Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-123/2025 27.01.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Muradov Hicran Xasay oğlunun sədrliyi, Sadıqov Abbas Nemət oğlunun katibliyi, cavabdeh Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin nümayəndəsi X1 və üçüncü şəxs X2 iştirakları ilə iddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı1 və İddiaçı4 cavabdeh Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinə qarşı “Kəngərli rayonu, Qabıllı kəndində yerləşən 4052,3 m2 həyətyanı torpaq sahəsi üzrə JN-134A nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair" Şəhadətnamədə aparılmış qeydiyyata düzəliş edilərək X2 ailə üzvləri (cəmi 5 nəfər) ilə birlikdə qeydə alınmış həmin torpaq sahəsi üzərində İddiaçı2, İddiaçı3, İddiaçı1 və İddiaçı4 da mülkiyyət hüquqları qeydə alınmaqla çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati mübahisə üzrə işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı1 və İddiaçı4 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Kəngərli rayonu, Qabıllı kəndində yerləşən 4052,3 m2 həyətyanı torpaq sahəsi üzrə JN-134A nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə aparılmış qeydiyyata düzəliş edilərək X2 ailə üzvləri (cəmi 5 nəfər) ilə birlikdə qeydə alınmış həmin torpaq sahəsi üzərində İddiaçı2, İddiaçı3, İddiaçı1 və İddiaçı4 da mülkiyyət hüquqları qeydə alınmaqla hüquq müyyənedici sənədlərin verilməsi öhdəliyinin cavabdeh Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş və İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 27 mart 2024-cü il tarixli, 2- 1(122)-559/2024 nömrəli qərardadı ilə iddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı1 və İddiaçı4 cavabdeh Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı iddia tələbi aşağıdakı variantda icraata qəbul edilmişdir: “Kəngərli rayonu, Qabıllı kəndində yerləşən 4052,3 m2 həyətyanı torpaq sahəsi üzrə JN-134A nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair" Şəhadətnamədə aparılmış qeydiyyata düzəliş edilərək X2 ailə üzvləri (cəmi 5 nəfər) ilə birlikdə qeydə alınmış həmin torpaq sahəsi üzərində İddiaçı2, İddiaçı3, İddiaçı1 və İddiaçı4 da mülkiyyət hüquqları qeydə alınmaqla şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 07 iyun 2024-cü il tarixli, 2- 1(122)-559/2024 nömrəli qərardadı ilə iş üzrə cavabdeh Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti əsl cavabdeh Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi ilə əvəz edilmiş, iddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı1 və İddiaçı4 cavabdeh Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinə qarşı iddia tələbi aşağıdakı variantda icraata qəbul edilmişdir: “Kəngərli rayonu, Qabıllı kəndində yerləşən 4052,3 m2 həyətyanı torpaq sahəsi üzrə JN-134A nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair" Şəhadətnamədə aparılmış qeydiyyata düzəliş edilərək X2 ailə üzvləri (cəmi 5 nəfər) ilə birlikdə qeydə alınmış həmin torpaq sahəsi üzərində İddiaçı2, İddiaçı3, İddiaçı1 və İddiaçı4 da mülkiyyət hüquqları qeydə alınmaqla çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 07 iyun 2024-cü il tarixli, 2- 1(122)-559/2024 nömrəli qərardadı ilə X9, X13, X7, X10 və X11 üçüncü şəxs qismində cəlb edilmişdir. Bundan sonra işin hazırlıq icraatı davam etdirilərək, məhkəmənin 14 avqust 2024-cü il tarixli, 2-1(122)-559/2024 nömrəli sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab edilərək, şifahi məhkəmə baxışı iclası 04 noyabr 2024-cü il tarixə təyin edilmişdir. Həmin tarixə təyin edilmiş məhkəmə iclası iş üzrə müvafiq orqanlara sorğu vermək və iddianın mümkünlüyü ilə bağlı məsələlərin araşdırılması zərurəti yarandırığından təxirə salınmış və iş üzrə növbəti şifahi məhkəmə baxışı iclası 27 yanvar 2025-ci il tarixə təyin edilərək, bu barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı1, İddiaçı4, iddiaçıların vəkili və nümayəndəsi Vəkil, üçüncü şəxslər X3, X4, X11 və X8 lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdirlər. Həmçinin iddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı1, İddiaçı4 və iddiaçıların vəkili və nümayəndəsi Vəkil 29 dekabr 2024-cü il tarixli yardım məktubu ünvanlanaraq bildirilmişdir ki, iddia tələbinin məzmununa əsasən "Torpağın mülkiyyətə verilməsinə dair" Şəhadətnamədə müvafiq düzəliş edilərək iddiaçıların adlarının əlavə edilməsi tələb edilmişdir. İş materiallarına əsasən müəyyən olunur ki, düzəliş edilməsi tələb olunan JN- 134A nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair" Şəhadətnamə Şərur Rayon Aqrar İslahat Komissiyasının 07 mart 1999-cu il tarixli, 06 nömrəli qərarı əsasında elə həmin Komissiya tərəfindən təsdiq olunmuş subyektlər siyahısına uyğun olaraq tərtib edilmiş, daha sonra cavabdeh tərəfindən şəhadətnamədə adları qeyd edilmiş şəxslərin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Şəhadətnamə subyektlər siyahısına uyğun olaraq verildiyindən iddiaçılar, ilk növbədə, torpağın mülkiyyətə verilməsinə dair JN-134A nömrəli şəhadətnamənin verilməsinə əsas olmuş Aqrar İslahat Komissiyasının müvafiq qərarını mübahisələndirməlidirlər. Yalnız şəhadətnamənin verilməsinə əsas olmuş qərarda dəyişiklik edildikdən sonra müvafiq şəhadətnamə və onun əsasında aparılmış qeydiyyat inzibati məhkəmə icraatı çərçivəsində mübahisələndirilə bilər. Yuxarıda göstərilənlərə əsasən iddianın mümkünlük şərtləri ortaya çıxdığından qeyd olunanlarla bağlı müvafiq sübutların məhkəməyə təqdim edilməsi xahiş olunmuşdur. İş materiallarında olan poçt göndərişlərinin izlənməsi sənədindən görünür ki, məhkəmənin 29 dekabr 2024-cü il tarixli yardım məktubu iddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı1 və İddiaçı4 tərəfindən 06 yanvar 2025-ci il tarixdə və iddiaçıların vəkili və nümayəndəsi Vəkil tərəfindən isə 13 yanvar 2025-ci il tarixdə alınmış, lakin həmin məktuba münasibət bildirilməmişdir. Odur ki, məhkəmə iddiaçıların, iddiaçıların vəkili və nümayəndəsinin və üçüncü şəxslərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin nümayəndəsi X12 məhkəməyə ünvanlanmış etiraza uyğun məzmunda izahat verərək, məhkəmədən iddia tələbinin mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X9 iddia tələbinə etiraz edərək iddianın mümkün sayılmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri tədqiq edərək, iş materiallarına əlavə edilmiş sənədləri nəzərdə keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də işə baxan məhkəmə, ilk öncə, mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır və bunu prosesin istənilən mərhələsində həyata keçirə bilər. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair qərarında göstərilmişdir ki, inzibati-iqtisadi məhkəmə daxil olmuş iddia ərizəsində tələblərin inzibati icraat qaydasında baxılmasının mümkünlüyü məsələsini araşdırmağa və iddiaçıya bununla bağlı mövqeyini bildirməyə səlahiyyətlidir. "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 2.3-cü bəndinə əsasən məhkəmələr, ilk növbədə, iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmin Qərarın 8.6-cı maddəsinə əsasən iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-nin sözügedən normasının mahiyyətindən belə anlaşılır ki, inzibati icraat qaydasında baxılan iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüququ və azadlığının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün olsun. Başqa sözlə, iddiaçı inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmaqla bərabər, iddia irəli sürmək üçün subyektiv hüququnun olmasını da əsaslandırmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına əsasən mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub–olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirməsindən söhbət gedə bilməz. İddia ərizəsinin məzmunundan aydın olur ki, iddiaçılar 0.41 ha həyətyanı torpaq sahəsinin Şərur Rayon Aqrar İslahat Komissiyasının 07 mart 1999-cu il tarixli, 06 nömrəli qərarı əsasında X5, X8, X3, X4 və X6 verilməsi barədə JN-134A KOD 10211028 nömrəli torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə aparılmış qeydiyyata düzəliş edilərək həmin torpaq sahəsi üzərində iddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı1 və İddiaçı4 da mülkiyyət hüquqlarının qeydə alınmaqla çıxarışın verilməsini tələb edirlər. İddiaçıların tələbi ilə bağlı qeyd edilməlidir ki, daşınmaz əmlak üzərində hüquq dövlət reyestrində hüquqmüəyyənedici sənədlərə əsasən qeydiyyata alınır, cavabdeh həmin sənədlərin məzmununa bağlıdır və onlara uyğun davranmağa borcludur. Hüquqmüəyyənedici sənədlərin qüvvədə və etibarlı olduğu müddətdə cavabdeh tərəfindən sözügedən hüquqmüəyyənedici sənədlərə əsasən aparılmış qeydiyyatın dəyişikliyi və ya ləğvi tələb oluna bilməz. Hazırkı mübahisəyə münasibətdə mübahisəli torpaq sahəsi Şərur Rayon Aqrar İslahat Komissiyasının 07 mart 1999-cu il tarixli, 06 nömrəli qərarı əsasında verilmiş və mübahisənin predmetini təşkil edən JN-134A KOD 10211028 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin olduğu nəzərə alınmalıdır. Bu baxımdan iddiaçılar, ilk növbədə, hüququn qeydiyyatının əsasında duran hüquqmüəyyənedici sənədləri mübahisələndirməli, yəni mübahisələndirmə haqqında iddia vasitəsi ilə həmin sənədlərin ləğvinə və ya dəyişikliyinə nail olmalı idilər. Lakin bununla bağlı nəzərə almaq lazımdır ki, prosessual qanunun tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə, o cümlədən müddətlə bağlı məhdudiyyətlərə tabedir. Bu baxımdan, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. Mübahisələndirmə haqqında iddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə qaldırılmasıdır. Odur ki, hazırkı mübahisə üzrə iddiaya münasibətdə digər şərtlərlə yanaşı, həm də iddianın iddia müddətinə dair normalara əməl olunmaqla qaldırılması şərti də yerinə yetirilməlidir Hazırkı mübahisə üzrə nəzərə almaq lazımdır ki, işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına əsasən, iddiaçı məhkəməyə müraciət etmək üçün qanunda nəzərdə tutulmuş prosessual müddəti ötürmüşdür. Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr üzrə icraatda iddia müddəti 2000-ci il 1 sentyabr tarixindən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 298-ci maddəsi ilə, 2011-ci il 1 yanvar tarixindən isə mübahisələndirmə haqqında iddialar üzrə iddia müddəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsi ilə tənzimlənir. 2000-ci il 1 sentyabr tarixindən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 298-ci maddəsinə əsasən, şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malik olmuşdur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi qüvvəyə minənədək, yəni xx.xx.2011-ci il tarixədək edilmiş inzibati orqanların hərəkətlərinin (hərəkətsizliyinin) mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti xx.xx.2011-ci ilədək ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməz. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta və ya hərəkətə (hərəkətsizliyə) qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Beləliklə, hər bir halda iddiaçıların qeyd olunan hüquqmüəyyənedici sənədlərin mübahisələndirilməsi imkanını 2011-ci il 1 yanvar tarixinədək itirdikləri də nəzərə alınmalıdır. Həmçinin qeyd olunmalıdır ki, iddiaçılar uzun zaman kəsiyində mübahisələndirmə imkanına malik olmasına rəğmən, həmin zaman kəsiyində bu imkandan yararlanmamış, mümkün hüquqi müdafiə vasitələrindən istifadə etməmişdirlər. Hüquqi müdafiə vasitələrindən istifadə ilə bağlı müddətə əməl olunması şəxsin iradəsinə bağlıdır və onun məsuliyyət sferasına aid edilməlidir. Bu baxımdan şəxs müddətin ötürülməsinin onun təqsirkar davranışına bağlı hüquqi nəticələrini qəbul etməyə borcludur. Müddət məhdudiyyəti konsepsiyası inzibati idarəçilikdə hüquqi təhlükəsizliyin və sabitliyin, habelə mülki dövriyyənin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi məqsədlərinə xidmət edir. Belə ki, hüquqi müəyyənlik və hüquqi sabitlik prinsipləri mübahisəli hüquq münasibətlərinə müəyyən müddətlər çərçivəsində aydınlıq gətirilməsini və həmin münasibətlərin sabitləşməsini tələb edir. Digər tərəfdən, müddət məhdudiyyətinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, həmin hüquq institutu hüquq münasibətləri iştirakçılarını məsuliyyətli olmağa, pozulmuş hüquqlarının müdafiəsi üçün hüquqi müdafiə vasitələrindən və imkanlarından müəyyən olunmuş zaman kəsiyində istifadə etməyə sövq edir. Həmin tələblərə əməl edilməməsinin riski və bununla bağlı nəticələr hüququnun pozulduğunu iddia edən şəxsin məsuliyyət sferasına aiddir. Qeyd olunmalıdır ki, belə şəxslər qanunla müəyyən olunmuş müddətləri üzrsüz səbəblərdən buraxaraq, uzun zaman kəsiyindən sonra iddia qaldırmaqda, nəticədə mülki dövriyyənin sabitliyini və təhlükəsizliyini təhdid altına almaqda haqlı sayıla bilməzlər. Qeyd edilən məsələ ilə bağlı oxşar hüquqi mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 01 may 2024-cü il tarixli, 2-1(102)-384/2024 nömrəli qərarında öz əksini tapmışdır. Həmçinin qeyd olunmalıdır ki, iddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. İddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. İnzibati məhkəmə icraatında məhkəmənin əsas vəzifəsi iddiaçının tələbinin konkret olaraq nədən ibarət olduğunu, onun hüquqlarının cavabdeh tərəfindən hansı qaydada pozulduğunu və iddiaçının subyektiv hüquqa malik olub-olmamasını müəyyənləşdirməkdən ibarətdir. Bununla bağlı iddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı1, İddiaçı4, iddiaçıların vəkili və nümayəndəsi Vəkil məhkəmə tərəfindən yardım edilmiş, iddianın mümkünlüyü ilə bağlı müvafiq sübutların məhkəməyə təqdim edilməsi təklif olunmuş, iddianın mümkünlüyü məsələsinin müzakirə ediləcəyi diqqətə çatdırılmışdır. Məhkəmənin yardım məktubu məlumat üçün cavabdeh inzibati orqana və üçüncü şəxslərə də ünvanlanmışdır. Eyni zamanda, qeyd olunmalıdır ki, inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. İPM-nin 13 və 48-ci maddələrində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin tələbinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Məhkəmə qanunvericiliyin tələbinə əsasən yardım etmək vəzifəsindən çıxış edərək iddiaçı tərəfə müvafiq yardım məktubu ünvanlayaraq iddianın mümkünlük məsələsinə baxılacağını diqqətə çatdırsa da, məktubda qeyd olunan hallar aradan qaldırılması mümkün olmadığından məhkəmə tərəflərin bununla bağlı münasibət bildirilməsindən asılı olmayaraq mümkünlük məsələsinə baxılmışdır. - 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, yuxarıda şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı1 və İddiaçı4 cavabdeh Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinə qarşı “Kəngərli rayonu, Qabıllı kəndində yerləşən 4052,3 m2 həyətyanı torpaq sahəsi üzrə JN-134A nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair" Şəhadətnamədə aparılmış qeydiyyata düzəliş edilərək X2 ailə üzvləri (cəmi 5 nəfər) ilə birlikdə qeydə alınmış həmin torpaq sahəsi üzərində İddiaçı2, İddiaçı3, İddiaçı1 və İddiaçı4 da mülkiyyət hüquqları qeydə alınmaqla çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və İPM-in 13, 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə, qəraraaldı: İddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı1 və İddiaçı4 cavabdeh Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinə qarşı “Kəngərli rayonu, Qabıllı kəndində yerləşən 4052,3 m2 həyətyanı torpaq sahəsi üzrə JN-134A nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair" Şəhadətnamədə aparılmış qeydiyyata düzəliş edilərək X2 ailə üzvləri (cəmi 5 nəfər) ilə birlikdə qeydə alınmış həmin torpaq sahəsi üzərində İddiaçı2, İddiaçı3, İddiaçı1 və İddiaçı4 da mülkiyyət hüquqları qeydə alınmaqla çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası mümkün sayılmır. Qərardaddan, onun təqdim olunduğu gündən 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: HİCRAN MURADOV
Məhkəmə qərarları › İş №2-1(122)-123/2025
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-123/2025
27.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver