Məhkəmə qərarları › İş №2-1(122)-127/2020

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-127/2020

23.12.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-127/2020 23.12.2020 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Muradov Hicran Xasay oğlunun sədrliyi, Əsgərov Elnar Muxtər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı "İddiaçı ilə X5 arasında bağlanmış xx.xx.1996-cı il tarixində Babək rayonu Kərimbəyli kənd İnzibati Nümayəndəliyində 29 saylı nikah haqqında şəhadətnamənin verilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması" tələbinə dair inzibati mübahisə üzrə işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinə müraciət edərək, İddiaçı ilə X5 arasında bağlanmış xx.xx.1996-cı il tarixində Babək rayonu Kərimbəyli kənd İnzibati Nümayəndəliyində 29 saylı nikah haqqında şəhadətnamənin verilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, o, və həyat yoldaşı X5 xx xxxxxx 1996-cı il tarixində ailə həyatı quraraq, nikahları Babək rayonu Kərimbəyli kənd X10 üzrə Nümayəndəliyində qeydiyyatdan keçirməklə rəsmiləşdirmişlər. Onların birgə nikahlarından xx xxxx 2010-cu il tarixində X6 dünyaya gəlmişdir. Nikaha girdikləri vaxt onlara nikah haqqında şəhadətnamə verilsə də, sonralar həmin nikah haqqında şəhadətnaməni dəfələrlə axtarsa da heç bir yerdə tapa bilməmişdir. Bundan sonra nikah haqqında şəhadətnaməni bərpa etmək üçün Cavabdehnə müraciət etmişdir. Cavabdeh xx xxxxxxx 2020-ci il tarixli, 02/266 saylı məktubuna əsasən ona bildirilmişdir ki, nikah haqqında akt qeydinin bərpa edilməsi üçün həmin qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər təqdim edilməlidir. Övladı X1 adına xx.xx.2010-cu il tarixdə Cavabdehndə tərtib olunmuş 215 saylı doğum haqqında akt qeydində xx xxxxxx 1996-cı il tarixində Babək Rayon Kərimbəyli Kənd İN-də 29 saylı aktla nikaha daxil olduqları məlum olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı münasibəti (etirazı) xx xxxxxx 2020-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Cavabdeh inzibati orqan iddiaya dair yazılı münasibətini onunla əsaslandırmışdır ki, Vətəndaş İddiaçı xx.xx.2020-ci il tarixdə Cavabdehnə nikah haqqında şəhadətnaməsini itirdiyindən təkrarını almaq üçün müraciət etmişdir. Müraciət araşdırıldıqdan sonra məlum olmuşdur ki, Cavabdeh arxivindən İddiaçı ilə X3 aid nikah haqqında akt qeydi tapılmamışdır. Vətəndaşın əlində hər hansı bir nikah akt qeydinin olduğuna dair heç bir sənəd olmadığından vətəndaşa izah edilmişdir ki, nikah haqqında akt qeydinin bərpası üçün müvafiq məhkəməyə müraciət etsin. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin x xxxx 2001-ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas müddəalar”a əsasən vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazi qeydiyyat şöbələri tərəfindən icra edilir. Nikah haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. İtmiş yazının qeydiyyat şöbələri tərəfimdən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. İş üzrə qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə mahiyyəti üzrə baxılması üçün şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası xx xxxxxx 2020-ci il tarixinə təyin olunmuşdur. Şifahi məhkəmə baxışı iclasında İddiaçı iddianı müdafiə edərək, 1996-cı ildə Kərimbəyli kənd X10 üzrə nümayəndəlikdə X5 ilə rəsmi nikaha daxil olduqlarını, nikah kağızını itirdiyindən Cavabdehnə müraciət etdiyini, orada ona nikahlarının olmadığını bildirdiklərini, vətəndaşlıq vəziyyəti aktları kitabında heç bir qeydiyyatın olmadığını, kötükdə heç nə olmadığını, nikahını bərpa etmək istədiyini bildirərək, iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə Cavabdeh nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, lakin məhkəməyə məktub göndərərək iştirakları olmadan məhkəmə iclasının keçirilməsini xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı iddia ərizəsinə cavabdeh inzibati orqanın imtina məktubunu, yaşayış yerindən arayışı, doğum haqqında şəhadətnamələrin təsdiq olunmuş surətlərini, şəxsiyyət vəsiqələrinin təsdiq olunmuş surətlərini əlavə etmişdir. Həmin sənədlərin və materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə, iddiaçının izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddia mümkün iddia olmaqla yanaşı mahiyyət baxımından da əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinə əsasən hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Həmin Qanunun 1.1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 1.2-ci maddəsinə görə bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13.1-ci maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Həmin Qanunun 13.2-ci maddəsinə görə əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən doğur) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 14.3-cü və 73.1-ci maddələri tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsassızdır və iddiaçının hüquqlarını pozmuşdur. Belə ki, iş materiallarında olan: - Cavabdeh İddiaçı ünvanlandığı xx xxxxxxx 2020-ci il tarixli, 02/266 nömrəli cavab məktubundan görünür ki, nikah haqqında akt qeydinin bərpa edilməsi üçün həmin qeydin əvvəllər olmasını təsdiq edən sənəd təqdim edilməlidir. Övladı X6 adına xx xxxx 2010-ci il tarixdə Cavabdehndə tərtib olunmuş 215 saylı doğum haqqında akt qeydində xx xxxxxx 1996-cı ildə Babək Rayon Kərimbəyli Kənd İN-də 29 saylı aktla nikaha daxil olduqları məlum olur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxx 2001-ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas müddəalar”a əsasən vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazi Qeydiyyat şöbələri tərəfindən icra edilir. Nikah haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. İtmiş yazının Qeydiyyat şöbələri tərəfindən bərpası mümkün olmadıqda Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edildiyi bildirilmiş və bu barədə aidiyyəti üzrə məhkəməyə müraciət etməyi məsləhət görülmüşdür. - Babək Rayon İcra Hakimiyyətinin Zeynəddin Kənd X10 üzrə Nümayəndəliyinin xx xxxxxxx 2020-ci il tarixli, 893 nömrəli arayışından müəyyən olunur ki, İddiaçı həqiqətən Babək rayonu, Zeynəddin kəndində yaşayır. - AЗ seriyalı, ******* nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən müəyyən olunur ki, İddiaçı xx xxxxxx 1965-ci il tarixdə doğulmuşdur. - İİİ-ЖГ seriyalı, 297720 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən müəyyən olunur ki, X5 xx xxxx 1973-cü il tarixdə doğulmuşdur. - AZ-İİ seriyalı, 503313 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən müəyyən olunur ki, X6 xx xxxx 2010-cu il tarixdə doğulmuş, ata qrafasında İddiaçı və ana qrafasında X4 qeyd edilmişdir. - AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx xxxxxx 1965-ci il tarixdə Naxçıvan rayonu, Zeynəddin kəndində doğulmuş və Babək rayonu, Zeynəddin kəndində yaşayır. - AZE seriyalı, 08612534 nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, X5 xx xxxx 1973-cü il tarixdə ünvan 2 ünvanında yaşayır. İş materiallarına əlavə olunmuş Babək Rayon İcra Hakimiyyətinin Zeynəddin Kənd X10 üzrə Nümayəndəliyinin xx xxxxxx 2020-ci il tarixli, 999 nömrəli arayışından müəyyən olunur ki, İddiaçı həqiqətən Babək rayonu, Zeynəddin kəndində yaşayır, X5 (həyat yoldaşı) və X7 (qızı- vəfat edib) onun ailə üzvləridir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxx 2001-ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas müddəalar”a əsasən vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə Qeydiyyat şöbələri tərəfindən icra edilir. Doğum haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. İtmiş yazının Qeydiyyat şöbələri tərəfindən bərpası mümkün olmadıqda vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxx 2003-cü il tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 1.1-ci bəndinə görə bu Qayda Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq hazırlanmışdır və dövlət mənafeyi, ictimai mənafe üçün, vətəndaşların şəxsi, habelə əmlak hüquqlarının qorunması məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasını müəyyən edir. Həmin Qaydanın 1.4-cü bəndinə görə qeydiyyat şöbəsi və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Həmin Qaydanın 1.7-ci bəndinə görə qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, qeyd olunmalı faktları, ərizə verənlərin şəxsiyyətini təsdiq edən sənədlər və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün lazım olan bu Qaydada müəyyən olunmuş digər sənədlər təqdim edildikdə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün tələb olunan ərizə blanklarının formaları Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən təsdiq olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.2-ci maddəsinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 159.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 164-cü maddəsinin 1 və 2-ci bəndlərinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı, qeyd olunmalı faktları və ərizə verənlərin şəxsiyyətini təsdiq edən sənədlər əsasında aparılır. Bu sənədlər üzrə məlumatların elektron informasiya sistemlərindən əldə edilməsi mümkün olduğu hallarda həmin sənədlər şəxslərdən tələb olunmur. Vətəndaşlıq vəziyyəti aktlarının qeyd edilməsi üçün lazım olan sənədlərin siyahısı vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması qaydasına əsasən müəyyən olunur. Məhkəmə iş materiallarına məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, İddiaçı ilə X5 arasında bağlanmış xx.xx.1996-cı il tarixində Babək rayonu Kərimbəyli kənd İnzibati Nümayəndəliyində 29 saylı nikah haqqında şəhadətnamənin verilməsindən Cavabdeh tərəfindən imtina edilməsi əsassızdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 174-cü maddəsinə əsasən nikahın qeydə alınması müvafiq icra hakimiyyəti orqanı tərəfindən nikaha daxil olan şəxslərin iştirakı ilə aparılır. Cavabdeh xx xxxxxxx 2020-ci il tarixli, 02/266 nömrəli imtina məktubundan da göründüyü kimi, X1 adına xx xxxx 2010-ci il tarixdə Cavabdehndə tərtib olunmuş 215 saylı doğum haqqında akt qeydində xx xxxxxx 1996-cı ildə Babək Rayon Kərimbəyli Kənd İN-də 29 saylı aktla İddiaçı ilə X2 nikaha daxil olduqları məlum olur. Məhkəmənin qənaətinə görə Cavabdeh iddiaçının nikah haqqında şəhadətnamənin verilməsi üçün həmin qeydin əvvəllər olmasını təsdiq edən sənədin təqdim olunmamasını əsas gətirsə də, nikah haqqında şəhadətnamə olmadan doğum haqqında akt qeydinin aparılmasının mümkün olmadığını nəzərə almamışdır. Belə olan halda, doğum haqqında akt qeydinin aparılması üçün nikahın bağlanması haqqında şəhadətnamə təqdim edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Məhkəmə araşdırması zamanı məhkəmə iclasında tədqiq olunmuş sübutlara, iddiaçının izahatına əsasən məhkəmə hesab edir ki, həmin sübutlar qanuni və əsaslı olduğundan iddiaçının iddia tələbinin təmin edilməsi üçün kifayət qədər əsas mövcuddur. Yuxarıda qeyd olunan əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli və İddiaçı ilə X5 arasında xx.xx.1996-cı il tarixində Babək rayonu Kərimbəyli kənd İnzibati Nümayəndəliyində bağlanmış 29 saylı nikah haqqında şəhadətnamənin verilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinin tələbinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, işə baxılması ilə əlaqədar iddia tələbi üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Nətcəvi hissə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1, 34.1, 68-69, 73.1, 75, 85 və 110.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilir. İddiaçı ilə X5 arasında xx.xx.1996-cı il tarixində Babək rayonu Kərimbəyli kənd İnzibati Nümayəndəliyində bağlanmış 29 saylı nikah haqqında şəhadətnamənin verilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulur. İddia tələbi üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumu iddiaçıya aid edilir. Qərardan inzibati məhkəmə icraatının iştirakçısı tələbinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 (otuz) gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. SƏDRLİK EDƏN: HİCRAN MURADOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar