Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-13/2022 14.04.2022 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Novruzov Səxavət Hüseyn oğlunun sədrliyi, Məmmədov Kamal Cahangir oğlunun katibliyi, İddiaçı və cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “onun N avqust 2021-ci il tarixli raportuna əsasən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə uyğun olaraq (öz arzusu ilə) Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən ehtiyata buraxılması vəzifəsinin cavabdehə həvalə edilməsi tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun N avqust 2021-ci il tarixli raportuna əsasən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə uyğun olaraq (öz arzusu ilə) Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən ehtiyata buraxılması vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, hazırda N nömrəli hərbi hissədə kapitan hərbi rütbəsində maddi-texniki təminat bölməsinin raket-artilleriya silahları xidməti rəisi vəzifəsində xidmət edir. N avqust 2021-ci il tarixdə N nömrəli hərbi hissə komandirinin adına raport yazaraq "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "j" bəndinə əsasən (öz arzusu ilə) Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən ehtiyata buraxılmaq üçün yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmasını xahiş etmişdir. Belə ki, o artıq 11 il 4 aydır ki, zabit kimi xidmət edir. Lakin raportuna hərbi hissə komandanlığı tərəfindən 1314 nömrəli, 21 avqust 2021-ci il tarixli məktubla rəsmi imtina cavabı verilmişdir. İmtina cavabı onunla əsaslandırılmışdır ki, "Vətən müharibəsi"ndən sonra ixtisaslı kadrlara olan ehtiyacı nəzərə alaraq onun ehtiyata buraxılmağı məqsədəuyğun sayılmır. Bundan sonra N avqust 2021-ci il tarixdə N nömrəli hərbi hissə komandirinə (Azərbaycan Respublikası Müdafiə Nazirinin müavini-X4 Komandanına) şikayət ərizəsi ilə müraciət etmişdir. Lakin bu dəfə də ona N nömrəli hərbi hissədən N nömrəli, N sentyabr 2021-ci il tarixli məktubla imtina cavabı verilmişdir. İmtina cavabı onunla əsaslandırılmışdır ki, “Vətən müharibəsi"ndən sonra ixtisaslı kadrlara olan ehtiyacı nəzərə alaraq onun ehtiyata buraxılmağı məqsədəuyğun sayılmır. İddiaçı hər iki imtina məktubunu əsassız və qanunsuz hesab edir. Belə ki, bu gün Müdafiə Nazirliyinin hərbi hissələrindən, həmçinin X1 Ordunun hərbi hissələrindən yüksək rütbəli ixtisaslı zabitlər daxil olmaqla, zabitlərin ehtiyata buraxılması həyata keçirilir. İddiaçı hesab edir ki, onun Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş həqiqi hərbi xidmətdən ehtiyata buraxılmaq hüququ kobud şəkildə pozulmuşdur. İddiaçı yuxarıda göstərilənlərə əsasən məhkəmədən onun N avqust 2021-ci il tarixli raportuna əsasən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə uyğun olaraq (öz arzusu ilə) Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən ehtiyata buraxılması vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri sərəncamla cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə göndərilmişdir. Cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi iddiaya dair məhkəməyə ünvanlanan 01 fevral 2022-ci il tarixli, 435 nömrəli yazılı münasibətini onunla əsaslandırmışdır ki, İddiaçı iddia ərizəsində N nömrəli hərbi hissədə kapitan hərbi rütbəsində raket-artilleriya silahları xidməti rəisi vəzifəsində xidmət edərkən N avqust 2021-ci ildə hərbi hissə komandirinə və N avqust 2021-ci ildə X4 Komandanına “Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "j" (öz arzusu ilə) bəndinə əsasən Azərbaycan Ordusunda həqiqi hərbi xidmətdən ehtiyata buraxılmaq üçün müraciət etdiyini, lakin müraciətlərinə imtina cavabı verildiyi bildirmişdir. Bildirilir ki, N nömrəli hərbi hissədə iddiaçının müraciətinə hərbi hissə komandanlığı tərəfindən baxılmış, tabeliyində olduğu komandanlıq müraciətini cavablandıraraq yuxarı komandanlığın ona etimad göstərərək qısa müddətdə yuxarı vəzifəyə təyin etməsini nəzərə alıb onun ehtiyata buraxılmasını məqsədəuyğun hesab etmədiyini bildirmişdir. Eyni ilə, X4 Komandanına etdiyi yazılı müraciətinə də baxılmaqla X5 Heyət üzrə müavini vəzifəsini icra edən şəxs tərəfindən müraciət cavablandırılmışdır. Komandanlıq İddiaçı zabit kimi xidmətini, "Vətən müharibəsi"ndən sonra ixtisaslı kadrlara olan ehtiyacı nəzərə alaraq onun ehtiyata buraxılmasını məqsədəuyğun hesab etməmişdir. Yuxarıda qeyd olunanları və hazırda Azərbaycan Ordusunda kadr zabit heyətinə olan tələbatı nəzərə alaraq, məhkəmədən iddianın əsassız hesab edilərək rədd olunması xahiş edilmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab olunmuş, şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası 14 aprel 2022-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək N nömrəli hərbi hissədə kapitan hərbi rütbəsində raket-artilleriya silahları xidməti rəisi vəzifəsində xidmət edərkən hərbi hissə komandirinə və X4 Komandanına öz arzusu ilə ehtiyata buraxılması barədə raportlarla müraciət etdiyini, lakin müraciətlərinə müxtəlif bəhanələr gətirilərək imtina cavabı verildiyini, zabit kimi təxminən 12 il, təhsil aldığı müddət də daxil olmaqla isə 16 ilə yaxın Azərbaycan Ordusunda xidmət etdiyini bildirib, N avqust 2021-ci il tarixli raportuna əsasən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə uyğun olaraq (öz arzusu ilə) Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən ehtiyata buraxılması vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi X3 iddiaya dair məhkəməyə ünvanlanan yazılı münasibətə uyğun izahat verərək İddiaçı zabit kimi qüsursuz xidmətini, "Vətən müharibəsi"ndən sonra ixtisaslı kadrlara olan ehtiyacı nəzərə alaraq onun ehtiyata buraxılmasının məqsədəuyğun hesab edilmədiyini bildirib məhkəmədən iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, cavabdeh inzibati orqanın iddia ərizəsinə qarşı təqdim etdiyi sənədlərə və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslıdır. Belə ki, iş materiallarında olan: - N nömrəli hərbi hissənin raket-artilleriya silahları xidməti rəisi kapitan İddiaçı tərəfindən N nömrəli hərbi hissənin komandirinə ünvanlanan N avqust 2021-ci il tarixli raportdan məlum olur ki, Azərbaycan Ordusunda 10 ildən artıq zabit vəzifəsində xidmət etdiyini nəzərə alıb "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "j" bəndinə əsasən (öz arzusu ilə) həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağı üçün yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmasını xahiş etmişdir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin komandiri polkovnik Yusif Axundov tərəfindən İddiaçı ünvanlanan 21 avqust 2021-ci il tarixli, 1314 nömrəli məktubdan məlum olur ki, onun, hərbi hissənin qərargah rəisinin, hərbi hissə komandirinin ideoloji iş və mənəvi-psixoloji təminat üzrə müavinin və hərbi hissə komandirinin maddi-texniki təminat üzrə müavinin onunla apardığı söhbətlərdən nəticə çıxararaq, eləcə də yuxarı komandanlığın ona etimad göstərərək qısa müddətdə yuxarı vəzifəyə təyin etməsini nəzərə alaraq Azərbaycan Ordu sıralarında qalıb xidmət etməyi münasib hesab edilmişdir. - N nömrəli hərbi hissənin raket-artilleriya silahları xidməti rəisi kapitan İddiaçı tərəfindən Azərbaycan Respublikası Müdafiə nazirinin müavini - X4 Komandanına ünvanlanmış N avqust 2021-ci il tarixli şikayət ərizəsinin məzmunundan aydın olur ki, o, N avqust 2021-ci il tarixdə N nömrəli hərbi hissə komandirinin adına raport yazaraq "Hərbi Xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "j" bəndinə əsasən (öz arzusu ilə) Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağı üçün yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmasını xahiş etmişdir. Lakin raportu bugünədək nəticəsiz qalmışdır. O, N avqust 2021-ci il tarixli raportuna əsasən "Hərbi Xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "j" bəndinə əsasən (öz arzusu ilə) Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağı üçün müvafiq göstəriş verilməsini xahiş etmişdir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissə tərəfindən kapitan İddiaçı ünvanlanan N sentyabr 2021-ci il tarixli, 3549 nömrəli məktubdan məlum olur ki, Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin başçılığı ilə 8 noyabr tarixini Zəfər Günü kimi qızıl hərflərlə tariximizə yazdı. Vətən müharibəsi başlandığı ilk gündən Azərbaycan Ordusunun hər bir hərbi qulluqçusu işğal altında olan torpaqlarımızın azadlığı və Vətənimizin ərazi bütövlüyü uğrunda mübarizədə Hərbi Anda sadiq qalaraq vəzifə borclarını layiqincə yerinə yetirmişdirlər. Bu müharibədə döyüş şücaəti göstərərək qəhrəmanlıq və Şəhidlik zirvəsinə ucalan hərbiçi yoldaşlarımız bizim hər birimizə bir örnəkdir. Xalqımız yaşadıqca onlar da qəlblərdə əbədi olaraq yaşayacaq. 44 günlük Vətən müharibəsindən sonra kadr zabitlərinə ehtiyac yarandığından, komandanlıq İddiaçı həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağını deyil, xidməti davam etdirməyini məqsədəuyğun hesab etmişdir. - AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxxxx 1989-cu ildə doğulmuşdur. - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsi tərəfindən İddiaçı verilmiş 18 mart 2022-ci il tarixli, 559 nömrəli arayışdan məlum olur ki, o, həqiqətən 09 sentyabr 2006-cı il tarixdən Azərbaycan Ordusunda həqiqi hərbi xidmətdədir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək hazırda tutduğu vəzifədən onun N avqust 2021-ci il tarixli raportuna əsasən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə uyğun olaraq (öz arzusu ilə) Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən ehtiyata buraxılması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etməklə məcburetmə haqqında iddia qaldırmışdır. Məhkəmə hesab edir ki, ilkin sübutetmə yükü qanunvericilikdə nəzərdə tutulmuş qaydada iddiaçının üzərinə düşür. İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən ehtiyata buraxılması tələbi ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirir. Həmçinin bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlər mövcud deyildir. Azərbaycan Respublikası Konstitusiyasının: - 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin İV hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Həmin maddənin İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. - 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Həmin maddənin İİ hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun: - 1.3-cü maddəsinə əsasən heç kəsin ixtiyarı yoxdur ki, hərbi qulluqçuları və onların ailə üzvlərini Azərbaycan Respublikasının Konstitusiyasında və qanunlarında Azərbaycan Respublikasının vətəndaşları üçün nəzərdə tutulmuş hər hansı hüquq və azadlıqlardan məhrum etsin və ya onların hüquqlarını məhdudlaşdırsın; buna yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına müvafiq surətdə yol verilir. - 18.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən olunmuş xidmət müddətini başa çatdıran, habelə həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatan, yaxud səhhətinə görə dinc dövrdə hərbi xidmətə yararsız sayılan hərbi qulluqçuların ehtiyata və ya istefaya buraxılmaq hüququ vardır. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun: - 2.0.2-ci maddəsinə əsasən hərbi xidmət – dövlət qulluğunun xüsusi növü olmaqla Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətlərdə Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin həyata keçirdikləri xidməti fəaliyyətdir - 40.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müvafiq aktı əsasında ali zabit heyəti həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları isə həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar. - 40.3-cü maddəsinə əsasən zabitlər, gizirlər və miçmanlar, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılırlar. - 43.1-ci maddəsinə əsasən həqiqi hərbi xidmətdən buraxılmış hərbi qulluqçular (bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla), habelə həqiqi hərbi xidmətə çağırışdan azad edilmiş vətəndaşlar (xəstəliyə görə həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız hesab edilənlər istisna olmaqla) ehtiyata keçirilirlər. Azərbaycan Respublikasının 03 oktyabr 1997-ci il tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən öz arzusu ilə — yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş zabitlər Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 52.1-ci maddəsinə əsasən səlahiyyətli inzibati orqanda ərizənin və ya müraciətin qeydiyyata alındığı vaxtdan ən geci 30 gün müddətində həmin inzibati orqan inzibati aktın qəbul edilməsi və ya onun qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul edir. - 52.5-ci maddəsinə əsasən inzibati aktın qəbul edilməsi də daxil olmaqla hər bir halda inzibati icraatın ümumi müddəti 90 gündən çox ola bilməz. - 66-cı maddəsinə əsasən maraqlı şəxsin ərizəsi üzrə bu Qanunun 52-ci maddəsində müəyyən edilmiş müddət ərzində inzibati orqan tərəfindən inzibati aktın qəbul olunmadığı hallarda maraqlı şəxs məhkəməyə müraciət edə bilər. Məhkəmə cavabdeh təşkilat tərəfindən gətirilən arqumentləri araşdıraraq hesab edir ki, iddiaçının ehtiyata buraxılmasından imtina edilməsi üçün cavabdeh inzibati orqan tərəfindən gətirilən arqumentlər əsassız olduğundan iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarından aydın olur ki, İddiaçı Azərbaycan Respublikasının Silahlı Qüvvələrində 10 ildən artıq müddətdə xidmət etdiyindən onun qanunvericilikdə nəzərdə tutulmuş qaydada öz arzusu ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılma hüququ vardır. Beləliklə, yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərindən aydın olur ki, zabitin öz arzusu ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılması üçün yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etməsi zəruri şərt kimi müəyyən edilmişdir. Məhkəmə İddiaçı xidmət dövründə əldə etdiyi bilik və bacarığı, perspektivli peşəkar zabitlərə ehtiyac yaranması ilə bağlı cavabdeh orqan tərəfindən etirazda irəli sürülən arqumentlərə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, sadalanan hallara əsasən iddiaçının Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılmasından imtina edilməsinin heç bir hüquqi əsası mövcud deyildir. Belə olan təqdirdə cavabdehin əsas gətirdiyi dəlillər iddiaçının “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən öz arzusu ilə hərbi xidmətdən ehtiyata buraxılmasına maneə ola bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. - 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “onun N avqust 2021-ci il tarixli raportuna əsasən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə uyğun olaraq (öz arzusu ilə) Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən ehtiyata buraxılması vəzifəsinin cavabdehə həvalə edilməsi tələbi”nə dair iddiası əsaslı olduğundan təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2, 4.1, 33.1, 58.7, 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı N avqust 2021-ci il tarixli raportuna əsasən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə uyğun olaraq (öz arzusu ilə) Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən ehtiyata buraxılması vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə həvalə edilsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələblərinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: SƏXAVƏT NOVRUZOV
Məhkəmə qərarları › İş №2-1(122)-13/2022
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-13/2022
14.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver