Məhkəmə qərarları › İş №2-1(122)-1261/2024

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-1261/2024

20.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-1261/2024 20.11.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Muradov Hicran Xasay oğlunun sədrliyi, Yusifov Araz Ərrəhman oğlunun katibliyi ilə, İddiaçı Abbas qızının Cavabdehnə qarşı "ölüm akt qeydində səbəbli əlaqənin avtoqəza deyil, hərbi əmrləri icra edərkən həlak olması kimi qeyd edilməsi tələbi”nə dair inzibati mübahisə üzrə işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Abbas qızı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, ölüm aktını dəyişdirməklə döyüş tapşırığını yerinə yetirib qayıtdığı zaman həlak olması sözü ilə dəyişdirməyi cavabdeh Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Əlahiddə Ümumqoşun Ordusunun tərkibində N saylı hərbi hissənin üzərinə qoyulması və şəhidlik statusunun verilməsinə köməklik göstərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-1331/2024 nömrəli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə məhkəmənin icraatına qəbul edilərək, Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Əlahiddə Ümumqoşun Ordusunun tərkibində N saylı hərbi hissə cavabdehlər sırasında çıxarılmış, Naxçıvan Muxtar Respublikası Cavabdeh kimi qəbul edilmiş, iddia tələbinə “ölüm akt qeydində səbəbli əlaqənin avto-qəza deyil, hərbi əmrləri icra edərkən həlak olması kimi qeyd edilməsi” kimi baxılması davam etdirilmişdir. Şirvan İnzibati Məhkəməsinin 13 may 2024-cü il tarixli, 2-1(120)-1331/2024 nömrəli qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunaraq iddianın mümkünlüyün yoxlanılması ilə bağlı məhkəmə iclası 20 noyabr 2024-cü il tarixə təyin edilmişdir və bu barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçı tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə tərəflərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən İddiaçı Abbas qızına 13 avqust və 16 sentyabr 2024-cü il tarixli yardım məktubları ünvanlanaraq, hazırki iddia tələbində cavabdeh inzibati orqan qismində Cavabdeh qeyd edilsə də, iş materiallarında həmin inzibati orqana müraciət və inzibati orqan tərəfindən tələbin icrasından imtina edilməsini sübut edən hər hansı sübut mövcud deyil. Bununla da, cavabdeh inzibati orqan tərəfindən iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının hansı qaydada pozulduğunu müəyyən etmək mümkün olmamışdır. Yuxarıda göstərilənlərə əsasən hazırki iddia tələbi ilə bağlı cavabdeh inzibati orqana müraciət, həmin müraciətdən imtina edilməsini sübut edən sənədlərin və cavabdeh inzibati orqan tərəfindən hüquqlarının və qanunla qorunan maraqlarının hansı qaydada pozulduğunu müəyyən etməyə imkan verən sübutların məhkəməyə təqdim edilməsi üçün 10 (on) gün (məktubu aldıqdan sonra) müddət təyin edilmiş, əks halda iddia tələbinin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən mümkün sayılmayacağı barədə xəbərdarlıq edilmişdir. İddiaçı tərəf məhkəmənin yardım məktublarını almasına baxmayaraq, yardım məktublarında qeyd olunan məsələlərin aradan qaldırılması istiqamətində hər hansı bir tədbir görülməmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri tədqiq edərək, iş materiallarına əlavə edilmiş sənədləri nəzərdə keçirərək hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də işə baxan məhkəmə, ilk öncə, mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır və bunu prosesin istənilən mərhələsində həyata keçirə bilər. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair qərarında göstərilmişdir ki, inzibati-iqtisadi məhkəmə daxil olmuş iddia ərizəsində tələblərin inzibati icraat qaydasında baxılmasının mümkünlüyü məsələsini araşdırmağa və iddiaçıya bununla bağlı mövqeyini bildirməyə səlahiyyətlidir. "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 2.3-cü bəndinə əsasən məhkəmələr, ilk növbədə, iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmin Qərarın 8.6-cı maddəsinə əsasən iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-nin sözügedən normasının mahiyyətindən belə anlaşılır ki, inzibati icraat qaydasında baxılan iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüququ və azadlığının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün olsun. Başqa sözlə, iddiaçı inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmaqla bərabər, iddia irəli sürmək üçün subyektiv hüququnun olmasını da əsaslandırmalıdır. İddia ərizəsinin məzmunundan aydın olur ki, iddiaçı ölüm akt qeydində səbəbli əlaqənin avto-qəza deyil, hərbi əmrləri icra edərkən həlak olması kimi qeyd edilməsini tələb edir. Lakin iddiaçı tərəfindən qeyd olunan məsələ ilə bağlı cavabdeh inzibati orqana hər hansı müraciət edilməsini sübut edən sənədlər iş materiallarına əlavə edilməmişdir. Bununla da iddia ərizəsində cavabdeh qismində göstərilmiş inzibati orqan tərəfindən iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının hansı qaydada pozulduğunu müəyyənləşdirmək mümkün olmamışdır. Həmçinin iddiaçıya Cavabdehnə müraciəti, həmin müraciətdən imtina edilməsi barədə mövcud olan sənədlərin məhkəməyə təqdim edilməsi, həmçinin cavabdeh inzibati orqan tərəfindən hüquqlarının və qanunla qorunan maraqlarının hansı qaydada pozulduğunu müəyyən etməyə imkan verən sübutların məhkəməyə təqdim edilməsi üçün müddət təyin edilərək 13 avqust və 16 sentyabr 2024cü il tarixli tarixli yardım məktubları göndərilməsinə baxmayaraq, iddiaçı tərəfindən məhkəmənin yardımlarına məhəl qoyulmayaraq hər hansı tədbir görülməmişdir. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən hazırki tələb üzrə Cavabdehnə müraciəti, həmin müraciətdən imtina edilməsi barədə sənədlər mövcud olmadığından, bununla da, hansı cavabdeh inzibati orqan tərəfindən onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu müəyyənləşdirmək mümkün olmadığından və bu istiqamətdə iddiaçıya edilmiş yardımlar hər hansı nəticə vermədiyindən iddia tələbi mümkün sayılmamalıdır. İnzibati məhkəmə icraatında məhkəmənin əsas vəzifəsi iddiaçının tələbinin konkret olaraq nədən ibarət olduğunu, onun hüquqlarının cavabdeh tərəfindən hansı qaydada pozulduğunu və iddiaçının subyektiv hüquqa malik olub-olmamasını müəyyənləşdirməkdən ibarətdir. Bununla bağlı İddiaçı Abbas qızına məhkəmə tərəfindən dəfələrlə yardımlar edilmiş, cavabdeh inzibati orqan tərəfindən hüquqlarının və qanunla qorunan maraqlarının hansı qaydada pozulduğunu müəyyən etməyə imkan verən sübutların məhkəməyə təqdim edilməsi təklif olunmuş, lakin buna baxmayaraq, iddiaçı tərəf məhkəməyə hansı sübut təqdim etməmişdir. Eyni zamanda, qeyd olunmalıdır ki, inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. İPM-nin 13 və 48-ci maddələrində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 13-cü maddəsinin tələbinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. - 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, yuxarıda şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Abbas qızının Cavabdehnə qarşı "ölüm akt qeydində səbəbli əlaqənin avto-qəza deyil, hərbi əmrləri icra edərkən həlak olması kimi qeyd edilməsi tələbi”nə dair iddiası mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və İPM-in 13, 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə, qəraraaldı: İddiaçı Abbas qızının Cavabdehnə qarşı "ölüm akt qeydində səbəbli əlaqənin avtoqəza deyil, hərbi əmrləri icra edərkən həlak olması kimi qeyd edilməsi tələbi”nə dair iddiası mümkün sayılmır. Qərardaddan, onun təqdim olunduğu gündən 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: HİCRAN MURADOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar