Məhkəmə qərarları › İş №2-1(122)-124/2020

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-124/2020

19.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-124/2020 19.11.2020 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Novruzov Səxavət Hüseyn oğlunun sədrliyi, Məmmədov Kamal Cahangir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, iddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi X1 Ruslan Elman oğlunun hərbi travmanın hərbi xidmət vəzifələrinin icrası zamanı almasının və xidmətə yararsızlığının müəyyən olunması tələbi”nə dair iddianın mümkünlüyünün yoxlanılması məsələsinə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı vəkili və nümayəndəsi Vəkil vasitəsilə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi X1 Ruslan Elman oğlunun hərbi travmanın hərbi xidmət vəzifələrinin icrası zamanı almasının və xidmətə yararsızlığının müəyyən olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş və iddianın mümkünlüyünün yoxlanılması ilə bağlı məhkəmə iclası xx xxxxxx 2020-ci il tarixə təyin edilmişdir. İddiaçı vəkili və nümayəndəsi Vəkil ünvanına məhkəmə bildirişi göndərilərək məhkəmə iclasının vaxtı və yeri barədə əvvəlcədən xəbərdarlıq olunmasına baxmayaraq, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdiyini bildirərək iddianın mümkün sayılmasını xahiş etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati prosessual qanunvericiliyin tələblərinə əsasən istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət etməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasını əsaslandırdığı hallarda mümkün hesab edilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli, 05 nömrəli qərarının 1.1, 1.2, 1.3, 1.4 və 2.1-ci bəndlərinə uyğun olaraq məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Həmin Qərarın 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İddianın mümkünlük şərtlərindən biri də həmin iddianın aidiyyəti üzrə düzgün verilməsidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə görə hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Bu normada qeyd edilən “qanunla müəyyən edilmiş məhkəmə” müddəası işlərin aidiyyət qaydalarını, qanuni məhkəmə tərkibinin mövcudluğunu, prosessual şərtləri və s. subyektiv elementləri ehtiva edir. Buna görə də Azərbaycan Respublikasının qanunvericiliyi məhkəmə aidiyyətinin pozulmasına qadağa qoyur və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsində deyilir ki, işlərin Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi və ya əsassız olaraq qanuni hakimin icraatından alınması qadağandır. Məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının prosessual təminatlarına zəmanət verən şərtlərdən biridir. İnzibati mübahisə hüquqi təbiətinə görə mülki və kommersiya mübahisələrdən fərqlənir. İnzibati hüquqi mübahisələr inzibati orqanla (müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr və s.) fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul olunması, ləğv olunması, dəyişdirilməsi, eləcə də inzibati orqanın hərəkət və hərəkətsizliyi ilə bağlı yaranan mübahisələri nəzərdə tutur. Hazırki iş üzrə iddia ərizəsindən məlum olur ki, iddiaçı məhkəmədən hərbi travmanın hərbi xidmət vəzifələrinin icrası zamanı almasının və xidmətə yararsızlığının müəyyən olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Göründüyü kimi iddiaçı məhkəmədən hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr tərəfindən baxılmalıdır. İnzibati mübahisə hüquqi təbiətinə görə mülki mübahisələrdən fərqlənir. İnzibati hüquqi mübahisələr inzibati orqanla (müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr və s.) fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul olunması, ləğv olunması, dəyişdirilməsi, eləcə də inzibati orqanın hərəkət və hərəkətsizliyi ilə bağlı yaranan mübahisələri nəzərdə tutur. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli, 4 saylı qərarında da məhkəmələrin nəzərinə çatdırılmışdır ki, mübahisənin məhkəmə aidiyyəti müəyyənləşdirilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-26-cı və 30-cu maddələri, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2-ci maddəsi, habelə həmin Məcəllənin XV-XİX fəsillərinin aidiyyətlə bağlı müddəaları rəhbər tutulmalıdır. Həmin qərarın 15.3-cü bəndində məhkəmələrə izah olunmuşdur ki, mülki məhkəmə icraatı qaydasında baxılmalı olan mübahisələrə dair iddia mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Həmçinin hazırki iş üzrə iddia ərizəsi düzgün tərtib edilməmiş, cavabdeh düzgün göstərilməmişdir. Belə ki, iddaçı tərəfindən cavabdeh qismində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası göstərilmişdir. Lakin iş materiallarından məlum olur ki, İddiaçı xəstəliyinin hərbi xidmət dövründə alması barədə xx xxxxxxx 2019cu il tarixli, 568 nömrəli qərar və onun sıradankənar hərbi xidmətə yararlı olması barədə xx xxxxxx 2019-cu il tarixli, 2627 nömrəli arayış Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən verilmişdir. Beləliklə, iddiaçının hüquqlarının Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən hansı formada pozulduğunu (inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində) müəyyən etmək mümkün olmamışdır. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, inzibati məhkəmə icraatında cavabdeh qismində bir qayda olaraq, inzibati orqanlar iştirak edirlər. İnzibati orqanların siyahısı isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli, 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı” ilə müəyyən olunmuşdur. Lakin həmin Təsnifatda Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası, o cümlədən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Mərkəzi Hərbi Həkim Komissiyası inzibati orqan kimi göstərilməmiş, lakin Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, onun idarə, şöbə və xidmətləri, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti və Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılış məntəqələri inzibati orqan kimi göstərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx xxxxx 2015-ci il tarixli qərarının 3.4-cü bəndində göstərilmişdir ki, birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər hansı bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Məhkəmə mübahisənin faktiki və hüquqi hallarını iddiaçı ilə müzakirə etmiş, bununla əlaqədar ona zəruri hüquqi yardım göstərmişdir. Beləliklə, məhkəmə iddianın inzibati mübahisə kimi baxılmasının yolverilənliyini araşdıraraq hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi X1 Ruslan Elman oğlunun hərbi travmanın hərbi xidmət vəzifələrinin icrası zamanı almasının və xidmətə yararsızlığının müəyyən olunması tələbi”nə dair iddiası mümkün sayılmamalıdır. Odur ki, iddiaçıya izah edilir ki, hazırki iddia tələbində qaldırdığı məsələnin həlli üçün müvafiq aidiyyəti inzibati orqana rəsmən müraciət etməli, əsassız səbəblərdən xahişi təmin edilmədiyi təqdirdə pozulmuş hüquqlarının bərpası ilə bağlı çatışmayan sənədləri iddia ərizəsinə əlavə etməklə məhkəmədə yenidən iddia qaldırmaq hüquqlarından istifadə edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. “Azərbaycan Respublikasının məhkəmələrində kargüzarlığın aparılmasına dair Təlimat”ın 295-22-ci maddəsinə əsasən iddianın mümkün sayılmaması haqqında qərardad iddia ərizəsinə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər İddiaçı geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 46, 80 və 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi X1 Ruslan Elman oğlunun hərbi travmanın hərbi xidmət vəzifələrinin icrası zamanı almasının və xidmətə yararsızlığının müəyyən olunması tələbi”nə dair iddiası mümkün sayılmasın. İddia ərizəsi və ona əlavə olunmuş sənədlər İddiaçı geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: SƏXAVƏT NOVRUZOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar