Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-1259/2023 15.12.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ X1 Heydər oğlunun sədrliyi, İbrahimova Səbinə Adələt qızının katibliyi, İddiaçı1 iştirakı ilə, iddiaçılar İddiaçı1, İddiaçı2 cavabdeh Culfa Rayon İcra Hakimiyyətinə qarşı "onlara dəymiş ziyanın Culfa Rayon İcra Hakimiyyətindən alınıb ona verilməsi tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçılar İddiaçı1, İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onlara dəymiş ziyanın Culfa Rayon İcra Hakimiyyətindən alınıb ona verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunaraq hazırlıq icraatı ilə bağlı məhkəmə iclası 15 dekabr 2023-cü il tarixə təyin edilmişdir. Məhkəmə tərəfindən iddiaçılara yardım məktubları ünvanlanaraq iddia ərizəsində yol verilən çatışmazlıqların aradan qaldırılması təklif olunmuşdur. İddiaçı2 və cavabdeh Culfa Rayon İcra Hakimiyyətinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə İddiaçı2 və cavabdehin nümayəndəsinin iştirakları olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında məhkəmə tərəfindən yuxarıda sadalanan hallar İddiaçı1 diqqətinə bilavasitə çatdırılmış, həmin halların aradan qaldırılması təklif olunmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı1 ona göndərilən yardım məktublarından xəbərdar olduğunu, hazırki tələb üzrə işə baxılıb müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Məhkəmənin əsaslandırması: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Qanunun 35-ci maddəsinin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli qərarının: 1.1, 1.2, 1.3-ci bəndlərində qeyd olunan hüquqi mövqeyə görə məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Məhkəmə mümkünlük şərtlərinin mövcudluğunu, tərəflərin bunu tələb edibetməməsindən asılı olmayaraq, İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə əsasən xidməti vəzifəsinə görə yoxlamalıdır. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş iddia ərizəsinin məzmunundan aydın olur ki, iddia tələbi aydın ifadə edilməmişdir. Həmçinin iddia ərizəsi yalnız İddiaçı1 tərəfindən imzalansa da, iddia ərizəsinə əlavə edilən xx.xx.2023-cü il tarixli etibarnamənin surətindən aydın olur ki, həmin etibarnamədə İddiaçı2 tərəfindən İddiaçı1 təmsil edilənin adından iddia ərizəsini imzalamaq səlahiyyəti verilməmişdir. Halbuki Azərbaycan Respublikası MPM-in 149.1-ci maddəsində təsbit edilir ki, iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Həmin Məcəllənin 74.2-ci maddəsi nəzərdə tutur ki, iddia ərizəsinin imzalanması, ...nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. Bundan əlavə İddiaçı1 hazırkı iddiaya dair subyektiv hüququnun mövcudluğu da müəyyən edilmir. Belə ki, iddia ərizəsinə əlavə edilmiş “Aztexinventarlaşdırma” İstehsalat Birliyi tərəfindən tərtib edilmiş daşınmaz əmlaka dair texniki sənəd İddiaçı2 verilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırkı işin halları baxımından İddiaçı1 subyektiv hüquq sahibi kimi qəbul edə bilmək üçün cavabdeh tərəfindən onun hüquqlarına müdaxilə edən hərəkət və ya hərəkətsizliyin baş verməsinə dair ilkin və inandırıcı sübutların iddia verilərkən təqdim olunması tələb olunur. Hazırkı iş üzrə belə sübutlar verilmədiyindən, iddianın mümkünlüyü baxımından onun hüququn pozulması halı müəyyən olunmur. Göründüyü kimi istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Beləliklə, sadalanan normaların tələblərinə və işin yuxarıda qeyd edilən hallarına əsasən müəyyən edilir ki, hazırkı iddiaya mahiyyəti üzrə baxmağa imkan verən mümkünlük şərtləri ödənilmir. Odur ki, məhkəmə iddiaçılar İddiaçı1, İddiaçı2 cavabdeh Culfa Rayon İcra Hakimiyyətinə qarşı "onlara dəymiş ziyanın Culfa Rayon İcra Hakimiyyətindən alınıb ona verilməsi tələbi”nə dair iddiasının mümkün sayılmaması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13, 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçılar İddiaçı1, İddiaçı2 cavabdeh Culfa Rayon İcra Hakimiyyətinə qarşı "onlara dəymiş ziyanın Culfa Rayon İcra Hakimiyyətindən alınıb ona verilməsi tələbi”nə dair iddiası mümkün sayılmasın. Qərardaddan qərardad rəsmi qaydada təqdim olunduğu vaxtdan (elan olunduğu vaxtdan) 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Elnur Hüseynov
Məhkəmə qərarları › İş №2-1(122)-1259/2023
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-1259/2023
15.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver