Məhkəmə qərarları › İş №2-1(122)-125/2022

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-125/2022

03.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-125/2022 03.10.2022 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Novruzov Səxavət Hüseyn oğlunun sədrliyi, Məmmədov Kamal Cahangir oğlunun katibliyi, İddiaçı, cavabdeh “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Babək rayon idarəsinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Babək rayon idarəsinə qarşı “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Babək rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyanın 31 mart 2022-ci il tarixli, 982 nömrəli qərarının ləğv edilməsi tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 11 iyun 1997-ci il tarixdən 28 aprel 2009-cu ilə tarixədək X15 Restoranları idarəsinin direktoru vəzifəsində işlədiyi dövr nəzərə alınmaqla həmin dövrlərin sosial sığorta stajı kimi yaşa görə əmək pensiyasının üzərinə hesablanması öhdəliyinin cavabdeh “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Babək rayon şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 17 iyun 1997-ci il tarixində 07 nömrəli əmr əsasında Naxçıvan Şəhər İcra hakimiyyətinin 263 nömrəli sərəncamı ilə X15 Restoranları idarəsinin direktoru vəzifəsinə təyin edilmiş, öz ərizəsi əsasında 28 aprel 2009-cu il tarixində 15 nömrəli əmrlə işdən azad olunmuşdur. 2009-cu il tarixində ona ikinci qurp əlliliyə görə pensiya müəyyən olunmuş, 2018-ci il tarixində öz razılığı əsasında yaşa görə əmək pensiyası ilə əvəz olunmuşdur. Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Babək rayon şöbəsi tərəfindən 1997-ci il tarixdən 2006-cı il tarixədək X15 Restoranları idarəsinin direktoru vəzifəsində işləməyi barədə arxiv arayışı olmadığından həmin illər hesablanaraq pensiyasından kəsilmişdir. Əmək kitabçasını Naxçıvan MR Dövlət Sosial Müdafiə Fondunun Babək rayon şöbəsinə təqdim etsə də, ona Naxçıvan Muxtar Respublikası Dövlət Arxivindən həmin illər barədə arayış alıb təqdim edildikdən sonra hesablanacağı bildirilmişdir. O, Naxçıvan Şəhər Dövlət Arxivinə müraciət etmiş, Naxçıvan Şəhər Dövlət Arxivi tərəfindən 06 mart 2022-ci il tarixində arayış verilərək Azərbaycan Dəmir X9 Restoranının sənədlərinə baxılıb İddiaçı xx.xx.1997-ci il tarixli 7 nömrəli əmrlə "müdir" təyin edildilməsinin əmr kitabında göstərlidiyi, lakin 2006-cı ilə dair əmr kitablarının Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinə təhvil verilmədiyi bildirilmişdir. İddiaçı yenidən 28 mart 2022-ci il tarixində Naxçıvan Muxtar Respublikası Dövlət Arxivivinə müraciət etmiş, 06 mart 2022-ci il tarixli arxiv arayışından fərqli olaraq, Azərbaycan Dəmir X9 Restoranının sənədlərinə baxılıb İddiaçı xx.xx.1997-ci il tarixli 7 nömrəli əmrlə "müdir" təyin edildilməsinin, məzuniyyətə buraxılmasının, xx.xx.1998-ci il tarixli, 32 nömrəli əmrlə məzuniyyətdən geri qayıtmasının, xx.xx.2001-ci il tarixli, 60 nömrəli əmrlə komisiyyanın üzvü olmasının əmr kitabında göstərildiyi qeyd edilmişdir. İddiaçı 1997-ci il tarixindən 2009-cu il tarixinədək fasiləsiz X15 Restoranları idarəsinin direktoru vəzifəsində işləmiş, işlədiyi tarixlər əmək kitabçasında qeyd olunmuşdur. İddiaçı Babək rayon Cəhri qəsəbə sakini İddiaçı yuxarıda qeyd olunanlara əsasən məhkəmədən 11 iyun 1997-ci il tarixdən 28 aprel 2009-cu ilədək X15 Restoranları idarəsinin direktoru vəzifəsində işlədiyi dövr nəzərə alınmaqla həmin dövrlərin sosial sığorta stajı kimi yaşa görə əmək pensiyasının üzərinə hesablanması öhdəliyinin “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” Babək rayon şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunmuş, iddianın mümkünlüyünün yoxlanılması ilə bağlı məhkəmə iclası 13 may 2022-ci il tarixə təyin edilmişdir. 13 may 2022-ci il tarixə təyin olunmuş iddianın mümkünlüyünün yoxlanılması ilə bağlı məhkəmə iclasında İddiaçı cavabdeh “Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Babək rayon şöbəsinə qarşı iddia tələbini dəqiqləşdirdiyini, hazırki iddia tələbinin “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Babək rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyanın 31 mart 2022-ci il tarixli, 982 nömrəli qərarının ləğv edilməsi” olduğunu bildirərək, həmin tələb üzrə işə baxılmasını xahiş edib 13 may 2022-ci il tarixli yeni iddia ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmənin protokol qərarı ilə 13 may 2022-ci il tarixli yeni iddia ərizəsi iş materiallarına əlavə edilmişdir. Bundan sonra işin hazırlıq icraatına başlanılaraq məhkəmənin 13 may 2022-ci il tarixli, 2-1(122)-125/2022 nömrəli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Babək rayon şöbəsi iddiaya dair məhkəməyə ünvanlanan 07 iyun 2022-ci il tarixli, 03/482 nömrəli yazılı münasibətini onunla əsaslandırmışdır ki, xx xxxx 1954-cü il tarixdə anadan olmuş, Babək rayon Cəhri kəndində qeydiyyatda olmaqla, faktiki olaraq orada yaşayan İddiaçı 2009-cu il tarixdən İİ qrup əlil kimi əmək pensiyası təyin edilmişdir. Lakin 2018-ci il tarixdə iddiaçının ərizəsi nəzərə alınaraq "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Babək rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyasının 27 aprel 2018-ci il tarixli, 81 nömrəli qərarına əsasən 01 may 2018-ci il tarixdən etibarən "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə müvafiq olaraq ona yaşa görə 235,09 manat məbləğində əmək pensiyası təyin edilmişdir. İddiaçı təqdim etdiyi əmək kitabçasındakı qeydlərə əsasən hərbi xidmət dövrü də nəzərə alınmaqla, onun 01 yanvar 2006-cı il tarixədək 24 il 10 ay ümumi iş stajı vardır. X16 şöbəsi tərəfindən Babək rayon şöbəsində pensiya təyinatının qanunvericiliyə uyğunluğunun yoxlanılması zamanı məlum olmuşdur ki, iddiaçı 1997-ci il tarixdən 2006-cı il tarixədək X4 Restoranlar Birliyində işlədiyi dövrə aid əmək haqqı və arxiv arayışı təqdim etmədiyi halda, həmin dövrlər iş stajı olaraq əmək pensiyasının hesablanması zamanı nəzərə alınmışdır. Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinin təqdim etdiyi 28 mart 2022-ci il tarixli, 13/421 nömrəli arayışda İddiaçı xx.xx.1997-ci il tarixli, 7 nömrəli əmrdə Azərbaycan Dəmir Yolları X2 Birliyində "müdir" vəzifəsinə təyin edilməsi, xx.xx.1998-ci il tarixli, 31 nömrəli əmrlə məzuniyyətə buraxılması və xx.xx.1998-ci il tarixli, 32 nömrəli əmrlə məzuniyyətdən qayıtması qeyd edilmişdir. Həmin arayışın qeyd hissəsində X2 Birliyinin 1995-ci il tarixdən 2006-cı il tarixədək olan illərə dair əməkhaqqı və əmr kitablarının Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinə təhvil verilmədiyi göstərilmişdir. Beləliklə, İddiaçı aylıq 68,20 manat olmaqla ümumilikdə 2637,40 manat məbləğində artıq pul vəsaiti ödənilmişdir. Bu səbəbdən də 01 mart 2022-ci il tarixdən etibarən iddiaçının əmək pensiyası yenidən hesablanmış və aylıq pensiya məbləği qanunvericiliyə uyğun olaraq 283,30 manat müəyyən edilmişdir. 1992-ci ilin yanvarın 1-dən 2006-cı il yanvarın 1-dək sığorta stajının hesablanmasında qanunvericiliklə müəyyən edilmiş qaydada başlıca tələb məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi hesab olunduğundan, həmin dövrlər əmək kitabçasında qeyd olunmaqla bərabər, eyni zamanda əməkhaqqı alınması haqqında arxiv arayışları ilə də təsdiq olunmalıdır. Ona görə ki, məcburi dövlət sosial sığorta haqqı, şəxslərin almış olduqları əməkhaqqı əsasında ödənilir, yəni əməkhaqqı alınmamış dövr məcburi dövlət sosial sığorta haqqı ödənilməmiş dövr hesab olunur və əmək pensiyası təyinatı zamanı həmin dövrlər sığorta stajına daxil edilmir. Nəzərə alınmalıdır ki, pensiya təminatı sisteminin hər bir iştirakçısının ödədiyi sığorta haqlarının onun alacağı pensiya məbləğinə mütənasib olmasının təmin edilməsi qüvvədə olan pensiya qanunvericiliyinin əsas məqsədlərindən biridir. Qanunvericilikdə əmək pensiyalarının təyin edilməsi üçün müəyyən edilmiş zəruri şərtlərdən olan sığortaolunanın sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrləri ilə əlaqələndirilmiş və həmin iş dövrlərinin nəzərə alınması üçün məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi əsas şərt kimi təsbit edilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, İddiaçı "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə fondu" publik hüquqi şəxsin Babək rayon şöbəsinə qarşı "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə fondu" publik hüquqi şəxsin Babək rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyasının 31 mart 2022-ci il tarixli, 982 nömrəli qərarının ləğv edilməsi tələbi"nə dair qaldırdığı iddia əsassız olduğundan iddia tələbinin rədd edilməsi barədə müvafiq qərar qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin 07 sentyabr 2022-ci il tarixli, 2-1(122)-125/2022 nömrəli sərəncamı ilə işin şifahi məhkəmə baxışına keçirilməsi üçün kifayət qədər əsaslar olduğu nəzərə alınaraq şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası 03 oktyabr 2022-ci il tarixə təyin olunmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Babək rayon idarəsinin nümayəndəsi X3 cavabdeh tərəfindən məhkəməyə ünvanlanan məktublara uyğun izahat verərək məhkəmədən iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. 07 sentyabr 2022-ci il tarixə təyin edilmiş hazırlıq icraatı ilə bağlı məhkəmə iclasında X13 şahid qismində ifadə verərək və ona ünvanlanan sualları cavablayaraq 1980-ci ildə X2 Birliyində bufet icarəyə götürərək bufetçi işlədiyini, İbrahim müəllimi 1990cı ildən tanıdığını, onun X4 Restoranlar Birliyinin müdiri vəzifəsində işlədiyini bildirmişdir. Həmin məhkəmə iclasında X10 şahid qismində ifadə verərək və ona ünvanlanan sualları cavablayaraq X2 Birliyinin bufetində 1975-ci ildən yollar bağlananadək işlədiyini, İddiaçı X2 Birliyinin müdiri kimi tanıdığını, İddiaçı təxminən 1997-ci ildə əvvəlki müdir Firudin müəllimdən sonra Restoranlar Birliyinə müdir kimi təqdim olunaraq fəaliyyətə başladığını bildirmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, cavabdeh inzibati orqanın iddia ərizəsinə qarşı təqdim etdiyi sənədlərə və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Babək rayon şöbəsi tərəfindən Babək rayon Cəhri qəsəbəsində yaşayan İddiaçı ünvanlanmış 04 aprel 2022-ci il tarixli, 03/282 nömrəli məktubdan məlum olur ki, ona "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə müvafiq olaraq 27 aprel 2018-ci il tarixdə, 01 may 2018-ci il tarixdən etibarən 254 manat 09 qəpik əmək pensiyası təyin edilmişdir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. İddiaçı 1997-2006-cı illərdə X2 Birliyində işləməsi faktı arxiv arayışlarında öz əksini tapmadığından, ümumi əmək stajı 34 il 11 ay 24 gündən, 24 il 10 ay 3 günə enmişdir. Onun stajına uyğun olaraq təyin olunmuş əmək pensiyasının məbləği 254 manat 09 qəpikdən 204 manat 80 qəpiyə enmişdir. Nəticədə İddiaçı 2637,40 manat artıq pul vəsaiti ödənilmişdir. 01 yanvar 2022-ci il tarixdən etibarən onun pensiyasının aylıq məbləği qanunvericiliyə uyğun olaraq 283 manat 30 qəpik olmalıdır. - "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Babək rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyanın 31 mart 2022-ci il tarixli, 982 nömrəli qərarından məlum olur ki, xx xxxx 1954-cü il tarixdə anadan olmuş, Babək rayon Cəhri qəsəbəsində qeydiyyatda olmaqla orada yaşayan İddiaçı "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Babək rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyanın 27 aprel 2018-ci il tarixli, 81 nömrəli qərarına əsasən 01 may 2018-ci il tarixdən etibarən "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə müvafiq olaraq yaşa görə 235,09 manat məbləğində əmək pensiyası təyin edilmişdir. İddiaçı təqdim etdiyi əmək kitabçasındakı qeydlərə əsasən onun ümumi iş stajı 34 il 11 ay 24 gün təşkil etmişdir. Aparılan araşdırma zamanı müəyyən olunmuşdur ki, vətəndaş İddiaçı 1997-2006-cı illərdə X2 Birliyində işləməsi faktı arxiv arayışlarında öz əksini tapmadığı üçün, İddiaçı sığorta stajı 34 il 11 ay 24 gündən, 10 il 1 ay 21 gün azalaraq 24 il 10 ay 3 gün müəyyən olunmuşdur. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyasının təyinatı zamanı sığorta stajı hesablanarkən Qanunun 21-ci maddəsi ilə müəyyən edilən iş və ya digər fəaliyyət müddətləri ümumi iş stajı tərkibinə daxil edilir. Həmin Qanunun 31.2-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-ci il 01 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Beləliklə, 1992-ci ilin yanvarın 1-dən 2006-cı il yanvarın 1-dək sığorta stajının hesablanmasında qanunvericiliklə müəyyən edilmiş qaydada başlıca tələb məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi hesab olunduğundan, həmin dövrlər əmək kitabçasında qeyd olunmaqla bərabər, eyni zamanda əməkhaqqı alınması haqqında arxiv arayışıları ilə də təsdiq olunmalıdır. Ona görə ki, məcburi dövlət sosial sığorta haqqı, şəxslərin almış olduqları əməkhaqqı əsasında ödənilir, yəni əməkhaqqı alınmamış dövr məcburi dövlət sosial sığorta haqqı ödənilməmiş dövr hesab olunur və əmək pensiyası təyinatı zamanı həmin dövrlər sığorta stajına daxil edilmir. Nəzərə alınmalıdır ki, pensiya təminatı sisteminin hər bir iştirakçısının ödədiyi sığorta haqlarının onun alacağı pensiya məbləğinə mütənasib olmasının təmin edilməsi qüvvədə olan pensiya qanunvericiliyinin əsas məqsədlərindən biridir. Qanunvericilikdə əmək pensiyalarının təyin edilməsi üçün müəyyən edilmiş zəruri şərtlərdən olan sığortaolunanın sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrləri ilə əlaqələndirilmiş və həmin iş dövrlərinin nəzərə alınması üçün məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi əsas şərt kimi təsbit edilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq xx xxxx 1954-cü il tarixdə anadan olmuş, Babək rayon Cəhri qəsəbəsində qeydiyyatda olmaqla orada yaşayan İddiaçı 27 aprel 2018-ci il tarixli, 81 nömrəli qərara əsasən 01 may 2018-ci il tarixdən 01 mart 2022-ci il tarixədək olan dövrlər ərzində hər il indeksasiyalar nəzərə alınmaqla yaşa görə təyin edilmiş əmək pensiyasının məbləğinin 351.49 manatdan 68.19 manat azaldılaraq 283.30 manat müəyyən edilməsini və artıq ödənilmiş 2637.40 manat pul məbləğinin qanunvericiliyin tələblərinə uyğun olaraq geri qaytarılmasını qərara alınmışdır. - 23 sentyabr 1975-ci il tarixli əmək kitabçasının təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1971-ci il tarixdən xx.xx.1973-cü il tarixədək Q.Əkbərov adına 2 №-li Tütünçülük Sovxozunda fəhlə, xx.xx.1975-ci il tarixdən xx.xx.1975-ci il tarixədək Q.Əkbərov adına 2 №-li Tütünçülük Sovxozunda fəhlə, xx.xx.1975-ci il tarixdən xx.xx.1976-cı il tarixədək Q.Əkbərov adına 2 №-li Tütünçülük Sovxozunda fəhlə, xx.xx.1976-cı il tarixdən xx.xx.1976-cı il tarixədək Qaradağ əlvan metalların prokatı zavodunda 2-ci dərəcəli fəhlə, xx.xx.1976-cı il tarixdən xx.xx.1987-ci il tarixədək 2 nömrəli sovxozda komsomol katibi vəzifəsində, xx.xx.1987-ci il tarixdən xx.xx.1993-cı il tarixədək Babək QOM-da metodist vəzifəsində, xx.xx.1993-cü il tarixdən xx.xx.1996-cı il tarixədək Cəhri kənd orta məktəbinin axşam sinifləri üzrə tədris-hissə müdiri vəzifəsində, xx.xx.1996-cı il tarixdən xx.xx.1997-ci il tarixədək Qaradağ əlvan metalların prokatı zavodunda sex rəisinin müavini vəzifəsində, xx.xx.1997-ci il tarixdən xx.xx.2009-cu il tarixədək isə X15 restoranları idarəsininin direktoru vəzifəsində işlədiyi qeyd olunmuşdur. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən İddiaçı verilmiş 16 mart 2022-ci il tarixli, 13/384 nömrəli arxiv arayışında İddiaçı Azərbaycan Dəmir X9 Restoranları İdarəsinə xx.xx.1997-ci il tarixli, 7 №-li əmrlə "müdir" təyin edilməsinin əmr kitabında göstərildiyi, 2006-cı ilə dair əmr kitablarının Naxçıvan MR Dövlət Arxivinə təhvil verilmədiyi, arayışın qeyd hissəsində isə əməkhaqqı kitablarının 1994-cü ilə qədər olduğu, 1995-2006-cı illərə dair əməkhaqqı kitablarının Naxçıvan MR Dövlət Arxivinə təhvil verilmədiyi göstərilmişdir. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən İddiaçı verilmiş 28 mart 2022-ci il tarixli, 13/421 nömrəli arxiv arayışında İddiaçı Azərbaycan Dəmir X9 Restoranları İdarəsinə xx.xx.1997-ci il tarixli, 7 №-li əmrlə "müdir" təyin edilməsinin, xx.xx.1998-ci il tarixli, 31 №-li əmrlə məzuniyyətə buraxılmasının, xx.xx.1998-ci il tarixli, 32 №-li əmrlə məzuniyyətdən geri qayıtmasının, xx.xx.2001-ci il tarixli, 60 №-li əmrlə kommissiyanın üzvü olmasının əmr kitablarında göstərildiyi qeyd edilmişdir. Arayışın qeyd hissəsində əməkhaqqı kitablarının 1994-cü ilə qədər olduğu, 1995-2006-cı illərə dair əməkhaqqı kitablarının Naxçıvan MR Dövlət Arxivinə təhvil verilmədiyi, əmr kitablarının 2001-ci ilə qədər olduğu, 2006-cı ilə dair əmr kitablarının Naxçıvan MR Dövlət Arxivinə təhvil verilmədiyi göstərilmişdir. - AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən aydın olur ki, İddiaçı xx xxxx 1954-cü il tarixdə doğulmuşdur. - Babək Rayon İcra Hakimiyyətinin Cəhri qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 15 aprel 2022-ci il tarixli, 1098 nömrəli arayışdan görünür ki, İddiaçı Babək rayonunun Cəhri qəsəbəsində yaşayır. - “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Babək rayon şöbəsi tərəfindən məhkəməyə ünvanlanmış 14 iyun 2022-ci il tarixli, 03/504 nömrəli məktubdan görünür ki, X2 birliyi (X7) 2006-2009-cu illərdə fərdi uçot sistemində sığortaedən kimi qeyd olunmadığından onun fəaliyyətdə olub-olmaması barədə heç bir məlumat yoxdur. - Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidməti tərəfindən məhkəməyə ünvanlanmış 16 iyun 2022-ci il tarixli, **********194500 nömrəli məktubdan aydın olur ki, X2 birliyi (X7) adlı hüquqi şəxs Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidmətində dövlət qeydiyyatına və vergi uçotuna alınmamışdır. - “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Fondu" publik hüquqi şəxsin Babək rayon şöbəsinin Pensiya təminatı sektorunun müdiri X3, Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinin direktoru X5 və Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinin iş icraçısı X6 iştirakları ilə tərtib edilmiş 22 iyun 2022-ci il tarixli aktdan məlum olur ki, vətəndaş İddiaçı iş stajının düzgünlüyü Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində əmək haqqı və əmr kitablarına əsasən qarşılıqlı yoxlanılmışdır. Yoxlama zamanı İddiaçı Azərbaycan Dəmir X9 Restoranları İdarəsinə xx.xx.1997-ci il tarixli, 7 №-li əmrlə "müdir" təyin edilməsinin, xx.xx.1998-ci il tarixli, 31 №-li əmrlə məzuniyyətə buraxılmasının, xx.xx.1998ci il tarixli, 32 №-li əmrlə məzuniyyətdən geri qayıtmasının, xx.xx.2001-ci il tarixli, 60 №-li əmrlə inventarların təhvil verilməsi kommissiyasının üzvü olması faktına Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində saxlanılan əmrlər kitabında rast gəlindiyi müəyyən edilmiş, 1995-2000-ci illərə aid əməkhaqqı cədvəlləri Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinə təhvil verilmədiyindən yerində yoxlama aparmaq mümkün olmamışdır. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 24 iyun 2022-ci il tarixli, 13/454 nömrəli arxiv arayışından məlum olur ki, İddiaçı Azərbaycan Dəmir X9 Restoranları İdarəsinə xx.xx.1997-ci il tarixli 7 №-li əmrlə "müdir" təyin edilməsinin, xx.xx.1998-ci il tarixli, 31 №-li əmrlə məzuniyyətə buraxılmasının, xx.xx.1998-ci il tarixli, 32 №-li əmrlə məzuniyyətdən geri qayıtmasının, xx.xx.2001-ci il tarixli, 60 №-li əmrlə kommissiyanın üzvü olmasının əmr kitablarında göstərildiyi qeyd edilmişdir. Arayışın qeyd hissəsində əməkhaqqı kitablarının 1994-cü ilə qədər olduğu, 1995-2006-cı illərə dair əməkhaqqı kitablarının Naxçıvan MR Dövlət Arxivinə təhvil verilmədiyi, əmr kitablarının 2001-ci ilə qədər olduğu, 2006-cı ilə dair əmr kitablarının Naxçıvan MR Dövlət Arxivinə təhvil verilmədiyi göstərilmişdir. - “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Babək rayon idarəsi tərəfindən məhkəməyə ünvanlanmış 27 sentyabr 2022-ci il tarixli, 03/691 nömrəli məktubdan məlum olur ki, xx xxxx 1954-cü il tarixdə anadan olmuş, Babək rayon Cəhri qəsəbəsində qeydiyyatda olmaqla orada yaşayan İddiaçı "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Babək Rayon İdarəsinin 27 aprel 2018-ci il tarixli, 81 nömrəli qərarına əsasən 01 may 2018-ci il tarixdən etibarən "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə müvafiq olaraq yaşa görə 235,09 manat məbləğində əmək pensiyası təyin edilmişdir. İddiaçı təqdim etdiyi əmək kitabçasındakı qeydlərə əsasən onun ümumi iş stajı 33 il 2 ay 25 gün təşkil etmişdir. Məktubda həmçinin İddiaçı 01 yanvar 2006-cı il tarixədək əmək kitabçasına və arxiv arayışlarındakı qeydlərə əsasən iş stajını əks etdirən cədvəllər göstərilmişdir. - Naxçıvan Muxtar Respublikası İqtisadi İnkişaf Nazirliyi tərəfindən Naxçıvan stansiyasının Yol Restoranları idarəsinin rəisi İddiaçı ünvanlanmış 27 sentyabr 2002-ci il tarixli, Ə-201/210 nömrəli məktubdan aydın olur ki, Azərbaycan Respublikası Prezidentinin 10 avqust 2000-ci il tarixli, 383 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Dövlət Əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq Naxçıvan stansiyasının Yol Restoranları idarəsinin Naxçıvan şəhərində yerləşən “Veter” pavilyonu, pavilyon çayçısı və pavilyonu 23 avqust 2002-ci il tarixdə, Qənnadı sexi isə 30 aqvust 2002-ci il tarixdə özəlləşdirilmişdir. Həmin obyektlərin müəssisənin balansından çıxarılması xahiş olunmuşdur. - Fondun Babək rayon idarəsi tərəfindən məhkəməyə təqdim edilmiş 041838 nömrəli pensiya işinin materiallarında olan: - “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Babək rayon şöbəsinin pensiya və pensiyalara əlavə olunan müavinət təyin edən komissiyasının 30 oktyabr 2009-cu il tarixli, 403 nömrəli qərarına əsasən İddiaçı “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 11 və 13cü maddələrinə müvafiq olaraq İİ qrup əlilliyə görə 31 iyul 2009-cu il tarixdən 01 avqust 2010-cu il tarixədək 275.77 manat pensiya təyin edilmişdir. - İddiaçı tərəfindən Babək rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinə ünvanlanan 26 oktyabr 2009-cu il tarixli ərizədən görünür ki, İddiaçı ona əlilliyə görə pensiya təyin edilməsini xahiş etmiş və ərizədə hazırda işlədiyini qeyd etmişdir. - Babək Rayon Hərbi Komissarlığı tərəfindən verilmiş 28 avqust 2009-cu il tarixli, 94 nömrəli arayışdan görünür ki, xx xxxx 1954-cü il təvəllüdlü ehtiyatda olan baş-leytenant İddiaçı 15 may 1973-cü il tarixdən 15 may 1975-ci il tarixədək SSRİ Silahlı Qüvvələrində xidmət etmişdir. - “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Babək rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyasının 27 aprel 2018-ci il tarixli, 81 nömrəli qərarına əsasən İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə müvafiq olaraq yaşa görə 01 may 2018-ci il tarixdən ömürlük pensiya təyin edilmişdir. - Babək Rayon Təhsil Şöbəsinin 30 aprel 2010-cu il tarixli, 19 nömrəli əmrinə əsasən İddiaçı 30 aprel 2010-cu il tarixdən Babək rayon X11 məktəbinin direktoru vəzifəsinə təyin edilmişdir. - “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Babək rayon şöbəsi tərəfindən verilmiş 09 aprel 2018-ci il tarixli, 1585 nömrəli sığortaolunanın fərdi uçot məlumatları əsasında sosial sığorta stajı və pensiya kapitalı barədə arayışdan görünür ki, İddiaçı (ssn **********915) 01 sentyabr 2009-cu il tarixdən 31 dekabr 2017-ci il tarixədək 8 il, 4 ay sosial sığorta stajı və fərdi hesabının sığorta hissəsində 11645,93 manat pensiya kapitalı vardır. 041838 nömrəli pensiya işinə həmçinin İddiaçı TSEK-də müayinə aktından çıxarışlar, əmək kitabçasının surəti, pensiya miqdarının dəyişdirilməsi haqqında sərəncamlar, İddiaçı işlədiyi dövr ərzində aylar üzrə aldığı əmək haqqı cədvəllərini əks etdirən arxiv arayışları, əmək kitabçasının surəti, illər üzrə infilyasiya faizləri əlavə olunmuşdur. İşin hallarından və iddia ərizəsinin məzmunundan aydın olur ki, iddiaçı əmək kitabçasında göstərilən iş illərinin sosial sığorta stajı kimi nəzərə alınaraq “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Babək rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyanın 31 mart 2022-ci il tarixli, 982 nömrəli qərarının ləğv edilməsini arzu edir. Cavabdeh inzibati orqanın 31 mart 2022-ci il tarixli, 982 nömrəli qərarının məzmunundan məlum olur ki, İddiaçı ümumi əmək stajı tələb olunan 25 il əmək stajından az olduğu üçün ona yaşa görə təyin edilmiş əmək pensiyasının məbləği 351.49 manatdan 68.19 manat azaldılaraq 283.30 manat müəyyən edilmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən iddiaçının tələbinə və cavabdeh inzibati orqanın imtinasına hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının: - 12-ci maddəsinin İ hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. - 16-cı maddəsinin İ hissəsinə əsasən Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. - 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. - 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin İV hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 22-ci maddəsində qeyd olunur ki, hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ var. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, sosial sığorta da daxil olmaqla hər bir şəxsin sosial təminat hüququ var. Konstitusiyada və beynəlxalq-hüquqi aktlarda əksini tapan sosial təminat hüququ qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. “Andreyeva Latviyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 18 fevral 2009-cu il tarixli qərarında göstərilmişdir ki, dövlət pensiya proqramını tətbiq etməyə başlayanda, ondan irəli gələn şəxsi hüquqlar və maraqlar, pensiya ödənişləri edilməsindən və pensiya proqramının maliyyələşmə vasitələrindən asılı olmayaraq, 1 saylı Protokolun 1ci maddəsi ilə əhatə edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: - 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. - 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. - 4.1-ci maddəsinə görə bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. - 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. - 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Qanun qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinə uyğun olaraq iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin: - 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. - 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Hazırki iş üzrə iddiaçının əmək kitabçasına əsasən işlədiyi və hərbi xidmətdə olduğu dövr nəzərə alınmaqla 33 il 2 ay 25 gün iş stajı mövcuddur. Məhkəmə hesab edir ki, iddiaçının əmək kitabçasında 1997-ci il tarixdən 2006-cı il tarixədək X4 Restoranlar İdarəsində müdir vəzifəsində işləməsi ilə bağlı qeydlərin olmasına baxmayaraq, həmin təşkilatın sənədlərinin dövlət arxivinə təhvil verilməməsi və ya iddiaçı tərəfindən aylar üzrə aldığı əmək haqqı məbləğini əks etdirən arxiv arayışlarının təqdim edilməməsi əsas gətirilərək həmin illərin iddiaçıya sığorta stajı kimi hesablanmaması cavabdeh inzibati orqan tərəfindən iddiaçının hüquqlarını məhdudlaşdıran hal kimi qiymətləndirilməlidir. Belə ki, 2006-cı il 1 yanvar tarixədək qüvvədə olan qanunvericiliyin normalarına görə iş illərinin pensiya təyin etmək hüququ verən əmək stajı kimi nəzərə alınmasında həmin iş illərinin qeydə alındığı əmək kitabçası əsas sənəd kimi kifayət hesab edilir və əmək kitabçasında olan məlumatların digər sənədlərlə, o cümlədən arxiv sənədləri ilə təsdiq olunması bir qayda olaraq tələb olunmur. Əmək kitabçasında olan məlumatların mötəbərliyi ilə bağlı məhkəmə qeyd edir ki, cavabdeh bu məlumatları təkzib edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 19-cu maddəsi inzibati orqandan, təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu halda, müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görməsini tələb edir. Həmin qanunun tələbinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunmalıdır və həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması inzibati orqana qadağan edilmişdir. Bu normanın tələbləri baxımından işin halları araşdırıldıqda görünür ki, inzibati orqan iddiaçının əmək kitabçasında olan məlumatların həqiqiliyini nəinki təkzib edən, hətta şübhə altına almağa əsas verən hər hansı sübut təqdim etməmişdir. Bu mənada “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsində təsbit edilmiş mötəbərlik prezumpsiyası prinsipinin tələbləri nəzərə alınmalı, əmək kitabçası və onda əks olunmuş məlumatlar mötəbər hesab olunmalı və qəbul edilməlidir. Cavabdeh isə iddiaçının iş stajını təsdiq edən əlavə sübutlar tələb edərək, qeyd olunan normanın tələbini pozmuşdur. Bundan əlavə, iş illərinə dair əmək kitabçasında aparılmış qeydlər barədə məlumatların cavabdeh tərəfindən qarşılıqlı yoxlanılmasının və həmin illər üzrə iş stajının düzgünlüyünün araşdırılmasının mümkün olmaması, həmin qeydlərlə bağlı müvafiq sənədlərin arxivə təhvil verilməməsi və ya saxlanılmaması iddiaçının sosial təminat hüququnun məhdudlaşdırılmasına səbəb olan əsas kimi qiymətləndirilə bilməz. Məhkəmə hesab edir ki, İddiaçı 1997-ci il tarixdən 2006-cı il tarixədək X4 Restoranlar İdarəsində işlədiyi illər sosial sığorta stajı kimi qəbul edilərək həmin illər iddiaçıya pensiya təyinatı aparılarkən nəzərə alınmalıdır. Göründüyü kimi iddiaçının həmin dövrlərlə bağlı iş stajı əmək kitabçası ilə təsdiq edildiyindən, inzibati orqan iddiaçının işlədiyi dövrdə qüvvədə olan hüquq normalarına görə bu dövrü iddiaçının sığorta stajına aid etməməkdə haqlı olmamışdır. Cavabdeh təşkilatın iddiaçı tərəfindən mübahisə olunan dövr üçün sosial sığorta ödənişlərinin həyata keçirilməsinin təsdiq edilməməsi barədə dəlilinə münasibətdə qeyd edilməlidir ki, “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” 6 mart 2018-ci il tarixli, 1042-VQ saylı Azərbaycan Respublikasının Qanununa uyğun olaraq 2018-ci il aprelin 1-dən əvvəl mövcud olmuş bütün məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinmişdir. Həmçinin mübahisələndirilən qərarda artıq ödənilmiş 2637.40 manat pul məbləğinin qanunvericiliyin tələblərinə uyğun olaraq geri qaytarılması nəzərdə tutulmuşdur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 39.1-ci maddəsinə əsasən qanunverici artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin tutulması barədə qərarın (inzibati aktın) qəbulunu əmək pensiyaçısının razılığı ilə şərtləndirir. Belə razılıq olmadıqda, tələbin təmini üçün məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini təsbit edir. Hazırki halda, əmək pensiyaçısının artıq ödənilmiş pensiya məbləğinin tutulmasına razılığının olması müəyyən edilmir. Belə olan halda, artıq ödənilmiş pensiya məbləği qanunun tələbinə görə, yalnız məhkəmə qərarı əsasında tutula bilərdi. Lakin cavabdeh tərəfindən qanunun bu tələbinə əməl olunmamış, mübahisələndirilən qərarda artıq ödənilmiş pul məbləğinin geri qaytarılması nəzərdə tutulmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. - 58.2-ci maddəsinə əsasən inzibati akt məzmun baxımından kifayət qədər aydın və anlaşılan olmalıdır. - 58.3-cü maddəsinə əsasən inzibati aktda onun ünvanlandığı hüquqi və ya fiziki şəxslər, nizama saldığı və ya həll etdiyi məsələlər dəqiq göstərilməlidir. - 61.1-ci maddəsinə əsasən yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. - 61.2-ci maddəsinə əsasən əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. - 61.3-cü maddəsinə əsasən inzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. - 61.4-cü maddəsinə əsasən inzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. - 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. - 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, cavabdeh inzibati orqan tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl olunmamış, inzibati orqan tərəfindən inzibati icraat aparılmamış, mübahisələndirilən qərar qanunvericiliyin tələblərinə uyğun olaraq sübutlarla əsaslandırılmamışdır. Qanunun tələbinə əsasən cavabdeh inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş mübahisələndirilən inzibati akt qanunsuz sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. - 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Babək rayon idarəsinə qarşı “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Babək rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyanın 31 mart 2022-ci il tarixli, 982 nömrəli qərarının ləğv edilməsi tələbi”nə dair iddiası əsaslı olduğundan təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1, 4.1, 34.1, 58.7, 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddia təmin edilsin. “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Babək rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyanın 31 mart 2022-ci il tarixli, 982 nömrəli qərarı ləğv edilsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələblərinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: SƏXAVƏT NOVRUZOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar