Məhkəmə qərarları › İş №2-1(122)-138/2021

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-138/2021

14.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-138/2021 14.10.2021 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: Hakim Muradov Hicran Xasay oğlunun sədrliyi, Əliyev Adəm Qurban oğlunun katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil və üçüncü şəxsin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Naxçıvan Şəhər Polis İdarəsinə qarşı “X5 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı vəkili və nümayəndəsi vasitəsilə məhkəməyə müraciət edərək, X5 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdeh Naxçıvan Şəhər Polis İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının vəkili və nümayəndəsi ilk öncə eyni tələblə Naxçıvan Şəhər Polis İdarəsinə müraciət edərək X5 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin pasport qeydiyyatından çıxarılmasını xahiş etmişdir. Cavabdeh inzibati orqanın İddiaçı vəkili və nümayəndəsi Vəkil ünvanladığı 08 iyun 2021-ci il tarixli, 7/2240-O540 nömrəli məktubdan görünür ki, X5 ünvan 1 ünvanından qeydiyyatından çıxarılması ilə bağlı Azərbaycan Respublikası vətəndaşının yaşayış yeri üzrə qeydiyyata alınması və çıxarılması Azərbaycan Respublikası Daxili İşlər Nazirinin 02.09.2010-cu il tarixli, 550 nömrəli əmrinin 5-ci bəndində göstərilən əsaslara uyğun olmadığından 27.05.2021-ci il tarixli ərizənin icra edilməsindən imtina edilmişdir. Bundan sonra iddiaçı vəkili və nümayəndəsi vasitəsilə 29 iyun 2021-ci il tarixdə daxil olmuş iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X5 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin pasport qeydiyyatından çıxarılması öhdəliyinin Naxçıvan Şəhər Polis İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmişdir. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı münasibəti (etirazı) 15.07.2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Cavabdeh inzibati orqan iddiaya dair 14 iyul 2021-ci il tarixli, 7/2707 nömrəli yazılı münasibətini onunla əsaslandırmışdır ki, X5 ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması ilə bağlı Azərbaycan Respublikası vətəndaşının yaşayış yeri üzrə qeydiyyata alınması və çıxarılması Azərbaycan Respublikası Daxili İşlər Nazirinin 02.09.2010-cu il tarixli, 550 nömrəli əmrinin 5-ci bəndində göstərilən əsaslara uyğun olmadığından İddiaçı 27 may 2021-ci il tarixli ərizəsi icra edilə bilməz. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 14 iyul 2021-ci il tarixli, 2- 1(122)-138/2021 nömrəli qərardadı ilə X10 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin 22 sentyabr 2021-ci il tarixli, 2-1(122)-138/2021 nömrəli sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab edilərək, şifahi məhkəmə baxışı iclası 14 oktyabr 2021-ci il tarixə təyin edilmişdir. Şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə, həmçinin şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədiyi halda tərəflərin iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilməsinə baxmayaq iş üzrə İddiaçı, üçüncü şəxs X10 və cavadeh Naxçıvan Şəhər Polis İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, Naxçıvan Şəhər Polis İdarəsi məhkəməyə 04 oktyabr 2021-ci il tarixli, 7/3803 nömrəli məktub göndərərək 14.10.2021-ci il tarixə təyin edilmiş məhkəmə iclasında iştirakları olmadan işə baxıb müvafiq qərar verilməsini xahiş etmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən iddiaçının, cavabdehin nümayəndəsinin, üçünü şəxsin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Vəkil iddianı müdafiə edərək, hüquqlarının müdafiə etdiyi, vəkili və nümayəndəsi olduğu İddiaçı Naxçıvan şəhəri, Xətai məhəlləsi, döngə 14 ünvanında yerləşən fərdi yaşayış evinin mülkiyyətçisi olduğunu, həmin fərdi yaşayış evinin tam mülkiyyət hüquqi ilə ona məxsus olduğunu, iddiaçının övladı X14 ilə X5 2018-ci ildə Şahbuz Şahbuz Rayon Qeydiyyat Şöbəsində rəsmi nikah qeydiyyatından keçməklə ailə həyatı qurduqlarını, bundan sonra gəlininin iddiaçının razılığı ilə onun mülkiyyətində olan fərdi yaşayış evinin pasport qeydiyyatına düşdüyünü, sonradan oğlu ilə gəlini arasında münasibətlərin kəskinləşdiyini və iddiaçının gəlini X5 Naxçıvan Şəhər Məhkəməsində nikahın pozulması və aliment tələbinə dair iddia qaldırdığını, sonradan onun iddianın nikahın pozulması və uşağın ananın yanında saxlanılması hissəsindən imtina etdiyini, lakin alimentə dair hissədə isə iddiasını müdafiə edərək məhkəmə qaydasında X2 pul məbləğində aliment tələb etdiyini, mülki işə baxılması nəticəsində iddianın qismən təmin olunduğunu və 2(078)-16/2021 saylı qətnamənin qəbul edildiyini, hal-hazırda iddiaçının oğlu X11 Naxçıvan Şəhər Məhkəməsində nikahın pozulması tələbinə dair iddia qaldırdığını, iddiaçının artıq oğlu ilə gəlini arasında ailə münasibətlərinə faktiki son qoyulduğundan və ayrı yaşadıqlarından gəlininin onun mülkiyyətində olan fərdi yaşayış evinin pasport qeydiyyatında qalmasını istəmədiyini, buna görə də onun adından nümayəndə olaraq müvafiq inzibati orqana müraciət etdiyini, ərizənin təminindən imtina olunduğundan məcbur qalıb məhkəməyə müraciət etməli olduğunu, iddiaçının gəlininin öz ata evində yaşadığını, xeyli müddətdir ki, onların faktiki olaraq ayrı yaşadıqlarını, onun hüquqlarını müdafiə etdiyi iddiaçının mülkiyyətində olan fərdi yaşayış evində qeydiyyatda olmasının sadəcə formal xarakter daşıdığını, mülkiyyətçinin əmlak üzərində hüquqlarını sərbəst həyata keçirməsinə süni maneəçilik yaratdığını, həmçinin evin bütün kommunal xərclərinin mülkiyyətçi tərəfindən qarşılandığını, bunun artıq maddi itkilərə səbəb olduğunu, mülkiyyətçi öz əmlakı barəsində sərbəst sərəncam vermək istəsə (alqı-satqı, bağışlama və s.) o zaman notariat haqqında təlimatın tələblərinə görə həmin evdə pasport qeydiyyatında olanların razılığının tələb olunduğunu, bu zaman da mülkiyyətçinin öz mülkiyyəti barəsində sərbəst sərəncam vermək hüququnu həyata keçirə bilmədiyini, iddiaçının gəlini ilə oğlunun 2018-ci ildə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurduqlarında iddiaçının gəlininin həmin fərdi yaşayış evinin tərkib hissəsindən istifadə və yaşayış hüququndan da söhbət gedə bilmədiyini, bu halın yalnız mülkiyyətçi ilə onun arasında istifadə hüququna dair notariat qaydasında müqavilə bağlandığı və həmin müqavilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirildiyi halda mümkün olduğunu, mülkiyyətçi tərəfindən pasport qeydiyyatına düşməsi barədə razılığın istifadə hüququnu ehtiva etmədiyini, yəni qanunvericiliyə görə iddiaçının qeydiyyatdan çıxarmaq istədiyi şəxsin həmin fərdi yaşayış evinin tərkib hissəsindən yaşayış və istifadə hüququnun olmadığını bildirərək, məhkəmədən iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında üçüncü şəxs X5 nümayəndəsi Nümayəndə qızı ilə iddiaçının oğlunun 2018-ci ildə ailə həyatı qurduqlarını, bir müddət sonra münasibətlərin kəskinləşdiyini, qızının cehiz əşyalarının hazırda ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində qaldığını, həmin cehiz əşyalarını oradan götürmək istədiyini, qızının həmin ünvanın pasport qeydiyyatından çıxarılmasına heç bir etirazının olmadığını bildirərək, bu barədə yazdığı 14 oktyabr 2021-ci il tarixli ərizəsini məhkəməyə təqdim etmişdir. İddiaçının vəkili və nümayəndəsi iş materiallarına cavabdehin imtina məktubunu, mənzilin Çıxarışının təsdiq olunmuş surətini, texniki pasportun və şəxsiyyət vəsiqəsinin surətlərini, qeydiyyatla bağlı arayışları, Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin məktubunu, cavabdeh inzibati orqana müraciəti ilə bağlı ərizənin surətini, Naxçıvan Şəhər Məhkəməsinin qətnaməsinin surətini əlavə etmişdir. Həmin sənədlərin və materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddiaçının vəkili və nümayəndəsinin və üçüncü şəxsin nümayəndəsinin izahatlarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. Həmçinin iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmişdir. İddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, iş materiallarında olan: - Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MH seriyalı, ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış”ın təsdiq olunmuş surətindən görünür ki, Naxçıvan şəhəri, Xətai məhəlləsi, döngə 14-də mülkiyyətində olan 0,0647 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 93,28 kv.m. yaşayış, 121,62 kv.m. qeyri-yaşayış, 37,97 kv.m. köməkçi sahədən ibarət 19B nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 18/5 nömrəli reyestr kitabının 933 nömrəli vərəqində qeydiyyata alınmışdır (reyestr nömrəsi-**********44-10301, qeydiyyat nömrəsi-**********, qeydiyyat tarixi-28.03.2013). - Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 05 oktyabr 2010-cu il tarixdə tərtib edilmiş 1458 inventar, **********44-10301 reyestr nömrəli daşınmaz əmlakın texniki pasportunun surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi Naxçıvan şəhəri 2-ci DNK-nın 04.03.13-cü tarixli, 4/ə-02-139 nömrəli alqı-satqı müqaviləsi əsasında İddiaçı adına 28.03.2013-cü il tarixdə qeydiyyata alınmışdır. - Naxçıvan Şəhər İcra Hakimiyyəti 3 №-li sahə inzibati ərazi dairəsi üzrə nümyəndəlik tərəfindən verilmiş 04 may 2021-ci il tarixli, 01/1580 nömrəli arayışdan görünür ki, Orucova X12 şəhəri, Xətai məhəlləsi, döngə 14, ev 19B ünvanında qeydiyyatdadır. - Naxçıvan Şəhər İcra Hakimiyyəti 3 №-li sahə inzibati ərazi dairəsi üzrə nümyəndəlik tərəfindən verilmiş 04 may 2021-ci il tarixli, 01/1579 nömrəli arayışdan görünür ki, X1 şəhəri, Xətai məhəlləsi, döngə 14, ev 19B ünvanında qeydiyyatdadır. - Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən Vəkil ünvanlanan 24 may 2021-ci il tarixli, 04/323 nömrəli məktubdan görünür ki, Naxçıvan Muxtar Respublikasının daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına 28.03.2013-cü il tarixdə Naxçıvan şəhər 2-ci DNK-nın 04.03.2013-cü il tarixli, 4/ə-02-139 nömrəli alqı-satqı müqaviləsi əsasında ünvan 1 ünvanında 647 m2 torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 131,25 m2 olan 3 otaqlı fərdi yaşayış evi qeydiyyata alınmışdır. Həmçinin Orucova (Əhmədova) Yeganə Bəylər qızının adına Şahbuz Rayon Aqrar İslahat Komissiyasının 28.08.1998-ci il tarixli, 07 nömrəli qərarı əsasında X4 ailə tərkibində (5 nəfər) Şahbuz rayonunun Kolanı kəndində 2800 m2 həyətyanı və 4507 m2 kənd təsərrüfatı təyinatlı torpaq sahəsi birgə mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır. - İddiaçı vəkili və nümayəndəsi Vəkil tərəfindən Naxçıvan Şəhər Polis İdarəsinə ünvanlanan iddia ərizəsi ilə eyni məzmunlu 27 may 2021-ci il tarixli ərizənin surətindən görünür ki, X5 İddiaçı tam mülkiyyət hüququ ilə məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin pasport qeydiyyatından çıxarılmasına köməklik göstərilməsi və ərizəyə yazılı surətdə cavab verilməsi xahiş edilmişdir. - Naxçıvan Şəhər Məhkəməsinin 29 aprel 2021-ci il tarixli, 2(078)-16/2021 nömrəli qətnaməsinin surətindən görünür ki, 03 iyun 2020-ci il tarixdən hesablanmaqla, 19 iyun 2019-cu il təvəllüdlü X13 yetkinlik yaşına çatanadək saxlanılması üçün X7 hər ay sabit pul məbləğində 250 (iki yüz əlli) manat miqdarında aliment tutularaq anası X6 verilməsi qət edilmişdir. - AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxxxx 1965-ci il tarixdə doğulmuşdur. İş materiallarına əlavə edilmiş: - Şahbuz Rayon İcra Hakimiyyəti Kolanı Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən verilmiş 09 iyul 2021-ci il tarixli, 280 nömrəli arayışdan görünür ki, X3 rayonunun Kolanı kəndində pasport qeydiyyatında dayanır. - Şahbuz rayonu, Kolanı kəndində qeydiyyatda olan İddiaçı tərəfindən Naxçıvan Şəhər Polis İdarəsinin rəisi polkovnik leytenant Mirzə Cəlilova ünvanlanan 04 yanvar 2019-cu il tarixli, **********023 nömrəli elektron ərizənin surətindən görünür ki, İddiaçı adına olan ünvan 8 ünvanında yerləşən yaşayış evinin pasport qeydiyyatına gəlini X8 düşməsinə etirazı yoxdur. - Üçüncü şəxs X5 nümayəndəsi Nümayəndə tərəfindən məhkəməyə ünvanlanan 05 oktyabr 2021-ci il tarixli ərizədən görünür ki, X10 İddiaçı oğlu X14 ilə 30 avqust 2018-ci il tarixdə Şahbuz Rayon Qeydiyyat Şöbəsində nikah qeydiyyatından keçməklə evlənmiş, bugünə kimi nikahdadırlar və özünə məxsus cehiz əşyaları İddiaçı mülkiyyətində olan Naxçıan şəhəri, Xətai məhəlləsi, döngə 14, ev 19B ünvanında yerləşən fərdi yaşayış evinə aparmış və hazırki tarixə kimi cehiz əşyaları həmin ünvanda saxlanılır. İddiaçı oğlu Ş.Əhmədovun işi ilə əlaqədar xarici ölkədə olduqlarından, həmin ev uzun müddət bağlı saxlanıldığından cehiz əşyalarının xarab olması ehtimalı vardır. S.Əhmədovanın həmin mənzilin qeydiyyatından çıxarılması onların maraqlarında olduğundan və bu illər ərzində bir dəfə olsun həmin fərdi yaşayış evində olub cehiz əşyalarının hansı vəziyyətdə olmasını bilmədiyindən X6 məxsus cehiz əşyalarının, paltarlarının və özünə aid digər əşyaların götürülməsinə köməklik göstərilməsini xahiş etmişdir. Beləliklə, məhkəmə iş materiallarını araşdıraraq, onda yaranmış daxili inam əsasında (İPM-in 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının: - 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. - 60-cı maddəsinin İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Marks Belçikaya qarşı” iş üzrə qəbul etdiyi qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. “Sporronq və Lonnpot İsveçə” qarşı işdə isə Avropa Məhkəməsi öz qərarında göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. - 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun: - 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. - 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. - 9-cu maddəsinin 1-ci bəndinə əsasən müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında; 7) əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarıldıqda - müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 14.06.1996-cı il tarixli, 493 nömrəli Fərmanının 2.3-cü bəndinə görə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu bəndində (birinci abzasında və birinci bəndində) nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair 24 sentyabr 2020-ci il tarixli Qərarında qeyd etmişdir ki, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 aprel 2003-cü il tarixli, 55s nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilərlər. Mülkiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Qeyd olunan Qərarla müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Məhkəmə araşdırması zamanı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusluğu, üçüncü şəxsin hazırda həmin yaşayış sahəsinə dair hər hansı əmlak hüququnun olmaması, faktiki olaraq onun orada yaşamaması müəyyən edilmişdir. Göründüyü kimi, üçüncü şəxsin iddiaçıya məxsus olan mənzildə yaşamaması və qeydiyyatının formal xarakter daşıması İddiaçı mülkiyyət hüquqlarının məhdudlaşdırılması ilə nəticələnir. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq və maddi hüquq normalarını rəhbər tutaraq hesab edir ki, üçüncü şəxsin sözügedən ev üzərində hər hansı hüquqa malik olmadığı və yaşamadığı halda qeyd edilən ünvanda qeydiyyatda qalması İddiaçı mülkiyyətçi kimi öz əmlakı üzərində sərbəst sərəncam vermək hüququnu məhdudlaşdırdığından və qanunvericilikdə yaşayış yerini dəyişdirmiş şəxsin yeni yaşayış yeri üzrə qeydiyyata alınması nəzərdə tutulduğundan iddiaçı üçüncü şəxsin sözügedən mənzildən pasport qeydiyyatından çıxarılmasının cavabdehə həvalə edilməsini tələb etməkdə haqlı olmuşdur. Fiziki şəxslərin mülkiyyət hüququnun müdafiəsi qüvvədə olan qanunvericiliklə tam təfərrüatı ilə tənzimlənir. Mülkiyyətçiyə hüquq verilir ki, özünə mənsub olan əmlak barəsində öz mülahizəsinə əsasən istənilən hərəkəti edə bilsin. Üçüncü şəxsin mülkiyyətçiyə məxsus mənzildən qeydiyyatdan çıxarılması tələbi mülkiyyətçinin bu kimi hüquqlarından irəli gəlir. Buna görə də X5 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin pasport qeydiyyatından çıxarılmasından cavabdeh Naxçıvan Şəhər Polis İdarəsi tərəfindən imtina edilməsi əsassızdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli, 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”na əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin ərazi və ixtisaslaşdırılmış polis idarələri və şöbələri inzibati orqan hesab olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. - 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin pasport qeydiyyatından X5 çıxarılması öhdəliyi cavabdeh Naxçıvan Şəhər Polis İdarəsinin üzərinə qoyulmalıdır. İPM-in 110.1-ci maddəsinin tələbinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, işə baxılması ilə əlaqədar prosessual xərclər iddiaçıya aid edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 4.1, 34, 68, 69, 75, 81 və 110.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilir. İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin pasport qeydiyyatından X5 çıxarılması öhdəliyi cavabdeh Naxçıvan Şəhər Polis İdarəsinin üzərinə qoyulur. İddia tələbi təmin olunduğundan prosessual xərclər iddiaçıya aid edilir. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) tərəfindən tələbinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. SƏDRLİK EDƏN: HİCRAN MURADOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar