Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-125/2020 23.12.2020 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Muradov Hicran Xasay oğlunun sədrliyi, Əsgərov Elnar Muxtər oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Şərur Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinə qarşı “müharibə veteranları üçün nəzərdə tutulmuş keçmiş illər (aylar) ərzində ona ödənilməli olduğu halda ödənilməmiş aylıq pul məbləğlərinin cəminin hesablanaraq ona ödənilməsinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati mübahisə üzrə işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında şifahi, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müharibə veteranları üçün nəzərdə tutulmuş keçmiş illər (aylar) ərzində ona ödənilməli olduğu halda ödənilməmiş aylıq pul məbləğlərinin cəminin hesablanaraq ona ödənilməsinin cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Şərur Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tərkibində olmaqla müharibə zonalarında dəfələrlə döyüş əməliyyatlarında iştirak etdiyinə və sonralar bir neçə dəfə Müdafiə Nazirliyinin rəhbərliyinə Müharibə Veteranı adı və vəsiqəsinin əldə etməyi məqsədi ilə ərizələrlə müraciət etsə də, əvvəllər müsbət nəticə əldə edilməmiş və nəhayət məhkəmənin qərarına əsasən ona xx xxxxxx 2019-cu ildə müharibə veteranı adı və vəsiqəsi verilmişdir. Sonra cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Şərur Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinə müraciət edib həmin tarixə kimi ona müharibə veteranı kimi əvvəlki illər (aylar) zamanı ödənilməli olan, lakin əvvəllər ödənilməmiş hər aylıq 45, 55 və 80 manat olmaqla müavinət pullarının cəminin hesablanaraq ona ödənilməsini xahiş etmiş, lakin müsbət nəticə əldə edilməmişdir. Şərur Rayon DSMF-nin şöbəsi 02/336 saylı, xx xxxxxxxx 2020-ci il tarixli məktubu ilə onun haqlı və qanuni xahişindən əsassız olaraq imtina edilmişdir. Göründüyü kimi, göstərilən illərdən bəri müharibə veteranı olsa da, indiyə kimi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin və DSMF-nin səhvi ucbatından hüquqları pozulmuş, həm də müharibə veteranı kimi qanunla nəzərdə tutulmuş və istifadə etməli olduğu halda istifadə edə bilmədiyi imtiyazlardan, o cümlədən keçən illər (aylar) ərzində xeyli məbləğdə müavinət məbləğlərini almaqdan məhrum edilmişdir. Hesab edir ki, müharibə veteranları üçün nəzərdə tutulmuş, keçmiş illər (aylar) ərzində ona ödənilməli olduğu halda ödənilməmiş aylıq pul məbləğlərinin cəminin hesablanaraq ona ödənilməsi məhkəmə tərəfindən cavabdeh DSMF-nin Şərur rayon şöbəsinə həvalə edilməlidir. Atəşkəsdən əvvəlki illər ərzində döyüş əməliyyatlarında iştirak etsə də, həmin vaxtdan indiyə kimi, əslində müharibə veteranı olduğuna, yəni imtiyazlardan və müavinətlərdən istifadə etmək hüququnun olduğuna baxmayaraq, onları almalı olduğu halda, ondan asılı olmayan səbəblərdən ala bilməmişdir. Beləliklə, qeyd etdiyi kimi onun, yəni döyüş əməliyyatlarında iştirak etmiş şəxsin müharibə veteranı hesab edilməsi, onun həmin vəsiqəni bir neçə ildən sonra aldığı vaxtda deyil, müharibə dövründə döyüş əməliyyatlarında iştirak etdiyi vaxtda, dövrdə, yəni indiki zamandan xeyli əvvəl 1990-cı illərdə yaranmışdır. Hesab edir ki, işin faktiki hallarına əsasən döyüş əməliyyatlarında iştirak etmiş şəxs üçün müharibə veteranı adının rəsmi olaraq verilməsi xeyli sonra (onun üçün isə xx xxxxxx 2019-cu il tarixdə) baş tutsa da, onun veteranlıq hüququ döyüş əməliyyatlarında iştirak etdiyi vaxtdan artıq yaranmış hesab edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti iş üzrə cavabdehə göndərilmiş, cavabdehdən iddiaya dair münasibətini yazılı şəkildə bildirməsi tələb olunmuşdur. Cavabdeh inzibati orqan tərəfindən xx xxxxxx 2020-ci il tarixdə məhkəməyə daxil olmuş xx xxxxxx 2020-ci il tarixli iddia ərizəsinə münasibət məktubunda göstərilmişdir ki, Şərur rayonu, Axaməd kənd sakini İddiaçı xx.xx.2020-ci ildə mərkəzə müharibə veteranı olması ilə əlaqədar müraciət etmişdir. Vətəndaş şəxsən qəbul edilmiş və lazım olan sənədlərin təqdim olunması və təyinatla əlaqədar olaraq təlimatlandırılmışdır. Vətəndaş İddiaçı müharibə veteranı ilə əlaqədar olaraq təqdim etdiyi sənədlərdən (m/v vəsiqəsi və SHXÇDX-nin arayışı) məlum olmuşdur ki, o, xx.xx.2019-cu ildən müharibə veteranı statusu almışdır. “Sosial müavinətlər haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 9.1-ci bəndinə əsasən müavinətlər ən çoxu müraciət etməzdən əvvəlki 3 il üçün ödənilməklə aylıq müavinətlər müraciət etmə vaxtından asılı olmayaraq, bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. Bu qanuna uyğun olaraq vətəndaş İddiaçı xx.xx.2020-ci ildə mərkəzə müraciət etməsinə baxmayaraq onun müharibə veteranı kimi hüququ xx xxxxxx 2019-cu ildən yarandığı üçün qanunamüvafıq olaraq ona həmin tarixdən təyinat aparılmış və təqaüd ödənilmişdir. Məlumat üçün bildirilir ki, "Müharibə veteranlarına Azərbaycan Respublikasının Prezidentinin təqaüdünün təsis edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin Fərmanına əsasən xx xxxxx 2019-cu ildən müharibə veteranlarının aylıq təqaüdü 80 (səksən) manat müəyyən olunmuşdur. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra işin şifahi məhkəmə baxışına keçirilməsi üçün kifayət qədər əsaslar olduğu nəzərə alınaraq şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası xx xxxxxx 2020-ci il tarixə təyin olunmuşdur. İddiaçı məhkəmə iclasının vaxtı və keçiriləcəyi yeri barədə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, heç bir üzrlü səbəb göstərmədən məhkəmə baxışı iclasında iştirak etməmişdir. Cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Şərur Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin ünvanına məhkəmə iclasının vaxtı və keçiriləcəyi yeri barədə məhkəmə bildirişi göndərilmiş, lakin, cavabdeh iştirakları olmadan məhkəmə iclasının keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələbinə əsasən məhkəmə işə iddiaçı və cavabdehin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X2 izahat verərək, iddiaçının onun atası olduğunu, 2019-cu ildə atasının veteran vəsiqəsi aldığını, atasının tələbinin müharibə veteranları üçün nəzərdə tutulmuş keçmiş illər (aylar) ərzində ona ödənilməli olduğu halda ödənilməmiş aylıq pul məbləğlərinin cəminin hesablanaraq ona ödənilməsi tələbi olduğunu bildirərək, həmin tələbi və iddia ərizəsində yazılanları müdafiə edərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsinə cavabdehin imtina məktubunu, şəxsiyyət vəsiqəsinin surətini əlavə etmişdir. Həmin sənədlərin və materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsi) hesab edir ki, iddia rədd olunmalıdır. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1, 2.1 və 8.1.4-cü maddələri). İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldıraraq cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. İddia mahiyyəti üzrə uğurlu deyildir, yəni əsassızdır. Belə ki, İddiaçı əvvəllər xx.xx.2020-ci ildə mərkəzə müraciət etməsinə baxmayaraq onun müharibə veteranı kimi hüququ xx xxxxxx 2019-cu ildən yarandığı üçün qanunamüvafıq olaraq onun barəsində həmin tarixdən təyinat aparılmış və təqaüd ödənilmişdir. İddiaçı isə hesab edir ki, müharibə veteranları üçün nəzərdə tutulmuş keçmiş illər (aylar) ərzində ona ödənilməli olduğu halda ödənilməmiş aylıq pul məbləğlərinin cəminin hesablanaraq ona ödənilməsi cavabdehə həvalə edilməlidir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsassızdır. Belə ki, iş materiallarında olan: - Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Şərur Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin İddiaçı ünvanlandığı xx xxxxxxxx 2020-ci il tarixli, 02/336 nömrəli cavab məktubundan görünür ki, ona verilən müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin yaratdığı müvafiq komissiyanın rəyi əsasında verilmişdir. İddiaçı təqdim etdiyi sənədlər tərəflərindən araşdırılmış və məlum olmuşdur ki, Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şərur rayon İdarəsinin xx xxxxxx 2020-ci il tarixli, 289 nömrəli arayışına, eyni zamanda Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin verdiyi M/V N 087149 vəsiqəsinə əsasən ona xx xxxxxx 2019-cu ildən Azərbaycan Respublikasının “Müharibə veteranı” olduğu, Şərur rayon Əhalinin Sosial Müdafiə Mərkəzi tərəfindən buna uyğun olaraq xx xxxxxx 2019-cu ildən müharibə veteranı kimi Prezident təqaüdü təyin edilmişdir. - AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx xxxx 1959-cu ildə Şərur rayonu, Axaməd kəndində doğulmuş İddiaçı Şərur rayonu, Axaməd kəndində yaşayır. İşin hallarından müəyyən olunduğu kimi iddiaçıya Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən müharibə veteranı vəsiqəsinin verildiyi xx.xx.2019-cu il tarixdən etibarən cavabdeh tərəfindən müharibə veteranları üçün nəzərdə tutulan 80 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin olunmaqla ödənilməsi həyata keçirilir. Hazırkı mübahisə isə "Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanı qəbul olunanadək qanunvericilikdə müharibə veteranları üçün nəzərdə tutulmuş müavinətin iddiaçıya əvvəlki illər üzrə ödənilməsinin mümkünlüyü ilə bağlıdır. Cavabdehin mövqeyinə görə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli, 641 nömrəli Fərmanı ilə xx.xx.2019-cu ilədək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan müharibə veteranlarına həmin sosial müavinətin əvəzinə Azərbaycan Respublikası Prezidentinin aylıq 80 manat məbləğində təqaüdü təsis edilmiş, beləliklə, müharibə veteranları üçün əvvəllər kommunal və digər xidmətlərin ödənilməsi üçün nəzərdə tutulan güzəştlər sonradan aylıq müavinətlərlə əvəz olunmuşdur. Qanunvericilikdə həmin güzəştlərin veteran vəsiqəsi təqdim olunduqda həyata keçirilməsi qaydası təsbit edildiyindən, vəsiqənin verildiyi tarix həmin müavinətləri almaq hüququnun yaranma anı kimi hesab edilməlidir. Odur ki, müvafiq vəsiqənin verildiyi tarixdən əvvəlki illərə görə də müavinət ödənilməsinin qərara alınması qanuni və əsaslı deyildir. Məhkəmə qeyd edir ki, "Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanı qəbul edilənədək qanunvericiliyə uyğun olaraq müharibə veteranlarına sosial müavinətlər təyin edilirdi, o cümlədən əvvəlki üç il üçün ödəmələrin aparılması təmin edilirdi. Belə ki, "Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsində müavinətin ödənilməsi və onun təyin edilməsi anlayışları fərqləndirilmişdir. Buna görə, şəxsin müharibə veteranı statusu əldə etməsi və bundan irəli gələn sosial müavinət almaq hüququnu qazanması müharibə veteranı vəsiqəsini aldığı andan yaranır. Odur ki, həmin müavinətlər onu almaq hüququnun yarandığı andan təyin edilməlidir. Lakin Qanun müavinətin təyin edilməsi anını həll etməklə yanaşı, həm də müəyyən etmişdir ki, sözügedən müavinətlər müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməlidir. Bu isə o anlama gətirir ki, müavinət vəsiqənin alındığı gündən təyin edilsə də, şəxsə bu zaman əvvəlki üç il üçün müvafiq ödəmələr aparılmalıdır. Çünki Qanun birmənalı şəkildə müharibə veteranı vəsiqəsi təqdim edildikdən sonra inzibati orqan tərəfindən hər iki hərəkətin eyni anda birgə aparılmalı olduğunu müəyyən edir – yəni, həm müavinətin ödənilməsinə başlanılması üçün təyinat aparılmalı, həm də əvvəlki üç il üçün ödəmələr edilməlidir. Beləliklə, "Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsi inzibati orqan üçün belə bir vəzifə müəyyən edir ki, o, müavinətin ödənilməyə başlanılmasına əsasən verən təyinatı vəsiqənin alındığı gündən təyin etməli, bu zaman həm də əvvəlki üç il üçün ödəmələri aparmalıdır. Lakin yuxarıda da qeyd edildiyi kimi “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanı qəbul edildikdən sonra müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmiş, onun aylıq məbləği 80 manat müəyyən olunmuş, eləcə də Fərmanın xx.xx.2019-cu il tarixindən tətbiq ediləcəyi təsbit edilmişdir. Həmin Fərmanın 2.1.1-ci bəndinə əsasən, sözügedən təqaüd 2019-cu il aprelin 1dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan şəxslərə həmin sosial müavinətin əvəzinə, əmək pensiyası alan və döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarına (Böyük Vətən müharibəsi iştirakçıları istisna olmaqla), habelə döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçulara əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə verilir. Həmin Fərmanın 2.1.2-ci maddəsinə əsasən, dövlət büdcəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə nəzərdə tutulmuş xərclər hesabına həmin nazirlik tərəfindən ödənilir. Bundan başqa, “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2013-cü il tarixli, 973 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli, 640 nömrəli Fərmanına əsasən, "Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2013-cü il tarixli, 973 nömrəli Fərmanın, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə 55 manat məbləğində sosial müavinət verilməsini nəzərdə tutan 1.1.7-ci yarımbəndi ləğv edilmişdir. Azərbaycan Respublikası Prezidentinin yuxarıda göstərilən xx.xx.2019-cu il tarixli, 640 nömrəli Fərmanının 3-cü bəndinə əsasən, bu Fərman xx.xx.2019-cu il tarixindən tətbiq edilir. Beləliklə, xx xxxxx 2019-cu il tarixdən qüvvəyə minmiş qanunvericilikdəki yeni tənzimləmələrə görə müharibə veteranlarına əvvəllər verilən sosial müavinətin əvəzinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmişdir. Bununla da, qeyd olunan tarixdən sonra müharibə veteranı adı və vəsiqəsi almış şəxslərə ünvanlı ödəniş kimi müavinət yox, Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilməyə başlanılmışdır. Odur ki, müharibə veteranlarına aylıq verilməsi nəzərdə tutulmuş bu vəsait artıq sosial müavinət statuslu ödəniş deyildir və müvafiq olaraq həmin ödənişə münasibətdə Sosial müavinətlər haqqında” Qanunun müddəaları tətbiq olunmaqla əvvəlki illər üçün ödəmələrin aparılması yolverilməzdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Məhkəmə belə hesab edir ki, İddiaçı iddia tələbinin əsaslığını sübut etməli olduğu halda bunu edə bilməmiş və cavabdeh inzibati orqanın hərəkətləri qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Şərur Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinə qarşı “müharibə veteranları üçün nəzərdə tutulmuş keçmiş illər (aylar) ərzində ona ödənilməli olduğu halda ödənilməmiş aylıq pul məbləğlərinin cəminin hesablanaraq ona ödənilməsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası rədd olunmalıdır. Nəticəvi hissə: Göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1, 34.1, 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Şərur Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinə qarşı “müharibə veteranları üçün nəzərdə tutulmuş keçmiş illər (aylar) ərzində ona ödənilməli olduğu halda ödənilməmiş aylıq pul məbləğlərinin cəminin hesablanaraq ona ödənilməsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası rədd olunur. Qərardan, inzibati məhkəmə icraatının iştirakçıları tələblərinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 (otuz) gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: HİCRAN MURADOV
Məhkəmə qərarları › İş №2-1(122)-125/2020
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-125/2020
23.12.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver