Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-123/2024 28.02.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Muradov Hicran Xasay oğlunun sədrliyi, Məmmədov Kamal Cahangir oğlunun katibliyi, İddiaçı və cavabdeh Şərur Rayon İcra Hakimiyyətinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Şərur Rayon İcra Hakimiyyətinə qarşı “Şərur Rayon İcra Hakimiyyətində işlədiyi illərdə məzuniyyətindən və son hesabından istifadə edə bilmədiyindən Şərur Rayon İcra Hakimiyyətinin üzərinə məzuniyyətə görə 5.440 (beş min dörd yüz qırx), son hesaba görə 5.500 (beş min beş yüz), cəmi 10.940 (on min doqquz yüz qırx) manat kompensasiya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi"nə dair inzibati mübahisə üzrə işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şərur Rayon İcra Hakimiyyətində işlədiyi illərdə məzuniyyətindən və son hesabından istifadə edə bilmədiyindən Şərur Rayon İcra Hakimiyyətinin üzərinə məzuniyyətə görə 5.440 (beş min dörd yüz qırx), son hesaba görə 5.500 (beş min beş yüz), cəmi 10.940 (on min doqquz yüz qırx) manat kompensasiya ödənilməsi öhdəliyinin cavabdeh Şərur Rayon İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı cavabdeh Şərur Rayon İcra Hakimiyyətinə qarşı qaldırdığı iddia hakim X3 icraatına qəbul edilmişdir. İddiaçı məhkəməyə ərizə göndərərək, hakimə etiraz etmiş və iddiaçının vəsatəti təmin olunaraq, 25 sentyabr 2023-cü il tarixli, 2-1(122)-793/2023 nömrəli qərardadla iş hakim Muradov Hicran Xasay oğlunun icraatına qəbul edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə xx.xx.1996-cı ildən xx.xx.2006-cı ilədək Şərur Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləmişdir. Həmin vəzifəyədək isə Naxçıvan MR X5 sərəncamı ilə 1994-cü ilin avqust ayından xx.xx.1996-cı ilədək Şərur Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsində çalışmışdır. Bu müddət ərzində yalnız iki dəfə 2004 və 2005-ci illərdə məzuniyyət hüququndan yararlanmış, Naxçıvan MR Ali Məclisinin sabiq sədri V.Talıbovun göstərişi ilə digər illər üzrə məzuniyyətindən istifadəyə imkan yaradılmamışdır. Cavabdeh orqanın xx.xx.2023-cü il tarixli arayışında Şərur rayon Dövlət Arxivində mühafizə olunan Şərur Rayon İcra Hakimiyyətinin sənədlərinə baxıldığı, 2004 və 2005-ci illərdə məzuniyyətə buraxılma və geri çağrılma haqqında əmrlər olsa da, 1995, 1997, 1998, 1999, 2000, 2001, 2002, 2003 və 2006-cı illərdə məzuniyyət əmrlərinə rast gəlinmədiyi müəyyən olunmuş və iddiaçının məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İddiaçı yuxarıda qeyd olunanlara əsasən, məhkəmədən Şərur Rayon İcra Hakimiyyətində işlədiyi illərdə məzuniyyətindən və son hesabından istifadə edə bilmədiyindən Şərur Rayon İcra Hakimiyyətinin üzərinə məzuniyyətə görə 5.440 (beş min dörd yüz qırx), son hesaba görə 5.500 (beş min beş yüz), cəmi 10.940 (on min doqquz yüz qırx) manat kompensasiya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh inzibati orqan imtinasını onunla əsaslandırmışdır ki, Şərur rayon Dövlət Arxivində mühafizə olunan Şərur Rayon İcra Hakimiyyətinin sənədlərində 2004 və 2005-ci illərdə məzuniyyətə buraxılma və geri çağırılma haqqında əmrlər olsa da 1996, 1997, 1998, 1999, 2000, 2001, 2002, 2003 və 2006-cı illərdə məzuniyyət əmrlərinə rast gəlinməmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 144.2-ci maddəsinə əsasən Əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 144-cü maddəsinin ikinci hissəsinin şərh edilməsinə dair" 2002-ci il 29 noyabr tarixli qərarı ilə AR ƏM-in 144-cü maddəsinin ikinci hissəsini şərh edərək göstərmişdir: “Əmək müqaviləsinə xitam verilərkən 1999-cu il iyul ayının 1-dək istifadə olunmamış məzuniyyətlərə görə pul əvəzi həmin dövrdə qüvvədə olan qanunvericiliklə, həmin tarixdən sonra istifadə olunmamış məzuniyyətlərə görə pul əvəzi isə qüvvədə olan Əmək Məcəlləsinin 144-cü maddəsinin ikinci hissəsinə müvafiq olaraq ödənilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.4-cü maddəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Ümumi iddia müddətinin ötməsi və ötən müddətin bərpası ilə bağlı məsələlər Azərbaycan Respublikası Mülki Məcəlləsinin 382-ci maddəsinə əsasən məhkəmə tərəfindən müəyyən olunduğundan iddiaçının məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Keçirilən məhkəmə iclaslarında İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçinin hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət hüququnun olduğu və iddiaçının həmin müddəti buraxdığı bildirilmişdir. 28 fevral 2023-cü il tarixə təyin edilmiş hazırlıq icraatı ilə bağlı məhkəmə iclasında iştirak edən İddiaçı iddiasının təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Şərur Rayon İcra Hakimiyyətinin nümayəndəsi X2 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.4-cü maddəsinə əsasən iddiaçı tərəfindən iddia müddətinin ötürüldüyünü bildirmiş və iddianın mümkünsüz sayılması barədə müvafiq qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdə keçirərək hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də işə baxan məhkəmə, ilk öncə, mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır və bunu prosesin istənilən mərhələsində həyata keçirə bilər. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli qərarının: - 1.1, 1.2, 1.3-cü bəndlərində qeyd olunan hüquqi mövqeyə görə məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. - 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin: - 1. Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. - 2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. - 3. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. - 4. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. - 6. Bu maddədə göstərilən müddətlər üzrlü səbəblərdən - iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin: - 1.1-ci maddəsinə əsasən yerli icra hakimiyyəti orqanları, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 7-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılır. - 1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin İ hissəsinə uyğun olaraq, yerlərdə icra hakimiyyətini yerli icra hakimiyyətlərinin başçıları həyata keçirirlər. - 1.8-ci maddəsinə əsasən yerli icra hakimiyyəti orqanlarının saxlanılması xərcləri və fəaliyyəti Azərbaycan Respublikasının dövlət büdcəsi (Naxçıvan Muxtar Respublikasında – Naxçıvan Muxtar Respublikasının büdcəsi) və mövcud qanunvericilikdə nəzərdə tutulan digər mənbələr hesabına maliyyələşdirilir. - 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin İİ hissəsinə uyğun olaraq, yerli icra hakimiyyətlərinin başçılarını Azərbaycan Respublikasının Prezidenti vəzifəyə təyin və vəzifədən azad edir. - 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 141-ci maddəsinə uyğun olaraq, Naxçıvan Muxtar Respublikasında yerli icra hakimiyyətlərinin başçılarını Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin təqdimatı əsasında Azərbaycan Respublikasının Prezidenti təyin edir. İddia ərizəsində iddiaçı tərəfindən Şərur Rayon İcra Hakimiyyətində işlədiyi illərdə məzuniyyətindən və son hesabından istifadə edə bilmədiyindən Şərur Rayon İcra Hakimiyyətinin üzərinə məzuniyyətə görə 5.440 (beş min dörd yüz qırx), son hesaba görə 5.500 (beş min beş yüz), cəmi 10.940 (on min doqquz yüz qırx) manat kompensasiya ödənilməsi tələbi irəli sürülmüşdür. Göründüyü kimi, İddiaçı xx.xx.1996-cı il tarixdən xx.xx.2006-cı il tarixədək Şərur Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləmişdir. İddiaçı