Məhkəmə qərarları › İş №2-1(122)-1241/2025

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-1241/2025

10.03.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-1241/2025 10.03.2026 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: X6 Heydər oğlunun sədrliyi, X7 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Təhsildə Keyfiyyət Təminatı Agentliyi” X4rşı "ona məxsus diplomun tanınması və tanınma şəhadətnaməsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbi"nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə Bakı İnzibati məhkəməsinə müraciət edərək ona məxsus diplomun tanınması və tanınma şəhadətnaməsinin verilməsi vəzifəsinin cavabdeh “Təhsildə Keyfiyyət Təminatı Agentliyi” X8 üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 31 oktyabr 2025-ci il tarixli, 2-1(112)-17941/2025 nömrəli qərardadı ilə inzibati iş baxılması üçün aidiyyəti üzrə Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinə göndərilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2020-ci ildə Bakı şəhərində fəaliyyət göstərən "xxxx" MMC ilə X2 Universitetində sosiologiya fakültəsinə daxil olmaq üçün müqavilə bağlamışdır. Müqavilə bağladıqdan sonra sənədləri onlara təqdim edərək Türkiyənin Ərzurum şəhərində yerləşən Atatürk Universitetində qiyabi təhsil almağa başlamışdır. Təhsilinin ilk ili pandemiyaya təsadüf etdiyi üçün dərsləri onlayn qaydada keçmişdir. İkinci tədris ilinin 1-ci semestr imtahanlarını Azərbaycan Dövlət Pedoqoji Universitetində, 2-ci semestr imtahanlarını isə Ərzurum Atatürk Universitetində, 3-cü kurs 1-ci semestr imtahanını yenə Ərzurumda, 2-ci semestr imtahanlarını isə onlayn qaydada vermişdir. 4-cü kurs imtahanlarının hamısını Ərzurum Atatürk Universitetində vermiş, 24 avqust 2024-cü ildə diplom müdafiəsini edərək, oktyabr ayında diplomunu almışdır. Diplomunu əldə etdikdən sonra apostil etdirərək, Azərbaycan Respublikası Təhsil Nazirliyinə təqdim etmişdir. Təhsildə Keyfiyyət Təminatı Agentliyinə diplomunun tanınması ilə bağlı müraciət etsə də, Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən verilmiş NA00041641 nömrəli, 23 sentyabr 2025-ci il tarixli qərarla diplomunun tanınmasından imtina edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunmuş, sərəncamla iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh “Təhsildə Keyfiyyət Təminatı Agentliyi” X9 tərəfindən iddiaya dair məhkəməyə ünvanlanan 22 sentyabr 2025-ci il tarixli yazılı münasibətini onunla əsaslandırmışdır ki, iddiaçı aldığı ixtisasın ölkə ərazisində tanınması üçün şəhadətnamənin verilməsi məqsədilə Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət etmişdir. İş üzrə inzibati icraat Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları"na uyğun olaraq aparılmış, "açıköğretim" təhsilalma forması üzrə tədrisin təşkilinin Azərbaycan Respublikası təhsil qanunvericiliyinə əsasən təhsil prosesinin təşkili üçün nəzərdə tutulan tələblərlə uyğunsuzluq təşkil etdiyi müəyyən olunaraq xx.xx.2025-ci il tarixli qərarla onun müraciəti üzrə imtina qərarı verilmişdir. Belə ki, "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununun 13.1-ci maddəsinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli 75 nömrəli qərarı ilə təsdiq edilmiş "Ali təhsil pilləsinin dövlət standartı və proqramı"nın 5.4-cü bəndinə əsasən ali təhsil pilləsində əyani, qiyabi, distant (məsafədən) və eksternat (sərbəst) təhsilalma formaları müəyyən edilir. İcraat zamanı hazırkı iş üzrə iddiaçıya xarici dövlətin ali təhsil müəssisəsindən verilmiş diplom əlavəsinin 4.1-ci bəndinə əsasən onun təhsil aldığı tədris proqramı üzrə təhsil formasınının "açıköğretim/openlearning" olduğu müəyyən edilmişdir. Göründüyü kimi ərizəçinin təhsil aldığı "açık öğretim" təhsilalma forması Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən edilmiş təhsilalma formaları arasında təsbit olunmamışdır. İddiaçının təhsilalma forması üzrə təhsilin təşkili metodları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş "Ali təhsil pilləsinin dövlət standartı və proqramı"nın tələbləri ilə uyğunsuzluq təşkil edir. Belə ki, ərizəçinin təhsil aldığı açıq təhsil forması tətbiq olunan standartlara görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qiyabi və distant təhsilalma formalarının elementlərini özündə cəmləşdirən bir təhsilalma formasıdır. Azərbaycan Respublikasında ərizəçinin əldə etdiyi təhsil istiqaməti (ixtisas) üzrə belə təhsilalma formasına (qiyabi-distant) yol verilmir. Cavabdeh qeyd olunanlara əsasən İddiaçı Türkiyə Respublikasında fəaliyyət göstərən Atatürk Universiteti tərəfindən ona verilmiş xx.xx.2024-cü il tarixli, 98759 nömrəli diplom ("Sosiologiya"/bakalavr/açıköğretim) üzrə ali təhsilə aid kvalifikasiyanın Azərbaycan Respublikasının ərazisində tanınması haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinin üzərinə qoyulmasına dair iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab olunmuş, şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası 10 mart 2026-cı il tarixə təyin edilmişdir. İddiaçının vəkili və nümayəndəsi və cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən iddiaçının vəkili və nümayəndəsinin, cavabdehin nümayəndəsinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Yazılı sübutlar: İş materiallarında olan: - Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınmasından imtina edilməsi barədə 23 sentyabr 2025-ci il tarixli NA00041641 nömrəli qərarından məlum olur ki, İddiaçı xarici ali təhsilə dair kvalifikasiyasının tanınmasından imtina edilmişdir. - Atatürk Universiteti tərəfindən verilmiş diplom əlavəsindən məlum olur ki, Calalova X1 ixtisası üzrə “açıq öyrənmə” formasında təhsil almışdır. - Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 30 dekabr 2025-ci il tarixli, 3-38-33/2-4837/25 nömrəli məktubla göndərilmiş İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2025-ci il tarixədək dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasındakı məlumatlar iş materiallarına əlavə edilmişdir. - Azərbaycan Respublikası Pedaqoji Universiteti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 22 yanvar 2026-cı il tarixli, 05-10/31 nömrəli məktubdan məlum olur ki, Azərbaycan Respublikası Pedaqoji Universiteti (ADPU) ilə Türkiyə Respublikasının Ərzurum Atatürk Universiteti arasında əldə edilmiş razılığa əsasən həmin universitetin Azərbaycan Respublikasından olan tələbələrinin bəzi imtahanları müvafiq universitetin səlahiyyətli nümayəndələri tərəfindən ADPU-da təşkil olunmuşdur. Bu çərçivədə Atatürk Universitetinin tələbəsi olmuş İddiaçı da 2021-2022-ci tədris ilinin İ semestr imtahanlarını Azərbaycan Respublikası Pedaqoji Universitetində vermişdir. Tətbiq edilən hüquq: “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu: 13.1. Azərbaycan Respublikasında aşağıdakı təhsilalma formaları müəyyən edilir: 13.1.1. əyani; 13.1.2. qiyabi; 13.1.3. distant (məsafədən); 13.1.4. sərbəst (eksternat). 27.4. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. 44.2. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir. Azərbaycan Respublikasında xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması ilə əlaqədar göstərilən xidmətlərə və həmin xidmətlərlə əlaqədar siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən digər xidmətlərə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş məbləğdə xidmət haqqı ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 aprel 2010-cu il tarixli, 75 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”: 5.4. Ali təhsil pilləsində aşağıdakı təhsilalma formaları müəyyən edilir: - əyani; - qiyabi; - distant (məsafədən); - sərbəst (eksternat). 7.3. Ali təhsil müəssisələrində təhsilalanların biliyinin qiymətləndirilməsində aşağıdakı prinsiplər nəzərdə tutulmalıdır: - qiymətləndirmə kriterilərinin ölçüləbilən və etibarlı olması; - qiymətləndirmədə müxtəlif metod və vasitələrdən istifadə olunması; - qiymətləndirmədə ədalətliliyin, obyektivliyin, şəffaflığın təmin olunması və qiymətin əsaslandırılması; - qiymətləndirmədə təhsilalanların özünü qiymətləndirmə bacarığının formalaşması, onlarda öz təlimlərini yaxşılaşdırması istəyinin yaradılması və təlimin keyfiyyətinin yüksəldilməsinə nail olunması. 8.2. Ali təhsil proqramları ali təhsilin səviyyələri üzrə təhsilin məzmununu və mənimsəmə qaydalarını müəyyən edir. 8.4. İxtisaslar (ixtisaslaşmalar) üzrə təhsil proqramlarının strukturu aşağıdakı kimi müəyyən edilir: - ümumi müddəalar; - məzunların ixtisas xarakteristikaları və səriştəliliyi; - ixtisaslaşmaların adları (magistratura səviyyəsinə münasibətdə); - təhsilin məzmununa və səviyyəsinə qoyulan minimum tələblər; - maddi-texniki, tədris bazası və kadr potensialı; - tədris prosesinin forma və metodları; - yekun dövlət attestasiyasına qoyulan tələblər və qiymətləndirmə. 8.7.1. Ali təhsil müəssisəsi tələbələrinin həftəlik maksimal tədris yükünün həcmi 45 saatdır (auditoriya və auditoriyadankənar məşğələlər nəzərə alınmaqla). Həftəlik auditoriya dərsləri bakalavriat səviyyəsində 30, magistratura səviyyəsində isə 16 saatdan çox olmamalıdır. Tədris planında tədris işinin həcmi kredit vahidləri ilə müəyyənləşdirilir və bir kredit 30 saata bərabərdir. 8.7.2. Əyani forma üzrə məcburi auditoriya dərslərinin maksimal həcmi ayrı-ayrı ixtisaslar üzrə təhsil proqramları ilə müəyyənləşdirilir. Qiyabi forma üzrə isə tələbələrin auditoriya dərslərinin həcmi bakalavriat səviyyəsində ildə 180-240, magistraturada isə 120-160 saat nəzərdə tutulur. 8.7.3. Hər tədris ilində təlim müddəti sentyabrın 15-dən başlanır və ixtisas üzrə tədris planına müvafiq olaraq yekunlaşır. 8.7.4. Tədris ili iki semestrdən (payız və yaz) ibarətdir. Bundan əlavə yay tətili müddətində 6 (altı) həftədən çox olmayaraq, yay semestri də təşkil oluna bilər. 8.9. Əlavə ali təhsil, distant təhsil və digər xüsusi təhsilalma formaları üçün müvafiq təhsil proqramları tətbiq edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024cü il tarixli, 2-1(102)-2312/2024 nömrəli Qərarı. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə iddiaçının izahatlarını dinləyib, cavabdeh inzibati orqanın iddia ərizəsinə qarşı təqdim etdiyi sənədlərə və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmənin əsaslandırması: Qeyd edilməlidir ki, məhkəmə qərar qəbul edənədək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar üzrə ətraflı araşdırma aparmış, təqdim edilən sübutları tam və hərtərəfli tədqiq etməklə, iddiaçıya qarşı tərəfin dəlillərinə münasibət bildirməsi, etiraz etməsi və məhkəməyə lazımi sübutları təqdim eməsi üçün kifayət qədər imkan yaratmışdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddiaçının hüquqi marağı ona məxsus diplomun tanınması və tanınma şəhadətnaməsinin verilməsin nail olmaqdan ibarətdir. İşin hallarından məlum olur ki, iddiaçı 2020-ci ildə Türkiyə Respublikasının Ərzurum Atatürk Universitetinin sosiologiya fakültəsinə daxil olaraq təhsil almağa başlamış, 24 avqust 2024-cü ildə diplom müdafiəsini edərək oktyabr ayında diplomunu almışdır. İş materiallarından müəyyən olunur ki, iddiaçının 2020-2024-cü illərdə Türkiyə Respublikasının Ərzurum Atatürk Universitetində aldığı təhsil “açıq öyrətim” formasında olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(102)-2312/2024 nömrəli Qərarında formalaşmış hüquqi mövqeyə əsasən, açıq öyrətim ali təhsil qurumlarında üz-üzrə və distant təhsil istisna olmaqla, tələbələrin və müəllimlərin məkandan asılı olmayaraq qarşılıqlı əlaqəsi və ünsiyyəti olmadan həyata keçirilən təhsil formasıdır. Tələbə tədris zamanı hər hansı dərs, ixtisas dərsi tədris edilmədən, göndərilmiş materiallar əsasında diplom əldə edir. “Distant (məsafədən)” təhsil isə ali təhsil müəssisələrində təlim-tədris prosesinin informasiya və kommunikasiya texnologiyaları əsasında planlaşdırıldığı və həyata keçirildiyi, tələbə ilə müəllimin və tələbələrin öz aralarında qarşılıqlı ünsiyyəti/əlaqəsi əsasında dərslərin şəxsən müəllim tərəfindən eyni mühitdə olma zərurəti olmadan ancaq sinxron şəkildə keçirildiyi təlim-tədris formasıdır. Açıq öyrətim distant təhsilalma formasından fərqli olaraq özündə təhsilalanlarla təhsilverənlərin qarşılıqlı ünsiyyətini ehtiva etmir. Elə bu səbəbdən həm də açıq öyrətim distant təhsilin xüsusi forması kimi də qəbul edilə bilməz. Göründüyü kimi, “açık öyrətim” təhsil “distant (məsafədən)” təhsil ilə eyni olmamaqla fərqli təhsilalma formalarıdır. Qanunvericiliyin tələblərinə görə diplomun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi üçün Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu müəyyən olunmalıdır. Məhkəmə qeyd edir ki, “Təhsil haqqında” Qanunun 13-cü maddəsində əyani, qiyabi, distant (məsafədən), sərbəst (eksternat) təhsilalma forması müəyyən edilmişdir, yəni təhsil qanunvericiliyində “açıq öyrətim” təhsilalma forması nəzərdə tutulmamışdır. Hazırkı iş üzrə, “açıq öyrətim” tədris forması Azərbaycan Respublikasının qanunvericiliyində həmin sahəni tənzimləyən norma və kateqoriyalara uyğun deyil və bu məsələdə Ali Məhkəmənin mövqeyi hüquqi əsas kimi qəbul edilməlidir. Belə ki, xarici ali təhsil müəssisələrindən alınmış diplomların tanınması yalnız qanunla müəyyən edilmiş təhsil formalarına uyğun olduqda mümkündür və Ali Məhkəmənin qeyd edilən mövqeyi bu məsələdə hüquqi əsas rolunu oynayır, belə yanaşma isə məhkəmə qərarlarının sabitliyinin təmin olunmasına xidmət edir. Nəzərə alınmalıdır ki, qanunvericiliklə müəyyən edilmiş təhsil formaları və diplomun tanınması prosedurları konkret və məhdud şəkildə tənzimlənir. Şərh edilən hallara əsasən məhkəmə hesab edir ki, iddiaçının əldə etdiyi təhsil forması qanunla müəyyən edilmiş kateqoriyalara daxil olmadığından cavabdeh inzibati orqanın iddiaçıya məxsus diplomun tanınması və ona tanınma şəhadətnaməsinin verilməsindən imtinası əsaslı olmuşdur. Beləliklə, İddiaçı cavabdeh “Təhsildə Keyfiyyət Təminatı Agentliyi” X4rşı "ona məxsus diplomun tanınması və tanınma şəhadətnaməsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbi"nə dair iddiası təmin edilməməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1, 4.1, 14.1, 32.1, 58.7, 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elnur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar