Məhkəmə qərarları › İş №2-1(122)-1252/2024

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-1252/2024

14.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-1252/2024 14.11.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: X4 Heydər oğlunun sədrliyi, X5 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “ona "müharibə veteranı" adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi"nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təsviri hissə: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 23 aprel 1994-cü il tarixdə Ordubad rayon Hərbi Komissarlığı tərəfindən çağırılaraq hərbi xidmətə yollanmışdır. Xidmətini bir çox ordu sıralarında aparmışdır. Belə ki, Naxçıvan şəhərində yerləşən N saylı hərbi hissədə xidmətə başlamış, oradan isə Sədərək rayonunda Artileriya Divizyonuna göndərilmiş və orada da xidmətini başa vurub, 23 noyabr 1997-ci il tarixdə ordu sıralarından tərxis olunmuşdur. Yəni o, Sədərək rayonunda yerləşən Artileriya Divizyonunda qulluq etdiyi zaman hələ Sədərək rayon ərazisində gedən döyüşlərdə iştirak etmişdir. Elə buna görə də ona 24 oktyabr 2018-ci il tarixdə 084804 №-li müharibə iştirakçısı göy rəngli veteran vəsiqəsi verilmiş və bunun əsasında da həmin vaxtdan 2022ci ilin mart ayına kimi ona veteran pulu ödənilmişdir. Lakin həmin vaxtdan sonra ona verilən Azərbaycan Respublikası Prezidentinin təqaüdü olan 80 manat dayandırılmışdır. Dayandırlmasının səbəbi kimi sənədlərində müharibə veteranı adının və vəsiqəsinin verilməsində uyğunsuzluğun aşkar edilməsi göstərilmişdir. O, bununla bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə rəsmi olaraq müraciət etsə də, 10 iyul 2024-cü il tarixli, 3- 25-2/2ş-78xx-xx/2024 nömrəli məktubla onun 23 aprel 1994-cü il tarixdə etdiyi xidmət, yəni döyüş əməliyyatları aparıldığı dövrün sənədlərdə göstərilmədiyi bildirilmişdir. Lakin ona məxsus olan hərbi biletdə hansı hərbi hissələrdə xidmət etməsi ilə bağlı hərbi hissə komandirinin imzası və möhürü vardır. İddiaçı göstərilənləri rəhbər tutaraq, məhkəmədən "Müharibə veteranı" adının və vəsiqəsinin verilməsinin bərpa olunması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində "Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə" Komissiyanın üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 27 sentyabr 2024-cü il tarixli məhkəmə iclasında iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdehin Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə əvəz olunmasını və iddia tələbini “ona "müharibə veteranı" adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulması” kimi icraata qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin 27 sentyabr 2024-cü il tarixli qərardadı ilə iddiaçının vəsatəti təmin edilərək cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində "Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə" Komissiya Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə əvəz olunmuş və iddia tələbi "ona “müharibə veteranı" adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi icraata qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunmuş, sərəncamla iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh orqanın yazılı etirazının qısa xülasəsi: Cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi məhkəməyə 15 oktyabr 2024-cü il tarixli, 3-25-4/2-6455/2024 nömrəli yazılı münasibətini onunla əsaslandırmışdır ki, Komissiyanın xx.xx.2024-cü il tarixli, imtina məktubunda göstərilmişdir ki, təqdim olunmuş sənədlərə əsasən, Müdafiə Nazirliyinin tabeliyində olmuş döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların döyüş əməliyyatlarının aparıldığı dövrdə iddiaçının N nömrəli hərbi hissənin tərkibində xidməti olmadığından, ona “Müharibə veteranı” adının verilməsindən imtina olunur. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən: “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar.” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli, 216 №-li Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında" Əsasnamənin 1-ci bəndinə əsasən: “1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin hərbi qulluqçulara xx.xx.1994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir. Yuxarıda qeyd edilənlərə əsasən cavabdeh orqan İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məkəmədən xahiş etmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin sərəncamı ilə işin şifahi məhkəmə baxışına keçirilməsi üçün kifayət qədər əsaslar olduğu nəzərə alınaraq şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası 14 noyabr 2024-cü il tarixə təyin olunmuşdur. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Yazılı sübutlar: - Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən İddiaçı ünvanlanmış 01 noyabr 2024-cü il tarixli1/Ş-10202 nömrəli məktubdan məlum olur ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinə "Müharibə veteranı" adının və vəsiqəsin verilməsi üçün daxil olan sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adların və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın iclasında baxılmış və ona “Müharibə veteranı” adı verilmişdir. - Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidməti tərəfindən İddiaçı ünvanlanmış 16 dekabr 2022-ci il tarixli, 06/288 nömrəli məktubdan məlum olur ki, Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 15 dekabr 2021-ci il tarixli, 983 nömrəli məktubuna əsasən müvafiq sənədlərində müharibə veteranı adının və vəsiqəsinin verilməsində uyğunsuzluq aşkar edildiyindən Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdünə görə onun ödənişi dayandırılmışdır. - Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən İddiaçı ünvanlanmış 10 iyul 2024-cü il tarixli, 3-25-2/2-Ş-78xx-xx/2024 nömrəli məktubdan məlum olur ki, ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2023-cü il və təkrar xx.xx.2024-cü il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilməmişdir. Təqdim olunmuş sənədlərə əsasən döyüş əməliyyatları aparıldığı dövrdə N nömrəli hərbi hissənin tərkibində hərbi xidməti olmadığına görə ona “Müharibə Veteranı” adının və vəsiqəsinin bərpa olunmasından imtina olunmuşdur. - Azərbaycan Respublikasının Müdafiə Nazirliyi N nömrəli hərbi hissə tərəfindən verilmiş N yanvar 2023-cü il tarixli, 27 nömrəli arxiv arayışından məlum olur ki, İddiaçı N nömrəli hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilməsi və çıxarılması haqqında məlumat yoxdur. N nömrəli hərbi hissənin şəxsi heyətin əlifba uçotu kitabında İddiaçı xx.xx.1994-cü il tarixdə Ordubad RHK-lığı tərəfindən çağırılaraq hərbi xidmətə qəbul edilməsi qeyd olunub, nizami hissə üzrə əmrlər kitabında şəxsi heyətin siyahısına daxil edilməsi haqqında məlumat yoxdur. Lakin o, N nömrəli hərbi hissə komandirinin xx.xx.1996 ci il tarixli 8 nömrəli əmri (§ 2, sıra nömrəsi 60) ilə vəzifəyə təyin edilib və xx.xx.1996-cı tarixli 7 nömrəli əmri (§ 13, sıra nömrəsi 11) ilə şəxsi heyətin siyahısından çıxarılaraq xidmətinə davam etmək üçün N nömrəli hərbi hissə komandirinin sərəncamına göndərilib. İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.1996-cı tarixli 22 nömrəli əmri (§ 1, 2-ci bənd) ilə şəxsi heyətin siyahısına daxil edilib və xx.xx.1997-1 il tarixli 329 nömrəli əmri (§ 2, 2-ci bənd Artilleriya divizionu üzrə sıra nömrəsi 12) ilə şəxsi heyətin siyahısından çıxarılaraq xidmət müddəti başa çatdığına görə ehtiyata buraxılıb. İddiaçı döyüş bölgəsinə ezam olunması və döyüşlərdə iştirakı haqqında məlumat yoxdur. - Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ordubad Rayon Şöbəsi tərəfindən verilmiş 09 oktyabr 2023-cü il tarixli, 3-43- 69/2-204/23 nömrəli arayışından məlum olur ki, 1974-cü il təvəllüdlü İddiaçı həqiqətən xx.xx.1994-cü il tarixdən xx.xx.1997-ci il tarixədək Ordu sıralarında xidmət etmişdir. - Azərbaycan Respublikasının Müdafiə Nazirliyi N nömrəli hərbi hissə tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 14 oktyabr 2024-cü il tarixli, 627 nömrəli arxiv arayışından məlum olur ki, N nömrəli hərbi hissənin şəxsi heyətin əlifba uçotu kitabında İddiaçı xx.xx.1994-cü il tarixdə Ordubad RHK-lığı tərəfindən çağırılaraq hərbi xidmətə qəbul edilməsi qeyd olunub, lakin nizami hissə üzrə əmrlər kitabında onun şəxsi heyətin siyahısına daxil edilməsi haqqında məlumat yoxdur. O, N nömrəli hərbi hissə komandirinin xx.xx.1995-ci il tarixli 8 nömrəli əmri (§ 2, sıra nömrəsi 60) ilə vəzifəyə təyin edilib və xx.xx.1996-cı il tarixli 7 nömrəli əmri (§ 13, sıra nömrəsi 11) ilə şəxsi heyətin siyahısından çıxarılaraq xidmətini davam etmək üçün N nömrəli hərbi hissə komandirinin sərəncamına göndərilib. İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.1996-cı il tarixli 22 nömrəli əmri (§ 1, 2-ci bənd) ilə şəxsi heyətin siyahısına daxil edilib və xx.xx.1997-ci il tarixli 329 nömrəli əmri (§ 2, 2-ci bənd Artilleriya divizionu üzrə sıra nömrəsi 12) ilə şəxsi heyətin siyahısından çıxarılaraq xidmət müddəti başa çatdığına görə ehtiyata buraxılıb. - AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxxxx 1974-cü ildə doğulmuşdur. - Ordubad Rayon İcra Hakimiyyəti Azadkənd İnzibati ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən verilmiş 25 iyul 2024-cü il tarixli, 185 nömrəli arayışdan məlum olur ki, Şirinov X3 rayonu, Azadkənd kəndində yaşayır və həmin ünvanda qeydiyyatdadır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin İV hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun: 3-cü maddəsinin 2-ci abzasına əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin maddənin 8-ci abzasına əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. 7-ci maddəsinin 1-ci abzasına əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin 3-cü abzasının tələblərinə əsasən veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin: 1-ci maddəsinə görə müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti, Azərbaycan Respublikasının Strateji X2 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti və Azərbaycan Respublikasının Strateji X2 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. “Hərbi vəzifə və hərbi xidmət” haqqında Azərbaycan Respublikası Qanununun: 29.3-cü maddəsinə əsasən hərbi qulluqçular ancaq hərbi and içdikdən sonra döyüş növbətçiliyinə (döyüş xidmətinə) təyin edilə və ya döyüş tapşırığının yerinə yetirilməsinə cəlb edilə bilərlər və onlara silah və hərbi texnika təhkim oluna bilər. 37-ci maddəsində həqiqi hərbi xidmətin başlanğıcı və sonu müəyyən edilmişdir: başlanğıc – müvafiq icra hakimiyyəti orqanı tərəfindən hərbi hissəyə göndərildikləri gün; son – həqiqi hərbi xidmətdən buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyətin siyahısından çıxarıldığı gün sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin əsaslandırması: “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etməklə məcburetmə haqqında iddia qaldırmışdır. Hazırkı mübahisəyə müharibə veteranı statusunun verilməsi ilə bağlı münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilməlidir. Həmin normaların yuxarıda istinad olunan müddəalarına görə isə iddia təmin edilə bilməz. Belə ki, İPM-in 14.3-cü maddəsinin tələbinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Bu normanın tələbləri baxımından, iddiaçı “müharibə veteranı” statusunu almaq üçün hərbi xidmətdən qanuni əsaslarla tərxis olunduğunu sübut etməlidir. Çünki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən, vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. İş materiallarında olan arayışlardan aydın görünür ki, İddiaçı xx.xx.1994-cü il tarixdə Ordubad RHK tərəfindən hərbi xidmətə qəbul edilmiş və N nömrəli hərbi hissə komandirinin xx.xx.1997-1 il tarixli 329 nömrəli əmri ilə şəxsi heyətin siyahısından çıxarılaraq xidmət müddəti başa çatdığına görə ehtiyata buraxılmışdır. İddiaçının döyüş bölgəsinə ezam olunması və döyüşlərdə iştirakı haqqında məlumat yoxdur. Məhkəmə xüsusilə qeyd etməyi zəruri hesab edir ki, iddiaçıya məxsus hərbi biletin müvafiq səhifəsində onun döyüşlərdə iştirakı barədə də hər hansı qeyd aparılmamış, həmçinin iddiaçının Xidməti-uçot kartında döyüş əməliyyatlarında iştirakı barədə məlumat qrafasında “İştirak etməyib”, “Yaralanmayıb” qeydləri aparılmışdır. Bundan başqa 1994-cü il aprel ayının 23-ü tarixindən hərbi xidmətə başlamış iddiaçı tam atəşkəsin təmin edilib və hərbi əməliyyatların dayandırıldığı 1994-cü il may ayının 12-dək xidmətə başladığı ilk 19 gün ərzində müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçu kimi hərbi təlim keçmədən, yəni silah və döyüş texnikasını bilmək və ondan bacarıqla istifadə etmək bacarığına yiyələnmədən birbaşa döyüş əməliyyatlarında iştiraka cəlb edilməsi ağlabatan sayıla bilməz. Belə ki, “Hərbi vəzifə və hərbi xidmət” haqqında Azərbaycan Respublikası Qanununun 29.3-cü bəndinə görə, hərbi qulluqçular ancaq hərbi and içdikdən sonra döyüş növbətçiliyinə (döyüş xidmətinə) təyin edilə və ya döyüş tapşırığının yerinə yetirilməsinə cəlb edilə bilərlər və onlara silah və hərbi texnika təhkim oluna bilər. Bununla da, hazırkı iddia üzrə toplanılmış sübutlardan iddiaçının döyüşən hərbi hissənin tərkibində iştirak etməsi təsdiq edilmədiyindən məhkəmə tərəfindən ətraflı araşdırma aparılmasına da lüzum qalmır. Məhkəmə qeyd edir ki, hazırkı mübahisəyə münasibətdə “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün yuxarıda istinad olunan normalarla müəyyən edilmiş dispozisiya şərtlərinin, o cümlədən hərbi xidmətdən qanunla müəyyən edilmiş qaydada ehtiyata buraxılması (tərxis olunması) şərtinin iddiaçı tərəfindən ödənildiyi iş üzrə materiallarla təsdiq olunmur. Buna görə də, cavabdeh inzibati orqanın iddiaçı qarşısında yuxarıda istinad edilən normalardan irəli gələn hazırkı məzmunda öhdəliyi yaranmır. İnzibati Prosessual Məcəllənin 73-cü maddəsinin tələbinə görə, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə o halda öhdəlik qoyur ki, inzibati aktın qəbulundan imtina olunması qanuna zidd olsun və iddiaçının hüquqlarını pozmuş olsun. Şərh edilən hallar iddiaçının “müharibə veteranı” statusunu əldə etməsinə mane olur. Qeyd olunan qanun normalarında təsbit olunmuş şərtlər iddiaçı tərəfindən təmin olunmadığından, cavabdehin üzərinə iddia olunan məzmunda öhdəlik qoyula bilməz. Bu səbəbdən də, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçıya “müharibə veteranı” adının və vəsiqəsinin verilməsindən imtinası əsaslı olmuşdur. Beləliklə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “ona "müharibə veteranı" adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi"nə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2, 4.1, 33.1, 58.7, 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “ona "müharibə veteranı" adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi"nə iddiası təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elnur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar