Məhkəmə qərarları › İş №2-1(122)-13/2023

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-13/2023

27.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-13/2023 27.02.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ X6 Heydər oğlunun sədrliyi, İbrahimova Səbinə Adələt qızının katibliyi ilə, İddiaçı, iddiaçının vəkili Vəkil və Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı “Dırnıs kənd XDM İK-nın 25 aprel 1992-ci il tarixli, 4 nömrəli qərarına əsasən verilmiş 0.1 ha torpaq sahəsi üzərində İddiaçı hüquqlarının dövlət qeydiyyatına alınaraq bu barədə çıxarış verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Dırnıs kənd XDM İK-nın 25 aprel 1992-ci il tarixli, 4 nömrəli qərarına əsasən verilmiş 0.1 ha torpaq sahəsi üzərində İddiaçı hüquqlarının dövlət qeydiyyatına alınaraq bu barədə çıxarış verilməsi vəzifəsinin cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 18 oktyabr 2022-ci il tarixli, 2- 1(122)-237/2022 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 30 noyabr 2022-ci il tarixli, 2-1(108)-44/2022 nömrəli qərardadı ilə İddiaçı və onun vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 18 oktyabr 2022-ci il tarixli, 2-1(122)-237/2022 nömrəli qərardadı ləğv edilərək, inzibati iş birinci instansiya məhkəməsinə qaytarılmışdır. Məhkəmə tərəfindən iddiaçı tərəfin ünvanına 09 dekabr 2022-ci il tarixli və 22 dekabr 2022-ci il tarixli, 2-1(122)-237/2022 nömrəli yardım məktubları göndərilmiş, Dırnıs kənd XDM İK-nin 25 aprel 1992-ci il tarixli, 4 nömrəli qərarını və həmin qərara əsasən İddiaçı verilmiş 01 ha torpaq sahəsinin yerini müəyyən etməyə imkan verən müvafiq sənədlərin (torpaq sahəsinin təhkim aktı, torpaq sahəsinin ayrıc aktı) məhkəməyə təqdim edilməsi üçün müddət təyin edilmişdir. Məhkəmənin iddianın mümkünlüyünün yoxlanılması ilə bağlı məhkəmə iclası 27 fevral 2023-cü il tarixə təyin edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək SSRİ dövründə dəmiryolunda işlədiyini, o vaxt ona torpaq verilmədiyini, bir neçə dəfə şikayət etdikdən sonra bataqlıq ərazidə torpaq verildiyini, həmin sahənin əvvəllər 600 m2 olduğunu, lakin bataqlıq olduğundan orada ev tikməyin mümkün olmadığını, şikayətlərindən sonra bataqlıq sahənin genişləndirilərək həmin ərazinin yuxarı hissəsində ev tikməyi üçün ona icazə verildiyini, Dırnıs kənd XDM İK-nın 25 aprel 1992-ci il tarixli, 4 nömrəli qərarına əsasən ona 0.1 ha torpaq sahəsinin verildiyini, ona verilmiş torpaq sahəsinin hazırda JN- 007A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə X2 mülkiyyətində olduğunu, mübahisəli torpaq sahəsinin qanunsuz olaraq X2 mülkiyyətinə verildiyini, Nəzakətə verilmiş mülkiyyət sənədinin saxta olduğunu, 1992-ci ildən təxminən 2 il əvvələ kimi həmin torpaq sahəsində əkinçiliklə məşğul olduğunu, torpaq sahəsini əkdiyi dövrdə ondan tələb olunan bütün ödənişləri, habelə məcburi dövlət sosial sığorta haqqını ödədiyini, Dırnıs kənd XDM İK-nın 25 aprel 1992-ci il tarixli, 4 nömrəli qərarı və ya həmin qərarla ona ayrılmış torpaq sahəsinin yerini müəyyən etməyə imkan verən sənədləri məhkəməyə təqdim etməyinin mümkün olmadığını bildirib məhkəmədən iddia tələbinin mümkün sayılması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil hazırki iddia tələbini müdafiə edərək iddianın mümkün sayılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin nümayəndəsi X3 məhkəmədən iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iddianın dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıda göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, iddia tələbi mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli qərarının: 1.1, 1.2, 1.3, 1.4 və 2.1-ci bəndlərinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.4-cü bəndinə əsasən birinci instansiya məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsi ilə də yerinə yetirə bilər. 5.1., 5.2., 6.1., 6.2., 7., 8.5-ci bəndlərinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olubolmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edibetmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, inzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir. İddiaçı bundan əvvəl də müxtəlif vaxtlarda məhkəmədə eyni və oxşar iddia tələbləri ilə iddia qaldırmış, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 10 mart 2022-ci il tarixli, 2-1(122)-48/2022 nömrəli və 14 iyun 2022-ci il tarixli, 2-1(122)-155/2022 nömrəli qərardadları ilə iddiaçının iddiası mümkün sayılmamışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırkı iddiaya dair iddiaçı mübahisəli torpaq sahəsinin Dırnıs kənd XDM İK-nın 25 aprel 1992-ci il tarixli, 4 nömrəli qərarı ilə ona verildiyini iddia etsə də, həmin qərarı, qərara əsasən ona verilmiş 01 ha torpaq sahəsinin yerini müəyyən etməyə imkan verən müvafiq sənədləri (torpaq sahəsinin təhkim aktı, torpaq sahəsinin ayrıc aktı) məhkəməyə təqdim edə bilməmiş, məhkəmənin araşdırması nəticəsində də həmin sənədləri aşkar etmək mümkün olmamışdır. Həmçinin inzibati işin mahiyyətinə görə iddiaçının tələbi faktiki olaraq Dırnıs kənd XDM İK-nın 25 aprel 1992-ci il tarixli, 4 nömrəli qərarına əsasən verilmiş 0.1 ha torpaq sahəsi üzərində onun hüquqlarının dövlət qeydiyyatına alınaraq bu barədə çıxarış verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi olsa da, iş üzrə iddiaçının əsas hüquqi marağı JN-007A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə həyətyanı torpaq sahəsi kimi X2 mülkiyyətinə verilmiş torpaq sahəsinin onun adına dövlət qeydiyyatına alınmasıdır. Göstərilənlərə əsaslanaraq məhkəmə hesab edir ki, iddiaçı hüquqlarının müdafiəsinə dair hüquqi marağına xidmət edən düzgün iddia növündən istifadə etmədiyi üçün iddia mümkün sayılmamalıdır. Bu mənada iddiaçıya İPM-in 13-cü maddəsinə əsasən hüquqi yardım göstərilmiş, həmçinin məhkəmə iclaslarında bir daha qanunvericiliyin tələbləri izah olunaraq dinlənilməsi təmin edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı “Dırnıs kənd XDM İK-nın 25 aprel 1992-ci il tarixli, 4 nömrəli qərarına əsasən verilmiş 0.1 ha torpaq sahəsi üzərində İddiaçı hüquqlarının dövlət qeydiyyatına alınaraq bu barədə çıxarış verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbi”nə dair iddiasının mümkün sayılmaması qənaətinə gəlir. Şərh edilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı “Dırnıs kənd XDM İK-nın 25 aprel 1992-ci il tarixli, 4 nömrəli qərarına əsasən verilmiş 0.1 ha torpaq sahəsi üzərində İddiaçı hüquqlarının dövlət qeydiyyatına alınaraq bu barədə çıxarış verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbi”nə dair iddiası mümkün sayılmasın. Qərardaddan qərardad rəsmi qaydada təqdim olunduğu vaxtdan (elan olunduğu vaxtdan) 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Elnur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar