Məhkəmə qərarları › İş №2-1(122)-128/2022

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-128/2022

28.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-128/2022 28.06.2022 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Novruzov Səxavət Hüseyn oğlunun sədrliyi, Məmmədov Kamal Cahangir oğlunun katibliyi, İddiaçı, cavabdeh “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Babək rayon şöbəsinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Babək rayon şöbəsinə qarşı “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Babək rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyanın 01 noyabr 2021-ci il tarixli, 13 nömrəli qərarının ləğv olunması tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Babək rayon şöbəsinə qarşı “ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı yaşa görə güzəştli şərtlərlə pensiyası hüququnun təmin olunması öhdəliyinin “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Babək rayon şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 20 iyun 1984-cü il tarixində 142 nömrəli əmr əsasında Naxçıvan Tikinti Materialları Kombinatı üzrə Üzlük Layları sexinə 3cü dərəcəli maşinist –mişarçı təyin edilmiş, 12 fevral 1985-ci il tarixində 31 nömrəli əmr əsasında 5-ci dərəcəli çilingər vəzifəsinə keçirilmiş, 07 iyul 1986-cı il tarixində 159 nömrəli əmr əsasında 3 nömrəli briqadaya keçmişdir. 11 mart 1987-ci il tarixində 53 nömrəli əmr əsasında CMP-004 dəzgahında 4-cü dərəcəli baş mişarçı təyin edilmiş, 25 avqust 1988-ci il tarixində 213 nömrəli əmr əsasında 4-cü dərəcəli baş mişarçı təyin olunmuş, 13 avqust 1991-ci il tarixində 117 nömrəli əmr əsasında öz ərizəsi əsasında işdən azad olunmuşdur. 14 avqust 1991-ci il tarixində 52K nömrəli əmr əsasında Babək rayon Kommunal Müəssisələri Kombinatına 3 ay sınaq müddəti ilə mühəndis təyin edilmiş, 26 aprel 2012-ci il tarixində 27K nömrəli əmr əsasında işdən azad olunmuş və 22 fevral 2013-cü il tarixindən Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Babək rayon idarəsinə iş icraçısı vəzifəsinə təyin edilmişdir. 16 oktyabr 2020-ci il tarixində 57 yaşı tamam olduğundan ona 21 iyul 2020-ci il tarixindən etibarən yaşa görə güzəştli şərtlərlə pensiya təyin olunmuşdur. Naxçıvan MR Dövlət Sosial Müdafiə X9 Şəxsin Babək rayon Şöbəsi pensiyasının fərdi hesabının sığorta hissəsinə qeydə alınan pensiya kapitalının əmək pensiyasının minimum məbləğinə çatmadığından 16 oktyabr 2020-ci il tarixində 152 nömrəli qərar əsasında pensiya işi ləğv edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 241/2022 xx.xx.2022 nömrəli qərarında qeyd olunur ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa dəyişikliklər edilməsi barədə" 10 mart 2017-ci il tarixli, 543-VQD nömrəli Azərbaycan Respublikası Qanunu ilə həmin Qanunun 9.1-ci maddəsində “57” rəqəmləri “60” rəqəmləri ilə, “52” rəqəmləri “55” rəqəmləri ilə əvəz edilmiş və həmin maddəyə “çalışmışlarsa” sözündən sonra “və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə" sözləri əlavə edilmiş və həmin dəyişiklik 2017-ci ilin iyul ayının 1-dən qüvvəyə minmişdir. Qanunvericiliyin mənasından belə başa düşülür ki, mənim pensiya hüququm yarananda pensiya kapitalının məbləği qanunvericilikdə nəzərə alınmamışdır. Bu "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsində də öz əksini tapır. İddiaçı yuxarıda qeyd olunanlara əsasən ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı yaşa görə güzəştli şərtlərlə pensiyası hüququnun təmin olunması öhdəliyinin “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Babək rayon şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunmuş, iddianın mümkünlüyünün yoxlanılması ilə bağlı məhkəmə iclası 13 may 2022-ci il tarixə təyin edilmişdir. 13 may 2022-ci il tarixə təyin edilmiş iddianın mümkünlüyünün yoxlanılması ilə bağlı məhkəmə iclasında İddiaçı cavabdeh “Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Babək rayon şöbəsinə qarşı iddia tələbini dəqiqləşdirdiyini, hazırki iddia tələbinin “Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Babək rayon şöbəsinin əmək pensiyasını təyin edən komissiyanın 01 noyabr 2021-ci il tarixli, 13 nömrəli qərarının ləğv olunması” olduğunu bildirərək, həmin tələb üzrə işə baxılmasını xahiş etmiş və 13 may 2022-ci il tarixli yeni iddia ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmənin protokol qərarı ilə 13 may 2022-ci il tarixli yeni iddia ərizəsi iş materiallarına əlavə edilmişdir. Bundan sonra işin hazırlıq icraatına başlanılaraq məhkəmənin 13 may 2022-ci il tarixli, 2-1(122)-128/2022 nömrəli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Babək rayon şöbəsi iddiaya dair məhkəməyə ünvanlanan 07 iyun 2022-ci il tarixli, 03/481 nömrəli yazılı münasibətini onunla əsaslandırmışdır ki, xx xxxx 1963-cü il tarixdə anadan olmuş, ünvan 3 ünvanında qeydiyyatda olmaqla orada yaşayan İddiaçı "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Babək rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyanın 16 oktyabr 2020-ci il tarixli, 152 nömrəli qərarına əsasən 57 yaşı tamam olduğu 21 iyul 2020-ci il tarixdən etibarən "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə müvafiq olaraq yaşa görə güzəştli şərtlərlə 200.00 manat məbləğində əmək pensiyası təyin edilmişdir. İddiaçı xx.xx.1978-ci ildən xx.xx.1982-ci ilədək X2 (3 il 6 ay) təhsil almış, daha sonra xx.xx.1982-ci il tarixdən xx.xx.1984-cü il tarixədək (1 il 11 ay) hərbi xidmətdə olmuşdur. Bu barədə əmək kitabçasında qeyd aparılmışdır. Daha sonra əmək fəaliyyətini davam etdirərək xx.xx.1984-cü il tarixdən xx.xx.1991-ci il tarixədək (7 il 1 ay) Naxçıvan Tikinti Materialları Kombinatı üzrə üzlük layları sexində 3-cü dərəcəli maşinist mişarçı, xx.xx.1991-ci il tarixdən xx.xx.2006-cı il tarixədək (14 il 4 ay) isə Babək rayon Kommunal Müəssisələr Kombinatı 3 ay sınaq müddəti ilə mühəndis, daha sonra isə iş icraçısı vəzifəsində işləmişdir. İddiaçı təqdim etdiyi əmək kitabçasındakı qeydlərə əsasən, təhsil və hərbi xidmət dövrü də nəzərə alınmaqla onun 01 yanvar 2006-cı il tarixədək 27 il 12 gün ümumi və 18 il 10 ay 11 gün xüsusi iş stajı vardır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli, 17 nömrəli qərarı ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” təsdiq edilmişdir. Həmin qaydaların 1.3-cü bəndinə əsasən 2017-ci ilin iyulun 1-dən pensiya hüququ əldə etmiş, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya Qanunun həmin tarixədək qüvvədə olmuş normaları əsasında təyin edilir. Həmin qaydaların 2 №-li əlavəsinə əsasən pensiya hüququ olan şəxsə pensiya təyinatı vətəndaşın ərizəsi, şəxsiyyətini təsdiq edən sənəd, ümumi iş stajını təsdiq edən sənədlər, həmçinin həmin Qanunun 9-cu maddəsinə əsasən, pensiya hüququ olan şəxslərə güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün, onlara pensiya təyinatı iş yerindən güzəştli şərtlə pensiya hüququ verən peşələrdə işlədiyinə dair arayış əsasında həyata keçirilir. Yəni, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericiliyin göstərilən normalarına uyğun olaraq vətəndaşın işlədiyi müəssisədən onun zərərli və ağır əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd pensiya işinə əlavə olunmalıdır. Sözügedən arayış güzəştli şərtlərlə yaşa görə pensiya təyin edliməsi üçün şəxsin güzəştli şərtlərlə pensiya hüququ verən işdə qanunla tələb edilən müddətdə (azı 12 il 6 ay) çalışmasını müəyyən etməyə imkan verməlidir. Bu arayışda şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hansı bölməyə və hansı koda aid olması konkret olaraq göstərilməli, arayışda iddiaçının qeyd olunan işlərdə və müddətlərdə zərərli və ağır əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməlidir. Lakin, iddiaçının 20 iyul 1984-cü il tarixindən 13 avqust 1991-ci il tarixinədək Naxçıvan Tikinti Materialları Kombinatı üzrə üzlük layları sexində 3-cü dərəcəli maşinist-mişarçı işləməsi faktı xx.xx.2020-ci il tarixli, 13/736 nömrəli arxiv arayışında öz əksini tapmamışdır. Nəticədə, İddiaçı ümumi əmək stajı tələb olunan 25 il əmək stajından az olduğu üçün və fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı əmək pensiyasının minimum məbləğinə çatmadığından onun pensiya işi “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Babək rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyasının 01 noyabr 2021-ci il tarixli, 13 nömrəli qərarına əsasən ləğv edilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, İddiaçı “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsi Babək rayon şöbəsinə qarşı “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsinin Babək rayon şöbəsinin əmək pensiyası təyin edən komissiya tərəfindən pensiya işinin ləğvi ilə əlaqədar qəbul edilmiş 01 noyabr 2021-ci il tarixli, 13 nömrəli qərarının ləğv edilməsi və həmin tarixdən pensiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair qaldırdığı iddia əsassız olduğundan, iddia tələbinin rədd edilməsi barədə müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin 07 iyun 2022-ci il tarixli, 2-1(122)-128/2022 nömrəli sərəncamı ilə işin şifahi məhkəmə baxışına keçirilməsi üçün kifayət qədər əsaslar olduğu nəzərə alınaraq şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası 28 iyun 2022-ci il tarixə təyin olunmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Babək rayon şöbəsinin nümayəndəsi X4 cavabdeh tərəfindən məhkəməyə ünvanlanan məktublara uyğun izahat verərək məhkəmədən iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, cavabdeh inzibati orqanın iddia ərizəsinə qarşı təqdim etdiyi sənədlərə və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Babək rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyasının 01 noyabr 2022-ci il tarixli, 13 nömrəli qərarından məlum olur ki, "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Babək rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyası 2021-ci il oktyabr ayında pensiya işlərini nəzərdən keçirərək müəyyən etmişdir ki, İddiaçı "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə müvafiq otaraq 16 oktyabr 2020-ci il tarixdə hüququnun yarandığı 21 iyul 2020ci il tarixdən etibarən yaşa görə güzəştli şərtlərlə 200,00 manat əmək pensiyası təyin edilmişdir. "Əmək pensiyaları haqqında" Qanunun 9.8-ci maddəsinə əsasən 01 yanvar 2006-cı il tarixinədək qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qeyd olunanları nəzərə alaraq "Əmək pensiyaları haqqında" Qanunun 9.8-ci maddəsində güzəşt yalnız yaşa və staja görə müəyyən edildiyindən sözügedən qanunun 9.1-ci maddəsini 01 iyul 2017-ci il tarixindən qüvvədə olan "fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə" müddəası nəzərə alınmaqla qanunun 9.8-ci maddəsinin şərtlərinə əsasən 01 yanvar 2006-cı il tarixinədək güzəştli və ümumi iş stajı tamamlanmış şəxslərin "Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 13-cü maddəsində müəyyən edilmiş yaş həddinə çatdıqda güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Yuxarıda qeyd olunanları nəzərə alaraq komissiya 01 noyabr 2021-ci il tarixində 13 nömrəli qərara əsasən xx xxxx 1963-cü il tarixdə Babək rayonu, Babək qəsəbəsində anadan olmuş, faktiki olaraq orada yaşayan İddiaçı 16 oktyabr 2020cu il tarixində 152 nömrəli qərara əsasən təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası vətəndaş M. Novruzovun 01 yanvar 2006-cı il tarixədək sığorta stajına əsasən formalaşan pensiya kapitalı ilə fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalının cəmi əmək pensiyasının minimum məbləğinə çatmadığından pensiya işinin ləğv edilməsini qərara almışdır. Ümumilikdə vətəndaşa 01 noyabr 2021-ci il tarixədək 3294,66 manat artıq pul vəsaiti ödənilmişdir. - "Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsi Babək rayon şöbəsi tərəfindən Babək şəhərində yaşayan İddiaçı ünvanlanmış 31 mart 2022-ci il tarixli, 03/259 nömrəli məktubdan məlum olur ki, İddiaçı "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə müvafiq olaraq 16 oktyabr 2020-ci il tarixdə 57 yaşı tamam olduğu 21 iyul 2020-ci il tarixdən etibarən yaşa görə güzəştli şərtlərlə 200 manat əmək pensiyası təyin edilmişdir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanunun 9.8-ci maddəsinə əsasən 01 yanvar 2006cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə qanunvericilikdə müəyyən edilmiş tələblərə müvafiq qaydada təyin edilir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsində güzəşt yalnız yaşa və staja görə müəyyən edildiyindən sözügedən Qanunun 9.1-ci maddəsinin 01 iyul 2017-ci il tarixindən qüvvədə olan "fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə" müddəası nəzərə alınmaqla Qanunun 9.8-ci maddəsinin şərtlərinə əsasən 01 yanvar 2006-cı il tarixədək güzəştli və ümumi iş stajı tamamlanmış şəxslərin "Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 13-cü maddəsində müəyyən edilmiş yaş həddinə çatdıqda güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanması zamanı gözlənilən pensiya ödənişi müddəti aylarının sayı, güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə Qanunun 7-ci maddəsində qeyd olunan pensiya yaşı arasındakı ayların sayı qədər artırılır. Araşdırma zamanı məlum olmuşdur ki, vətəndaşın 01 yanvar 2006-cı il tarixinədək olan 27 il sığorta stajına əsasən formalaşan pensiya kapitalı 20015.30 manat, 01 yanvar 2006-cı il tarixdən 21 iyul 2020-ci il tarixədək isə 10141.74 manat pensiya kapitalı olmaqla, cəmi 30157.04 manat pensiya kapitalı vardır. Hesablama aşağıdakı qaydada aparılmışdır: 65 yaş (2020-ci ilin iyul ayı Qanunun 7-ci maddəsinə əsasən kişilərin yaş həddi) - 57 (güzəştli şərtlərlə pensiya yaşı) = 96 (yaşlar arasındakı ay fərqi) + 144 (gözlənilən pensiya ödənişi aylarının sayı) = 240 (gözlənilən pensiya ödənişi aylarının sayı); Pensiya kapitalı 30157.04:240=125.65<200 (2020-ci il minimum pensiyanın məbləği). Beləliklə vətəndaşın fərdi hesabı sığorta hissəsində qeydə alınan pensiya kapitalı əmək pensiyasının minimum məbləğinə çatmadığından pensiya işi ləğv edilmişdir. - 20 iyun 1984-cü il tarixli, ИT-İ seriyalı, ******* nömrəli əmək kitabçasının təsdiq olunmuş surətindən aydın olur ki, İddiaçı 01 sentyabr 1978-ci il tarixdən 06 mart 1982-ci il tarixə kimi X2 təhsil almış, 10 may 1982-ci il tarixdən 11 aprel 1984-cü il tarixə kimi Sovet Ordu sıralarında hərbi xidmətdə olmuş, 20 iyun 1984-cü il tarixdə Naxçıvan Tikinti Materialları Kombinatı üzrə Üzlük layları sexinə 3-cü dərəcəli maşinist-mişarçı təyin edilmiş, 12 fevral 1985-ci il tarixdə 5-ci dərəcəli çilingər vəzifəsinə keçirilmiş, 07 iyul 1986cı il tarixdə 3 nömrəli briqadaya inşaat müfəttişi vəzifəsinə keçirilmiş, 11 mart 1987-ci il tarixdə CMP-004 dəzgahında 4-cü dərəcəli daş mişarçı, 25 avqust 1988-ci il tarixində 4-cü dərəcəli daş mişarçı təyin olunmuş, 13 avqust 1991-ci il tarixində öz xahişi ilə işdən azad olunmuş, 14 avqust 1991-ci il tarixdən Babək rayon Kommunal Müəssisələr Kombinatına 3 ay sınaq müddəti ilə mühəndis təyin edilmiş, 14 aprel 1994-cü ildən iş icraçısı vəzifəsinə keçirilmişdir. - Babək rayon Polis Şöbəsi tərəfindən 03 avqust 2013-cü il tarixdə verilmiş AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, xx xxxx 1963-cü il tarixdə Naxçıvan Muxtar Respublikası, Naxçıvan rayonu, Təzəkənd kəndində doğulmuş İddiaçı ünvan 6 ünvanında pasport qeydiyyatındadır. - Naxçıvan Muxtar Respublikası Babək Rayon İcra Hakimiyyətinin Babək şəhər X8 Nümayəndəliyi tərəfindən verilmiş 12 aprel 2022-ci il tarixli, 624 nömrəli arayışdan məlum olur ki, İddiaçı Babək şəhərində qeydiyyatdadır və orada yaşayır. - “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Babək rayon şöbəsi tərəfindən məhkəməyə ünvanlanmış 16 iyun 2022-ci il tarixli, 03/507 nömrəli və 23 iyun 2022-ci il tarixli, 03/530 nömrəli məktubların məzmunundan aydın olur ki, xx xxxx 1963-cü il tarixdə anadan olmuş, Babək şəhəri, H.Əliyev prospekti, döngə 1, mənzil 3 ünvanında qeydiyyatda olmaqla orada yaşayan İddiaçı "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Babək rayon şöbəsinin 16 oktyabr 2020-ci il tarixli 152 nömrəli qərarına əsasən 21 iyul 2020-ci il tarixdən etibarən "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanunun 9.8-ci maddəsinə müvafiq olaraq yaşa görə güzəştli şərtlərlə 200,0 manat məbləğində əmək pensiyası təyin edilmişdir. İddiaçı təqdim etdiyi 20 iyun 1984-ci il tarixli, ИT-1 seriyalı, ******* nömrəli əmək kitabçasındakı qeydlərə əsasən, onun 2006-cı il yanvar ayının 1-dək 27 il 11 gün ümumi, 16 il 9 ay 11 gün xüsusi iş stajı vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993cü il 21 iyun tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında" 2 №li Siyahısında “Dağ mədən işləri” bölməsinin (20100000 1. Açıqda dağ-mədən işləri və yer səthində işlər) yarımbölməsində 2010100a- 126882 kodu altında "daş mişarlayıcıları" və 22900000 XXVİİ. “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” bölməsinin (2290000b b) rəhbərlər və mütəxəssislər) yarımbölməsində 2290000b-24441 kodu altında "iş icraçıları" göstərilmişdir. Həmçinin məktublarda İddiaçı 01 yanvar 2006-cı il tarixədək iş stajını əks etdirən cədvəl, məktubların qeyd hissələrində isə pensiya təyin edilərkən İddiaçı tərəfindən güzəştli iş arayışı təqdim edilmədiyi göstərilmişdir. - Fondun Babək rayon şöbəsi tərəfindən məhkəməyə təqdim olunmuş 111057 nömrəli pensiya işinin materiallarında olan: - “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Babək rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyasının 16 oktyabr 2020-ci il tarixli, 152 nömrəli qərarına əsasən İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinə müvafiq olaraq yaşa görə 21 iyul 2020-ci il tarixdən ömürlük olaraq 200 manat əmək pensiyası təyin edilmişdir. - İddiaçı tərəfindən Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Babək rayon şöbəsinə ünvanlanan 15 oktyabr 2020-ci il tarixli ərizədən görünür ki, İddiaçı ona yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmiş və ərizədə hazırda işlədiyini qeyd etmişdir. - P seriyalı, ******* nömrəli diplomun surətindən aydın olur ki, İddiaçı 1978-ci ildə Ə.Naxçıvani adına X3 daxil olmuş və 1982-ci ildə həmin texnikumu “sənaye və mülki tikinti” ixtisası üzrə bitirmişdir. - Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Babək rayon şöbəsi tərəfindən verilmiş 05 oktyabr 2020-ci il tarixli, 598 nömrəli arayışdan görünür ki, 1963-cü il təvəllüdlü İddiaçı 10 may 1982-ci il tarixdən 08 may 1984cü il tarixədək ordu sıralarında həqiqi hərbi xidmət keçmişdir. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən İddiaçı verilmiş 07 oktyabr 2020-ci il tarixli, 13/736 nömrəli arayışdan görünür ki, Yerli Sənaye Nazirliyinin X7 sənədləri Naxçıvan MR Dövlət Arxivinə təhvil verilmədiyindən İddiaçı işləməsi haqqında məlumat olmadığı qeyd edilmişdir. - Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Babək rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən verilmiş 05 oktyabr 2020-ci il tarixli, 03/934 nömrəli arayışdan aydın olur ki, Babək rayonu, Babək qəsəbə sakini xx xxxx 1963-cü il təvəllüdlü İddiaçı mərkəzdə qeydiyyatda durmadığı, ona heç bir növ sosial müavinət və təqaüd ödənilmədiyi qeyd olunmuşdur. Həmçinin, 111057 nömrəli pensiya işinə İddiaçı işlədiyi dövr ərzində aylar üzrə aldığı əmək haqqı cədvəllərini əks etdirən arxiv arayışı, vətəndaşın şəxsiyyət vəsiqəsinin surəti, yaşayış yeri barədə arayış, Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən verilmiş İddiaçı həqiqətən də Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Babək Rayon İdarəsində iş icraçısı işləməsi barədə 06 oktyabr 2020-ci il tarixli, 26 nömrəli arayışı, əmək kitabçasının surəti və əmək kitabçasının tərcümə edilmiş çıxarışı da əlavə olunmuşdur. İşin hallarından və iddia ərizəsinin məzmunundan aydın olur ki, iddiaçı əmək kitabçasında göstərilən iş illərinin sosial sığorta stajı kimi nəzərə alınaraq “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Babək rayon şöbəsinin 01 noyabr 2021-ci il tarixli, 13 nömrəli qərarının ləğv edilməsini arzu edir. Cavabdeh inzibati orqanın imtina məktubundan və nümayəndəsinin məhkəmə iclaslarında verdiyi izahatlardan məlum olur ki, aparılan audit yoxlamasından sonra iddiaçının fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olduğu müəyyən edildiyi üçün 16 oktyabr 2020-ci il tarixli, 152 nömrəli qərara əsasən 57 yaşı tamam olduğu 21 iyul 2020-ci il tarixdən İddiaçı təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası Şöbənin 01 noyabr 2022-ci il tarixli, 13 nömrəli qərarına əsasən ləğv olunmuşdur. Məhkəmə yuxarıda göstərilənlərə əsasən iddiaçının tələbinə və cavabdeh inzibati orqanın imtinasına hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının: - 12-ci maddəsinin İ hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. - 16-cı maddəsinin İ hissəsinə əsasən Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. - 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. - 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. - 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin İV hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 22-ci maddəsində qeyd olunur ki, hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ var. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, sosial sığorta da daxil olmaqla hər bir şəxsin sosial təminat hüququ var. Konstitusiyada və beynəlxalq-hüquqi aktlarda əksini tapan sosial təminat hüququ qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. “Andreyeva Latviyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 18 fevral 2009-cu il tarixli qərarında göstərilmişdir ki, dövlət pensiya proqramını tətbiq etməyə başlayanda, ondan irəli gələn şəxsi hüquqlar və maraqlar, pensiya ödənişləri edilməsindən və pensiya proqramının maliyyələşmə vasitələrindən asılı olmayaraq, 1 saylı Protokolun 1ci maddəsi ilə əhatə edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: - 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. - 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. - 4.1-ci maddəsinə görə bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. - 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. - 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. - 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun (xx.xx.2006-cı il tarixədək qüvvədə olmuşdur): - 13-cü maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçiləristehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar-45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. b)əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə 13 iyun 1997ci il tarixli, 321-İQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən həmin maddədə nəzərdə tutulmuş yaş həddi 01 avqust 1997-ci il tarixdən 01 avqust 2000-ci ilədək hər il 6 ay artırılmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 17 nömrəli, 11 dekabr 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin 2.4.1. bəndində qeyd edilmişdir ki, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən təsdiq olunaraq xx.xx.2010-cu il tarixli, 4027 nömrəli şəhadətnamə ilə normativ hüquqi akt kimi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları”nın 2.1.8-ci bəndində göstərilir ki, Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə təyin olunur. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin siyahı təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraitinin xüsusilə zərərli və xüsusi ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Hazırki iş üzrə İddiaçı 16 oktyabr 2020-ci il tarixli, 152 nömrəli qərara əsasən 21 iyul 2020-ci il tarixdən etibarən "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə müvafiq olaraq yaşa görə güzəştli şərtlərlə 200.00 manat məbləğində əmək pensiyası təyin edilmişdir. İddiaçıya yaşa görə güzəştli şərtlərlə pensiya təyin edilərkən vətəndaşın güzəştli şərtlərlə yaşa görə pensiya hüququ mövcud olmuşdur. Belə ki, iddiaçının pensiyaya çıxdığı dövrdə 27 il, 11 gün ümumi iş stajı, 16 il 9 ay 11 gün xüsusi iş stajı mövcud olmuşdur. Lakin inzibati orqan tərəfindən aparılmış audit yoxlaması zamanı iddiaçının yaşının 2017-ci ilin iyul ayının 1-dən sonra tamam olunduğu aşkar olunmuş, nəticədə 01 iyul 2017ci il tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində edilmiş müvafiq əlavə və dəyişikliyin tətbiq edilməsi zərurəti yarandığı əsas gətirələrək iddiaçının fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olduğundan təyin olunmuş pensiya inzibati orqanın 01 noyabr 2021-ci il tarixli, 13 nömrəli qərarı ilə ləğv edilmişdir. Belə ki, 10 mart 2017-ci il tarixli, 543-VQD nömrəli “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Qanununun 1.16-cı maddəsinə əsasən “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsindəki “ 57” rəqəmləri “ 60” rəqəmləri ilə, “ 52” rəqəmləri “ 55” rəqəmləri ilə əvəz edilmiş və həmin maddəyə “çalışmışlarsa” sözündən sonra “və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə” sözləri əlavə edilmişdir. Həmin Qanunun 2-ci maddəsinə əsasən bu Qanun 2017-ci il iyulun 1-dən qüvvəyə minmişdir. İddia tələbinin Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Babək rayon şöbəsinin 01 noyabr 2021-ci il tarixli, 13 nömrəli qərarının ləğv edilməsinə münasibətdə məhkəmə hesab edir ki, mübahisə 01 yanvar 2006-cı ilədək qüvvədə olmuş qanunvericiliklə nəzərdə tutulmuş dispozisiya şərtlərinin həmin tarixədək iddiaçıya münasibətdə mövcudluğu baxımından həll edilməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Başqa sözlə, yuxarıda istinad olunan normaların tələbinə görə, 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyası təyin olunması üçün zəruri şərt Qanunun qüvvəyə mindiyi 01 yanvar 2006-cı il tarixədək şəxsin əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan tam əmək stajını, yəni ümumi və xüsusi stajı qazanmış olmasıdır. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır:

1. İddiaçının 01 yanvar 2006-cı ilə qədər azı 25 il ümumi iş stajının mövcud olması;

2. İddiaçının 01 yanvar 2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması. İddiaçıya münasibətdə hər iki hal cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilməmiş, həmçinin iddiaçının xüsusi iş stajının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” 2 №-li Siyahısında “Dağ mədən işləri” bölməsinin (20100000 1. Açıqda dağ-mədən işləri və yer səthində işlər) yarımbölməsində 2010100a-126882 kodu altında "daş mişarlayıcıları" və 22900000 XXVİİ. “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” bölməsinin (2290000b b) rəhbərlər və mütəxəssislər) yarımbölməsində 2290000b-24441 kodu altında "iş icraçıları" vəzifələrinə uyğun gəldiyi aşkarlanmışdır. Nəticədə iddiaçı tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş iş stajına dair qanunun zəruri tələbləri ödənilmiş, onun əmək kitabçasına və arxiv arayışlarına əsasən 01 yanvar 2006-cı ilə qədər 25 ildən çox ümumi iş stajının, 16 il, 9 ay, 11 gün xüsusi iş stajının mövcudluğu məhkəmə araşdırması zamanı da öz təsdiqini tapmışdır. Cavabdeh inzibati orqan tərəfindən pensiyanın ləğv edilməsinə səbəb kimi göstərilən yeganə arqument iddiaçının minimum pensiya təminatına imkan verən pensiya kapitalına malik olmamasıdır. Məhkəmə qeyd edir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinin tələblərinə müvafiq olaraq 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən təyin edilməlidir. Həmin Qanunda isə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün pensiya kapitalı ilə bağlı tələb nəzərdə tutulmamışdır. Məhkəmə hesab edir ki, iddiaçı 01 yanvar 2006-cı il tarixədək qanunvericilikdə nəzərdə tutulmuş ümumi və xüsusi iş stajına malik olduğundan, yəni pensiya hüququ qazandığından 57 yaşını 2017-ci ildən sonra tamamlamasından asılı olmayaraq, ona “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən pensiya təyin olunmalı və mövcud qanunvericiliyin pensiya kapitalı ilə bağlı tələbi tətbiq olunmamalıdır. Göründüyü kimi inzibati orqan iddiaçının pensiya hüququ qazandığı dövrdə qüvvədə olan hüquq normalarına görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün pensiya kapitalı ilə bağlı tələbi əsas gətirərək iddiaçıya təyin olunmuş pensiyanın ləğv edilməsində haqlı olmamışdır. Hazırki mübahisə ilə bağlı oxşar hüquqi mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-313/2022 nömrəli iş üzrə qəbul etdiyi 23 fevral 2022-ci il tarixli qərarında da öz əksini tapmışdır. Məhkəmə qeyd etməyi xüsusilə zəruri hesab edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarları qətidir və aşağı instansiya məhkəmələri üçün tövsiyə xarakteri daşıyır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: - 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. - 58.2-ci maddəsinə əsasən inzibati akt məzmun baxımından kifayət qədər aydın və anlaşılan olmalıdır. - 58.3-cü maddəsinə əsasən inzibati aktda onun ünvanlandığı hüquqi və ya fiziki şəxslər, nizama saldığı və ya həll etdiyi məsələlər dəqiq göstərilməlidir. - 61.1-ci maddəsinə əsasən yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. - 61.2-ci maddəsinə əsasən əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. - 61.3-cü maddəsinə əsasən inzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. - 61.4-cü maddəsinə əsasən inzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. - 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. - 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. - 73.1-ci maddəsinə əsasən Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində müvafiq şikayət instansiyasına verilir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, cavabdeh inzibati orqan tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə əməl olunmamış, inzibati orqan tərəfindən inzibati icraat aparılmamış, mübahisələndirilən qərar qanunvericiliyin tələblərinə uyğun olaraq sübutlarla əsaslandırılmamışdır. Qanunun tələbinə əsasən cavabdeh inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş mübahisələndirilən inzibati akt qanunsuz sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. - 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Babək rayon şöbəsinə qarşı “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Babək rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyanın 01 noyabr 2021-ci il tarixli, 13 nömrəli qərarının ləğv olunması tələbi”nə dair iddiası əsaslı olduğundan təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1, 4.1, 14.1, 32.1, 58.7, 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

q ə r a r a a l d ı:

İddia təmin edilsin. “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Babək rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyanın 01 noyabr 2021-ci il tarixli, 13 nömrəli qərarı ləğv edilsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələblərinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

SƏDRLİK EDƏN: SƏXAVƏT NOVRUZOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar