Məhkəmə qərarları › İş №2-1(122)-1267/2023

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-1267/2023

13.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-1267/2023 13.10.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ X2 Heydər oğlunun sədrliyi, İbrahimova Səbinə Adələt qızının katibliyi ilə, İddiaçı pozulmuş mülkiyyət hüququnun bərpa olunmasına köməklik göstərilməsi ilə bağlı 14 sentyabr 2023-cü il tarixli ərizəsinə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək pozulmuş mülkiyyət hüququnun bərpa olunmasına köməklik göstərilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə müvafiq olaraq inzibati iş məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş və iddianın mümkünlüyünün yoxlanılması ilə bağlı məhkəmə iclası 12 oktyabr 2023-cü il tarixə təyin edilmişdir. İddiaçının nümayəndəsi X3 məhkəməyə 29 sentyabr 2023-cü il tarixli notarial qaydada təsdiq edilmiş ərizə göndərərək Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsində 2-1(122)-1267/2023 nömrəli iş üzrə İddiaçı cavabdeh Babək Rayon icra Hakimiyyətinə qarşı Güznüt kəndində yerləşən mağaza binasının sökülməsi ilə bağlı iddia qaldırdığını, cavabdeh tərəfindən ona dəyən zərərin əvəzində torpaq sahəsi verildiyindən iddiasından imtina etdiyini, iddiadan imtina etməyinin hüquqi nəticələrinin ona məlum olduğunu bildirib, məhkəmədən iddiadan imtina barədə ərizəni qəbul edib iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə tərəflərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin ərizəsini nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddiaçının nümayəndəsinin ərizəsi aşağıda qeyd edilən normaların tələblərinə uyğun olduğundan iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 15.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatında tərəflər mübahisəyə baxılmasını bilavasitə özləri tərəfindən, yaxud mediasiya vasitəsilə bağlanılmış barışıq sazişi ilə, iddiaçının iddiadan imtina etməsi ilə, cavabdehin iddianı qəbul etməsi ilə və ya hüquqi mübahisənin nizamlanması barədə müştərək bəyanatla sona çatdıra bilərlər. 50.0 və 50.0.2-ci maddələrinə əsasən sədrlik edən hakim mübahisə ilə bağlı iş üzrə hazırlıq icraatında iddiaçının iddiadan imtina etməsi və ya cavabdehin iddianı qəbul etməsi barədə məsələləri həll edir və bu barədə müvafiq qərardad qəbul edir. 55.1-ci maddəsinə əsasən məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. 55.4-cü maddəsinə əsasən iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı pozulmuş mülkiyyət hüququnun bərpa olunmasına köməklik göstərilməsi ilə bağlı 14 sentyabr 2023-cü il tarixli ərizəsinə dair iş üzrə iddiaçının nümayəndəsi X1 ərizəsi təmin edilməli və inzibati iş üzrə icraata xitam verilməlidir. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə inzibati mübahisənin predmetini inzibati orqanın iddiaçıya münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir. Bununla belə iddiaçı iddiadan imtina etməklə İnzibati Prosessual Məcəllədə nəzərdə tutulan yardımetmə və araşdırma vəzifələrinin yerinə yetirilməsini arzu etmir. Ona görə də iddiadan imtina edildiyindən iddia ərizəsində yol verilən formal xətaların aradan qaldırılması və məhkəmə icraatına cəlbetmə ilə bağlı məsələlərə baxılmamışdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.1, 55.4, 55.5, 80, 83.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçının nümayəndəsi X1 ərizəsi təmin edilsin. İddiaçı pozulmuş mülkiyyət hüququnun bərpa olunmasına köməklik göstərilməsi ilə bağlı 14 sentyabr 2023-cü il tarixli ərizəsinə dair inzibati iş üzrə icraata xitam verilsin. İddiaçıya izah olunsun ki, iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. Qərardaddan şikayət verilə bilməz. Hakim: Elnur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar