Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-136/2021 04.11.2021 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Muradov Hicran Xasay oğlunun sədrliyi, Əliyev Adəm Qurban oğlunun katibliyi, iddiaçının vəkili və nümayəndəsi X2 və cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi X11 iştirakları ilə, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı “Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin 17 aprel 2021-ci il tarixli, 488 nömrəli qərarının ləğv olunması” tələbinə dair inzibati mübahisə üzrə işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin 17 aprel 2021-ci il tarixli, 488 nömrəli qərarının ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin 17 aprel 2021-ci il tarixli, 488 saylı qərarı ilə beş il müddətinə Azərbaycan Respublikasının hüdudlarından kənara çıxması qərara alınmışdır. Qərarda Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 79.1.1-ci və 79.2-ci maddələrinə istinad olunmuşdur. Həmin maddələrə əsasən onun üç ay ərzində Respublika ərazisində olmamasına istinad olunmuşdur. İddiaçı qeyd edir ki, o, həmin müddət ərzində İran İslam Respublikasında müalicə olunmuşdur. Həmçinin iddiaçı 2003-cü ildə Naxçıvan vətəndaşı ilə ailə həyatı qurmuşdur. Naxçıvan şəhərində onun yetkinlik yaşına çatmayan üç övladı, birgə nikah dövründə qazanılmış yaşayış evi və avtomobili vardır. Onun ölkə ərazisində olmaması onların yaşayışına, təhsillərinə və keçirdikləri həyat tərzlərinə mənfi təsir göstərəcəkdir. Bundan başqa uşaqların analarından alınıb ona verilməsi tələbi Naxçıvan Şəhər Məhkəməsinin icraatındadır. Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin qətnaməsindən verdiyi apellyasiya şikayəti Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının icraatındadır və hakim Vera Kuimovanın qərardadı ilə iş üzrə icraat dayandırılmışdır. Miqrasiya Xidmətinin qərarından Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinə etdiyi müraciətə 01 iyun 2021-ci il tarixdə baxılmış və məhkəmənin 2-1(122)-106/2021 nömrəli qərardadı ilə mümkün sayılmamışdır. İddiaçı qeyd edir ki, Azərbaycan Respublikasının qanunlarını bilmir və təkrar olaraq məhkəməyə müraciət etmişdir. İddiaçı bir sıra qanunvericilik normalarına istinad edərək Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin 17 aprel 2021-ci il tarixli, 488 nömrəli qərarının ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş və keçirilən məhkəmə iclaslarında iddianın mümkünlüyü məsələsi yoxlanılmışdır. 13 iyul 2021-ci il tarixə təyin olunmuş iddianın mümkünlüyünün yoxlanılması ilə bağlı məhkəmə iclasında iddiaçı Oba X3 Muxtar Respublikası İnzibati Məhkəməsinin 01 iyun 2021-ci il tarixli, 2-1(122)-106/2021 nömrəli qərardadından Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verdiyini bildirərək iş üzrə icraatın dayandırılmasını xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 13 iyul 2021-ci il tarixli, 2- 1(122)-136/2021 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı “Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin 17 aprel 2021-ci il tarixli, 488 nömrəli qərarının ləğv olunması” tələbinə dair inzibati mübahisə üzrə işin icraatı, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati X4 Respublikası İnzibati Məhkəməsinin iddianın mümkün sayılmaması barədə 01 iyun 2021-ci il tarixli, 2-1(122)-106/2021 nömrəli qərardadından verilən apellyasiya şikayətinə baxılıb, yekun məhkəmə qərarı qanuni qüvvəyə minənədək dayandırılmışdır. İddiaçı 25 avqust 2021-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsində Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin deportasiya olunma ilə bağlı qərarının ləğvi barədə iddia qaldırdığını, X9 İnzibati Məhkəməsinin 01 iyun 2021-ci il tarixli, 2-1(122)-106/2021 nömrəli (Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi X6 17 aprel 2021-ci il tarixli, 16/488 saylı Azərbaycan Respublikası hüdudlarından kənara çıxarma haqqında qərarından) qərarından buraxılmış apellyasiya şikayəti müddətinin bərpası ilə bağlı Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına müraciət etdiyini, İnzibati Məhkəmənin 01 iyun 2021-ci il tarixli qərardadı ilə bağlı mübahisə açdığı üçün hazırki iş üzrə icraatın dayandırıldığını, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasında müddətin bərpası ilə bağlı ərizəsinə baxıldığını, ərizənin təmin olunduğunu, müddətin bərpa olunduğunu, Kollegiyanın 10 avqust 2021-ci il tarixli, 2-1(122)-22/2021 nömrəli qərardadı ilə şikayətin təmin edilmədiyini, həmin qərardadla yenidən ümumi qaydada məhkəməyə müraciət etmək imkanının olmasının göstərildiyini, verdiyi iddianın hazırda icraatda olduğunu bildirərək, Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı qaldırdığı iddianın təzələnməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 21 sentyabr 2021-ci il tarixli, 2-1(122)-136/2021 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı “Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin 17 aprel 2021-ci il tarixli, 488 nömrəli qərarının ləğv olunması” tələbinə dair inzibati iş üzrə icraat təzələnmiş və iddianın mümkünlüyünün yoxlanılması davam etdirilmişdir. İddiaçının vəkili və nümayəndəsi X7 tərəfindən məhkəməyə ünvanlanan 13 oktyabr 2021-ci il tarixli buraxılmış iddia müddətinin üzrlü hesab olunmaqla bərpa olunması barədə ərizədən görünür ki, hüquqlarını müdafiə etdiyi İddiaçı Naxçıvan MR Dövlət Miqrasiya Xidmətinin 17 aprel 2021-ci il tarixli, 488 saylı qərarı ilə beş il müddətinə Azərbaycan Respublikası hüdudlarından kənara çıxarılması qərarlaşdırılmışdır. Naxçıvan MR Dövlət Miqrasiya Xidmətinin həmin qərarının ləğvi tələbi ilə bağlı İddiaçı iddiası məhkəmənin icraatındadır və iddia müddəti üzrlü səbəbdən buraxılmışdır. Oba X1 Məcəlləsinə əsasən qərar qəbul edildikdən sonra Naxçıvan Muxtar Respublikasının ərazisindən dərhal kənarlaşdırılmışdır. Onun real zaman çərçivəsində bir ay müddətində Respublika ərazisinə gəlmək və məhkəmədə iddia qaldırmaq imkanı olmamışdır. O yalnız məhkəmə proseslərinə Miqrasiya Xidmətinin əməkdaşları tərəfindən X5rşılanmaqla gətirilmiş və geri qaytarılmışdır. Bundan başqa onun vəkillə müqavilə bağlamaq və onun hüquqi yardımından istifadə etmək imkanı olmamışdır. Məhz bu səbəbdən də qanunda nəzərdə tutulan müddəti üzrlü səbəbdən buraxmışdır. İddiaçının vəkili və nümayəndəsi X7 iddia tələbi üzrə buraxılmış müddətin üzrlü səbəbdən baş verməsi və buraxılmış müddətin bərpa olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın mümkünlüyünün yoxlanılması ilə bağlı məhkəmə iclası 04 noyabr 2021-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iş üzrə İddiaçı heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Odur ki, məhkəmə iddiaçının iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi X7 buraxılmış iddia müddətin bərpa edilməsi barədə ərizəni müdafiə edərək, Naxçıvan MR Dövlət Miqrasiya Xidmətinin 17 aprel 2021-ci il tarixdə verilmiş qərarının iddiaçı tərəfindən vaxtında mübahisələndirildiyini, lakin iddiaçı xarici ölkə vətəndaşı olduğundan öz hüquqlarını bilmədiyini, buna görə də ilkin olaraq qaldırılan iddia ərizəsində formal xətalara yol verildiyini, İnzibati Məhkəmənin müvafiq qərardadı ilə iddianın mümkün sayılmadığını, sonradan İnzibati Məhkəməyə yenidən hazırki tələblə müraciət edildiyini, bundan sonra İnzibati Məhkəmənin ilkin qərardadından apellyasiya şikayətinin verildiyini və hazırki işin icraatının dayandırıldığını, qərardaddan verilən apellyasiya şikayətinin də müsbət nəticə vermədiyini, məhkəmənin müvafiq qərardadının dəyişdirilmədən qüvvədə saxlanıldığını, hazırda iddiaçının tələbinə hazırki icraat çərçivəsində baxılmasını istədiyini, müddətin buraxılmasına səbəb olmuş üzrlü hallar barədə məhkəməyə təqdim etdiyi 13 oktyabr 2021-ci il tarixli ərizədə göstərilən əsaslara istinad edərək, məhkəmədən buraxılmış iddia müddətinin bərpa edilməsi və iddianın mümkün sayılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi X15 iddiaçının inzibati aktın mübahisələndirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddəti üzrlü səbəblər olmadan buraxdığını, iddiaçının vəkili və nümayəndəsi tərəfindən prosessual müddətin bərpa edilməsi barədə ərizədə istinad olunan halların qanuni əsasının olmadığını, iddiaçının məhkəmə iclaslarında iştirakının daim inzibati orqan tərəfindən təmin edildiyini, iddiaçının buna istinad edərək prosessual müddəti ötürdüyünü iddia etməsinin heç bir əsasının olmadığını bildirərək, məhkəmədən iddianın mümkün sayılmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Belə ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair qərarında göstərilmişdir ki, inzibati-iqtisadi məhkəmə daxil olmuş iddia ərizəsində tələblərin inzibati icraat qaydasında baxılmasının mümkünlüyü məsələsini araşdırmağa və iddiaçıya bununla bağlı mövqeyini bildirməyə səlahiyyətlidir. "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırkı iş üzrə verilmiş iddia İPM-nin 2.2.1-ci və 32-ci maddələrinə əsasən mübahisələndirmə haqqında iddiadır. Bu növ iddialar İPM-nin 38.1-ci maddəsindəki iddia müddətlərinə tabe tutulur və iddia müddəti inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi halda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müəyyən olunmuşdur. Həmin növ iddialar üzrə iddia müddətinin otürülüb-ötürülməməsinə münasibət bildirilməsi ilə bağlı nəzərə alınmalıdır ki, ləğv olunması tələb olunan inzibati akt 17 aprel 2021-ci il tarixdə verilmişdir. İddia ərizəsinin məzmunundan və iddiaçının izahatından da aydın olur ki, mübahisələndirilən qərar iddiaçı tərəfə həmin vaxtdan məlum olmuşdur. Belə ki, iddiaçının həmin qərarı inzibati məhkəmə icraatı qaydasında mübahisələndirməsi bunu bir daha sübut edir. İddiaçının ləğv olunmasını tələb etdiyi inzibati aktı mübahisələndirməsi onu deməyə əsas verir ki, iddiaçı mübahisələndirilən inzibati aktdan həmin dövrdə rəsmən məlumatlı olmuş, lakin qeyd olunan inzibati aktı 2021-ci ilin iyun ayında məhkəməyə daxil olmuş iddia ərizəsinə əsasən mübahisələndirmişdir. Göründüyü kimi qərar barədə iddiaçının məlumatı olsa da, məlumatlı olduğu gündən 1 ay ərzində məhkəməyə müraciət etməmiş və prosessual müddəti ötürmüşdür. İddiaçı formal xətalara yol verərək qanunvericilikdə inzibati aktın mübahisələndirilməsi üçün nəzərdə tutulmuş prosessual müddət daxilində Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin 17 aprel 2021-ci il tarixli, 16/488 nömrəli qərarının mübahisələndirilməsi barədə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsində iddia qaldırsa da, məhkəmənin 01 iyun 2021-ci il tarixli, 2-1(122)-106/2021 nömrəli qərardadı ilə şikayət mümkün sayılmamışdır. İddiaçının qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddət çərçivəsində inzibati aktı mübahisələndirməsi onun bu imkandan məhrum olmadığını sübut edir. İddiaçı tərəfindən qeyd olunan qərardaddan apellyasiya şikayəti verilmiş, lakin Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 10 avqust 2021-ci il tarixli, 2-1(108)-22/2021 nömrəli qərardadı ilə şikayətçi İddiaçı X9 Dövlət Miqrasiya Xidmətinin rəisi X6 17 aprel 2021-ci il tarixli, 16/488 saylı Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarma haqqında qərarının ləğv edilməsi barədə ərizəsi üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 01 iyun 2021-ci il tarixli, 2-1(122)-106/2021 nömrəli qərardadından İddiaçı verdiyi şikayət təmin edilməmiş, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 01 iyun 2021-ci il tarixli, 2-1(122)-106/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. X13 Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının 10 avqust 2021-ci il tarixli, 2-1(108)-22/2021 nömrəli qərardadında İddiaçı birinci instansiya məhkəməsi olan Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsi tərəfindən 01 iyun 2021-ci il tarixli, 2- 1(122)-106/2021 nömrəli qərardadında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38-ci maddəsinin müddəalarının izah edildiyi göstərilmişdir. İddiaçı tərəfindən qeyd olunan qərardad kassasiya instansiyası qaydasında mübahisələndirilməmiş və qərardad qanuni qüvvəsini almışdır. Bu da onu deməyə əsas verir ki, iddiaçı qeyd olunan qərardadla razılaşmışdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarları digər məhkəmələr üçün preyudisial əhəmiyyətə malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı” iş üzrə 28 oktyabr 1998-ci il tarixli qərarında qeyd edilmişdir ki, “atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. - 24.2-ci maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. - 24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. - 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. - 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci maddəsinə əsasən Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. “T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 28 dekabr 2015-ci il tarixli qərarında göstərilir ki, mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Məhkəmə yuxarıda qeyd edilən hüquq normalarına və işin hallarına istinad edərək hesab edir ki, iddiaçı mübahisələndirmə haqqında iddia növü üzrə prosessual müddəti ötürmüşdür. Məhkəmə iddiaçıya müddətin buraxıldığını bildirərək, iddianın mümkün sayılmaması kimi gözlənilən hüquqi nəticəni onun diqqətinə çatdırmış, müddətin ötürülməsinin bərpası üçün əsas ola biləcək ötürülmənin üzrlü səbəblərinin olub-olmaması barədə məhkəməyə sübut təqdim edilməsini təklif etmişdir. İddiaçının vəkili və nümayəndəsi tərəfindən buraxılmış müddətin bərpa edilməsi barədə ərizə təqdim edilsə də, həmin ərizə əsaslandırılmamış, ərizədə göstərilənlər barədə məhkəməyə heç bir mötəbər sübut təqdim edilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, müddətin buraxılmasının səbəbləri üzrlü hesab edilməməlidir. Eyni zamanda, qeyd olunmalıdır ki, inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. İPM-nin 13 və 48-ci maddələrində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 13-cü maddəsinin tələbinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. - 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, yuxarıda şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı “Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin 17 aprel 2021-ci il tarixli, 488 nömrəli qərarının ləğv olunması” tələbinə dair iddiası qanunla müəyyən edilmiş müddətdə verilmədiyindən həmin inzibati aktın mübahisələndirmə müddəti heç bir üzrlü səbəb olmadan ötürülmüşdür. Buna görə də məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və İPM-in 13, 24, 35, 48, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddiaçının vəkili və nümayəndəsi X2 buraxılmış iddia müddətinin üzrlü hesab olunmaqla bərpa olunması barədə ərizəsi təmin edilməsin. İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı “Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin 17 aprel 2021-ci il tarixli, 488 nömrəli qərarının ləğv olunması” tələbinə dair iddiası mümkün sayılmasın. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardaddan, onun təqdim olunduğu gündən 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: HİCRAN MURADOV
Məhkəmə qərarları › İş №2-1(122)-136/2021
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-136/2021
04.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver