandırılmışdır. Yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna müraciət etsə də tələbinin icrasından imtina edilmişdir. İddiaçı göstərilənlərə əsasən yaşa görə əmək pensiyasnın təyin olunması öhdəliyinin cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun üzrəinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəfindən müvafiq sərəncam qəbul edilərək iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh orqanın yazılı etirazının qısa xülasəsi: Cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu iddiaya dair məhkəməyə göndərdiyi 12 yanvar 2026-cı il tarixli yazılı münasibətini onunla əsaslandırmışdır ki, iddiaçının təqdim etdiyi H3 042221 nömrəli hərbi biletdə xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixədək (2 il 4 gün) hərbi xidmət keçdiyi qeyd edilmişdir. İddiaçıya məxsus xx.xx.1972-ci il tarixli əmək kitabçasının surətində xx.xx.1972-ci il tarixdən xx.xx.1973-cü il tarixədək (5 ay 6 gün) Naxçıvan çörək zavodunda fəhlə vəzifəsində, xx.xx.1973-cü il tarixdən xx.xx.1973-cü il tarixədək (2 ay 9 gün) birinci dərəcəli qazmaçı vəzifəsində, xx.xx.1974-cü il tarixdən xx.xx.1974-cü il tarixədək (3 ay 29 gün) çamaşırxanada mexanik vəzifəsində, xx.xx.1977ci il tarixdən xx.xx.1987-ci il tarixədək (10 il 5 ay 13 gün) Rabitə Nazirliyində kuryer vəzifəsində, xx.xx.1988-ci il tarixdən xx.xx.2005-ci il tarixədək (16 gün 6 ay) Şüşə qablar zavodunda işləməsi (ümumilikdə 27 il 10 ay 27 gün) barədə qeydlər aparılmışdır. Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsi tərəfindən təqdim edilmiş xx.xx.2024cü il tarixli, 13/700 nömrəli arayışda İddiaçı xx.xx.1988-ci il tarixli 577 "k" nömrəli əmrlə X10 zavoduna işə qəbul edilməsi, xx.xx.1990-cı il tarixli əmrlə xx.xx.1990-cı il tarixdən xx.xx.1990-cı il tarixədək işdə hesab edilməsi, xx.xx.1991-ci il tarixdə maddi yardım alması, xx.xx.1992-ci il tarixli əmrlə xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixədək işdə hesab edilməsi, xx.xx.1998-ci il tarixli 19 "k" nömrəli əmrlə işdən azad edilməsi qeyd edilmişdir. Həmçinin arayışın qeyd hissəsində 1994-1997-ci illərə dair məzuniyyət əmrlərində adına rast gəlinməməsi göstərilmişdir. Eyni tarixli, eyni nömrəli arxiv arayışında iddiaçının 1989-cu il tarixdə 5 ay ( yanvar, fevral, aprel, may, iyun), 1990-cı ildə 12 ay, 1991-ci ildə 10 ay, 1992-ci ildə 12 ay, 1993-cü ildə 12 ay əmək haqqı alması, 1994-1998-ci illərə dair əmək haqqı cədvəllərində adına rast gəlinməməsi qeyd edilmişdir. İddiaçının əmək kitabçası arxiv arayışları ilə qarşılıqlı yoxlanılmış və xx.xx.1972-ci il tarixdən xx.xx.1973-cü il tarixədək ( 5 ay 6 gün) Naxçıvan çörək zavoduda, xx.xx.1973-cü il tarixdən xx.xx.1973-cü il tarixədək (2 ay 9 gün) birinci dərəcəli qazmaçı, xx.xx.1974-cü il tarixdən xx.xx.1974-cü il tarixədək (3 ay 29 gün) çamaşırxanada, xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixədək (2 il 4 gün) hərbi xidmət keçdiyi, xx.xx.1977-ci il tarixdən xx.xx.1987-ci il tarixədək (10 il 5 ay 13 gün) Rabitə Nazirliyində, xx.xx.1988-ci il tarixdən xx.xx.1994-cü il tarixədək (5 il 25 gün) Şüşə qablar zavodunda işlədiyi dövrlər nəzərə alınmaqla 18 il 5 ay 26 gün iş stajinın olması müəyyən edilmişdir. Beləliklə, araşdırma nəticəsində iddiaçıya 18 il 5 ay 26 gün iş stajının qanunvericiliklə tələb olunan 25 il iş stajından az olması, həmçinin xx.xx.2006-cı il tarixdən sonra fərdi şəxsi hesabında pensiya kapitalı qeydə alınmaması səbəbindən yaşa görə əmək pensiyası təyin edilməsi mümkün hesab edilməmişdir. Həmçinin İddiaçı "Sosial müavinət haqqında" Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə (yaşa görə müavinət - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə) əsasən xx.xx.2024-cü il tarixdən 220 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmişdir. Cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu İddiaçı “yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi"nin rədd edilməsi barədə müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 03 mart 2026-cı il tarixli hazırlıq icraatı ilə bağlı məhkəmə iclasında iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab olunmuşdur. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən iddiaçı X5 iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Yazılı sübutlar: İş materiallarında olan: - Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən ünvan 1 ünvanında yaşayan İddiaçı ünvanlanmış 13 iyun 2024-cü il tarixli, 3-17-9-1/2-H-5377/2024 nömrəli məktubdan məlum olur ki, təqdim edilən sığorta stajına aid müvafiq sənədlərə əsasən X2 ümumilikdə 18 il 6 ay 22 gün stajı mövcuddur. Eyni zamanda fərdi hesabının sığorta hissəsində qeydə alınmış 18641,48 manat pensiya kapitalı tələb olunan 40320 manat pensiya kapitalından 21678,52 manat azdır və əmək pensiyasının minimum məbləğindən (280 manat) az olmayan pensiya təminatına imkan vermir. Həmçinin xx.xx.2006-cı il tarixindən xx.xx.2018ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Ümumi 18 il 6 ay 22 gün sığorta stajı qanunla nəzərdə tutulan 25 il sığorta stajından 6 il 5 ay 8 gün az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. - AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, X5 xx xxxxxx 1955-ci il tarixdə Naxçıvan şəhərində doğulmuşdur. - Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 18 dekabr 2025-ci il tarixli, 3-17-9-1/2-16373/2025 nömrəli məktubla göndərilmiş X2 pensiya işinin surəti iş materiallarına əlavə edilmişdir. Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Pensiya, müavinət və təqaüdlərin təyinatı departamentinin təyinat şöbəsinin əmək pensiyası təyin edən komissiyanın 12 iyun 2024cü il tarixli, 23 nömrəli qərarın surətindən məlum olur ki, X4 yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. - Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 09 yanvar 2026-cı il tarixli, 3- 21-2-24/2-1793/2026 nömrəli məktubdan məlum olur ki, Naxçıvan "xxxx" Açıq Səhmdar Cəmiyyəti Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən X10 Zavodu adı ilə 15 avqust 1994-cü il tarixdə 978 nömrəli şəhadətnamə ilə dövlət qeydiyyatına alınmışdır. Naxçıvan "xxxx" Açıq Səhmdar Cəmiyyəti 17 iyun 2005-ci il tarixdə vergi orqanlarında ********** nömrəli şəhadətnamə ilə uçota alınmış, 08 avqust 2022-ci il tarixdə ləğv edilmiş və həmin qurum Azərbaycan Respublikası kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarılmışdır. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 16 yanvar 2026-cı il tarixli, 3-48-NDA/2-2-76/2026 nömrəli məktubla göndərilmiş İddiaçı X10 Zavodunda işləməsi və əməkhaqqı alması barədə 16 yanvar 2026-cı il tarixli, 3-48-NDA/2-2-Hxx-xx/2026 nömrəli arxiv arayışları və X10 Zavodunun 07 dekabr 1988-ci il tarixli, 577 ”K” nömrəli, 06 noyabr 1990-cı il tarixli, 470 “K” nömrəli, 03 sentyabr 1991-ci il tarixli, 449 “K” nömrəli, 04 dekabr 1992-ci il tarixli, 509 nömrəli, 15 iyul 1998-ci il tarixli, 19”K” nömrəli əmrlərinin təsdiq edilmiş surətləri iş materiallarına əlavə edilmişdir. - Məktuba qoşma edilərək göndərilmiş 15 iyul 1998-ci il tarixli, 19 ”K” nömrəli əmrin surətindən məlum olur ki, işçi qüvvəsinin çatışmaması üzündən işlər lazımi səviyyədə yerinə yetirilmədiyindən, zavod işçilərinə dəfələrlə müaciət olunmasına baxmayaraq zavodda işləməkdən boyun qaçırdıqlarından və zavodla əlaqələrini tam kəsdiklərindən X5 və digərləri işdən azad olunmuşdurlar. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 16 yanvar 2026-cı il tarixli, 3-48-NDA/2-2-H-xx-xx/2026 nömrəli arxiv arayışından məlum olur ki, X10 Zavodunun əməkhaqqı cədvəllərində X2 1989-1993cü illərin müvafiq aylarında əmək haqqı alması göstərilmişdir. Qeyd: X10 Zavodunun 1989-cu ilin iyul-dekabr və 1991-ci ilin mart və iyun aylarına dair əməkhaqqı cədvəllərində adı göstərilmiş, lakin qarşısında əməkhaqqı məbləğləri göstərilməmişdir. 1994-1998-ci illəri əhatə edən dövr üzrə əməkhaqqı cədvəllərində adı göstərilməmişdir. - Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 05 fevral 2026-cı il tarixli, 3-21-2-24/2- 10629/2026 nömrəli məktubla göndərilmiş X10 Zavodu (VÖEN:**********) tərəfindən 1988- 2005-ci illər üzrə ödənilmiş vergi ödənişləri ilə bağlı məlumat iş materiallarına əlavə edilmişdir. Tətbiq edilən hüquq: “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. - 2.0.8-ci maddəsinə əsasən qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inamdır; - 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. - 11.2-ci maddəsinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. - 14.1-ci maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. - 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: - 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 22-1.1-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi şəxsi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası. 4.1. Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:
1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda mühafizə edilən məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən; 4.1.2. 2006-cı il yanvarın 1-dən sonrakı dövr üzrə – dövlət sosial sığorta sistemində fərdi uçot (bundan sonra – fərdi uçot) məlumatlarına əsasən; 4.1.3. işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən iş müddəti – fərdi uçot məlumatlarına əsasən; 4.1.5. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) ... müddəti – hərbi biletə və ya Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, yaxud yuxarıda qeyd olunan orqanların müvafiq arayışına əsasən; Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin əsaslandırması: Əvvəlcə qeyd edilməlidir ki, məhkəmə qərar qəbul edənədək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar üzrə ətraflı araşdırma aparmış, təqdim edilən sübutları tam və hərtərəfli tədqiq etməklə, iddiaçıya qarşı tərəfin dəlillərinə münasibət bildirməsi, etiraz etməsi və məhkəməyə lazımi sübutları təqdim eməsi üçün kifayət qədər imkan yaratmışdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Hazırkı iş üzrə iddiaçının əsas hüquqi marağı ona yaşa görə əmək pensiyasının təyin olunmasına nail olmaqdan ibarətdir. Cavabdeh isə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7ci və 22-1-ci maddələrinə istinad edərək iddiaçının müraciətinin təminindən imtina etmişdir. Qeyd edilməlidir ki, əmək kitabçası əmək fəaliyyəti barədə əsas sənəd hesab edilsə də, onun məlumatlarının mötəbərliyi digər rəsmi sənədlərlə yoxlanıla bilər. Əmək pensiyalarının təyin edilməsi qaydalarını tənzimləyən normativ hüquqi aktlara əsasən əmək kitabçasında göstərilən məlumatların düzgünlüyünə əsaslı şübhələr yarandıqda həmin məlumatlar işəgötürənin əmrləri və arxiv sənədləri ilə üzləşdirilməklə dəqiqləşdirilir. İnzibati məhkəmə icraatında sübutlar məhkəmə tərəfindən onların mötəbərliyi, qarşılıqlı əlaqəsi və iş üçün əhəmiyyəti nəzərə alınmaqla məcmu şəkildə qiymətləndirilir və məhkəmənin daxili inamı yalnız məhkəmə icraatında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. İş materiallarından müəyyən olunur ki, iddaçı xx.xx.1972-ci il tarixdən xx.xx.1973-cü il tarixədək Naxçıvan çörək zavodunda fəhlə vəzifəsində, xx.xx.1973-cü il tarixdən xx.xx.1973-cü il tarixədək birinci dərəcəli qazmaçı vəzifəsində, xx.xx.1974-cü il tarixdən xx.xx.1974-cü il tarixədək çamaşırxanada mexanik vəzifəsində işləmişdir. xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixədək hərbi xidmət keçmiş, xx.xx.1977-ci il tarixdən xx.xx.1987-ci il tarixədək isə Rabitə Nazirliyində kuryer vəzifəsində işləmişdir. Daha sonra iddiaçı 07 dekabr 1988-ci il tarixli, 577 ”K” nömrəli əmrlə Şüşə qablar zavoduna Tərtibat sexinə 2-ci dərəcəli “Şixta verən” təyin edilmişdir. İddiaçıya məxsus əmək kitabçasında onun xx.xx.2005-ci il tarixədək X10 zavodunda işləməsi barədə qeyd aparılmışdır. Lakin iş materiallarına əlavə edilmiş arxiv sənədlərinin qarşılıqlı tədqiqi zamanı müəyyən edilmişdir ki, İddiaçı da daxil olmaqla bir sıra işçilər zavodla uzun müddət faktiki əmək əlaqəsini kəsdiklərinə görə müəssisənin 15 iyul 1998-ci il tarixli, 19 “K” nömrəli əmri ilə işdən azad edilmişlər. Bu hal əmək kitabçasında göstərilən məlumatların mübahisəli dövr üzrə arxiv sənədləri ilə təsdiq olunmadığını göstərir. Həmçinin 16 yanvar 2026-cı il tarixli, 3-48-NDA/2-2-76/2026 nömrəli arxiv arayışından aydın olur ki, iddiaçı ən son 1993-cü ildə əməkhaqqı almış, 1994-1998-ci illərə dair əmək haqqı cədvəllərində adına rast gəlinməmişdir. Nəzərə alınmalıdır ki, işə qəbul və işdən azad olunma, habelə əməkhaqqının hesablanması barədə əmrlər iş stajının təsdiqi üçün əsas sübut mənbələridir. Arxiv sənədlərinin mövcudluğu və həmin sənədlərdə şəxsin adına dair hər hansı qeydin olmaması faktı onun mübahisəli dövrdə göstərilən vəzifədə işləməsini təsdiq edən rəsmi sübutun olmadığını göstərir. Qeyd edilən arxiv arayışlarının əlaqəli təhlilindən aşkar görünür ki, X2 X10 zavodunda əmək stajı 5 il 23 gün olmuşdur. Bununla da onun ümumi əmək stajı 18 il 6 ay təşkil edərək, qanunvericliklə tələb olunan 25 il əmək stajından azdır. Məhkəmə qeyd edir ki, “Əmək pensiyaları haqqında” qanunvericiliyə əsasən yaşa görə əmək pensiyası hüququnun yaranması üçün yaş həddi, tələb olunan sığorta stajı və ya fərdi şəxsi hesabda kifayət qədər pensiya kapitalının mövcudluğu kimi şərtlər kompleks şəkildə qiymətləndirilməlidir. Həmin şərtlərdən hər hansı birinin olmaması pensiya hüququnun yaranmasını istisna edir. Beləliklə, qanunla tələb olunan bütün şərtlər üzrə təkcə yaş şərtinin ödənilməsi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsindəki dispozisiya şərtinin reallaşması üçün yetərli deyil. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçıya yaşa görə əmək pensiyasının təyin olunmasından cavabdehin imtinası qanunazidd hesab edilə və onun Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulmuş sosial təminat hüququnun pozulması kimi qiymətləndirilə bilməz. Odur ki, işin faktiki hallarına və qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı X2 cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası təmin edilməməlidir. Nəticəvi hissə: Göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2, 4.1, 33.1, 58.7, 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
q ə r a r a a l d ı:
İddiaçı X2 cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Elnur Hüseynov