ilə bağlı əmək münasibətlərinə xitam verildiyi tarix 17 may 2006-cı il olmuş, iddia tələbində həmin illər üzrə cavabdeh tərəfindən pozulmuş hüquqların bərpası xahiş edilmişdir. Lakin qeyd etmək lazımdır ki, iddiaçının iddia qaldırdığı inzibati orqanın hərəkətsizliyi İnzibati Prosessual Məcəllə qüvvəyə minməzdən əvvəlki dövrə aiddir. “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 141-ci maddəsinə uyğun olaraq, Naxçıvan Muxtar Respublikasında yerli icra hakimiyyətlərinin başçılarını Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin təqdimatı əsasında Azərbaycan Respublikasının Prezidenti təyin edir. Odur ki, “Dövlət qulluğu haqqında” Qanunda bu kimi məsələlər tənzimlənmədiyindən Qanunun 34-cü maddəsinə əsasən Əmək Məcəlləsinin müddəaları ilə mübahisəyə hüquqi qiymət verilə bilər. Belə ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin tələbinə görə pul tələbi ilə əlaqədar yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər və göründüyü kimi, iddiaçı 17 may 2006-cı il tarixdən sonra 1 il ərzində pul tələbi ilə bağlı məhkəməyə müraciət etməmişdir. Həmçinin, qeyd olunmalıdır ki, İnzibati Prosessual Məcəllə qüvvəyə minənədək, qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-1-ci fəslində (Dövlət hakimiyyət orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüquqlarına toxunan qeyri-hüquqi hərəkətlərindən şikayətlər) və 1 sentyabr 2000-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 27-ci fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, orqanların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdu. Mübahisə açan tərəf həmin qanunvericilik aktlarının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktlarla müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, 1 yanvar 2011-ci il tarixədək qəbul edilmiş aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 1 yanvar 2011-ci il tarixədək artıq ötürülmüşsə, onlar yeni qanuna istinadla mübahisələndirilə bilməzlər. Belə ki, İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı hərəkət və ya hərəkətsizliyə qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Beləliklə, məhkəmənin yuxarıda şərh olunanlara əsasən gəldiyi qənaətə görə, iddiaçının 1994-2006-cı illər ərzində pozulduğunu irəli sürdüyü konkret hüquqi marağı ilə bağlı məhkəməyə müraciət etməməsi müvafiq subyektiv hüquqa malik olmadığına dəlalət edir. Beləliklə,məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh Şərur Rayon İcra Hakimiyyətinə qarşı “Şərur Rayon İcra Hakimiyyətində işlədiyi illərdə məzuniyyətindən və son hesabından istifadə edə bilmədiyindən Şərur Rayon İcra Hakimiyyətinin üzərinə məzuniyyətə görə 5.440 (beş min dörd yüz qırx), son hesaba görə 5.500 (beş min beş yüz), cəmi 10.940 (on min doqquz yüz qırx) manat kompensasiya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi"nə dair iddiası mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və İPM-in 13, 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə, qəraraaldı: İddiaçı cavabdeh Şərur Rayon İcra Hakimiyyətinə qarşı “Şərur Rayon İcra Hakimiyyətində işlədiyi illərdə məzuniyyətindən və son hesabından istifadə edə bilmədiyindən Şərur Rayon İcra Hakimiyyətinin üzərinə məzuniyyətə görə 5.440 (beş min dörd yüz qırx), son hesaba görə 5.500 (beş min beş yüz), cəmi 10.940 (on min doqquz yüz qırx) manat kompensasiya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi"nə dair iddiası mümkün sayılmır. Qərardaddan, onun təqdim olunduğu gündən 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: HİCRAN MURADOV
Məhkəmə qərarları › İş №2-1(122)-123/2024
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-123/2024
28.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver