Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-132/2022 01.12.2022 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: Hakim Muradov Hicran Xasay oğlunun sədrliyi, Məmmədov Kamal Cahangir oğlunun katibliyi, cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinə qarşı “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyasının 08 fevral 2022-ci il tarixli, 27 nömrəli qərarının ləğv edilməsi və təyin edilmiş pensiyanın 2022-ci ilin yanvar ayından etibarən İddiaçı ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati mübahisə üzrə işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" Culfa rayon şöbəsinin hərəkətlərinin qanunsuz hesab edilməsi və İddiaçı 57 yaşdan, yəni xx.xx.2018-ci il tarixdən təyin olunmuş və xx.xx.2021ci il tarixdən dayandırılmış güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının həmin tarixdən etibarən bərpa edilməsi öhdəliyinin cavabdeh “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Culfa rayon şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1961-ci il tarixdə anadan olmuşdur. 13 avqust 1983-cü ildən etibarən 19 avqust 2021-ci il tarixədək, demək olar ki, fasiləsiz olaraq əmək fəaliyyəti ilə məşğul olmuşdur. Hərbi xidməti və təhsil illərini də hesaba aldıqda onun 43 ilə yaxın əmək stajı vardır. Həmin iş stajının xx.xx.1983-cü il tarixdən xx.xx.1987-ci il tarixədək olan hissəsini Azərbaycan Dəmir yolu X4 yanacaq üzrə çilingər vəzifəsində işləmişdir. xx.xx.1987-ci il tarixdən xx.xx.2004-cü il tarixədək maşınist köməkçisi vəzifəsində işləmişdir. xx.xx.2010-cu il tarixdən "X9" MMC-nin Yük və Sərnişin Daşımaları İdarəsinin X4 teplovoz maşınist köməkçisi vəzifəsində işləmişdir. xx.xx.2016-cı il tarixdən xx.xx.2021-ci il tarixədək isə maşınist vəzifəsində işləmişdir. Həmin işlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısının" 21.4-cü bəndində öz əksini tapmışdır. Bu "X9" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, D/159 nömrəli arayışda da öz əksini tapmışdır. Həmin arayışdan görünür ki, İddiaçı bütün əmək fəaliyyəti güzəştli şərtlərlə olmuşdur və bu müddət 38 il təşkil etməkdədir. Bütün yuxarıda göstərilənlərə əsasən İddiaçı xx.xx.2021-ci il tarixdə hüququ yarandığı xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Lakin sonradan heç bir əsas və səbəb olmadan həmin pensiya dayandırılmışdır. İddiaçı hesab edir ki, bu tamamilə qanunsuzdur və şəxsin pozulmuş hüquqları bərpa edilməlidir. İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə pensiyanın bərpa edilməsi üçün müraciət edilmiş, X10 Respublikası Dövlət Sosial Müdafiə Fondu imtina məktubu verərək şəxsin ərizəsini təmin etməkdən əsassız olaraq imtina etmişdir. İddiaçı bir sıra qanunvericilik normalarına istinad edərək, iddiaçının həm zərərli əmək stajı (ümumi 38 il), həm də pensiya yaşı (xx.xx.2018-ci il tarixdə 57 yaşı tamam olmuşdur) pensiya təyinatına imkan verir. Bu səbəbdən xx.xx.2017-ci il tarixədək qüvvədə olan "Əmək pensiyaları haqqında" Qanunun 9.1-ci maddəsinə əsasən iddiaçıya 57 yaşdan, yəni xx.xx.2018-ci il tarixdən təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası bərpa edilməlidir. İddiaçı göstərilənlərə əsasən və Azərbaycan Respublikası Konstitusiyasının 12, 26, 38, 60, 71-ci, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1, 34.1-ci maddələrini rəhbər tutaraq, “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" Culfa rayon şöbəsinin hərəkətlərinin qanunsuz hesab edilməsi və İddiaçı 57 yaşdan, yəni xx.xx.2018-ci il tarixdən təyin olunmuş və xx.xx.2021-ci il tarixdən dayandırılmış güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının həmin tarixdən etibarən bərpa edilməsi öhdəliyinin cavabdeh “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Culfa rayon şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş və mümkünlük iclası 18 may 2022-ci il tarixə təyin edilmişdir. Cavabdeh “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Culfa rayon şöbəsi tərəfindən iddiaya qarşı yazılı münasibət (etiraz) olaraq məhkəməyə ünvanlanmış 11 may 2022-ci il tarixli, 06/167 nömrəli məktubdan görünür ki, xx xxxxxx 1961-ci il tarixdə anadan olmuş, ünvan 2 ünvanında qeydiyyatda olmaqla orada yaşayan İddiaçı "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyanın 31 mart 2021-ci il tarixli, 36 nömrəli qərarına əsasən 06 noyabr 2018-ci il tarixdən etibarən "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanunun 9.8-ci maddəsinə müvafiq olaraq yaşa görə güzəştli şərtlərlə 116,27 manat məbləğində əmək pensiyası təyin edilmişdir. İddiaçı təqdim etdiyi əmək kitabçasındakı qeydlərə əsasən onun 01 yanvar 2006-ci il tarixədək ümumi iş stajı 25 il 1 ay təşkil etmişdir. X10 Respublikası Dövlət Arxivi tərəfindən verilmiş 03 mart 2021-ci il tarixli, 13/253 nömrəli arayışdan göründüyü kimi, İddiaçı X12 X6 Lokomotiv Deposunda işlədiyi illər ərzində bir çox aylar üzrə əməkhaqqı almamışdır. Belə ki, iddiaçının X12 X6 Lokomotiv Deposunda işlədiyi illərin əmək haqqı arayışında onun 1995-ci il tarixdə 7 ay, 1996-cı il tarixdə 9 ay, 1997-ci il tarixdə 9 ay, 1998ci il tarixdə 4 ay, 1999-cu il tarixdə 2 ay, 2000-ci il tarixdə 8 ay, 2001-ci il tarixdə 8 ay, 2002ci il tarixdə 9 ay, 2003-cü il tarixdə isə tam 12 ay, ümumilikdə 68 ay, yəni 5 il 8 ay əmək haqqı almadığı göstərilmişdir. Qeyd edək ki, 1992-ci ilin yanvarın 1-dən 2006-cı il yanvarın 1-dək sığorta stajının hesablanmasında qanunvericiliklə müəyyən edilmiş qaydada başlıca tələb məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi hesab olunduğundan, həmin dövrlər əmək kitabçasında qeyd olunmaqla bərabər, eyni zamanda, əməkhaqqı alınması haqqında arxiv arayışları ilə də təsdiq olunmalıdır. Ona görə ki, məcburi dövlət sosial sığorta haqqı şəxslərin almış olduqları əməkhaqqı əsasında ödənilir, yəni əməkhaqqı alınmamış dövr məcburi dövlət sosial sığorta haqqı ödənilməmiş dövr hesab olunur və əmək pensiyası təyinatı zamanı həmin dövrlər sığorta stajına daxil edilmir. Beləliklə, qeyd edilən aylar üzrə iddiaçı əməkhaqqı almadığı və müvafiq sığorta haqlarını ödəmədiyi üçün həmin aylar iddiaçı üçün iş stajı kimi nəzərə alına bilməz. Nəticədə iddiaçının 01 yanvar 2006-cı il tarixədək ümumi iş stajı 25 il 1 aydan 5 il 8 ay azalaraq 19 il 5 ay müəyyən edilmişdir. Bundan əlavə, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa 01 iyul 2017-ci ildə edilən əlavə və dəyişikliklərdən sonra bu Qanunun 9.1-ci maddəsinə görə pensiya təyinatı dispozisiya şərtləri əsasında aparılmalıdır. Bu normaya görə o şəxslərin yaşa görə pensiya almaq hüququ vardır ki, həmin şəxslər Qanunla müəyyən edilmiş pensiya yaşına çatmış olsun, 25 il sığorta stajına malik olsun, bu müddətin azı 12 il 6 ayını istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısında göstərilən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə işləmiş olsun və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermiş olsun. Beləliklə də, İddiaçı ümumi iş stajı 01 yanvar 2006-cı il tarixədək 25 il olmadığından və 01 yanvar 2006-cı il tarixədək sığorta stajına əsasən formalaşan pensiya kapitalı ilə fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalının cəmi əmək pensiyasının minimum məbləğinə çatmadığından onun pensiya işi Fondun Culfa rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyanın 08 fevral 2022-ci il tarixli, 27 nömrəli qərarına əsasən ləğv edilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, İddiaçı "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinə qarşı "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondun Culfa rayon şöbəsinin imtinasının qanunsuz hesab edilməsi və İddiaçı 57 yaşdan, yəni 06 noyabr 2018-ci il tarixdən təyin olunmuş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi"nə dair qaldırdığı iddia əsassız olduğundan, iddia tələbinin rədd edilməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 18 may 2022-ci il tarixli, 2- 1(122)-132/2022 nömrəli qərardadı ilə iddia tələbi dəyişdirilərək “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu Culfa rayon şöbəsinin hərəkətlərinin qanunsuz hesab edilməsi və İddiaçı 57 yaşdan, yəni xx.xx.2018-ci il tarixdən təyin olunmuş və xx.xx.2021-ci il tarixdən dayandırılmış güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının həmin tarixdən etibarən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi kimi icraata qəbul edilmişdir. Bundan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, hazırlıq icraatı ilə bağlı məhkəmə iclası 30 sentyabr 2022-ci il tarixə təyin edilərək bu barədə tərəflərə məlumat verilmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 30 sentyabr 2022-ci il tarixli, 2- 1(122)-132/2022 nömrəli qərardadı ilə iddia tələbi dəyişdirilərək "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyasının 08 fevral 2022-ci il tarixli, 27 nömrəli qərarının ləğv edilməsi və təyin edilmiş pensiyanın 2022-ci ilin yanvar ayından etibarən İddiaçı ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi kimi icraata qəbul edilmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin 11 noyabr 2022ci il tarixli, 2-1(122)-132/2022 nömrəli sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab edilərək şifahi məhkəmə baxışı iclası 01 dekabr 2022-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı, iddiaçının vəkili və nümayəndəsi Vəkil məhkəmə iclasında iştirak etməmiş, iddiaçının vəkili və nümayəndəsi Vəkil məhkəməyə 30 noyabr 2022-ci il tarixli ərizə göndərərək etiraza münasibət bildirdiklərini, əlavə heç bir sübutun və vəsatətin olmadığını, inzibati iş üzrə iddia tələbini tam müdafiə etdiyini, bu səbəbdən şifahi məhkəmə baxışı iclasının onun və iddiaçının iştirakları olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Odur ki, məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən iddiaçının, iddiaçının vəkilinin və nümayəndəsinin iştirakları olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinin nümayəndəsi X3 iddiaya dair verilmiş yazılı etiraza uyğun məzmunda izahat verərək, məhkəmədən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iş materiallarına fondun məktubunu, arayışları, əmək kitabçasının və şəxsiyyət vəsiqəsinin surətlərini əlavə etmişdir. Həmin sənədlərin və materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirərək hesab edir ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İPM-nin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İPM-nin 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuş və iddia qanunvericilikdə nəzərdə tutulmuş iddia müddəti tələblərinə riayət edilməklə qaldırılmışdır. İddia mümkün iddia olsa da, mahiyyət baxımından qismən əsaslı olduğundan iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsi tərəfindən İddiaçı ünvanlanan 04 fevral 2022-ci il tarixli, 01/N-22 nömrəli məktubdan görünür ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə müvafiq olaraq 31 mart 2021-ci il tarixdə hüququnun yarandığı, 06 noyabr 2018-ci il tarixdən etibarən yaşa görə güzəştli şərtlərlə 116,27 manat əmək pensiyası təyin edilmişdir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən 01 yanvar 2006-cı il tarixədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq qaydada təyin edilir. Qeyd olunanları nəzərə alaraq "Əmək pensiyaları haqqında" Qanunun 9.8-ci maddəsində güzəşt yalnız yaşa və staja görə müəyyən edildiyindən sözügedən Qanunun 9.1-ci maddəsinin 01 iyul 2017-ci il tarixdən qüvvədə olan "fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə" müddəası nəzərə alınmaqla Qanunun 9.8-ci maddəsinin şərtlərinə əsasən 01 yanvar 2006-cı il tarixədək güzəştli və ümumi iş stajı tamamlanmış şəxslərin "Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 13-cü maddəsində müəyyən edilmiş yaş həddinə çatdıqda güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Güzəştli şərtlə yaşa görə əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanması zamanı gözlənilən pensiya ödənişi müddəti aylarının sayı, güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə Qanunun 7-ci maddəsində qeyd olunan pensiya yaşı arasındakı ayların sayı qədər artırılır. "Əmək pensiyaları haqqında" Qanunun 31.2-1ci maddəsinə əsasən 01 yanvar 2006-cı il tarixədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda sığorta stajına daxil edilir. İddiaçı X12 X13 X7 iş stajına aid verilmiş 03 mart 2021-ci il tarixli, 13/253 nömrəli arxiv arayışında 1995-ci ildən 2002-ci ilədək əməkhaqqı alması tam olaraq göstərilməmiş və 2003-cü ildə əməkhaqqı alması qeyd olunmamışdır. Bu səbəbdən xx.xx.2006-cı il tarixədək ümumi iş stajı 16 il 9 ay 9 gün tələb olunan, ümumi 25 il sığorta stajına çatmadığından və xx.xx.2006-cı il tarixədək sığorta stajına əsasən formalaşan pensiya kapitalı ilə fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalının cəmi əmək pensiyasının minimum məbləğinə çatmadığından pensiya işi ləğv edilmişdir. İddiaçı xx.xx.2006-cı il tarixədək olan 16 il 9 ay 9 gün sığorta stajına əsasən formalaşan pensiya kapitalı 11749,75 manat, xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək isə 8530,19 manat olmaqla, cəmi 20279,94 manat pensiya kapitalı var. Hesablama aşağıdakı qaydada aparılmışdır: 64 yaş (2018-ci ilin noyabr ayı Qanunun 7-ci maddəsinə əsasən kişilərin yaş həddi) - 57 (güzəştli şərtlərlə pensiya yaşı) = 84 (yaşlar arasındakı ay fərqi) + 144 (gözlənilən pensiya ödənişi aylarının sayı) = 228 (gözlənilən pensiya ödənişi aylarının sayı); Pensiya kapitalı 20279,94 : 228 = 88,94 < 116,27 (2018-ci il minimum pensiyanın məbləği). - Naxçıvan Muxtar Respublikası “X9” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş 02 mart 2022-ci il tarixli, D/69 nömrəli arayışdan görünür ki, İddiaçı Azərbaycan Dəmir Yolu X4 xx.xx.1983-cü il tarixdən xx.xx.1987-ci il tarixədək yanacaq üzrə çilingər vəzifəsində, xx.xx.1987-ci il tarixdən xx.xx.2004-cü il tarixədək maşınist köməkçisi vəzifəsində, xx.xx.2002-ci il tarixdən Azərbaycan Dövlət Dəmir Yolu X4 maşınist köməkçisi vəzifəsində, xx.xx.2010-cu il tarixdən "X9" Məhdud Məsuliyyətli Cəmiyyətinin Yük və Sərnişin Daşımaları İdarəsinin X4 İrana yük vermə sahəsi üzrə teplovoz maşınist köməkçisi vəzifəsində, xx.xx.2016-cı il tarixdən xx.xx.2021-ci il tarixədək maşınist vəzifəsində işləmişdir. Qeyd olunan vəzifələr İddiaçı Azərbaycan Respublikası Nazirlər Rabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarının 21.4-cü bəndinə əsasən güzəştli şərtlərlə əmək pensiyasına çıxmaq hüququ verir. - 05 iyul 1979-cu il tarixli, ИТ-İ ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1979-xx.xx.1981-ci illərdə təhsil almış, xx.xx.1981-xx.xx.1983-cü illərdə hərbi xidmətdə olmuş, xx.xx.1983-xx.xx.2017-ci illərdə Culfa Dəmir X7 maşınist köməkçisi, maşınist vəzifələrində işləmişdir. - Culfa Rayon Dövlət Arxivi tərəfindən verilmiş 22 fevral 2021-ci il tarixli, 53 nömrəli arxiv arayışından görünür ki, Culfa Rayon Dövlət Arxivində mühafizə olunan Culfa rayon 52 №-li Tikinti Quraşdırma İdarəsinin sənədlərinə baxdıqda İddiaçı xx.xx.1977-ci ildə 50 №-li əmrlə işə girməsi, xx.xx.1977-ci ildə 83 №-li əmrlə azad edilməsi məlum olmuşdur. - Culfa Rayon Dövlət Arxivi tərəfindən verilmiş 19 fevral 2021-ci il tarixli, 50 nömrəli arxiv arayışından görünür ki, Culfa Rayon Dövlət Arxivində mühafizə olunan Culfa rayon Kommunal Müəssisələri Kombinatının (KMK) sənədlərinə baxdıqda İddiaçı xx.xx.1978-ci ildə 52 №-li əmrlə evlər idarəsinə işə girməsi, xx.xx.1979-cu ildə 28 №-li əmrlə azad edilməsi məlum olmuşdur. - AA ******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxxxx 1961-ci ildə doğulmuşdur. İş materiallarına əlavə edilmiş: "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyasının 08 fevral 2022-ci il tarixli, 27 nömrəli qərarının təsdiq edilmiş surətindən görünür ki, vətəndaş İddiaçı xx.xx.2006-cı il tarixədək ümumi iş stajı (25 il) olmadığından və xx.xx.2006-cı il tarixədək sığorta stajına əsasən formalaşan pensiya kapitalı ilə fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının cəmi əmək pensiyasının minimum məbləğinə çatmadığından xx.xx.1961-ci il tarixdə anadan olmuş, ünvan 4 ünvanında yaşayan İddiaçı xx.xx.2021-ci il tarixli, 36 nömrəli qərara əsasən güzəştli şərtlərlə yaşa görə qanunsuz olaraq təyin edilmiş əmək pensiyasının ləğv edilməsi və xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək ödənilmiş 4746 manat məbləğində pul vəsaitinin Fondun Culfa rayon şöbəsinin yığım hesabına geri qaytarılması qərara alınmışdır. - İddiaçı vəkili və nümayəndəsi Vəkil tərəfindən məhkəməyə ünvanlanmış 30 iyun 2022-ci il tarixli etiraza münasibətdən görünür ki, cavabdeh inzibati orqan tərəfindən təqdim edilmiş etiraz eynilə cavabdeh orqanın imtinada qeyd edilmiş münasibətini özündə əks etdirir və qanunvericiliyə zidd olaraq əsaslandırılmışdır. Belə ki, cavabdeh orqan iddiaçının 1995-2002-ci illərdə olan dövrdə əməkhaqqı almadığını əsas gətirərək həmin dövrü iddiaçının sosial sığorta stajına daxil etmir. Lakin cavabdeh orqan özü də bununla etiraf edir ki, İddiaçı həmin illərdə rəsmi olaraq Azərbaycan Dövlət Dəmir Yolu X4 maşınist köməkçisi vəzifəsində işləmişdir. Sadəcə olaraq müəssisədə boşdayanma olduğu üçün əməkhaqqı almamışdır. Bu işin mübahisəsiz halıdır. Cavabdeh orqan, həmçinin qeyd edir ki, iddiaçıya əmək haqqı, dolayısı ilə, məcburi dövlət sosial sığorta haqqı ödənilmədiyi üçün ona əmək pensiyası təyin edilməsi mümkün deyildir. Həmin məbləğin ödənilməməsi kapitalın toplanmaması mənasına gəlir ki, bu da şəxsə pensiya təyin edilməsini istisna edir. Bununla bağlı qeyd edilir ki, 1992-ci ilədək qüvvədə olmuş "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun 67-ci maddəsində qeyd olunmuşdur ki, əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Əlavə olaraq qeyd edilməlidir ki, qanunvericilikdə məcburi dövlət sosial sığorta haqlarının işəgötürənlər tərəfindən ödənilməsinin təmin edilməsi ilə bağlı inzibati orqan tərəfindən görülməli müvafiq tədbirlər nəzərdə tutulmuşdur. Həmçinin "Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında" Qanunun 1-ci maddəsinə əsasən sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Həmçinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 146.2-ci maddəsində göstərilmişdir ki, işəgötürənin təqsiri üzündən istehsalın, axın xəttinin və işin dayandırıldığı hallarda işçilərin qrup halında ödənişsiz məzuniyyətə buraxılması yolverilməzdir. Bu hal işəgötürənin təqsiri üzündən boşdayanma hesab edilir və işçilərə bu Məcəllənin 169-cu maddəsində nəzərdə tutulmuş məbləğdə əmək haqqı ödənilir. Sözügedən qanun normasından da görünür ki, bir işçi əgər iş yerində işəgötürənin təqsiri üzündən boşdayanmaya məruz qalırsa, ona əmək haqqı ödənilməlidir. Hazırkı halda İddiaçı bu əmək haqqının ödənilməməsi onun təqsiri deyildir və belə qəbul edilə bilməz. Onun 1995-2002-ci illərdə işləməsi əmək kitabçasında qeyd olunmuşdur. Bu isə həmin illərin sosial sığorta stajına daxil edilməsi üçün mötəbər sübutdur və əsasdır. Yuxarıda göstərilən qanunvericilik aktlarına əsasən, cavabdeh DSMF Culfa rayon Şöbəsi tərəfindən təqdim edilmiş etirazın qanuni hesab edilməməsi xahiş edilmişdir. İddiaçı təyin edilmiş 012688 nömrəli pensiya işinin materiallarında olan: - “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Culfa rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyasının 31 mart 2021-ci il tarixli, 36 nömrəli qərarının surətindən görünür ki, İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə müvafiq olaraq yaşa görə xx.xx.2018-xx.xx.2019-cu il aralığında hər ay 116.27, xx.xx.2019-xx.xx.2019-cu il aralığında hər ay 119.76, xx.xx.2019-xx.xx.2019-cu il aralığında hər ay 160, xx.xx.2019xx.xx.2020-ci il aralığında hər ay 200, xx.xx.2020-xx.xx.2021-ci il aralığında hər ay 233.20, xx.xx.2021-ci il tarixdən 259.78 manat olmaqla müddətsiz əmək pensiyası təyin edilmişdir. - İddiaçı tərəfindən “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Culfa rayon şöbəsinə ünvanlanan 31 mart 2021-ci il tarixli ərizədən görünür ki, ünvan 6 ünvanında yaşayan İddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, ərizədə hazırda işlədiyini qeyd etmişdir. - Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Culfa Rayon Şöbəsi tərəfindən verilmiş 19 fevral 2021-ci il tarixli, 97 nömrəli arayışdan görünür ki, 1961-ci il təvəllüdlü İddiaçı xx.xx.1981-ci il tarixdən xx.xx.1983-cü il tarixədək ordu sıralarında hərbi xidmət keçmişdir. - 04 mart 1981-ci il tarixli, 751 nömrəli attestatın surətindən görünür ki, İddiaçı 01 sentyabr 1979-cu ildə Bakı şəhəri, 97 nömrəli axşam növbəli texniki daxil olmuş və 04 mart 1981-ci ildə elektrovozun maşınist köməkçisi peşəsi üzrə texniki məktəbin tam kursunu bitirmişdir. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən verilmiş 03 mart 2021-ci il tarixli, 13/253 nömrəli arxiv arayışından görünür ki, İddiaçı X12 X1 1992-2002-ci illərdə işləmiş və aylar üzrə müvafiq qaydada əməkhaqqı almışdır. Arayışın qeyd hissəsində 2003-cü ilə dair əməkhaqqı cədvəlində adının olduğu, lakin əməkhaqqı almadığı qeyd edilmişdir. - Culfa Rayon Dövlət Arxivi tərəfindən verilmiş 19 fevral 2021-ci il tarixli, 50 nömrəli arxiv arayışından görünür ki, Culfa Rayon Dövlət Arxivində mühafizə olunan Culfa şəhər Evlər İdarəsinin sənədlərinə baxdıqda İddiaçı xx.xx.1978-ci ildə 52 №-li əmrlə evlər idarəsinə işə girməsi, xx.xx.1979-cu ildə 28 №-li əmrlə azad edilməsi məlum olmuşdur. Arayışın qeyd hissəsində 1978-1979-cu illər Culfa şəhər Evlər İdarəsinin əməkhaqqı cədvəllərinin Culfa Rayon Dövlət Arxivinə təhvil verilmədiyi qeyd edilmişdir. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən verilmiş 03 mart 2021-ci il tarixli, 13/253 nömrəli arxiv arayışından görünür ki, Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində mühafizə olunan Dəmir X11 Deposunun sənədlərinə baxdıqda İddiaçı xx.xx.1983-cü il tarixli, 283 nömrəli əmrlə çilingər qəbul edilməsi, xx.xx.2004-cü il tarixli, 2/Ş nömrəli əmrlə işdən azad edilməsi əmr kitablarında göstərilmişdir. - “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Culfa rayon şöbəsinin 12 may 2022-ci il tarixli, 06/172 nömrəli arayışından görünür ki, 03 mart 2021-ci il tarixli, 13/253 nömrəli arxiv arayışından görünür ki, İddiaçı ssn:**********971 DSMF Culfa rayon şöbəsində xx.xx.2006-cı ildən xx.xx.2018-ci ilədək 9 il 6 ay sosial sığorta stajı və fərdi hesabının sığorta hissəsində 8530.49 manat pensiya kapitalı vardır. Beləliklə, iddia ərizəsinin məzmunundan və iddiaçının vəkilinin və nümayəndəsinin məhkəmə iclaslarında verdiyi izahatlardan aydın olur ki, iddiaçı cavabdeh inzibati orqan tərəfindən onun pensiyasının ləğv edilməsinə əsas olmuş müvafiq qərarı mübahisələndirərək, həmin qərarın əsası kimi göstərilən ümumi iş stajının olduğunu və minimum pensiya təminatına imkan verən pensiya kapitalının ona şamil olunmadığını bildirərək, həmin qərarın ləğv olunmasını və pensiyasının bərpa edilməsini tələb edir. Cavabdeh inzibati orqanın məhkəməyə təqdim etdiyi müvafiq məktublardan və nümayəndəsinin məhkəmə iclaslarında verdiyi izahatlardan aydın olur ki, aparılan audit yoxlamasından sonra iddiaçıya minimum pensiya təminatına imkan verən pensiya kapitalının şamil olunduğunu, iddiaçıya münasibətdə fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı minimum pensiya təminatına imkan vermədiyindən və iddiaçının ümumi iş stajı müvafiq qanunvericilik normalarına əsasən təsdiq edilmədiyindən onun pensiyasının ləğv edilməsi qərara alınmış, bu məqsədlə müvafiq qərar qəbul edilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədlərə, iddiaçı tərəfin tələbinə və cavabdehin etirazına hüquqi qiymət verərək, iş materiallarını araşdıraraq, onda yaranmış daxili inam əsasında (İPM 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının: - 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. - 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. - 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyası partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. - 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “Andreyeva Latviyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 18 fevral 2009-cu il tarixli qərarında göstərilmişdir ki, dövlət pensiya proqramını tətbiq etməyə başlayanda, ondan irəli gələn şəxsi hüquqlar və maraqlar, pensiya ödənişləri edilməsindən və pensiya proqramının maliyyələşmə vasitələrindən asılı olmayaraq, 1 saylı Protokolun 1ci maddəsi ilə əhatə edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: - 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. - 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun: - 13-cü maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar—45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. (çıxarılıb) b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. - 67-ci maddəsinə əsasən ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə 13 iyun 1997ci il tarixli, 321-İQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən həmin maddədə nəzərdə tutulmuş yaş həddi 01 avqust 1997-ci il tarixdən 01 avqust 2000-ci ilədək hər il 6 ay artırılmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 17 nömrəli, xx.xx.2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin 2.4.1. bəndində qeyd edilmişdir ki, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən təsdiq olunaraq xx.xx.2010-cu il tarixli, 4027 nömrəli şəhadətnamə ilə normativ hüquqi akt kimi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları”nın 2.1.8-ci bəndində göstərilir ki, Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə təyin olunur. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin siyahı təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraitinin xüsusilə zərərli və xüsusi ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Mübahisəli hüquq münasibətlərinin mövcud olduğu zaman qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın 3-cü bəndinə əsasən «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununa uyğun olaraq, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli, xüsusilə ağır olan və eləcə də zərərli və ağır işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahıları iş yerlərinin attestasiyası nəzərə alınmaqla tətbiq olunur. Həmin Qərarın 4-cü bəndinin 3-cü abzasın əsasən işçiləri güzəştli pensiya hüququ verən iş yerlərinə təyin etdikdə onların əmək kitabçalarında müvafiq qeydiyyat aparsınlar. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin 2.4-cü bəndinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. İşin faktiki hallarından görünür ki, İddiaçı xx xxxxxx 1961-ci ildə anadan olmuş, 1977ci ildən əmək fəaliyyətinə başlamış,1981-1983-cü illərdə hərbi xidmətdə olmuş, 1983-cü ildən başlayaraq əmək fəaliyyətini davam etdirmişdir. 06 noyabr 2018-ci il tarixdə iddiaçının 57 yaşı tamam olmuşdur. Bunu nəzərə alaraq ona 31 mart 2021-ci il tarixli, 36 nömrəli qərara əsasən 06 noyabr 2018-ci il tarixdən hesablanmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Pensiya təyin edilərkən əvvəllər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanuna əsasən iddiaçının 01 yanvar 2006-cı il tarixədək 25 ildən çox ümumi, 12 il 6 aydan çox xüsusi iş stajının olması müəyyən edilmişdir. Sonradan 08 fevral 2022-ci il tarixli, 27 nömrəli qərar qəbul edilərək iddiaçının pensiyası ləğv edilmişdir. Qərarın qəbul edilməsinə səbəb iddiaçının 01 yanvar 2006-cı il tarixədək ümumi iş stajının mövcud olmaması və yaşının 2017-ci ilin iyul ayının 1-dən sonra tamam olması, buna görə də ona həmin tarixdən qüvvəyə minmiş “fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə” müddəasının şamil edilməsidir. İlk öncə, qeyd olunmalıdır ki, iddiaçının tələbi iki hissədən ibarətdir:
1. “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyasının 08 fevral 2022-ci il tarixli, 27 nömrəli qərarının ləğv edilməsi;
2. təyin edilmiş pensiyanın 2022-ci ilin yanvar ayından etibarən İddiaçı ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması. İddiaçının tələbinin birinci hissəsinə münasibətdə qeyd edilməlidir ki, iddiaçının tələbi və hüquqi marağı ona xx.xx.2006-cı ilədək qüvvədə olmuş pensiya qanunvericiliyi əsasında hüququnun yarandığı xx.xx.2018-ci il tarixdən, yəni 57 yaşdan güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasının ləğv edilməsinə səbəb olan 08 fevral 2022-ci il tarixli, 27 nömrəli qərarın ləğv edilməsidir. İş materiallarına əlavə edilmiş qərarın mətnindən aydın olur ki, mübahisələndirilən qərarda iki məsələ öz əksini tapmışdır:
1. İddiaçı xx.xx.2021-ci il tarixdə 36 nömrəli qərara əsasən güzəştli şərtlərlə yaşa görə qanunsuz olaraq təyin edilmiş əmək pensiyasının ləğv edilməsi;
2. xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək ödənilmiş 4746 manat məbləğində pul vəsaitinin Fondun Culfa rayon şöbəsinin yığım hesabına geri qaytarılması. İlk öncə, qeyd olunmalıdır ki, “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq surətdə təyin edilir. Bu baxımdan hazırkı mübahisə xx.xx.2006-cı ilədək qüvvədə olmuş qanunvericiliklə nəzərdə tutulmuş dispozisiya şərtlərinin həmin tarixədək iddiaçıya münasibətdə mövcudluğu baxımından həll edilməlidir. Həmin Qanuna əsasən 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyası o halda təyin olunur ki, şəxs əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan tam əmək stajını, yəni həm ümumi, həm də xüsusi stajı “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək qazanmış olsun. Mübahisələndirilən qərarda öz əksini tapmış birinci məsələ ilə bağlı məhkəmə hesab edir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş tələblər cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilməsindən asılı olmayaraq, araşdırılması zəruridir. Belə ki, iddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır:
1. İddiaçının xx.xx.2006-cı ilə qədər azı 25 il ümumi iş stajının mövcud olması;
2. İddiaçının xx.xx.2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması. Əvvəllər qüvvədə olmuş qanunvericiliyə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün birinci element iddiaçının xx.xx.2006-cı il tarixədək 25 il ümumi iş stajına malik olmasıdır. Qeyd olunan element cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilir. Belə ki, cavabdehin qənaətinə görə iddiaçı xx.xx.2006-cı ilədək 25 il ümumi iş stajına malik deyil və buna görə də ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi qanunamüvafiq olmamışdır. Məhkəmə mübahisələndirilən ümumi iş stajı ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, iddiaçının əmək kitabçasında fasiləsiz işləməsi qeyd olunmuşdur. Lakin cavabdeh inzibati orqan tərəfindən məhkəməyə təqdim edilmiş əmrlərin surətindən görünür ki, iddiaçı arxiv arayışları ilə təsdiqlənməyən aylarda özhesabına məzuniyyətdə olmuşdur. Belə ki, iş materiallarına əlavə edilmiş əmrlərdən aydın olur ki, xx.xx.1995xx.xx.1995-ci tarixlərdə 183 nömrəli əmrə əsasən 3 ay, xx.xx.1995-xx.xx.1995-ci il tarixlərdə 324 nömrəli əmrə əsasən 3 ay 15 gün, xx.xx.1995-xx.xx.1995-ci il tarixlərdə 26 nömrəli əmrə əsasən 1 ay, xx.xx.1996-xx.xx.1996-cı il tarixlərdə 36 nömrəli əmrə əsasən 25 gün, xx.xx.1996-xx.xx.1996-cı il tarixlərdə 49 nömrəli əmrə əsasən 28 gün, xx.xx.1996xx.xx.1996-cı il tarixlərdə 210 nömrəli əmrə əsasən 3 ay, xx.xx.1996-xx.xx.1996-cı il tarixlərdə 327 nömrəli əmrə əsasən 3 ay, xx.xx.1997-xx.xx.1997-ci il tarixlərdə 21 nömrəli əmrə əsasən 1 ay olmaqla ödənişsiz məzuniyyətdə olmuşdur. Qeyd olunan aylarda sosial sığorta haqları nəinki ödənilməmiş, hətta həmin müddətlərdə iddiaçının faktiki əmək fəaliyyəti olmamış, ödənişsiz məzuniyyətdə olmuşdur. Bunun işəgötürənin təqsiri üzündən baş verməsi özü-özlüyündə vəziyyəti iddiaçının xeyrinə dəyişmir və həmin müddətlərin qeyd-şərtsiz sosial sığorta stajına daxil edilməsinə səbəb olmur. Əmək Məcəlləsinin 128-ci maddənin adından da göründüyü kimi, həmin norma işçinin ödənişsiz məzuniyyətdən istifadə etmək hüququnu nəzərdə tutur və bu hüququn həyata keçirilməsi şərtlərini müəyyən edir. İşçinin xahişi ilə verilən ödənişsiz məzuniyyətlərin verilməsi halları və müddətləri Əmək Məcəlləsinin 130-cu maddəsində təsbit olunmuşdur. Lakin həmin müddəalar işəgötürənin tərəflərin razılığına və mülahizəsinə əsasən işçiyə digər əsaslarla ödənişsiz məzuniyyət vermək hüququna təsir etmir. Belə ki, Əmək Məcəlləsinin 129-cu maddəsinin 2-ci hissəsinə görə, işəgötürənlə işçinin qarşılıqlı razılığına əsasən, həmçinin kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda, o cümlədən əmək müqaviləsi ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti altı aydan çox olmayaraq tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər. Əmək Məcəlləsinin 146-cı maddəsinin müddəalarına görə kollektiv müqavilələrdə, belə müqavilələr bağlanmadığı hallarda əmək müqavilələrində nəzərdə tutulan şərtlərlə və qaydalarda, işin normal ahəngini pozan amillər — təbii fəlakət, istehsalat qəzaları və operativ surətdə qarşısı alınmayan digər hallar mövcud olduqda, işəgötürənin təqsiri olmadan istehsalın, axın xəttinin və işin dayandırılması ilə əlaqədar olaraq işçilər qrup halında ödənişli, yaxud ödənişsiz məzuniyyətə buraxıla bilərlər. Bu halda ödənişsiz məzuniyyətin müddəti, işçinin bu Məcəllədə nəzərdə tutulmuş qaydada müəyyən edilmiş əsas məzuniyyətinin iki illik müddətinin cəmindən çox olmamalıdır. İşəgötürənin təqsiri üzündən istehsalın, axın xəttinin və işin dayandırıldığı hallarda işçilərin qrup halında ödənişsiz məzuniyyətə buraxılması yolverilməzdir. Bu hal işəgötürənin təqsiri üzündən boşdayanma hesab edilir və işçilərə bu Məcəllənin 169-cu maddəsində nəzərdə tutulmuş məbləğdə əmək haqqı ödənilir. İstinad edilən normaların tələbləri nəzərə alındıqda aydın olur ki, ödənişsiz məzuniyyətin ən çoxu ilk altı ayı qanuna uyğun hesab edilməklə iddiaçının əmək stajına aid edilə bilər. Lakin bu imperativ göstəriş deyil və ödənişsiz məzuniyyətin qeyd-şərtsiz 6 ayının sosial sığorta stajına daxil edilməsini biləvasitə özündə əks etdirmir. Həmçinin əmrlərə əsasən iddiaçı 1 ildən çox ödənişsiz məzuniyyətə olmuşdur. Həmin müddətin ilk 6 ayının hesablanması iddiaçının ümumi iş stajının ödənilməsinə səbəb olmur. Əmək Məcəlləsinin 146-cı maddəsinin hazırkı işə tətbiqinə gəldikdə isə, ödənişsiz məzuniyyətin verilməsinin iddiaçının razılığı olmadan (işçinin iradəsinə zidd olaraq) baş verdiyi, cavabdehin ödənişsiz məzuniyyətin verilməsinə dair əmrinə qarşı iddiaçının etiraz etdiyi (mübahisə açdığı), həmçinin qanunla yol verilən ödənişsiz məzuniyyət müddətinin başa çatmasından sonra belə, işdən azad olunduğu tarixədək Əmək Məcəlləsinin 146-cı maddəsinin 2-ci hissəsinin, deməli, həm də həmin Məcəllənin 169-cu maddəsinin ona münasibətdə tətbiq olunmasını işəgötürəndən tələb etdiyi təsdiq edilmir. İddiaçı tərəfindən bunu sübut edən hər hansı sənəd iş materiallarına əlavə edilməmişdir. Məhkəmə hesab edir ki, iddiaçının cavabdeh tərəfindən mübahisələndirilməyən əmək fəaliyyəti müddəti mövcuddur. Belə ki, arxiv arayışlarına əsasən təsdiqlənən iddiaçının fəaliyyət dövrü cavabdeh sosial sığorta stajı kimi nəzərə alınır. Lakin iddiaçının əmək kitabçasına əsasən və ona pensiya təyin edilərkən 25 il 1 ay ümumi stajı olduğundan həmin stajdan iddiaçının ödənişsiz məzuniyyətdə olduğu müddətlərin çıxılması onun ümumi iş stajının qanunvericiliklə tələb edilən minimum 25 il tələbindən aşağı düşməsinə səbəb olur. Bununla da, iddiaçı minimum 25 il ümumi iş stajına malik olmadığından onun əvvəllər qüvvədə olmuş qanunvericiliyə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmamış olur. Məhkəmə, həmçinin qeyd edir ki, iddiaçı sonradan aşkar edilən və Əmək Məcəlləsinin 146-cı maddəsinin 2-ci hissəsinin (işəgötürənin təqsiri üzündən boşdayanmanın və bunun hüquqi nəticələrinin) ona münasibətdə tətbiqinə və əmək fəaliyyətinin cavabdeh tərəfindən mübahisələndirilən müddətinin mübahisələndirilməyən müddətə əlavə edilməsinə imkan verən yeni sübutlara əsaslana (istinad edə) bilər və bu iş üzrə qərar iddiaçının “İnzibati icraat haqqında” Qanunun 35-ci maddəsində müəyyən edilmiş qaydada yenidən inzibati orqana müraciət etmək hüququna təsir etmir. Qanunvericiliyin mənası baxımından qeyd edilməlidir ki, hazırkı işin hallarına hüquqi qiymət verərək məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı qanunvericinin tələb etdiyi xx.xx.2006-cı il tarixədək 25 il ümumi iş stajını toplaya bilməmişdir. Bu baxımdan iddiaçının əvvəllər qüvvədə olmuş qanunvericiliyə əsasən pensiya hüququ yaranmamış olur. Qanunvericilikdə əvvəllər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün İİ element isə iddiaçının xx.xx.2006-cı il tarixədək 12 il 6 ay xüsusi iş stajına malik olması ilə bağlıdır. İddiaçı ümumi iş stajının toplamadığından onun pensiya hüququ yaranmır, buna görə də məhkəmə xüsusi iş stajı ilə bağlı məsələyə münasibət bildirməyi zəruri hesab etmir. Qeyd olunan məsələ ilə bağlı oxşar hüquqi mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin 14 sentyabr 2021-ci il tarixli, 2-1(102)-1394/2021 nömrəli qərarında da öz əksini tapmışdır. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarları qətidir və aşağı instansiya məhkəmələri üçün tövsiyə xarakteri daşıyır. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının ləğv edilməsini tələb etdiyi “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Culfa rayon şöbəsinin 08 fevral 2022-ci il tarixli, 27 nömrəli qərarı İddiaçı xx.xx.2021-ci il tarixdə 36 nömrəli qərara əsasən güzəştli şərtlərlə yaşa görə qanunsuz olaraq təyin edilmiş əmək pensiyasının ləğv edilməsi hissəsində əsaslı olduğundan ləğv edilməməlidir. Qərarda öz əksini tapmış ikinci məsələ isə xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək ödənilmiş 4746 manat məbləğində pul vəsaitinin Fondun Culfa rayon şöbəsinin yığım hesabına geri qaytarılması ilə bağlıdır. Məhkəmə bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 39.1-ci maddəsinə əsasən qanunverici artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin tutulması barədə qərarın (inzibati aktın) qəbulunu əmək pensiyaçısının razılığı ilə şərtləndirir. Belə razılıq olmadıqda, tələbin təmini üçün məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini təsbit edir. Hazırkı halda, əmək pensiyaçısının artıq ödənilmiş pensiya məbləğinin tutulmasına razılığının olması müəyyən edilmir. Cavabdeh bu barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Belə olan halda, artıq ödənilmiş pensiya məbləği qanunun tələbinə görə, yalnız məhkəmə qərarı əsasında tutula bilərdi. Lakin bu barədə də iş materiallarında heç bir sübut yoxdur və cavabdeh də bu barədə heç bir dəlil irəli sürmür. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının ləğv edilməsini tələb etdiyi “Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Culfa rayon şöbəsinin 08 fevral 2022-ci il tarixli, 27 nömrəli qərarı xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək ödənilmiş 4746 manat məbləğində pul vəsaitinin Fondun Culfa rayon şöbəsinin yığım hesabına geri qaytarılması hissəsində əsassız olduğundan ləğv edilməlidir. Cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilən digər arqument isə iddiaçının fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı minimum əmək pensiyası təminatına imkan verməməsi ilə bağlıdır. Həmin məsələ ilə bağlı qeyd edilməlidir ki, iddiaçının xx.xx.2006-cı il tarixədək pensiya hüququ yaranmış olsaydı, qeyd olunan məsələnin məhkəmə tərəfindən şərh olunması zərurəti yaranmış olardı. Lakin iddiaçının ümumi iş stajı ödənilmədiyindən bu hal onun güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququnu həyata keçirməsinə imkan vermir. Buna görədə pensiya kapitalı ilə bağlı məhkəmənin hüquqi mövqeyini bildirməsi zərurəti ortaya çıxmır. İddiaçının tələbinin ikinci hissəsinə münasibətdə qeyd edilməlidir ki, tələbin ikinci hissəsinin hüquqi taleyi “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Culfa rayon şöbəsinin 08 fevral 2022-ci il tarixli, 27 nömrəli qərarının ləğv edilməsindən asılıdır. Mübahisələndirilən qərar iddiaçıya xx.xx.2021-ci il tarixdə 36 nömrəli qərara əsasən güzəştli şərtlərlə yaşa görə qanunsuz olaraq təyin edilmiş əmək pensiyasının ləğv edilməsi hissəsində ləğv edilmədiyindən iddia tələbi bu hissədə rədd edilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; - 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. - 58.2-ci maddəsinə əsasən inzibati akt məzmun baxımından kifayət qədər aydın və anlaşılan olmalıdır. - 58.3-cü maddəsinə əsasən inzibati aktda onun ünvanlandığı hüquqi və ya fiziki şəxslər, nizama saldığı və ya həll etdiyi məsələlər dəqiq göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. - 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və dəyişdirilməsini məhkəmədən tələb edə bilər. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Beləliklə, işin faktiki hallarına və qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, tələbin birinci hissəsinə münasibətdə “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Culfa rayon şöbəsinin 08 fevral 2022-ci il tarixli, 27 nömrəli qərarı xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək ödənilmiş 4746 manat məbləğində pul vəsaitinin Fondun Culfa rayon şöbəsinin yığım hesabına geri qaytarılması hissəsində ləğv edilməli, İddiaçı xx.xx.2021-ci il tarixdə 36 nömrəli qərara əsasən güzəştli şərtlərlə yaşa görə qanunsuz olaraq təyin edilmiş əmək pensiyasının ləğv edilməsi hissəsində ləğv edilməməli və tələbin təyin edilmiş pensiyanın 2022-ci ilin yanvar ayından etibarən İddiaçı ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsi əsassız olduğundan rədd edilməlidir.
Nəticəvi hissə:
Şərh edilənlərə əsasən və İPM-in 2, 32, 68, 69, 70, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddia qismən təmin edilir. Cavabdehin 08 fevral 2022-ci il tarixli, 27 nömrəli qərarı xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək ödənilmiş 4746 manat məbləğində pul vəsaitinin Fondun Culfa rayon şöbəsinin yığım hesabına geri qaytarılması hissəsində ləğv edilir. İddia qalan hissədə (cavabdehin 08 fevral 2022-ci il tarixli, 27 nömrəli qərarının İddiaçı xx.xx.2021-ci il tarixdə 36 nömrəli qərara əsasən güzəştli şərtlərlə yaşa görə qanunsuz olaraq təyin edilmiş əmək pensiyasının ləğv edilməsi və təyin edilmiş pensiyanın 2022-ci ilin yanvar ayından etibarən İddiaçı ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi hissəsində) rədd edilir. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələbinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.
SƏDRLİK EDƏN: HİCRAN MURADOV