Məhkəmə qərarları › İş №2-1(122)-136/2025

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-136/2025

29.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-136/2025 29.01.2026 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Əliyev Tural Yusif oğlunun sədrliyi, Rzayeva Əpruz Qasım qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı "daşınmaz əmlaklarının sökülməsi nəticəsində ümumilikdə 524100 manat dəymiş zərərin cavabdehdən onun xeyrinə tutulması tələbi"nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək daşınmaz əmlaklarının sökülməsi nəticəsində ümumilikdə 524100 manat dəymiş zərərin cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətindən onun xeyrinə tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Naxçıvan şəhər İcra Hakimiyyəti Başçısının 10 mart 1993-cü il tarixli, 138 nömrəli Sərəncamı ilə Naxçıvan şəhəri, Su Tikinti Trestinin ərazisində 01/160 nömrəli, 07 may 1992-ci il tarixli razılıq məktubu əsasında Əziz Əliyev küçəsində 24 kv.m (4x6) ölçülü kommersiya mağazası X5 tərəfindən inşa edilərək “Pele” kiçik müəssisəsinin nəzdində fəaliyyət göstərmişdir. 2002-ci ildə Naxçıvan şəhərində həyata keçirilən tikinti abadlıq işləri çərçivəsində Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən yuxarıda qeyd olunan ünvanda yerləşən və ailənin əsas gəlir mənbəyi hesab edilən ticarət obyekt dəyəri ödənilmədən və digər əmlakla əvəzləşdirmədən sökülmüşdür. Bu müddət ərzində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün Naxçıvan Şəhər İcra Hakimiyyətinə müraciətlər edilmiş, lakin məlum səbəblərdən nəticəsi olmamışdır. Bunu nəzərə alaraq sonuncu belə müraciətinə Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən 05 dekabr 2023-cü il tarixdə, 5-5/2-Ə-289-8/2023 saylı məktubla imtina cavabı verilmişdir. Cavabdehin təqsiri üzündən ona (X4) məxsus əmlaka dəymiş ziyanla və baş nəticələrlə onun hərəkətləri (hərəkətsizliyi) arasında bağlılığın mövcudluğu hazırkı iddia ərizəsində qeyd olunan sərəncam, tikinti layihəsi və digər mötəbər sübutlarla, eləcə də Muxtar Respublikada və Naxçıvan şəhərində təkzib olunmaz faktlarla təsdiqini tapan oxşar, təcrübədə və məhkəmənin icraatında olmuş və yekun məhkəmə qərarları ilə təsdiqini tapmış və ya icraat dövründə tərəflər arasında barışıq sazişi ilə təsdiq olunmuşdur. Ötən 21 il ərzində həmin ticarət obyektinin illər üzrə dəyişən və indeksasiya olunmalı olan aylıq gəliri orta hesabla 500 manat olmaqla 252 ay üzrə 126000 manat, daşınmaz əmlakın hazırkı bazar dəyəri isə 150000 manat dəyərləndirilməklə, ümumilikdə dəymiş zərər 276000 manat təşkil etmişdir. Həmçinin Naxçıvan şəhər İcra Hakimiyyəti Başçısının 20 iyun 1998-ci il tarixli, 471 nömrəli sərəncamı ilə Naxçıvan şəhəri, SU-6 qəsəbəsində yerləşən və 1980-ci illərdən müdiri olduğu 109.4 kv/m sahəsi olan kommersiya mağazası X1 istifadəsinə verilmişdir. 2013-cü ildə SU-6 qəsəbəsindən Xətai küçəsinə çəkilən avtomobil yolunun tikintisi ilə əlaqədar Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən yuxarıda qeyd olunan ünvanda yerləşən və ailənin yeganə gəlir mənbəyi hesab edilən obyekti dəyəri ödənilmədən və digər əmlakla əvəzləşdirmədən sökülmüşdür. Bu müddət ərzində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün Naxçıvan Şəhər İcra Hakimiyyətinə müraciətlər edilmiş, lakin məlum səbəblərdən nəticəsi olmamışdır. Bunu nəzərə alaraq sonuncu belə müraciətə Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən 05 dekabr 2023-cü il tarixdə, 5-5/2-Ə-290-8/2023 saylı məktubla imtina cavabı verilmişdir. Cavabdehin təqsiri üzündən ona (X2) məxsus əmlaka dəymiş ziyanla və baş nəticələrlə onun hərəkətləri (hərəkətsizliyi) arasında bağlılığın mövcudluğu hazırkı iddia ərizəsində qeyd olunan sərəncam və digər mötəbər sübutlarla, eləcə də Muxtar Respublikada və Naxçıvan şəhərində təkzib olunmaz faktlarla təsdiqini tapan oxşar, təcrübədə və məhkəmənin icraatında olmuş və yekun məhkəmə qərarları ilə təsdiqini tapmış və ya icraat dövründə tərəflər arasında barışıq sazişi ilə təsdiq olunmuşdur. Ötən 10 il ərzində həmin ticarət obyektinin illər üzrə dəyişən və indeksasiya olunmalı olan aylıq gəliri orta hesabla 700 manat olmaqla 120 ay üzrə 84000 manat, daşınmaz əmlakın hazırkı bazar dəyəri isə 164100 manat dəyərləndirilməklə, ümumilikdə dəymiş zərər 248100 manat təşkil etmişdir. İddiaçı göstərilənlərə əsasən məhkəmədən daşınmaz əmlaklarının sökülməsi nəticəsində ümumilikdə 524100 manat dəymiş zərərin cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətindən onun xeyrinə tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunmuş, sərəncamla iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Lakin cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinin iddiaya dair yazılı münasibəti (etiraz məktubu) məhkəməyə təqdim edilməmişdir. Məhkəmə tərəfindən iddiaçı tərəfə yardım məktubları ünvanlanaraq iddia tələbinin düzgün ifadə olunmadığı, iddia tələbində qeyd edilən daşınmaz əmlakların nədən ibarət olmasını müəyyən etməyin mümkün olmadığı, iş materiallarında olan Naxçıvan Şəhər İcra Hakimiyyətinin 05 noyabr 2012-ci il tarixli, 301 nömrəli sərəncamına əsasən Naxçıvan şəhər Su 6 qəsəbəsində yerləşən X3 istifadəsində olan mağaza binasının dövlət ehtiyacı üçün söküldüyündən ona nəğd yolla kompensasiya ödənildiyi, belə olan təqdirdə iddia tələbinin digər əmlaka münasibətdə dəqiqləşdirilməsi zərurəti yarandığı bildirilmiş, iddia tələbinin dəqiqləşdirilməsi təklif olunmuşdur. Məhkəmənin yardım məktubları iddiaçı tərəfindən imza edilərək alınmış, lakin iddia tələbinin dəqiqləşdirilməmişdir. Cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyəti məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, heç bir üzrlü səbəb göstərmədən nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı ona göndərilən yardım məktublarından xəbərdar olduğunu, iddia tələbini dəqiqləşdirməkdən imtina etdiyini, sökülən əmlaklarla bağlı sənədlərin hamısını məhkəməyə təqdim etdiyini bildirib, hazırki tələb üzrə işdə olan sübutlar əsasında işə baxılıb müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi mümkün sayılmamalıdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Qanunun 35-ci maddəsinin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. İPM-nin sözügedən normasının mahiyyətindən belə anlaşılır ki, inzibati icraat qaydasında baxılan iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüququ və azadlığının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün olsun. Başqa sözlə, iddiaçı inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmaqla bərabər, iddia irəli sürmək üçün subyektiv hüququnun olmasını da əsaslandırmalıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli qərarının: 1.1-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2-cü bəndinə əsasən iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3-cü bəndinə əsasən mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4-cü bəndinə əsasən iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. - 6.1-ci bəndinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. - 6.2-ci bəndinə əsasən iddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. - 7-ci bəndinə əsasən iddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Məhkəmə mümkünlük şərtlərinin mövcudluğunu, tərəflərin bunu tələb edibetməməsindən asılı olmayaraq, İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə əsasən xidməti vəzifəsinə görə yoxlamalıdır. Hazırkı iş üzrə iddiaçının tələbi daşınmaz əmlaklarının sökülməsi nəticəsində ümumilikdə 524100 manat dəymiş zərərin cavabdehdən onun xeyrinə tutulmasından ibarətdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş iddia ərizəsinin məzmunundan aydın olur ki, hazırki iddia tələbi aydın ifadə olunmamaqla, iddiaçının hüquqi marağının təmin edilməsinə yönəlməmişdir. Bu hal isə hazırki tələb üzrə mümkünlük şərtlərini istisna edir. İş materiallarında olan: - Naxçıvan şəhər XDM İcraiyyə Komitəsinin 10 mart 1993-cü il tarixli, 138 nömrəli sərəncamı ilə Naxçıvan şəhər “PELE” kiçik müəsissəsinin direktoru E.Süleymanovun ərizəsi nəzərə alınaraq Naxçıvan Sutikinti trestinin ərazisində Ə.Əliyev küçəsi tərəfdə həmin kiçik müəssisənin 24 kv.metr ölçüsündə mağaza tikməsinə icazə verilmişdir. - Naxçıvan Şəhər İcra Hakimiyyətinin 20 iyun 1998-ci il tarixli, 471 nömrəli sərəncamına əsasən Naxçıvan şəhəri, SU-6 qəsəbəsində yerləşən 109.4 kv/m sahəsi olan mağaza binası X3 istifadəsinə verilmişdir. Məhkəmə araşdırması zamanı Naxçıvan Şəhər İcra Hakimiyyətinin 5 aprel 2025-ci il tarixli, 5-5/2-520/2025 nömrəli məktubu ilə məhkəməyə göndərilmiş Naxçıvan Şəhər İcra Hakimiyyətinin 05 noyabr 2012-ci il tarixli, 301 nömrəli sərəncamına əsasən müəyyən edilmişdir ki, Naxçıvan şəhər Ə.Əliyev küçəsi ev 41 mənzil 38-də qeydiyyatda olan X3 xx.xx.2012-ci tarixdə qeydiyyata alınmış ərizəsi nəzərə alınaraq Naxçıvan şəhərində aparılan abadlıq və quruculuq işləri ilə əlaqədar, Naxçıvan şəhər Su 6 qəsəbəsində yerləşən X3 istifadəsində olan mağaza binası dövlət ehtiyacı üçün söküldüyündən ona nəğd yolla kompensasiya ödənilməsi məqsədilə Naxçıvan şəhər yerli büdcəsində 01 noyabr 2012-ci il tarixə mədaxilin plandan artıq yaranmış hissəsindən 2000 manat azaldılaraq Naxçıvan Şəhər İcra Hakimiyyətinin dördüncü rüb tədbirlər hesabının 226200 kod maddəsinə yönəldilmiş, Naxçıvan Şəhər İcra Hakimiyyətinin Sektor müdiri-baş mühasibinə sərəncamdan irəli gələn məsələlərin həllini təmin edilməsi, Naxçıvan şəhər Maliyyə şöbəsinə büdcədə dəyişiklik aparmaqla sərəncamın icrasının təmin edilməsi tapşırılmışdır. İş materiallarından müəyyən edilir ki, Naxçıvan Şəhər İcra Hakimiyyətinin 20 iyun 1998-ci il tarixli, 471 nömrəli sərəncamı ilə iddiaçının mərhum əri X3 istifadəsinə verilmiş Naxçıvan şəhəri, SU-6 qəsəbəsində yerləşən 109.4 kv/m sahəsi olan mağaza binası dövlət ehtiyacı üçün söküldüyündən ona nəğd yolla kompensasiya ödənilməsi barədə Naxçıvan Şəhər İcra Hakimiyyətinin 05 noyabr 2012-ci il tarixli, 301 nömrəli sərəncamı mövcuddur. Belə ki, xx.xx.2012-ci il tarixli, 10 nömrəli kassa məxaric orderinin surətindən görünür ki, X6 tərəfindən imza edilərək 2000 (iki min) manat kompensasiya alınmışdır. Belə olan təqdirdə iddiaçı tərəfindən iddia ərizəsinə Naxçıvan şəhəri, SU-6 qəsəbəsində yerləşən mağaza binasından başqa hər hansı digər əmlaka dair hüquqmüəyyənedici sənədlər əlavə edilmədiyindən məhkəmə tərəfindən iddia tələbində nəzərdə tutulmuş daşınmaz əmlakların nədən ibarət olmasını müəyyən etmək mümkün olmamışdır. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, Naxçıvan Şəhər İcra Hakimiyyətinin 05 noyabr 2012-ci il tarixli, 301 nömrəli sərəncamı mübahisələndirilməmiş, ləğv edilməmiş və ya etibarsız hesab olunmamışdır. Həmin sərəncam hal-hazırda qüvvədədir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Belə olan halda Naxçıvan Şəhər İcra Hakimiyyətinin mağaza binası dövlət ehtiyacı üçün söküldüyündən ona nəğd yolla kompensasiya ödənilməsi barədə 05 noyabr 2012-ci il tarixli, 301 nömrəli sərəncamı qüvvədə olduğu halda, iddiaçının həmin əmlakın sökülməsinə görə əlavə olaraq 524100 manat dəymiş zərərin cavabdehdən tələb etmək imkanı istisna edilir. İddiaçının mərhum əri X4 və ya özünə məxsus digər əmlakın mövcudluğuna dair hüquqmüəyyənedici sənədlər isə məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Belə olan təqdirdə məhkəmə tərəfindən iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının cavabdeh inzibati orqan tərəfindən hansı formada pozulduğunu (inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində), eyni zamanda iddiaçının hazırki iddia tələbi üzrə hüquqi marağının nədən ibarət olmasını müəyyən etmək mümkün olmamışdır. Məhkəmə tərəfindən iddiaçının ünvanına Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin tələbinə əsasən yardım məktubları göndərilərək ona zəruri hüquqi yardım göstərilmişdir. Lakin iddiaçı tərəfindən yardım məktubunda göstərilən hallarla bağlı hər hansı tədbir görülməmişdir. Beləliklə, sadalanan normaların tələblərindən və işin yuxarıda qeyd edilən hallarına əsasən müəyyən edilir ki, hazırkı iddia mümkünlük tələblərinə cavab vermir. Odur ki, məhkəmə İddiaçı cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı "daşınmaz əmlaklarının sökülməsi nəticəsində ümumilikdə 524100 manat dəymiş zərərin cavabdehdən onun xeyrinə tutulması tələbi”nə dair iddiasının mümkün sayılmaması qənaətinə gəlir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13, 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı "daşınmaz əmlaklarının sökülməsi nəticəsində ümumilikdə 524100 manat dəymiş zərərin cavabdehdən onun xeyrinə tutulması tələbi”nə dair iddiası mümkün sayılmasın. Qərardaddan qərardad rəsmi qaydada təqdim olunduğu vaxtdan (elan olunduğu vaxtdan) 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Tural Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar